Geosiyasətin fundamental
elmi əsasları
Sovet imperiyasından xilas olmaq və sovet ideoloji sistemindən
imtina etmək postsovet məkanı üçün təkcə
siyasi, iqtisadi, coğrafi, milli müstəqillik deyil, habelə
müasir dövrdə dünyaya yeni münasibətin əsasını
təşkil edən elmi-nəzəri baxışların
müstəqilliyidir. Marksizmin proletar inqilabı nəzəriyyəsinin
saxta mahiyyətini gizlətmək məqsədi güdən
bir ciddi-cəhdlə kibernetika kimi ən müasir elm sahəsini
inkar edən sovet ideoloji məktəbinin postsovet məkanına
bununla nə qədər zərbə vurduğu indi bilinməkdədir.
Az qala dəqiq elmlərin də ümumi
qanunauyğunluqlarına ideoloji don geydirən sovet
ideoloqları hər şeyin əvvəlinə “sovet”
sözünü əlavə etməklə belə baryerləri
çoxdan aşmış Qərb ölkələrində təəccübə,
ironiyaya səbəb olurdular: sovet ədəbiyyatı, sovet incəsənəti,
sovet siyasəti, sovet adamı, sovet cəmiyyəti, sovet
biologiyası, sovet jurnalistikası və s. kimi onlarca soz birləşməsində
“sovet” anlayışının epitet rolu oynaması bu gün
bizdə təəccüb və təəssüf hissi
doğurur. Marksist-leninçi düşüncənin
sosiologiyaya elmi yanaşmadan çox uzaq “elmi kommunizm”
anlayışı bu ideologiyada dominant mahiyyət
daşıyır. Beləcə, elmi
kommunizm nəzəriyyəsini inkar edən bütün
sınanmış klassik nəzəriyyələr rədd
edilir, onların yerini sırf ideoloji kanonlarla yüklənmiş
“sovet nəzəriyyələri” tuturdu. Dünyanın
bir çox qədim ölkələrində çoxdan formalaşmış və
zaman-zaman dövlət quruculuğu prosesində, idarəçilik
düşüncəsində, ölkələrarası
münasibətlərin tənzimlənməsində “bəşəriyyətin
və ölkələrin birgəyaşayış
normalarını və təhlükəsiz gələcəyini
planlaşdırmaqda, habelə beynəlxalq siyasətdə
müxtəlif açıq və qapalı cəmiyyətləri
dəyərləndirmək, fərqli iqtisadi-sosial, ekoloji,
demoqrafik, informasiya, dini, mədəni vəziyyəti olan
ölkələrlə qarşılıqlı əlaqələri
düzgün planlaşdırmaq və münasibətlər
yaratmaqda dövlət rəhbərlərində, siyasi və
ictimai xadimlərdə, idarəçilik, hərbi təhlükəsizlik
və strateji planlama ilə məşğul olan məmurlarda,
millət vəkillərində və bütün milli elitada
geniş geosiyasi düşüncə yaratmaqda və geosiyasi təfəkkürü
inkişaf etdirməkdə” çox böyük əhəmiyyəti
olan geosiyasət elmi sahəsində tədqiqatlar
marksist-leninçi ideologiyaya qulluq göstərən sosialist
dövlətlərində, xüsusilə “SSRİ-də və
Çində ABŞ və Qərb ölkələrindən fərqli
olaraq xüsusi məxfi mərkəzlərdə
aparılmışdır”.
Azərbaycanın
müstəqilliyi üçün ölkədə elmin,
xüsusilə bu müstəqilliyin hələ təzə-təzə
möhkəmləndiyi şəraitdə yeni düşüncə,
yeni yanaşma tələb edən ictimai elmlərin obektiv
formalaşması çox böyük siyasi əhəmiyyət
kəsb edir. Bu elmlər arasında geosiyasət
ayrıca yer tutur. İyirmi il bundan əvvələdək
SSRİ-də “xüsusi məxfi mərkəzlərdə
aparılan” tədqiqatları indi Azərbaycan alimləri
geniş miqyaslı araşdırma obyektinə çevirməkdə,
hətta xüsusi dərslik və dərs vəsaiti kimi ortaya
qoymaqdadırlar. Bu sahədə tarix elmləri
doktoru, professor Əli Həsənovun “Geosiyasət” dərsliyi
xüsusi əhəmiyyət daşıyır. Elə bu yazının ilk sətirlərindən deməliyik
ki, “Geosiyasət” dərsliyi bizdə yeni formalaşan bu
elmi-praktik sahədə fundamentallıq kəsb edən bir
araşdırmadır. Bu yerdə
“fundamental” epiteti qətiyyən gəlişigözəl bir
söz deyil. Bu yanaşmanın arxasında
Ə.Həsənovun on dörd kitabı dayanır ki,
onların dördü məhz bu sahəyə yaxın və
bu sahə ilə bilavasitə bağlı dərsliklərdir.
“Geosiyasət” dərsliyinin müəllifinə məxsus
aşağıdakı kitablara nəzər yetirmək kifayətdir
ki, alimin dərsliyə aparan yolda öz
yaradıcılığında hansı məsələlərə
diqqət yetirdiyi aydın olsun: “Azərbaycan-ABŞ:
anlaşılmaz münasibətlərdən strateji tərəfdaşlığa
doğru”, “Azərbaycan-ATƏT: Ermənistan- Azərbaycan
münaqişəsi və Dağlıq Qarabağ problemi
ümumavropa təhlükəsizliyi fonunda”, “Azərbaycanın
xarici siyasəti: Avropa dövlətləri və ABŞ”, “Azərbaycan
və dünya siyasəti”, “Demokratiya və mətbuat”,
“Müasir beynəlxalq münasibətlər, milli maraq və
milli təhlükəsizlik”, “Müasir beynəlxalq münasibətlər
və Azərbaycanın xarici siyasəti”, “Azərbaycanın və
xarici ölkələrin siyasi sistemləri” kimi kitabları və
sadalamağa yer olmayan digər elmi əsərləri “Geosiyasət”
kimi ciddi mahiyyət daşıyan bir dərsliyin məhz Ə.Həsənovun
ortaya qoymasını şərtləndirən fakt kimi
maraqlıdır. Bu kitabların və “Geosiyasət”
dərsliyinin əsasında ciddi elmi-nəzəri və praktik
mahiyyət dayanır. Ə.Həsənovun
bu əsərdəki elmi uğurlarını bir tərəfdən
onun ictimai-siyasi elmlər sahəsində dünya nəzəri
fikirlərinə dərindən bələd olması
faktı, digər tərəfdən müasir Azərbaycanın
dövlət quruculuğu prosesindəki praktik iştirakı təmin
edir.
Ə.Həsənovun “Geosiyasət” dərsliyi Azərbaycan
dilində 2010-cu ildə nəşr olunmuşdur. Əlbəttə, əsl dərslik
heç vaxt eksperimental xarakter daşıya bilməz, lakin
bununla belə biz bir universitet əməkdaşı kimi
“Geosiyasət” dərsliyinin elmi
ictimaiyyət arasındakı rezonansını da Universitetlərdə
və ayrıca olaraq ictimai elmlərin beşiyi olan Bakı
Dövlət Universitetində “Geosiyasət” dərsliyinin necə
böyük rəğbətlə
qarşılandığının və bir neçə
fakültədə tədrisə necə ciddi kömək
etdiyinin şahidi olduq. Dərsliyin ölkədəki
ayrı-ayrı universitetlərdə yer alan “Beynəlxalq
münasibətlər”, “Dövlət idarəçiliyi”, “Regionşünaslıq”,
“Politologiya”, “Sosiologiya” və digər ixtisaslarda təhsil alan
tələbələrə, burada dərs deyən müəllimlərə
son dərəcə yararlı olduğunu nəzərə alan
həmin ali məktəblərin Elmi Şuraları və
Respublika Təhsil Nazirliyi onun rus dilində də nəşrini
vacib saymışdır. Beləliklə, bu
yaxınlarda müəllifin “Geosiyasət” dərsliyi
“Qeopolitika” adı altında rus dilində də işıq
üzü görmüşdür. Bu nəşr
yəqin ki, təkcə adını çəkdiyimiz
ixtisaslar üzrə dərs deyən müəllim və tələbə
kontingenti üçün deyil, həm də müasir Azərbaycanda
geosiyasət elminin nəzəri və praktik cəhətdən
səviyyəsini öyrənmək istəyən rus dilli
ölkələrin araşdırıcı alimləri
üçün də maraqlı olacaqdır. Bu mənada “Qeopolitika” da misilsiz bir əhəmiyyət
daşımaqdadır.
Misilsiz bir əhəmiyyət daşımaqdadır ona
görə ki, Ə.Həsənov bu kitabı ilə Azərbaycanda
geosiyasət elminin formalaşdığını və
müstəqillik faktının bu formalaşmadakı praktik
rolunu maraqlı illüstrativ faktlarla sübut etmişdir. Lakin əlbəttə, istər
azərbaycanca, istərsə də rusca bu kitab, müəllifin
öz fikri ilə desək “ilk dəfə olaraq geosiyasətin
ayrıca bir elm sahəsi kimi meydana gəlməsindən
günümüzə qədər olan tarixi çərçivəsində
əsas anlayışlarının yaranması,
formalaşması və inkişafının
tarixşünaslığına qısa nəzər salır,
onun nəzəri mənbələri, qanunauyğunluqları,
obyekt və predmeti, kateqoriyaları, aktorları ilə
bağlı klassik geosiyasət xadimlərinin və müasir
geosiyasi tədqiqatçıların baxışlarını
təhlil edir, müxtəlif dövrləri və fərqli
geosiyasi məktəbləri təmsil edən siyasətşünasların fikirlərini
və nəzəriyyələrini araşdırır,
qarşılıqlı şəkildə müqayisə edir”.
Yenə də
müəllifin kitaba giriş sözündəki təqdimatına
müraciət etsək görəcəyik ki, müasir Qərb
dövlətlərinin, Rusiya, Çin, Türkiyə və digər
böyük ölkələrin tədqiqatlarına istinadən
həm tarixən, həm də müasir dövrdə
dünyanın ümumi geosiyasi mənzərəsi burada öz
əksini tapmışdır. Bu mənzərədə
planetimizin geosiyasi xarakteristikası, güc mərkəzləri,
geosiyasətə yeni baxışlar, milli dövlət
maraqları uğrunda mübarizə, bəşəriyyət
üçün təhlükə yaradan və yarada biləcək
problemlərin aydın konturları, aydın təhlilləri
vardır. Geosiyasətin qədim tarixini diqqətlə
izləyən araşdırma onu da sübut edir ki, bu sahəyə
tarixi etinasızlıq etmiş ölkələr necə
uçuruma getmiş və gedə bilərlər. Təsadüfi
deyil ki, əsərin ümumi ruhunda Azərbaycanın da daxil
olduğu Avrasiya məkanındakı maraqlar, güc dövlətlərinin
bu regionda yeritdikləri siyasət və s. məsələlər
vardır. Məsələnin bu cəhətini nəzərə
alan müəllif göstərir ki, geosiyasət
bir akademik elm olaraq qalmır, o, həm də praktik fəaliyyət
üçün rəhbər tutulan bir tədqiqat sahəsidir.
Bu yerdə müəllifin yeni araşdırıcılara səmərəli
bir tövsiyəsi də ondan
ibarətdir ki, hər bir ölkədə, o cümlədən
Azərbaycan Respublikasında ölkənin geosiyasi inkişaf
tarixinə, müasir milli inkişaf və təhlükəsizlik
maraqlarına, onun təmin edilməsi ilə bağlı
dövlət siyasətinin şərhinə, ölkəmizin
geosiyasi və geostrateji kodunun, xarici və milli siyasət
konsepsiyasının hazırlanması, milli maraqlar və onun
çərçivəsinin müəyyənləşməsi,
qorunması və s. kimi çoxsaylı geosiyasi məsələlərin
araşdırılmasına da xüsusi diqqət yetirməli və
bunlara ayrıca tədqiqat əsəri həsr edilməlidir. Bu məqamda xüsusi qeyd etməliyik ki, əsər əslində
təkcə geosiyasət ixtisasına bağlı mütəxəssislərə
və tələbələrə deyil, mahiyyəti etibarilə
hər kəsə-Azərbaycanın yeni siyasi istiqaməti ilə
maraqlanan və bu siyasətə öz töhfəsini vermək
istəyən hər kəsə ünvanlanır.
Biz də öz növbəmizdə qeyd edək ki, Ə.Həsənovun
“Geosiyasət” əsəri Azərbaycanın dünya siyasətində
yerini müəyyən edəcək yeni tədqiqatlara
etibarlı bir açar-kod rolunu oynayır. Zira, əlimizdəki
əsərdə geosiyasətin tarixi var, nəzəriyyəsinin
əsasları var, problemə elmi-tarixi-müasir yanaşma
metodologiyası var, dövlətlərin siyasi tipologiyası
var və bu sistemdə Azərbaycanın yeri
aydınlaşdırılıb. Deməli,
bütün bunlar gənc tədqiqatçılara necə
işləməyi, məsələyə hansı bucaqdan
yanaşmağı göstərəcəkdir.
Yuxarıdakı
fikirimizə- yəni bu əsərin yeni tədqiqatlara
açar rolu oynaması tezisinə qayıtsaq deyə bilərik
ki, kitabda geosiyasətin ilkin mənbələri və
inkişaf tarixi istiqamətində qədim və orta əsrlər
dövrünün geosiyasi ideya və nəzəriyyələrinin
tarixşünaslığı, bu sırada ilkin ideya və mənbələr,
Çin, Hindistan, ərəb dünyası, yunan və Roma,
Avropa məktəbləri təhlil edilir. Klassik geosiyasət tədqiqatında
XIX əsrin ikinci-XX əsrin birinci yarısında bu sahədə
Qərb məktəbləri və onların əsas nəzəriyyələri,
İkinci Dünya Müharibəsi dövründə əsas
iştirakçı dövlətlərin geosiyasi
konsepsiyaları və hədəfləri kimi bu gün
üçün də son dərəcə maraqlı olan məsələlərə
müəllifin elmi yanaşmaları diqqəti cəlb edir. Bu tarixi faktlar, hər bir müstəqil dövlət
üçün, o cümlədən böyük dövlətlərin
geosiyasi maraqları məkanında yerləşən Azərbaycan
üçün ciddi dərs mənası daşıyır.
Əslində tarix və onun öyrənilməsi
daha çox bu gün üçün, həmin tarixi
gedişatdan dərs almaq, təcrübədə bundan istifadə
etmək üçündür. Ə.Həsənovun
bütün digər əsərlərində olduğu kimi,
“Geosiyasət”in də əsas mahiyyətində tarix və
müasirliyin sintezi dayanır. Əsərdə
tarix sadəcə konstatasiya olunmur, tarixi faktların
yararlısının təcrübəyə çevrilməsi,
yararsızlarından imtina edilməsi məqsədi qoyulur.
Kitabda yer
alan “XX əsrin ikinci yarısı və
müasir dövrdə Qərb ölkələrinin geosiyasəti”
kimi bir fəslin elmi mahiyyəti də güc dövlətlərinin
siyasi kursu və bu kursun hərtərəfli təhlilinin səmərəsini
açır. O cümlədən Rusiyanın, Türkiyənin
həm tarixi, həm də müasir geosiyasətinin təhlilləri
bu gün bizə əhatəsində olduğumuz bu dövlətlərlə
nesə davranmağı öyrədir.
Bütün bunlar geosiyasətin tarixi və müasir vəziyyəti
ilə bağlı məqamlardır. Ə.Həsənov tədqiqatın
xüsusilə nəzəri aspektlərinin oxucuya geniş
izahı ilə bağlı ayrıca bir fəsil təqdim
edir. Bu fəsil geosiyasət elminin yaranması və
inkişafı, geosiyasətin kateqoriyaları, qanunları, funksiyaları
və s. məsələləri ilə bağlı çox
maraqlı tədqiqat işidır. Dünyanın
geosiyasi strukturları və modelləri, müasir dünya
sistemi və onun geosiyasi reallıqları barədə fəsillər
də xüsusi maraq doğurur. Müəllif
göstərir ki, “müasir beynəlxalq və geosiyasi
münasibətlər mürəkkəb bir sistemə
çevrilmişdir. Bu sistemdə iştirak edən
aktorların sayı getdikcə artır və əhatə dairəsi
genişlənir... İndiki qlobal geosiyasi prosesləri
artıq nə ənənəvi geosiyasi nəzəriyyə və
təsəvvürlərlə izah etmək, nə də
proqnozlaşdırmaq mümkündür. Geosiyasətin
əvvəlki Vestfal, Versal və Potsdam dövrünə xas
olan yanaşmalar, hədəflər və koordinantlar yeni
dövrdə özünü tamam fərqli çalarlarda,
bölgülərdə və tarazlıqlarda göstərir.
Bu da siyasətşünaslardan müvafiq
yanaşma və dəyərləndirmə tələb edir”.
Xüsusi qeyd edək ki, dərslik məhz belə məqamları
ilə müasirlik və praktik mahiyyət kəsb edir. Doqquz müddəa
ilə klassik və müasir geosiyasətin ənənəvi-çağdaş
nizamını da göstərən müəllif,
dünyanın yeni dövrünün xeyli dərəcədə
dəyişməsinə uyğun olaraq nəticə
çıxarmağı da tövsiyə edir. Professor Əli Həsənovun dərsliyi bu sahədə
dünya nəzəri mənbələrinə söykənməklə
yanaşı, yeni, özünəməxsus konsepsiyaları,
modelləri ilə də diqqəti cəlb edir. Bir
müddət bundan əvvəl “Geosiyasət” kitabına
yazdığı resenziyasında AMEA-nın müxbir
üzvü, professor Səlahəddin Xəlilov belə bir
maraqlı fikir söyləmişdi ki, “bir çox Qərb
geosiyasət kurslarından, xüsusilə Rusiya dərsliklərindən
fərqli olaraq bu dərslikdə orta əsrlərdə siyasətin
İslam dünyasında formalaşan ideya əsaslarına da
yer verilir. S.Xəlilovun fikrincə, kitabda Şərqin-İslam
dünyasının Əl-Fərabi, İbn Xəldun kimi
geosiyasət alimlərinə, müasir Türkiyənin geosiyasət
kontekstində yenə də ilk növbədə tarixi mənbələrə
istinad olunması, Osmanlı türklərinin geosiyasi
baxışlarından söhbət açılması olduqca
önəmli bir məqamdır. S.Xəlilov təkrar olaraq, Əli
Həsənovun dərsliyinin təkcə Azərbaycan
üçün deyil, bütün bölgə
üçün əhəmiyyətli olduğunu
vurğulayır və bunu belə əsaslandırır:
“Bölgədəki geosiyasi durumun öyrənilməsi bu
bölgənin ancaq xaricdən, böyük güc mərkəzlərindən
idarə olunmasına rəğmən gerçəkliyin daxildən
mənimsənilməsi
və şüurlu surətdə idarə
olunması üçün imkanlar açır. Azərbaycan da özünü və öz
coğrafi siyasi mühitini dərk etmək üçün və
xarici siyasətini daha böyük miqyaslı siyasi prosesləri
nəzərə almaqla həyata keçirə bilmək
üçün ilk öncə müvafiq araşdırmalar
aparmalı və mövcud siyasi mühitin və siyasi proseslərin
aydın xəritəsindən çıxış etməldir”.
Məhz bu məqamı nəzərə alan
görkəmli filosof Ə.Həsənovun kitabının təkcə
maarifçiliyə və təhsilə xidmət etdiyini deyil,
həm də müvafiq tədqiqatların ümumiləşdirilməsinə
və yekun mənzərəsinin hasil edilməsinə imkan
verdiyi qənaətinə gəlir. Dərsliyin dolğun qiymətini
verən S.Xəlilov yazır: “Professor Əli Həsənovun
“Geosiyasət” kitabı həm də ensiklopedik səpkidə
yazılmış və bu sahədə bütün
başlıca terminlərin izahı ilə bərabər, mövcud nəzəriyyələr,
təlimlər, siyasi doktrinalar haqqında məlumat
verilmişdir. Müəllif ancaq öz şəxsi
mövqeyini şərh etməklə kifayətlənməyib,
görkəmli siyasətşünas alimlərin irəli
sürdüyü fərqli konsepsiyaları, alternativ siyasi kurs
və modelləri müqayisəli şəkildə təhlil
edir və oxucuda mövcud nəzəri fikir haqqında
dolğun təsəvvür yaradır. Əlbəttə,
Qərbdə siyasətşünaslığın hər bir
konkret problemi ilə əlaqədar neçə-neçə
kitablar çap olunduğundan və tələbələrin əlində
külli miqdarda alternativ vəsait və mənbə
olduğundan, ola bilsin ki, belə ümumiləşdirici
kitablara ehtiyac olmaya da bilər. Amma Azərbaycan dilində bu
problemlər üzrə həm monoqrafik ədəbiyyat, həm
də dərs vəsaitləri yox dərəcəsində
olduğundan, belə
bir kitabın əhəmiyyəti çox böyükdür.
Hətta bizə elə gəlir ki, kitaba son bölmə kimi
daxil edilmiş “Qısa geosiyasi lüğət” ayrıca kitab
halında daha böyük tirajla çap olunsa, bu sahədə
tələbat təmin edilmiş olar. Çünki
bu cür əsərlərin əhəmiyyəti dərsliyin təyinat
dairəsindən kənara çıxır və daha
böyük oxucu kütləsi üçün maraq
doğurur”.
Biz
yuxarıda “Geosiyasət” dərsliyinin uğurunu həm də
onun müəllifinin ixtisasca tarixə bağlı olması,
yeni dünya düzəninə siyasi bələdliliyi və Azərbaycanın
müasir dövlət quruculuğu prosesindəki birbaşa
praktikası ilə izah etmişdik. Kitabı diqqətlə
oxuyub başa çatandan sonra oxucu bizim bu qənaətimizə
yəqin ki, şərik olacaq. Çünki Əli Həsənovun
yaradıcılıq və ictimai fəaliyyət
dünyasında sədaqətlə söykəndiyi bir obyekt
var: Azərbaycan məmləkəti və Azərbaycan dövləti.
Biz bu
yazını fəlsəfi düşüncəsinə və
obyektiv yanaşma meyarına inandığımız professor Səlahəddin
Xəlilovun aşağıdakı fikri ilə bitirmək istərdik: “Ümumiyyətlə,
prof. Əli Həsənovun istər indi təhlil etdiyimiz
“Geosiyasət” kitabı, istərsə də Azərbaycanın
xarici siyasəti və siyasətşünaslığın nəzəri
məsələləri ilə əlaqədar son illərdə
yazdığı digər kitabları ölkəmizdə bu
sahədə yeni tədqiqat istiqamətinin artıq kifayət
qədər formalaşdığını söyləmək
üçün yetərincə əsas verir. Müstəqil
Azərbaycan dövlətinin müstəqil xarici siyasətini
təmin etmək üçün bu cür əsərlərin
nəşrinə bundan sonra da böyük ehtiyac vardır”.
Cahangir MƏMMƏDLİ,
Filologiya elmləri doktoru,
professor
525-ci qəzet.-
2013.- 16 mart.- S.8.