...və məbədin ruhani doqquzuncusu
Fevralın birinci ongünlüyünün sonuncu günü qəfil yayılan xəbər ölkənin informasiya səmasında ildırım kimi çaxdı: “Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib...” Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov... kimin ağlına gələrdi... Bu şok effekti elmi-ictimai mühitin hüdudlarını adlayıb bütün ölkə miqyasında əks-səda verdi...
“Ağlın işi heyrət doğurur, ürəyin işi nə isə dəruni bir sevinc”. Qəribədir ki, Mahmud müəllimin on ildən artıq bir müddətdə ölkənin əsas intellektual beyin mərkəzi olan Elmlər Akademiyasına rəhbərliyi idraki fəaliyyətdən daha çox, həmişə qəlb işi təsiri bağışladı.
O, sadəcə olaraq yaxşı adam idi... sadə, təvazökar, səmimi, xeyirxah, intizamlı, əxlaqlı, mədəni və daxilən azad. Onu tanıyanların, onunla az-çox ünsiyyətdə olanların hamısı, şübhəsiz, razılaşar ki, bütün bu sadalanan keyfiyyətlər Mahmud müəllimi xarakterizə edən cəhətlər idi. Lakin onda bütün bunlardan əlavə nə isə vardı ki, onu fərqləndirən əsas xüsusiyyət olmaqla başqalarına dərin mənəvi-psixoloji təsirini şərtləndirirdi. Və məncə, bu nə isə yuxarıda sadalanan cəhətlərdən nə ayrılıqda götürülən hər hansısa biri, nə də bunların hamısının birlikdə vəhdətinin doğurduğu mənəvi-əxlaqi effekt idi... Əksinə, sanki bütün bu əxlaqi keyfiyyətlər onun şəxsiyyət bütövlüyünü müəyyənləşdirən mahiyyət statuslu həmin nə isənin sönük zahiri təzahürləri, görüntüləri idi. Məşhur fransız linqivisti Qustav Qiyom idrak nəzəriyyəsinin fundamental prinsipi statusuna layiq ola biləcək belə bir maraqlı tezis irəli sürmüşdür: “Elm belə bir intuitiv dərketməyə əsaslanır ki, görünən dünyanı daim özündə təcəssüm etdirib, lakin qətiyyən bənzəmədiyi gizli şeylərdən “danışır”. Dilçi alimin yanaşmasına görə, idraki fəaliyyətin əsas stimulyatoru məhz həmin təzahürlərin dili ilə “danışan” və danışa-danışa idrak sahiblərini gizli dünyanın daha mübhəm sirlərinə doğru səsləyən nə isələrdir. Artıq aramızda olmayan Mahmud müəllim haqqında düşünərkən Qustaf Qiyomun həmin tezisini bir daha xatırlamalı oldum. Çünki Mahmud Kərimov şəxsiyyəti gerçəkliyin öz strukturu kimi zahiri sadəliyinin arxasında dərin mənəvi zənginlik, idraki mürəkkəblik gizlədirdi. Bu sadəlik daxili “Mən”də mükəmməl mənəvi-əxlaqi və mürəkkəb idraki-fəlsəfi əsaslara dayanırdı.
O, Akademiyanın Mirəsədulla Mirqasımovdan başlanan prezidentlər silsiləsinin doqquzuncusu idi. Azərbaycan elmi elitasının ən görkəmli ziyalılarının təmsil olunduğu bu silsilədə hər prezidentin öz üslubu, öz dəsti-xətti olub. Mahmud Kərimovun Akademiyanı idarəetmə prinsipi də tamamilə fərqli idi. O, bu işdə daha çox öz daxilindən gələn mənəvi başlanğıca əsaslanır, qəbul etdiyi qərarlar da daha çox bu prinsiplə şərtlənirdi. Mürəkkəb problemlərin obyektiv həllində, münaqişələrin aradan qaldırılmasında, sağlam və işgüzar mühit yaradılmasında onun bu mənəvi prinsiplərinin əvəzsiz rolu vardır.
Elmlər Akademiyasına mənəvi prinsiplər əsasında rəhbərlik etmək o qədər də asan iş deyil. Burada mənəvi və intellektual inkişaf şkalasının bütün səviyyələrini təmsil edən, ən müxtəlif maraq və ambisiyaların daşıyıcısı olan ziyalılar, gülüş doğuracaq qədər qəribəlikləri ilə fərqlənən titulsuz və dərəcəsiz dərin düşüncə sahibləri, bütün zahiri göstəriciləri ilə “şıx ziyalı” imicinin tələblərinə cavab verən və elmə heç bir aidiyyatı olmayanlar... var. Təbii ki, onların içərisində Mahmud Kərimovun aşkar və ya gizli kifayət qədər opponentləri də yox deyildi, bədxahları da... Elmi mühit bunsuz olmaz ki... Mahmud müəllimin şəxsiyyətində elə bir birləşdirici ruh vardı ki, çox asanlıqla, hətta bəzən xüsusi bir enerji sərf etmədən inteqrativ sosial sahə yaratmağa, fərqli rasional fikir və mülahizələri də, antirasional maraq və ambisiyaları da nizama, harmoniyaya tabe etdirərək, son nəticədə Xeyirə yönəltməyi bacarırdı. Qəribədir ki, bir-birini heç cür anlamayan bu adamların hamısı Mahmud müəllimin dilini yaxşı başa düşürdülər.
Bu mənada Mahmud müəllimin fəaliyyəti bir çox hallarda prezidentin Akademiyaya başçılığından daha çox, ruhaninin məbədə rəhbərliyini assosiasiya edirdi. O, özündə işıq daşıyırmış kimi, kin və qəzəb hissindən tamamilə uzaq idi.
Fikrimcə, onun üçün ən böyük günah insan azadlığına qəsd idi. Bu qəsd istər ictimai-siyasi, istər işgüzar münasibətlər, istərsə də ailə-məişət səviyyəsində olsun – fərq etməzdi. Onun iş otağında olanlara yaxşı məlumdur: xadimə, çilingər, fəhlə belə bu otağa daxil olarkən o, oturduğu kreslodan ayağa qalxır, hər kəsi ayaq üstə salamlayırdı. Bu jest etikadan daha çox, İnsana və onda ifadə olunan Mənaya ehtiramın təzahürü idi...
O, sabit
daxili ruhi-mənəvi harmoniyaya malik idi. Ən mürəkkəb
situasiyalarda, şəxsən öz mənafeyi əleyhinə
yönələn vəziyyətlərin yarandığı məqamlarda
belə bu daxili ruhi-mənəvi
harmoniya pozulmurdu. Dimitri
Lixaçov deyirdi ki, sən nə qədər öz şəxsi
mənafeyindən güzəştə gedə bilirsənsə,
bir o qədər ziyalısan. Mahmud müəllimin şəxsində
nəinki şəxsi mənafedən güzəştin sərhədini,
heç şəxsi mənafeyin özünü belə
təsəvvür etmək olmurdu. Akademiyaya on ildən
artıq rəhbərliyi dövründə Mahmud müəllimin öz
marağını açıq şəkildə ortaya
qoymasının, yaxud pərdələnmiş şəkildə
təqdim etməsinin heç kəs şahidi olmadı. Qəribəsi
də o idi ki, davranış tipologiyası ilə müsəlman
mistisizmini assossiyasiya edən bu dərvişanəlik onun şəxsində
qətiyyən Şərq əxlaq komponenti deyildi. Mahmud müəllim
Şərqi pis bilirdi...
Mənəvi
universiumu Şərq və Qərb mədəniyyətlərinin
sintezi məqamlarında
formalaşan Azərbaycanda
ziyalıların dünyagörüşünə, əxlaq
və davranışına bu
oriyentirlərdən yanaşma ayrıca bir söhbətin
mövzusudur. Son dövrlər
Azərbaycan ziyalılığını bu cinahlar aspektindən
dəyərləndirmə tendensiyaları hiss olunur. Bu təsnifata
görə, Azərbaycan ziyalısı iki fərqli qrupa
bölünür: rus mədəni mühitində
formalaşmış, ümumbəşəri universalilər
kimi təqdim olunan Qərb dəyərlərinə
malik, mədəni, geniş dünyagörüşlü,
lakin milli tarixə, milli mədəniyyətə və mənəviyyata,
islami dəyərlərə nisbətən yad ziyalı; bir də
milli zəmində formalaşmış, milli mədəniyyətimizin
ümumtürk və ümumşərq kontekstlərinə
bağlı, Azərbaycan mədəni mühitinin yetişdirməsi
olan ziyalı. Mahmud Kərimovu bunlardan daha çox birincilərə
aid edirdilər. Həqiqətən də, o, bütün
parametrləri ilə rus mədəni-intellektual mühiti
kontekstində formalaşmış ziyalı idi. Lakin buna
baxmayaraq, Akademiyanın prezidenti olduğu müddətdə o
bütün varlığı ilə Azərbaycanın tarixinə,
mədəniyyətinə və mənəviyyatına
doğru təbii bir yol gəldi. Artıq bizim
tanıdığımız Mahmud Kərimovun təsəvvüründə
Azərbaycanın keçib gəldiyi tarixi təkamül yolu,
milli dəyərlər, milli mədəniyyət obrazları
tamamilə canlı idi. İxtisasca fizik olmasına baxmayaraq, Azərbaycanın
və azərbaycanlıların haradan gəlib hara getdiyi barədə
onun nəinki ümumi təsəvvürü, konseptual-elmi
baxış sistemi vardı. Bir ziyalı fenomeni olaraq Mahmud Kərimov
bütün varlığı ilə Azərbaycan hadisəsi
idi. O, ziyalılığın elə bir zirvəsinə
qalxmışdı ki, milli universumun özü kimi Şərqi
və Qərbi, paytaxt Bakını və ucqar əyaləti də
şəxsiyyətində harmonik olaraq birləşdirirdi.
Bir dəfə
söhbətlərinin birində zarafatla dedi ki, regional
baxımdan mənim bəxtim gətirib. Atam Naxçıvanda
doğulub, naxçıvanlılar deyir ki, Mahmud
naxçıvanlıdır. Özüm İrəvanda
doğulub bir yaşıma qədər orada
yaşamışam, tərcümeyi-hal sənədlərimdən
İrəvan qırmızı xətlə keçir. Buna
görə də ermənistanlılar deyir, yox, Mahmud ermənistanlıdır.
Uşaqlıq illərindən Bakının rusdilli mühitində
böyüyüb boya-başa çatmış, burada təhsil
almışam. Buna görə də bakılılıar da
deyir, yox, Mahmud “şəhər uşağı”dır.
Bunları danışıb xeyli gülmüşdük. Əslində
bu zarafatda bir həqiqət gizlənirdi. Onun həm “Vətənin
qıraqda qalan yeri” olan tarixi Azərbaycan
torpaqları və qədim Naxçıvanla, həm də sovet dövrü,
xüsusən 60-70-ci illərdə ciddi bir intibah mədəniyyəti
mərhələsindən keçmiş Bakı mühiti ilə
bağlılığı şəxsiyyətinin əsas
cizgilərinin müəyyənləşməsində rol
oynamışdı. Atası Kərim Kərimov Azərbaycan
milli mədəniyyəti ilə professional-elmi səviyyədə
bağlı bir adam kimi ailə kontekstində özünün
doğulub boya-başa çatdığı Naxçıvan
mühitinə xas milli dəyərləri ona
ötürmüşdü. 60-70-ci illərin Bakı mədəni
mühiti isə onun şəxsiyyətini Vaqif Mustafazadənin
muğam-caz sintezində olduğu qədər universal və
cazibədar etmişdi. Həqiqi mənada həmin illərdə
təbii kulturoloji proseslərin nəticəsi olaraq arxetip
inkişaf təmayüllərinə (Şirvan mədəniyyətinin
tarixən kulturoloji sintezə meyilliliyi) əsaslanaraq,
Bakıda Şərqlə Qərbin yeni kulturoloji əsasda
sintezi gedirdi. Həmin illərdə Mahmud müəllim bu
sintez proseslərinin lap mərkəzində, cazla
muğamın qovuşduğu məqamın içində idi.
O sintez Azərbaycana indi də milli mədəniyyətimizin
simasını müəyyənləşdirməkdə davam
edən yeni bir ziyalı elitası bəxş etdi. Mahmud Kərimov
bu elitanın ən parlaq nümayəndələrindən biri
idi...
O, Azərbaycan
ziyalılarının – ən
yaxşı nümayəndələrinin belə! –
itirdiyi dəyərləri: fərdi vicdan, şəxsi məsuliyyət,
daxili azadlıq, həqiqətpərəstlik, səmimi
dövlətçilik və ədalət hissini özündə
qoruyub saxlaya bilmişdi. Məhz bunun nəticəsi idi ki, o, əsl
ziyalı kimi heysiyyət və ləyaqət
bütövlüyünü ən mürəkkəb
situasiyalarda da qoruyub saxlaya bilirdi. Xidmətkeş, təşəbbüskarlıqdan
və sərbəst mühakimə qabiliyyətindən məhrum
bəzi Azərbaycan ziyalılarının kütləvi
tipinin boz-bulanıq axınında Mahmud müəllimin daxili
azadlığı, səmimi və sadəlövh həqiqətpərəstliyi,
bayağı səslənsə də, böyük mənəvi-tərbiyəvi
əhəmiyyətə malik idi. Eynşteyn deyirdi ki,
insanları öyrətməyin yeganə ağıllı
üsulu onlara nümunə göstərməkdir. Bəşəriyyətin
sosial tərəqqisində sivilizasiyaları epoxadan epoxaya inkişaf etdirən
peyğəmbərlik institutları (mənəvi-ruhani dəyərlərin
şəxsiyyətdən cəmiyyətə
ötürülməsi mexanizmləri) Eynşteynin dediyi bu
modelə əsaslanmışdır. Mahmud müəllimin şəxsiyyətində belə
bir ilahi örnək missiyası son dərəcə qabarıq
idi. O da fəaliyyəti ilə daha çox insanlıq, sadəlik,
mədəniyyət, ədalət nümunəsi göstərirdi.
Mahmud Kərimov
o dərəcədə sadə idi ki, bu utancaq ziyalının
yalnız elmi miqyasda deyil, müasir Azərbaycanın ictimai-mədəni
mühitində, hətta beynəlxalq elmi səviyyədə əvəzolunmaz
xüsusi əhəmiyyətə nəyin hesabına nail
olduğunu rasional olaraq müəyyənləşdirməyə
çətinlik çəkirdin... Məncə, cəmiyyətin
mənəvi balansının qorunması, mənəvi prinsiplər
əsasında davranış modellərinin kütləvi
olaraq normativləşdirilməsi üçün belə
şəxsiyyətlərin sadəliyindəki mükəmməllik və mürəkkəbliyin
professional elmi tədqiqatın predmetinə çevrilməsi
ümumi işin xeyrinə olardı.
“Sadəlik”
özü də bir prestij və brenddir. Bu mənada hər
yaxşı şeyə nəyin bahasına olur-olsun sahiblənməyə
vərdiş etmiş, hər cür markaya aludə olan bəzi vəzifəli ziyalılar bu brendə
də biganə qala bilmirlər. Sadəliyi qamarlamağın isə rolunu
oynamaqdan başqa yolu yoxdur. Buna görə də bizim
ziyalı mühitimizdə səmimi eqoistdən daha eybəcər
görünən “saxta səmimilər” də kifayət qədərdir.
Mahmud müəllimin səmimi sadəliyi və sadə səmimiyyəti
saxta sadəliyin və saxta səmimiyyətin əyarını
müəyyənləşdirmə etalonu funksiyasını da
yerinə yetirirdi. Uzun illər ərzindəki
Akademiyaya prezidentliyi onun bu sadəliyinə zərrə qədər
də olsun xələl gətirə bilmədi. O, əsl
ziyalı kimi, yeni dövrün dəbdəbələr
epoxasının eyforiyasına qapılmadı. Əlində nəhəng
bir yazı-pozu təsisatı olmasına baxmayaraq, özü
haqqında nəinki təbliğat kampaniyasının
aparılmasına, heç adi bir tərifin söylənilməsinə
də razı olmadı. Bunun da nəticəsində onun şəxsiyyəti
populist təbliğat predmetinə çevrilərək
bayağılaşmaqdan, işığını itirməkdən qurtula bilirdi.
Mahmud Kərimov
ixtisasca fizik idi. O, 1979-cu ildə fizika-riyaziyyat elmləri
üzrə namizədlik, 1989-cu ildə doktorluq
dissertasiyalarını müdafiə etmiş, 2000-ci ildə isə
professor elmi adını almışdır. 2001-ci ildə
akademik və Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti seçilənədək ciddi elmi fəaliyyətlə
məşğul olmuş, zəngin elmi nailiyyətləri ilə
radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə
zənginləşməsində mühüm rol
oynamışdır. Geniş oxucu kütləsi
üçün o qədər də anlaşıqlı
olmayan dielektriklər fizikası,
yaddaş elementləri,
informasiyanın ötürülməsi və
çevrilməsi sistemlər və s. bu kimi dünya elmində
prioritet hesab olunan məsələlər onun tədqiqat sahəsinə
daxil idi. Vəfat etdiyi gün şəxsi işləri ilə
tanış olarkən həmişə təvazökar
olmuş bu adamın necə bir ciddi elmi
yaradıcılığa malik olduğunun bir daha şahidi
oldum: əsasən prezidentliyindən əvvəlki dövrləri
əhatə edən, əksəriyyəti Rusiyanın və
Avropa ölkələrinin nüfuzlu elmi dərgilərində
müxtəlif xarici dillərdə nəşr olunmuş
yüzlərlə elmi əsər... Biz humanitar sahə mütəxəssisləri
bu elm sahəsi üzrə təfərrüatlara vara bilməkdən
uzağıq. Amma onunla ünsiyyətdə mənəvi məsumluğun
miqyassızlığı kimi, idraki dərinliyin dibsizliyini də
müşahidə edə bilirdik. Mahmud muəllimin
düşüncə tərzinə ilk baxışdan sezilməyən,
lakin sonradan tədricən müəyyənləşən dərinlik
və genişlik xas idi. Gərgin iş rejiminə baxmayaraq,
ən xırda fürsəti belə kitab oxumağa sərf edən
Mahmud müəllimin dünya elminin ən müasir inkişaf
tendensiyaları ilə bağlı zəngin informasiyası, həmin
informasiyaları aydın şəkildə sistemləşdirən
səlis məntiqi vardı. İstənilən elmi məsələdə
(bu, ictimai-humanitar elm sahələrini də əhatə edə
bilərdi) birbaşa mahiyyətə varmaq qabiliyyəti
vardı. Məntiqi səlist və anlaşıqlı idi.
Müsahibələrinin
birində son dərəcə sadə və
anlaşıqlı bir şəkildə bildirirdi ki, mən də razıyam ki, hər
şeydən əvvəl söz olub (müqəddəs
kitablarda yazıldığı kimi), amma bilik, həm də bu
“bilik” sözü elə məntiqin özü olub. Onun qənaətinə
görə, bu məntiq özünün ən ideal ifadəsini riyazi dildə tapır.
Məncə,
onun idraki gücü heç nəyi, ən əsası isə
öz şəxsi elmi qənaətini belə mütləqləşdirib onun əsirinə
çevrilməməsində idi. Onun obyektiv xarakterli subyektiv
elmi qənaətləri belə, alimlərin əksəriyyətində
müşahidə etdiyimizdən fərqli olaraq, idraki üfüqlərin
sonsuzluğuna boylanmaqda ona mane ola bilmirdi.
“Bircə
onu bilirəm ki, heç nəyi bilmirəm” – deyən Sokratdan
üzü bəri biliyə münasibətdə bir müdrik
yanaşma zaman-zaman ən müxtəlif fikir nəhəngləri
tərəfindən təkrar-təkrar interpretasiya olunub. Azərbaycan
elmi-ictimai təfəkkürü-nün XX əsrdə
yetişdirdiyi mütəfəkkirlərdən olan Yaşar
Qarayev də bu məlum həqiqəti özünəməxsus
şəkildə ifadədən özünü saxlaya bilməyib:
“Kainatın işıq-qaranlıq arifmetikasında “məlum”
adi nisbətlə dəyişəndə “naməlum” həndəsi
nisbətlə dəyişir. Nurun, işığın hər
zərrəsi bir dəfə artanda, ondan görünən
qaranlığın (məchulluğun) sahəsi, həcmi
yüz dəfə böyüyür. Təkcə o, – heç
nəyi bilməyən qafil (!) hər şeyi bildiyini zənn
edir və bilmir ki, nəyi isə öyrənəndə
(yalnız onda!) sən nəyi bilmədiyini də dərk edirsən...”
Bu mənada Mahmud müəllim Elmin bəşəriyyətin
min illər ərzindəki praktiki və nəzəri təcrübəsini
akkumulyasiya edən, bir insan ömründə zərrəsinə
belə sahib olmağın qeyri-mümkün olduğu intəhasız
bir yaddaş bankı olduğunu çoxdan
anlamışdı.
Azərbaycan
elmi üslubunun ifadə imkanlarının genişləndirilməsi
zərurətindən tez-tez söhbət açırdı.
Hesab edirdi ki, Azərbaycan dilinin təfəkkür
standartları ilə düşünərək müasir dünya elminin ən son
nailiyyətləri səviyyəsində biliklər yaratmaq
üçün mütəxəssislər hələ
çox iş görməlidirlər.
O da
bütün dahi şəxsiyyətlər kimi hətta
ziyalılar, alimlər tərəfindən
anlaşılmırdı, onun təvazökarlığı,
mədəniyyəti, hər kəsə fəaliyyət
üçün meydan yaratması bəzən iradəsizlik
kimi dəyərləndirilirdi. Mən dəfələrlə
şahidi olmuşam ki, onun haqqında danışanlar əllərini
yumruq kimi sıxıb stolun üstünə vuraraq, “bax, Mahmud müəllimdə bu
çatışmır” deyərdilər. Görkəmli
tarixçi alimimiz Yaqub Mahmudov ətrafdakılarla
onun arasında dərin uçurum olduğunu nəzərdə
tutaraq, onu “XXIII əsrin adamı” adlandırırdı.
Belə
bir ifadə var: “Əgər
peşəkara kömək etmək istəyirsənsə, ona
mane olma!”. Mahmud müəllimin idarəçiliyində bu
prinsip qabarıq hiss olunurdu. Fəaliyyətə inzibati
baxımdan mane olmamaq... Bu tipli idarəçilik bir çox
hallarda özünü doğruldurdu. Tez-tez deyirdi ki,
Akademiyanın idarəçiliyində mənim rolum həddindən
artıq azdır. Mən sadəcə sənədlərə
dərkənar yazmaqla işimi bitmiş hesab edirəm. Əsas
icraçılar mənim komandamdır. Hər bir sahə
üzrə komanda üzvlərinə etimad göstərirdi.
Çünki ümumiyyətlə, İnsana inanırdı.
Səmimi bir dövlətçilik sevgisinə malik Mahmud Kərimovun rəhbərliyi dövründə Akademiya ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi və mədəni-mənəvi proseslərə daha yaxından qoşularaq işlək mexanizmə çevrildi. Məhz onun akademik idarəetməsi nəticəsində on minlik bir yaradıcı kollektiv vahid bir məcraya yönəldildi. Nə qədər formal səslənsə də, məhz Mahmud Kərimovun prezidentliyi dövründə Azərbaycan elminin beynəlxalq əlaqələri görünməmiş miqyasda genişləndi, infrastrukturu təkmilləşdi, maddi-texniki bazası xeyli dərəcədə yeniləşdi, kadr potensialı gücləndi, alimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra əməli addımlar atıldı.
Onun rəhbərliyi ilə Azərbaycan elminin 2009-2015-ci illəri əhatə edən Milli İnkişaf Strategiyası qəbul olundu və ... bu sənədin əhəmiyyətlərindən biri də Azərbaycan elminin və elmşünaslığının müasir ritorika sistemini yarada bilməsi oldu. Burada yalnız inkişafın istiqamətləri yox, həmçinin anlayışların oriyentirləri də müəyyənləşdi. Qədim müdrik kəlamda deyildiyi kimi, əvvəl sözlər azadlığını itirir, sonra insanlar...Ona görə də əvvəl sözləri azad etmək lazımdır, sonra insanları...
Alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması zərurətindən Mahmud müəllimdən daha kəskin heç kim danışmırdı. “Azərbaycan” qəzetində nəşr olunan “Humanitar və ictimai elmlər: reallıqlar və perspektivlər” məqaləsində aşağıdakı sətirlər olduğu kimi ilə getmişdi: “Biz ilk növbədə Azərbaycan alimini sosial çətinlikdən daha tez necə çıxarmaq problemini həll etməliyik. Həm də bu məsələni sosial-iqtisadi problem olaraq yox, əxlaq problemi, milli təhlükəsizlik problemi, ölkənin milli maraqlarının qorunması problemi olaraq həll etməliyik! Çünki söhbət əhalinin o qədər də çox olmayan bir qisminin aşağı həyat səviyyəsində yaşamasından getmir, söhbət milli sərvətə dəyən zərərdən, ölkənin intellektual potensialının dağılması və nəticədə milli mənliyi təşkil edən etnik-mənəvi nüvənin zədələnməsi təhlükəsindən gedir!”
Həqiqətən də, onun Elmlər Akademiyasına prezidentliyi dövründə alimlərin sosial müdafiəsinin təmin olunması istiqamətində hiss olunacaq dinamika yarandı. Ömrünün ən son günlərində imza atdığı ən son sənədlərin əksəriyyəti Akademiya əməkdaşlarına mənzil tikintisi ilə bağlı idi. Ümumiyyətlə, bu imza həmişə xeyirə xidmət etdi...
O, sonda bizə həyatı kimi ölümün də sadə bir nümunəsini göstərdi. Sən demə, ölüm formulu da, yaşam formulu kimi bu qədər sadə imiş... Sən demə, cümə günü iş masasının arxasında yarımçıq qalmış sənədlərə baxaraq, “bazar ertəsi davam edərik” deyib, istirahət günü əbədi yolçuluğa çıxmaq olarmış... Bu qədər sadə. Nə illərlə çəkən uzun xəstəlik, nə şikayət, nə inilti, nə sızıltı. Sən demə, ömrü də başa çatmış iş həftəsi kimi dostlarla, həmkarlarla mehribancasına sağollaşıb, “sağlıq olsun, görüşərik” deyərək başa vurmaq olarmış...
Sağlıq olsun, görüşərik, Mahmud müəllim...
Sərxan Xavəri
525-ci qəzet.-
2013.- 14 mart.- S.4.