Tanıdığım
Anar: obyektiv, dürüst, prinsipial
Anar
müəllim haqqında danışmaq mənimçün həm
asandır, həm də xeyli çətin. Asandır – ona
görə ki, ilk növbədə Anar bizim müasirimizdir,
necə deyərlər, bütün
yaradıcılığı ilə, bütün fəaliyyəti
ilə gözümün qarşısındadır. Çətindir
– çünki bu yaradıcılıq, bu fəaliyyət
olduqca genişdir, çox zəngin və rəngarəngdir.
Mən
Anar müəllimin bədii yaradıcılığı ilə
yaxından tanışam, ilk növbədə bir oxucu kimi onun
müxtəlif əsərlərini oxumuşam. Amma
çalışacam bu barədə söz açmayım.
Düşünürəm ki, bu haqda ədəbiyyat
adamlarının, tənqidçilərin danışması
daha məqbuldur. Eyni zamanda, Anar müəllimin zəngin fəaliyyəti
təkcə ədəbiyyatla, mədəniyyətlə
bağlı deyil axı. İctimai həyatımızın elə
bir sahəsi yoxdur ki, orda Anar müəllim öz
sözünü deməsin, öz münasibətini bildirməmiş
olsun.
Yəni,
Anar müəllim sözün həqiqi mənasında əsl
ziyalıdır, ictimai xadimdir, vətəndaşdır, şəxsiyyətdir.
İlk
baxışda Anar müəllimi fərqləndirən nə qədər
epitetlər var: Əsl ziyalı. Əsl vətəndaş.
Böyük şəxsiyyət. Dəyərli insan.
İstedadlı yazıçı. Gözəl dramaturq.
Qüdrətli qələm sahibi. Görkəmli sənətkar.
Yaxud: bir-birindən gözəl filmlərin ssenari müəllifi,
rejissoru. Bir sözlə, böyük mədəniyyət
xadimi və sairə.
Təbii
ki, bu epitetlərin hər hansı birini Anar müəllimin
adının qarşısında asanlıqla işlətmək
mümkündür və Anar müəllim bu adların hər birinə layiqdir. Lakin etiraf
etməliyik ki, ayrılıqda bu epitetlərin heç biri onun
zəngin fəaliyyətini tam ehtiva etmir və Anar müəllimdən
söz düşəndə ən azından gərək bunların
hamısını bir yerdə işlədəsən.
Çünki mənim qəti fikrimcə, Anar müəllim bu
dünyada xüsusi missiya daşıyıcısıdır.
Bu missiya xalqa, Vətənə, geniş götürəndə
– dünyaya, insanlığa, bəşəriyyətə xidmət
missiyasıdır və bu gün Anar müəllimin
keçdiyi ömür yoluna, yaratdığı bir-birindən
gözəl əsərlərə, eyni zamanda ictimai-mədəni
fəaliyyətinə tam, bütöv şəkildə nəzər
salanda əminliklə demək mümkündür ki, nə qədər
çətin də olsa, o bu şərəfli missiyanın
öhdəsindən ləyaqətlə gəlməyi
bacarıb.
lll
Anarın
gözəl bir essesi var: “Anlamaq dərdi”.
Bu esseni
Anar öz müəllimi və ustadı olan dahi Mirzə Cəlilə
həsr edib. Vaxtilə böyük rezonans doğurmuş
“Anlamaq dərdi” həm Azərbaycan ədəbiyyatı
tarixində esse janrında yazılmış ən
yaxşı nümunə kimi, həm də Mirzə Cəlil
haqqında tarixi həqiqətlərin ilk dəfə olaraq bu
cür cəsarətlə qələmə alınması
baxımından qiymətlidir.
“Cəlil
Məmmədquluzadə haqqında ya həqiqəti yazmaq
lazımdır, ya da heç yazmamaq lazımdır” – esse bu
sözlərlə başlanırdı. İndi mən bu
obrazlı fikrə istinad etməklə, bir dəfə söylədiyim
fikri, fürsətdən istifadə edərək, bir daha
vurğulamaq, daha doğrusu, həmin fikri Anarın özü
barədə belə söyləmək istərdim: Anar
haqqında ya obyektiv danışmaq lazımdır, ya heç
danışmamaq lazımdır.
Obyektivlik
deyəndə nəyi nəzərdə tuturam?!
Bilirsiz, mən
bir hüquqşünas kimi, müşahidə aparmağı,
təhlil etməyi və təhlillər əsasında məntiqi
nəticə çıxarmağı xoşlayıram. Təvazökarlıqdan
kənara çıxaraq qoy orasını da deyim ki, bunu
çox yaxşı bacarıram. Nəyi demək istəyirəm?
Əfsuslar
olsun ki, tarixi saf-çürük edəndə çox vaxt
haqqın nahaqa qurban verildiyini müşahidə edirik.
Böyük amal sahibi olan, bütün həyatını,
bacarığını öz xalqının haqq işinə
sərf edən dəyərli şəxsiyyətlərin, ən
çox da görkəmli sənətkarların böyük əksəriyyəti
öz dövründə, öz vaxtında layiqli qiymətini
almır, əksər hallarda onların qiymətini zaman verir,
tarix verir. Böyük Mirzə Fətəli Axundov da belə
olub, Hüseyn Cavid də, Mirzə Cəlil də, Sabir də.
Bu siyahını kifayət qədər uzatmaq olar. Özü
də təkcə bizdə yox, bütün dünyada belə
acı nümunələr var. Bu mənada Anarın
yaradıcılıq yolu da asan
olmayıb, hər zaman axtarışlarda, mübarizədə
keçib. Və bütün böyük sənətkarlar
kimi sonda onun ən böyük qazancı, ən böyük
mükafatı – xalqın məhəbbəti, oxucunun sevgisidir.
Bəli,
mübaliğəsiz deyirəm ki, bu gün Anarın oxucusu
olmayan bir ev tapmaq bəlkə də mümkünsüzdür:
Azərbaycanda təhsilindən, dünyagörüşündən,
ictimai-siyasi mövqeyindən, əqidəsindən
asılı olmayaraq Anar hər bir ziyalının, hər bir vətəndaşın,
hər bir ailənin tanıdığı, sevdiyi, hörmət
etdiyi bir sənətkar, bir şəxsiyyətdir.
Bu
gün, ilk baxışda Anar müəllim öz qiymətini
almış “xoşbəxt” bir yaradıcı kimi
görünür. Amma mən belə hesab edirəm ki,
adını çəkdiyim sələfləri kimi, Anarın
da bu xalq üçün, bu millət üçün nə
qədər böyük dəyər kəsb etdiyini, onun həm
bir sənətkar, həm də bir şəxsiyyət kimi əsl
qiymətini zaman və tarix verəcək. “Neyləməli, bu
da bir qismətdir, mənim də ömrüm belə
keçdi – bir əlimdə yazmaq üçün qələm,
o biri əlimdə özümü qorumaq üçün
çomaq”.
Ürək
ağrısıyla oxuduğum bu sətirlər nə giley
deyil, nə də şikayət, xeyr, yazıçı
Anarın, sənətkar Anarın səmimi etirafıdır.
Və həm
də dövrümüzün, zəmanəmizin eybəcər
həqiqəti!
Mən
Anarın hansı nəsildən, hansı kökdən
olmasını yaxşı bilirəm. Bu haqda professor Rafael
Hüseynovun gözəl bir tədqiqat əsəri də var:
“Rəfibəylilər”. Anarın “Sizsiz” əsərini də
böyük həvəslə, eyni zamanda ürək
ağrısıyla oxumuşam. İndi bu barədə, Anar
müəllimin həyatda hansı çətinliklərlə,
hansı haqsızlıqlarla üzləşməsindən
danışmaq istəməzdim.
Nə demək
olar? Mən bura bircə söz əlavə edə bilərəm: dad nadan əlindən!
lll
Anar
bütün digər yazılarında olduğu kimi, öz nəsli-şəcərəsi,
həmçinin öz həyatı barədəki
yazılarında da həmişə həqiqətin və
obyektivliyin tərəfindədir. O, heç zaman nəyisə
artırıb-əskiltmir, heç nəyi şişirtmir. Nəinki
şişirtmir, hətta bir başqasının əldə
bayraq edəcəyi mətləblərin üzərindən də
çox vaxt sükutla keçir.
İnsan
özünə qarşı nə qədər təvazökar
olarmış?!
Bu dərəcədə
savadlı, istedadlı, məntiqli, erudisiyalı və ləyaqətli
insanlar dünyada çox az, tək-tək olur. Anar müəllimi
uzun illər və çox yaxından
tanıdığımdan onu müxtəlif vəziyyətlərdə,
müxtəlif situasiyalarda müşahidə etmək
imkanım olub və onunla ünsiyyət zamanı məndə
belə bir qənaət yaranıb ki, ziyalılığın
ən ümdə atributu – elə məhz təvazökarlıqdır.
Anar müəllim bu qənaəti məndə öz təmkini,
öz davranışı ilə yaradıb. Mən bunu Anar
müəllimin simasında, onun
hərəkətlərində kəşf etmişəm.
Anar hər
zaman öz düşüncəsindən, öz mövqeyindən
çıxış edir; Anar həmişə həqiqəti
və yalnız həqiqəti söyləyir; Anar heç vaxt haqqı nahaqa qurban
vermir, heç zaman da öz prinsipindən bir addım geri
çəkilmir.
Sənətkar
kimi də bu cürdür, şəxsiyyət kimi də.
Fikir
verin: artıq yarım əsrdən çoxdur ki, Anar müəllim
bədii yaradıcılıqla məşğuldur və bu
müddətdə qələmə aldığı nəinki
hər hansı əsərindən, hətta bircə
sözündən belə imtina etməyə ehtiyacı yoxdur.
Çünki hər zaman düşündüyünü
yazıb, həmişə haqq bildiyini qələmə
alıb və bütün yazılarında həqiqəti ifadə
edib. Nəticə göz qabağındadır: bu gün Anarın
yazdığına peşman
olduğu, necə deyərlər, onu
başıaşağı edən, diliqısa edən bircə
yazısı da yoxdur.
Budur
Anarın bir insan kimi böyüklüyü və bir sənətkar
kimi qələbəsi! Və şəxsən mən belə
bir şəxsiyyətlə, belə bir sənətkarla eyni
dövrdə yaşamaqdan, eyni ölkənin vətəndaşı
olmaqdan, üstəlik də, onunla şəxsi ünsiyyətdən,
dostluqdan, sirdaşlıqdan, sadəcə, qürur duyuram!
Nə
yaxşı ki, xalqımızın bu cür dəyərli
övladları var və nə xoşbəxt bizlərə ki,
biz Anarı yetirən bir xalqın övladlarıyıq.
lll
Anar
müəllimin 75 yaşı tamam olur.
Elə
“Anar” adının da.
Bunu təsadüfi
demədim. Axı, bu il Anarla birgə “Anar” adının da 75
yaşı tamam olur.
Yadımdadır,
2004-cü ildə biz rumın oxucusuna Anarın gözəl bir
əsərini – “Ağ qoç, qara qoç” romanını təqdim
etmişdik və kitabın təqdimat mərasimində,
rumın ədəbi ictimaiyyəti ilə görüşdə
Anar müəllim (hər ikimizin dostumuz olan hörmətli
Çingiz Abdullayevlə birgə) şəxsən iştirak
etmişdi. Görüşdə ilk çıxış isə
bir səfir kimi mənə həvalə olunmuşdu.
Yenə təvazökarlıqdan
kənara çıxmağa məcburam: çıxış
bütün dinləyicilərin və mənimçün
xüsusilə əhəmiyyətlidir ki, Anar müəllimin
çox xoşuna gəlmişdi, hətta həmin
çıxışı sonradan “Ədəbiyyat” qəzetində
çap da etdirmişdi. Orda mən “Anar” adının mənasını
da rumın ictimaiyyətinə çatdırmışdım.
Həmin çıxışdan bir neçə abzası
oxucuların diqqətinə çatdırıram:
“Bu
gün Azərbaycanda on minlərlə adam Anar adını
daşıyır. “Anmaq”, “xatırlamaq” felindən yaranan, mənaca
tam anlaşıqlı, tələffüzü isə çox
sadə, çox asan olan bu müasir ad Azərbaycan dilində
elə şirin səslənir və Azərbaycan ailəsində
o dərəcədə doğmadır ki, sanki onun minillik bir
tarixi var. Amma təsəvvür edin ki, qarşınızda əyləşən
yazıçı bu adın ilk
daşıyıcısıdır. Özünün təbirincə
desək, on minlərlə Anarın ən yaşlısı, ən
qocasıdır.
Bəli,
bu ad ilk dəfə 1938-ci ilin baharında, Azərbaycanın
son dərəcə qiymətli insanları – Xalq şairi Rəsul
Rzanın və Xalq şairi Nigar Rəfibəylinin ailəsində
göz açan körpəyə verilib və mən bu
adın tarixçəsini təsadüfi olaraq
xatırlatmadım. Bu insan bütün Azərbaycana tam yeni,
tam özünəməxsus bir adla doğulduğu kimi, onun
yazdığı bütün əsərlər də
istisnasız olaraq Azərbaycan ədəbiyyatı
üçün yeni oldu, özünəməxsus oldu. Sanki
valideynləri ona Azərbaycan üçün yeni olan bir ad
verməklə, üzərinə xüsusi bir missiya
qoymuşdular – sən heç kəsin yoluyla getməməlisən,
atdığın hər addımla yeni bir cığır
açmalısan. Və bu gun tam əminliklə demək olar
ki, üzərinə düşən bu vəzifəni, bu
missiyanı Anar vicdanla, ləyaqətlə, həm ailəsinə,
həm də mənsub olduğu xalqa, Vətənə məhəbbətlə,
tam artıqlamasıyla yerinə yetirib...”
lll
Anar
müəllimin 75 yaşı tamam olur.
Yadımdadır,
beş il bundan qabaq, 2008-ci ildə biz Buxarestdə Anar müəllimin
70 illik yubileyi münasibətilə bir kitab nəşr elədik.
Kitabda Anarın müasir ictima-siyasi həyatımız,
tariximiz, mədəniyyətimiz, həmçinin ədəbiyyat
və sənət məsələləri haqqında
seçmə fikirləri, düşüncələri
toplanmışdı. Çox istərdim ki, Natəvan Faiqin
hazırladığı bu dəyərli kitabı rumın
oxucusu kimi, bütün azərbaycanlı oxucular da oxusunlar.
Həm bu
kitabı, həm də Anarın “Gecə düşüncələri”ni.
Nəyə
görə mən Anarın bilavasitə bədii əsərlərini
deyil, bunları xüsusi vurğulayıram. Məsələ
ondadır ki, biz bəzi yazıçıların yalnız ədəbi
yaradıcılığı ilə tanışlıqla kifayətlənirik,
daha doğrusu, onların şəxsi həyatları, müxtəlif
məsələlərə dair düşüncələri
ya bizi maraqlandırmır, ya da, belə deyək ki, xüsusi əhəmiyyət
kəsb etmir. Lakin elə sənətkarlar da var ki, onların həyatları
yaradıcılığını,
yaradıcılıqları şəxsiyyətlərini
tamamlayır və onlar bir-birindən ayrılıqda təsəvvür
olunmur. Anar müəllim – ikincilərdəndir.
Həqiqətən
də, Anarın bədii yaradıcılığı ilə
yaxından tanış olmaqla onun necə bir şəxsiyyət
olduğunu aydın görmək mümkündür və onun
həyatı ilə yaxından tanış olduqda bir daha
inanırsan, bir daha əmin olursan ki, bu əsərləri məhz
belə bir şəxsiyyət yarada bilərdi.
Obyektivlik,
dürüstlük, prinsipiallıq – hesab edirəm ki, Anar
müəllimin şəxsiyyətini də,
yaradıcılığını da səciyyələndirən
ən ümdə keyfiyyətlər məhz bu amillərdir.
lll
Anar
müəllimlə Bakıda, Buxarestdə, İstanbulda bir
neçə dəfə görüşmüşük və
bu görüşlər zamanı onu əvvəllər
müşahidə etmədiyim daha bir neçə aspektdən
izləmək imkanım olub. İndi bu görüşlərin
təfərrüatına varmaq fikrim yoxdur, bununla belə
yalnız mənə məlum olan bir vacib nüansı qeyd etmək
istərdim.
Buxarestdə
olarkən Anar müəllimin həyat yoldaşı Zemfira
xanım qəfildən naxoşladı və biz onu dərhal xəstəxanaya
yerləşdirdik. Müayinədən sonra həkimlər
ciddi bir şey olmadığını, sadəcə, hər ehtimala qarşı, bir
günlüyə həkim nəzarətində qalmağın
vacibliyini bildirdilər. Mən həmin anlarda Anar müəllimin
daxilən necə bir narahatçılıq keçirdiyini
hiss etdim – zərrə qədər üzə vurmasa da,
özünü sakit, təmkinli göstərməyə
çalışsa da, bu narahatlıq son dərəcə həssas
bir insanın narahatlığı, sadiq dost, vəfalı bir
ömür-gün yoldaşının içdən gələn
səmimi nigarançılığı idi. Təsəvvür
edin ki, gecə sabaha qədər xəstəxananın dəhlizində
qaldı, nə qədər xahiş etdimsə, mehmanxanaya getmədi.
Mən həmin anlarda sanki Anarı yenidən kəşf etdim
və onun bu dərəcədə həssaslığına,
ömür-gün yoldaşına bu dərəcədə
bağlılığına, sadiqliyinə, sadəcə,
heyran qaldım.
lll
Tale elə
gətirdi ki, hazırda Küveytdə ölkəmizin səfiri
olan Turalla – Anar müəllimin övladıyla bir müddət
eyni kollektivdə, Buxarestdə çalışmalı olduq.
Tural təkcə
yaxşı işçi, peşəkar diplomat deyildi, həm
də layiqli bir azərbaycanlı oğlu, tərbiyəli bir
ailənin övladı idi. Düzü, Turalın bizim səfirliyimizə
təyin olunduğunu biləndə onu elə bu cür də təsəvvür
edirdim: Rəsul Rza ocağının davamçısı,
Anar müəllimin ailəsində tərbiyə almış
bir övlad kimi. Atalarımızın bir gözəl deyimi
var: ot kökü üstdə bitər. Turalın simasında
mən bu misalın əyani nümunəsini gördüm və
doğrusu, bu fakt məni çox sevindirdi.
Düşündüm ki, deməli öz zənnimdə,
gümanımda yanılmamışam – deməli, hələ
ADR dövründə ölkəmizin ilk səhiyyə naziri
olmuş Xudadat bəy Rəfibəylinin şəcərəsi
onun adına layiq bir ləyaqətlə davam etməkdədir...
Eldar Həsənov
525-ci qəzet.- 2013.- 14 mart.- S.7.