Mədəniyyət və İncəsənət Universitetinin müəllimlərinin Avropada yaradıcılıq sərgisi

 

11 mart 2013-cü il tarixində Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəssamlıq” fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Sadıqbəyova və “Rəsm və rəngkarlıq” kafedrasının müdiri, dosent Aytən Rzaquluyevanın birlikdə təşkil etdikləri “Azərbaycan Rəssamları-FOTO”  adlı sərginin açılışı olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Bolqarıstan Dövlət Rəssamlıq Akademiyasının bu tədbiri uğurla keçib. Sərgidə sərgilənən təsviri sənətin – rəngkarlıq, qrafikadekorativ sənət nümunələri nümayiş olunub. Bu gün Azərbaycanın dünyanı heyrətləndirən vüsətli inkişafı, iqtisadi tərəqqisi, siyasi sabitliyi xüsusilə mədəniyyət və incəsənətə dövlət qayğısı belə qarşılıqlı sərgilərin keçirilməsi üçün əsaslı zəmin yaradır. Bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi ilə əlaqədar universitetin nailiyyətləri bütün sahələrdə olduğu kimi təsviri sənət sahəsində də öz əksini tapmaqdadır. Bu sərgidə də universitetin keçdiyi zəngin və mürəkkəb tədris yolu sərginin ayrı-ayrı eksponatlarında diqqətə çatdırılıb. Sərgi  Sofiya şəhərinin sənətsevərləri ilə yanaşı Bolqarıstanın digər sənət adamlarının da böyük rəğbətini qazana bilib. Sərginin nümayişində sənət adamları, cəmiyyətin müxtəlif zümrələrini təmsil edən nümayəndələr iştirak edib və respublikamıza olan maraq bir daha nümayiş olunub. Bolqarıstan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor Svyatoslav Kokalov və Azərbaycanın Bolqarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Emil Kərimov çıxışlarında Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyət, incəsənət və təhsilin inkişafındakı əvəzsiz rolunu və xidmətini ətraflı qeyd ediblər. Sərginin uğurlu keçməsi münasibətilə səfir Bolqarıstan Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor S.Kovalova və sərginin təşkilatçıları, dosent Sevda Sadıqbəyovaya və Aytən Rzaquluyevaya dərin minnətdarlığını bildirib. Bolqarıstan və Azərbaycan xalqları arasında mədəniyyətin və incəsənətin inkişafında əhəmiyyətli rol oynayacaq bu sərginin təşkili üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevə minnətdarlıq bildirilib.

 

 

Çingiz Bağırov,

Beynəlxalq əlaqələr üzrə prorektor

 

525-ci qəzet.- 2013.- 16 mart.-S.17.