Kinorejissor Şahirə Tacəddin: “Düşünürəm ki, hələ öz sözümü deməyə vaxtım olacaq”

 

Bugünlərdə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının katibi (mətbuat xidmətinin rəhbəri və icraçı direktoru), kinorejissor Şahirə Tacəddin yubiley yaşını qeyd edəcək. Bu münasibətlə yubilyar xanımla söhbətləşib keçdiyi həyat yolu barəsində oxucularımıza da məlumat verməsini istədik.

Şahirə Tacəddin 1963-cü il, martın 26-da Zaqatalada dünyaya gəlib. 1981-1986-cı illərdə Azərbaycan İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra Binəqədi rayon Mədəniyyət Evində “Xalq teatrı”nın rəhbəri olub. 1990-cı ildə Davud İmanovun çəkdiyi “Zirzəmi” filmində çəkilmək üçün Azərbaycanfilm Kinostudiyasına dəvət alıb. Eyni zamanda həmin ildə çəkilən “Zirzəmi” ilə yanaşı, “Yapon və yaponiyalı” filmində də rejissor assistenti olub. Böyük kinoda quruluşçu- rejissor kimi debütü 1992-ci ildə Amerika fantastı Rey Bredberinin “Təbəssüm” adlı əsəri əsasında çəkdiyi film olub. Filmdə insanın öz pis əməlləri ilə bütün dünyanı məhv etməyə qadir olduğu, lakin sağlam düşüncəyə, təmiz və pak mənəviyyata malik adamların hər cür fəlakətin baş verməsinin qarşısını ala bilmək imkanının mövcudluğundan söhbət açılır. Sözügedən ekran əsəri insanları iftiralara, boş və mənasız çağırışlara uymamağa, ayıq olmağa çağırır. Rejissor həmçinin debüt-eksperimental “Gənclik” Studiyasında da fəaliyyət göstərib. 1999-cu ildə təsis edilən, audiovizual sahədə müəllif haqlarını qorumaqla məşğul olan Azərbaycan Professional Kinorejissorlar Gildiyasına referent qismində dəvət alıb. Sözügedən qurumda mətbuat katibi, icraçı direktor, katib və Büronun üzvü olub. 2011-ci ildə Avropa Kinorejissorlar Federasiyasının Xorvatiyada keçirilən Konfransında Azərbaycanı təmsil edib. Şahirə Tacəddin həmçinin UNESCO-nun Muğamın ekranlaşdırılması layihəsində, daha sonra Cənubi Qafqazın internet şəbəkəsinin yaradılmasında iştirakçı kimi fəaliyyət göstərib.

– Rejissor olmaq qərarına nə vaxt gəldiniz?

– Artıq 15 yaşımdan mən bu fikrə düşmüşdüm. Bu, mənim kinoya olan sonsuz məhəbbətimdən irəli gəlirdi. Yeri gəlmişkən, deyim,  hətta adım da kinodan götürülüb. Rusca Şakira, azərbaycanca Şahirə. 1963-cü ildə nümayiş etdirilən  “Vadidə döyüş” Misir ərəb filmindən mənə verilən bu adın mənası “şükredən”dir, bu da mənim xasiyyətimə tam uyğundur. Anam uşaqlıqdan bizi bütün kinolara aparırdı. Rəngarəng, maraqlı filmlər, iri planda çəkilmiş maraqlı aktyor oyunları  mənim uşaq qəlbimdə kök salmışdı. Bəlkə də elə buna görə uşaqlığımda maraqlı, rəngli yuxular görürdüm. Düşünürəm ki, bu, mənim təxəyyülümün məhsulu idi. Ona görə mən bu istiqamətdə inkişaf etməyə başladım. Bu sahə üzrə ali təhsil almışam. Təbii ki, kino sahəsində dünya tərəfindən  qəbul olunmuş, sözün əsl mənasında öz “müəllif filmləri” ilə tanınmış ustad sənətkarlar həmişə mənim nəzər diqqətimdə olub, onların kinoda etdikləri  açılışlardan, orjinal fikirlərdən zövq almaqla yanaşı, həm də bilik mənbəyi kimi istifadə etmişəm. Sonra 1993-cü ildə ailə qurdum və 1 il sonra qızım Dəniz Tacəddinin dünyaya gəlməsiylə 5 il analıq məzuniyyətinə getdim və uzun müddət ancaq ailəmlə məşğul oldum.

– Hazırki fəaliyyət sahəniz barəsində danışmağınızı istərdik. Mətbuat xidmətinin rəhbəri olmağınıza baxmayaraq, niyə şəxsən öz haqqınızda internetdə məlumat azdır?

  Bayaq da qeyd etdiyim kimi Azərbaycan Professional Kinorejissorlar Gildiyasının mətbuat katibi olduğumdan təbii ki, mətbuatla əlaqəm çox yüksək səviyyədədir. Gildiyaya və Audivizual müəlliflərə aid mətbuatla bağlı bütün suallarla çox zaman bilavasitə mənə müraciət olunur. Amma məsələ şəxsən mənə gəldikdə, qeyd etdiyim kimi fəaliyyətimi daha çox müəllif hüquqları sahəsinə bağladığım və yaradıçılığa zaman ayırmadığım üçün dediyiniz kimi, öz haqqımda az düşünmüşəm. Amma mənim bugünkü həyatımda bu, bir qanunauyğunluq idi. Həm də təbiətim bir az fərqlidir. Mən heç vaxt şan-şöhrət üçün çabalamamışam.

- İxtisasınız üzrə yaradıcılığınızın arxa plana keçməsinə baxmayaraq hazırki işinizə məsuliyyətlə yanaşmağınızdan hiss olunur ki, bu da sizin üçün ən azı ixtisasınız qədər vacibdir...

– Doğrudur. Bayaq ailə ilə əlaqədar yaradıcı işimdən uzaqlaşdığımı dedim. Mənim yaradıcılığımın ikinci plana keçməsinin əsas səbəbkarı təkcə ailəm deyil, eyni zamanda fəaliyyət istiqamətimi dəyişməyimdir. Özünüz bilirsiniz ki, bu gün dünyada  müəllif hüquqlarının qorunması necə vacib və ciddi məsələdir. Və o işə çox ürəkdən yanaşmaq lazımdır. Mən də bunu etməyə çalışıram, çünki mənim çalışdığım Kinorejissorlar Gildiyasındakı yaradıcı və səmimi mühüt məni buna sövq edir...

– Bir rejissor kimi yəqin ki, qəlbinizdə hansısa konkret, ürəyinizcə olan bir mövzuda film çəkmək arzunuz var?

  Psixoloji cəhətdən insan xarakterlərinin gətirib çıxartdığı nəticələri əks etdirən çox maraqlı psixoloji bir dram janrında film çəkmək istəyirəm. Artıq bir müddətdir bu haqda düşünürəm. Amma bu çox çətin bir janrdır- insan xarakterlərinin müxtəlifliyi qədər. Çəkəcəyim filmdə özümü ifadə etmək istərdim. Ancaq, bu, əlbəttə, gələcəyin işidir.

– Xanımın yaşını qabartmazlar. Amma hər halda bilmək maraqlı olardı, Sizə görə yaşın artması nə deməkdir?

– Gəncləşmək.  Bilmirəm, bu sözü kim deyib,  amma mən belə düşünürəm ki, doğrudan da insanın yaşı onun mənəvi aləmi, energetikası və daxili hissiyyatıdır. Nikbin ruhlu olmaq, həyatı və bizi əhatə edən aləmdə gözəllik axtarmaq insanı ruhən yaşadır və gəncləşdirir.

– Övladınız hansı sənəti seçib, valideyn kimi bu seçimdə rolunuz nədən ibarət olub?

– Gənc yaşına baxmayaraq, sənət yolunu seçib. Dəniz Tacəddin əslində aktrisa olmaq arzusunda idi. Çünki o, 5 yaşından kino mühitində formalaşıb. Deyərdim ki, kino onun qanındadır. 12 yaşında Ramiz Həsənoğlunun, Anarın ssenarisi əsasında çəkdiyi “Cavid ömrü” bədii filmində debüt olaraq baş rolda Turan Cavidi canlandırıb. 2010-cu ildə  də Mirzə Fətəli Axundovun “Mürafiə vəkillərinin hekayəti” televiziya tamaşasında baş rola çəkilməsi, digər layihələrdə iştirakı buna sübutdur. Amma mən valideyn olaraq, qızımın bu sənətin arxasınca getməsini məsləhət görmədim. Çünki bildiyimiz kimi aktyor sənəti asılı sənətdir. Qızımın bəzi gözəl, istedadlı aktrisalarımız kimi rol dəvəti gözləyərək qocalacağından qorxdum. Lakin 5 yaşından skripka ilə məşğul olması onun hazırda Bakı Musiqi Akademiyasının 2-ci kurs tələbəsi olmasına zəmin yaratdı. İki ixtisası olması ilə yanaşı, o, bəzən fotomodel və aparıcı kimi də fəaliyyət göstərir.

– Adətən, yubilyarlar yubiley ərəfəsində özlərinə keçdikləri ömrün hesabatını verirlər. Siz necə, özünüzü müəyyən mənada istəklərinizə nail olmuş hesab edirsinizmi? Sonda yubiley arzularınızı eşitmək istərdik.

–Təbii ki, mənim ali arzum təkcə çalışdığım sahədə deyil, bütün dünyada haqqın təntənəsidir, sülhün, əmin-amanlığın bərqərarıdır. Bundan başqa hər bir valideyn kimi övladımın cəmiyyətə faydalı şəxsiyyət, nümunə kimi yetişdirmək və bunu görmək, deyərdim ki, ən böyük məqsədimdir. Ailəm mənim həyatımın mənasıdır. Mən hamıya gözəl ailə arzu edirəm. Müəllif hüquqları sahəsində işə başladıqdan sonra, ailəmə, qızıma daha çox vaxt ayırdığım üçün yaradıcılığımı inkişaf etdirə bilmədim. Amma çox da təəssüflənmirəm, necə deyərlər, “balığı nə vaxt tutsan, təzədir”. Düşünürəm ki, hələ öz sözümü deməyə vaxt tapacağam.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2013.- 16 mart.- S.16.