Xatirələr işığında-
Osman Sarıvəlli
1970-ci ilin əvvəlləri idi. Azərbaycan
Dövlət Universitetində kitabxanaçılıq
fakültəsinin II kursunda oxuyurdum. O vaxtlar
Gürcüstan mətbuatında şeirlərim müntəzəm
çap olunsa da, Azərbaycan mətbuatına təzə-təzə
ayaq açırdım. Borçalı
mahalında, Bolnis-Kəpənəkçidə keçən
ömrümün uşaqlıq-gənclik illəri arxada
qalmışdı. O illərin mənə
bağışladığı gördüyüm,
götürdüyüm, duyduğum, yaşadığım
şirinli-acılı xatirələr idi. O xatirələr ki,
onda sazlı-aşıqlı, nağıllı-dastanlı,
bayatılı-qoşmalı, şeirli-nəğməli bir
dünya var. O xatirələr ki, yaddaşıma yazılan,
könlümə köçən, canıma hopan
duyğularla zəngindir. Bu zənginliyin
içində müasir poeziyamızda sevdiyim, sevə-sevə əzizlədiyim
Osman Sarıvəlli kimi ustad bir sənətkar da var idi. Borçalıda heç bir saz-söz məclisi
S.Vurğunsuz, O.Sarıvəllisiz, H.Arifsiz (o illərdə
Hüseyn Hüseynzadə) keçməzdi. “Ay
mamoğlu”, “Günah onun özündədir” şeirlərini
bilməyən aşığı məclisə
qoymazdılar. Osman Sarıvəllinin əksər
şeirlərini kitabdan oxumazdan çox-çox əvvəl mən
Borçalı aşıqlarının, xüsusən
Aşıq Əmrahın və Kamandarın dilindən
eşitmişəm.
Günlərin birində xəyalımda əfsanələşən
Osman Sarıvəllinin üzünü görmək, səsini
eşitmək, məsləhət almaq, ustaddan xeyir-dua eşitmək
üçün Yazılar İttifaqına yollandım. Ömrüm
boyu yadımdan çıxmaz. İlk dəfə
pilləkənləri qalxanda həyəcandan dizlərim əsirdi.
Xəyalımdan keçən bu idi ki, deməli
bu pillələrə Səməd Vurğunun ayaqları dəyib.
Bu divarlara Səməd Vurğunun nəfəsi
toxunub. Utancaq bir hisslə ikinci mərtəbəyə
qalxdım. Foyedə məni Səməd
Vurğunun bənzərsiz böyük bir şəkli
qarşıladı. Şəklə
heyran-heyran baxıb yan otağa keçdim. Taleyin qisməti, Allahın xoşbəxtliyi idi.
İki ustad şair otaqda şirin-şirin söhbət edirdilər:
Osman Sarıvəlli və Hüseyn Hüseynzadə. İcazə alıb içəri girdim. Borçalı qaydası bağır basıb
baş əydim. Salamlaşdıq. Məni çox səmimi qarşıladılar.
Elə ilk görüşdən söhbətimiz
alındı. Şeirlərim haqqında ilk dəfə
“Uğurlu yol” yazan Hüseyn Hüseynzadəni, ilk kitabım
olan “Könlümün səsi” haqqında ilk dəfə
böyük səxavətlə məqalə yazan Osman
Sarıvəllini – onların qayğısını,
yaxşılığını, xeyirxahlığını
ömrüm boyu unutmaram. İlk
görüşdən sonra görüşlərimizin sayı
çoxalır, səmimiyyət meydanı daha da genişlənir,
aramızda hər iki şairlə nəfəs
doğmalığı, ata-oğul, ağsaqqal, ustad-şagird
məhəbbəti yaranırdı. Hər
görüşdə ustada şeirlər oxuyurdum. Ustad da məni həvəsləndirir, sevinir, məni
də sevindirirdi. Bu görüşlərdən
aldığım təəssürat çox geniş və rəngarəng
olsa da, qısaca belə xarakterizə etmək olar: Osman
Sarıvəlli bir şair kimi gənclərə qarşı
həssas və tələbkar, xeyirxah və səmimi, dilimizi
bütün zənginliyi ilə bilən və öyrədən,
təbiəti misilsiz dərəcədə duyan və şeirə
gətirən, bütün güllərin, çiçəklərin,
quşların adını tanıyan, torpağa,
torpağın dilinə dərindən bələd olan, qəlbini,
ruhunu, duyğularını saz üstündə kökləməyi
bacaran, xalqının içindən çıxan, xalqı
içərisində gəzdirən, elin-obanın dilini
bütün incəliklərinə qədər anlayan və
anladan ustad bir sənətkar idi. Osman Sarıvəlli
mənim yaddaşımda gözəl bir insan, nurlu bir
ağsaqqal, işıqlı bir şəxsiyyət, ləyaqət
və təvazökarlıq timsalı, dumduru yaz çeşməsinə
bənzəyən bir varlıq kimi qalıb. Bütün yazıçılar və şairlər,
sənət adamları, ümumən ziyalılar ona “Osman
qağa” deyə müraciət edərdilər. Çünki onun ədəbiyyatımıza,
şair və aşıqlarımıza xidmətində, ədəbi
gəncliyə qayğısında qağalıq da var idi, dədəlik
də, ustadlıq da. Müasir
poeziyamızın görkəmli nümayəndələrindən
elə bir şair təsəvvürə gətirmək olmur
ki, Osman Sarıvəlli haqqında bir-birindən gözəl məqalələr
yazmamış, ona şeir həsr etməmiş olsun.
Böyük Səməd Vurğun deyirdi ki: “Bu, Osmanın nərəsidir,
Yurdumuzun öz səsidir!” Təkcə bu beyt
çox böyük mənəvi dəyərlərdən xəbər
verir.
Bir gün təsadüfən Nizami küçəsində
qarşılaşdıq. Ömrünün ixtiyar
çağlarını yaşayan şair
Yazıçılar İttifaqından çıxıb evlərinə
gedirdi. Görüşdük, hal-əhval tutduq.
Vəziyyətini soruşdum. “Bir az nasazam”,
– dedi. Borçalıdan, Başkeçiddən təzəcə
qayıtdığımı dedim. Borçalı
ağsaqqallarının ustada salamlarını yetirdim. Kövrəldi, gözləri doldu. Dedim, ustad,
niyə kövrəlirsən? Ustad mənalı-mənalı
xeyli üzümə baxıb dedi: “Cavansan, sağlıq olsun,
mənim kimi 60 il şəhərdə yaşa, mənə
verdiyin sualın cavabını onda özün tapacaqsan, ancaq o
zaman biləcəksən ki, mən niyə kövrəlirəm.”
Bu duyğular məni rahat buraxmadı. Ustadın
kövrək danışığı, titrəyən səsi,
yaşaran gözləri “Gəl çıxaq gəzməyə,
ay Osman qağa!” adlı şeirin yaranmasına səbəb
oldu. Bir
neçə gündən sonra şeiri ustada oxudum, çox
xoşuna gəldi. İkinci bənddəki “Min dəfə
baxsa da, doymamış baxan” misrasını “bezməmiş
baxan” oxuyan kimi, dərhal reaksiya verdi. Yəni o günə qalmışıq ki, bizdən
bezə də bilərlər. Səhvimi
başa düşüb ustaddan üzr istədim, şeirə
düzəliş verdim. Bir neçə gündən
sonra gülə-gülə özünəməxsus təvazökarlıqla
– şeirinə cavab yazmışam, – dedi. Yanğılı,
həsrətli bir ləngərlə şeiri oxumağa
başladı. Gənclik illərini kövrək bir hisslə
xatırlayıb yenidən bir bənd şeir oxudu: “Nə
dağlar çəkirdi mənə dağ yolu, Yaşadım
cibim boş, ürəyim dolu”, – Səyalı xanıma o zaman
yazdığım şeirdəndi, – dedi. Səyalı
xanım, doğrudan da, xanımlar xanımı bir qadın,
Osman Sarıvəlliyə yaraşan həyalı bir həyat
yoldaşı idi. Allah hər ikisinə rəhmət eləsin!
Qəbirləri Şıxlı qəbiristanlığındadır.
Dəfələrlə o qəbirlərin ziyarətinə
getmişəm. Məni Qazağa çəkən,
Şıxlı təpəsinə qaldıran, ustad
şairimizin və xanım anamızın ziyarəti idi.
Dilinin əzbəri Səməd Vurğun idi. Elə
görüşümüz yadıma gəlmir ki, o, Səməd
Vurğunu xatırlamamış olsun. Lap kövrələndə
dərindən ah çəkib – “Eeeh, Səməd, Səməd”,
– deyərdi. Səməd Vurğunun
üzünü görməyən ədəbi gənclik Osman
Sarıvəllidən Səməd Vurğunun ətrini almaqla təskinlik
tapırdı.
Səməd Vurğun haqqında “Qalacaqdır dünyada”
adlı xatirələr toplusu çap olunmuşdu. O kitabda
çoxlarının xatirələri olsa da, Osman Sarıvəllinin
xatirəsi yox idi. Bir gün soruşdum ki, ustad,
bu kitabda sizin niyə bir xatirəniz yoxdu?
Başını buladı və böyük təəssüf
hissi ilə dedi ki, “o kitabda mənim necə xatirəm ola bilər ki, orda elə müəlliflər
xatirə çap elətdiriblər ki, onlar vaxtilə Səmədin
ölümünə fərman vermək istəyir,
üzünə gülür, kürəyinə bıçaq
endirirdilər.”
Təzəcə
“Xalq şairi” adına layiq
görülmüşdü. Ziyarətinə, təbrikinə
getdim. Heç bir dəyişiklik, həyəcan,
sevinc, yenilik hiss etmədim. Təəccübləndin
və təəccübü gizlətmədim. “Ay Osman
qağa, sizə xalq şairi adı veriblər, heç
sevincinizi hiss etmirəm”, – dedim. Çox təvazökarcasına
– çox sağ olsunlar, bu adı veriblər, ancaq bir de
görüm, mən bu fəxri ada görəmi şairlik eləmişəm,
– dedi. Dünyagörüşü,
gözütoxluq, səbr, təmkin, ədəbi halallıq,
dünyadan heç nə ummamaq ləyaqətini mən Osman
Sarıvəllidə gördüm.
“Mənim şeirlərimin dörd misralıq bayatı qədər
ömrü olaydı” deyərdi.
“Yer üzündə hələ xalqdan böyük
şair yaranmayıb” deyərdi.
“Səməd Vurğundan analar nə doğub, nə
doğacaq” deyərdi.
“Ayağın torpaqdan üzülməsin” deyərdi.
“Bircə
könül gətir mənə gələndə,
O
böyük qəlbinlə fəxr edim mən də”, – deyərdi.
Dünyaya, insana, insanlığa, gəncliyə və cəmiyyətə
həmişə könlünün gözü ilə
baxardı. Ustadın nə qədər maraqlı söhbətlərinə
qulaq asmışam, ömrümdə bir dəfə o
kişinin dilindən qeybət eşitmədim, kiminsə
bostanına daş atdığının şahidi olmadım.
Əli halal, dili halal, qələmi halal bir
ömür yaşadı Osman Sarıvəlli.
Ləyaqətin
varsa taparlar səni,
Şan-şöhrət
dalınca qaçmaq
əbəsdir, – dedi.
Könül,
kef də çəkdim, əzab da çəkdim,
Çəkdiyim
kefi də əzabda çəkdim, – dedi.
Alnının
tərinə, əlinin qabarına,
qələminin gücünə arxalandı.
Döydü
yağış məni, döydü qar məni,
Bir
qarışqa minsəm, aparar məni, – dedi.
Ən ağır gündə, ən dar məqamda, ən
çətin anda, dolu döyəndə, sel aparanda dosta sədaqətini
itirmədi. Dözdü, dayandı. Ləyaqətinin,
kişiliyinin və şairliyinin hesabına!
Şairin
tanrısı gözəl əsərdi,
Can qoyub
yaratmaq böyük hünərdi.
Qərib əyləncələr
gəldi gedərdi,
Hər kəsin öz yarı qalır, qadası.
“Gətir oğlum, gətir” – deyib
yaratdığını sevə-sevə yaratdı. Hər
şeirə Tanrı kimi tapındı. Qərib
əyləncələrə, ötəri-itəri
vıyıltılara meyil salmadı.
Hər
kiçik bayatı xalqın səsidir,
Kamal dünyasının xəzinəsidir.
– deyib
xalqın min illər boyu yaratdığı mənəvi sərvətlərə,
əxlaqi dəyərlərə, folklora, şifahi xalq ədəbiyyatına,
Vaqifdən, Vidadidən süzülüb gələn duruluq,
saflıq poeziyasına üz tutdu.
Səhər-səhər
sərin yellər əsəndə,
Uçan xəyalımı tapıram səndə.
Vaqif bu
dünyadan köçüb gedəndə,
O, səni
tapşırdı mənə, bənövşə.
– deyib şair babasının əmanətinə
– bənövşəsinə təzə bir abidə qoydu. Bəxtiyar
Vahabzadə də, Nəbi Xəzri də, Hüseyn Arif də,
Nəriman Həsənzadə də, Tofiq Bayram da, Qabil də,
Cabir Novruz da, Xəlil Rza da, Məmməd Araz da, o
dövrün sayılan-seçilən görkəmli ziyalıları
da Osman Sarıvəlli deyəndə, Osman qağa deyəndə
daha da gözəlləşir, daha da ucalırdılar.
Osman
Sarıvəlli, sözün əsl mənasında, sənət
müəllimi idi. Dilimizin ustadı idi. Özündən sonra gələn şairlər nəslinə
bir örnək idi. Böyük Səməd
Vurğunun könül dostu gəncliyin və gənclərin
ürək dostu idi.
On beş ilə yaxın bir müddətdə
böyük ustadla yaxın oldum, doğmalaşdım,
övladlarından biri kimi məni əzizlədi. Bir-birindən əziz olan övladlarını
özümə dost-qardaş bildim. Ailənin
bir üzvünə çevrildim. Osman
Sarıvəllinin evində başdan-başa sədəfə
tutulmuş bir saz var idi. Hər dəfə
mən ora gedəndə o sazı çaldırar, qulaq asmaqdan
doymazdım.
Bir dəfə
söhbətlərimizin birində “Günah onun özündədir”
şeirinin yaranma tarixindən danışdı: “Səməd
ağır xəstə yatırdı. Yanına
getmişdim. Söhbətimizin kədərli bir anında
“ Osman, bir o sazı mənə ver”, – dedi. Mən sazı Səmədə verdim. İstədi sazı “Qaraçı” havasına
kökləsin, kökləyə bilmədi. Barmaqları o qədər gücdən
düşmüşdü ki, telləri pərdələrin
üstə yatırdıb istədiyi səsi ala bilmirdi. Vəziyyəti belə görəndə göz
yaşları məni boğdu. Üzümü
divara tutdum ki, Səməd ağladığımı görməsin.
Bu şeir onda doğuldu:
Dostum, incə
barmaqların
Sədəflərin üzündədi.
Mənim
meylim bir sazında,
Bir də şirin sözündədi.
Zaya getməz
alın tərin,
Bir gün bitər şah əsərin.
Arzuların,
diləklərin
Hələ sənin gözündədi.
Osman, ələ
alma əsa,
Yaş dolanda batma yasa.
Hər kim yüz il yaşamasa,
Günah onun özündədi.
Bu şeir qısa bir zamanda dillər əzbəri oldu. Aşıqların,
müğənnilərin dilindən düşmədi. Osman Sarıvəllinin elə şeirləri var ki,
xalq mahnısı kimi oxunub, xalq içində yayılıb.
Bu da onun bir ustad şair kimi xalqı
yaxşı tanımağından, xalqa yaxın
olmağından irəli gəlir.
Yaddaşımda
bir Osman Sarıvəlli yaşayır – el nəfəsli, torpaq
canlı, xalq ətirli, təbiət naxışlı, qartal
qıylı, tərlan havalı Osman Sarıvəlli!
Yaddaşımda bir Osman Sarıvəlli yaşayır – eldən-obadan,
adətdən-ənənədən, sazdan-sözdən,
arandan-yaylaqdan, dağdan-binədən söz düşəndə
qəlbi kövrələn, ruhu incələn, yanağı
allanan, dodaqları titrəyən, yay kimi
açılıb-sıxılan Osman Sarıvəlli!
Zəlimxan Yaqub,
Xalq şairi
525-ci qəzet.-
2013.- 16 dekabr.- S.25.