"Ən yaxşı günlərim
arxada qalıb..."
Aqil
Abbas-60
– 60
yaşınız tamam olur. Sizin üçün 60 yaş
ömrün hansı çağı deməkdir? 60 il tezmi
keçdi?
– Uşaq
vaxtı qəbiristanlığa gedəndə qəbirlərin
üstünə baxırdıq, deyirdik ki, “vay dədə, 60
il yaşayıb, 50 il yaşayıb”. Elə bilirdik ki,
çox böyük ömürdür. Amma sonra görürsən
ki, yaş bir günün içərisində keçib
gedir. İnsan həyatı qısadır. 3 yaşımdan bu
günə qədər olanları yadımda saxlamışam.
Fikirləşəndə bütün ömrüm
gözümün qabağından keçib gedir. Bizim
üçün 60 ildir, bəlkə tanrı
üçün bir dəqiqədir, bir saatdır. 60
yaşı görmək yaxşı şeydir, eyni zamanda 70
yaşı da.
– Yaş
artdıqca insan günlərinin qədrini bilməyə
başlayır. Sizdə də belədirmi?
–
İnsan təbii ki, ölmək istəməz. Şəkinskidən
soruşurlar ki, nədən qorxursan? Deyir çox
yaşamaqdan, bizim nəsil çox yaşayan nəsildir,
dayım 130 il, bibim 120 il yaşayıb və deyəsən mən
də çox yaşayıram. Bu mənə aid deyil, 60
yaş çox deyil. Amma insanın çox yaşamağı
lənətlənməyidir. Oğlun ölür, nəvən
ölür, hamı gözünün qabağında ölür,
sən də bayquş kimi oturursan. Bu yaşamaq deyil.
– Aqil
Abbas Azərbaycan cəmiyyətində çox erkən
tanındı. Bunun üçün nə etdiniz?
–
Birincisi, yazıçı, şair, bəstəkar tez
tanınan insanlardır. Aqil Abbas nə edə bilər ki? Cavan
yaşdan jurnalistika, yazıçılıqla məşğulam.
Bir tərəfdən jurnalistika, digər tərəfdən
yazıçılıq səni tanıdır, amma ikinci daha
çoxdur. Cavan yaşımdan mətbuatda yazılarım,
romanlarım, povestlərimlə çıxış etmişəm.
Bir də səmimiyəm, insanlarla ünsiyyət
qurmağı bacarıram, həmişə səmimi olmuşam.
Bunlardan əlavə reklam da əsasdır. Məndən
çox televiziyada çıxış edən jurnalist,
yazıçı yoxdur. 22 yaşımda Dövlət
Televiziyasında “Meridianlarda izimiz” adlı verilişi
aparırdım.
–
İnsan istənilən yaşda düşünür ki, ən
yaxşı günü qabaqdadır, razısınızmı
bu fikirlə?
–
Sözsüz ki, insan sabahkı günün yaxşı
olmasını istəyir. Amma mənim ən yaxşı
günlərim arxadadır. Orta məktəbi, institutu
bitirmişəm, kitablarım, yazılarım
çıxıb. Ayaqyalın İstisuyu, Kəlbəcəri
gəzmişəm, ailə qurmuşam, uşaqlarım, nəvələrim
olub. Həyatımın arxada qalan hissəsi yaxşı
günlərdir. Dərdli günlərim də var,
qardaşımı itmişəm. Ən ağrılı
gün Qarabağdır. Kasıb yaşadığım,
avtobusa pul verə bilmədiyim günlər olub, istədiyim
maşını ala bilməmişəm, paltarı geyinməmişəm,
amma bunlar ağır gündür? Xeyr. Heç elə
şeyləri vecimə də almamışam. Cibimdə 10
manat olmayıb, hamı elə bilib ki, milyonçuyam.
Kasıbçılıq, maddi şeylər ağır
gün deyil. Ağır gün sevdiklərini itirmək, qəbiristanlığının
darmadağın olmasıdır. Mən həmişə
demişəm ki, xoş günüm geridədir.
– Həmişə
yazıçılar deyirlər ki, hələ ən
yaxşı əsərimizi yazmamışıq, bəs siz?
–
Bütün yazıçılar deyir ki, ən yaxşı əsərimi
yazmamışam. Yazır, o yazıda nöqsanlarını
görür, gələcək yazıda istəyir ki, o
nöqsanlarını buraxmasın. Mən ən yaxşı ə
əsrimi yazmışam. Bundan sonra yazmasam da olar. Mənim nəzərimdə
bu, “Qapqara uzun saçları” povestim və “Dolu”dur.
Yazmışam və bu gündən sonra yazmasam da mənə
bəsdir.
– Dediklərinizə
inansaq, doymuş adama oxşayırsınız?
–
Özünüz bilin. Mən heç vaxt ac qalmamışam. Məmməd
Araz ölən gündən beynimdə bir yazı
fırlanır. Nə vaxt qələm ələ gələcək,
onda da yazacağam. Məsələn, “Dolu”nu 20 il fikirləşmişəm.
Birdən-birə “Dolu” yazmamışam. Müharibə
başlayandan bu əsər beynimdə idi, fikirləşirdim
bunu yazacağam. Yazırdım “Çadırda Üzeyir
Hacıbəyov doğulmaz” çıxırdı,
yazırdım “Qiyamət gecəsi”, “Qan üstündə
qançiçəyi” çıxırdı, amma “Dolu”
çıxmırdı. 2007-ci ildə “Dolu”
çıxdı. Məmməd Araz rəhmətə gedən
gündən Hüseyn Cavid, Məhəmməd Hadi, Məmməd
Araz-bu üç adamla bağlı beynimdə bir roman
fırlanır. Otururam, amma hələ yaza bilmirəm. Məsələn,
Rəmiş haqqında yarımçıq bir romanım var.
1981-ci ildən başlamışam, bir hissəsini də
çap etdirmişəm, 32 ildir o yazını yaza bilmirəm.
Otururam istədiyim kimi alınmır, qalır. Onun
arxasını yazmağa gücüm çatmır.
Görünür müəyyən şeylərdən,
problemlərdən və s. yaza bilmirəm.
Adətən
yazılarımı piyada gedəndə yazıram. İdi
piyada da gəzmirəm. Bir də yatanda yazıram. Yerimdə
uzanıram, bir-iki saat yalnız o yazını fikirləşirəm,
ya da kimsə maşını sürə, mən oturub fikirləşəm.
Yazılarımın çoxunu Rəşad Məcidlə yol
gedəndə yazmışam. Rəşad yeganə
adamlardandır ki, sən ondan müsbət enerji
götürürsən. “Dolu”nu Rəşadla əvvəldən
axıra demək olar ki, birlikdə yazdım.
İnan
heç vaxt heç nədən doymur. İntiharı bilirsən
kimlər edir? İnsanlar yaşamaqdan doyub özünü
öldürmür. İnsan arzusu bitəndə
özünü öldürür. Daha arzu etməyə bir
şeyi qalmır. Ya bütün arzuları həyata
keçir, ya da arzuları həyata keçmir və daha arzu
etmir. Hələ ki bizim çox arzumuz var. Mən Qarabağdan
danışmağı xoşlamıram, ay Qarabağ arzum var və
s. Bu arzu deyil, Qarabağı 100 faiz görəcəyəm.
Bunu Allaha, torpağa inandığım qədər
inanıram. Kim Kəlbəcəri, Şuşanı görməyə
inanmırsa, iki metrlik ip alsın özünü assın.
İnsan inamsız yaşaya bilməz.
– Deyəsən,
həm də kövrək adamsınız...
– Bəlkə
də dünyada məndən kövrək adam yoxdur, hər
şeydən kövrəlirəm. Gözümün
qabağından lent keçir kövrəlirəm,
yaxşı mahnı səslənir kövrəlirəm,
futbolda kövrəlirəm. Futbol xəstəsiyəm, amma
artıq futbol oyunlarına baxa bilmirəm. Televizoru
söndürürəm və ya başqa kanala baxıram,
çevirib hesaba baxıram, təzədən çevirirəm.
Çünki keçirdiyim həyəcandan adamı infarkt
vura bilər.
– Kövrəkliyin
yaş həddi varmı?
– Lap
uşaqlıqdan kövrəyəm. Küçədə
görmüşəm bir uşaq o birisini döyür,
ayırmağa gücüm çatmayıb, ona da kövrəlmişəm.
Bu uşaqlıqdan gələn şeydir. Bəlkə məni
yazıçı edən elə o kövrəlmələrim
olub.
– Dostunuz
Rəşad Məcidin dediyinə görə insan
ömründə 3 dəfə dəlicəsinə sevir, siz bu
fikirlə razısınızmı?
– Hər
kəsin öz fikri ola bilər. Mənim qeyri-adi sevgim birinci
sinifdə olub. Gözləyirdim ki, Leyla müəlliməni
görüm, o, uzaq qohumumuz idi. Deyirdim ki, o müəllimə
gəlib bizdə qalsın. O nə sevgi idi, bilmirdim. İnsan
bir insandan ötrü belə darıxa bilər. Sonra Ağdama
köçdük və müəllimi görmədim. Amma
şənbə-bazar atam bizi kəndə aparanda qaçıb
gedirdim ki, o müəlliməni görüm. Onu “Qapqara uzun
saçlar” povestimdə yazmışam.
Adam bəlkə
yüz dəfə sevir. Mənim elə dəlicəsinə
sevgim olmayıb. O müəlliməni də bir bacı, ana
kimi sevirdim, müəllim sevgisi var idi. Başımı
sığallayırdı, onun ətrini duyurdum, o ətir hələ
də beynimdədir. 60 yaşında insanın sevgidən
danışmağı özü mədəniyyətsizlikdir.
Mən xanımımı sevmişəm, dəli kimi sevmişəm,
qapılarının ağzında, pəncərələrinin
altında durmuşam, saatlarla yolunu gözləmişəm.
İndi uşaqlarımı, nəvələrimi,
dostlarımı sevirəm. Sevginin anlayışı çox
böyükdür. Tofiq Hacıbəyov “Dolu” romanı
haqqında qəribə bir şey yazmışdı.
Yazmışdı ki, Aqil Abbas Azərbaycanın “Hərb və
sülh”ünü yazıb. Bircə fərq var: “Hərb və
sülh”də qadın obrazı, sevgi var. Amma “Dolu” romanında
nə qadın, nə də sevgi var. Romanı bitirəndən
sonra gördüm ki, Aqil Abbasın sevgisi daha
böyükdür. Aqil qadına olan sevginin hamısını
torpağa, vətənə yönəldib. Ona görə ora
ikinci bir sevgi gətirməyib ki, heç nəyə mane olmasın.
Çox qəribə və gözəl izah verib.
Bilirəm,
nəyi deyirsiniz, cavan yaşında bir, orta yaşında bir,
qoca yaşında bir sevgi olur. O sevgi deyil,
şorgözlükdür. Mənim axırıncı sevgim
xanımımdır. Ondan qabaq isə çox olub.
– Məsələn,
gənc xanımları görəndə ürəyinizdən
cavan olmaq keçmir ki?
– Qətiyyən,
yox, cavan olub, kirayədə qalacam?
– O
çətinliyin bir şirinliyi yox idimi?
– Bir dəfə
mənə belə sual vermişdilər ki, keçən
günlərimi qaytarsalar gələn günlərimi qurban verərəmmi?
Dedim o axmaq adamın sözüdür. Keçən günlərimi
qaytaranda yenə orada-burada kirayədə qalacam.
–
İndiyə qədər olubmu ki, həyatda balaca Aqil Abbasla
rastlaşasınız?
– Yox.
Xoşuma gələn adamlar olub, amma fikirləşməmişəm
ki, bu balaca Aqildir.
– Yəni
sizin yaşantılarınızı yaşayan, uşaqlığınızı
xatırladan olub?
–
Bütün uşaqlığımı mənə
xatırladan elə böyük oğlumdur, o da elə mən
ağıldadır. Həyatda nə cür olmuşamsa, o da elədir.
Özüm, səhər güzgü qarşısında əl-üzüm
yuyanda bir an çaşıram, elə bilirəm atam durub
qarşımda. Az qala söhbət edirəm. Onu da “Qiyamət
gecəsi” adlı povestimdə yazmışam. Mən atama tez
oxşadım, yaşlanmaq mənasında. Müharibə
başlayandan sonra saçım sürətlə
ağardı. Mənim xiffətim yalnız
dağlarımız, dərələrimiz, oxuduğum məktəb,
sinif yoldaşlarımdır.
–
İndiyə qədər məxsusi olaraq orta məktəb, əsgər
yoldaşlarınızla bir yerə
yığışmısınız?
– Orta məktəb
yoldaşlarımın hamısı müharibədə
ölüb, 3-4 nəfəri qalıb. Ağdamda şəhid
olublar. 23 oğlandan 4 və ya 5-i qalıb. Orta məktəb
şəklini qarşıma qoyuram baxıram ki, bunlar
hamısı ölüb, ancaq qorxaqlar, ora-bura qaçanlar
sağ olub. Adam baxanda dəli olur. Bütün
yazılarımda da orta məktəb yoldaşlarımı
adları ilə yazıram. Rauf adlı biri var idi, mən 5-lə
oxuyurdum, o, “5+” alırdı. Məndən də çox
savadlı idi. Ona Allah qeyri-adi istedad vermişdi. Tibb
Universitetini bitirdi, Şuşada baş həkim oldu. Sonra
Ağdam həkim kimi döndü və tankın altında
qaldı. Uşaqları da ataları kimi istedadlıdır.
İndi ən yaxın adamım Rəşaddır. Onu bir
qolum, həyatım, qardaşım bilirəm.
– Dost
anlayışı ayrı-ayrı adamların
anlayışında müxtəlifdir. Sizin üçün nə
deməkdir dost?
–
Atamın çox dostu yox idi. Çox dostu olan adamları da
sevməzdi. Amma mənim dostum çoxdur. Onlara dostluq edirəm
və dostluq cavabını da alıram. Bəzən içində
pisi çıxır. Yenə o adamı sevirəm,
çünki bu onun işi, səhvidir, gücü
çatmayıb. Deputatam, içəri keçəndə
bütün jurnalistlərlə öpüşüb,
görüşüb keçirəm. Onlar mənim qələm
yoldaşlarımdır, özümü onların içərisində
görürəm. Həm də onların nümayəndəsiyəm.
Dostlarım
çoxdur. Çox ağrılı günlərim də mənim
xəbərim olmadan dostum problemi həll edib. Sonradan bilmişəm
ki, o, bu işi görüb. Yəni minnət qoymayıb.
Dostluğu axıra qədər etməyi bacarıram.
Dostluğun da dərəcələri var: yoldaşlıq,
dostluq, qardaşlıq. Ağdamda Sərdar adında həkim
dostum var. Ayrı-ayrı məktəblərdə oxumuşuq.
O mənim üçün Rəşaddan bir pillə geridədir.
Onunla da danışanda müsbət enerji alıram.
Ümumiyyətlə,
belə bir xasiyyətim var, kimsə boş, mənasız
şey danışanda deyirəm ki, bu nə
danışır. Elə bilirəm ki, hamı ədəbiyyatdan,
sənətdən danışmalıdır. Maşından
danışanı görəndə əsəbiləşirəm.
Qardaşım da mənasız danışanda deyirəm ki,
çıxıb getsəydi bir yazı yazardım.
Çünki görürəm mənasız söhbət
edir.
–
Özünüz üçün
darıxdığınız vaxt olub?
–
Çox təmiz vaxtlarım olub. İçki içməyən,
idmançı, siqaret çəkməyən Aqil
üçün darıxıram. Mənim iki kumirim var: biri Rəmiş,
biri də Qədir Rüstəmov. Həyatımı
onlarsız təsəvvür etmirəm. Rəmiş və ya
Qədir olmasaydı, bu cür fikirləşən Aqil
olmayacaqdı. Aydın Dadaşova radioda da sual verdilər ki,
Qarabağ sənin üçün nə deməkdir, cavab
verdi ki, Qarabağ onun üçün Rəmiş, Qədir və
Aqil Abbasdır. Hərdən darıxıram o günlər
üçün.
– O
günlər üçün darıxanda
özünüzü tapa bilirsiniz yoxsa yox.
– Onda
özümü uydururam. Həmin məkana qayıdaram, həmin
şeyləri fikirləşməyə başlayıram. Rəmişlə
bir dəfə Laçının Turşsu deyilən yerinə
getmişdik. Orada Rəmiş 3-4 mahnı ifa elədi, sanki
dünya dəyişdi. Qədirlə ova gedirdik. Qədir
söyüş söyəndə də adama ləzzət
edirdi. Qədirin danışığı, sözü də
musiqi idi. Rəmiş televizordakı Rəmiş deyil. İki
cür Rəmiş var, biri həyatda olan, biri televiziyada olan.
Biri toyda çalan Rəmişdir, digəri televiziyada
çalan. Bunlar ayrı-ayrı adamlardır. Qalstuk taxan
artıq Rəmiş deyil. Sovet hökuməti Rəmişə
qalstuk taxdıra, saçını qırxdıra bilmədi.
Dövlət konsertlərinə saçlı, qalstuksuz
çıxardı. Rəmiş indi qalstuk taxır. Bəlkə
o vaxtı taxsaydı, daha məşhur olardı.
– Bəs
indi nə oldu, birdən-birə dəyişdi?
– Demək
mən həmin Aqil olmadığıma görə, o da həmin
Rəmiş deyil.
– Qədir
Rüstəmovla sonuncu görüşünüz necə olub?
– Qədiri
axırıncı dəfə xəstəxanada gördüm,
Türkiyəyə yanına getdim, çıxanda bir söz
dedim, deyəsən gəldiyimi başa düşdü, amma
cavab verə bilmədi. Kaş onu o cür görməyəydim.
Qədir tamam başqa cür idi. Qədir, Rəmiş bunlar
insan deyillər. Rəmişdən nə qardaş, bacı,
ata, ana, dost olar, o cümlədən Qədirdən də. Rəhmətlik
Vaqif Mustafazadəni də ora əlavə edirəm. Bunlar mələkdirlər.
Bir dəfə
televizorda dedilər ki, Rəmiş nəşə çəkir,
dedim yaxşı edir çəkir. Bu Rəmişdir, nə
istəyir, edə bilər. Onun mənə bacarığı
lazımdır, Qədirin səsi lazımdır. Qədir
özü çox acı adam idi. Onlar mənim həyatımda,
yaradıcı olmağımda böyük rol oynayıb. Rəmişin
povestini bitirməməyimin bir səbəbi də Rəmiş
nə cür çalıbdısa mənim də o cür
yazmağa çalışmağımdır.
– Gənc
vaxtlarınızda dəli-dolu olmusunuz. 60 yaşda bu hiss
olunmur...
– Biz
instituta girən gündən dəli-dolu olmuşuq, davakar
olmuşuq. Onun üstündə institutdan da qovublar. O dəli-doluluq
öz yerində amma inqilabçı olmuşam. Elçibəy,
Vəkil Hacıyev, Bəxtiyar Vahabzadə müəllimlərimiz
olub. Onlar kimə dərs deyiblərsə, o uşaqlar sanki
sovet vətəndaşı deyildilər, türk idilər. Bəxtiyar
Vahabzadə Azərbaycan sovet ədəbiyyatından heç
vaxt dərs deməyib, tələbədən də
soruşmayıb. O bizim bilmədiyimiz insanlardan,
yazıçılardan danışırdı. Deyirdi ki,
kitabda olanları özünüz oxuyun, o əlimizdə
olmayanlardan dərs deyirdi. Əbülfəz bəy də eyni
zamanda. Onun dərslərində başqa universitetlərdən
də tələbələr gəlib otururdular. Onların dərs
dedikləri insanlar inqilabçı olub. Xalq hərəkatında
öndə gedən insanlar onlar olub. İndi də bir nəsil
yetişir. İndi gələn nəsil bizdən
istedadlıdır. Bizdən daha üsyankar, istəklidir. Bizim
iddiamızı ortaya qoymağımız çətin idi, nə
qəzet, nə jurnal var idi. İndi Allaha Şükür 20
yaşında roman yazır, çap etdirir. Facebook-a yerləşdirir,
hamı oxuyur.
– Qəribə
gəlmir sizə, həmin dəli-dolu Aqil Abbas hanı?
– Yox,
insanın hər bir yaşının bir həddi var. 35
yaşacan hər bir şeyə reaksiya verirsən. Prokuror
dostum var, universitetdə bir oxumuşuq. Onunla məni şahmat
bağlayır. Ona zəng etdim ki, dəyişmisən, axı
vəzifə adamı dəyişir. Dedi, Aqil, yaman çox dəyişmişəm,
qabaq küçədə futbol oynaya bilirdim, indi prokuroram deyə
oynaya bilmirəm. Küçədə velosiped sürsəm
bütün saytlar yazacaq ki, deputatın da başı xarab
oldu. Belə də, bir az azadlıqlar alınır.
– Sizi həm
də söyüşcül adam kimi xarakterizə edirlər.
– Ona
Qarabağda “pərto danışan” deyirlər. İnsana bir
şeyi 40 dəfə başa salırsan, başa
düşmür. İclasdır, jurnalistikanı qurtarıb,
10 ildir işləyir. Deyirəm, maqazin xəbərlərini
kim yazacaq, deyir ki, mən yazaram. İstəsəniz ya “Sədərk”dən,
ya da Tibb Universitetinin yanında təzə maqazin
açılıb oradan yaza bilərəm. Burada necə deməyəsən
ki, ay sənin...
–
Yaratdığınız “Ədalət” qəzeti bir zamanlar
hansı polis rəisini pisləyirdi, onu işdən
çıxarırdılar...
–Bilirdim
ki, hansısa rəis yerində olan adam deyil. Onu
yazırdım, ona da yuxarıdan reaksiya gəlirdi. Bu gün də
yazsam, onu işdən götürərlər. Amma mən
artıq o işlə məşğul deyiləm, qəzetçilikdən
ayrılmışam.
– Azərbaycan
mediasının parlayan vaxtında aktiv jurnalistika ilə məşğul
idiniz, indi də buradasınız. Mətbuatın bu günə
düşməsinin səbəbini nədə
görürsünüz?
– Qəzetlərin
yazılarının əksəriyyəti fakta söykənməyən,
özlərinin qurama, sensasiyalı söhbətləridir və
nəticədə insanlar inanmır. Hər gün yazırlar
ki, Səfər Əbiyevi işdən çıxardırlar.
Oxucu görür ki, boş-boş yazırlar, oxumur.
Yazırlar sonra da məhkəməyə gedib uduzurlar, təkzib
edirlər. Dövlət də artıq ona inanmır.
– Bu sahədə
problemlər var, bəs necə düzələcək?
– Bu, təbii
yolla düzələcək. Əmr, fərmanla düzəlməyəcək.
Artıq görürük ki, jurnalistikada istedadı
olmayanları işə götürmürlər. O da öz
üzərində işləmək məcburiyyətində
qalır. Hamı ciddi qəzetləri oxuyur.
– Aqil
Abbas cəmiyyətdə yazıçı, deputat və
jurnalist kimi tanındı, siz daha çox hansıns
üstünlük verirsiniz?
– 8 ildir
deputatam. 8 il qabaq məni Azərbaycanda yazıçı kimi
bundan da çox tanıyırdılar. Jurnalistika mənim
iş yerimdir. Yazıçılıq isə iş deyil. Roman
yazmaq işinə getmirsən ki, oturub 8 saat yazasan.
– 60
yaşınızı necə qeyd edəcəksiniz?
– Qeyd etməyəcəyəm.
Evimizdə yemək bişəcək, məni təbrik etmək
istəyən gələcək. 50 yaşımı 200 adamla
qeyd etmişəm. Amma 60 yaşımı qeyd etməyəcəyəm.
Sadəcə mənim ad günüm yadda qalandır, ayrı
vaxt olsa, yadımda qalmazdı. 1 aprel – Aldatma
günüdür.
– Bu təsadüfdür?
– Təsadüf
deyilən şey yoxdur. 364 gün yalan danışırıq,
deyirəm, heç olmazsa Aldatma günü düz
danışaq. Müəyyən günlərdə
insanların doğulmağı onların xoşbəxtliyinə
bir az da xoşbəxtlik gətirir.
– 1 apreldə
doğulan məşhur azərbaycanlı var?
– Hacı
Zamin. Bir dəfə ona yazmışdım ki, Hacı Zamin sən
heç vaxt ad gününü keçirə bilməyəcəksən.
Mən səndən məşhuram, xalq mənim ad
günümü keçirəcək. Ona görə sən
ad gününü apreli 2-ə keçir. Yox, yox, həmin
gün də Etibar Məmmədovun ad günüdür, ona
görə 3-ünə sal.
525-ci qəzet.-
2013.- 28 mart.- S.7.