Sözün Aqil Abbas ahəngi
Aqil Abbas-60
Bədii olan, yaşamağa qadir hər bir sözün,
mətnin arxasında ŞƏXSİYYƏT durur. Bu şəxsiyyətlərin
varlığıdır ki, ədəbiyyat yaranır və həmin
şəxsiyyətlər olmasa, mənəviyyat aləmi də
çat verər.
Altmış
yaşı aprelin ilk günündəcə tamam olan Aqil Abbas
Məhəmməd oğlu da müasir ədəbiyyatımızda
belə şəxsiyyətlərdən biridir.Bu gün
çox mürəkkəb və təzadlı bir zəmanədə-Azərbaycan
cəmiyyətində Aqil Abbasın öz yeri və mövqeyi
var. Otuz-otuz beş il öncə belə bir hökmü verə
bilməzdik, çünki Aqil Abbas həm bir
yazıçı kimi, həm də bir ziyalı olaraq
özünü axtarırdı və bu axtarışlar
gec-tez sona varmalıydı. Yəni orta adam
yox, cəmiyyətin sayılan, seçilən, tanınan bir
üzvü olmaq üçün Aqil Abbas tam
formalaşmışdı. Heç şübhəsiz, “Elm və
həyat” jurnalında, “Sovet kəndi” qəzetində həyat
və yaradıcılıq təcrübəsi qazanmaq da onun
ömür yolunda az rol oynamadı.
Doxsanıncı
illər başlananda Aqil Abbas
artıq gənc, həm də istedadlı bir
yazıçı kimi tanınırdı, hətta o zaman dəbdə
olan, sözün həqiqi mənasında hər bir yazarın
həsrətlisi olduğu Respublika Komsomolu laureatı
adını qazanmaq da ona nəsib oldu.
Aqil Abbasın ilk yazılarında böyük bir səmimiyyət
duyulurdu və bu səmimiyyət ondan irəli gəlirdi ki, o,
həyatın, gerçəkliyin olaylarını qələmə
alırdı, yalan yazmırdı. Ən
başlıcası, özünün və
yaşıdlarının romantika ilə dolu gənclik
duyğularını qələmə alırdı. Yəni onun üçün kitablardan deyil, həyatdan
süjetlər gəlirdi. Nə var idi bu
yazılarda? Aqil Abbasın o zaman özü yaşda qəhrəmanlarının
təmiz romantikadan, xəyallardan doğan istilik, gözəl
bir qızın qapqara gözlərində batmaq arzusu, bir az da
kənd həsrəti, kənd sıxıntısı...Aqil
Abbas o zaman öz nadir və son dərəcə parlaq
istedadı ilə artıq məşhurlaşmağa
başlayan Qədir Rüstəmovun həyatından bir povest
yazdı. Məhəbbətdən, səmimiyyətdən
yaranmışdı bu əsər, hərçənd ki, Qədir
səsinin möcüzəsinə çata bilməzdi. Çünki “bu səs adilikdən başlayıb
qeyri-adiliyə qalxırdı. Elə
qeyri-adiliyə ki, kamança da, qarmon da, o zirvəyə qalxa
bilmirdilər, qalxa bilməzdilər də. Bu zirvə onlar üçün yad idi. Bütün yük düşürdü tarın
üzərinə. Yalnız tar o zirvəyə
qalxmağı bacarırdı”. Qədirə
böyük, intəhasız məhəbbətin hiss
olunduğu bu əsərdə elə bil TAR səsi
çatışmırdı. Məncə, Aqil Abbas Qədirə,
onun səsinə bir də qayıtmalıdır..
Aqil Abbas “Xoşbəxt” adlı povestində artıq
yetkin qələm sahibi kimi diqqəti cəlb etməyə
başladı.
Əgər o, “Evləri köndələn yar”
povestində ancaq səmimi təsir
bağışlayırdısa və bu səmimiyyət
bütün əsər boyu davam edirdisə, “Xoşbəxt”
povestində səmimiyyət həm də istedadla
müşayiət olunurdu. Buradaca qeyd edim ki, Aqil
Abbasın bir çox yaşıdları ilk yazılarında
özlərinə yaxın olan bir nəsli-
“altmışıncıları” təqlid edirdilər, amma Aqil
Abbas heç kimi yamsılamadı və mümkün qədər
çalışdı ki, özü olsun və özü də
oldu.”Xoşbəxt” povestində Aqil Abbas ilk hekayələrindəki
romantikadan üzülüşməmişdi, yenə təmiz
hisslərlə yaşayan, xoşbəxtlik haqqında
düşüncələrə dalan yaşıdının
taleyini əks etdirmişdi. Təklik və
tənhalıq içində çırpınan bu
yaşıdı sovet dövrünün ictimai sifarişindən
doğan ideallarla deyil, öz ürəyinin səsi ilə
yaşayırdı. O tək
və tənha qəhrəman bu təklikdən və tənhalıqdan
mümkün qədər uzaq olmağa
çalışırdı. Hətta həyatının
elə bir məqamına gəlib çatır ki,
ölümlə üzbəüz dayanır. Ancaq bu zaman qəhrəmanın xəyalında yaşatdığı
o qız gəlib çıxır. “Elə
bil ki, otağı həmişəki otaq deyildi,
işıqlanmışdı”. Və povestin sonu da elə
bu işıqlı cümlələrlə bitirdi: “Qəribədir.
Leyla getmişdi, amma otaq elə əvvəlki
kimi işıqlı və isti qalmışdı”.
“Saçın ucun hörməzlər” adlı başqa bir
povestində də Aqil Abbas yenə işığa üz
tutur: “Bu vaxt iynənin ulduzu boyda işıq göründü
və bu işığa doğru iki əl uzandı, nəhayət,
çatdı işığa”.Beləcə, onun hər iki qəhrəmanı
işıqla zülmətin qovuşduğu yerdən, iki
prizmadan nəzərə çarpırdı. Ancaq
Aqil Abbas işığı seçir, çünki
işıq həyat deməkdir. Həyatı
isə lap bir insan üçün də zülmətə,
qaranlığa çevirmək olmaz.
Doxsanıncı illər Azərbaycanın ictimai, siyasi,
mənəvi həyatında yeni bir dövrün
başlanması ilə xarakterizə olunur. Dəyişilən zəmanə,
ictimai quruluş və sistem yeni insan və qəhrəman
tipini yaratmalıydı və proses bir qədər çətin
və mürəkkəb başa gəlsə də, hər
halda öz axarını tapdı. Aqil Abbas bu mənada,
müstəqillik dövrünün bütün
atributlarını özündə əks etdirən ilk
yazıçılardan oldu. Əgər belə demək
mümkünsə, AQİL ABBAS doxsanıncı illərə
qədərki ROMANTİK HƏYAT AXARINI dəyişdi, sırf
realist, özü də SƏRT REALİZM yolunu tutdu. Doxsanıncı ildən təsis etdiyi və uzun
müddət baş redaktor olduğu “Ədalət” qəzeti həm
məzmununa görə, həm də ideya-estetik prinsiplərinə
görə müstəqillik dövrünün mahiyyətini
ifadə edən ilk qəzetlərdən biri oldu. Bu qəzet
sözün həqiqi mənasında Aqil Abbasın
özünə oxşayırdı: sözü ironiya, məzə,
yumor və satirik çalarlarla ifadə etmək Aqil Abbasın
publisistikasında aydın nəzərə çarpırdı
və bu manera qəzetdəki yazılara da sirayət edirdi.Bir
sözlə qəzet də onun
özünə oxşayırdı.Və beləcə,
“Ədalət” deyəndə Aqil Abbas, Aqil Abbas deyəndə “Ədalət”
yada düşürdü. Xatırlayıram ikimininci illərin
əvvəllərini: Aqil Abbas “Ədalət” qəzeti vasitəsilə
bir sıra ədəbi qrupları və meylləri bir araya
topladı. Qəzetdə əlavə ədəbiyyat
səhifələri yaradıldı. “Karvan” (V.Yusifli)-müasir Azərbaycan
ədəbiyyatının müxtəlif nəsillərinin
yaradıcılığını təbliğ edir,
unudulmuş və unudulmaqda olan yazıçıların xatirəsini
yad edir. “Pərvanə” (Qəşəm Nəcəfzadə)- bir ədəbi məclisin
yazılarını çap edir, üstəlik, bölgələrdə
yaranan ədəbiyyata da biganə qalmır. “Körpü” (Əsəd
Cahangir)-ədəbiyyatda yenilik tərəfdarı kimi
çıxış edir, postmodernizm nümunələrini
çap edir, onları qiymətləndirir. “Alatoran” (Rasim Qaraca) –mövqeyi lap əvvəldən
məlum: “Yeni düşüncə inqilabı” adı ilə ədəbiyyatda
“köhnəliyi” qamçılayır, açıq-aşkar
Yazıçılar Birliyinə qarşı
çıxır, xarici ölkə
yazıçılarının əsərlərinə üz
tuturdu. “Turan” (Əkbər
Qoşalı)-türkçü və turançı əqidəli
cavanları ətrafına toplayıb.
İki il “Ədalət” qəzetində bu meylləri
ifadə edən yazılar çap olundu və Aqil Abbas əslində
faydalı bir iş gördü.
Müstəqillik dövrünün
yazıçısı kimi Aqil Abbas doxsanıncı illərdən
üzü bəri bir realist olaraq Azərbaycan həqiqətlərini
qələmə alır. Onun “Qiyamət gecəsi”,
“Qapqara uzun saçlar” povestlərini müəllifin uğurlu əsərləri
hesab etməsək də, bu əsərlər Aqil Abbasın
yaradıcılığında yeni meyllərin, keyfiyyət dəyişikliklərinin
yarandığından xəbər verirdi. Aqil
Abbas artıq tam professionallaşmışdı və onun bu
povestlərdə bədii imkanları qarşıdakı
uğurlarından soraq verirdi.
Belə uğurların birincisi “Batmanqılınc” povesti
olur.Aqil tarixi mövzuya, tarixi şəxsiyyətə
müraciət edir. Bu əsərdə XVIII əsr Qarabağın
tarixi-etnoqrafik mənzərəsi görünür. Aqil İbrahim xanın qardaşı oğlu Məhəmməd
bəy Cavanşiri yenilməz bir qəhrəman kimi təqdim
edir. Hərçənd ki, o, Molla Pənah
Vaqifin və oğlunun qətlinə fərman vermişdi.
Hər hansı bir yazıçını hansı
bölgəninsə nümayəndəsi kimi təqdim və təqdir
etmək fikrindən uzağıq. Aqil Abbas “külli
Qarabağın abi-həyatından” pərvəriş tapsa da,
ilk növbədə, varlığında və
yaradıcılığında böyük azərbaycançıdır.
Bu azərbaycançılığın tərkibində
həm də Qarabağ sevgisi dayanır. Əgər
belə demək mümkünsə, Aqil Abbas üçün
Qarabağla Azərbaycan bir-birindən ayrılmaz məfhumlardır.Aqilin
yazılarında Qarabağ koloriti çox güclüdür
(dil faktorundan tutmuş adət-ənənələrin təsvirinə
qədər), amma bu, məhdud məhəlləçilik səviyyəsinə
enmir. O, Qarabağı bütün tarixi keçmişi
və müasirliyi ilə azərbaycanlaşdıran
yazıçıdır. Bəli, Aqili Qarabağsız təsəvvür
etmək mümkün deyil və doxsanıncı illərin o
ağır günlərində Aqili Bakıda yox, cəbhə
bölgələrində, Qarabağın kəndlərində,
döyüşçülər və yaralılar arasında
axtarıb tapa bilərdin. Mən bir yazımda demişdim ki,
Aqil Abbas böyük Qarabağa can atan kiçik
Qarabağdır.
Bu
“kiçik Qarabağ-Aqil Abbas” “Çadırda Üzeyir
Hacıbəyov doğula bilməz”, “Dolu” və “Allahı qatil
edənlər” kimi ədəbiyyat tariximizdə yaşaya biləcək
əsərlərin müəllifidir və mən deyərdim
ki, yazıçı Aqil Abbasın sənət tərcümeyi-halının
ən şərəfli, ən qürurlu məqamları elə
bu əsərlərlə bağlıdır.
“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”
povestini Aqil Abbasın “Qarabağı necə xilas etmək
olar?” suallarından birinə cavab hesab etmək olar. O, povestin girişində
yazır ki: “Elə dərdlər var ki, onu yazmaq
üçün qüdrətli bir qələm sahibi
olmalısan. Və bu dərdi içimdən
keçən kimi yazmağa qüdrətim çatmadı.
Gücüm çata bilən qədər
yazdım”.
Aqil Abbas
təvazökarlıq edib, çünki povest, bizim fikrimizcə,doğrudan da, sənətkarlıqla qələmə
alınıb və onun hər səhifəsində yanan ürəyin
çırpıntıları eşidilir. Aqil
Abbas XX əsrin sonları Azərbaycan həqiqətini-Qarabağ
müəmmasını mükəmməl bir süjet daxilində
oxuculara açıqlayır. Bədii əsər,
əgər real hadisələrdən söz açırsa,
ilk növbədə, tarixi həqiqəti ifadə etməlidir.
Və Aqil Abbas ilk yazıçılardandır
ki, Qarabağ müharibəsi haqqında birtərəfli, səthi,
yanlış təsəvvürləri aradan qaldırır.
O, “Qarabağı necə xilas etmək olar?” sualına cavab verərkən,
igid bir sərkərdənin yaxud qəhrəman bir
döyüşçünün həyat yolunu və taleyini
deyil, müharibənin bütün
ağırlığını, dəhşətini yaşayan
adi bir insanın taleyini əks etdirməklə buna nail olur. Məllim
adlandırdığı bu adam
başdan-ayağa dərd içində olsa da, təpədən-dırnağa
qeyrət mücəssiməsidir. O, tanıdığı
yollarla Malıbəyli və oradan da Stepanakertə tərəf
yollanır, onun evini yandıran Aşotu axtarıb tapır,
qumbaranı işə salır. Özü də
həlak olur. “Yaxşı ki, Məllim öldü və
Aşotun sağ qaldığını bilmədi. Əgər Məllim də sağ qalsaydı və
Aşotun da sağ qaldığını bilsəydi,
Allahın heç olmasa bu arzusunu gözündə
qoymasına dözməzdi və ürəyi partlayardı. Amma Allah Aşota
yazığı gəldiyinə görə onu sağ
saxlamamışdı. Allah Aşotu
öldürmək xoşbəxtliyini Məllimin hazırda səngərdə
yatan oğluna saxlamışdı. Məllimin
səngərdə yatan oğlu Aşotu düz Stepanakertin
ortasında asacaqdı. O gün uzaqda deyildi”.
Povest belə bir nikbin sonluqla bitir və bizim fikrimizcə,
müəllif qayəsini də elə əsərin bu ümumi
ruhunda axtarmaq lazımdır. Yəni müəllif demək istəyir
ki, Qarabağı o zaman xilas etmək olar ki, minlərlə, on
minlərlə, yüz minlərlə azərbaycanlının
fikri Məllim kimi eyni hədəfə vursun: MÜQƏDDƏS
QİSAS HİSSİ onları çulğasın.
Aqil Abbasın “Dolu” romanına gəldikdə isə...bu əsər son illər nəsrimizdə Qarabağ mövzusuna həsr olunan ən sanballı bir nümunədir,-desək, qətiyyən səhv etmərik. “Dolu”nu ədəbiyyatımızın yeni “Qarabağnaməsi” hesab edən Nizami Cəfərov yazır ki: “Qarabağ müharibəsi ilə bağlı bu günə qədər oxuduğum və say etibarilə çox olmayan əsərlərin içərisində mən “Dolu” romanı qədər həqiqətən dolu və əhatəli əsər oxumamışam. Mənim zənnimcə, bu ilk növbədə, onunla bağlıdır ki, Aqil Abbas ümumiyyətlə, Qarabağ bölgəsinin ictimai-siyasi, sosial, coğrafi mühitini çox gözəl bilir, insanları yaxşı tanıyır, onların nəyə qadir olduğundan xəbəri var. Aqil Abbas Qarabağın ən böyük intellektlərindən tutmuş, belə deyək ki, ən xuliqan gənclərinə qədər hamısını yaxşı tanıdığından romanında yaratdığı sosial-etnoqrafik mənzərə həddindən artıq dəqiqdir və həddindən artıq da analitikdir”. Bu mənada romanda ictimai mənzərə çox güclüdür və oxucu əsərdə baş verən hadisələrin çoxşaxəliliyi ilə rastlaşır. Bu, ondan irəli gəlir ki, Aqil Abbas müharibə dövrünün mənzərəsinə doğrudan da, yaxşı bələddir və müharibə dövrünün psixologiyası onun romanında öz dəqiq bədii həllini tapır.Aqil Abbas özü deyir ki: “Mən Dünyanın Ən Varlı Şəhəri deyəndə Azərbaycanın bir şəhərini göstərsəm də, bir şəhərini nəzərdə tutmamışam. Kimin üçünsə Ağdam Dünyanın Ən Varlı Şəhəridir, bir başqası üçün Tərtər, Şuşa, Laçın, Zəngilan, Füzuli...”Dolu” romanı ilə Azərbaycandakı müharibə gerçəkliyini qələmə almağa çalışmışam”.
“Dolu” romanı bədii keyfiyyətinə, sənətkarlıq məziyyətinə görə də Aqil Abbasın ən yaxşı, deyərdik ki, ən uğurlu əsəri hesab oluna bilər. Burada hər səhnə özlüyündə bir tamaşadır: bəzən ironik, bəzən qəzəbli, bəzən də kövrək bir tamaşa...Budur, müəllif qəhrəmanlarından birinin ölüm səhnəsini belə təsvir edir: “Drakon Pələngi uzatdı otların üstünə. Gözləri açıq qalmışdı və ağacların başı üzərindən görünən bir parça aydın və işıqlı göyə baxırdı-Drakon onun gözlərini örtməyə ürək eləmədi, başını bağrına basıb saçlarından öpməyə başladı. Xeyli belə oturdu. Pələngin bir az əvvəl bir damla qan qalmayan və Drakonun dünən əzişdirdiyi üzü nura boyanmışdı, işıq saçırdı-bu dəqiqə Dünyanın Ən Gözəl Ölüsü onun qucağındaydı. O da Dünyanın bu Ən Gözəl Ölüsünü bağrına basıb ağlayırdı, amma bəbəklərindən göz yaşı axmırdı, qan axırdı, qıpqırmızı qan”.
Əgər “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” povestində müəyyən qədər macəraçılıq (sözün yaxşı mənasında!) ünsürləri diqqəti cəlb edirdisə, “Dolu” da təsvir olunan bütün hadisələr sanki sənin gözlərin qabağında olmuş, baş vermiş olaylar kimi diqqəti cəlb edir. Povestdə Qarabağ müharibəsi bir fərdin, bir obrazın taleyindən keçirsə, romanda Qarabağ müharibəsi və müharibədən sonrakı hadisələr neçə insan taleyindən soraq verir. Romanın sonunda Komandirin həbsdən qurtulmağı, acı taleyindən qaçmağı doğrudan da belə bir qənaət oyadır ki, atəşkəs rejimi hökm sürsə də, müharibə hələ bitməmişdir. Sadəcə olaraq, insanların içində bir atəşkəs yaranıb və məsələ burasındadır ki, “Dolu” tipli romanlar insanların içindəki o susqunluğa son qoymaq üçün yazılır. “Dolu” romanının bədii film şəklində meydana çıxması da tamamilə təbii və qanunauyğundur. Aqil Abbas əsərlərinin bədii film kimi yaranmasında çox gecikib. Elə “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” gözəl bir filmə çevrilə bilərdi.
Aqil Abbas o yazıçılardandır ki, həqiqəti yalanla bəzəyib oxucuya sırımır, əksinə, bütün yalanların üstündən keçib əsl həqiqəti ortaya qoyur. Aqilin “Allahı qatil edənlər” romanında da əsas qəhrəman GERÇƏKLİYİN ÖZÜDÜR, amansız həqiqətlərdir. Yeni əsərində A.Abbas bir romançı kimi bir qədər də formalaşır, qabağa gedir. Nəsrin ən çətin və ən mürəkkəb janrı olan roman XX əsrdə, elə XXI əsrdə də insanın daxili-ruhi təkamülünün ideal göstəricisi səviyyəsində bir hadisəyə çevrilmişdir. Bu janrın əsas missiyası dünyanın özünün bütövlükdə mahiyyət və mənasını açmaq, onun amansız həqiqətlərini insanın gözləri qarşısında canlandırmaq və bədii sözün qüdrətilə yaşamağın fəlsəfəsini açıqlamaqdır. Odur ki, roman kimi belə böyük bir missiyanı həyata keçirən bir janra müraciət etmək cəsarət tələb edir. Aqil Abbas belə bir cəsarəti özündə tapıb və arzu edərdik ki, o, roman yaradıcılığını davam etdirsin.
Əslində, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu” və “Allahı qatil edənlər” əsərlərini trilogiya hesab etmək olar. Üçüncü əsərdə əvvəlki iki əsərdəki hadisələrin məntiqi davamı gəlir. Müəllif diqqəti müharibəyə və onun törətdiyi faciələrə deyil, bu faciələrin dinc və sakit dövrdəki fəsadlarına, mənəvi bəlalarına yönəldir. Məlum olur ki, doğrudan da, müharibə davam edir-özü də daxildə, insanların bu müharibəyə müxtəlif münasibətində.Orduda baş verən hərcmərcliklər, xaos və müsibətlər müəllifi daha çox məşğul edir. Xaos və hərcmərclik olan yerdə böyük vətənpərvər olmaq mümkün deyilmiş! İçərimizdəki bəla və müsibətlərdən xilas olmalıyıq! Bunsuz müharibə udulmaz!
...Aqil Abbasın yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayır və hərdən Milli Məclisdə, yaxud hansı bir ictimai tədbirdəsə onun həqiqəti düz ortasından ifadə edən çıxışlarını eşidirik: Bu, Aqil Abbasdır, bu, Aqil Abbas ahəngidir! Bu ahənglə yazılan yeni romanlarını gözləyirik, Aqil!
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2013.- 16 mart.- S.20.