Sözə bağlı ömür
SABİR AZƏRİNİN 75
İLLİYİNƏ
Ötən
əsrin 70-80-ci illərinin gəncliyi onu, əsasən, ədəbiyyatımızda
hadisə kimi səciyyələndirilən “Kar qaya”, “Dalanda”
povest və romanının müəllifi kimi
tanıyırdı; baxmayaraq ki, ona qədər və ondan sonra
da yazdığı hekayə, povest və romanları ilə ədəbi
prosesin həmişə diqqət mərkəzində olub,
özünün fərdi bənzərsiz üslubu, yazı tərzi
ilə bu gün də ədəbiyyat tariximizdə
özünəməxsus yer tutur. Ancaq şəxsən
tanış olmadığım, yalnız tədbirlərdə
və baş redaktor müavini olduğu “Ulduz” jurnalında
müşahidə etdiyim bu bənzərsiz yazıçı,
mənə elə gəlir ki, ədəbi prosesdə
tutduğu yazıçı mövqeyinə görə bir qədər
arxa planda qalmış, yaradıcılığına və ədəbi
fəaliyyətinə rəğmən, adekvat qiymətini
almamış, özü və əsərləri haqqında
yetəri qədər araşdırmalar aparılmamış,
yaxud bir qədər də səmimi desək, əlində
müəyyən imkanlar olsa da əsərlərinin
çapı və təbliği ilə məşğul
olmamışdır. Bir oxucu, eləcə də ədəbiyyatşünas-tədqiqatçı
olaraq yazıçı portreti ilə bağlı gəldiyim
son qənaətim isə budur; ədəbi cameədə
xarakteri, təmkini, hadisələrə münasibətdə
obyektivliyi və sabitliyi ilə seçilən Sabir Azəri həmişə
şəxsi ləyaqətini qorumağa
çalışmış, yazıçı
vicdanının səsinə qulaq asmış, ürəyinin
hökmü ilə yazıb-yaratmışdır.
Zaman keçdikcə yaradıcılığın mahiyyəti
bütün təfərrüatı ilə üzə
çıxır; o vaxt yazıçının əsərləri,
obrazlarının taleyi, süjet xətlərinin mütəhərrikliliyi,
estetik idealı bütün varlığı ilə yeni həyatını
qazanır. Üç cildlik “XX əsr Azərbaycan ədəbiyyatı
tarixi” kitabımı yazarkən ötən əsrin ədəbi
həyatında S.Azərinin özünəməxsus sabit,
bitkin bir yerinin olduğunu bir daha yəqin etdim və
yaradıcılığı ilə bağlı bu
yazını yazmaq zərurəti duydum. Məlumdur
ki, zaman keçdikcə yazıçının əsərlərinə,
oradakı mövzu və problematikaya, yaxud obrazların taleyinə
münasibət də dəyişir. Onun zəngin
yaradıcılığına isə yenidən nəzər
salarkən bir müşahidəmə özüm də heyran
qalmaya bilmədim: sovet rejiminin sərt senzura, yaxud sosrealizm
çərçivəsində yazıb yaratdığı
ilk bədii uğuru olan “Kar qaya”, “Yol üstündə toy”,
“Sarı at” trilogiyasından bu yana yazdığı əsərlərindəki
obrazlarının, xarakterlərinin daşıdığı
ictimai yük, dilin canlılığı, süjet xətlərinin
dinamizmi, yazı manerasının polifonizmi ilə ədəbiyyat
tariximizdəki mövqeyini qoruyub saxlayır.
Yaradıcılığının sonrakı mərhələsində
qələmə aldığı çoxlu hekayələrini,
“Duman çəkilir”, “Darıxan şəhər”, “Gecə məşəl
yanır”, “İlk təkan”, “Bozdağın nağılı”,
“Günəşə sarı gedəndə”, “Ölə bilməyən
adam” povestlərini, “Dalanda”, “Sonsuzluq” romanlarını bir
ümumi cəhət birləşdirir; mövzu
aktuallığından daha çox
düşündürücü problemlərin təsviri, həyat
həqiqəti ilə bədii gerçəkliyin paralel
inikası, daxili psixoloji dramatizm, cəmiyyət hadisələrinin
alt suxurlarına enmək, ifadə imkanlarının
genişliyi və s. Onun əsərləri psixoloji dərinliyi,
həyatiliyi ilə seçilir. Yazıçı
ədəbi fəaliyyətinin böyük bir mərhələsini
sovet dövründə keçməsinə rəğmən,
rejimin mövzu aktuallığına tamamilə biganə
qalmışdır. Onun
yaradıcılığında nəinki konyuktura ilə
yazılmış əsər, hətta ayrı-ayrı epizod,
süjet xətləri belə tapmaq çətindir. Sovet rejimindən sonra da konyukturadan uzaq olub, orijinal,
sabit yazıçı təcrübəsinə, qələminə,
şəxsi ləyaqətinə, vətəndaş cəsarətinə
sadiq qalıb.
Sabir Azərinin
sağlığında əsərləri on min tirajlarla
Bakıda, Moskvada, eləcə də keçmiş Sovetlərin
ayrı-ayrı müttəfiq respublikalarında tərcümə
edilərək otuz dəfədən çox nəşr
olunmuş, böyük oxucu kütləsi
qazanmışdı. “Dalanda” romanı
1990-cı ildə Moskvada “Sovetski pisatel” nəşriyyatında
rus dilində nəşr olunduqdan sonra üç milyondan
çox tirajı olan “Roman-qazeta”da da yayımlanıb. “İlk təkan” povesti də milyon yarım tirajla
Moskvada dərc olunub. Müxtəlif vaxtlarda əsərləri
ilə alman, polyak, fin, ispan və türk oxucuları da
yaxından tanış olmuşdur. Yazıçı özü də tərcümə
ilə məşğul olmuş, R.Həmzətovun “Mənim
Dağıstanım” kitabının birinci hissəsini dilimizə
çevirmişdir. Onun ssenarisi əsasında
“Köhnə bərə” bədii filmi çəkilmişdir.
Sabir Azəri
Azərbaycan ədəbiyyatının
altmışıncılar nəslinə mənsubdur, lakin elə
buradaca qeyd edək ki, bu nəslə mənsubluğun
özünün də çətinlikləri yox deyil, yəni
son dərəcə zəngin, nəsr politrasında
özünü təsdiq etmək, üslubunu
formalaşdırmaq və bərabər səviyyədə
yeni nəsri inşa etməyin yükünü və məsuliyyətini
başqaları ilə bərabər səviyyədə
daşımaq lazım gəlir. Burada bədii
sözün universallığı, müasir nəsr elementləri,
forma orijinallığı, əsərdən əsərə
təkmilləşən üslub özünəməxsusluğunu
xüsusi qeyd etmək lazımdır.
Yazıçının nəsr təcrübəsinin
formalaşmasında şübhəsiz hekayələri başlıca
yer tutur, yazıçı bunu “Ovçunun xatirələri”
adı ilə nəşr etdirirdi, lakin elə buradaca qeyd etmək
yerinə düşər ki, bu hekayələr forma və
strukturuna görə ənənəvi nəsr
düşüncəsindən tamamilə fərqlənən əsrlərdir.
“Qağayılar ağlayır”, “Qonaq”, “Payızın ilk
günü”, “Mənim ilk qaban ovum”, “Dostluq”, “Qisas”, “Durnalar
qayıdır”, “Bir tikə çörək” və s. hekayələrinin
hər biri lirik-poetik düşüncə tərzi, daxili
dinamizmi və dramatizmi ilə oxucunu
düşündürür. Bu hekayələrdə
yazıçı insan və onun xarakterlərinin gizlinləri,
çoxyönlülüyü, təbiət və onun gözəllikləri,
cəmiyyət və təbiət münasibətlərinin
mürəkkəblikləri ilə bağlı problemləri qələmə
alır. Bu hekayələr
yazıçının yalnız təbiət təsvirləri
ilə yadda qalmır, hər biri roman mövzusu olacaq təbiətlə
cəmiyyətin dialoq zərurətini anladır, təbiətlə
üzbəüz qalan insanın simasında çox ciddi
ictimai-əxlaqi, mənəvi problemləri təsvir edir.
Yazıçı göstərmək istəyir
ki, dünyanın, cəmiyyətin, bir qədər də
konkret düşünsək, gələcək nəsillərin
taleyi bizim torpağa, dağlara, çaylara olan münasibətimizdən
asılıdır. S.Azərinin bu hekayələrindəki
süjetqurma formulu, problemlərin mənəvi-əxlaqi aspektdə
inikası roman təfəkkürünə meylin əlamətləri
idi və çox tezliklə yazıçının bu janra
keçidini şərtləndirir.
“Kar qaya”, “Darıxan şəhər”,
“Duman çəkilir”, “İlk təkan”, “Günəşə
sarı gedəndə”, “Dalanda” povest və romanları isə
yazıçının bir nasir kimi
professionallığını, səriştəliliyini ortaya
qoydu. Ən əsası isə
yazıçı bu əsərlərində hadisələrə
mənəvi-psixoloji aspektdən, təbiət-cəmiyyət
prizmasından yanaşmağı bacardı. Təbiətlə cəmiyyətin harmoniyası S.Azərinin
povestlərində də ideyanın, obrazlarının
xarakterinin açılmasında yaxından iştirak edərək
onun nəsrini formalaşdıran faktorlardan biri olur. Qazaxda uşaqlığının keçdiyi yerlərdən
tanıdığı, müşahidə etdiyi Kar qaya
obrazını ədəbiyyata gətirərkən, onun təbiətinə
məxsus xüsusiyyətə (bütün qayalardan fərqli
olaraq bu qaya səsə əks-səda vermir) ictimai münasibətlər
fonunda yanaşan yazıçı cəmiyyət problemlərini,
ictimai biganəliyi, laqeydliyi təsvir etməyə nail olur.
“Kar qaya” povesti ilə yazıçı
yalnız bədii üslubunu formalaşdırmadı, həm də
yazıçı cəsarəti nümayiş etdirdi. İlk əsərlərərindən birindəcə
cəmiyyət və təbiət hadisələrinə ictimai
məna verməyə çalışan yazıçı
“kar qaya” adında mənəvi-psixoloji amillərə nəzər
yetirir, qayanın (cəmiyyətin) bu problemlərə biganəliyini
bədii şəkildə ifadə edirdi. “Darıxan
şəhər” əsərində isə
yazıçının təsvir etdiyi şəhərlə
yaşadığı cəmiyyətin inkişaf ritmi ilə
uyğunluq görməmək mümkün deyil. Yazıçı böyük ustalıqla (və cəsarətlə!)
“darıxan şəhər” mühitindəki
eybəcərlikləri, bədbəxtlikləri, sosioloji
kontrastları təsvir etməyə nail olur. Yazıçının
təsvir etdiyi “Darıxan şəhər” isə heç də
başqa bir mühit deyil, elə yazıçının
özünün yaşadığı mühitdir. Burada ideallaşdırılan mühit, təbiət
rəmzləşdirilir və bu rəmzdə
yazıçı cəmiyyətdəki mənəviyyatsızlığın
faciəsini göstərir. Mənə elə
gəlir ki, ilk bədii nəsr nümunələrindən
başlayan təbiət-cəmiyyət münasibətlərinin
bir sistem halında təsviri S.Azəri nəsrinin özünəməxsus
kodlarıdır. Əsərdən əsərə,
problemdən problemə yazıçının
yaşadığı cəmiyyətin şifrələnmiş
kodları açılmağa doğru gedir.
“Duman çəkilir” povestində isə Azərbaycan nəsrində
müxtəlif rakurslardan işlənmiş 20-ci illərdə
yeni quruluşun gətirdiyi kataklizmləri göstərməyə
çalışır; doğrudur bu problem artıq nəsrimizdə
müəyyən dərəcədə işlənmişdi,
ancaq cəmiyyətin üzərindən çəkilən
dumana müəllif münasibətinin orijinallığı və
yanaşma yeniliyi ilə diqqəti çəkir. Yazıçı burada bu
süjetin ənənəvi inkişaf xəttindən imtina
edir; başqa əsərlərdə olduğu kimi bütün
var-dövlətini, ictimai nüfuzunu (ona ən çox təsir
göstərən də məhz bu idi!) itirən Cəlil bəy
dağlara çəkilib mübarizə aparmır, yeni cəmiyyət
quruculuğunda iştirak etmək istəyir, hətta dünənəcən
nökəri olmuş adamlarla bir yerdə yer də
şumlayır, çörək də yeyir. Ancaq özünə
və oğluna qarşı olan münasibətlər bu cəmiyyətdə
qalıb yaşaması fikrindən daşındırır, Sərxana
“ömrümə bircə gün də qalsa oğlun Səməndəri
öldürəcəm” deyir, çox düşünüb
daşındıqdan sonra Badam xanımı da
götürüb dağlara çəkilir. Cəlil
bəy başa düşür ki, daha onun zamanı
getmişdir, buna görə də yeni cəmiyyətə
qarşı mübarizə aparmır, sadəcə özü
çəkilir (dumanın çəkilməsinin bir çox
mənalarından biri də məhz budur!), istəyir ki,
oğlu, qızı bu cəmiyyətdə rahat yaşasın.
Ancaq dünənəcən bəy qızı
ilə evlənməyi özünə şərəf hesab edənlər
vəziyyətin dəyişdiyini görüb onun
qızını boşayanlar içərisində yaşamaq
ona çox çətin gəldiyindən çəkilmək
qərarını verir. Müəllif Cəlil
bəy obrazını orijinal boyalarla təsvir edir, həyat,
dünya haqqında onun özünəməxsus qənaətləri
var; bütün əsər boyu açılan bu qənaətlər
içərisində kişilik fəlsəfəsi
başlıca yer tutur.
Sabir Azəri nəsrinin əsas xüsusiyyətlərindən
biri simvolikanın, bədii şərtiliyin, metaforik
qatların bir sistem şəklində olmasıdır;
bütün bunlar müəllifə cəmiyyət problemlərini
açmağa və oxucunu düşündürməyə
geniş imkanlar açır. “Dalanda” romanı, “Günəşə
sarı gedəndə”, “Ölə bilməyən adam” povestlərində bu xüsusiyyətlər
bir qədər də qabarıq görünür. Romanda əsərin qəhrəmanı Qafarın
simasında cəmiyyətdə şəxsiyyətin
kökündən uzaqlaşması, dəyişməsi və
özgələşməsi problemi qoyulur və bədii cəhətdən
uğurla həll edilir. Hadisələrin təsvir
edildiyi məkan şərtidir; yəni İçərişəhərin
dalanlarından birinin təsviri, əslində bütöv cəmiyyəti
təmsil edir. Qafar isə bu cəmiyyətə
təsadüf üzündən düşmüşdür;
universitetə qəbul olunmuş Qafar adi həyat, məişət
çətinlikləri ilə üz-üzə
qaldığından özünün həyat prinsiplərindən
addım-addım geri çəkilməyə məhkum
qalır, kirayə qaldığı evin qızı Fəridə
ilə evlənməklə kənddə qoyub gəldiyi
anasını və sevgilisi Gülzarı yaddan
çıxarır. Əvvəlcə Fəridə
ilə münasibətlərinə ötəri bir şey kimi
baxsa da getdikcə daha da dərinləşir. Evləndikdən sonra isə Fəridənin
çılğın təbiəti, maddi tələbatları,
tünd xasiyyəti Qafarı, demək olar ki, hər gün təzyiq
altında qoyur, Qafarın “mən haram mal yeməyə öyrəşməmişəm”
prinsipinin qarşısında “indi bacarıqlı kişilər
haram malın gözünə halal mal qatırlar ki, and
içməyə yerləri qalsın” deyə onu da bu cəmiyyətin
dəyişmiş bir nümayəndəsi etmək istəyir.
Ancaq Qafarın faciəsi yalnız bununla bitmir,
o, şəhərdə qalıb işləyərkən də
həm qaldığı darısqal həyət və dalan, həm
də işlədiyi arxiv onun həyatını da gündən-günə
sıxır, darısqallaşdırır. O, başa
düşür ki, sərbəstliyini,
azadlığını artıq itirmək üzrədir. Əlbəttə, Qafarın problemləri yalnız
dalanda qalmır, ondan çox kənara çıxır,
bütöv bir cəmiyyətin probleminə çevrilir.
Bu cəmiyətdə Fəridə tək
deyildir, yaqublar, mürşüdovlar, dursunlar da bu cəmiyyətin
keçilməz sədləridir. Bu isə
bütöv bir mühit deməkdir, elə bir mühit ki, bu
mühitdə pul, var-dövlət insanların əsas məqsədinə,
amalına çevrilmişdir, hər şey pula
bağlıdır və Qafar bu mühitdə özünü
tək, yalnız hiss edir. Bu qətiyyən
Qafarın talesizliyi, bəxtsizliyi deyil, bütöv cəmiyyətin
faciəsidir. Qafar isə bu cəmiyyətdə
axına qarşı gedən tək-tük ziyalılardan
biridir; o, təkdir, həyat prinsipləri cəmiyyətin həyat
prisipləri ilə üst-üstə düşmür.
Ona görə də “heç kəsin yanında gözü
kölgəli” olmayan Qafar Yaqubun nəzərində Don Kixotdur:
“Ə, sən Don Kixotsan, canımçün əsl Don
Kixotsan. İyirminci əsrin Don Kixotu”.
S.Azəri epizminin gücü ilə “Dalanda” romanında
dövr, zaman üçün (bəlkə də bütün
dövr və zamanlar!) xarakterik olan mənəvi-əxlaqi,
psixoloji problemlər bədii cəhətdən uğurlu həllini
tapır. Digər əsərləri kimi, bu romanda da
yazıçının baş qəhrəmanı
böyük bir ictimai, mənəvi yükün
daşıyıcısı kimi çıxış edir.
Qafarın həyat prinsipləri, müdafiə
etdiyi həqiqətin belə tək qalmasının ictimai
köklərinə işarələr vurulur. Olsun ki, Qafar kənddə doğulub, boya-başa
çatdığı üçün dalan ona dar,
sıxıntılı gəlir, yəni o, öz kökündən,
ilkinliyindən ayrılmışdır. Ancaq
müəllifin başlıca məqsədi cəmiyyət və
insan problemidir və bu cəmiyyətdə hər şey insan
azadlığının məhdudlaşdırılması ilə
bağlıdır. Nəzərə alsaq ki, müəllifin
təsvir etdiyi məkan kimi “dalan” məcazi, metaforik mənadadır,
o zaman yazıçının cəmiyyət və insan, cəmiyyət
və azadlıq problemlərinə yeni bədii münasibətin
izlərini görməmək mümkün deyil. Qafarın “dalan”ı tərk edərək
doğulduğu məkana getməsi onun azadlığa
qovuşması anlamına gəlir.
S.Azərinin qəhrəmanları heç zaman
yaşadıqları mühitə seyrçi qalmırlar,
yaşadıqları problemləri həll etməyə,
analitik-assosiativ təhlillər aparmağa
çalışırlar. “Günəşə sarı gedəndə”,
“İlk təkan”, “Qorxu”, “Gecə məşəl yanır” və
s. əsərlərində yazıçı həayat həqiqəti
ilə bədii gerçəkliyin sintezini yaratmağa
çalışmışdır. “Ölə bilməyən adam” povestində isə Kor Fətinin faciəsi
ictimai münasibətlər fonunda açılır. S.Azəri nəsrinin əsas xüsusiyyətlərindən
olan bədii detal üzərində qurulmuş süjet xəttində
Kor Fətinin taleyi təsvir edilir. Son günlərini kənddəki
evində deyil qəbristanlıqdakı türbədə
yaşayaraq ölümünü gözləyən Kor Fətinin
kənddən kənar gəzməsi, heç kimin
gözünə görünməməsinin, toyda və şərdə
iştirak etməməsinindərin ictimai nədənləri
var; müharibə zamanı kənd soveti sədri işləyən
Kor Fəti camaata qan uddurmuşdu, altlarındakı döşəyə
qədər yığıb müharibəyə göndərmişdi.
İndi isə müharibə bitmiş, çox
şey dəyişmiş, Kor Fətinin arvadı tifdən
ölmüş, əlindəki hakimiyyət də itmişdir.
Heç kim onu danışdırmır, o
isə qəbristanlıqdakı türbəyə gələrək
ölümünü gözləyirdi. Ona görə buraya gəlirdi
ki, heç kim onun can verməsini görməsin.
Yazıçı xalqa qarşı amansız
mövqe tutan insanların cəmiyyət tərəfindən kənara
atılmasını bədii şəkildə göstərmək
istəyir. Əslində Kor Fəti
diri-diri özünü basdırmışdır.
İndi isə onun Anaxanımdan istəyi odur ki, son nəfəsində
camaat keçsin günahından, kəndə gəlsin,
insanların arasında ölsün, meyidini beşcə kişi götürsün, üstündə də
beşcə arvad ağlasın, istəyir ki, onun da qəbri
olsun. Elə bu məqsədlə də
Anaxanım arvadın oğlu Elxanın toyuna gedərək
“Qazağı” havasına qol qaldırıb oynayır. Elxanın buna dözməyərək onu balta ilə
vurmaq istəyinə camaat mane olur. Kor Fəti yenidən
üç il gürzə ilanı ilə
bir yerdə yaşadığı türbəyə gəlir. Yazıçı gürzə ilanı ilə Kor Fətini
qarşılaşdırır. Gürzə
heç kəsi durduğu yerdə çalmır, ancaq Kor Fəti
insanları çalmış, incitmişdir. İndi isə camaatın onu yenidən qovmasından
hirslənən Kor Fəti gürzənin boğazından
tutaraq boğur, ancaq adi bir boşluq gürzənin onu biləyindən
çalmasına imkan verir. Yazıçı bununla
üç il bir yerdə
yaşadığı gürzəni də səbəbsiz yerə
“çalan” Kor Fətinin kimsəsiz ölümünə
işarə edir.
Əlbəttə, burada görkəmli nasir, ziyalı, vətəndaş
Sabir Azərinin yaradıcılıq portretinin bəzi məqamları
üzərində dayandıq, 72 illik ömür
yaşamış yazıçının ədəbiyyat
tariximizdəki yerinə qısa ekskurs etdik. Lakin elə bu
da yazıçı şəxsiyyəti və
yaradıcılığı ilə bağlı müəyyən
qənaətlərə gəlməyə imkan verir. Bu qənaətlər isə bundan ibarətdir ki,
altmışıncılar nəsrinin bənzərsiz nümayəndəsi
sözə, sənətə, xalqına bağlı bir
ömür yaşamış S.Azərinin bədii nəsri
ötən əsrin ədəbi düşüncəsinin ən
yaxşı səhifələrindən birini təşkil
edir.
Bədirxan ƏHMƏDOV,
Professor
525-ci qəzet.- 2013.-
20 mart.- S.7