Çağdaş ədəbiyyatımızın
klassiki
Bu gün Anarın
75 yaşı olur. Xalq yazıçısı görkəmli
ictimai-siyasi və mədəniyyət xadimi,
Azərbaycan Yazıçılar
Birliyinin sədri... Bu
ad-titulların hər
birinin altında böyük fəaliyyət
– görəv, gərgin
və zəngin yaradıcılıq yolu, xalqına, Vətəninə,
cəmiyyətinə təmənnasız
xidmət, bir sözlə: “uzun ömrün akkordları” durur. Bununla belə, bu gün
sadəcə Anar demək bəsdir ki, kimdən söhbət getdiyi bəlli ola...
Bu gün Anarın 75 yaşıdır! Yazıçı
Anar, neçə-neçə
əsərləri ilə
yarım əsrdən
bəri oxucularının
diqqət mərkəzində
olan, fikir dostu, inam yerinə
çevrilmiş Anar!
Təkcə Azərbaycanda
deyil, dünyaca da məşhur Anar! Dünən də, bu gün də, artıq onillərdir ki, çağdaş Azərbaycan ədəbiyyatı
dedikdə, ilk növbədə
Anar adı yada düşür, Anar imzası xatırlanır. Anar adı
bütöv bir dövr ədəbiyyatının
simvoluna çevrilmişdir
– desək, yanılmarıq.
Anar böyük
Azərbaycan yazıçısı,
nasiri, dramaturqudur. Zəngin yaradıcılığı,
hərtərəfli və
geniş fəaliyyəti
ilə Azərbaycan ədəbiyyatı və
mədəniyyətinin inkişafında
misilsiz rol oynamışdır. Hələ
ilk yaradıcılığından – “Keçən ilin son gecəsi”, “Asqılıqda
işləyən qadının
söhbəti”, “Bayram
həsrətində” hekayələrindən
oxucuların sevimlisinə
çevrilmiş, “Ağ
liman”, “Molla Nəsrəddin – 66”, “Dantenin
yubileyi”, “Gürcü
familiyası”, “Mən,
sən, o və telefon”, “Macal”, “Beşmərtəbəli evin
altıncı mərtəbəsi”,
“Əlaqə” və
s. kimi hekayə, povest və romanları ilə, “Şəhərin yay günləri” kimi səhnə əsəri,
“Dədə Qorqud”, “Qəm pəncərəsi”,
“Uzun ömrün akkordları” kimi kinofilmləri ilə, redaktoru olduğu “Qobustan” incəsənət
toplusu ilə hələ sovet dövründə məşhurlaşmış,
neçə-neçə nəsillərin
yetişməsi, dünyagörüşü,
həyata baxışlarının,
bədii zövqünün
formalaşmasına təsir
göstərmişdir.
Daha sonra, SSRİ-nin çökməsi və müstəqil Azərbaycan
Respublikasının qurulması
dövründə də
Anar həm yazıçı, həm
də ictimai və mədəniyyət
xadimi kimi Azərbaycan xalqının
tərəqqisində bilavasitə
iştirak etmiş, yeni-yeni əsərləri
ilə Azərbaycan oxucusunun yeni əsrə köklənməsində,
müstəqillik düşüncəsinin
formalaşmasında rol
oynamışdır. “Otel
otağı”, “Azərbaycançılıq
haqqında düşüncələr”,
“Ağ qoç, qara qoç” kimi əsərləri geniş populyarlıq qazanmış, “Otel otağı”, “Təhminə
və Zaur”, “Cavid ömrü” filmləri çəkilərək,
tamaşaçı rəğbətinə
nail olmuşdur.
Anarın istər bir yazıçı kimi, istərsə də ictimai və mədəniyyət xadimi kimi məşhur olması, tanınmasının
sirri onun müasirliyində – yəni
zamanla bahəm yaşaması, onu duyması, zamanın sözünü deməsindədir. Belə ki,
Anar Azərbaycanın
taleyində mühüm
rol oynayan iki böyük epoxada XX əsrin ikinci yarısında dirçəliş dövrü
olan 1960-1980-cı illərdə
və 1990-cı illərdən
başlayaraq Azərbaycanın
müstəqillik illərində
yazıb-yaratmış, daim
də müasir olaraq qala bilmişdir.
O fikir tamamən doğrudur ki, Anarın əsərlərinin
izi ilə gedib milli insanın
yarım əsr ərzində keçdiyi inkişaf yolunu, daxili aləminin dəyişməsini, həyat
mübarizəsini milli
və müasirlik xüsusiyyətlərini öyrənmək
olar.
Birinci dövrü əhatə edən “Bayram həsrətində”, “Ağ
liman”, “Molla Nəsrəddin – 66”, “Yağış
kəsdi”, “Dantenin yubileyi”, “Adamın adamı”, “Macal”, “Şəhərin yay günləri”, “Əlaqə”,
“Beşmərtəbəli evin
altıncı mərtəbəsi”,
“Sizsiz” və s. kimi hekayə, povest, pyes, roman və kitablarında Anar daha çox
milli insanın sovet cəmiyyəti ilə mücadiləsindən,
onun daxili təbəddülatından, barışmaz
mənəvi ruhundan,
XX əsrin intellektual biliklərinə can atmasından
söz açır.
“Dədə Qorqud”
(1983), “Sizi deyib gəlmişəm” (1984) kimi
kino və səhnə əsərləri,
“Dünya bir pəncərədir” (1986) kimi
publisist yazılarının
toplandığı kitablarında
milli keçmişimizə
körpü salınır,
milli irs
və dəyərlərin
yaşarılığına rəvac verilir. İkinci dövrdə isə müstəqillik qazanmış Azərbaycan
xalqının mübarizə
əzmi, çətinliklərə
sinə gərməsi,
20 Yanvarda və Qarabağ müharibəsində
xarici düşmənlərə
qalib gəlmək əzmi, Azərbaycanın
xoşbəxt gələcək
idealı “Otel otağı” (1996), “Azərbaycançılıq
haqqında düşüncələr”
(1998), “Ağ qoç,
qara qoç” (2003) kimi əsərlərdə
əksini tapır.
Anar yaradıcılığının müasirliyi millilik keyfiyyətləri ilə seçilməklə bahəm,
ümumbəşəridir, müasir dünyada baş verən dəyişmələrdən, müasir
insan mündəricəsinin
zənginliyi, psixologiyasının
dərinliyindən bəhs
açır. Anar nəsri əsasən şəhər mühitindən,
çağdaş sivilizasiya
problemlərindən, qadın
dünyasından, cəmiyyət
və fərd münasibətlərindən, fərdin
ekzistensial yaşamlarından,
insanı əhatə
edən sosial aləmin mürəkkəbliyindən
söz açır. Heç təsadüfi deyil ki, Anarın
nəsri hələ sovet dönəmindən başlayaraq Azərbaycanın
və keçmiş
SSRİ-nin sərhədlərindən
kənarda da tanınmış, rus, alman, ingilis, macar, polyak, rumın, türk və s. dillərə çevrilmiş, xaricdə
nəşr olunmuşdur.
Bütün bunlar Anar yaradıcılığının
müasirlik ritmi, yaşadığı zamanın
tələblərinə cavab
vermək qüdrəti
ilə izah olunmalıdır.
Anar yaradıcılığı milli
insan, milli cəmiyyətlə yanaşı,
Azərbaycan dövlətçiliyinə
də son dərəcə
bağlı, milli dövlətçilik ideyalarını
qoruyan və daim təbliğ edən bir yaradıcılıqdır.
Odur ki, yazıçının cəmiyyət
və xalq qarşısında xidmətləri
hələ sovet dönəmindən məxsusi
diqqət cəlb etmiş, Azərbaycanın
Əməkdar İncəsənət
Xadimi adına (1976), Respublika Dövlət mükafatına (1980) layiq
görülmüş, Azərbaycan
Respublikası Ali Sovetinin
deputatı (1987) SSRİ Xalq
deputatı (1989) kimi şərəfli görəvlər
daşımışdır. Müstəqillik illərində
millət vəkili seçilən Anar uzun illər Milli Məclisin Mədəniyyət komissiyasına
rəhbərlik etmiş,
“İstiqlal” ordeni ilə təltif olunmuşdur.
Müstəqil Azərbaycan Respublikasının
qurucusu-memarı ümummilli
lider Heydər Əliyev Anar yaradıcılığına məxsusi
önəm vermiş,
ədibin Vətən
və xalq qarşısında xidmətlərini
yüksək qiymətləndirmişdir.
Bunu həmçinin Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən
yazıçının “Unudulmaz
görüşlər” əsərinin
ölkənin ən ali ödülü – Heydər Əliyev mükafatına layiq görülməsi faktı
da bir daha
təsdiqlədi. “Unudulmaz
görüşlər” (2009) Anar yaradıcılığının
son parlaq nümunələrindən
olub, canlı xatirələr və sənədli materiallar əsasında müasir Azərbaycanın qurucusu, böyük tarixi şəxsiyyət Heydər
Əliyevin təkrarsız
portretini təqdim edir. Əsərdə ümummilli liderin Azərbaycan ədəbiyyatına,
milli mədəniyyətinə,
klassik irsə son dərəcə həssas
münasibəti və
qayğısı, çağdaş
Azərbaycan ədəbiyyatının
inkişafı ilə
yaxından ilgilənməsi,
müasir yazıçıların,
o cümlədən Anarın
yaradıcılığına ardıcıl marağı,
onu dəstəkləməsi
unudulmaz görüşlər,
söhbətlər lövhələrin
şahidliyi ilə dil açıb danışır, tarixin həqiqətlərini müasir
oxucunun yaddaşına
yazır.
Anarın
çağdaş Azərbaycan
ədəbiyyatı, bilavasitə
özündən sonra
yetişən müasir
yazıçılar nəsli
üzərində danılmaz
haqqı, böyük
təsirləri vardır.
O, nəsrimizə müasir
üslub, yeni düşüncə tərzi,
detal və təfərrüatlı təhkiyə
və təsvir təzəliyi gətirmişdir.
Bunu mən keçən il “Sandıqda qalan muştuluq” kitabımı
nəşrə hazırlayarkən
bir daha duydum və özlüyümdə nəsrdə
Anar məktəbinə
mənsub olmaq şansımla fəxarət
hissi keçirdim. Əlbəttə, ustad haqqında yazmaq, ecazını qəlbən
birbaşa təmasdan duyduğun yaradıcılığını
incələmək o qədər
də asan deyil. Axı söz demək, meyar vermək səlahiyyəti birmənalı
olaraq ustada məxsusdur. İlk addımlarımdan Anar müəllimin hekayələrimi
qiymətləndirməsi, haqqımda
ümidverici, xoş sözlər yazmasını
həmişə minnətdarlıqla
xatırlayıram.
Bu yubiley günündə çağdaş ədəbiyyatımızın
klassiki, həyatının
müdrik çağlarını
yaşayan Anara can sağlığı, tükənməz
enerji, yeni-yeni yaradıcılıq sevincləri
arzulayıram. “Qələminiz
heç vaxt korşalmasın, ustad!” – deyirik. Gənc nəsillərin Anar məktəbi, Anar nümunəsindən öyrənəsi,
ibrət götürüləsi
hələ çox dərsləri var.
Səyyad Aran,
Filologiya elmləri namizədi
525-ci qəzet.- 2013.-14 mart.- S.7.