Ulu Öndər Heydər Əliyevin
sovet dövründə Azərbaycan-Türkiyə
mədəni əlaqələrini genişləndirməsi
Heydər Əliyev Türkiyə ilə mədəni əlaqələrdə Azərbaycanın daha geniş iştirakını təmin etmək üçün mərkəz qarşısında konkret məsələlərin həllini qaldırırdı. Bildirirdi ki, hər il sentyabr ayında Bakıda Yaxın və Orta Şərq ölkələri bəstəkarları və müğənnilərinin iştirakı ilə Şərq musiqisi festivalı keçirilsin. Belə bir festivalın keçirilməsi təkcə Azərbaycanın musiqi mədəniyyətinin deyil, eyni zamanda, Şərq musiqisinin məşhur olduğu bu region xalqları arasında Orta Asiya xalqlarının da musiqisinin yayılmasına kömək edərdi. Heydər Əliyev Azərbaycanın teatr və konsert kollektivlərinin, ayrı-ayrı ifaçıların Türkiyəyə səfərlərinin genişləndirilməsini, ən yaxşı azərbaycanlı quruluşçu rejissorların, dirijorların Türkiyədə kontraktla işləmələrinə şərait yaradılması təklif edirdi. O yazırdı ki, təcrübə göstərir, Azərbaycan ifaçılarının Türkiyəyə səfərləri uğurla keçir və türk ictimaiyyətinin böyük marağını çəkir. Nümunə kimi məktubda Niyazinin, Azərbaycan Dövlət Rəqs Ansamblının və b. səfərləri göstərilirdi.
Heydər Əliyev rəssamlar arasında əlaqələrin qurulmasına önəm verərək, Türkiyədə Azərbaycan rəssamlarının əsərlərinin sərgisinin keçirilməsini təklif edirdi. Həmçinin, müxtəlif tədbirlər keçirilərkən ən yaxşı Azərbaycan kinofilmlərinin nümayişini tövsiyə edirdi. Bildirildi ki, Azərbaycan dili türk tamaşaçısı tərəfindən başa düşüldüyündən "Azərbaycanfilm"in istehsalı olan kinofilmlərin Türkiyədə satışını təşkil etmək məqsədəuyğun olardı.
Təkliflərdə deyilirdi ki, beynəlxalq idman əlaqələri münasibətlərdə mühüm rol oynaya bilər. Ona görə də Heydər Əliyev Bakı şəhərində Türkiyə idmançılarının iştirakı ilə daha çox beynəlxalq idman oyunlarının keçirilməsini, Azərbaycanla Türkiyə arasında idman kollektivlərinin qarşılıqlı mübadiləsini praktikadan keçirməyi təklif edirdi.
Heydər Əliyev Türkiyə ilə əlaqələrdə qardaşlaşmış şəhərlər hərəkatından istifadə edilməsi təklifini irəli sürür, Bakı və İzmir şəhərinin qardaşlaşması məsələsinə baxmağı xahiş edirdi. Yazırdı ki, İzmirdə xeyli azərbaycanlı yaşayır, zaman-zaman Ankara və İzmir şəhərlərinin merləri Bakı ilə qardaşlaşmış şəhərlər çərçivəsində əməkdaşlıq etmək istəyində olduqlarını bildirmişlər.
Heydər Əliyev Türkiyəyə səfərə gedən müxtəlif səviyyəli sovet nümayəndə heyətlərinin tərkibinə azərbaycanlılardan nümayəndələrin daha çox daxil edilməsi təklifini irəli sürürdü. Təkliflərdə deyilirdi ki, Türkiyədə azərbaycanlılar çox yaşadıqlarından və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadıqlarından bu ölkədəki sovet nümayəndəliklərində, o cümlədən, müxtəlif obyektlərin tikintisinə azərbaycanlı mütəxəssislər daha çox göndərilsin. Heydər Əliyev təklif edirdi ki, Türkiyədən SSRİ-yə gələn turistlərin səfər proqramlarına Azərbaycana səyahət də daxil edilsin.
Azərbaycan rəhbəri xarici ölkələrdə yaşayan azərbaycanlıların Ümumittifaq Vətən Cəmiyyətinin və Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin birgə xətti ilə daha çox dəvət olunmalarını təklif edirdi. Heç şübhəsiz, bu təkliflər SSRİ-Türkiyə əlaqələrini canlandırmaq, Türkiyədə qızışdırılan antisovet təbliğatını aşağı salmaq məqsədini güdürdü. Yaranmış vəziyyətdən istifadə edən Heydər Əliyev iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində Azərbaycan xalqının rolunu artırmağa, mühacirət təşkilatlarında hökm sürən antisovet əhval-ruhiyyəni zəiflətməyə, onunla işləməyə çalışırdı. Çünki azərbaycanlı mühacir təşkilatların antisovet fəaliyyəti Moskvanı qıcıqlandırır, respublikda milli ziyalıların qorunması çətin olur, ziyan Azərbaycana dəyirdi. Buna görə də Heydər Əliyev xaricdəki azərbaycanlıların antisovet fəaliyyətlərdə iştirakını arzulamırdı. Qeyd etmək lazımdır ki, Heydər Əliyevə qədər işlənmiş Azərbaycan sovet rəhbərlərindən heç biri Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsinə dair mərkəz qarşısında belə tutarlı, əsaslandırılmış və cəsarətli təkliflər verməmişdi.
Heydər Əliyevin təkliflərinin nəzərə alınması nəticəsində iki ölkə arasında münasibətlər yaxşılaşır, Türkiyədə antisovet təbliğat zəifləyir, türk xalqı Azərbaycanı daha yaxından tanıyır, siyasi mühacirət nümayəndələri vətənə səfərlər edirdilər.
70-80-ci illərdə Heydər Əliyev Türkiyə ilə mədəni, elmi və turizm əlaqələrinin inkişaf etdirilməsini diqqətdə saxlayırdı. Məsələn, onun tapşırığı ilə Azərbaycanın məsul şəxsləri İzmirdə keçiriləcək sərgi-yarmarkaya bir neçə ay əvvəlcədən ciddi hazırlaşmağa başlamışdılar. MK bürosunun hələ 1970-ci il 17 aprel tarixli iclasında İzmirdə keçiriləcək beynəlxalq yarmarkaya Azərbaycandan 22 nəfər incəsənət ustasının göndərilməsi barədə qərar qəbul edilmişdi. Bu qərar uğurla yerinə yetirildi. Görkəmli müğənnilər Ş.Ələkbərova, G.Məmmədov, P.Bülbüloğlu və "Qaya" vokal-instrumental ansamblının Türkiyədə verdikləri konsertlər böyük rəğbətlə qarşılandı.
Heydər Əliyevin səyləri nəticəsində
Azərbaycan 1970-ci ilin avqust-sentyabr
aylarında İzmirdə keçirilən beynəlxalq yarmarkada ayrıca pavilyonda
təmsil olundu. Yarmarkada
Azərbaycanın 500-dək eksponatı, "Azıx
mağarası", "Təsnif", "Şəki
sarayı", "Abşeron
mahnıları" və s. qısametrajlı
televiziya filmləri, xalqımızın tarixi, dili və mədəniyyəti
ilə bağlı 136 adda kitab
nümayiş etdirildi.
Yarmarkadakı Azərbaycan pavilyonu
Türkiyədə böyük sevgi və məhəbbətlə
qarşılandı. Türklər azərbaycanlı
mühacirlər pavilyonuna xüsusi
maraq göstərir, Azərbaycandan gələnlərlə
söhbət edib respublikadakı vəziyyətlə
maraqlanırdılar. Onlara Azərbaycan milli musiqi nümunələri yazılmış plastinkalar,
ana dilində kitablar verilirdi. Sərgi-yarmarkanın
keçirildiyi müddətdə
türk mətbuatı
Azərbaycana dair çoxlu yazılar verdi. Məsələn, nüfuzlu "Ekspres",
"Demokratik İzmir"
və başqa qəzetlər Azərbaycana
rəğbət dolu məqalələr dərc
etmişdilər. İzmirdə keçirilən sərgi-yarmarkada
Azərbaycanın iştirakı
azərbaycanlılarla türklər
arasında əlaqələrin
canlandırılmasına güclü
təsir edirdi.
70-80-ci illərdə Azərbaycan
elmi və ədəbi mühitində
Türkiyə mövzusu
müəyyən müzakirələr
obyektinə çevrilmişdi. Məsələn,
1971-ci ildə Azərbaycan
Yazıçılar İttifaqının
V qurultayında etdiyi çıxışında Süleyman
Rüstəm deyirdi:
"Mən ta gənclik illərindən
bu günə qədər qəribə məktublar alıram. Aldığım son məktubun
müəllifi (əlbəttə,
imzasız müəllif)
məni partiya məddahlığında günahlandırır...
Deyir ki, bəzi xalqlara
qardaş deyə şeir yazırsan, bəs niyə Bakıya gəlmiş türklərə şeir
yazmırsan?" S.Rüstəm
bu sözləri Heydər Əliyevin iştirak etdiyi məclisdə deyir və az
sonra ona siyasi, ideoloji don geyindirirdi.
Heydər Əliyev Azərbaycan şair və yazıçılarının Türkiyəyə səfərlərinə
şərait yaradır,
onu təşviq edir, baxışları üstündə əvvəlki
illərdə sıxışdırılan
şəxslərin qardaş
ölkə ilə əlaqə yaratmalarına
imkan verir, bundan ötrü mərkəzdən icazə
alır və yardımlar göstərirdi. 1974-cü ildə Azərbaycan şair və yazıçılarından R.Rza
Türkiyəyə səfər
etdi, öz növbəsində, Bakıya
türk yazıçıları
gəldi. 1975-ci ildə Azərbaycan yazıçıları Türkiyəyə
səfər edərək,
həmkarları ilə
görüşdülər. Həmin ilin may-iyun aylarında
Anar, K.Simonov, həyat yoldaşı L.A.Jadova və V.Feofonov Türkiyədə
səfərdə oldular.
Anarın nümayəndə heyətinin daxil edilməsi Türkiyədə
SSRİ-nin türk xalqlarına xüsusi maraq yaradır və rəğbəti daha da artırırdı.
Türkiyədə ziyalılar
Anarla görüşlərə
can atırdılar. Keçirilən görüşlər Azərbaycan
ədəbiyyatı haqqında
məlumatların yayılmasına
kömək edirdi.
Səfərdən sonra K.Simonov
26 səhifəlik hesabat
yazaraq əslini Sov. İKP MK-ya, nüsxəsini isə Azərbaycan KP MK-ya göndərdi. Hesabatda deyilirdi ki, Türkiyənin
müxtəlif yerlərində
azərbaycanlıların, türkmənlərin,
SSRİ-nin türk xalqlarının azadlığı
komitələri yaradılır.
Onlar bu xalqların müstəqilliklərinə
qovuşmaları istiqamətində
fəal iş aparırlar. Hətta
1973-cü ildə Türkiyədə
nəşr olunan sovet türkləri antologiyası "Əsirlikdə
olan türk diyarlarından... " adlandırılmışdı.
Səfər haqqında Türkiyənin
"Milliyyət", "Yeni
ortam", "Yeni gün", "Sənət
dərgisi" və
b. kütləvi informasiya
vasitələri geniş
məlumatlar verdilər.
"Cümhuriyyət" qəzetinin müxbiri Kamal Özerin Anarla müsahibəsində
Azərbaycan-Türkiyə əlaqələri,
ədəbiyyat, incəsənət,
türk şair və yazıçılarının
Azərbaycanda tanıdılması
barədə söhbət
getmişdi. Anar deyirdi
ki, biz istərdik, Türkiyədə Azərbaycan
ədəbiyyatını heç
olmasa, Azərbaycanda türk ədəbiyyatını
bilən kimi bilsinlər. "Yeni gün" qəzetinə müsahibədə
Anar "Qobustan",
"Kitabi-Dədə Qorqud"
dastanı haqqında söz açaraq Azərbaycanda mədəniyyətə
və elmə verilən qiymətdən,
yaradıcı adamlar üçün yaradılan
əlverişli şəraitdən
danışmışdı. Belə səfərlər və verilən müsahibələr,
heç şübhəsiz,
biri-birindən ayrı
düşmüş Azərbaycanın
Türkiyə və türk dünyası ilə əlaqələrinin
inkişafına müsbət
təsir edirdi.
Heydər Əliyevin tövsiyəsi
əsasında Türkiyənin
elm, təhsil və mədəniyyət ocaqları
ilə müntəzəm
əlaqələr yaradılır
və inkişaf etdirilirdi. 1970-ci ildə
Azərbaycan EA kitabxanası
Türkiyədəki türkoloji
mərkəzlə, 1973-cü ildə isə İstanbuldakı kitabxana ilə əlaqə qurdu. Sonraki illərdə də bu iş uğurla
davam etdirildi. 1982-ci ildə Ankaradakı
Türk Dil Qurumu, Ərzurumdakı Atatürk Universiteti ilə EA kitabxanası arasında əlaqə yaradıldı. Bu əlaqələrin
nəticəsində Azərbaycan
alimləri Türkiyədə
çap olunan ən son elmi nəşrlərlə tanış olur və əməkdaşlığı
genişləndirirdilər. Türk mətbuatının
icmalını alan respublika Xarici İşlər Nazirliyi onu EA-nin İctimai elmlər üzrə elmi-informasiya mərkəzinə
araşdırmalarda istifadə
etmək üçün
təqdim edirdi. Azərbaycanda 70-ci illərdə Türkiyə üzrə elmi-tədqiqat işləri,
məqalə və kitab çapı genişləndirilirdi. Türkologiyaya maraq güclənirdi.
Heydər
Əliyev Türkiyədə
Azərbaycan tarixi və ədəbiyyatından
dərs verən müəllimlərin respublikaya
səfər edərək
azərbaycanlıların həyatı
ilə, qazanılmış
uğurlarla tanış
olmalarına, Azərbaycan
mənbələri əsasında
araşdırmalar aparmalarına
şərait yaradırdı.
Məsələn, 1981-ci ilin
mart ayında Ərzurum
Universitetinin müəllimi,
Azərbaycan ədəbiyyatından
dərs verən, M.F.Axundovun əsərlərini
türk dilinə çevirən Əli Yavuz Akpınarın Azərbaycana gəlib tədqiqat işi aparmasına nəinki icazə verildi, eyni zamanda, bütün
xərcləri Azərbaycan
KP MK-nın birinci katibi Heydər Əliyevin göstərişi
ilə Azərbaycan xarici ölkələrlə
dostluq və mədəni əlaqələr
cəmiyyəti tərəfindən
ödənildi. Bundan sonra
Ə.Y.Akpinar Azərbaycan
ədəbiyyatı haqqında
dəyərli əsərlər
yazdı.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2013.- 19 mart.- S.15.