Axtarış
(hekayə)
Sarpi qəsəbəsindəki
turistlərlə dolu olan “Kameo” hotelinin vestibülündə
sakitlik hökm sürürdü; yay səhərinin
gözü açılmamışdı, alatoranlıq idi;
arabir magistral yoldan ötən minik və yük
maşınlarının səsi gəlirdi, amma bu,
bütün günü yaxındakı çimərlikdə
özünü günə verən, Qara dənizin şəffaf
suları qoynunda doyunca çimən, gecələr isə
gürcü mətbəxi və şərabının ləzzətindən
yorğunluq çıxaran hotel sakinlərinin şirin yuxusuna
mane olmurdu. Subtropik
qəsəbənin ətirli və gurultulu havası bahalı,
parlaq tünd mavi şüşəli açıq qapıdan
içəri dolurdu. Vestibülün ayaq tərəfində
İtaliya istehsalı olan üzü gön dərili, enli,
süd rəngli divan və dörd kreslo qoyulmuşdu,
kresloların arasındakı dairəvi şüşə
stolun üstündə rəngli moda jurnalları vardı.
Kreslolardan birində oturan yaşlı qapıçı yuxulu
gözlərini ovuşdura-ovuşdura tez-tez həyətə
baxırdı; üzündən yorğunluq
tökülürdü, əsnəyirdi; o, nəsə
mızıldadı, sonra sol əlinin barmaqlarını
şüşə stolun üstünə taqqıldadaraq,
sağ əli ilə cibindən çıxartdığı xırda
pulları saymağa başladı.
Vestibülün
baş tərəfində pardaqlanmış çəhrayı
lövhənin üstündə “hotel inzibatçısı”
sözləri yazılmışdı; üstü
şüşəli enli arakəsmədən səliqə ilə
daranmış qısa, şabalıdı qız
saçları görünürdü; qızın
başı aşağı əyilmişdi, o da nəsə
hesablayır, yazıb-pozur, sonra gərgin və narahat halda
başını qaldırıb qapıya tərəf, hotelin qabağındakı
baxçada üstüörtülü çardaqda oturub
dalğın-dalğın xəyallar quran nimdaş köynəkli
oğlana göz qoyurdu; sonra başını yenə
aşağı sallayıb kompüterdə nəsə
yazırdı; adama elə gəlirdi ki, bu qız da
yaşlı qapıçı və bayırdakı cavan
oğlan kimi həyat adlı amansız mübarizə xəzinəsindən
nəsə axtarır. Batumun hər hansı bir özəl
hotelinə gələn adam bu qızın
bitib-tükənməyən enerjisini, yüksək xidmət mədəniyyətini,
namuslu əmək səyini görüb dərhal başa
düşərdi ki, qıraqdan kimsə ona göz qoyur! Yox,
yox, hotel sahibinin otağında müasir monitorlar olsa da, gözqoyan sahibkar
deyildi! Bütün gecəni dirigözlü açan, gah
vestibülə girib qızla laqqırtı vuran, sonra deyingən
qapıçının təkidiylə çölə
çıxıb rütubətli gecə havasını udan,
gah hotelin qarşısındakı bahalı minik
maşınlarına söykənən, gah da gedib yenidən
çardağa mıxlanan cavan oğlan idi!
Qızın
ilk iş günüydü; demək olar ki, üç
aylıq sınaq müddətindən sonra qızı işə
götürdülər. Özü də belə bir mötəbər
hoteldə! Hər ikisi sevindi, hər ikisi məmnun oldu; hotel
sahibi Nodar Canidze dünən dedi ki, bu gecə növbədə
Manana qalacaq; növbə səhər saat səkkizə kimi
olurdu; səkkizdə növbəni başqa inzibatçı təhvil
alırdı. Nodar Canidze oğlanı qızın yanında,
özü də əyin-başı pis kökdə görəndə
əvvəlcə üz-gözünü turşutdu, yəqin
düşündü ki, bu subay oğlan lap mitil yorğan
kimidi; biləndə ki, xarici görkəmləri tərs
mütənasib olan iki gənc sevgilidi, bir qədər təəccüb elədi,
nəsə demək üçün ətli dodaqlarını
qabağa uzatmışdı ki, qız aman vermədi, dedi:
– Biz
Tokayla nişanlı kimiyik! Bir az pul toplayan
kimi toyumuzu edəcəyik!
Tokay
utana-utana gözlərini aşağı dikdi, Nodar Canidze
oğlanı bir də başdan-ayağa süzüb
“hımmm” elədi, sonra nə düşündüsə:
– Nə
işlə məşğulsan?-soruşdu.
–
Üzürəm!
–
Üzürsən? – Nodar oğlanın arıq vücuduna
baxıb təəccüb elədi.
– Hə,
hə, o, yaxşı üzür!- Manana elə
vəcdlə söylədi ki, elə bil təzə bir şey
kəşf eləyirdi, – Dalğıclara kömək edir
bütün günü. Az- maz pul da verirlər! Amma fərli
iş axtarır!
–
Hımmm.- Nodar Canidze yenə ətli
dodaqlarını kipləşdirdi. – Axtaran tapır... Əsas
odur ki itirməyəsən...- deyə əlavə etdi, sonra
heç nə olmayıbmış kimi iri cüssəli bədənini
döndərib kabinetinə açılan qapıya tərəf
yeridi; birdən yenə nə fikirləşdisə, dərhal
geri dönüb üzünü oğlana tutdu:
– Acarsan?
–Yox, azərbaycanlıyam!
Sarpidə yaşayıram... SOKAR-ın arxasındakı
qalanın yanında...
– Hmmm...
Deyirəm axı, qəribə adın var! Bizlərdə belə
ad yoxdu!
– Türk
adıdır, rəhmətlik babam qoyub. Zəngin və igid deməkdir!- bunu elə qürurla söylədi ki, Nodar
Canidzenin üzünə ilıq bir təbəssüm qondu,
sahibkar iri gözlərini oğlanın düz solğun bənizinə
tuşlayıb hökmlü, lakin bir qədər kinayəli tərzdə
dilləndi:
– Bura bax,
zəngin və igid oğlan, bəlkə sən mənə
lazım oldun! Sabah axşamüstü yanıma gəl, bir
şey fikirləşərəm...
Səhər səkkizə iyirmi dəqiqə
qalmış hotelin qabağında taksi dayandı;
maşından bir qadın, iki uşaq düşdü, xaricdən
gəlmişdilər. Manana onların gələcəyini
bilirdi, beşinci mərtəbədəki 19 nömrəli otaq
onlar üçün hazırlanmışdı. Qız
taksidən düşən xariciləri görən kimi
qapıçıya səsləndi:
– Aşot
əmi, almanlar gəldi, bayıra çıxın...
Aşot elə bil yuxudaydı, kreslodan dik atılıb
qapıya sarı cumdu. Qadın taksidən düşəndə
Tokay artıq sahildən qayıtmış, yenə gəlib
çardaqda bitmişdi. O, ayağa durub taksiyə
yaxınlaşanda qadın onun arıq vücuduna, nimdaş əyin-başına
baxıb istehzayla gülümsədi, sonra uşaqlara nəsə
pıçıldadı. Tokay bunu duydu, bir qədər
üzüldü; Aşot özünü yetirib irişə-irişə
canfəşanlıq göstərəndə Tokay dinməzcə
kənara çəkildi. Qapıçı
qadının təkərli çamadanlarını
götürüb hıqqana-hıqqana pilləkənləri
qalxdı, liftin qabağına qədər sürüdü.
Vestibüldə Manana ilə almaniyalı
qadın üz-üzə qarşılaşdı, ikisi də
gülümsədi. Manana alman dilində xanım
Şraynerə dedi ki, onların hər ikisinin eyni adı
daşımalarını biləndə çox sevinib.
Qonaq təbəssümlə
cavab verdi, nə barədəsə bir qədər
danışdılar; qız qaimə kağızlarını
printerdən çıxartdı, qadına verdi, əlavə
bir sənəd də uzatdı, qadın hər iki sənədi
imazalayandan sonra uşaqları ilə bərabər
(uşaqlardan biri qız, o biri oğlan idi) ətrafı maraqla
seyr etməyə başladı.
Xanım
Şraynerin təxminən qırx-qırx beş yaşı
olardı; o, iyirmi beş il bundan qabaq qoyub getdiyi
Gürcüstanı tanıya bilmirdi; günəş şəfəqlərinin
oxşadığı tünd-mavi hotel şüşələrindən
görünən dənizin mürgülü sularına, ətrafdakı
dağ-dəniz mənzərələrinə heyrətlə
tamaşa edirdi; bir tərəfi dəniz, bir tərəfi
zümrüd meşəli dağlar, təpəliklər,
güllər, çiçəklər, şam
ağacları, limon, portağal, narıngi bağları,
cır meyvəliklər, qayalıqların üstündəki
restoran və istirahət guşələri, dağətəyi
çəmənliklər, bir qədər yuxarılarda
gözoxşayan qırmızı, sarı, çəhrayı,
yaşıl örtüklü yaşayış evləri,
kotteclər, şüşə kimi asfalt magistral yollar, səliqə-səhman...
Burda möcüzələr yaratmışdılar! “Gürcü xalqı axır ki ağ günə
çıxdı!” Qadın
düşündü. “Çimərliklər
qaynaşır! Gör nə qədər adam
var? Hələ saat səkkiz deyil!”
Xanım Şrayner o tərəf bu tərəfə
yüyürən, möhtəşəm təbiət mənzərələrindən
vəcdə gəlib almanca bir-birlərinə ucadan nəsə
qışqıran, sonra da əlləri ilə artıq adamla
dolu çimərliyi göstərən uşaqlarına
qayğısız-qayğısız nəzər yetirirdi. Qadın
otağın açarını alanda barmağındakı
iri qaşlı üzük Manananın diqqətindən
yayınmadı. Üzüyün
üstünə düşən gün işığı
qızın gözlərini qamaşdırdı. “Kaş mənim də belə bir üzüyüm
olaydı!” deyə ürəyindən keçirtdi. Bu, təbii qadın arzusu idi! Amma
belə bir üzüyü almaq üçün o, gərək
əlli il fasiləsiz işləyəydi və
heç nə yeməyəydi! Əlbəttə,
qız burasını bilmirdi.
Xanım Şrayner şəstlə liftin düyməsini
basdı və uşaqlarla birgə beşinci mərtəbəyə
qalxdı.
Manananı əvəz edəcək növbəti
inzibatçı qız gəlmişdi, qızlar bir-birlərinə
gürcü dilində nəyisə başa saldılar. Bir azdan Manana
hoteldən çıxdı və Tokayla bərabər sahil
boyunca evə yollandı.
– Sən
bütün gecəni yatmadın!- Manana
dedi.- Keşik çəkirdin?
– Əlbəttə! Səni qoruyurdum da...- Tokay
güldü.
– Nədən
qoruyursan məni, ay dəli?
–
Qurd-quşdan... Sən axı qorxaq pişiksən...
–
Yaxşı da, Tokay! De görüm mənim
ürəyimdən nə keçir?
–
Nişan üzüyü!
....İkisi də susdu. Tokay davam etdi:
– Mən
pul yığıram, səninçün mütləq
üzük alacam. Yüz əlli larim var. Anama demişəm
ki, bu pullara dəyməyin... Hotelə işə
girsəm bəlkə də tez alaram. Bu
dalğıclar xəsis şeydilər. Günə beş lari verirlər... Görəsən
Nodar məni işə götürəcək? Lap
Aşot kimi qapıçı da olmağa razıyam. Təki
bir yerdə işləyək...
Qız gözünə düşən açıq
şabalıdı tellərini əliylə geri itələdi,
dalğın-dalğın dənizi seyr etdi, sanki orda əsrarlı,
nazlı gözləriylə nəyisə axtarırdı; birdən
mövzunu dəyişmək qərarına gəldi.
– Bilirsən
bayaq gələn o qadın kim idi? Frankfurtda yaşayan gürcü qadın.
İyirmi beş ildi köçüb ora,
almana ərə gedib. Deyir, bu iyirmi beş
ildə birinci dəfədi gəlir buralara. Gözlərinə
inanmır. Hər şey dəyişib.
Adı da Mananadır. Almanca danışır...
– Bəlkə
heç gürcü dilini bilmir?
–Soruşdum,
bilir. Özü danışmır. Deyir, Yurgenlə Klara gürcü dilində
danışa bilmirlər. Ona görə də məcburdu
almanca danışsın... On günlük
istirahətə gəliblər.
– Nə əcəb
ərsiz gəlib?
–
Soruşmaq ayıbdı! Sən də ki, əməlli-başlı
qısqancsanmış! Nəyinə lazımdır axı, ərsiz,
ya ərli gəlib! Bir də ki, onlarda bunun əhəmiyyəti
bir o qədər yoxdur. Ər də, arvad
da ayrı-ayrı istirahət edir. Ruslar da belədir də!
Amma siz... Allah eləməsin... Qoyma, vay, birdən yeyərlər!
Kişilər arvadlarını, arvadlar da kişilərini
gözlərindən qırağa qoymurlar!
– Bu pisdi
ki?
– Pisdi, əlbəttə!
İndi hansı dövrdü? Mən bax,
dünən gecə Nodarın yanında biabır oldum! Bunu sənə
demədim! Axı o, nə fikirləşər,
hə?
–
Heç nə!
– Necə
yəni heç nə! Hələ o, bilsə
ki, sən səhərədək hotelin qabağında
keşik çəkmisən, nə düşünər?
Aşot əmi xəbərləməsə yaxşıdı!
– Xəbərləsin
də! Uzaqbaşı məni bu gün qəbul etməyəcək,
vəssalam! Mən də yaxşı iş tapan kimi səni
ordan...
– Nə?
Nə dedin?-qız püskürdü,-
Tokay, bu nə sözdür danışırsan? Səni
tanıya bilmirəm!
– Zarafat
edirəm, əzizim! – Tokay ucadan güldü. –
Qaşqabağını sallama!
– Necə
yəni zarafat edirsən! Belə də zarafat
olar? Heç bir gün deyil işləyirəm! Axı mən
də işləməliyəm! Toyumuza pul
yığmalıyam... Belə çıxır
ki, sən mənə inanmırsan, hə?
– Mən
səni xoşbəxt etmək istəyirəm!
– Elə
də! Kim mane olur ki?-Manana dodaqucu dedi.
–
Dalğıc!
Qız şaqqanaq çəkib güldü. O, Tokayın
zarafatlarını çox eşitmişdi, onun yumor hissini qiymətləndirirdi;
Tokay söz üçün əlini cibinə salan oğlan
deyildi.
– Cənab
dalğıc! Məni xoşbəxt etmək üçün
Tokay olmaq lazımdır! Həm də unutma ki, söz
sandığa girmir...
Qızın ikibaşlı sözləri Tokayı uzun
müddət düşünməyə məcbur etdi; o,
Manananı evə ötürəndən sonra da bu barədə
xeyli götür-qoy elədi. Əvvəllər
Tokaya elə gəlirdi ki, sevmək, sevdiyin qızla evlənib
ailə qurmaq, oğul-qız atası olmaq su içmək kimi
bir şeydir. Lakin o, elə bu anlarda qəti əmin oldu
ki, kişini səadətə aparan yol axtarmaqdan
başlanır; bəli, bəli, kişi gərək
daim axtarsın! Ölənədək axtarsın! Axtarmaq hər
zaman yaxşı şeydi! Əslində biz hamımız
axtarışdayıq! Kimi tapır, kimi
tapdığını itirir, kimi itirdiyini tapır, kimi
tapmır, heç vaxt tapmır! Çünki axtarmır! Mən
onu xoşbəxt etmək üçün axtarmalıyam!
İlk növbədə iş axtarmalıyam!
Axşamüstü Nodar Canidzenin yanından
çıxan Tokay çox ürəkli
görünürdü; sahibkar ona hələlik hotelin həyətindəki
bağçaya baxmağı tapşırmışdı; o,
sabahdan gündə üç dəfə gülləri
suvarmalı, ağacların dibini yumşaltmalı,
dağın ətəyində salınan ekzotik bağın
qeydinə qalmalı, yaşıllıqları göz bəbəyi
kimi qorumalı idi. Bunun müqabilində həftəlik yetmiş beş lari alacaqdı. On beş
həftə işləsə 1125 lari qazanacaq! Bir qədər
qənaət eləsələr, min lariyə Mananaya nişan üzüyü də ala bilər! Əlbəttə,
bu, müvəqqəti iş idi, yaxşı bağban tapan kimi
Nodar onu başqa işə keçirəcək. Məsələn, onu hotelin maşın qarajına
verə bilər; maşınlardan başı
çıxır, vaxtilə tələbəlik illərində
yay tətilləri zamanı rəhmətlik atasının
gürcü dostlarının avtomobil təmiri
emalatxanalarında motorçu işləmişdi.
Hotel sahibinin
ona iş təklifini Mananaya çatdırmaq üçün
tələsirdi. Yolu keçib sahilə düşdü. Yekəpər
dalğıc dostları günəmuzd işə
götürdükləri cavan oğlanı görüb onunla
zarafat eləməyə başladılar:
– Deyəsən
daha gündəlik beş lari qazanmaq istəmirsən,
oğlan?!
– Səni
bir-iki dəfə qızla görmüşəm... Adama salam da vermirsən!
– Hey bico,
sən gözəl üzgüçüsən, sənin əsl
yerin bax buradır. Gəl danışaq bizim xilasedicilər cəmiyyəti
ilə, səni götürək, rəsmi müqaviləylə
bizdə işlə də...
– Nə
deyirsən, hə? Günəmuzd yaxşıdı, yoxsa?...
Bütün
bunlara Tokay yalnız utancaq təbəssümlə cavab verdi. Sonra gündən qoruyan iri
qırmızı güllü çətirin altında oturub
pivə içən dostları onu stola dəvət etdilər.
Doğrudur, dalğıcların yanına
qayıtmışdı desin ki, sabahdan hotelə işə gedəcək.
Amma dalğıclar onu qabaqladılar, zarafata
saldılar, onu pivə və isti xaçapuriyə qonaq elədilər.
Tokay da təzə işi barədə onlara
heç nə demədi.
Sahildə, ləpədöyəndə oynayan alman
uşaqları bir-birlərinin üstünə su çiləyirdilər,
oğlan qızı qovur, qız qışqırır,
yalın çiyinlərinə yapışan islanmış
uzun saçlarını bağlamaq üçün
qardaşından möhlət istəyirdi. Tokay
uşaqların anasını aradı, qadın gözə dəymirdi;
oğlan qeyri-ixtiyari suda boyverən ərazilərdə
çimən adamlara göz yetirdi, xanım Şrayneri
tanıya bilmədi, ya da qadın onların arasında deyildi.
Birdən sahildən təxminən əlli metr
aralıdakı ərazidə qadını gördü;
xanım Şrayner suyun üzündə uzanıb sakitcə
göyləri seyr edirdi. “Deməli üzə
bilir! Yoxsa bu qədər uzağa gedə
bilməzdi!” düşündü.
Havanın üzü birdən-birə dönmüşdü;
Tokay gördü ki, xanım Şrayner üzə-üzə
sahilə gəlir. Dalğıclar narahat olmağa başladılar: tufan
qopa bilərdi. Sağ və sol tərəflərdəki
qadağan olunmuş ərazilərdə də iki-üç
nəfər gözə dəyirdi; dalğıclar səsgücləndirici
götürüb dizəcən suya girdilər, uzaqda görunən
adamlara xəbərdarlıq elədilər; sahilə iyirmi-otuz metr
qalmış Tokay gördü ki, xanım Şraynerin
başı itdi. Arxadan isə nəhəng dalğa gəlirdi;
dənizçilər bəzən buna “ölüm
dalğası” da
deyirlər. Dalğa o qədər güclü
oldu ki, qadının ayaqları suyun üzündə
oynamağa başladı, əl-qolu görünmədi.
Uşaqlar onların yanında duran adamlarla bərabər
qorxa-qorxa “ana!” deyə çağırır, qız
ağlayır, oğlan isə həyəcan keçirə-keçirə
almanca nəsə deyirdi. Tokay bir andaca suya
şığıdı, növbəti dalğanın
içinə baş vurdu; dalğıclar onun dalınca nəsə
qışqırıb motorlu qayığı işə
saldılar; qadın batıb-çıxır, arası kəsilməyən
dalğalar ona əl-qol atmağa imkan vermirdi...
Tokay bir əli
ilə Şraynerin saçlarından tutub dartır, o biri əli
ilə amansız dalğaların caynaqları arasında sahilə
can atırdı. Çimərlikdəki rus, türk,
gürcü, azərbaycanlı, erməni turistləri bu səhnəni
təşvişlə izləyir, yaşlı qadınlar
özündən iki dəfə ağır olan alman turistini
sahilə dartan oğlanı göstərib deyirdilər:
–
Uşaqda cəsarətə bax e!
Tokay sahilə
çatanda daha bir nəhəng dalğa gəlib onların
ikisini də kəllə-mayallaq sahilə vurdu; o biri
dalğıclar, ətrafdakı kişilər qadını və
Tokayı sudan çıxartdılar. Qadın boğulmuş, üz-gözü, əl-ayağı
gömgöy olmuşdu. Tokay taqətdən
düşüb ayaq üstə güclə dayanırdı.
Hamı qadının başına
yığışdı, dalğıclar ilk yardım göstərir,
qadının buza dönmüş bədənini başı
aşağı sallayır, ona nəfəs verməyə
çalışırdılar. Tokay bir qədər
aralıda daşların üstündə oturub camaata
tamaşa edirdi; uşaqlar ağlaşa-ağlaşa bir-birlərinə
baxır, şiddətli dalğaların qərib ölkə
qayalıqlarına çırpdığı gəminin sərnişinlərini
xatırladırdılar. Qadının ağzından ağ köpüklər gəlməyə
başladı; kimsə dedi:
–
Uzadın yerə! Sinəsindən basın!
– Bax belə!
Bir də! Bir də!
– Nəfəsi
gəlir! Dilini çıxart! Nəfəs ver! Ay oğlan, niyə
çəkinirsən, dodaqlarını arala, ağzınla nəfəs
ver! Hə, bax belə!
– Rəngi
özünə gəlir!
Səhər
çağı Tokay Nodar Canidzenin kabinetinə girəndə
sahibkar ayağa durdu, Tokayın qabağına yeriyib gülərüzlə
onun boynunu qucaqladı, dedi:
– Tokaycan,
sən çox böyük igidlik eləmisən! Afərin! Belə bir müştərinin həyatını
xilas etmək bilirsən nə deməkdir? İmicdir,
imic!
Tokay məsumanə
gülümsədi, dedi:
– Mən
sadəcə üzə bilirdim! Vəssalam!
Tokay sahibkarı tanıya bilmirdi. O, təəccüblə
çiyinlərini çəkib gözlərini Nodara zillədi.
– Dünən
alman səfirliyindən zəng vurmuşdular, xanım
Şraynerin səhhəti ilə maraqlandılar; biləndə
ki, xanım Şrayneri bizim hotelin işçisi xilas edib, təşəkkür
elədilər. Almanlar öz vətəndaşları
üçün gör necə narahat olurlar?! Dövlət
belə olar e! Hə, Tokaycan, xanım Şrayner dünən
gecədən səni axtarır. Gecə zəng eləmədim
Mananaya! Yəqin onun xəbəri var? Bax
belə, zəngin və igid oğlan! İndi get işini
gör! Al, bu da sənin avansın!- deyə
hotel sahibi əvvəlcədən hazırladığı
paketi Tokaya uzatdı.
İnsanın
həyatı hər an dəyişə bilər;
gərək yaşadığın hər anı gözləməyi
bacarasan! Gərək hər
zaman hər ana hazır ola biləsən! Tokay bu düşüncələrin qanadı
altında bayıra çıxdı və qəflətən
onun içini elə bir sevinc hissi bürüdü ki, quş
olsaydı uçardı. Onun üçün adi
görünən bu hadisəyə gör nə qədər
önəm vermişdilər! “Gürcülərin xasiyyətidi,
onlara iynənin ucu boyda olsa da xidmət göstərsən, onu dağ
boyda görürlər! Bu Nodar çox yaxşı adamdı!
Dünən nahaq onun barəsində pis fikrə
düşmüşdüm!”
Manana
növbəni təhvil alanda Aşot ona yaxınlaşıb
gülə-gülə dedi:
–
Xanım Şrayner bayaq səni axtarırdı!
– Bilirəm,
bilirəm, Aşot əmi, zəng vururam, otaqda heç kim yoxdu!
–
Çimərliyə getdilər! Nəsə narahat
görünürdü!
–
Görünür dünənki hadisədən sonra
özünə hələ də gəlməyib!- Manana kompüteri yoxlaya-yoxlaya cavab verdi. Bu vaxt Tokay içəri girdi, Aşot bu dəfə
onunla çox ehtiramla salamlaşdı və dinməzcə
gedib qapıda durdu.
Tokay çimərliyə çatanda gördü ki,
xanım Şrayner uşaqlarıyla birgə yenə həminki
ərazidədir, onlar boy verən yerdə çimirlər. Bir qədər yaxına gəlib
dalğıclarla salamlaşdı, sonra çimərlikdə dəniz
çarpayılarında uzanıb özlərini günə
verən adamların arasıyla restorana tərəf getdi. Birdən xanım Şrayner onu görüb səslədi,
əli ilə işarə elədi ki, onların yanına gəlsin.
Tokay sevincək qadının yanına
qaçdı; uşaqlar ona maraq və heyrətlə
baxırdılar, qadın doğurdan da narahat
görünürdü. Xanım Şrayner gürcü
dilində danışdı, dedi:
– Dünənki
əhvalata görə məni bağışlayın! Az qala sizi də... Sizə təşəkkür
eləmək istəyirəm, uşaqlarım hələ də
sizin igidliyinizdən danışırlar,-
deyə oğlana iltifatlı və mehriban
baxışlarını tuşlayan Yurgenlə Klaranı
göstərdi.
–
Xanım Şrayner, təşəkkür eləməyə dəyməz.
Xahiş edirəm, özünüzü rahat
hiss edin. Mən başqa cür hərəkət edə
bilməzdim! Siz Allah, bunu unudun getsin!
–
Heç bilmirəm bu necə baş verdi!-
deyə xanım Şrayner qayğılı-qayğılı
sakit sulara baxdı. – Bilirsiz, mən çox qiymətli bir
üzüyümü itirmişəm. Deyəsən suya
düşüb! Hər halda, dalğalar böyük idi... İndi biz uşaqlarla birlikdə səhərdən
suyun altına baş vururuq, bəlkə gözümüzə
sataşdı?
– Çətin
tapılsın!- Tokay təəssüflə
bildirdi.- Bu sular o qədər qiymətli şeylər udub ki!
– Hə...-
qadın kövrəldi, – Biz həmişə
itirəndə axtarırıq. Qorumaq barədə
düşünmürük. O üzük çox qiymətliydi,
ərimdən mənə toy hədiyyəsi idi... Heyf!
Qadın başını bulaya-bulaya Tokayı
süzdü; oğlan onun bu dəfə baxışlarında
istehza sezmədi, orda sanki minnətdarlıq və
yalvarış bir-birinə qarışmışdı. Tokay o
baxışların mənasını anlamadı, o da
başını buladı və xudahafizləşib geriyə,
restorana tərəf yeridi.
Gənclərin sevgisi də, sevinci də, əyləncəsi
də, kədəri də şıltaq olur; gənclərin
qayğıları da özləri kimi çevik, bərkgedən
və coşğun olur. Nə olur-olsun, o, tezliklə Mananaya toy edəcək, onu
evinə gəlin gətirəcək; o,
düşünürdü, gülürdü, suya təpik
vurur, dənizin qaralmış üzünə dişlərini
ağardıb ucadan deyirdi:
– Sən
məni xoşbəxt etdin, dəniz! Mən səni
necə xoşbəxt edə bilərəm?
Qeyri-ixtiyari ağlına gələn rabitəsiz sözləri
ürəkdən deməsi özünə də ləzzət
verirdi; o, söyünür, fərəhlənir, sanki bu
sevincinə ləpələrin
şırıltısını də şərik qoşmaq
istəyirdi. Birdən yadına xanım Şraynerin bayaqkı
sözləri düşdü. “Qiymətli, əziz...
itki... üzük...” Doğrudan da itki pis şeydi! Adam beş lari itirəndə bütün
günü narahat olur. Yüz lari qazananda narahat olmursan, əksinə,
sevinirsən, onu ehtiyaclarına xərcləyəndə də
uf demirsən! Amma itirəndə... O ki qaldı yadigar
üzük ola... Qadının
barmağındakı üzüyün qaşı zeytun rəngində
idi, günəş şüası düşən kimi
qırmızıya çalır və yanırdı;
daşın qıraqlarında xırda beşguşəli
darçın rəngli yaqut və sapfirlər vardı; onu
qadının əri Erix toy günündə arvadına
bağışlamışdı. Üzüyün təxminən
iki əsr yaşı vardı, Erixin nənəsinə məxsus
idi; ərinin dediyinə görə, vaxtilə nənəsi
ailənin nəsildən nəslə ötürülən bu
qiymətli üzüyü barmağına taxıb bal gecələrinə
gedəndə Frankfurtda bütün kübar qadınlar ona həsəd
aparırlarmış; üzüyün ortasındakı iri
dairəvi qaş almaz idi; Erixin nənəsi deyirmiş ki, bu
daş qəzəbi söndürür, insanın ruhunu sakitləşdirir.
Bəli, bəli, bunu gürcü qızı Mananaya hədiyyə
verəndə əri, Erix Şrayner söyləmişdi!
Qadın bayaq bunları Tokaya danışanda kövrəldi,
gözləri doldu! Oğlan bütün bunların nə demək
olduğunu anlamasa da, zənn etdi ki, bu üzük elə belə
şey deyil! Görünür, üzükdə
qeyri-adi nəsə bir cazibə qüvvəsi var.
...Xanım
Şrayner Almaniyaya yola düşən gün hotelin foyesində
Manana və Tokayla çox səmimi görüşdü, elə bil bu gəncləri
yüz ildi tanıyırdı. Bu on gündə o,
uşaqlarıyla birgə həm Tokaygildə, həm də
Mananagildə iki dəfə oldu; Tokayın anası Dilrubə
xanım qonaqlara təzə yarpaq dolması bişirdi, Mananagildə anası Nino
xanımın bişirdiyi yeddi cür xaçapuridən yedilər.
Hər iki qonaqlıq xüsusilə uşaqlara
unudulmaz təəssürat bağışladı. Xanım Şrayner oğlana bir daha təşəkkür
elədi, qızı qucaqlayıb öpdü.
– Toydan
sonra “bal ayını” bizim şəhərdə keçirsəniz
pis olmaz! Narahat olmayın, Erix yaxşı adamdır,
bütün xərclərinizi ödəyər!..
Bir aydan sonra Tokay axşamüstü üzüyü
tapdı; dəniz gün işığında xumar-xumar sakitcə
ləpələnirdi. Suyun dibi, daşların rəngi
apaydın görünürdü. Tokay
şəffaf suya baş vuranda parlaq, işıldayan bir şey
gözünə dəydi. Üzük idi.
Tokay çox qarışıq, həyəcanlı
hisslər yaşadı, cəld geyinib hotelə, Manananın
yanına qaçdı.
Növbə bitər-bitməz Manana tələsik
bayıra çıxdı; Tokay onu evə yola salmalı, saat
doqquza qədər təzədən işə
qayıtmalıydı. Onlar dənizdən bir qədər
aralıda yerləşən yaxındakı kafelərin birinə
getdilər; səhər yeməyi sifariş verdilər və
bir küncə çəkilib oturdular. Qəhvə gəlməmiş
Tokay dedi:
– Bu, bizim
qismətimizdi! Nənəm həmişə deyərdi ki, qismətdən
qaçmaq olmaz!
Manana üzüyü Tokaydan alıb yenə
barmağına taxdı, əlini qabağa uzatdı,
barmaqlarını o tərəf bu tərəfə
çevirdi, üzüyün qaşları gün
işığında müxtəlif rənglərə
çaldı.
Qız üzüyə yuxu kimi baxırdı.
Amma bu, həyat idi, dünya idi, aləm idi;
dünyayi-aləm onun barmağında idi. Qız dedi:
– Mən
elə ilk dəfə bunu görəndə ürəyimdən
keçdi ki... Kaş mənim də belə bir
üzüyüm olaydı...
– O, indi sənindi,
əzizim!
– Mən
o qadının göz yaşlarını unuda bilmirəm. İçim çox narahatdır. Bəlkə özümüz göndərək?
–Əlbəttə göndərək. Mən səni
yoxlayırdım.
... Bir necə
həftədən sonra “Kameo” hotelinin sahibi Nodar Canidze
Almaniyadan belə bir məktub aldı: “Ailəmiz
üçün çox qiymətli üzüyü
tapdığınıza və yolladığınıza
görə sizə dərin minnətdarlığımızı
bildiririk. Xahiş edirik üzüyü tapan əməkdaşınıza
bizim adımızdan təşəkkür elan edin. Hörmətlə, Erix Şrayner, “Mersedes” zavodunun
Frankfurt üzrə meneceri.”
...Bu hadisədən
düz bir il ötdü;Tokay Manana ilə
evlənmişdi. Manananı hotelə baş
inzibatçı qoymuşdular; Tokay hotelin bütün təsərrüfat,
texniki-təşkilati işləri üzrə menecer təyin
edilmişdi. Gənclər Batumda ipoteka ilə (mənzilin
dəyərinin əlli faizini hotel ödədi, özü də
faizsiz!) üçotaqlı mənzil də
almışdılar; ailədə artım gözlənilirdi. Manananın bətnində səkkiz aylıq
uşağı vardı. Bir neçə gün bundan
qabaq hər ikisi məzuniyyətə çıxdı; hotel
bu gənclərə öz hesabına putyovka aldı,
onların sığorta məsələlərini həll etdi
və rəhbərlik qərara gəldi ki, namusla işləyən
bu gəncləri Frankfurta bir həftəlik turist səyahətinə
göndərsin: həm gəzərlər, həm də Manana
özünü həkimə göstərər. Əslində isə Manananın könlündən
keçirdi ki, uşaq orda doğulsun. Hər
ehtimala qarşı Frankfurtda yaşayan xanım Şraynerin də
ünvan və telefonunu götürdülər. Alman
uşaqlarına hədiyyə də alındı...
Onlar bütün həftəni Frankfurtu gəzib
dolandılar.
Bazarlıq elədilər. Manana
özünü həkimə göstərdi. Hər şey rahat və öz qaydasınca getdi.
Uşaq sağlam idi, lakin həkim dedi ki, doğuşa təxminən
dörd-beş həftə var. Manana çox istəyirdi ki,
körpə burda doğulsun, alman vətəndaşı olsun.
Görünür, qismət deyilmiş, neyləmək
olar? Evə qayıtmağa bir gün qalmış Manana dedi:
– Köhnə
dostlarımıza zəng vursaq və görüş təyin
eləsək pis olmaz!
–
Çox yaxşı olar. Gəl arayaq, görüşə
bilsək, uşaqların hədiyyəsini də verərik...
Manana qadının vizit kartındakı nömrəni
yığdı. Kişi səsi gəldi.
– Alo! –
Manana sevincək qulağının dibinə yapışan
Tokaya göz vurdu.- Alooo! Cənab
Şrayner? Erix Şrayner? Mən
Mananayam, Gürcüstandan, Batumdan gəlmişik... Xanım
Şraynerin... Necə? Nə
dediniz? Biz Tokayla Batumdan gəlmişik, “Hilton” hotelindən
zəng vururam... Cənab Erix Şrayner...
....
Dəstək Manananın əlində qaldı; gənc
qadın qurumuşdu. Telefon dəstəyini
çarpayının üstünə tulladı. Tokay
heç nə başa düşmədi, heyrətlə
soruşdu:
– Nooldu? Bir şey baş verib? Nə dedi?
Manana
pörtmüş halda qabağa çıxmış
qarnını tutdu, ehmalca çarpayının üstünə
əyləşdi, sonra bir əli ilə Tokayın qolundan
yapışıb qəhərlənmiş qara gözlərini
qarnında tərpənən və görünür,
işıqlı dünyaya gəlmək üçün
darıxan o əziz varlığa dikdi, sanki Tokayla yox, onunla
danışırdı, dedi:
– Tələsmə!
Mən səni Sarpidə doğacam!
Tokay yenə
heç nə başa düşmədi və
qadınının qarşısında diz çöküb
onun qarnını qucaqladı, pıçıltıyla dedi:
– Əzizim,
sakit ol! Sənə həyəcanlanmaq olmaz! Erix nə dedi,
Mananaya bir şey olub?
– Yox! O,
bizi tanımadı!
–
Tanımadı?
–Yox,
tanımadı! Dedi yadıma gəlmir!
.....
Hər
ikisi susdu, sonra Tokay:
– Ehhhh!
Canın sağ olsun! Buna görə qanını qaraltma!- deyə qətiyyətlə bildirdi.
–Doğurdan,
o, bizi tanımadı... Gərək heç zəng
vurmayaydım!
...Gənc
ər-arvad Frankfurtdakı hoteldə sonuncu gecəni yatmadı.
Manana bir neçə həftədən sonra
dünyaya gətirəcəyi körpəsi barədə
düşünürdü. Tokay isə
düşünürdü ki, axtarmaq heç də hər
zaman yaxşı şey deyilmiş. Oğlan
onların yolunu intizarla gözləyən doğma anası
üçün, Sarpi üçün, “Kameo”
üçün darıxmışdı. Sübh
tezdən taksi onları Frankfurt aeroportuna gətirdi. Bir azdan Lufthanza beynəlxalq Hava Şirkətinə məxsus
təyyarə havaya qalxıb Tbilisiyə uçacaqdı.
Sərnişinlər bir-bir gəlib qeydiyyatdan
keçir, salona getmək üçün nəzarətçilərin
işarəsini gözləyirdilər. Elə bu vaxt Tokay uzaqdan adamları
yara-yara onların uçuş qapısına tərəf tələsən
xanım Şrayneri və uşaqlarını
görüb tanıdı; başını onun çiyninə
qoyub dünyanın ən gözəl mürgüsünü
vuran boylu qadınını dümsüklədi.
– Ora bax,
gör bizə tərəf kimlər gəlir?..
Batum,
iyul, 2012-ci il.
Kamran NƏZİRLİ
525-ci qəzet.-
2013.- 16 mart.- S.29-30.