Ailənin, evlilik
institutunun dindəki mövqeyi
(davamı)
NİKAH
ANLAYIŞINA DİNİ RAKURSDAN BAXIŞIN DOĞURDUĞU
DÜŞÜNCƏLƏR
Nikahda məqsəd.
İslama
görə, nikah üç labüd məqsədə xidmət
edir: cinsi instinktin doyuzdurulması; dünyaya övlad gətirməklə
insan nəslinin yenidən istehsalı və davamının təmin
edilməsi; sevgi və məhəbbət atmosferinin
yaradılması, insana arxayınlıq və can
rahatlığı gətirilməsi.
1.
İnstinktin doyuzdurulması insanın təbii şəhvət
və ehtiyaclarının, cinsi əlaqə meylinin təmin
edilməsinin zəruriliyi ilə bağlıdır.
Quranda
deyilir: “O kəslər ki, ayıb yerlərini zövcələri
və cariyələri istisna olmaqla (zinadan) qoruyub saxlayarlar,
onlar qınanmazlar” (əl-Mü’minun, 5, 6; əl-Mə’ariç,
29-30). Başqa bir ayədə isə belə buyurulur: “(Ey
mö’minlər!) Qadınlarınız sizin
(övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz
vaxtda tarlanıza gəlin!” (əl-Bəqərə,
223)
Hədis və xəbərlərdə də
nikahıı bu tərəfi ilə bağlı fikirlər
öz əksini tapmışdır. Məsələn, bir rəvayətə
görə, Peyğəmbər demişdir ki: “Kimin evlənməyə
qüdrəti varsa – evlənsin, kimin qüdrəti yoxdursa –
oruc tutsun, çünki onun şəhvəti
sınıqdır”. Həzrət Əli də buyurmuşdur:
“O zaman ki, zövcənizlə əlaqədə oldunuz,
onları tələsdirməyin, çünki onların da
öz tələbatları vardır”.
Əbu Hamid əl-Qəzaliyə görə, insanın
şəhvət və ehtirasları təbii tələbatdan
doğur, çörək yemək və ya su içmək
kimi bir şeydir, onun öz fitrətində vardır və bu
tələbatın ödənilməsi onu şeytandan qoruyur. Şəhvətin
ödənilməsindən alınan ləzzət insana Cənnətdə
vəd edilən ləzzətləri xatırladır, onda Cənnətə
həvəs doğurur, bu isə öz növbəsində onu
Allaha ibadətə təhrik edir. Odur ki, Qəzali insanda
şəhvətin əzəli olaraq yerləşdirilməsində
İlahi hikmətin təzahürünü görür: bir tərəfdən,
insan öz şəhvəti sayəsində nəslinin
ardıcıllığını,
davamlılığını təmin edir, digər tərəfdən
isə onun öz şəhvətini ödəməklə
aldığı ani, naqis ləzzətlər onda əbədilik
kamil ləzzətə, Cənnət ləzzətlərinə
həvəs doğurur. Nikah şəhvətlə
bağlı bəlaları dəf etdiyinə görə dində
hər bir kəs üçün mühümdür,
çünki əgər şəhvət qalib gələrsə
və təqva, Allah qorxusu qüvvəsi ona müqavimət
göstərə bilməzsə, insan pis əməllərə,
günah işlərə qurşanar. Nikah
təbii hisslərin, ehtirasların çoşduğu vaxt
onların tələblərini qanuni yolla ödəməyə
imkan yaradır, qəlbi şeytanın vəsvəsəsindən
qoruyur, fikir və düşüncələr onun sərəncamı
altına düşmür. Burada Qəzali İbn
Abbasın belə bir fikrinə istinad edir ki, ibadət edənin
ibadəti yalnız nikahla tamamlanır, yəni namaz qılan,
oruc tutan adam evli olduqda ibadət
üçün daha sərbəst olur.
Ən məşhur sufilər zahid həyatı sürsələr
də, çox arvad alırdılar ki, başqalarının
arvaddarında gözləri qalmasın, ismət və
abırlarını qoruyub saxlaya bilsinlər. Sufi mütəfəkkiri Əbülqasim
Cüneyd (vəfatı – 298/910) deyirdi ki: “Mən bir parça
çörəyə necə ehtiyac duyuramsa, qadına da eləcə
ehtiyac duyuram”.
İslam
cinsi tələbatın, maddi şəhvani instinktin ödənilməsini
də mənəvi tələbatın ödənilməsi qədər
mühüm hesab edir, çünki burada nəsil
artımı, insan növünün özünün
davamının təmin edilməsi məsələsi var. Əlbəttə,
buna dünyanın bir çox ölkələrində cinsi əlaqələr
sahəsində müşahidə etdiyimiz hər şeyin iznli
sayılması şəraitində də nail olmaq
mümkündür. Lakin islam nikahın
olmasını zəruri hesab etməklə maddi tələbatın
ödənilməsində qayda-qanunun gözlənilməsinə,
ruhi tələbatın da təmin olunmasına
çalışır.
İslam
eyni zamanda cinsi həyatda kişi ilə
qadının rolları arasındakı təbii-bioloji fərqlər,
cinsi həyatın onlardan hər biri üçün kəsb
etdiyi əhəmiyyət məsələsinə də diqqət
yetirir. Qadınla kişinin cinsi
davranışını öyrənən müsəlman alimləri
belə hesab edirlər ki, qadın intim münasibətlərdə
kişiyə nisbətən soyuqdur”. Dolğun
cinsi əlaqəyə gec hazır olur. Bəlkə də
elə bu amilin təsiri altında islam
intim münasibətlərdə təşəbbüsü
kişinin ixtiyarına verir. Elə bu səbəbdən bəzi
mənbələrdə qadına tövsiyə olunur ki,
geyinib-bəzənsin, özünü ərinə təklif etsin,
onun tələbatını ödəsin, ona zövq versin,
halbuki kişiyə belə tövsiyələr verilmir.
Əlbəttə,
bu heç də o demək deyildir ki, islam
qadına yalnız uşaqdoğma aləti kimi baxmış,
onun cinsi həyatdan zövq almaq haqqını
tapdalamışdır. İslam bu məsələdə
kişiyə nə qədər sərbəstlik versə də,
ən azı hər dörd gündən bir arvadı ilə
yatmağı, hər dörd aydan bir arvadı ilə cinsi
yaxınlıq etməyi ona vacib, onun hisslərini coşdurmaq
üçün onunla deyib-gülməyi, oynamağı ona
müstəhəbb buyurmuşdur. Bundan əlavə,
Peyğəmbərin bəzi hədislərində qadına
yaxınlıq cihad səviyyəsinə qaldırılır,
göstərilir ki, öz qadını ilə halal cinsi əlaqədə
olan kişinin günahları ağac yarpağı kimi
tökülər və cənabət qüslü edən
kişi günahlardan təmizlənər .
2.
Uşaqdoğma və nəsilartırma. İslama
görə, Allah insan nəslini nikahsız-izdivacsız da
artıra bilərdi, lakin, Hikməti-İlahi doğum barəsində
səbəb-nəticə əlaqələrinin nikah yolu ilə
tərtibini daha münasib bilmişdir ki, bu Allahın əzəmətinə,
Onun istədiyini yaratmaq qüdrətinə dəlil olsun.
Quranın
bir sıra ayələri nikahın bu məqsədinə
birbaşa işarə kimi izah edilir: “Ey insanlar! Sizi
bir nəfsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini
(Həvvanı) yaradan və onlardan da bir çox kişi və
qadınlar törədən Rəbbinizdən qorxun!” (ən-Nisa); “(Ya Mühəmməd!) Biz səndən
əvvəl də peyğəmbərlər göndərdik,
onlara zövcələr, övladlar verdik” (ər-Rə’d, 38);
“Allah sizin üçün özünüzdən (Adəm və
Həvvadan, yaxud öz cinsinizdən) zövcələr
yaratdı, zövcələrinizdən də sizin
üçün oğullar və nəvələr əmələ
gətirdi” (ən-Nəhl, 72); Onların hər ikisi Allaha dua
edib dedilər: “Əgər bizə saleh (sağlam,
ağıllı, hər şeyi yerli-yerində) bir uşaq
versən, (Sənə) şükr edənlərdən
olarıq!” “əl-Ə’raf 189); “Ya Rəbbimiz!
Bizə zövcələrimizdən və
uşaqlarımızdan (Sənə itaət etməklə bizi
sevindirib) gözümüzün işığı olacaq
övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər)
et!” (əl-Furqan, 74)
İnsanın evlənməklə uşaq əmələ
gətirməsi və nəslini artırmasında müsəlman
alimləri Allaha bir neçə cəhətdən
yaxınlıq görürlər. Əbu hamid əl-Qəzalinin fikrincə,
insan öz nəslini qoruyub saxlamaq və davam etdirmək
üçün dünyaya övlad gətirməklə hər
şeydən əvvəl Allaha sevgisini nümayiş etdirir,
çünki, əgər Allah Öz bəndəsinə nəsil
yetişdirmək üçün bütün zəruri vasitələri
vermiş və hər cür şərait
yaratmışdırsa, insanın bunlardan istifadə etməməsi
tənbəllik və Allahın insana bəxş etdiyi fitrətə-yaradılışdan
ona verilmiş təbiətə qarşı cinayət
olardı. İnsan evlənməkdən imtina etməklə
Adəmdən bəri nəsilbənəsil onun özünə
qədər davam edən mövcudluqu kəsmiş olur, sonsuz
ölür, özündən sonra övlad qoyub getmir, nəsil
zənciri onda qırılır. Əlbəttə,
hər evlənən deyə bilməz ki, hökmən onun
uşağı olacaqdır. Lakin o, evlənməklə
öhdəsinə düşən borcu yerinə yetirir,
qalanı isə onun iradəsi xariçindədir, onun
seçkisindən asılı deyildir. İnsan evlənib
oğul-uşaq sahibi olmaqla Allahın Rəsulunun göstərişlərinə
əməl etmiş və bununla da onun sevgisini və
rizasını qazanmış olur, çünki, Peyğəmbər
buyurmuşdur: “Evlənin ki, doğub-törəyəsiniz!” “Qadınlarınızın ən yaxşısı
çox doğanı və ərini çox sevənidir”.
Peyğəmbərin bu hədislərinin daxili məzmununa diqqət
yetirən Əbu Hamid əl-Qəzali nikahda uşaqəmələgətirmə
və nəsilartırma məqsədini şəhvani instinkti,
cinsi tələbatı təmin etmək məqsədindən
üstün hesab edir, onu ön plana çəkir və islamda
nikahın bu məqsədinə daha böyük əhəmiyyət
verir, çünki, hədisdə qadının
uşaqdoğma xüsusiyyəti onun gözəllik xüsusiyyətlərindən
üstün tutulur. Əgər nikahda şəhvəti
doyuzdurmaq möqsədi üstünlük təşkil etsəydi,
onda gözəl qadın həm gözün qurdunu
öldürmək üçün, həm də şəhvəti
doyuzdurmaq üçün daha münasib sayılmalı idi.
İnsan evlənmək və oğul-uşaq
sahibi olmaqla özündən sonra onun üçün dua edəcək
övlad qoyub gedir. Peyğəmbərin bir
hədisinə görə, insan öləndən sonra onun əməlləri
kəsilir, yalnız üç halda o, öləndən sonra
da savab qazanır və bu hallardan biri əməlisaleh
oğulun atası üçün dua etməsi sayılır.
Övlad valideynindən qabaq ölsə belə,
yenə də valideyni üçün şəfaətçi
olar. Peyğəmbərin bir hədisinə görə:
“Uşaq ata-anasını Cənnətə çəkər”.
Uşağa deyilər ki, Cənnətə girsin, amma o girməz,
Cənnətin qapısında durub ağlar, səs-küy
salar, ata-anasının yanında olmayacağı təqdirdə
Cənnətə girməyəcəyini bildirər və nəhayət,
uşağın xatirinə ata-anasına da haqq-hesaba çəkilmədən
Cənnətə girməyə izn verilər. Digər
tərəfdən, Peyğəmbərin bir sıra hədislərində
kişinin tənasül vəzilərində hasil olan toxum sədəqə
kimi dəyərləndirilir və göstərilir ki, onun halal
yerdə yerləşdirilməsi savab gətirir. Bununla əlaqədar
olaraq səhabələrdən biri ondan soruşdu ki: “Ya Rəsulullah!
Bizlərdən biri şəhvətini ödəyəcək
və buna görə ona savab yetişəcək?”
Peyğəmbər cavab verdi ki: “Bəs necə
fikirləşirsiniz, əgər o onu haram yerdə yerləşdirsəydi,
ona günah olmayacaqdımı?” Dedilər: “Bəli”. O buyurdu:
“Eləcə də onu halal yerdə yerləşdirirsə,
bunun üçün ona əcr düşür. Bəs niyə siz harama qəsd edirsiniz, halaldan isə
istifadə etməyə çalışmırsınız?!”
Bu belə izah olunur ki, mömin insan qadına
yaxınlıq edəndə Allahın haram buyurduğu şeylərdən
uzaq olmaqa, şəhvətini yalnız halal yolla və iznlilik
hüdudlarında ödəməyə
çalışır. Şiə mənbələrində
də eyni məzmunlu bir hədis göstərilir: “Əyala
yaxınlıq etmək sədəqədir”. Bu hədis
də yuxarıdakı hədis kimi ərlə-arvadın cinsi əlaqə
vaxtı haram sayılan texniki üsul və vasitələrdən
istifadə etmələrinə, yaxud masturbasiya – əl
zinakarlığı, ayrı-ayrı homoseksual əlaqələrin
haramlığına dəlil hesab edilir. Sədəqə
kimi qiymətləndirilən bir şey yalnız halal yerdə
yerləşdirilməlidir. Bundan əlavə, mömin
insanın rahiblikdən, şəhvətini öldürmək
üçün canına əziyyət verməkdən
çəkinməsi islamda Allaha xoş kedən iş kimi təqdir
edilir.
3. Sevgi və
mərhəmət atmosferinin yaradılması, insana
arxayınlıq və can rahatlığı gətirilməsi.
Quranın “Sizi bir nəfsdən (Adəmdən) xəlq edən
və onunla ünsiyyət etmək (sakitlik tapmaq, rahatlanmaq)
üçün özündən (qabırğasından)
zövcəsini (Həvvanı) yaradan O Allahdır” (əl-Ə’raf,
189); “Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə
halal edildi: onlar sizin üçün libas, siz də onlar
üçün libassınız” (əl-Bəqərə,
187) və bir sıra digər ayələrində nikah insana
rahatlıq gətirən, sevgi-məhəbbət və mərhəmət
atmosferi yaradan bir şey kimi izah edilir. Həqiqətən,
insanın nəfsi, ruhu, daxili aləmi dünya həyatının
təlaşından, vurnuxmasından yorulur, yorğunluq insanı
mənən üzür, əldən salır. Belədə insanın müvazinəti pozulur, o əsəbiləşir,
şıltaqlıq və dikbaşlıq edir, haqdan, ədalətdən
üz döndərir. Lakin müəyyən
vaxtlarda əylənmək, sevdiyi bir şeydən ləzzət
almaq onun ruhunu təzələyir, əsəblərini sakitləşdirir,
ona arxayınlıq, rahatlıq və mənəvi qüvvət
gətirir. Qadınla halal yaxınlıqda
da təlaşı aparan, yorğunluğu dağıdan, qəlbə
rahatlıq gətirən bir ünsiyyət vardır. Əli
bin Əbu Talib də buyurmuşdur: “Qəlblərə bir
saatlıq rahatlıq verin, çünki qəlbə zor
edildikdə, o kor olar”. Bir sıra hədis və xəbərlərdə
göstərilir ki, mömin insanın günü üç
hissədən ibarət olar: birində o, axirət
dünyası haqqında düşünər, Rəbbi ilə
gizli söhbət edər; birində dünya həyatı
üçün çalışar, dolanacağını kəsb
edər; birində isə yemək-içmək, məhrəm
olmayan şeylərdən ləzzət almaq üçün xəlvətə
çəkilər və bu sonuncu hissə o biri hissələrə
köməkçi və yardımçı olar. Bəzi hədislərdə
kişiyə tövsiyə edilir ki, arvadına hörmətlə,
sevgi-məhəbbətlə yanaşsın: “Sizlərdən ən
yaxşısı əyalı üçün yaxşı
olanınızdır”; “Zəiflərə münasibətdə
Allahdan qorxun”. Qadına da bəzənib-düzənmək,
ərinin diqqətini özünə cəlb etmək
tövsiyə olunur, çünki belə şeylər ailədə
sevgi və rahatlıq atmosferi yaradır.
Bundan əlavə,
müsəlman alimləri nikahın məqsədlərindən
danışarkən belə bir cəhəti də qeyd edirlər
ki, evlənməklə kişi bir sıra mənzil işlərindən
– xörək bişirməkdən, ev süpürməkdən,
qab yumaqdan azad olur, elmlə məşğul olmaq və işləmək
üçün sərbəstlik əldə edir və beləliklə,
onun axirət həyatı üçün tədarük
görmək imkanı daha çox olur. Mühəmməd bin
Kə’b əl-Qirəzi Quranın “Ya Rəbbimiz, bizə
dünyada da gözəl nemət ver” (əl-Bəqərə,
201) ayəsini “bizə əməlisaleh qadın qismət et” mənasında
izah edir .
Nikahın bu məqsədlərinin
təhlili əsasında bəzi müsəlman alimləri onu
müsəlman üçün şəriət
baxımından vacib, bəzisi isə müstəhəbb, yəni
arzu edilən, məsləhət görülən, təqdir
edilən bir əməl kimi səciyyələndirir. Məsələn, müasir İran alimi Kazim Hairi belə
hesab edir ki, nikahın vacibliyi ailə həyatını
sırf mexaniki bir şeyə çevirə bilər, halbuki
burada sevgi və məhəbbətin olması zəruridir.
Odur ki, o, belə bir təklif irəli sürür: “Nikahın
vacibliyi prinsipindən imtina etmək və onu Şəriət
Sahibi tərəfindən müstəhəbb, istənilən
bir şey kimi səciyyələndirmək daha düzgün
olardı”. Kazim Hairinin fikrincə, şəriətə əməl
edən dindar insan nikah məsələsində üç
situasiyadan biri ilə rastlaşa bilər: nikahın ona sevinc və
xoşbəxtlik gətirəcəyini yəqin edərək
müstəhəbb bir akt kimi evlənməyə
çalışar; müəyyən çətinliklərin
və maneələrin olduğunu bilib evlənməz, lakin evlənmək
istəyini və nikahın müstəhəbb bir şey
olması barədə qənaətini özündə saxlar;
maneə o qədər güclü olar ki, evlənə bilməz,
amma nikah vacib olduğuna görə evlənmək məçburiyyətində
qalar, halbuki bu situasiyada nikahın vacibliyi prinsipində fayda
yoxdur.
Əlbəttə,
Kazim Hairinin bu fikri ilə razılaşmaq olardı. Lakin
nəzərə alınmalıdır ki, islamda insanın əməlləri
onların caizliyi baxımından beş dərəcəyə
bölünür: vacib (fərz, vacib), tövsiyə olunan, bəyənilən,
təqdir edilən (müstəhəbb, məndub), ümumiyyətlə
icazəli, izn verilən (mubah, caiz), məzəmmətə
layiq, pislənilən (məkruh) və qadağan olunmuş,
haram buyurulmuş (haram). İslamın həcc ibadəti belə
bütün müsəlmanlar üçün yox, yalnız həcc
yoluna gücü çatan kəslər üçün
vacibdir (bax: Ali-İmran, 97). Lakin bu hökm
heç də həccin vacib deyil, müstəhəbb ibadət
kimi səciyyələndirilməsinə haqq vermir,
çünki, bu ibadət Allahın Kitabında “insanların
Allah qarşısında borcu” (Ali-İmran, 97) kimi dəyərləndirilmişdir.
İslamın qurban-kəsmə, zəkat, sədəqə
və sairə barədə hökmləri də bu qəbil
hökmlərdir. Odur ki, nikah da həmin dərəcələnmə
cədvəlinə əsasən fərqləndirilməlidir.
Zənnimizcə, nikaha münasibətdə müsəlmanları
bütün göstərilən beş dərəcə
üzrə aşağıdakı kateqoriyalara bölmək
olar:
1. O kəslər
ki, nikah onlar üçün vacibdir. Müsəlman nikah xərclərini
çəkməyə qadirdir, evlənməyə rəğbəti
var, əmindir ki, evləndiyi qadına münasibətdə ədalətli
ola biləcək və ona zərər
yetirməyəcəkdir, yəqin bilir, yaxud yəqin bilməsə
də, qorxur ki, evlənməsə – pozğunluğa yol verəcək,
qəbahət işlədəcək və özünü
heç bir yolla bundan saxlaya bilməyəcəkdir. Beləsi üçün nikah vacibdir, həm də
özlüyündə vacib yox, haramdan çəkinməyə
vasitə kimi vacibdir. Bir halda ki, haramdan
çəkinmək vacibdir, vacib olana əməl etmək
üçün yekanə vasitə də vacib olur. Beləsi evlənmədiyi təqdirdə günah
işlətmiş olur və cəzaya layiqdir.
2. O kəslər
ki, nikah onlar üçün müstəhəbdir. Müsəlman
nikah xərclərini çəkməyə qadirdir, evlənməyə
rəğbəti var, amma bunda təkid və israr etmir, əmindir
ki, evləndiyi qadına münasibətdə ədalətli ola biləcəkdir
və ona zərər yetirməyəcəkdir, şəhvəti
çoşqun deyildir, arxayındır ki, evlənməsə
pozqunluğa yol verməyəcəkdir. Beləsi
üçün nikah müstəhəbdir, yəni evlənməməkdənsə
evlənmək qabaqdır və əgər evlənərsə,
hamı onu təqdir edər.
3. O kəslər
ki, nikah onlar uçün caizdir. Nikah yetkinlik
yaşına çatmış və qarşılıqlı
razılıq əsasında evlənə biləcək hər
bir müsəlman üçün özlüyündə
caizdir.
4. O kəslər
ki, nikah onlar üçün məkruhdur. Əgər
bir nəfər evlənəcəyi təqdirdə ya ailəsinin
xərclərini çəkə bilməyəcəyinə
görə, ya xasiyyətindəki nöqsanlar və ya cinsi həyat
sürməyə qüdrəti olmaması ucbatından
zülmə yol verəcəyindən qorxarsa, beləsinə
evlənmək nə kimi zülmə yol verə biləcəyindən
asılı olaraq ya qadağan, ya da günaha batmamaq səviyyəsində
məkruhdur.
5. O kəslər
ki, nikah onlara haramdır. Əgər bir nəfər
evlənəcəyi təqdirdə zülmə yol verəcəyini
yəqin bilirsə, nikah ona haramdır.
Ola bilsin ki, o, nikah xərclərini çəkməyə
qadir olmasın, yaxud buna qadir olsun, amma yəqin bilsin ki, xasiyyətinin
pisliyi ucbatından evləndiyi qadına əziyyət verəcək,
yaxud cinsi əlaqəyə girmək iqtidarında deyildir. Bu kateqoriyanı fərqləndirmək
üçün əsas odur ki, islam
zülmü haram buyurmuşdur və zülm etməyə yol
açan hər bir şey zülm barədə hökm əsasında
qiymətləndirilir.
Əlbəttə, qeyd edilməlidir ki, ailə-nikah
münasibətləri heç də həmişə eyni dərəcədə
aydın və konkret olmur. Əgər
ağlı başında olan qadın bilirsə ki, ərə
getdiyi kişinin cinsi əlaqəyə girməyə qüdrəti
yoxdur, yaxud ailənin xərclərini çəkə bilməyəcəkdir
və buna baxmayaraq, ona ərə ketməyə razılıq
verirsə, onların evlənməsi caizdir.
Digər tərəfdən, göstərilən hökmlərdən
bəzisi yalnız kişiyə yox, həm də qadına aid
edilir. Məsələn,
əgər qadın özündə ərə getdiyi təqdirdə
ərinin hüquqlarına tam əməl etməsinə mane
olacaq, yaxud qadın kimi onun üçün şəriətə
görə nəzərdə tutulmuş vəzifəni yerinə
yetirməyə mane olacaq bir qüsur bilirsə, bunu
açıb deməlidir, əks təqdirdə onun evlənməməsi
üzrlüdür və o, evlənməsi məkruh və ya
haram buyurulmuş adamlar kateqoriyasına aid edilə bilər.
Nikahın vaxtı. İslam şəriətinə görə,
yetkinlik mərhələsinə yetişmiş hər bir kəs
həddi-təklifə çatmış olur və islamın
ibadətlərə və gündəlik davranış
normalarına dair əksər hökmləri onun
üçün vacib olur. Məsələn, Quranda buyurulur
ki: “Sizdən olan uşaqlar da həddi-buluğa çatanda
(yanınıza daxil olmaq istədikləri zaman) özlərindən
əvvəlkilər (böyük bacı və
qardaşları) kimi izn istəsinlər” (ən-Nur, 59), yəni
siz gecə yatağınıza girəndə, səhər
yerinizdən duranda, yaxud günorta bir qədər dincəlmək
üçün uzananda çılpaq ola
bilərsiniz, odur ki, yetkinlik yaşına çatmış
uşaqlarınız sizin otağınıza girmək istədikləri
zaman icazə alsınlar.
Həddi-buluğ yaşının konkret olaraq nə vaxt
yetişdiyi barədə müsəlman alimləri arasında
ixtilaf vardır. Məşhur mütəfəkkir, alim və fəqih
İbn Rüşd yazır: “Həddi-büluğ ihtilama
(pollyusiya mərhələsinə) çatmaqla yetişir və
onun vaxtı barədə ixtilaf olmamalıdır:
hüdudları ən çoxu 18 yaş, ən azı 15
yaş arasındadır”. Beləliklə, demək
olar ki, şəriət baxımından, oğlanın ihtilam,
qızın isə heyz yaşına yetişməsi onların
bioloji yetkinliyinə dəlalət edir, bu isə öz növbəsində
onların nikah yaşına yetişdiklərini bildirir.
Peyğəmbərin
bir hədisində deyilir: “Bilin ki, oğlanlar və qızlar
meyvə ağaclarının ləzzətli və ətirli
meyvələri kimidirlər. Onları yetişən
vaxtı yığıb istifadə etmək lazımdır,
yoxsa onlar isti günəşin və soyuq küləklərin
qarşısında davam gətirə bilməz və
torpağa tökülərlər, zaman keçdikcə
çürüyər və istifadəsiz olarlar”.
(Ardı var)
Rafiq ƏLİYEV,
fəlsəfə elmləri doktoru,
professor
525-ci qəzet.-
2013.- 15 mart.- S.6.