Həkim-bəstəkar
Məni hər
zaman uşaqlıq illərimə qaytaran bir mahnı var –
“Eşqimin növrağı”. Bu mahnını ilk dəfə
orta məktəbdə oxuduğum illərdə, 1959-cu ilin
baharında kənd klubunda nümayiş etdirilən “Ögey
ana” filminə baxarkən eşitmişdim. Ceyhun Mirzəyevin
böyük istedadla oynadığı İsmayılın
şəxsində uşaq aləminə də geniş yer
verilmiş bu filmə göz yaşları içində
baxmışdım. Onda elə bilmişdim ki, bu hal yaşa
dolduqca məni tərk edəcəkdir. Lakin belə olmadı,
bu filmi bu gün də seyr etdikdə məni duyğulandırır.
“Eşqimin növrağı” da elə o zamandan xanəndə Əbülfət
Əliyevin səsi ilə yaddaşıma hopmuşdu. Mən bu
mahnının ilk ifaçısı Əbülfət Əliyevin,
bəstəkarı Hacıbaba Həsənovun sorağına
çox sonralar düşdüm. Əbülfət Əliyevlə
onun altmış illiyi münasibəti ilə radio üçün
veriliş yazanda tanış olmuşdum. Hacıbaba Həsənovla
isə...
1994-cü
ilin 27 dekabrında filarmoniyada Əbülfət Əliyevin
xatirə gecəsini keçirirdik. Gecənin keçirilməsinin
təşəbbüskarı da, aparıcısı da mən
idim. Gecəyə xanəndə ilə bir səhnədə
çalışmış, onunla dostluq etmiş dəyərli
sənətkarları dəvət etmişdim. Gecədə
Sara Qədimova, Süleyman Ələsgərov, Vasif
Adıgözəlov, Yaqub Məmmədov, Mürşüd Məmmədov,
Əlibaba Məmmədov, İslam Rzayev, Canəli Əkbərov,
Qaraxan Behbudov, Eynulla Cəbrayılov iştirak edirdilər. Mən
illərlə yaddaşımda oxunan “Eşqimin
növrağı” mahnısının bəstəçisi
Hacıbaba Həsənovu da gecəyə dəvət
etmişdim. Nə gizlədim, o xatirə gecəsinə görə
bu gün məmnunluq hissi keçirirəm. Çünki
Hacıbaba Həsənovun, xanəndə Mürşüd Məmmədovun
və Eynulla Cəbrayılovun yeganə canlı
görüntüləri, çıxışları və
oxumaları bu gecənin lent yaddaşında əbədiləşibdir.
Gecədə Hacıbaba Həsənov Əbülfət Əliyev
haqqında və “Eşqimin növrağı”
mahnısının yaranma tarixçəsi barədə
maraqlı xatirə söylədi. Mən onun o gecədəki
çıxışını olduğu kimi möhtərəm
oxuculara çatdırıram:
– “Mən
əllinci ildə Əhmədli qəsəbəsində
ansambl düzəltmişdim. Elə o zaman bir neçə
mahnı bəstələmişdim. Cavan vaxtlarımda Novruz Gəncəliylə
dostluq edirdim. Onun sözlərinə “Bənövşə”,
“Yanıma gələndə”, bu gün “Şahnaz” təsnifi
kimi oxunan “Gecələr yuxusuz qoymusan məni”, Əliyar
Yusiflinin sözlərinə “Ellər gözləyir”, Nəbi
Xəzrinin sözlərinə “Bu yerdə”, Bəxtiyar Vahabzadənin
sözlərinə “Yağma yağış”
mahnılarını yazmışdım. Bir gün radioda Əbülfət
Əliyevin konsertinə qulaq asırdım. Onun ifasında “Ellər
gözləyir” mahnımı eşidəndə çox
sevindim. Çünki Əbülfət elə incə
zövqlü sənətkar idi ki, hər mahnını
oxumazdı. Səhəri gün mən filarmoniyaya gəlib Əbülfəti
tapdım, mahnımı oxuduğu üçün ona təşəkkür
etdim. “Yağma yağış”, “Yanıma gələndə”
mahnılarımın mətnini, notunu ona verdim. Xahiş etdim
ki, xoşuna gəlsə, oxusun. Çox keçmədi Əbülfət
bu mahnıları oxuyaraq dillər əzbəri etdi... Bir
gün mənə dedilər ki, Əbülfət səni
görmək istəyir. Mən filarmoniyanın bağında Əbülfətlə
görüşdüm.
– Xeyir ola,
– dedim, – məni axtarmısan.
– Hə,
– dedi,- səninlə xüsusi söhbətim var.
–
Eşidirəm.
– Bilirsən
ki, bizim mahnıların əksəriyyəti “Segah”, “Şur”,
“Çahargah” muğamı üstündə yazılıb.
“Hümayun” muğamı üstündə elə bir mahnı
yoxdu. İstəyirəm “Hümayun” muğamı üstə
bir mahnı yazasan, oxuyam.
Dedim,
yazaram, amma gərək əvvəlcə “Hümayun”
muğamını oxuyasan qulaq asam.
Əbülfət:
– Gedək evə, oxuyum, – dedi. Biz bir nəfər
tarçalanla onlara getdik. Əbülfət, doğrudan da,
gözəl bir “Hümayun” oxudu.
– Hə,
nə deyirsən, yaza bilərsən? – soruşdu.
– Yazaram,
ancaq gərək əvvəl mahnının mətnini
yazdıraq.
–
Yazdır.
– Nə məzmunda?
– Bir
qadına sədaqətdən, vəfadan... Amma “Hümayun”
çox kədərli muğamdı, elə bəstələ
ki, mahnın mərsiyə olmasın, – dedi. – Oynaq olsun.
–
Arxayın ol, oynaq bir mahnı yazacam, – dedim. Mən Əbülfətdən
ayrılıb “Azərbaycan gəncləri” qəzetinin
redaksiyasına getdim. Dostum şair Novruz Gəncəli orda
işləyirdi. Onu tapıb, məqsədimi dedim. O məni o
zaman “Ədəbiyyat və incəsənət” qəzetinin
baş redaktoru, mərhum Qasım Qasımzadənin yanına
göndərdi. Mahnının məzmununu Qasım müəllimə
danışdım. O razılaşdı, iki-üç
gün möhlət istədi. Doğrudan da, Qasım müəllim
üç gündən sonra mahnının sözlərini
yazıb mənə verdi. Şeir “Eşqimin
növrağı” adlanırdı.
Mahnını
tezliklə yazıb Əbülfətgilə getdim, pianoda onun
üçün çalıb zümzümə etdim. O,
mahnını bəyəndi.Aradan çox keçmədi ki, Əbülfət
konsertlərdə, radioda mahnını böyük
ustalıqla oxudu”.
Hacıbaba
Əbdüləli oğlu Həsənov 13 sentyabr 1922-ci ildə
Əhmədli kəndində anadan olub. 1942-47-ci illərdə
Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsində təhsil alıb. Bir müddət Əhmədli
kənd xəstəxanasında həkim, baş həkim
işləyib. Lakin musiqiyə məhəbbət həkim
Hacıbaba Həsənovu daha çox özünə çəkirdi.
O, meylini kamançaya salmışdı. Qızı
Gülşən xanımın söylədiyinə görə
pəsdən gözəl səsi də varmış.
Hacıbaba
Həsənov doğulduğu Əhmədli kəndində
musiqi həvəskarlarını öz ətrafına
toplayıb xor və orkestr düzəltmişdi. O, 1947-ci ildə
respublika üzrə keçirilmiş kənd bədii özfəaliyyət
olimpiadasında iştirak etmiş, burada onun “Sovet xalqı”
kantatası ifa edilmiş, Fəxri Fərmanla təltif
olunmuşdu. Bu Fəxri Fərman onun yaradıcı həyatında
birinci və axırıncı deyildi. O, 1955-ci ildən 1972-ci
ilin may ayına kimi Əhmədli qəsəbəsində
S.M.Kirov adına Mədəniyyət evinin bədii rəhbəri
olmuş, 50-60-cı illərdə respublikada keçirilən
bədii özfəaliyyət baxışlarının
hamısında iştirak etmiş və hər dəfə də
uğurlu işlərinə görə müxtəlif
mükafatlarla təltif olunmuşdu.
Həkim-bəstəkar
Hacıbaba Həsənov 1952-ci ildə Moskvada Ümumittifaq
xalq yaradıcılığı evində ikiillik qiyabi musiqi
kursunu bitirmişdi. O daha sonra Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasında da təhsil
almışdı.
Hacıbaba
Həsənovun xalq ruhunda yazdığı “Tarçalan
oğlan”, “Xatirələr”, “Eşqimin növrağı”,
“Yağma yağış”, “Unuda bilmirəm”, “Təmiz
eşqin” və s. mahnıları dillər əzbəridir. Hətta
müəllifin sağlığında belə bu
mahnıların bəzilərini müğənnilər təsnif
kimi oxuyurdular. Əlbəttə, bu bir tərəfdən
yaxşıydı, mahnısı sevilirdi, səslənirdi, digər
tərəfdən haqsızlıq idi, müəllif kimi
adı çəkilmirdi.
Musiqiyə,
bəstəkarlığa məhəbbət Hacıbaba Həsənovu
bütün ömrü boyu tərk etməmişdi. O,
psixologiya üzrə elmlər namizədi olsa da (Hacıbaba Həsənov
12 dekabr 1956-cı ildə aspiranturaya qəbul olunmuş, 12 noyabr
1959-cu ildə oranı bitirmişdir – M.Ç.), uzun illər
Azərbaycan Dövlət Pedaqoji İnstitutunda musiqi və nəğmə
üzrə dərs demişdi. Tələbəsi Natiq Səfiyev
“Müəllimim” adlı məqaləsində Hacıbaba Həsənovu
yad edərək yazır:
“Hacıbaba
Həsənov mənim müəllimim olub. APİ-nin ibtidai təhsilin
pedaqogikası və metodikası fakültəsində ibtidai
sinifdə tədris edilən bütün fənlər üzrə
dərslər keçirilirdi. Hesab, təbiətşünaslıq,
bədən tərbiyəsi, əmək dərsləri ilə
yanaşı, musiqi və nəğmədən də məşğələlərimiz
olurdu. Burada hörmətli bəstəkarlarımız Şəfiqə
Axundova və Hacıbaba Həsənov musiqi və nəğmə
dərslərini tədris edirdilər. Bu məşğələləri
biz səbirsizliklə gözləyərdik. O vaxt Hacıbaba Həsənovun
mahnıları sevimli müğənnilərimiz tərəfindən
həvəslə oxunurdu. Hacıbaba Həsənov çox sadə,
diqqətcil, mehriban bir insan idi. O, hər kəslə elə
davranırdı ki, onu öz yaxının və doğman
hesab edirdin. O vaxt onun populyar mahnıları olan “Tarçalan
oğlan”, “Xatirələr”, “Unuda bilmirəm”, “Eşqimin
növrağı”nı sevə-sevə oxuyurduq. Az-çox səsim
olduğundan o mənə deyərdi: “Natiq, sən mütləq
oxumalısan, sənin gözəl səsin var”. Çox təəssüflənirəm
ki, hörmətli müəllimimin sözlərinə qulaq
asmadım. O, dərsləri elə maraqlı keçirdi ki, 90
dəqiqənin nə vaxt gəlib ötdüyünü belə
hiss etməzdik” (N.Səfiyev. “Yadda qalan günlərim”, səh.
124 – 125).
Altmışıncı
illərdə institutun rektorluğu onu çox sevdiyi musiqi və
nəğmə fənninin tədrisindən ayırıb
psixologiya kafedrasına baş müəllim təyin edir. Hər
bir işə məsuliyyətlə yanaşan Hacıbaba
müəllim üçün bu yeni təyinat ilk vaxtlar
çox darıxdırıcı olur. Çünki o, musiqiyə
köklənmiş beynini, qəlbini, məruzələrini
indi də psixologiya üzrə kökləməliydi.
Hacıbaba
Həsənov fəal şəxsiyyət idi. O, pedaqoji fəaliyyətlə,
bəstəkarlıq etməklə yanaşı, APİ-nin “Təhsil”
müəllimlər ansamblının da üzvü idi. Bu
ansamblda kamança çalırdı. “Təhsil”
ansamblının repertuarında onun mahnıları xüsusi
yer tuturdu.
O, bir bəstəkar
kimi şairlərdən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri,
Novruz Gəncəli, Arif Cəfərov və başqaları ilə
sənət dostluğu edirdi. Hacıbaba Həsənov duyub
hiss etdiyi, onu təsirləndirən ovqatdan ilhamlanıb
yazırdı. Buna görə də mahnıları sevilirdi.
Onun ünvanı bəlli mahnıları da vardır.
1946-cı ildə hələ AMİ-nin V kurs tələbəsi
olarkən dostu Novruz Gəncəlinin sözlərinə “Bənövşə”
mahnısını yazmışdı. Bu mahnı o zaman Lenin
adına kombinatın adlı-sanlı toxucusuna həsr
olunmuşdu.
Hacıbaba
Həsənov lap gənclik illərindən Novruz Gəncəli
ilə dostluq edirmiş. O, tez-tez Əhmədliyə,
Hacıbaba Həsənovgilə gəlirmiş. Bir dəfə
təsadüfən Hacıbabagilə gələndə vaxtilə
sevdiyi qızla qarşılaşır. Bu gözlənilməz
görüşdən duyğulanan Novruz Gəncəli
Hacıbabagilə gələn kimi “Unuda bilmirəm” adlı bir
şeir yazıb dostuna verir və əhvalatı ona
danışır.
Hacıbaba
da bu əhvalatdan təsirlənib kamançasını
götürüb həyətdəki tut ağacının
altında sonralar dillər əzbəri olacaq “Unuda bilmirəm”
mahnısını yazır:
Deyirlər
ki, yoxdur sevgi, məhəbbət,
Bir-birinə
qız-oğlan edir adət,
Doğrudan
da, yoxsa saf eşq, məhəbbət,
Neyçin
səni bəs unuda bilmirəm.
Görkəmli
bəstəkar Ağabacı Rzayeva “Gözəl mahnılar”
adlı məqaləsində Hacıbaba Həsənov
haqqında yazırdı: “Yaxşı yadımdadır,
1953-cü ilin isti yay günlərindən biri idi. Azərbaycan
Sovet Bəstəkarları İttifaqında yeni əsərlər
müzakirə olunurdu. O vaxt bizim aramızda ortaboylu, gülərüzlü
bir gənc də oturmuşdu. O, ifa olunan mahnılara çox
diqqətlə qulaq asırdı. Onun musiqini yaxşı
duyması hamının nəzərini cəlb etmişdi. Bir
azdan sonra həmin gəncin yazdığı “Bənövşə”
mahnısını dinlədik və bizim xoşumuza gəldi.
Bu istedadlı gənc bir sıra şirin mahnıları ilə
indi dinləyicilərin dərin rəğbətini
qazanmış həvəskar bəstəkar, həkim
Hacıbaba Həsənov idi. İndi o, “Yağma
yağış”, “Tarçalan oğlan”, “Ellər gözləyir”,
“Yanıma gələndə” və bir sıra başqa gözəl
mahnıların müəllifidir.
Hacıbabanın
mahnıları xalq tərəfindən məhəbbətlə
dinlənilir. O, zəngin xalq musiqisinin rəngarəngliyinə
diqqət yetirir və öz mahnılarında ondan bəhrələnir.
Hacıbabanın “Bayatı-Şiraz” (“Bənövşə”),
“Hümayun” (“Eşqimin növrağı”), “Şur” (“Xatirələr”)
və sair muğamlar əsasında yazdığı mahnıları
diqqətəlayiqdir. Bu mahnılarda gənc bəstəkar xalq
musiqisindən yaxşı istifadə etmişdir.
Bəstəkarın
yazdığı mahnılar mövzu etibarilə çox
müxtəlifdir. Onun “Vətənim”, “Sənin gözlərin”,
“Kitabxanaçı qız” (həyat yoldaşına həsr
olunmuşdur – M.Ç.) və sair mahnılarının
notları respublikamızın qəzet və jurnallarında dərc
edilmişdir.
Hacıbaba
gözəl mahnılarla yanaşı, süita da yazır.
Onun dörd hissədən ibarət “Gənclik” süitası
özfəaliyyət kollektivləri tərəfindən
müvəffəqiyyətlə ifa olunur” (“Bakı” qəzeti, 15 avqust 1959-cu il).
Unudulmaz bəstəkarın
sözlərində böyük həqiqət var. Poeziyaya
aşiyan olan Hacıbaba Həsənov mahnıları
üçün məzmunlu mətn seçməyi
bacarırdı. Elə buna görə də onun
mahnılarında poeziya ilə melodiya vəhdətdədir.
Onun mahnıları dinləyiciyə zərif duyğular, bəşəri
hisslər aşılayır.
Hacıbaba
Həsənov operetta janrında da qələmini
sınamışdır. O, dramaturq Məhərrəm Əlizadənin
“Şeyx Rəhmətullah” komediyasına musiqi bəstələmişdir.
Vaxtilə Xalq artisti Məlik Dadaşovun “Qaravəlli” xalq
teatrında səhnəyə qoyduğu bu musiqili komediyanın
“şirin və lirik melodiyaları” (A.Ağazadə)
tamaşaçılar tərəfindən hərarətlə
qarşılanmışdır.
Bəstəkar
bu uğurundan fərəhlənərək “Boyaqçı Kərim”
adlı ikinci operettasını da yazmışdır. Vaxtilə
hər iki əsər Azərbaycan televiziyası ilə
nümayiş etdirilmişdir.
Hacıbaba
Həsənovun şəxsi arxivində bəstəkarın
öz əli ilə yazdığı bir dəftərçə
də vardır. O bu dəftərçəyə mahnı və
romanslarının, süitalarının,
marşlarının adlarını, yaranma tarixini,
janrını qeyd etmişdir. Bu qeydlərdən bəlli olur
ki, Hacıbaba Həsənov ilk musiqi əsərini 1934-35-ci illərdə,
lap gənc yaşlarında yazmışdır.
Bəstəkarın
qızı Gülşən xanım atasının Üzeyir
bəyin şəxsiyyətinə, musiqisinə sonsuz məhəbbət
bəslədiyini, onun “Leyli və Məcnun”, “Koroğlu”
operalarını əzbər bildiyini söyləyir. O,
övladlarını da Üzeyir bəyin ölməz
musiqisinin sədaları ilə tərbiyə edirmiş.
Uşaqlarına Üzeyir bəyin ariya və
romanslarını oxudub maqnitofon lentinə yazdırar, sonra
qulaq asarmış.
Hacıbaba
Həsənov gecələr işləməyi çox
sevirmiş. Əvvəllər yazdığı musiqini nota
başqası köçürürmüş, sonralar notu
öyrənib bu vacib işi özü görürmüş.
Mahnılarını royal arxasında oturub bəstələyər,
sonra isə kamançada zümzümə edə-edə
çalarmış. Pəsdən Məhəmməd
Füzulinin
Ey
gül, nə əcəb silsileyi-müşki-tərin var,
Vey sərv,
nə xoş canalıcı işvələrin var,
mətləli
qəzəlini oxumağı çox sevirmiş.
Həkim-bəstəkarın
150-yə qədər mahnı və romansının,
süitasının heç də hamısı ifa
olunmayıb. Onun musiqi irsi hələ də öz peşəkar
tədqiqatçısını gözləyir.
Hacıbaba
Həsənov ömrünün son bir ilini çox
ağır keçirib. Xəstəlikləri düzgün təyin
etməkdə çox mahir olan bu həkim-bəstəkar
yarızarafat, yarıgerçək deyirmiş ki, özüm
həkiməm, amma 12 dərdim var.
Bəstəkarın
arxivində “İlahi, genişdir dərgahın sənin”
adlı bir şeiri var, hiss olunur ki, bu motivdə mahnı bəstələmək
fikrində imiş. O yazır:
Kainat
sonsuz, ulduzlar saysız,
Hərlənib-fırlanır
hər şey zamansız.
Günahkar
insanlar gəzər məkansız,
İlahi,
genişdir dərgahın sənin.
... Qoy
tanrı yar olsun bizə hər zaman,
Bəşərin
övladı gətirsin iman.
Hacıbaba
qulun da olmaz bədgüman,
İlahi,
genişdir dərgahın sənin.
Unudulmaz bəstəkar
2 fevral 1997-ci ildə vəfat etmiş və doğulduğu Əhmədli
kənd qəbiristanlığında dəfn olunmuşdur.
28 yanvar
2013-cü il
Mustafa Çəmənli
525-ci qəzet.- 2013.- 16 mart.-
S.19.