“Tolerantlıq hər zaman bizim
qanımızda, gen yaddaşımızda möhkəm yer
tutub”
PROFESSOR VAQİF ARZUMANLI: “AZƏRBAYCAN
DÖVLƏTİNİN SİYASƏTİNDƏ HƏMİŞƏ
AYRICA BİR TOLERANTLIQ XƏTTİ OLUB”
– Tarixən Azərbaycanda qədim dövrlərdən
etibarən tolerantlıq özünü büruzə verib. Məsələ
ondadır ki, Azərbaycan öz coğrafi mövqeyinə
görə elə bir ərazidə yerləşir ki,
Şimalla Cənubun, Şərqlə Qərbin yerləşdiyi
dövlətlərin mərkəzində bir körpü rolunu
oynayır. Belə münbit şəraitin,
coğrafi əlverişliliyin və sair amillərin mövcudluğu
ayrı-ayrı vaxtlarda dünyanın bir sıra
xalqlarının Azərbaycana gəlişinə səbəb
olub. Bunun bir sıra səbəbləri var: birinci
növbədə Azərbaycanın təbii şəraiti
imkan verib ki, dünyanın müxtəlif ölkələrində
yaşayan xalqlar, o cümlədən iqtisadi imkanlarımızla
yanaşı, azəri türklərinin milli mentalitetindəki
istiqanlılıq, qonaqpərvərlik, qonağa, kənardan gələn
insanlara münasibət o qədər mehriban olub ki,
ayrı-ayrı xalqlar da yerli əhali ilə ünsiyyətlərini
bu əsasda qurduğu üçün bu ərazidə
yaşamağa başlayıblar. Azərbaycan ərazisi
deyəndə, ümumiyyətlə, bugünkü Azərbaycan
Respublikasını yox, Ət-Təbərinin “Tarix” əsərindəki
Azərbaycanı nəzərdə tuturam. Orada
belə bir fakt var ki, Azərbaycan deyəndə Dərbənddən
başlamış bəhri-Xəzəri keçmək şərtilə
Həmədan civarlarına qədər olan ərazi nəzərdə
tutulur. Müxtəlif vaxtlarda tarixi
adlarının Albaniya, Midiya adlandırılması başqa
problemdir, amma bu əraziyə gələn əhali həmişə
burada yaşamağa münbit imkanlar tapıb. Bizim ərazidə müxtəlif dövlətlər
mövcud olan vaxtı bəzən məcburi, bəzən də
öz xoşu ilə köçürülmələr olub.
Məsələn, bu gün əgər
İraqda Kərkük türkmanlarını, yaxud Azərbaycanın
şimalında və ya cənubunda qeyri- türk millətlərini
görürüksə, bu, tarixi, ictimai-siyasi vəziyyətlə
bağlıdır. Azərbaycanda Şah
İsmayıl Xətai dövrünün öz xüsusiyyətləri,
xanlıqlar dövrünün öz xüsusiyyətləri,
Nadir şah dövrünün, Qubalı Fətəli xanın
dövrünün öz xüsusiyyətləri olub. Onlar əraziləri zəbt elədikcə oraya
türklər gedib, həmin ölkələrdən də
buralara başqa xalqlar gəlib. Hazırda Əfqanıstanda
yarım milyondan çox əfşar yaşayır.
Qubalı fətəli xanın dövründə Təbrizdən
xeyli adam Qubaya, Bakıya, Gəncəyə,
Gəncədən, Qubadan xeyli ailə isə Təbrizə
köçürülüb. Bütün bu
proseslər gedib. Bu, məsələnin bir
tərəfidir. İkinci bir yolu da bəzi
xalqların Azərbaycanda özünə sığınacaq
tapması ilə bağlıdır. Məsələn,
dağ yəhudilərini götürək. Fətəli xanın atası Hüseynəli
xanın dövründə onlar yaşamaq üçün
müraciət ediblər və onlar üçün şərait
yaradılıb. Yəni, dinlərarası və
xalqlaraarası ünsiyyət yerli əhalinin genişürəkliliyinin
və təbii şəraitinin zənginliyinin hesabına bərqərar
olub və
Azərbaycanda digər xalqlara qarşı
mehribançılıq, istiqanlılıq özünü
göstərib.
Məsələn, fransız Dümada, litvalı
Mitskeviçdə, rus Lermontovda, Marlinskidə, Yesenində və
digər şəxsiyyətlərin əsərlərində
tez-tez Azərbaycan mövzusuna rast gəlirik. Bu əsərlərdə
Azərbaycan çox qonaqpərvər, mehriban ölkə kimi
təqdim olunub. Bu əsərlərdə o
da qeyd olunub ki, Azərbaycanda heç vaxt gəlmələrə
qarşı kin-küdurət olmayıb. Elementar
bir faktı deyim. İndi də dağ kəndlərində,
min il bundan qabaq olduğu kimi bir
otağı qonaq üçün ayırırlar, orada qonaq
üçün bir neçə dəst yorğan-döşək
saxlayırlar. Dünyanın bir çox
xalqlarında buna təsadüf olunmur. Amma
bu, Azərbaycan türkündə var. Bu amillər hamısı
digər xalqları Azərbaycana cəlb edir. Ölkəmiz müxtəlif dinlərin və dillərin
qovuşacağında yerləşir. Məsələn,
bu gün müxtəlif ölkələrdə 10 milyondan
artıq Azərbaycan diasporu yaşayırsa, bu da ictimai-siyasi
dövrün tələbi ilə məcburi vəziyyətdən
yaranan bir situasiyadan qaynaqlanır. Bakı nefti üzə
çıxandan sonra XIX əsrin əvvəllərindən
başlayaraq çörəkpulu qazanmağa,
iş dalınca dünyanın hər yerindən buraya gəliblər.
Azərbaycanın
təbii zənginliyi imkan verib ki, uzaq Skandinaviyadan, Norveçdən,
İsveçdən, Almaniyadan, Fransadan, Polşadan
ayrı-ayrı iş adamları – Simenslər, Rotşildlər,
Nobellər buraya gəlsinlər. Bunlar həm Azərbaycanda
isti münasibət görüblər, həm də ölkə
sənayesinin iqtisadi potensialını üzə
çıxarıblar. Bununla bərabər
onların da xatirələrində yerli əhali ünsiyyətsevər
kimi yadda qalıb. Bu, məsələnin
görünən tərəfidir. Bir məsələni
də qeyd edim ki, digər yerlərdən fərqli olaraq ölkəmizdə
tolerantlıq özünü bir neçə istiqamətdə
büruzə verir.
Məsələn,
Azərbaycan Xalq Cümhuriyyəti yarananda bir sıra
mühüm qanunlarla yanaşı, parlamentdə Azərbaycanda
yaşayan əhalinin – yunanlar, ermənilər, ruslar, almanlar,
polyaklarla yanaşı Azərbaycanda yaşayan 7-8 millətin
nümayəndəsi deputat seçilmişdi. Mən
hələ gəlmələri deyirəm, tarixən burada
yaşayan ləzgiləri, avarları, talışları,
kürdləri, saxurları, ingiloyları, o cümlədən
də xırda etnik toplumları demirəm. Necə deyərlər, balıq dəryada
böyüyər. Onlar o münbit şəraiti
görməsəydilər, onlar burada yaşaya bilməzdilər.
Sıxıntı görsəydilər,
qaçardılar. Ya qorxub qaçardılar,
ya da bezib. Düzdür, tarixən elə
hadisələr olub ki, əhali köçürülüb,
sonra dözməyib yenidən qayıdıblar. Uzağa getməyək. Ahıska
türklərini götürək. Ahıska
türkləri niyə Orta, Mərkəzi Asiyada,
Türküstanda yaşamaq istəmirlər? Baxmayaraq ki, Özbəkistan,
Qırğızıstan, Qazaxıstan türk dövlətidir.
Onlar orada Azərbaycandakı
mehribançılığı orada görməyiblər.
Bu gün Gürcüstan Avropa Şurası
qarşısında bir öhdəlik götürüb ki,
Ahıska türklərini indi Cavaxetiya ərazisində yerləşən
tarixi Mexsetiyə qaytarsın. Bu adamlar can atırlar ki,
ora qayıtsınlar. Amma Azərbaycanda
yaşayan Ahıska türkləri heç marağında
deyillər ki, artıq oraya qayıtsınlar. Çünki bunlar artıq Azərbaycanı özlərinə
doğma Vətən bilirlər. Yaxud
kürdlərə nəzər salaq. Tarixən
kürdlər buraya İrandan, Türkiyədən, İraqdan,
Suriyadan, yəni Orta Şərq ölkələrindən gəliblər.
Müsəlman kürdləri-kurmancları nəzərdə
tuturam. Bunlar tarixən gəliblər,
burada da yaşayıblar. Hadisələr zəminində
özləri öz xoşlarına assimilyasiyaya uğrayıb.
Elələri də var ki, öz bütövlüyünü
saxlayıb. Sizcə,
xristianlığın katolik, pravoslav təriqətinə,
iudaizmə inananlar, krişnaçılar buraya niyə gəlirdilər
ki? Çünki burada özlərinə bir
doğmalıq hiss ediblər. Suraxanı Atəşgahı
da buna misaldır. Hətta sizə deyim ki,
Hindistanda yaşayan bir xalq –moltanılar da Azərbaycanda
özlərinə sığınacaq tapıblar. Hazırda da İçərişəhərdə
bu adda restoran fəaliyyət göstərir.
– Bu bizlərdə
misal kimi də qalıb: moltanıca danışmaq...
–
Doğrudur. Çox adam elə bilir ki,
moltanı nə isə kobud mənanı bildirir. Amma sadəcə, yad, kənardan gəlmə deməkdir.
Yaxud başqa bir misalı çəkim. Şahdağ etnik qurupu içərisində elə
xalqlar var ki, çox azdırlar, ancaq özləri
üçün burada yer tapıblar. Hər
bir xalq öz adını daşıyan kəndlər
yaradıb. Onların hərəsinin öz
yeri var. Azərbaycanda Cümhuriyyət qurulan vaxt dediyim
xüsusi o məsələ parlamentin formalaşmasında da
tolerantlıq gözlənilib. Ondan sonra Azərbaycanda
sovet dövrü bir boşluq olub. Yəni
sovet dövründə bütün qondarma siyasi qurumlarda
olduğu kimi bütün ölkələrdə eyni siyasi tədbirlər
həyata keçirilirdi. Və bu zaman
SSRİ-nin Ukraynada, Gürcüstanda, Moldovada, Qazaxıstanda
baş verən hadisələrdə Azərbaycanda da baş
verirdi.
Azərbaycan müstəqilliyini bərpa edəndən
sonra 1993-cü ildə Moskva şəhərində beynəlxalq
millətlərarası böyük bir simpozium keçirilirdi. Orada yüzə
qədər dövlətin nümayəndəsi, alimlər
çıxış edirdilər. Və mən
orada böyük fəxrlə bir faktı qeyd elədim.
O vaxt postsovet məkanında belə bir şey qəbul
olunmamışdı. Belə ki, 1992-ci il,
sentyabrın 23-də Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz
Elçibəyin bir fərmanını orada xatırlatdım.
Fərmanda Azərbaycanda yaşayan etnik və
milli azlıqların və azsaylı xalqların sosial- mədəni
həyatının inkişafı nəzərdə tutulurdu.
Mən bu qiymətli fərmanı orada elan edəndə simpoziumda
hamı mat qaldı.
Beləliklə,
əvvəlcə Əbülfəz Elçibəyin o fərmanı,
sonrakı dövrdə 1993-cü il hadisələrindən
sonra da mərhum prezidentimiz, ümummilli lider Heydər Əliyev
etnimk icmaların rəhbərləri ilə- belaruslarla,
ruslarla, ukraynalılarla, kürdlərlə, ləzgilərlə
görüşlər təşkil edirdi. Deyirdi
ki, Azərbaycan tarixən olduğu kimi həmişə də
tolerant ölkə olaraq qalacaq. Və bu
istiqamətdə onda Azərbaycanda talış, ləzgi,
kürd dilində qəzetlər çıxmağa
başladı, onların bəziləri indi də nəşr
olunur. Kitablar, radio, televiziya verilişləri
yayımlandı. İndi Qusar rayonunda ləzgilərin
ana dilində məktəbləri var. Azərbaycandilli məktəblərdə
də ləzgi dili keçirilir. Talışların
da həmçinin. Talış məktəblisi
birinci sinfə gedəndə iki əlifba kitabından öyrənir.
Bunun üçün hər şərait
yaradılıb. Bu gün
açıq-aşkar elan olunmasa da, parlamentimizdə də
etnik müxtəliflik öz əksini tapıb.
İlk
baxışda görünməsə də Milli Məclisin təxminən
70 faizi Azərbaycan türküdürsə, qalan 30 faizi ləzgilər,
talışlar, kürdlər və başqaları təşkil
edirlər. Azərbaycanda maraqlı bir proses gedir. Yəni, Azərbaycan elan eləmir ki, mən tolerant
dövlətəm. Bu hiss hər zaman bizim
qanımızda, gen yaddaşımızda möhkəm yer
tutub. Bizim dövlətimizin siyasətində həmişə
ayrıca bir tolerantlıq xətti olub. Bu
gün də o iz özünü göstərir. Təsadüfi deyil ki, indi də Bakıda pravoslav da,
katolik də, iudaist də, krişnaçılar da
açıqca ibadət edə bilirlər. Bu həm də təkcə paytaxtda deyil, bölgələrə
də belədir. Gəncədə də,
Şirvanda da, Naxçıvanda da bu məsələlər
öz əksini tapıb. Ölkəmizdə
yaşayan qeyri-millətlər Azərbaycan türkü
olmasalar da onlar buranı özlərinə vətən hesab
edirlər. Qarabağ müharibəsi
zamanı da bu, özünü sübut elədi. Burada yəhudi də, talış da, ləzgi də,
saxur da, avar da, inqiloy da, Ahıska türkü də öz Vətəni
uğrunda vuruşdu. Onların
sırasında milli qəhrəmanlar var, vətən yolunda
şəhid olanlar var. Onlar bu gün də Azərbaycan
torpağının azadlığı uğrunda
döyüşə hazırdırlar. Dünyanın
bəzi ölkələrindən də fərqli olaraq Azərbaycanda
qeyri-millətlərin orduda təmsil olunması məqbuldur.
Bu gün hətta bir sıra inkişaf etmiş
ölkələrdə belə qeyri-millətin nümayəndəsinin
hərbi xidmətə çağırılması, orduya
buraxılması qəbulolunmaz hesab olunur. Yaxud
da qeyri millətin nümayəndəsi özü orduda xidmət
eləmək istəmir bəzi ölkələrdə. Bizdə isə bu torpaqda doğulan, yaşayan hər
bir vətəndaş öz vətəndaşlıq borcunu
hiss edir.
Və bu hiss eləmə üzvi
şəkildə qovuşmaqdadır. Yəni,
burada ziddiyyətlər yox, rəngarəngliyin vəhdəti
var. Bu da Azərbaycanı möhkəmləndirən amildir.
1988-ci ildən bəri başlanan erməni
separatizmini çıxmaq şərtilə, indiyədək Azərbaycanda
dini və milli zəmində heç bir qarşıdurma
yaranmayıb.
– Müstəqilliyin
ilk illərində baş verən proseslərdə yəqin
ki, kənar qüvvələrin təsiri duyulurdu?
– Bəli,
bunu ancaq kənar qüvvələr yaratmışdı. Bütün məsuliyyətimlə deyirəm, əgər
Azərbaycanda tolerantlıq güclü köklərə, dərinliklərə
malik olmasaydı, ölkəni daxildən parçalamaq asan
olardı. Əgər belə dərin
köklər mövcud olmasaydı, indi Rusiya, İran çox
istərdi ki, bizi parçalasın. Rusiya
istəyir ki, Dağıstan, Şimali Qafqaz xalqlarının əli
ilə Azərbaycanda stabilliyi pozsun. İran
isə bu işi farsdilli xalqların əliylə görmək
istəyir. Bu cəhdlər ona görə
alınmır ki, burada möhkəm bir fundament var. Bundan istifadə
eləmək istəyənlər çox olub, indi də istəyirlər.
Amma alınmayacaq. Bu möhkəmlik,
birlik bizim ən böyük uğurlarımızdan biridir.
Əgər Ermənistan- Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi olmasaydı, Azərbaycan
Respublikası bütün postsovet ölkələrindən fərqlənərək
ən güclü iqtisadi potensiala malik olardı. Bu münaqişə buna müəyyən mənada
mane olur. Vaxtilə SSRİ dağılanda deyirdilər
ki, iki respublika müstəqil olaraq rahat yaşaya bilər:
Ukrayna və Azərbaycan. Zaman sübut elədi
ki, bu belədi. Bunu şərtləndirən
amillər isə həm iqtisadi mövqe, həm təbii sərvətlər,
həm də dövlətçilik ənənələridir.
Səlcuqilər dövründən
başlamış Qacarlar dövrünə qədər, Nadir
şah, Qubalı Fətəli xan və digərləri daxil
olmaqla həmişə Azərbaycanı içərisində
qeyri-Azərbaycan türkləri ilə birgə yaşamaq
şərtilə birləşdirmək cəhdləri olub.
Bu, özü böyük bir tolerantlıq deməkdir.
Bu gün əgər Roma Papasının Azərbaycanda
səlahiyyətli nümayəndəsi varsa, nəzərə
alaq ki, bir sıra dövlətlərdə bu yoxdur, deməli, burada
tolerantlıq, xalqlar və dinlərarasındakı münasibət
çox yüksək səviyyədədir.
Və əgər yaxın gələcəkdə
şimal qonşumuz Rusiya parçalanacaqsa, bu mütləq
baş verəcək, bunu aksioma kimi qəbul edirəm. Cənubda
İran İslam Respublikası parçalanacaqsa, məhz
oradakı millətlər və xalqlar arasındakı bərabərsizliyin
əlaməti fonunda meydana çıxacaq. Niyə? Cənubi Azərbaycanda fars
dilində hər şey var, fars dili hakim dildir, Azərbaycan
türkcəsi qadağandır, məktəblərdə az-az
keçilir, bir sözlə, bu dili
sıxışdırırlar. Ya da niyə həmişə
Rusiyada Şimali Qafqaz xalqları qana çalxanır? Çünki uzun müddət, elə indinin
özündə həm türk mənşəli, həm də
iber-qafqaz mənşəli xalqlar var ki, onlar ilk növbədə
müstəqillik istəyirlər. İkinci,
onlar sosial-iqtisadi cəhətdən öz ərazilərinin
istismarına icazə vermirlər. Artıq
Sibirdəki xakaslardan, yakutlardan tutmuş, buryatlara, komilərə
qədər hamısı müstəqillik istəyirlər.
Məsələn, Tatarıstanın,
Başqırdıstanın, Çeçenistanın, Kabarda
Balkarıstanın yarımmüstəqilliyi var. Amma digər
xalqlar da müstəqillik istəyir. Onlara bu
imkanların verilməsi Rusiyanı daxildən parçalayacaq.
Çünki qondarma rejim həmişə
müəyyən qondarma situasiya nəticəsində
dağılır, parçalanır. Amma
şükürlər olsun ki, Azərbaycanda məhz
tolerantlığın fundamental əsasları olduğuna
görə belə bir təhlükə yoxdur, gözlənilmir.
Din birliyi amili də mühüm rol oynayır. Məsələn,
Rusiyada yaşayan xalqlar içərisində həm islama, həm
xristianlığa, həm buddizmə, həm
şamançılığa sitayiş edənlər var.
Orada dini ayrı-seçkilikdən başqa, dil
ayrı-seçkiliyi, eləcə də mədəniyyət, əxlaq,
mentalilet fərqi də var.
Xalq öz dilini, adət-ənənəsini inkişaf
etdirib yaşada bilmirsə, bu hiddət yığılıb,
yığılıb, bir gün partlamalıdır.
– Bəziləri
isə deyir ki, hakim rejimlərin təsiri altında assimilyasiya
baş verir, xalqlar arasında dilin, adət-ənənənin əriməsi
baş verir.
–
Assimilyasiyanın baş verməsi tarixi dövrdən
asılıdır. Məsələn, ruslar haqqında görkəmli
alimlərin, türkoloqların fikirləri var: rus ailəsinin
hər daşının altından bir türk
çıxır. Rus knyazları içərisində
İvan Qroznıdan başlamış üzü bəri
bütün dövrlərdə qatışıqlıq,
qaynaqlıq əmələ gəlib. Bu
assimillyasiya necə deyərlər, könüllülük
şəraitində yaranıb. Əslində
bütün insanların genetikasında bir qohumluq var. Mən
özüm Tur Heyerdalla görüşəndə özü
dilə gətirdi ki, Qobustandakı qayaüstü rəsmlərdən
belə anlaşılır ki, bizim babalarımız
arasında qan qohumluğu olub. Xalqlarla bağlı bir misalı tez-tez çəkirəm; dağ
çayları dənizdə birləşənə qədər
haray-həşir qoparır, dəniz olanda sakitləşirlər.
Burada bir sıra paralellər aparmaq olar: din birliyi, dil birliyi
mövcuddur, eləcə də dinlərarası və dillərarası
birlik var.
Məsələn,
uqor-fin dilləri ilə türk dilləri arasında
yaxınlıq var. Tutalım fars və
kürd dilləri arasında qohumluq mövcuddur. Bütünlükdə ölkədə münbit
şərait olanda bu birlik güclənir.
– Etiraf edək
ki, Qarabağ münaqişəsi də məhz
tolerantlığımızın “məhsulu” kimi ortaya
çıxıb. Yəni bəzən
tolerantlığımızın normadan
artıqlığı başımıza bəla olub...
– Əvvəla,
burada bir neçə səbəb var. Erməniləri
Qarabağa kim köçürüb? Ruslar. Ermənistan
Respublikasını 60 faiz dotasiya ilə yaşadan kimdir? Rusiya. XIX əsrin
axırlarından başlayaraq, ilk erməni təşkilatları
Tiflisdə, Yunanıstanda yaranandan bəri, bunlar Azərbaycan
torpaqlarını qoparmağa başladılar. O cümlədən
də Gürcüstan torpaqlarını. Bir
növ damaqlarında dad qaldı. O vaxt Ararat
Respublikası bircə İrəvan quberniyasının deyil,
İrəvan şəhərinin ətraf əraziləri ilə
bərabər fəaliyyət göstərirdisə, SSRİ
rejimində Mikoyan, Stalin də daxil olmaqla ermənipərəst
qüvvələr Ermənistanı “böyüdə-böyüdə”
ərazisini iyirmi doqquz tam onda doqquz min kvadratmetrə
çatdırdılar. Tədricən Göyçə, Zəngəzur,
Mehri rayonunun verilməsi də gələcəkdə
Naxçıvanı da ələ keçirmək
iddiasını doğurdu. Azərbaycanla
Türkiyə arasında Qars müqaviləsi olmasaydı, bu
müharibədə ermənilər rusların əli ilə
Naxçıvanı da götürə bilərdilər.
Azərbaycanda erməni separatizmini ruslar
qızışdırıb. Ermənistan
heç nədən yaranmış qondarma qurumdur. Özlərinin adlandırdıqları kimi Hayastan
indiyə kimi olmayıb. Ermənistan deyiləndə
rusların düzəltdikləri qondarma qurum nəzərdə
tutulur, vəssalam. Azərbaycanda baş verənlərdə
rus siyasətinin təsiri, rolu böyükdür. Tolerantlıq nə qədər güclü olsa da,
eyni zamanda dağıdıcı qüvvələrin də
mövcudluğunu unutmaq lazım deyil. Lakin
tarix də artıq o tarix deyil. İndi
artıq Azərbaycanda ikinci bir Dağlıq Qarabağ
münaqişəsi baş verə bilməz.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 28 mart.- S.6.