Qocalığa hələ çox
qalıb- ANAR-75
1.
Həyatın elə çağları, məqamları,
hətta anları var ki, onlar insanın daxilində mənəvi
bir öhdəlik yaradır və bu mənəvi öhdəlik,
olsun ki, daha artıq dərəcədə təhtəlşüur
səciyyə daşıyır. Soyuq mart günü, hələ səhərin
gözü açılmamış – sübh tezdən
kompüterin arxasına keçib Anarın 75 illiyinə
yazdığım bu sətirlər mənim içimdəki təhtəlşüur
mənəvi öhdəliyin ifadəsidir və bu, Anarla birgə
yaşanmış o çağların, məqamların,
anların qarşısındakı həmin mənəvi
öhdəlikdir.
(Elçin
və Anar. 2008-ci il)
Düz 15
il bundan əvvəl mən Anarın 60 illiyinə də bir
yazı yazmışdım və bu 15 il – vaxtın
ildırım sürəti ilə uçduğu indiki
dövrdə elə də böyük bir zaman vahidi deyil, ancaq
biz indi ömrümüzün elə bir məsafəsinə gəlib
çatmışıq ki, hər nə gedir, bağdan yox,
bağbandan gedir.
Mən 15
il əvvəlki həmin yazımı artıq tam dəqiqliyi
ilə xatırlamıram, ancaq yerimdən qalxıb iki
addımlığımdakı kitab dolabından o
yazını götürüb nəzərdən keçirməyə
ehtiyac da hiss etmirəm, çünki burasını tam dəqiqliyi
ilə bilirəm ki, orada nə yazmışamsa, indi də o
fikirdəyəm və bu 15 il heç nəyi dəyişməyib,
daha doğrusu, bu 15 ilin dəyişdirdiyi yalnız zahiri dəyişikliklərdir:
daha az-az görüşmüşük, umu-küsü bəlkə,
daha çox olub, hətta mətbuata da çıxıb və
obıvatelə ləzzət edib, onu ehtizaza gətirib və
görünür, bu yerdə bir az səhv etmişik, bizim ədəbi
mühitdəki ədəbi-əqli gerçəkliyi saya
salmamışıq (bəlkə də düz etmişik?); bəzən
sorağı bir-birimizdən yox, qəzetlərdən,
televiziyadan, internet saytlarından almışıq, ancaq mənim
düşüncəmə görə bütün bunlar
münasibətlərin daxili mündərəcatında
cücərərək kök salmayıb.
Ancaq, deyəsən,
təkrara varmamaq üçün 15 il bundan əvvəl
yazdığım o yazıya baxmaq lazımdır və mən
indicə başladığım bu yazını
yarımçıq qoyub, Anarın 60 illiyinə yazdığımı
tapıb yenidən nəzərdən keçirirəm.
... Qəribədir,
həmin yazı da, demək olar ki, eyni başlanğıcla
başlayır: “Anarın 60 yaşı tamam olur və belə
bir gündə Anar haqqında söz deməyi mən
özümün mənəvi borcum hesab edirəm...”
İstəyirəm oxucu mənə inansın ki, bu – mənim
qurduğum “ədəbi fənd” deyil, tam bir təsadüfdür,
hətta mən indicə yazdığım
başlanğıcı dəyişmək də istədim,
ancaq nə üçün dəyişim? Mən buna qəribə dedim, əslində isə, görünür,
bu, qəribə yox, sadəcə olaraq həqiqətin ifadəsidir.
2.
Dünyada
söz-söhbət mövzularından çox nə ola bilər? – ancaq bu saysız mövzular
arasında elələri var ki, mən onu yalnız Anarla
danışa bilərəm, başqa heç kimlə və
güman edirəm ki, Anar da mənə dediklərini başqa
bir həmsöhbətə deyə bilməz, həm də,
indiki halda söhbət yalnız dünyanın hansısa,
Aşıq Cüma demişkən, “pünhan” sirrlərindən,
yaxud İsgəndərin buynuzları ilə bağlı quyu
ehtiyacından getmir, çünki bəzən ən sadə həyati
söhbətlər münasibətlərin daha artıq məhrəmliyini
tələb edir.
(Anar,
Elçin, Araz Dadaşzadə. 1968-ci il)
)Arzular
da çox olub və nə yaxşı ki, bu uzun illər
boyunca o arzu-istəklərin bir qismi həyata keçib. Ən böyük arzulardan biri, əlbəttə, Azərbaycanın
yenə də müstəqil bir dövlət olması idi və
biz bunu gördük. Başqa böyük
bir arzu Söz azadlığı idi və bunu da biz
gördük. Ancaq, sən demə, Söz
azadlığı istedadla bahəm əsil ədəbiyyatı
yaratdığı kimi, ədəbi mühiti xəstələndirə
də bilirmiş. İstedad Söz
azadlığını tələb etdiyi kimi, qrafoman da,
iddialı heçlik də Söz azadlığından geninə-boluna
istifadə etməyi bacarır və böhtandan, qarayaxmadan,
şaiyəçilikdən tutmuş roman, poema, şeir
adı ilə nəşr olunan maklaturaya qədər belə
bir eybəcər bacarıq nəticəsində bu gün bizim
ədəbi mühitin (ədəbiyyatın yox, hətta ədəbi
prosesin də yox, məhz ədəbi mühitin!) ambulator yox, stasionar
müalicəyə ehtiyacı var.
Bu fikirlər,
olsun ki, yenə haray-həşirlə “Elçin Anar
haqqında yazısında Söz azadlığının əleyhinə
çıxıb!” kimi dedi-qodu yaratsın, ancaq mən,
aydın məsələdir,
Söz azadlığının əleyhinə deyiləm
(bu, gülünc bir şey olardı!), söhbət Söz
azadlığından bu azadlığa layiq şəkildə
istifadə etməkdən gedir.
Və bu
yerdə deməliyəm ki, mən heç istəməzdim,
Anar bəzən olduğu kimi, ədəbi mühitdəki bu
bulanıq ab-havadan əsəbiləşsin, hərdən
vaxtını layiq olmayan ünvanlara cavab verməyə həsr
etsin, çünki Anar yaxşı bilir ki, sənət
bütün epoxalarda qeyri-sənətlə, hətta anti-sənətlə
yanaşı addımlayır, təhlillə, həqiqi qiymətlə,
təqdir və tənqidlə, alqışla böhtan,
qarayaxma, kin-küdurət, şöhrətlə iddia, istedadla
qrafoman həmişə tərəf-müqabil olub və Zaman
da həmişə sənətin və istedadın yanında
olub.
Başa
düşürəm ki, adam bəzən
hissə qapılır və ədəbi mühitdəki həmin
bulanıq ab-havanın göstəricisi olan kin-küdurətin
yaratdığı o böhtan və qarayaxmaları gələcək
qarşısında cavabsız qoymaq istəmir, ancaq “gələcək”
nədir? – zaman və zaman da, dediyim kimi, həmişə
sənətin və istedadın, indiki halda Anarın
yanındadır.
Bəşəriyyətin ən böyük
kitablarından biri “Don Kixot” deyilmi və hanı indi o
böyük kitabın yazıldığı dövrdəki o
miskin qarayaxmalar, böhtanlar? Elə öz yaxın
keçmişimizdə Azərbaycan mətbuatı Mirzə Fətəliyə,
Zərdabiyə, Mirzə Cəlilə, Sabirə, Nərimanova,
Üzeyir bəyə, Əli bəy Hüseynzadəyə, Əhməd
bəy Ağayevə, Ərəblinskiyə atılan
böhtanlarla, qarayaxmalarla, şaiyəçiliklə, kin-küdurətlə dolu deyilmi? Əlbəttə, bütün bunlar hamısı məlum
məsələlərdir və təəssüf ki, hərdən
xatırlamağa məcbur olursan. Söz
azadlığına alternativ yoxdur və gerçəklik də
bundan ibarətdir ki, onu yalnız arzulamaq, ondan yalnız ədəbiyyatın
inkişafı naminə istifadə etmək kifayət deyil, ona
dözmək də lazımdır.
Söz
azadlığı dedi-qodunu ictimailəşdirir, yəni onu mətbuata,
əsasən də, təbii ki, sarı mətbuata
çıxarır və bu yerdə mən özümə
sual verirəm: bəyəm sovet vaxtı bizim ətrafımızda
dedi-qodu yox idi? Bəyəm gənc Anarın hekayəsi Sovet
İttifaqının Mərkəzi Televiziyasında səhnələşdiriləndə
və bu televiziya tamaşasında SSRİ xalq artisti Lyubov
Dobrjanskaya kimi böyük rus artistləri iştirak edəndə,
yaxud Edvard Radzinski onun hekayəsi əsasında ssenari yazanda və
“Mosfilm” də film çəkəndə, yaxud da “Literaturnaya
qazeta”da Anarın bir yazısı dərc ediləndə,
öz qələmlərindən bir şey çıxara bilməyən
nadan dedi-qodu həvəskarları bunu cürbəcür
şaiyələrlə, “tanışlıqlarla” yozmurdular? Bəyəm
mən özüm həmin “Literaturnaya qazeta”da, yaxud
“Voprosı literaturı”da, “Yunost”da bir yazım çıxanda
üzümə gülüb məni təbrik edən, arxada isə
şaiyə yayanları, danos yazanları az görmüşəm?
Əslində Anarın hər bir yeni əsəri,
publisistikası, ədəbi-tənqidi mülahizələri
böhtançılığa və
qarayaxmaçılığa verilən ən yaxşı cavabdır. Anar bizim X1X əsrin ikinci
yarısı, XX əsrin əvvəllərində
yazıb-yaratmış, fəaliyyət göstərmiş
yuxarıda adlarını çəkdiyim böyük ədiblərin,
maarifçilərin, mədəniyyət xadimlərinin XX əsrin
ikinci yarısı, XX1 əsrin əvvəllərindəki, təəssüf
ki, az saylı davamçılarından biridir.
“60-cılar Nobel almadı” – bu gün bizim ədəbi
mühitdə tez-tez səslənən mənasız fikirlərdən
biri də, misal üçün, budur və kimi bunu həqiqi
təəssüf hissi ilə deyir, kimi də bundan kam alır.
Nobel mükafatı haqqında məlum arqumentləri təkrar
etmək istəmirəm, ancaq bu məqamda İlyas Əfəndiyevlə
bağlı bir xatirəni söyləmək istəyirəm. Düzdür,
mən bunu artıq bir dəfə yazmışam, ancaq elə
bilirəm ki, yenə də söyləməyim yerinə
düşər.
Bir dəfə
İlyas Əfəndiyevlə söhbət edirdik, çox
zaman olduğu kimi, söz yenə gəlib ədəbiyyatın
üstünə çıxdı və İlyas Əfəndiyev,
görünür, hansısa daxili ovqatın təsiri ilə əlini
kitabxanasına tərəf uzadıb:
– Bunlardan
sonra biz niyə yazırıq?- dedi.
Doğrusu,
o zaman – 25-30 il bundan əvvəl İlyas Əfəndiyevin
dilindən verilən o sual mənim üçün gözlənilməz
səsləndi.
“Bunlar” –
yəni İlyas Əfəndiyevin o zəngin
kitabxanasındakı Homer, Nizami, Dante, Füzuli, Servantes,
Şekspir, Molyer, Höte, Balzak, Lev Tolstoy...
O zaman mən
İlyas Əfəndiyevin o sualına belə cavab verdim ki, yəqin
hər bir yazıçı öz xalqının tarixi və
taleyi kontekstində qiymətləndirilməlidir, belə
olmasaydı “bunlardan” sonra yeni-yeni nəsillər də gəlməzdi
və doğma ədəbiyyatlarını yaratmaz, inkişaf
etdirməzdilər. Düzdür, İlyas Əfəndiyev yəqin
həmin məqamda içindəki ovqatın təsiri ilə
bu sözləri ironik bir təbəssümlə
qarşıladı, ancaq elə bilirəm ki, ədəbiyyat
tarixində “bunlar” həmişə olub və əsrlər
boyu “bunlardan” sonrakı yaradıcılıq prosesinin davam etməsi
ədəbiyyatın missiyasından doğan əbədi, həmişəlik
bir prosesdir.
Mən ona görə bu epizodu xatırladım ki, Anar
öz doğma xalqının tarixi və taleyi kontekstində
yaradıcılığı yüksək qiymətə malik
görkəmli ədibdir. Mən əvvəllər də dəfələrlə
yazmışam ki, sənətdə və o cümlədən
də, təbii ki, ədəbiyyatda sənətə aparan yol
millidən keçir, milli kökləri olmayan sənət bəşəri
yox, zahirən kosmopolit pərdəsinə
bürünmüş bir şeydir, çünki böyük
mənada kosmopolitliyin özü üçün də
millilik keçilmiş bir mərhələdir.
Anar milli ədəbiyyatın, milli mədəniyyətin
maraqları ilə yaşayan və həmin maraqları ən
yüksək tribunalardan müdafiə etməyə qadir bir
intellektual, həmin milli ədəbiyyata, mədəniyyətə
nəinki səriştəli qiymət verməyi bacaran, eyni
zamanda həmin mənəvi dəyərlərlə fəxr edən
görkəmli ədəbiyyat, mədəniyyət xadimidir.
Anar, necə deyərlər, qanıyla, canıyla öz
xalqına bağlı olan, genetik yaddaşa, zövqə və
təəssübkeşliyə malik bir qələm sahibi, bir vətəndaşdır. O, azərbaycanlı
xarakterinin, indi dəbdə olan sözlə desək,
mentalitetinin koloritini duyan, hiss edən mənim uzun illər boyu
tanıdığım az adamlardan biridir.
Baxın,
“Dədə Qorqud”dan Mirzə Fətəliyə, Mirzə Cəlilə,
Üzeyir bəyə qədər, İçəri Şəhərdən,
xalça sənətindən, muğamdan tutmuş Səttar Bəhlulzadənin,
yaxud Mir Cavadın tablolarına qədər böyük bir
milli-mənəvi sərvət Anarın yaradıcılığında
özünün həm bədii, həm də publisistik ifadəsini
tapmışdır. Eyni zamanda, Anar qərb və rus ədəbiyyatının
mütaliəsinə, dünyagörüşünün
geniş miqyasına görə də mənim həyatda təsadüf
etdiyim çox az şəxslərdən,
ziyalılardan biridir.
Yadıma gəlir, 60-cı illərin əvvəllərində
Anarın elə ilk hekayə və povestləri necə səs
saldı, öz məxsusiliyi ilə necə seçildi. O zamanlar mən dəfələrlə
bunun şahidi olmuşam ki, gənclər Anarın o ilk
yazılarını hansı bir həvəslə oxuyurdu və
o hekayələr, povestlər gənclikdə ədəbiyyatla
bağlı necə bir ruh yüksəkliyi, bir coşğunluq
yaradırdı.
Anarın hekayələri, povestləri Azərbaycan nəsrinin
inkişafında, yeni-yeni bədii-estetik çalarlar əldə
etməsində rol oynadığı kimi, dediyim o ruh yüksəkliyi,
o coşğunluq da bizim oxucuların bədii
zövqünün formalaşmasında rol oynadı.
O hekayələrlə
ədəbiyyata gələn Anar, elə o hekayələrlə
də layiq olduğu şöhrəti qazandı və illər
keçdikcə o gənc yazıçı görkəmli
nasir oldu, görkəmli publisist, ədəbiyyatşünas, sənətşünas,
dramaturq, rejissor oldu, tərcümələr etdi, hətta...
şeir də yazmağa başladı...
3.
(Anar və
Elçin. 1988-ci il)
Xatirələr
məni 60-70-ci illərə aparır, o gözəl günlərə
ki, mənim Vaqif küçəsi (indiki Həsən Seyidbəyli
küçəsi) 30-da həyətdən altıncı,
küçədən isə dördüncü mərtəbədə
16 kv.m.-lik mənzilim, Anarın isə qonşu blokda həyət
tərəfdən ikinci mərtəbədə, küçə
tərəfdən isə yarımzirzəmi olan mənzili var
idi və Anargilin o mənzilinin bir tərəfində Tural
balaca olduğu üçün (Günel isə hələ
dünyaya gəlməmişdi) balkona çıxıb siqaret
çəkmək olurdu, o biri tərəfində isə
küçədə gəzən Bakı sakinlərinin
ayaqqabıları görünürdü.
Dediyim o
gözəl günlərdə Anarın həmin mənzilində
xudmani məclislər qururduq və bəzən səhərə
qədər çəkən o məclislər heç vəchlə
yalnız yeyib-içməkdən ibarət deyildi, daha artıq
dərəcədə həyat barədə, dünyanın
işləri barədə, yaşadığımız
ölkənin – Sovet İttifaqının gerçəkləri
barədə etibarlı söhbətlər, ədəbi
müzakirələr üçün məhrəm, doğma
şərait yaradan, mənəvi tələbatdan gələn
görüşlər idi: dünyada baş verən
siyasi-ictimai olaylar, ən son ədəbi hadisələr, ən
son kitablar, filmlər, “samizdat” nəşrləri, yeni fikirlər,
planlar, yeni ideyalar...
Yadıma
gəlir, Anar Moskvadan Sartrın Nobel mükafatından imtina etməsi
barədə bəyənatını gətirmişdi, “Mən
nə üçün Nobel mükafatından imtina etdim?”
adlı o məşhur və bugünkü nəşrlərdə
geniş yayılmış bəyanatı Sartr Parisdə
İsveç jurnalistləri ilə görüşdə
vermişdi, ancaq o bəyanat elə o zaman dünya ictimai fikrində
səs salsa da, SSRİ-də onun çapı qadağan
edilmişdi. Onu “samizdat” rus dilinə tərcümə edib
makina yazısı ilə qrankalarda yaymışdı və o
bəyənatı da Anar özünə xas olan həvəs və
həyəcanla həmin gecə məclislərindən birində
bizə oxudu: mən idim, Araz Dadaşzadə idi, Yusif idi – indi
xatırladığım bunlardır.
O bəyanatın
mənə necə təsir etməsi indiyə qədər –
aradan bu qədər illər keçdikdən sonra da mənim
hissiyyatımdadır. O zaman mən aspiranturanı yenicə
bitirib Nizami adına Ədəbiyyat və Dil İnstitutunda
(sonra müstəqil Dil İnstitutu yarandı) kiçik elmi
işçi işləyirdim və o bəyanatı Anardan
götürüb özüm makinada qara kağızla bir
neçə nüsxədə üzünü
köçürdüm, bu gün tez-tez
xatırladığım unudulmaz insanlara, əsil ədəbiyyat
adamları olan bizim nəzəriyyə şöbəmizin
müdiri, akademik Məmməd Cəfər müəllimə,
institutun direktor müavini işləyən Kamal Talıbzadəyə,
bizim şöbədə baş elmi işçi işləyən
Yaşar Qarayevə, onlar oxuyandan sonra da başqalarına
verdim.
Bu
yazının mövzusundan kənara çıxsam da bir
gülməli epizod yadıma düşür: o zaman rəhmətlik
Xəlil Rza da (hələ “Ulutürk” deyildi) bizim institutda
işləyirdi və böyük bir həvəs və
yorulmazlıqla gördüklərini, eşitdiklərini, elədiklərini
hər gün mütəmadi gündəliyinə
yazırdı. Mən Sartrın o bəyənatını
Xəlilə də verdim. Arazda çox güclü yumor
hissi var idi, eyni zamanda, hamımızdan daha ehtiyatlı idi və
bəyanatı Xəlilə verdiyimi eşidəndə gülə-gülə:
“- Sənin işin xarabdı!”- dedi. “Niyə?”
“KQB Xəlili addım-addım izləyir, gec-tez
onun gündəliklərini əldə edəcəklər,
görəcəklər ki, Sartrın bəyanatını ona sən
vermisən!”
Ancaq mən yenə Anargildəki o gecə
görüşlərinə qayıdıram. Tez-tez yeni
yazılarımızı bir-birimizə oxuyurduq və o
yazılara görə sidqürəkdən gələn bir səmimiyyət
və hərarətlə bir-birimizi təbrik edirdik,
iradlarımızı da eləcə bir səmimiyyətlə
bildirirdik (ədəbiyyatla bağlı kompromis yox idi!), ən
başlıcası isə, kimin yazdığından
asılı olmayaraq hər bir uğurlu yazı öz şəxsi
uğurumuz kimi bizi sevindirirdi, fərəhləndirirdi və həvəsləndirirdi.
Yadıma gəlir, Anar yenicə yazdığı
“Adamın adamı” pyesini oxuyanda necə qızğın
müzakirə etdik, yaxud mən “Qatar.Latur. Pikasso.
1968” hekayəsini oxuyandan sonra cibində pul olanda dinc otura bilməyən
Yusif Səmədoğlu rus dilində: “Eto xoroşaya
li-i-iteratura, Qa-a-aqili (məni belə
çağırırdı, Anara isə “A-a-anari” deyirdi).-
dedi və ayağa qalxdı: – Getdik!..”
Və bizi köhnə “İnturist”ə apardı.
O da
yaxşı yadımdadır ki, Anar Vaqifin (onda hələ Səmədoğlu
deyildi, sadəcə Vəkilov idi) bir dəftər şeirlərini
əlyazmasında götürüb, özü makinada
yazmışdı və Vaqif oldu-olmadı, uzaqgörən
çeşməyini yuxarı qaldırıb həmin şeirləri
bərkdən oxuya-oxuya o şeirlərə sevgisini
başqaları ilə də bölüşmək istəyirdi.
İndi
fikirləşirəm ki, Anarın o yarızirzəmi mənzili
əslində o zaman üçün elitar ədəbi klub
kimi bir şey idi və Araz Dadaşzadə, Yusif Səmədoğlu,
Emin Sabitoğlu, Rəhman Bədəlov, başqa bir-iki nəfər
o “ədəbi klubun” “üzvləri” idi, bəzən Toğrul
Nərimanbəyov da gəlib gecə saat 3-də Kavaradosinin
ariyasını oxuyurdu (qonşular yaxşı adamlar
imiş!), bəzən də Emin Sabitoğlu Mirzə Babayevlə
gəlirdi və şux, duzlu, baməzə bir adam olan rəhmətlik
Mirzə kişi yaş fərqinə baxmayaraq,
özünü bizlərdən biri kimi aparır, Eminlə lap
yenicə hazırladıqları mahnını Eminin pianoda
müşaiyəti ilə ləzzətlə oxuyurdu. (Mirzə
kişi ilə mən xüsusən son illərdə
konsertlərdə, müxtəlif tədbirlərdə, xeyirdə-şərdə
tez-tez görüşürdüm, hərdən də işdə
mənim yanıma gəlirdi və onun ən böyük arzusu
özünün 90 illiyində səhnəyə
çıxıb oxumaq idi, lap az qalmışdı, hayıf
qismət olmadı.)
Əlbəttə, tələsik (amma dadlı!) salat
hazırlamaqdan tutmuş süfrə
açıb-yığışdırmağacan o unudulmaz (və
bəzən də, dediyim kimi, haylı-küylü!) gecə
görüşlərinin bütün əziyyətini çəkən
isə Anarın vəfalı həyat yoldaşı Zemfira idi. Zemfira Səfərova bu
gün görkəmli musiqişünas alimdir və mən o
uzaq keçmişdə qalmış o gözlənilməz
gecə məclislərində Zemfira xanıma verdiyimiz əziyyətləri
yadıma salıb özümüzü qınayanda, təsginliyi
onda tapıram ki, əslində, Zemfira xanım da bizim səmimi
və istəkli bir bacımız, dostumuz, o “ədəbi
klubun” üzvü olan məsləkdaşımız idi.
Deyirlər, divarın da qulağı var, ancaq həqiqətən
divarın qulağı olsaydı, Anarın o mənzilindəki
söhbətlərə görə KQB çoxdan bizimlə
haqq-hesab çürütmüşdü.
Bu gün
yalan-doğru, bilən də, bilməyən də, görən
də, görməyən də Sovet İttifaqını
söyür, hərdən tərifləyənlər də
var, ancaq bizim söyüb, yaxud tərifləməyimizdən
asılı olmayaraq, bu nəhəng imperiyaya obyektiv qiyməti
tarix verəcək. İndiki halda həqiqət isə bundan
ibarətdir ki, Anar da, mən də, adlarını çəkdiyim
və çəkmədiyim başqa dostlarımız da sovet
sisteminə, Sovet İttifaqındakı siyasi
riyakarlığa, senzuraya, ictimai yalana və ictimai əxlaq
pozğunluğuna, deyilən ilə mövcud arasındakı
təzada, bu ölkənin beton sərhədlərinə nifrət
edirdik və yeri gəlmişkən deyim ki, bu nifrət, belə
bir daxili barışmazlıq “60-cılar” dediyimiz ədəbi
nəslin istedadından, yaradıcılığının səviyyəsindən
asılı olmayaraq bütün nümayəndələri
üçün səciyyəvi bir xüsusiyyət idi və
onların, o cümlədən də “60-cılar”ın ən
parlaq nümayəndələrindən biri olan Anarın
yaradıcılığının ümumi əhəmiyyəti
də, mənim fikrimcə, bu yaradıcılığın məhz
belə bir dünyagörüşü üzərində
köklənməsidir.
Sovet
İttifaqında – 60-70-ci illəri, 80-nin birinci
yarısını, hələ Qorbaçov “yenidənqurmasının”
başlanmadığı dövrü nəzərdə tuturam
– guya Cambul Cabayevin yazdığı “Batır Yejov haqqında
dastan” kimi biabırçı falsifikasiyalar daha təşkil və
təbliğ edilmirdi, Semyon Babayevskinin “Qızıl ulduzlu qəhrəman”,
yaxud həmişə rəsmi ümumittifaq ədəbi tədbirlərində
rəhbər dekorasiya atributu kimi rəyasət heyətində
oturan və həmişə də bütün tədbir boyu
yatan Berdı Kerbabayevin “Ağ qızıl ölkəsinin
Aysoltanı” kimi parlaq sosrealizm nümunələri olan
romanları, yaxud da Anatoli Sofronovun “Bir şəhərdə”,
“Moskva xarakteri” kimi pyesdən çox əyani təbliğat
materiallarını xatırladan “əsərlər” daha Stalin mükafatı
almırdı, Maksim Qorki adi aşıq Süleyman Staliskini
böyük təntənə ilə “XX əsrin Homeri”
adlandırmırdı, ancaq bu dəfə də partiya
ideologiyasının təyinatı ilə ədəbiyyat
generalları olmuş “toxunmazlar” Lenin mükafatları
alırdı, redaksiyalarda, nəşriyyatlarda ədəbiyyata
münasibətdə partiya “meyarlar”ı hakimi-mütləqliyi
əldən verməməyə çalışırdı,
amma bütün bunlarla bərabər, Moskva mətbuatında
ümumittifaq miqyaslı proqressiv ədəbi proses də
baş qaldırır və get-gedə güclənirdi.
Bu
proqressiv ədəbi prosesin bizim “60-cılar”ın ən
aparıcı nümayəndələrinin, o cümlədən
də, təbii ki, Anarın ədəbi simasının müəyyənləşməsində,
layiq olduğu ədəbi nüfuzu qazanmasında, şübhəsiz
ki, ciddi rolu oldu. Anar da daxil olmaqla bizim “60-cılar”ın həmin
nümayəndələri ümumittifaq ədəbi prosesinin
müşahidəçiləri yox, öz bədii əsərləri
və ədəbiyyatın aktual problemlərinə həsr
olunmuş konseptual məqalələri ilə o ədəbi
prosesin bilavasitə iştirakçılarına çevrildi,
bu isə, aydın məsələdir, istedad və savad tələb
edirdi.
4
Qalxıb fotoalbomları varaqlayıram.
Budur, Anar,
Araz Dadaşzadə, mən. 1968-ci il. Bu fotoşəkil, əgər səhv etmirəmsə,
biz Qobustanda qayalıqları gəzdikdən sonra, elə orada
çəkilib.
O vaxt
kimin ağlına gələrdi ki, mən bu sübh
çağı Anarın 75 illiyinə yazı
yazdığım bir vaxtda, artıq iyimi üç il olacaq
ki, Araz haqq dünyasına köçüb və mən hər
dəfə 2-ci Fəxri Xiyabana gedəndə Arazın
başdaşını görəndə diksinirəm,
çünki Arazın yoxluğu bu gün də mənim
üçün inanılmaz bir şeydir. Bu iyirmi üç
il, heç şübhə etmirəm ki, Arazı Anardan nəinki
uzaqlaşdırmayıb, əksinə, xatirələrin
doğmalığı və hərarəti onu Anara daha da
yaxınlaşdırıb və onların dostluğunun
“stajı” da xeyli artıq idi...
Anar, Fikrət
Qoca, mən. Bu da 60-ın sonları, 70-in əvvəlləridir
və nə yaxşı ki, o uzaq gözəl illər Anarla
Fikrətin bir-birinə bugünkü münasibətindən qətiyyən
inciməyib, nə yaxşı ki, onlar yenə bir yerdədir.
Anar, Yusif
Səmədoğlu, mən. Yenə 60-cı illərin
sonlarıdır. O vaxt kimin ağlına gələrdi
ki, sağlam, canlı, şux Yusifin duzlu-məzəli
zarafatları, ağayanalığı, qrafomanlıqla (və
qrafomanlarla!) bağlı ironik atmacaları bizim xatirələrimizə
çevriləcək...
Yusifin bir sözü yadıma düşdü, elə o
vaxtlardan da hafizəmə hopub, hətta, indi dəqiq
xatırlamıram, hansı yazımdasa yazmışam da. Bir dəfə, elə həmin
illər – 60-ın sonları, 70-in əvvəlləri idi,
Yusif, Anar və mən, gecə saat 12-dən sonra Dənizkənarı
bulvarda o zaman yeni salınmış “Venesiya”nın
arxasında, budaqları sallanıb yerə dəyən
söyüd ağacının altında həmişəki
kimi oturmuşduq. Həmişəki kimi də “Venesiya”nın gecə gözətçisi İbad
dayı özü bişirdiyi toyuq içalatı ilə
yumurta çığırtmasını elə tavanın
içində və xüsusi olaraq bizimçün
saxladığı bir şüşə “Moskovski” ilə
birlikdə xəlvəti gətirib mizimizin üstünə
qoymuşdu. Söhbət bu dünyanın işlərindən,
həyatdan, ölümdən-itimdən düşdü və
o zaman Yusif barmağını göyə uzadıb, gözəl
kəkələməsi ilə:
– hə-ə-ər
şey o-o-orda məlum o-o-olacaq...- dedi.- Ora ge-e-edəndən
sonra hə-ə-ər şey aydınla-a-aşacaq...
Yusif
artıq 15 ildir ordadır və yəqin ordan bizə baxıb
hərdən-bir bizim bu dünyada hansısa “dünyəvi” istəyimizə,
hərəkətimizə, əsəbiləşməyimizə
baxıb, qayğılarımızı görüb
başını bulaya-bulaya bütün bunların mənasızlığına
gülümsəyir...
Budur, İlyas Əfəndiyev və Anar. 80-ci illərin
sonlarıdır. Nə münasibətləsə
Bakı küçələrindən birində çəkilib.
Bu da Rəsul Rza ilə mən. Arxasında yazı var: 1980-ci ilin
fevralında Yazıçılar İttifaqında çəkilib.
İlyas Əfəndiyevlə Rəsul Rza da indi haqq
dünyasındadırlar, biz isə, əzizim Anar, hələ
ki, bu dünyadayıq.
Sənin
60 illiyinə yazdığım o yazı belə bir diləklə
qurtarırdı: “Allah... bizə qismət etsin ki, yenə
iyirmi beş-otuz ildən sonra (dünyada o qədər
möcüzələr olur ki!) yenə də
canlı Anar haqqında... yazım... o zaman tamam başqa bir
dünya olacaq.”
“Başqa
bir dünya” barədə bir söz deyə bilmərəm,
ancaq mənim o otuz il diləyimdən hələ
yalnız on beş il keçib və on beş il də hələ
irəlidədir.
Ancaq o
otuz ili də gərək bir az
çoxaldaydım...
Belə
hiss edirəm ki, deyəsən, sənin 75 illiyinə
yazdığım bu yazı ənənəvi təbrik
yazıları çərçivələrinə tam
uyğun gəlmir, ancaq bu, görünür, əvvəldə
dediyim həmin təhtəlşüur mənəvi öhdəlikdən
gələn bir sərbəstlikdir və bu yerdə mən bu
yazını sidqürəkdən gələn, eləcə də,
ənənəvi təbriklərə uyğun olan
arzularımı sənə bildirməklə bitirmək istəyirəm:
nə qədər mümkündürsə, o qədər
çox yaşa, nə qədər mümkündürsə,
səmimi və mehriban ailənlə birlikdə o qədər
xoşbəxt ol, nə qədər mümkündürsə,
o qədər yaz-yarat.
Sənin
60 illiyinlə bağlı o yazım belə adlanırdı:
“Qocalığa hələ çox qalıb” və mən sənin
75 illiyinlə bağlı bu yazının da adını elə
o cür qoyuram: “Qocalığa hələ çox qalıb.”
13 mart 2013.
Bakı.
ELÇİN
525-ci qəzet.- 2013.-
14 mart.- S.6.