Oralarda kimlər var: Ənvər Məmmədxanlı-100
“HƏYATIM AĞRIYIR”
DRAMATURQ VƏ
SSENARİÇİ
Ənvər Məmmədxanlı anadan
yazıçı doğulmuşdu. Və
“Yazıçı” sözünün məsuliyyətini
çox gənc yaşlarından başa düşən Ənvər
Məmmədxanlının sonrakı həyatı,
yaradıcılığı daima oxucuları intizarda
saxlamış və bu ad, bu famil “müəmmalı” bir
dünyanın “müəmmalı bir şəxsiyyəti,
insanı” barədə öz oxucusuna hekayətlər söyləmişdir.
Ola bilsin “hekayət” sözü yerində deyil və yaxud bu
yazını yazdığımız anda həmin sözün
içimizdə oyatdığı hiss və həyəcan bu
məqaləni oxuyanlar üçün tam aydın deyil. Həqiqətən
öz həyatı ilə bir hekayət kimi ədəbiyyata qədəm
basan Ənvər Məmmədxanlının
böyüklüyü onun az yazmasında
və gözəl yazmasındadı.
Ənvər Məmmədxanlı cild-cild əsərlər
müəllifi deyil və yaxşı ki, belədi. Onun imzası
oxucunun “gözünü” göynətmir, əksinə, “Ənvər
Məmmədxanlı” imzası oxucunun gözlərinə
gündüz işığı kimi məlhəm olur.
Böyük təəssüflə demək lazımdı ki, ədəbiyyatla
təmasda olandan Ənvər Məmmədxanlının
imzasını dövrü mətbuatda az görmüşəm,
təkcə mən yox, elə hamı bu barədə
düşünür. Şübhəsiz, bu,
böyük sənətkarın şəxsi işidi. Ancaq gəlin bir şeyi etiraf edək ki, Məmmədxanlı
istedadı, Məmmədxanlı ömrü təkcə onun
özünün deyil, həm də xalqındı, sənindi,
mənimdi. Və bu baxımdan onun hər yeni
əsərini çox böyük ehtirasla və ümidlə
gözləmişik.
Biz gözləmişik. Onun xəbəri
olub-olmayıb, bilmirik. Ənvər Məmmədxanlı
“Qaralmaz günəş” adlı hekayəsi ilə oxucu diqqətini
özünə yönəltdiyi andan və 1930-cu ildə
“Burulğan” adlı kitabını çap etdirəndən təmkinlə
öz ürəyinin səsiylə yaşamış və
heç yerə, heç yana tələsməmişdir.
Sənətşünaslıq doktoru C.Cəfərov yazır:
“Ənvər Məmmədxanlı gecə yarıya qədər
əsər üzərində işlər, birisini
qurtarmamış, digərini başlayar, heç birini bəyənmədiyindən
yeni fikirlərə düşər, daha mükəmməl və
gərəkli mövzular, maraqlı süjetlər, obrazlar
axtarardı. Onun qəhrəmanları oxucuya
çox sadədil, hətta uşaqcasına zərif və məsum
görünsələr də, cazibəli və
yapışıqlıdırlar”. (“Kommunist” qəzeti, 10 mart, 1963).
Ənvər Məmmədxanlı bir sənətkar kimi
ilk illərdən öz düşüncəsinin və
amalının əsiri olmuş, seçdiyi mövzulara, qələmə
aldığı adamların taleyinə cavabdeh olmuşdur. O elə bir
yazıçıdır ki, istədiyi vaxt öz qəhrəmanını
oxucunun mühakiməsindən xilas eləyə bilər və
ona bəraət qazandırar. Biz bu ifadəni istər
onun dram əsərlərindəki, istərsə də kino
yaradıcılığındakı obrazlara aid eləyə
bilərik.
Hələ “Karvan dayandı” hekayəsilə
özünün kinematoqrafik görüm və ifadə tərzini,
yönünü sübut eləyən Ə.Məmmədxanlı
otuzuncu illərdən Azərbaycan kinosunun taleyinə cavabdeh
olan şəxsyiyyətlərdən biri kimi tanınır. Yaradıcılığın
bu sahəsi onu özünə çəkdiyindən Ə.Məmmədxanlı
kinossenarilər yazmağa başlayır. O, “Bəxtiyar”,
“Yeddinci yol” adlı kinonovellaların, “Aldanmış kəvakib”,
“Leyli və Məcnun”, “Alma bağları” ssenarilərinin
müəllifidir. Ə.Məmmədxanlı
H.Mehdiylə birlikdə “Fətəli xan” filminin də
ssenarisini yazmışdır.
Kiçik hekayələr ustası kimi tanınan Ənvər
Məmmədxanlı sonralar iri həcmli əsərlər-pyeslər
yazmağa başlayır. 1963-cü ildə C.Cəfərovun “Ədəbiyyat
və incəsənət” qəzetində çap etdirdiyi məqaləsində
oxuyuruq: “Deməli, hekayə ustası Ənvər dramaturgiya və
romançılıqda da yeni və mənalı söz demək
iqtidarındadır. Janr məhdudluğu
heç də istedad məhdudluğu demək deyildir, məhdud
bir janr daxilində də dərin və gözəl
görünmək olar. Lakin ədəbi təcrübə
göstərir ki, istedadlı yazıçılar həyatı
rəngarəng gördüklərindən bir janr daxilində
qala bilmirlər, onlar müxtəlifliyə can atırlar,
çünki bu halda öz istedadlarını daha yaxşı
ifadə edə bilir, həyatla daha əhatəli bir təmas
yaradaraq ona daha mükəmməl təsir göstərə
bilirlər”.
Hekayələr, kiçik kinonovellalar, romanlarından
dövrü mətbuatda çap olunan parçalar Ənvər
Məmmədxanlı istedadının müdrikliyinin bariz
sübutudur.
Və nəhayət, Cəfər Cəfərov demişkən,
“bir janr yönündə özünü tam ifadə eləyə
bilməyən” və içindəki ağrılara, xatirələrə,
xatirələrin çoxluğuna tab gətirə bilməyən
bu yazıçı özü öz içi ilə
sorğuya, danışığa başlayır. Əslində
elə onun hər bir əsəri onun özüylə
danışığı idi, özünə hesabatı idi.
40-cı illərdən Ə.Məmmədxanlı
dramaturgiya sahəsində çalışmağa
başlayır. “Şərqin səhəri” pyesini
yazır. Qarışıq və mürəkkəb
bir vaxtı təsvir edən, inqilabın qələbəsinə
həsr olunan bu dram parlaq və bitkin səhnə əsəri
idi.
Bundan sonra müəllif “Od içində” pyesini oxuculara
təqdim edir.
Bu pyes 1945-46-cı illərdə Cənubi Azərbaycanda
milli azadlıq hərəkatı və onun faciəli
sonluğu barədədir.
İncə yumorla yazılan “Şirvan gözəli” əsəri
Sabit Rəhmanın komediyaları fonunda boy verən gözəl
əsərlərdən biridir.
Ə.Məmmədxanlı bu üç səhnə əsərilə
“yazıçı” sözünə bir də “dramaturq”
adını artırmış olur. Ə.Məmmədxanlının
hər üç dram əsəri məhz aktual mövzulara həsr
olunmuşdur. “Aktual mövzu” dedikdə biz
heç də şüarçılığı nəzərdə
tutmuruq. Ənvər Məmmədxanlı
kimi ciddi bir yazıçının
yaradıcılığına bu ifadəni şamil eləmək
istəmirik. Bəzən bu “aktual”
mövzunun özündə belə yaşarılıq
tapırsan, əsl sənət detalları və insan taleləri
tapırsan ki, bu da “şüarçılığa çəkən”
“aktual mövzu” sözündən uzaqdır. Bu ifadəni Ənvər Məmmədxanlının
ünvanına deyəndə həmin o əsl sənət
detalları və insan taleləri kəşf eləyən sənətkarı
nəzərdə tuturuq.
Ənvər Məmmədxanlı öz ilk pyesinə
poetik bir ad vermişdir. Bu poetik ad pyesin məzmununa uyğundur, əsərdəki
tarixi hadisənin nəticəsini tamamilə əks etdirir.
Şərqin səhəri başlayır. Səhər açılanda bütün insanlar məqsədlərinin,
istədiklərinin ardınca yollanırlar. Əslində heç kəs bilmir ki, bu
açılan səhər onun üçün nə gətirir.
İstər-istəməz gecədən
sonrakı səhəri yaşamaq sanki hamının borcudur.
Lakin pyesdəki şərqin səhəri — uzun əsrlərdən
bəri gözlənilən səhərdir. Nəsillər həmişə belə bir səhərin
arzusunda olmuş, zülmət gecələrdə onlar
“qaranlığın” sinəsinə qanlarını
axıtmışlar. Qaranlıq isə qan
bahasına yuyulmuşdur. Böyük
şairimiz Rəsul Rza demişkən “qaranlıqlar çəkilir,
yola qan tökə-tökə”. Qurbansız
Azadlıq yoxdur. Nazim Hikmət demişkən: “Azadlıq
avtobus deyil ki, birinə gecikdin, digərinə minəsən. Azadlıq sevgilimiz kimidir. Bir dəfə
aldatdın, bir daha geriyə qayıtmaz”.
Ə.Məmmədxanlının pyesini oxuyarkən bir daha
əmin oluruq ki, Azadlıq öz-özünə yaranmır. O, göydən
düşmür. Onu həsrət çəkən
insanlar, gecə-gündüz yolunu gözləyən qocalar,
cavanlar — hamı yaradır. Bəs onlar kimlərdir?
Budur Ənvər Məmmədxanlının qəhrəmanları:
Fərhad, Bayram, Armen, Nataşa.
“Şərqin səhəri”ndəki hadisələr
1919-1920-ci illəri əhatə edir. Bakının “qara
qızılı” soyuqda ocaq başında üşüyən
uşaqlar kimi hamını cəlb edir. Əbəs
deyil ki, milyon kilometrlə yol gələn ingilislər Bakı
neftini zəbt etməkçün bütün vasitələrə
əl atırlar.
“Şərqin səhəri” pyesinin ilk quruluşunu Adil
İsgəndərov vermişdir. Əsərin məzmununu
və məqsədini fəhmlə tutan rejissorun ifadəli,
baxımlı quruluşu teatr tənqidinin diqqətini çəkmişdir.
Teatrda işlədiyi illərdə həmişə
müasir mövzudan bəhs edən əsərləri
tamaşaya hazırlayan A.İsgəndərovun tarixi mövzuda
olan bu tamaşası alqışlanmışdır. Tənqidçi
Əkbər Ağayev yazır: “Rejissor hər şeydən əvvəl
əsərin inqilabi ruhunu qabarıq şəkildə ifadə
etmiş, bütün digər cəhətləri bu əsas məsələ
ətrafında toplamışdır. Rejissor əsərdə
aktyor oyununa xüsusi diqqət yetirmişdir ki, bu da öz səmərəli
nəticəsini vermişdir”.
Və məhz
əsərin aktual qayəsini və gözəl poetik,
canlı dilini səhnədə ifadəli canlandıran
yaradıcı birlik — rejissor Adil İsgəndərov, rəssam
Nüsrət Fətullayev, əsas rollarda çıxış
eləyən Mərziyə Davudova, Mirzağa Əliyev, Sidqi
Ruhulla, Rza Əfqanlı, Kazım Ziya, İsmayıl
Dağıstanlı SSRİ Dövlət mükafatına layiq
görülmüşlər.
“ŞƏRQİN SƏHƏRİ”
TAMAŞASI HAQQINDA FİKİRLƏRDƏN
“İ.Dağıstanlı Kirov rolunu böyük bir
müvəffəqiyyətlə ifa edir. O, öz şöhrətli
oyunu ilə tamaşaçılara tanış və doğma
insanın canlı surətini yaradır və haqlı olaraq
tamaşaçıların təkrar-təkrar
alqışını qazanır”. (“Azərbaycan
gəncləri” qəzeti, 30. XI. 1947).
“Sidqi
Ruhulla Ağalarovun daxili ehtirasını, neft sahibkarı kimi fəhlə
sinifinə bəslədiyi düşmən münasibətini
məharətlə ifa edir. Bu cəhətdən Ağalarovun
Bakıdan gedərkən körpü qarşısında son vəziyyətini
aktyor çox təbii, inandırıcı vermişdir”. (“Ədəbiyyat
qəzeti”, XII. 1947).
“...Ə.Məmmədxanlının
“Şərqin səhəri” pyesi Süleyman Sani Axundovun
“Laçın yuvası” pyesindən sonra yazılmış
sovet inqilabı illərini əhatəli göstərən ən
dolğun əsərdir”. (“Ədəbiyyat qəzeti”, 13. 1.
1949).
ONLAR NƏ DEYİBLƏR:
Anarın
“Şəhidlər dağı” kitabından
Rəsul
Rzanın. Ənvər Məmmədxanlıya məktublardan
(Məktub
cəbhəyə yazılıb)
Qardaşım
Ənvər.
Məktubunu
aldım. Bizi soruşsan, hələlik sağ və
salamatıq. İndi
buralar çox yaxşıdır, kinofabrikada sakitlikdir. Mən sənə çoxdan yazırdım, ancaq
adresini bilmirdim.
Bizim evdəki camaat səndən nigarandır. Sən iş arasında olsa
da, məktub yaz, xalan təşviş və
nigarançılığa düşməsin. Cəbhə
böyükdür, hər şey ola bilər.
Görünür ki, məktubları gec gəlir.
Tənbəllik etmək olmaz. İndi o zaman çox yazmaq lazımdır. Azarlı-zad yoxdur. Bizim Kamal
sağalan kimi cəbhəyə gedib. Məlum
deyil hardadır. Niyazidən xəbər
yoxdur. Gərək indiyə qədər
kağızı gələydi. Bir xəbər
olsa, sənə yazaram. Çarə nədir,
gözləməliyik.
(hər iki hissə
davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2013.-
16 mart.- S.23.