AMEA Mərkəzi Elmi Kitabxanası ənənə
və tərəqqinin qovşağında
Azərbaycan
Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər
Planında nəzərdə tutulmuş işlərə bu il
yekun vurulacaq. Bununla da, Azərbaycan kitabxanaları öz
inkişafının növbəti mərhələsinə qədəm
qoyacaqlar.
Arxada qoyduğumuz son 5 ilin təhlili
bir daha sübut edir ki, bilik və təhsil məbədi olan
kitabxanalarımızın durmadan tərəqqi etməsi,
kitabxanalarımıza müraciət edən oxucuların
sayının artması, kitabxana işi sahəsində beynəlxalq
əlaqələrin genişlənməsi bilavasitə Dövlət
Proqramının uğurla həyata keçirilməsinin
göstəricisidir. Bu işdə hər bir
kitabxanamızın özünəməxsus rolu olsa da, prosesin
dinamikasında iri kitabxanalarımız daha fəal iştirak
edirlər. Belə kitabxanalardan biri də Azərbaycan Milli Elmlər
Akademiyasının Mərkəzi Elmi Kitabxanasıdır.
Respublikamızda elmi müəssisə statusu daşıyan
yeganə kitabxana kimi Mərkəzi Elmi Kitabxana ölkədə
ən iri elmi informasiya mənbəyi hesab olunur. Kitabxananın
direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli
kitabxanalarımızın, o cümlədən Mərkəzi
Elmi Kitabxana fəaliyyətində yaranmış yeniliklər,
əldə olunan mütərəqqi texnologiyalar və
innovasiyalar, gələcək elmi planlar barədə fikirlərini
bizimlə bölüşür:
– Aybəniz
xanım, informasiya cəmiyyəti dövründə, rəqəmsal
bərabərsizliyin durmadan azaldığı bir şəraitdə
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanası fəaliyyətini hansı istiqamətdə
qurur?
– Son illərdə Azərbaycan
kitabxanaları, o cümlədən, Mərkəzi Elmi Kitabxana
elmi-tədqiqat fəaliyyətini Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman
və sərəncamlarının, dövlət
proqramlarının, AMEA-nın qərar və sərəncamlarının,
Kitabxananın elmi işlər üzrə planının
icrasına yönəltməklə qurur. 2012-ci ildə biz
elmi-tədqiqat işlərinin planına əsasən 1 elmi
istiqamətin 2 problemi üzrə müəyyən işlər
aparmışıq ki, bunlar da
“Kitabxanaşünaslığın nəzəri və təcrübi
məsələlərinin elmi təşkili” və
“Biblioqrafiyaşünaslıq: elmin biblioqrafik informasiya təminatı”
məsələləridir. Ötən il ərzində 9 elmi-nəzəri,
tətbiqi və elmi-praktiki mövzu üzrə 44 iş
görmüşük. Görülən işlərin əsasında
Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər
Planınından irəli gələn məsələ və
tapşırıqlar durur. Ötən illərdə olduğu
kimi, 2012-ci ildə də kitabxanamız sözügedən Tədbirlər
Planının “Azərbaycanşünaslığı
inkişaf etdirmək məqsədi ilə fondların ölkəşünaslığa
və diyarşünaslığa dair materiallarla zənginləşdirilməsi”
bəndinə müvafiq olaraq Azərbaycanın tarixinə,
iqtisadiyyatına, elminə, mədəniyyətinə, ədəbiyyatına
aid 3682 nüsxə ədəbiyyat əldə edib.
Burada bir
haşiyə çıxaraq qeyd etmək istəyirəm ki,
ümumilikdə, keçən il kitabxanaya 21536 nüsxə ədəbiyyat
daxil olub ki, onlardan da 3934 kitab və jurnal xarici dillərdədir.
2012-ci ildə Rusiya Elmlər Akademiyasının Təbiət
Elmləri üzrə Kitabxanasından müxtəlif elm sahələri
üzrə kitabxanamıza 157 adda 1765 nüsxə elmi jurnal
daxil olub. Bundan başqa, Əməkdar elm xadimi, kimya elmləri
doktoru, professor İsa Rzabəy oğlu Səlimxanovun şəxsi
kitabxanası da ötən il kitabxanamıza hədiyyə
edilib. Alimin kolleksiyasına kimya, incəsənət,
dilçilik, tarix, arxeologiya, texnika və s. elm sahələrinə
aid 200 nüsxə rus, ingilis, alman, fransız dillərində
kitab, lüğət, ensiklopediyalar daxildir.
Dövlət
Proqramından irəli gələn Tədbirlər
Planının “Ölkəşünaslığa (Azərbaycanşünaslığa)
dair Rusiya Dövlət Kitabxanasında, Rusiya Milli
Kitabxanasında, Kazan, Tbilisi şəhər və digər
milli kitabxanalarda saxlanılan ədəbiyyatın (o cümlədən
dövri mətbuatın) müəyyənləşdirilməsi
və onların çatışmayan nüsxələrinin Azərbaycan
Respublikasına gətirilməsi məqsədi ilə layihələrin
həyata keçirilməsi” bəndinə müvafiq olaraq
Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan və digər şəhərlərinin
kitabxanalarında olan, daha doğrusu vaxtilə ölkəmizdən
aparılmış XIX əsrin əvvəllərinə aid, ələlxüsus
da azərbaycanşünaslığa dair kitabların geri
qaytarılması üçün MDB dövlətlərinin
kitabxanalarının fondlarında saxlanılan müvafiq ədəbiyyat
haqqında məlumat əldə olunub, həmin əsərlərin
əslinin, yaxud da surətlərinin ölkəmizə gətirilməsi
üçün sifarişlər verilib. Nəticədə 55
nüsxə ədəbiyyat əldə olunaraq
kitabxanamızın fonduna qaytarılıb.
“Oxuculara
verilən ədəbiyyatın tematik-tipoloji uçotunun təşkili,
fəal və qeyri-fəal istifadə edilən nəşrlərin
müəyyənləşdirilməsi, oxucuların informasiya
tələbatının ödənilməsinə yönəldilmiş
sorğuların keçirilməsi və əldə
edilmiş nəticələr əsasında fondların
komplektləşdirilməsi” bəndinə müvafiq olaraq isə
oxuculara verilən ədəbiyyatın tematik-tipoloji
uçotunun təşkili, fəal və qeyri-fəal istifadə
edilən nəşrlərin müəyyənləşdirilməsi
və oxucuların informasiya tələbatının öyrənilməsi
məqsədilə sorğular keçirilib və alınan nəticələr
əsasında fondlar yenidən komplektləşdirilib.
2012-ci ildə
fəaliyyətimiz daha da genişlənib və Dövlət
Proqramında nəzərdə tutulduğu kimi “Ulu öndər
Heydər Əliyevin unikal dövlət və mədəni
quruculuq təcrübəsinin, intellektual və mənəvi
irsinin respublikanın və dünyanın rəqəmsal irs
fondlarına daxil edilməsi” məsələsi üzrə
Kitabxananın fondları əsasında “Heydər Əliyev və
Azərbaycan dövlətçiliyi” məlumat bazasına Heydər
Əliyev şəxsiyyətinə, diplomatik fəaliyyətinə
həsr olunmuş 130 adda yeni ədəbiyyat və onun
imzaladığı rəsmi sənədlər: qanunlar, fərmanlar,
sərəncamlar daxil edilərək oxucuların istifadəsinə
verilib.
–
Müasir oxucu auditoriyasını kitabxanaların modernləşdirilməsi,
ənənəvi kitabxana xidmətlərinin keyfiyyətcə
yenilənməsi məsələləri daha çox
düşündürür. Yəqin ki, Siz də bu
reallığı, interaktiv tələbi əsaslı hesab
edirsiniz. Bu istiqamətdə fəaliyyətləriniz sizi və
oxucuları qane edirmi?
– Sizinlə tamamilə razıyam. Biz
artıq 10 ildir ki, fəaliyyətimizi məhz müasir
oxucu-kitabxana münasibətlərinin qurulması, oxuculara yeni
texnologiyalara əsaslanan xidmətlərin göstərilməsi
üzərində qururuq. Son dövrlərdə oxucu
kontingentinin xidmətlərimizə, onun keyfiyyət və kəmiyyətinə
olan münasibəti xeyli dəyişib. Təkcə, 2012-ci ildə,
Dövlət Proqramına uyğun olaraq “Kitabxanalarda müasir
informasiya texnologiyalarının tətbiqi, kompyuterləşdirilmiş
kitabxana infrastrukturunun, elektron informasiya resurslarının və
müxtəlif sahələr üzrə elektron
kitabxanaların yaradılmasi” məsələsi üzrə
“İRBİS-64” Avtomatlaşdırılmış
Kitabxana-İnformasiya Sistemi vasitəsi ilə elektron kataloqumuza
13 389 nüsxə ədəbiyyatın biblioqrafik təsviri
daxil edilib, 7 107 nüsxə ədəbiyyat retrokonversiya olunub.
Eləcə də, “Azərbaycanşünaslıq” elektron
informasiya mərkəzinin “Azərbaycançılıq”, “Azərbaycan
tarixi”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi”, “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycan
nefti”, “Azərbaycan elmi”, “Azərbaycan mədəniyyəti”,
“Azərbaycan ədəbiyyatı”, “Azərbaycan dili və
dilçiliyi”, “Azərbaycan arxeologiyası”, “Azərbaycan
ekologiyası”, “Azərbaycan muzeyləri” adlı məlumat
banklarına 10 000-dən artıq yeni sənəd daxil edilib.
Tədbirlər
planının “Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyimiz
əbədidir” çoxcildli kitabının biblioqrafik göstəricisinin
və elektron nəşrinin hazırlanması” bəndinə əsasən
həm ənənəvi, həm də elektron biblioqrafik
göstərici hazırlanmağa başlanıb. 2012-ci ildə
biz, Tədbirlər Planında nəzərdə tutulmuş
“Xüsusi əhəmiyyətli çap sənədlərini,
nadir kitabları, diyarşünaslığa aid nəşrləri
qoruyub saxlamaq və nəsillərdən-nəsillərə
ötürmək məqsədi ilə onların informasiya
daşıyıcılarına köçürülməsi”
bəndinə əsasən fondlardan 1264 nüsxə xüsusi əhəmiyyətli
çap sənədlərini, nadir kitabları,
diyarşünaslığa aid nəşrləri seçərək
nadir nəşrlərin elektron məlumat bazasına daxil
etmişik.
Bütün bunlar Sizin də qeyd
etdiyiniz kimi, oxucularımızın sorğu və tələblərinə
ən yüksək səviyyədə cavab vermək istəyimizdən
irəli gəlir. Yeri gəlmişkən, qeyd etməliyəm
ki, biz vaxtaşırı xidmətlərimizin keyfiyyəti və
uyğunluğu baradə oxucularımız arasında sorğu
keçiririk. Bunu bir növ daxili monitorinq də adlandırmaq
olar. Görünən budur ki, tərəfimizdən
oxucuların tələbləri, sorğuları maksimal
optimallıqla yerinə yetirilir, lazımi ədəbiyyat,
informasiya vaxtında emal edilərək istifadəçiyə
çatdırılır.
–
Müasir texnologiyaların inkişafı, mobil vasitələrin
çoxalması fonunda kitabxanalara gələn oxucuların
sayını qənaətbəxş hesab etmək olarmı?
Ümumiyyətlə, Mərkəzi Elmi Kitabxanada “oxucu
qıtlığı” varmı?
–
Oxucularımızın sayı hər il artır. Ona görə
də, belə bir problemimiz yoxdur. Ötən il, 54000 min
oxucumuzdan 38 708 min nəfəri kitabxanamızın, o cümlədən
metodik rəhbərliyini həyata keçirdiyimiz AMEA Elmi Tədqiqat
İnstitutlarının kitabxanalarının, başqa sözlə
AMEA-nın şəbəkə kitabxanalarının xidmətlərindən
mütəmadi şəkildə istifadə edib. Onların
davamiyyəti 719 565 dəfə olub. Fondlarımızın
ümumi həcmi 3 420 180 nüsxəyə çatıb, kitab
verilişi 976 597 nüsxə olub. Bütün bunlar onu deməyə
əsas verir ki, oxucularımızın sayı, davamiyyəti,
kitab verilişinin həcmi ilə bağlı hər hansı
bir sıxıntımız yoxdur. Biz bu göstəricilərlə,
MDB ölkələri arasında ən yüksək mövqelərdən
birini tuturuq.
Biz 2012-ci
ildə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən Nizami Gəncəvinin
870, Mirzə Fətəli Axundzadənin 200, Xurşidbanu Natəvanın
180, Həsən bəy Zərdabinin 170, Mirzə Ələkbər
Sabirin 150, Məmməd Səid Ordubadinin 140, Hüseyn Cavidin
130, Əhməd Cavad və Bəhruz Kəngərlinin 120,
Mirvarid Dilbazinin 100, Xəlil Rza Ulutürkün 80 illik yubileylərinin
keçirilməsi ilə bağlı müvafiq sərəncamlar
imzalanıb. Mərkəzi Elmi Kitabxana həmin sərəncamlardan
irəli gələn mədəni tədbirlərin ayrılmaz
tərkib hissəsi kimi bir sıra işlər görüb,
konfranslar, sərgilər təşkil edib. Tərəfimizdən
Nizami Gəncəvinin zəngin irsinin təbliği və tədqiqi
sahəsində uzunmüddətli proqram hazırlanıb,
“Nizamişünaslıq” adlı biblioqrafik göstərici, eləcə
də Hüseyn Cavidin həyat və
yaradıcılığı haqqında biblioqrafik və
veblioqrafik göstərici tərtib olunub, “Nizami irsi dünya
kitabxanalarında”, Mirzə Ələkbər Sabirin yubileyinə
həsr edilmiş “Bənzərəm bir qocaman dağa ki...”, Bəhruz
Kəngərlinin həyatına və zəngin irsinə həsr
edilmiş “Rənglərin simfoniyası” mövzusunda konfranslar
keçirilib, “Dahi Azərbaycan şairi-Nizami Gəncəvi”,
“Nizami aforistikası”, “Əhməd Cavad-görkəmli vətənpərvər
şair”, “Həsən bəy Zərdabi” və s. adlı
elektron məlumat bazaları yaradılıb.
Bununla bərabər,
ötən il 20 yanvar faciəsinin 22-ci, Şuşa və
Xocalının işğalının 20-ci, 31 Mart
soyqırımı gününün 93-cü, Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasının 94-cü
ildönümləri ilə bağlı müvafiq sərəncamlardan
irəli gələn respublika əhəmiyyətli “XX əsrin
ən böyük faciəsi- Xocalı soyqırımı”, “Qədim
Şuşa-işğaldan 20 il keçir” adlı konfrans-sərgilər
təşkil etmişik. Ötən il keçirdiyimiz ictimai-mədəni
tədbirlərin, sərgi-konfransların, seminarların
ümumi sayı 126-dır. Sadaladığımız tədbirlərlə
yanaşı, 2012-ci ildə kitabxanamızda “Cənubi Qafqazda
erməni terroru”, “İqtisadiyyat və neft strategiyası”,
“Bioetika və insan hüquqları”, “Türkologiya üzrə ədəbiyyat
Mərkəzi Elmi Kitabxananın fondlarında”; “Şuşa-Azərbaycanın
mədəniyyət mərkəzidir” və digər
mövzularda ədəbiyyat sərgiləri, eyni zamanda Məhsəti
Gəncəvi-900, Yusif Vəzir Çəmənzəminli-125,
Ağamusa Axundov-80, Ziya Bünyadov-90, Xudu Məmmədov-85,
Azadə Rüstəmova-80 və b. yubiley sərgiləri təşkil
olunub.
Ötən
il kitabxananın əldə etdiyi ən uğurlu nəticələrdən
biri də Heydər Əliyev irsinin təbliği istiqamətində
ölkənin regionlarında bir sıra elmi-mədəni tədbirlərin
təşkili olub. “Heydər Əliyev irsi və Azərbaycanın
müasir inkişafında İlham Əliyev mərhələsi”;
“Ürəklərdə yaşayan böyük qurucu”, “Azərbaycançılıq-müstəqil
Azərbaycan dövlətinin əsas ideyasıdır”, “Mədəniyyətin
böyük hamisi”, “Mədəni irsin keşiyində”, “Zirvədən-zirvəyə
və əbədiyyətə” adlı bu tədbirlərimiz
müxtəlif regionlarımızda yaşayan
oxucularımızın böyük rəğbəti ilə
qarşılanıb. Bundan başqa, 2012-ci ildə Türkiyə
Elmlər Akademiyası və Mərkəzi Elmi Kitabxananın
birgə təşkilatçılığı ilə
Kitabxanada Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümü münasibətilə türkologiya elminin
aktual problemlərinə həsr olunmuş elmi nəşrlərin
təqdimat mərasimi keçirilib. Ümumilli liderin yubileyi
münasibətilə “Milli mədəniyyət və dövlətçilik
təfəkkürü”, “Tarixi yaradan şəxsiyyət”
mövzusunda elmi sessiyalar da təşkil olunub.
Biz
çalışırıq ki, apardığımız tədqiqatları
geniş oxucu kütləsi də, elmi ictimaiyyət də
yaxından izləyə, təhlil edə bilsin. Bu məqsədlə
hər il kitabxanamızın “Elmi əsərlər”i dərc
olunur. Azərbaycan Respublikası Prezidenti yanında Ali
Attestasiya Komissiyasının tövsiyə olunan nəşlər
siyahısına daxil edilmiş “Elmi əsərlər” vasitəsilə
əməkdaşlarımız öz tədqiqatlarının
nəticələrini ictimailəşdirirlər. Ötən
il, kitabxanamızın əməkdaşları filologiya
üzrə elmlər doktoru, professor Gülşən Əliyevanın
“Azərbaycan füzulişünaslığının
qaynaqları” adlı 3 cildli məcmuəsi, tarix üzrə
elmlər doktoru, professor Abuzər Xələfovun
“Kitabxanaşünaslığın müasir problemləri”
adlı kitabı, müəllifi olduğum “Milli-mənəvi
dəyərlərimiz: yaradanlar və yaşadanlar” kitabı,
Cavid Cəfərovun “Kitabxana-informasiya xidmətində elektron
kataloq” adlı monoqrafiyası nəşr edilib. Bundan başqa,
“Azərbaycan Milli Elmlər Akademiyası nəşrlərinin
biblioqrafiyası” kitabı çap olunub. Akademiklər Nailə
Vəlixanlının, Vasim Məmmədəliyevin, müxbir
üzvlər Abbas Zamanovun, Maqsud Qurbanovun, Nizami Cəfərovun,
biologiya elmləri doktoru Elşad Qurbanovun həyat və
yaradıcılığını əks etdirən şəxsi
biblioqrafik göstəricilər işıq üzü
görüb. Ötən il Mərkəzi Elmi Kitabxanaya yeni
daxil olan kitabların annotasiyalı biblioqrafik göstəricisi,
dövri və nəşri davam edən ədəbiyyatın
biblioqrafik göstəricisi, Bakı kitabxanalarına Şərq
ölkələrinə aid Şərq və Qərbi Avropa
dillərində daxil olan yeni kitabların biblioqrafik göstəricisi
də çap edilib. Həmçinin, görkəmli ictimai
xadim, maarifçi Mirzə Fətəli Axundzadənin, akademik
Mirzə İbrahimovun, müxbir üzvlər Kərim Kərimov
və Tofiq Hacıyevin həyat və
yaradıcılığını əks etdirən şəxsi
biblioqrafik göstəricilər, görkəmli alim, arxeoloq,
numizmat Y.A.Paxomovun və türkoloq-alim, professor Georq Xazainin
şəxsi kolleksiyalarının çap kataloqu, “Azərbaycanşünaslıq
üzrə elmi informasiya” adlı annotasiyalı mövzu
biblioqrafik göstəricisi, “Azərbaycanda müdafiə
olunmuş dissertasiyaların biblioqrafik göstəricisi. Kimya.
Biologiya. Tibb elmləri. Yer haqqında elmlər. Kənd təsərrüfatı”
kitabı, “Kitabxana-informasiya fəaliyyəti. Terminlər və
təyinlər” adlı izahlı lüğət nəşrə
hazırlanıb. Ümumilikdə, ötən il 14 kitab nəşr
etmişik. Kitabxana əməkdaşlarının 80-dən
artıq məqaləsi (onlardan 14-ü xarici ölkələrdə)
çap olunub.
2012-ci ildə
kitabxanamızda “XXI əsrdə Azərbaycan kitabxanaları və
onların avtomatlaşdırılması problemləri”, “Cəmiyyətdə
informasiya mədəniyyətinin formalaşmasında
kitabxanaların iştirakı”, “Azərbaycan klassik
yazıçıların əsərlərinin nəşr
tipləri: yaranması, inkişafı müasir vəziyyəti
(M.Ə.Sabir və H.Cavidin ədəbi irsi əsasında)”,
“Azərbaycan nağıllarının nəşri və tədqiqi
təcrübəsinə dair biblioqrafik informasiya resursu (təşəkkülü,
inkişafı və müasir vəziyyəti)”, “Azərbaycanda
neft üzrə informasiya resursları: inkişaf istiqamətləri
və perspektivləri” mövzularında elmi-tədqiqat işləri
aparılıb, elmi məruzələr, məqalələr
hazırlanıb.
– Sonda gələcək
planlarınızla bağlı məlumat almaq istərdik.
– Əsas
məqsədimiz oxuculara xidmət işinin səviyyəsini
bir qədər də yüksəltməkdir. Bu məqsədlə
biz istifadə etdiyimiz texnologiyaları bir qədər də təkmilləşdirmək
niyyətindəyik. Biz istifadə etdiyimiz “İRBİS-64”
Kitabxana Proseslərinin Avtomatlaşdırılması Sistemi
vasitəsilə AMEA şəbəkə kitabxanalarında
elektron kataloqun yaradılması işinin birinci mərhələsini
bu il yekunlaşdıracağıq. Beləliklə, AMEA-nın
bütün kitabxana şəbəkəsi vahid elektron kataloqa,
vahid elektron komplektləşdirmə sisteminə malik
olacaqdır. Belə inteqrasiyalı şəbəkə
infrastukturu bizə bütün kitabxana resurslarını vahid
informasiya mərkəzindən idarə etməyə imkan verəcək.
Bununla
yanaşı, kitabxanamız ulu öndər Heydər Əliyevin
90 illik yubiley tədbirlərinə ciddi şəkildə
hazırlaşır. Ənənəvi konfrans-sərgilərlə
bərabər virtual sərgi və elektron təqdimatlar da
hazırlayırıq.
Əlbəttə
ki, əsas planlarımızdan biri də kitabxanamızın
öz yubileyinə lazımi şəkildə
hazırlaşmaqdır. 2014-cü ildə Azərbaycan Milli
Elmlər Akademiyasının Mərkəzi Elmi
Kitabxanasının 90 illik yubileyi qeyd olunacaq. Bu məqsədlə
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanasının 90 illik tarixini, müasir vəziyyətini
və inkişaf strategiyasını özündə əks
etdirən “Mərkəzi Elmi Kitabxana- 90” adlı sanballı
memuar-kitab hazırlanır.
Və ən nəhayət, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq kitabxanamız üçün müasir, dünya standartlarına cavab verən möhtəşəm bina tikilir. Bu ilin sonunda kitabxanamızın yeni binaya köçürülməsi planlaşdırılır. Artıq indidən çalışırıq ki, yeni binaya bir sıra dəyişikliklərlə gedək, həm strukturumuzda, həm maddi-texniki bazamızda, həm də göstərdiyimiz xidmətlərdə yeniliklər edək.
S.HƏMİDLİ
525-ci qəzet.- 2013.- 15 mart.- S.4.