Çağımızın simvolu Anar
Yubileylərinin bir gözəl özəlliyi var – uzun zaman ürəyində saxladığın, demək istədiyin sözləri, fikirləri rahatlıqla dilə gətirməyə fürsət verir. Bu günlərdə dostum, qardaşım Anarın 75 yaşı tamam olur. Bu hadisədən yararlanaraq, çoxdandır onun haqqında demək istədiklərimin bir qismini qələmə almağa çalışdım. Onu da deyim ki, Anar haqqında yazmaq mənim üçün həm asandır, həm çətin. Asandır, ona görə ki, bizim dostuğumuz, qardaşlığımız uzun illərə dayanır və bu zaman kəsimində bir-birimizi yaxından tanımışıq, bir-birimizə dayaq olmuşuq, 1992-1993-cü illərdə İstanbulda, qardaş ölkədə birlikdə qürbəti yaşamışıq, müalicəyə getdiyimiz Karlovo-Varada həkimlərin qadağasına baxmayaraq məşhur çex pivəsindən qurtumlayaraq hər axşam saatlarla dərdləşmişik... Eyni zamanda çətindir, çünki Anarın ədəbi yaradıcılığı, əsərləri, pyesləri, ədəbi-bədii görüşləri, ədəbiyyatşünas, ssenarilər müəllifi və türkoloq kimi fəaliyyəti haqqında deyiləcək, yazılacaq o qədər şey var ki... Kiçik bir yubiley yazısında bütün bu problemlərə toxunmaq belə imkansız olduğundan, Anarla əlaqədar sadəcə bir-iki nöqtəyə diqqətinizi çəkməyə çalışacağam.
Mənim üçün Anar ilk növbədə böyük yazıçıdır. Onun 70 illik yubileyində dediyim sözü, bu gün də təkrar etmək istəyirəm – o, ədəbiyyatımıza yeni mövzular, yeni qəhrəmanlar, yeni dil, yeni üslub, yeni obrazlılıq gətirən nəhəng istedada malik canlı klassikimizdir. “Sosialist realizmi” prinsiplərinə dayanaraq, daha çox sosial və siyasi problemlərin, əmək cəbhəsinin inanılmaz qəhrəmanları olan fəhlə və kolxozçu obrazlarının hakim olduğu XX əsrin 60-70-cı illərində Kəbirlinski kimi sadə, “kiçik” insanların ədəbiyyatımıza gəlməsində və özünəməxsus yer tutmasında, sevgi, məhəbbət mövzusunun çağdaş səviyyədə yenidən işlənməsində, təm-təraqlı üslubdan uzaq ədəbi dilin formalaşmasında Anarın “Dantenin yubileyi”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Ağ liman” və başqa əsərlərinin rolunu inkar etmək olarmı? Əlbəttə yox. Məhz buna görə də Anar dünən olduğu kimi, bu gün də, inanıram ki, sabah da çağdaş və gündəmdə qalan yazıçılarımızdan olacaqdır. Sözümü onaylayacaq bir örnək verim. 40-45 il bundan əvvəl yazılmış “Dədə Qorqud” povestinin, “Mən, sən, o və telefon” novellasının keçən il Rusiyada 50 min tirajla yenidən çap olunması, Anar yaradıcılığına olan marağın nə qədər böyük olduğunu göstərmirmi?... Anar yaşadığı dövrün nəbzini tutmağı bacaran nadir yazıçılardandır. Onun “Ağ qoç, qara qoç” romanı ədəbi-bədii formada yeni bir sosial-siyasi sistem axtarışı içində olan ölkənin seçəcəyi yolun tarixi perspektivinə işıq tutan, bu prosesdə milli-mənəvi dəyərlərin, etik normaların itirilmə təhlükəsini göstərən və zamanını qabaqlayan oldukca maraqlı bir əsərdir. Qəribədir ki, nə toplum, nə ziyalılarımız bu əsərə və orada qaldırılan problemlərə istənilən marağı göstərmədilər. Halbuki roman ciddi ədəbi və ideoloji dartışmalara, fikir alış-verişinə olanaqlar yaradan və yaşadığımız çağın aynası olan son dərəcə aktual bir əsərdir. Mirzə Cəlilin “Anamın kitabı” kimi..
Anar mənim üçün örnək bir intellektualdır. İstər ölkəmizdə, istər dünyada gedən önəmli mədəni, elmi, siyasi, ictimayi prosesləri yaxından izləyən və onlar haqqında öz görüşü, fikri olan bir yazıçıdır o. Sözün həqiqi mənasında kitab sevdalısı və oxuyucusudur. Mən onun qədər çox oxuyan ikinci bir ziyalı tanımıram. Harada bir maraqlı əsər çap olunsa, onu mütləq tapıb oxumalıdır. Bunu öz praktikamdan da bilirəm – dəfələrcə məndən Moskvada çıxmış bəzi kitabları göndərməmi xahiş edib.
Anar mənim üçün həm də dəyərli bir türkoloq-alimdir. O, ümumtürk tarixi, mədəniyyəti, ədəbiyyatının ciddi araşdırmaçısı və təbliğatçısıdır. “Dədə Qorqud kitabının” vurğunu, baş bilicilərindən biri olan Anar, “Dədə Qorqud” povestini, “Dədə Qorqud ” filminin ssenariyasını yazaraq, insanlarımızı bu şah əsərlə yaxından tanış etmişdir. “Dədə Qorqud ensiklopediyası”nın işıq üzü görməsində də böyük rol oynamışdı Anar. Onun hazırladığı “Min beş yüz ilin oğuz şeiri” antologiyasını xüsusi qeyd etmək istəyirəm. Uzun illərin əməyi sayəsində meydana gələn bu fundamental antologiya, ədəbiyyat tariximiz, ortaq türk ədəbiyyatı və dili, qardaş ədəbiyyatların tipolojik öyrənilməsi baxımından olduqça giymətli bir qaynaqdır. Və bu qaynağa dayanaraq AzTV-də Anarın təqdimatında hazırlanan “Poeziya” verilişlərinin uğurlarını da qeyd etməmək olmaz. Doğrusu, “Min beş yüz ilin oğuz şeiri” antologiyasının haqq etdiyi qiyməti və mükafatı indiyə qədər almaması da, mənim üçün anlaşılmazdır.
Anar ədəbiyyat, sənət sevdalısı, xalqımızın sevimli yazıçısıdır. Belə olmasaydı, övladlarına Nizami, Füzuli, Nəsimi, Vaqif kimi şairlərin adlarını qoyan insanlarımız bu gün dünyaya gələn cocuklarına daha çox Anar adını verərdilərmi? Məgər bu, onların yazıçıya olan məhəbbətlərinin, hörmətlərinin nişanəsi deyilmi? Bu, Anar kimi savadlı, mədəni, ata-ana qədri bilən, bütün qəlbiylə Vətəninə, ailəsinə bağlı olan övlad yetişdirmək arzusundan irəli gəlmirmi? Onu da deyim ki, bu gün Anar adı qardaş Türkiyədə də geniş yayılmaqdadır. Yəqin ki, bunun da bir mənası var...
Yazıma təsadüfən yuxarıdaki başlığı qoymamışam. Anar yaradıcılığıyla, aktiv içtimai, siyasi fəaliyyətiylə, əsl ziyalı mövqeyiylə, 25 ildir rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyini ayaqda tuta bilməsiylə, sayısız hücumlara mərdliklə qarşı durmasıyla, ölkəmizin son 60 illik tarixində özünə məxsus yer tutmasıyla həqiqətən bir simvola çevrilmişdir. Canlı, bütləşməkdən uzaq bir simvola...
Mən, əziz qardaşım, sənə sadəcə möhkəm cansağlığı arzulayıram. Çünki sən, Vətənimizə, xalqımıza, gözəl ailənə, səni sevən, səninlə eyni çağda yaşamaqdan qürur duyan bizlərə – dostlarına çox-çox lazımsan!
REDAKSİYADAN: Böyük yazıçımız, görkəmli ictimai xadim, Xalq yazıçısı Anarı 75 illik yubileyi münasibətilə “525-ci qəzet”in kollektivi olaraq biz də səmimi qəlbdən təbrik edir, dəyərli ədibimizə uzun ömür, cansağlığı arzulayır, həyatda və fəaliyyətdə yeni-yeni uğurlar diləyirik!
Tofiq Məlikli
525-ci qəzet.-
2013.- 14 mart.- S.7.