Ailənin, evlilik institutunun dindəki mövqeyi

 

(davamı)

 

İran alimi hacı Əbdürrəhman Yusifpura görə, “oğlanlar on altı yaşında, qızlar isə on yaşında yeniyetmə yaşına çatırlar. Onlar bu mərhələdə şəriət qaydalarına uyğun olaraq izdivac edə bilərlər. Buna baxmayaraq, oğlanlarda 17 və ya 18 yaşadək, qızlara isə 15 və 16 yaşadək təxirə salınması daha düzgün olardı. Çünki həm oğlanlar, həm də qızlar yeniyetməlik mərhələsinin əvvəllərində kifayət qədər inkişafa və zəkaya malik olmurlar. Bu baxımdan, həmin mərhələdə həyata keçirilən izdivac müəyyən çətinliklərlə, problemlərlə üzləşməli olur. Bundan əlavə, həddi-büluğa çatma mərhələsinin ilkin iki və ya üç ilində cinsi instinkt tam oyanmır, cavanlara o qədər də təzyiq göstərmir. Bütün bunlara uyğun olaraq qeyd etmək lazımdır ki, oğlanlarda 17 və ya 18 yaş, qızlarda isə 15 və ya 16 yaş izdivac üçün ən münasib yaş həddidir”.

Fiqh alimləri nikah yaşını müsəlmanın əqli yetkinliyi, onlarda öz hərəkət və davranışının nəticələri üçün məsuliyyət hissinin formalaşması ilə əlaqələndirir və bu yaşı həddi-büluğ, həddi-təklif, həddi-idrak kimi istilahlarla ifadə edirlər. Bəzi alimlər müasir şəraitdə nikah üçün ən münasib vaxtı oğlanlar üçün 23, qızlar üçün isə 18 yaş hüdudlarında hesab edirlər.

Nikah onu bağlayan tərəflər üzərinə həm bir-birinə münasibətdə, həm də bu nikahdan əmələ gələcək uşaqlara münasibətdə müəyyən öhdəliklər, o cümlədən, iqtisadi və mənəvi hüquq və vəzifələr qoyur. Odur ki, islam nikahın hüquqi cəhətdən qeyd olunmasını zəruri hesab edir. Əslində nikahı halal edən də elə onun bu hüquqi qeydiyyatıdır, yəni kəbin kəsilməlidir. Lakin islamda kəbinin qanuni sayılması üçün onun hökmən qazı, yaxud fəqih tərəfindən kəsilməsinə ehtiyac yoxdur, bunun üçün yetkinlik yaşına çatmış oğlan və qızın atalarının, yaxud himayələrində olduqları adamın razılığı ilə iki şahid yanında evlənməyə razılıq vermələri və şəriət baxımından zəruri sayılan bəzi sözləri ərəbcə demələri kifayətdir.

İslam nikah vaxtı şahid tutulmasını vacib hesab edir və müsəlmanları gizlicə evlənməkdən çəkindirir. Quranda buyurulur ki: “Onlarla (evlənmək istədiyiniz qadınlarla) gizlində vədələşməyin, onlara şəriətə müvafiq söz deyin” (əl-Bəqərə, 235). Peyğəmbər də buyurmuşdur ki: “Şahidlərsiz nikah olmaz”. Bütün bunlar ona dəlalət edir ki, islam nikahı, kəbin kəsilməsini insanın həyatında mühüm bir hadisə hesab edir.

 İslamda nikahın iki əsas forması məlumdur: daimi nikah (bütün müsəlmanlar arasında) və müvəqqəti nikah (siğə, şiələr arasında). Qərb islamşünaslarının levirat nikah adlandırdıqları və ölmüş adamın qardaşının və ya yaxın qohumunun onun dul qalmış arvadına evlənməsini nəzərdə tutan nikah ayrıca nikah forması deyildir və daimi nikah növü sayıla bilər.

Artıq qeyd etdiyimiz kimi, daimi nikah barəsində islam məzhəbləri arasında ixtilaf yoxdur. İxtilaf yalnız müvəqqəti nikah (zivaç əl-mit’ə, yaxud ən-nikah əl-münqəti’) barəsindədir.

İmami şiələr müvəqqəti nikahı – siğəni qanuni hesab edirlər və bu nikah növü bu gün də bir sıra ölkələrdə, xüsusilə İranda geniş tətbiq olunur. Bəzi müsəlman alimləri siğəni “zina”, bir sıra Qərb alimləri isə “fahişəliyin qanuniləşdirilmiş forması” hesab edirlər. Müxtəlif məzhəblərdən olan müsəlman alimləri arasında siğənin şəri olub-olmaması barəsində mübahisələr uzun müddətdir ki, davam edir. Məsələnin mahiyyətinə varmaq üçün siğənin tərəfdarları ilə əleyhdarlarının irəli sürdükləri konsepsiyalara nəzər salaq.

Quranda buyurulur ki: “İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin!” (ən-Nisa 24). Əksər müfəssirlər belə bir yekdil fikirdədirlər ki, bu ayədə söhbət müvəqqəti nikahdan gedir. Məsələn, şafii alimi İbn Kəsir (vəfatı – 774/1372) qeyd edir ki, bu ayə müvəqqəti nikahın halallığına dəlil kimi göstərilmişdir. Şübhə yoxdur ki, bu cür nikah islamın başlanğıcında halal olmuş, sonra isə ləğv edilmişdir. Bütün şiə imamları həmin ayəni müvəqqəti nikahın halallığına dəlil kimi izah etmişlər. Rəvayət edirlər ki, bəzi səhabələr, o cümlədən Übeyy bin Kə’b, İbn Abbas və İbn Məs’ud həmin ayəyə “ila əcəl müsəmma” (müəyyən vaxtadək) sözünü də əlavə edərək onu “müəyyən vaxtadək istifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin” mənasında qiraət etmişlər. Lakin sonralar bu ayənin hökmü, yəni müvəqqəti nikahın caizliyi barədə hökm nəsx edilmişdir. Əli bin Əbu Talibdən rəvayət edirlər ki, Peyğəmbər Xeybər döyüşü günü qadın siğəsini qadağan etmişdir. Rəbi bin Səbrədən də rəvayət edirlər ki, o öz atasına istinadən belə bir hadisə haqqında xəbər vermişdir: “Vida həccində biz subaylıqdan şikayət etdik. Peyğəmbər dedi: “Bu qadınlardan istifadə edin”. Mən bir qadınla nikaha girdim. Səhəri gün Peyğəmbərin yanına gəldim. O, Kəbənin İraq küncü ilə qapısı arasında dayanıb deyirdi: “Mən sizə (qadınlardan) istifadə etməyə izn vermişdim, bilin ki, Allah onu Qiyamət gününədək haram buyurdu”.

Lakin məlumdur ki, Əli bin Əbu Talibin və onun övladlarının ardınca gedənlər müvəqqəti nikahı halal saymış, onun qadağan edildiyi fikrini rədd etmişlər. Odur ki, Xeybər günü qadın siğəsinin qadağan edildiyi barədə Əli bin Əbu Talibə isnad edilən hədis düzgün sayıla bilməz. Digər tərəfdən, əgər hər iki hədisin düzgün olduğunu qəbul etsək, belə çıxır ki, müvəqqəti nikah iki dəfə nəsx edilmişdir, çünki onun vida həccində caizliyinin bildirilməsi ilə Xeybər günü haram buyurulması barədə hökm nəsx edilir. Səbrənin də söylədiyi xəbərin isnadları nöqsanlıdır. Həm də bəzi səhabələrin, o cümlədən, Cabir bin Əbdullah, Əbdullah bin Abbas, İbn Məs’ud, Səlmə bin əl-Əkva və Ənəs bin Malik kimi nüfuzlu səhabələrin rəvayət etdiklərinə görə, müvəqqəti nikah Peyğəmbərin sağlığında nəsx edilməmişdir. Rəvayət edirlər ki, Cabir bin Əbdullah kiçik həcc ziyarətindən qayıtdıqdan sonra səhabələrdən bir qrupu onun evində yığışmışdılar. Ona müxtəlif suallar verirdilər. Sonra kimsə müvəqqəti nikah barədə soruşdu. O cavab verdi ki: “Bəli, biz Peyğəmbərin (s), Əbu Bəkrin və Ömərin dövründə müvəqqəti nikah etmişik”. Açıq-aydın görünür ki, Peyğəmbərdən sonra da müvəqqəti nikah halal sayılmış və nəsx edilməmişdir.

Müvəqqəti nikah ilk dəfə xəlifə Ömər bin əl-Xəttab tərəfindən qadağan edilmişdir, yəni bu barədə qanun çıxarılması ona aid edilir. Lakin şiə alimləri belə hesab edirlər ki, bunun heç bir əsası yoxdur, belə ki, əgər bu, ictihad – sərbəst rəy çıxarılması yolu ilə edilsə idi, batil olardı, çünki, Quranda onun halallığı barədə aydın mətn vardır və bütün məzhəblər bunu qəbul edir; yox, əgər bu rəvayət yolu ilə edilsə idi, belə bir rəvayət səhabələrdən necə gizli qala bilərdi? Deməli, Peyğəmbərin sağlığında, Əbu Bəkrin xəlifəliyi dövründə və Ömərin hakimiyyətinin əvvəlində müvəqqəti nikah halal sayılmış və yalnız Ömər onu haram elan etmiş və demişdir; “İki növ müvəqqəti nikah Peyğəmbərin (s) dövründə halal olmuşdur. Mən onları qadağan edirəm və onların üstündə cəzalandıracağam”.

Əgər Peyğəmbər müvəqqəti nikahı nə vaxtsa qadağan etmiş olsaydı, xəlifə Ömər hökm çıxararkən ona istinad edərdi. Lakin köründüyü kimi, Xəlifə deyir ki, Peyğəmbərin dövründə müvəqqəti nikah halal sayılmışdır. Şü’bə mötəbər səhabələrdən sayılan həkəm bin Üteybəyə isnadən belə rəvayət edir: “Ondan, istifadə etdiyiniz qadınlar” (ən-Nisa, 24) ayəsi barədə soruşdum ki, onun hökmü pozulmuşdurmu?” O dedi: “Xeyr!” Sonra dedi: “Əli bin Əbu Talib əleyhissəlam demişdir: “Əgər Ömər müvəqqəti nikahı qadağan etməsəydi, az adam zina edərdi”.

Bu barədə başqa rəvayətlər də vardır. Məsələn, rəvayət edirlər ki, Şam əhlindən bir nəfər Ömərin oğlundan qadın siğəsi barədə soruşdu. O cavab verdi ki, siğə halaldır. Həmin adam bildirdi ki: “Sənin atan onu qadağan etmişdir”. Ömərin oğlu dedi: “Fikrin nədir, mənim atam onu qadağan etdiyi, Allahın Rəsulu (s) isə ona əməl etdiyi halda sən sünnəni atıb mənim atamın dediyinə əməl edəcəksən?!”.

Məşhur şiə hüquq alimi Şeyx Əbu Cəfər Mühəmməd Tusi (vəfatı – 460/1068) müvəqqəti nikah barəsində yazır ki: “Müvəqqəti nikah islam şəriətində caizdir. O, kişinin məlum mehrlə məlum müddətə bir qadına siğə etməsindən ibarətdir. Bu şərtlərin olması labüddür, müvəqqəti nikah daimi nikahdan bu şərtlərə görə seçilir”.

 

(Ardı var)

 

 

Rafiq ƏLİYEV,

fəlsəfə elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2013.- 16 mart.- S.10.