Min beş
yüz ilin Anarı
Yazıçını başqa adamlardan fərqləndirən
vacib cəhətlərdən biri, məncə,
yaddaşdır. Bəzən nasir öz həyatının neçə
il arxada qalmış ən xırda
nüanslarını belə yazıya alır və onu
mikroskopik dəqiqliklə yazıya gətirir. Bu,
istedaddır. Əgər
yazıçı sadəcə istedadlı yox, həm də
intellektualdırsa, təkcə fərdi yox, milli bədii
yaddaşı da öz əsərlərində yenidən
canlandırır – şübhəsiz ki, müasir formatda.
Anar müəllimin əsərlərində bu cəhətlərin
hər ikisi var – həm fərdi, həm də milli yaddaş.
Onun əsərlərinin, tərtib etdiyi kitabların təkcə
elə adına nəzər salmaq bunu görməyə kifayətdir
– “Min beş yüz ilin oğuz şeiri”, “Dədə Qorqud
dünyası”, “Dədə Qorqud kinodastanı”, “Şairin
hünəri” – Nəsimi haqqında, “Şairin zəfəri” –
Xətai haqqında, “Şairin kədəri” – Füzuli
haqqında, “Qəm pəncərəsi” – Mirzə Cəlil
haqqında, “Uzun ömrün akkordları” – Üzeyir Hacıbəyov
haqqında, “Mübarizə bu gün də var, yarın da” – Rəsul
Rza haqqında, “Cavid ömrü” ...
“Kitabi-Dədə Qorqud” türklərin Quranıdır,
Qorqud Dədə isə Peyğəmbəri. Onun da əsas
işi söz demək – oğuz igidlərinə ad verməkdir.
Qazan, Qanturalı, Beyrək, Basat... Azərbaycan ədəbiyyatında
son yüz ildə yeni ad yaradan bir neçə müəllifin
adını çəkmək olar – Hüseyn Cavid öz
Almazı, Cəfər Cabbarlı Gülüşü, Sevili,
Yaşarı, Səməd Vurğun Aybənizi, Aygünü,
Xuramanı ... ilə yada düşür. Onlardan
sonra isə Anar müəllim gəlir – özünün
Turalı və Güneli ilə. Yarım əsrdən
artıqdır ki, Anar müəllim həyatımızın ən
müxtəlif cəhətlərinə öz həqiqi
adını verir, tikənə iynə, sökənə tikan,
doyrana ayran, ayırana gəlin demir amma. Öz
Zaurunu Bamsı Beyrək kimi sevgisinə sədaqətli
olmamaqda günahlandırır, meşşanlar dünyasına
qarşı sevgi qılıncı çəkən iyirminci əsrin
Selcanının obrazını Təhminənin timsalında
yaradır. Bütün türk
dünyasında Dədə Qorqud haqqında ən gözəl
kinofilmin ssenarisini yazır. Sonra “Ağ
qoç, qara qoç”u yazır, Dədə Qorqud müdrikliyi
ilə o tay-bu taylı xalqı milli birliyə səsləyir.
Və qəribə bir ziddiyyət – bu gün Anar müəllimin
əleyhinə çıxan turallar, günellər fərqindədirlərmi,
daşıdıqları adı onlara kim
verib?! Qoy düşünsünlər, biz isə bədii
düşüncə tariximizin o biri qatına keçək...
Anar
müəllimin iş otağında Nizami Gəncəvinin
divar boyu vurulan xalça-portreti var. Mən Anar müəllimin
Nizamiyə həsr etdiyi xüsusi yazısını oxumamışam.
Amma onu Şərqin bu dahisinə bağlayan
daxili bağları görürəm. Nizaminin beş poeması var və bunu orta məktəb
şagirdi də bilir. “Xəmsə” də
beşlik deməkdir. Məncə, şairin altı
poeması var. Çünki dahi şairin axırıncı
poeması – “İskəndərnamə” əslində iki
poema-dastandan ibarətdir: “Şərəfnamə” və
“İqbalnamə”. “İqbalnamə” Nizaminin beşmərtəbəli
evinin – “Xəmsə”nin altıncı mərtəbəsi,
görünməyən qatıdır. “İqbal”
bəxt, tale deməkdir, alın yazısı isə gözə
görünməz. Nizami onun gözlə
görünməsini heç istəmirdi də. Ona görə alın yazısına dair gözlə
görülən, barmaqla sayılan xüsusi əsər
yazmamış, onu beşmərtəbənin içində
gizləmişdi. Bədəndəki beş
duyğumuz ruhun dünyaya açılan pəncərələridir.
Lakin insanın dünyaya açılan
bacası da var – altıncı hiss. “İqbalnamə” Nizaminin
altıncı hissi – “Xəmsə”nin
bacası idi. Amma əksəriyyət beşmərtəbə
standartlarını qırıb bu qata çıxa bilmir.
“Beşmərtəbəli evin altıncı mərtəbəsi”
romanının sonunda Məmməd Nəsirin dediyi kimi:
– Əgər
adamlar başa düşsəydilər ki, beşmərtəbəli
binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki...
“Beşmərtəbəli
evin altıncı mərtəbəsi” romanında
yazıçının göstərmək istədiyi məhz
“altıncı hiss” dir. Anar müəllimdə beşmərtəbə
anlayışı Nizamidə “xəmsə” deməkdir. Anar müəllimin “altıncı mərtəbəsi”
“iqbalnamədir”. Zaurlar, zivərlər, spartaklar,
dadaşlar, firəngizlər... bu “namə”ni
oxumaqdan məhrumdur. Təhminələrin faciəsi
də bundadır.
Bütün böyük ədəbiyyatın son
dayanacağı “iqbalnaməyə” – alın yazısına gəlib
çıxır. Alın yazısını Allah yazır.
Demək, “İqbalnamə”də insanın
yazdığı ilə Allahın yazdığı
qovuşur. Azərbaycan ədəbiyyatının
ən möhtəşəm iqbalnamələrindən biri
Füzulinin “Leyli və Məcnun”udur. “Beşmərtəbəli
evin altıncı mərtəbəsi”ndə hər fəslin əvvəlində
Füzulinin “Leyli və Məcnun”u və “Divan”ından epiqraflar
verilir. Bununla ustad yazıçı XX əsrin
məhəbbət faciəsini yazdığına işarə
edir. Anar müəllimi Füzuliyə
bağlayan ömrün faniliyi, dünyanın vəfasızlığı
düşüncəsindən doğan ümumbəşəri
kədərdir. Onun Füzuliyə həsr
etdiyi esse də elə belə adlanır – “Şairin kədəri”.
Füzulinin Məcnunu Leylisindən, Anar müəllimin Zauru isə
Təhminəsindən imtina edir. Amma bu imtinalar
arasında yerlə göy qədər fərq var – Məcnun
“altıncı qata” qalxa bildiyi üçün, Zaur isə
qalxa bilmədiyi üçün sevgisindən üz
çevirir. İyirminci əsrin kişisi qeyslikdən o yana keçmir, məcnun ola bilmir. Qeys ölçü deməkdir. Zaur
cəmiyyətin bayağı düşüncə
ölçülərini keçə bilmir. Altıncı qat onun üçün boşluqdan
başqa bir şey deyil. O, Təhminənin iziylə hətta
bu qata qalxır da – amma orda eşqbazlıq edən pişiklərdən
başqa bir şey görmür...
Anar müəllim bizim ən milli, eyni zamanda ən
ümumbəşəri yazıçımızdır. Onda
türkçülük də var, Şərq də, Qərb
də. Ədəbiyyatımızın
Şərqdən Qərbə keçidi Axundovla
başlayır və maraqlıdır ki, Axundovun da altı
komediyası var. Bu ateist mütəfəkkirin komediyalar toplusu
– “Təmsilat”ı Şeyx Nizaminin “Xəmsə”sinin astar
üzüdür. O, ən faciəvi məsələlərdən
gülə-gülə danışır. Onun
gülüşü Füzuli kədərinin astar
üzüdür. Mirzə Cəlil
gülüb ağlamağı, Sabir ağlayıb gülməyi
ondan öyrənib.
Axundovun altıncı komediyası Təbriz dəllallarının
fırıldağını ifşa edən məhkəmə
prosesinə həsr olunub. Bu Axundovun “iqbalnamə”sidir.
Burda Nizamidə, Füzulidə olduğu kimi Haqqın yox,
haqqın divanı qurulur. Haqq sözünü
Axundov kiçik hərflə yazır. Onu
öz dahi sələflərindən bircə hərf fərqi
– əlifba məsələsi ayırır. Axundovda bizim dediyimiz mənada altıncı məsələsi
yoxdur, amma onun əlifbası var. Çünki o, hər
şeyi yenidən yazırdı, bütün yazılar isə
əlifbadan başlayır. Sonralar Mirzə Cəlil,
Sabir, Rəsul Rza... bu əlifbaya öz hərflərini
artırdılar. Anar müəllimin “Beşmərtəbəli
evin altıncı mərtəbəsi” romanı bu əlifbanın
33-cü hərfidir. Azərbaycan ədəbiyyatının
XX əsrdə Qərb ədəbi ənənələri ilə
sintezində ən böyük xidmətləri olanlardan biri, bəlkə
də, birincisi məhz Anar müəllimdir. Amma Anar müəllimin axundovsayağı dillə
desək, “qamışlıqdan” çıxmaqdan bir vacib məqsədi
də var – Azərbaycanın mədəniyyətini dünyaya
təqdim etmək. O, “Dədə Qorqud”u çəkdi və
dünyaya göstərdi ki, bizim necə dərin tarixi mədəniyyətimiz
var. O, “Gün keçdi” filmini çəkdi və dünyaya
göstərdi ki, biz həm də müasir xalqıq və
melodram çəkməkdə fransızlardan geri
qalmırıq. O, “Uzun ömrün akkordları”nı
çəkdi və dünyaya göstərdi ki, bizim şopenlərdən,
verdilərdən, çaykovskilərdən geri qalmayan bəstəkarımız
var.
“Mirzə Fətəli haqqında ya yaxşı yazmaq
lazımdır, ya da yazmamaq”. Bu sözlər Mirzə
Cəlilə məxsusdur. “Mirzə Cəlil
dahidir və dahi həmişə diridir”. Bu
sözlər isə Anar müəllimin Mirzə Cəlilə
həsr etdiyi “Anlamaq dərdi” essesindəndir. Anar müəllimlə Mirzə Cəlil qədər
daxili bağlılığı olan ikinci yazıçı
tapmaq yəqin ki, mümkünsüzdür. Onun
danabaşları – spartaklar, alyalar, zivərlərdir... Anar müəllimin Zeynəbi – Həmidə
xaladır, Əsmərdir, Təhminədir, Novruzəlisi –
Feyzulla Kəbirlinskidir.
Ölüm həyatın, “Ölülər” Mirzə Cəlilin
altıncı qatıdır. Anar müəllimin
“Molla Nəsrəddin-66” satirik hekayələr silsiləsi
yazıçının Mirzə Cəlillə birbaşa
dialoqudur. Bu, qoşa altılıqdır,
altının iki mislidir. Anar müəllim
bu hekayələri, ümumən bütün
yaradıcılığı ilə “Ölülər” müəllifini
yenidən dirildib, ona yeni ömür verib. Anar müəllimin
“Azərbaycançılıq haqqında düşüncələri”
Mirzə Cəlilin “Azərbaycan” məqaləsi və
“Anamın kitabı” pyesindəki ideyaların yeni tarixi şəraitdəki
davamı və inkişafıdır.
Anar müəllim xalqının mənəvi
övladıdır, həm də Rəsul Rzanın oğludur.
Rəsul
Rza Azərbaycan modernist şeirinin banisidir, Anar müəllim
Azərbaycan yeni nəsrinin. Rəsul Rza sərbəst,
azad şeirin öndəri olub. Anar müəllimin
“Ağ liman”ı və “Beşmərtəbə”si insanın mənəvi
azadlığı haqqında manifestdir. Onun
“Yaxşı padşahın nağılı” hekayəsi isə
insanın siyasi azadlığı haqqında pamfletdir. “Macal”ı isə insanın güzəran
azadlığı haqqında traktatdır. İnsanın azadlığı ideyası Anar müəllimin
yaradıcılığının məhək
daşıdır. O, Azərbaycan sərbəst
düşüncəsinin lideridir. Azadlıq uğrunda
mübarizə dünən də olub, bu gün də var,
yarın da olacaq...
Altıncı – insan düşüncəsindəki
azadlığının son həddidir. Onu gələcəkdə
də yazanlar olacaq və artıq yazırlar. Günel
Anarqızının “Altıncı” povesti bu gələcəyin
ilk örnəyidir...
Gənc Ədiblər
Məktəbinin ilk toplantısında Anar müəllim də
“Natəvan” klubunda idi. Gənclərə
xeyir-dua verməyə gəlmişdi. Qəfildən
Anar müəllimin telefonuna zəng gəldi. Telefon zəngində “Laçın” xalq
mahnısı çalınırdı. Gənclər
üzrə katibimiz Rəşad Məcid üzünü bizə
tutub “Sonra bunun hansı mahnı olduğunu sizdən
soruşacam” dedi. Mən bu sualın mənasını
da, cavabını da o andaca tapmışdım. Rəşad müəllim bizi öz tarixi-mədəni
kökümüzü unutmamağa və ağsaqqal
yazıçımızdan örnək götürməyə
çağırırdı. İstədim ki, ayağa
qalxıb, – Laçın!!! – deyəm. Amma dinmədim. Təsirlənmişdim.
Çünki bunu Anar müəllimin telefonuna ən azı
1500 illik tarixdən gələn səs kimi dinləmişdim...
Dədə
Qorqud – Anarın beşmərtəbəsinin
özülüdür!
Nizami –
Anarın beşmərtəbəsinin
birinci mərtəbəsidir!
Füzuli
– Anarın beşmərtəbəsinin ikinci mərtəbəsidir!
Axundov –
Anarın beşmərtəbəsinin üçüncü
mərtəbəsidir!
Mirzə
Cəlil – Anarın beşmərtəbəsinin
dördüncü mərtəbəsidir!
Rəsul
Rza – Anarın beşmərtəbəsinin beşinci
mərtəbəsidir!
Anar –
Anarın beşmərtəbəsinin altıncı mərtəbəsidir!
Anar 75
ilin yox, 1500 ilin Anarıdır...
1500
yaşın mübarək, Ustad!!!
Ramil Əhməd
525-ci qəzet.- 2013.-
16 mart.- S.24.