Unikal adam- Aqil Abbas-60
Azərbaycanın
dəyərli yazıçısı, usta publisisti və
redaktoru, millət vəkili Aqil Abbasın bugünlərdə
60 illik yubileyi qeyd olunacaq. Ən
tanınmış qələm adamlarımızdan biri olan Aqil
Abbasın 60 yaşı ilə əlaqədar artıq
neçə-neçə yubiley yazısı işıq
üzü görüb və yəqin ki, hələ neçələri
də yazılıb çap etdiriləcək. “525-ci qəzet”in
baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin
katibi, Aqil Abbasın ən
yaxın dostlarından biri olan Rəşad Məcidin onun 59
yaşına həsr etdiyi bu yazı isə, düz 1 il əvvəl
qələmə alınsa da, indiki yubiley baxımından da
tamamilə keçərli sayıla bilər. Çünki
keçib gedən illər, onilliklər, özlərinin dediyi
kimi, onları bir-birinin nəzərində
başqalaşdıra, dostluq münasibətlərində nəyisə
dəyişə bilmir. Bu mənada, Rəşad
Məcidin təqdimatında Unikal Adamı – 60 yaşlı Aqil
Abbası bir daha tanımağa dəyər.
Gələn
il aprelin 1-i Aqil Abbasın 60 yaşı
tamam olacaq. Amma Aqillə bağlı ürək sözlərini
demək, haqqında yazmaq üçün bir il
gözləməyə nə hacət? Aqil elə adamdı ki,
ən az görüb tanıyan kəs də
onun barəsində məmnunluqla, ağızdolusu
danışa bilər. O da olaydı mən – az
qala otuz il Aqili tanıyan, onu ən müxtəlif ovqatlarda
görən, duyan, müşahidə edən adam. Bütün
sözlərin, müşahidələrin cəmini, toplusunu
bir yerə yığıb, ən müxtəlif məqamlarda
– kədərin adamın cızdağını
çıxardığı, sevincin qanadlarını döyəcləyib
şahə qalxdığı vaxtlarda, ən sakit anlarda, ən
çətin situasiyalarda onun elədiklərini,
davranışını beynimdən keçirib bir fikrin
üzərində dayanıram – AQİL UNİKAL ADAMDI.
Ömrünün beşinci onilliyini tamamlayanda “50
yaşın Aqili” adlı bir yazı yazmışdım –
xarakterində neçə illərdən bəri
müşahidə elədiyim müəyyən cizgiləri qələmə
almağa çalışmışdım. Aqillə bağlı bir məqamı
tez-tez yada salıram – onun üçün Avropanın istənilən
ölkəsinə, lap belə Parisə getməkdənsə,
Qarabağa – Ağdama, Ağcabədiyə, Bərdəyə
səfər etmək daha böyük sevinc, daha böyük
rahatlıqdı. Ötən il noyabrın 19-da Vahid Qazinin
maşınında Ağdama, Quzanlıya, görkəmli alim
Adilə Namazovanın yubiley tədbirinə gedəndə birdən
düşündüm ki, Aqillə 25 il əvvəl
başladığımız və son illərə kimi tez-tez
getdiyimiz bu yolu çoxdandı birgə getmirik. Və
mən yolboyu Bakıdan uzaqlaşdıqca ən müxtəlif
mövzulardan danışan Aqilin Qarabağa
yaxınlaşdıqca necə qanadlandığını
görür, istər-istəməz həmin sözlərimi
xatırlayırdım. O yazını yazmağımdan 9
il keçib, bu 9 ildə Aqillə dəfələrlə
xarici ölkələrdə səfərlərdə
olmuşuq, amma həmişə hiss eləmişəm ki,
Aqilin Qarabağa gedəndə tapdığı
rahatlığı heç nə əvəz eləyə bilməz.
O həqiqətən də Qarabağa gedəndə
özünü suda balıq, göydə quş kimi hiss edir.
Aqilin adamlarla kənddə-kəsəkdə, çayxanada, lap
belə ayaqüstü elədiyi söhbətlər millət
vəkili, yazıçı kimi zahiri görkəm yaratmaq cəhdi,
bir vəzifə borcu deyil, ürəkdən gələn mənəvi
tələbatdı, öyrəşdiyi, adət elədiyi həyat
tərzidi. O, adamlarla ünsiyyətdən zövq alır, hətta
ilk dəfə onu görən, sifətindən zəhm və
ciddilik tökülən adam da Aqilin
söhbətini dinlədikcə bir neçə dəqiqənin
içində dəyişir və bu söhbətlərin,
arada söhbətə rəng qatan lətifələrin
aurasına necə düşdüyünü hiss eləmir,
sifətindəki zəhmin nə zaman yüngül təbəssümə
çevrildiyindən xəbəri olmur.
Bir
neçə il öncənin söhbətidi.
Şimali Qafqazda idik. Bir nəfər
yüksək rütbəli polis zabiti də bizimləydi.
Aqil müəllimin rəngarəng musiqi və Məmməd
Araz şeirilə müşayiət olunan kövrək, təsirli
söhbətlərindən vəcdə gələn, onun
ard-arda düzdüyü bir neçə məclisdən və
əlbəttə, səxavətindən zövq alan o polis zabitinin sonda mənə elədiyi bu
səmimi etiraf heç yadımdan çıxmaz: “Allah Aqil
müəllimin balalarını saxlasın. Nə
gözəl gün yaşadıq, zövq aldıq. Bu gün unudulmaz”. Onun polis ciddiyyəti
hopmuş sifətindəki xoşbəxt cizgilər indi də
gözlərimin qabağındadı.
Hələ
bu nədi ki... Strasburqda Avropa Şurası sarayında, xaricdə
təhsil alan tələbənin
sözü sözə çevirib “Allah Aqil müəllimdən
razı olsun, mənə neçə ay öz cibindən təqaüd
göndərib. Onun hesabına oxuya bilmişəm”
sözlərini eşidib kövrəldiyim də olub,
Qarabağda bir kəndli qadının yaylığının
ucunu bura-bura, əllərilə üzünü silə-silə
camaatın arasından çıxıb Aqilin üstünə
gəlməsini, onu bağrına basaraq loppadan öpüb “Sənə
qurban olum, balam sənin hesabına oxuyur” deməsindən qəhərləndiyim
də. Bir kənd yolunun
qırağında dayanarkən əkinini suvaran kəndlinin əlindəki
beli kənara atıb əllərini üstünə silə-silə
Aqilə yaxınlaşdığını, onu qucaqlayıb “Sənin
hesabına sulayırıq buranı, artezianları sən
düzəltdirdin” dediyini eşidəndə isə əməlli-başlı
karıxmışdım.
2008-ci ilin prezident seçkilərində Aqillə birlikdə
Qarabağ kəndlərində təbliğat kampaniyasında
iştirak edirdik. Aqil yenə öz ampulasındaydı – sadə adamlardan
ona üz tutub xahiş eləyən kim,
hansısa probleminin həllinə kömək istəyən
kim. Bir nəfər orta yaşlı kişi
mənə yaxınlaşıb oğlunun polis tərəfindən
saxlanıldığını bildirir. Yarızarafat-yarıciddi
“Polis işinə Aqil müəllim baxır” deyib, təbəssümlə
Aqilə yönəldirəm. Yanında gəzdirdiyi
bloknotunu o qələbəliyin içərisində vərəqləyir:
“Rəis, xahiş edirəm...” – kişinin üzünə təbəssüm
çökür və Aqil müəllimin əlini öpmək
istəyir. Aqilin o qədər belə məsələləri,
insanları depressiyada saxlayan problemləri anında, bir zənglə,
bir xahişlə, bir “Sən allah”la həll elədiyinin
şahidi olmuşam ki – “Rəis, xahiş edirəm”,
“Başçı, sən allah”, “Prokuror, kasıb adamdır,
imkanı yoxdur”. Və məsələ anındaca həll
olunub...
Birdən kimsə, hardasa Aqilin əleyhinə
danışıb dodaq büzəndə, Aqilin haçansa onun
hansısa bir işini həll edə bilmədiyini deyəndə
məyus oluram.
Bilirəm ki, Aqil həmin adamın azından beş
xahişini yerinə yetirib. Amma bir işimiz düzəlməyən
kimi kiməsə pis adam demək şakərimiz
var, axı.
Noyabr səfərində Ağcabədi-Ağdam-Bərdə
marşrutunda da harda dayanıb, harda maşını
saxlayırdıqsa, adamlar üstünə
yüyürürdü. Özü də heç
görüşlərdən qaçan, xeyirxahlıqdan yorulan
deyil. Burda dur, yas yeri var, burda saxla, düşüb kiminsə
cibinə pul qoyur, burda dayan,
düşüb qollarını açır, bir dəstə
adamın hamısıyla qucaqlaşır.
Tədbirin səhərisi Bərdəyə toya
getmişdik. Məclisdə icra başçıları, polis rəisləri
də vardı. Oturan kimi: “Rəis, o mal bazarında
maşın saxlatmısız, yazıq kasıb adamlardır,
de, onu buraxsınlar”. Rəis: “Aqil, axı, o, qəza vəziyyəti
yaratmışdı” – deyib icra başçısına
baxır. Başçının gözlərindəki ifadəni
görüb telefonu götürür: “O maşını
buraxın, Aqil müəllim tapşırıb”. Toyun içində, hay-küydə bir problem də
belə həll olunur. Səhərdən bir
yerdə olsaq da, heç bu maşın məsələsindən
nə vaxt xəbər tutduğunu, bunu ondan haçan, kimin
xahiş elədiyini hiss etməmişəm də. Sonra durub toyda sağlıq deyir, ən səmimi,
hamıya çatacaq, hamının başa düşəcəyi
dildə, hamının hiss edəcəyi emosiya ilə
danışır. O, məmurlarla da rahat oturur,
danışır, gülür. Onlardan
ayrılıb eyni həvəs və coşqu ilə
çayxanada ən sadə adamlarla yenə həmin
şövqlə söhbətini davam etdirir. Parlamentdə
də eyni tonda çıxış edir, ordan
çıxıb özünü hansısa tədbirə
çatdırır, sonra bir qonaqlıq, daha sonra
çayçıda domino... Amma fərqi yoxdu, həmişə
elə həmin Aqildi – dəyişməyən, özünə
xas xarakterin sahibi.
Aqilin bir neçə romanının necə
yazılmasının da şahidi olmuşam. Doqquz il əvvəl
də yazmışdım, Aqilin qələmində indicə
iştirakçısı olduğu hadisənin ədəbiyyata
çevrilməsi saat məsələsi, gün məsələsidi.
Dünənki hadisəni bu gün sənə elə
obrazlı, detalları elə qabardaraq danışır ki,
duyursan, hiss eləyirsən ki, bu, bir müddət sonra
yazacağı hansısa əsərinin bir hissəsi olacaq. Ağ dənizin sahilində, Şimali Qafqazda
qalın dəftər-qələmlə gözlərini gah dənizin
maviliyinə, gah göyüzünün ənginliyinə, gah
da sanatoriyanın divarlarına dirəyib xəyallara dala-dala
yazdığı əsərinin “Dolu” olacağını beləcə
hiss eləmişəm.
1990-cı illərdə Aqillə Ağdamda könüllü
döyüşçülərin batalyonlarında,
ölümlə hər an üz-üzə qalan insanların
arasında çox olmuşam. Həmin günlər
Aqilin hərbi maşınlarda ermənilərlə dəyişdirilmiş,
yanmış meyitlərlə dolu maşınların yük
yerinə qalxıb bu dəhşətli mənzərəni necə
ağrıyla, əzabla seyr elədiyini görmüşəm.
Dostumuz Zakir Fəxrinin Qarabağda şəhid
olan qardaşı Kamilin yanmış cəsədinə
baxdığını, amma məni baxmağa
qoymadığını isə lap indiki kimi
xatırlayıram. Üst-üstə qalanan, insanın
içini parçalayan bu faciələrə dözməyib
özünü Bayata, Azər Hüseynin yeməkxanasına
çatdıracaq, bu dərdi, bu ağrını keyitmək
ümidilə qırx dərəcəlik mayeyə təşnə
kəsiləcək, sonra keçib kənarda, təklikdə,
bir ağacın arxasında hönkürəcək – mən
Aqilin o hönkürtüsünün havada yaratdığı
silkələnməni bütün varlığımla, ətimlə-qanımla
duymuşam...
Amma bir az keçəcək, bayaq
hönkürtüsüylə adamın damarında
qanını donduran Aqil qayıdıb ya hansısa bir kövrək
xatirə, ya da bir lətifə danışmaqla ovqatı dəyişəcək,
yanındakıları bu əzabdan, bu kədərdən
qurtarmağa çalışacaq...
Yenə
bir neçə il öncənin söhbətidi,
Antalyada çimərlikdə özüylə gəzdirdiyi
qalın dəftərində nə yazdığını
demirdi. Amma bir müddət keçdi, “Allahı
qatil edənlər” romanını oxudum və onda təxmin elədim
ki, Aqil əsgərlərimizin həyatından bəhs edən
bu əsəri yazanda hansı hissləri keçirirmiş – əsəri
yazarkən elədiyi qəribə davranışlar içini
dağıdan qəzəbdən, hirsdən
yaranırmış.
Ötən ilin yayında, İsmayıllıda rejissor
Elxan Cəfərov “Dolu” filminin çəkilişlərini
aparırdı. Bir neçə gün mən də Aqillə
çəkilişlərdə oldum. Gah
filmdə döyüş səhnələrinə çəkilən
əsgərlərə nəzarət edən zabitlərlə
domino oynayır, gah aktyorlarla, rejissorlarla söhbət edir,
çay içir, çörək yeyirdik. O hamıyla,
hər kəslə öz dilində, öz maraq dairəsində
danışmağı bacarırdı. Hərbçiylə hərbin
qayda-qanunlarından, hərbdəki vəziyyətdən elə
danışırdı ki, elə bil neçə il bu sahədə çalışıb. Aqil müəllimi həmişə belə
görmüşəm – aktyorlarla, rejissorlarla sənətdən,
kinodan, mollalarla dindən, alimlərlə tarixdən,
etimologiyadan, kəndçiylə, suçuyla torpağın dərdindən,
meliorasiyadan, şoranlaşmadan danışır ki, hamı
onunla söhbətdən zövq alır.
...Mənim
tanıdığım Aqil belədi. Mənim
tanıdığım Aqil müəllimin – Aqil Abbasın ən
böyük əsəri onun özüdü, onun orijinal
xarakteri, böyük qəlbi, xeyirxahlıq və
yaxşılıq eləməyə daim açıq ürəyidi.
Onun əsəri yazdıqları yüzlərlə məqalələridi,
çıxışlarıdı, hekayələridi, povestləridi,
romanlarıdı.
Onun əsərləri həm də “Sarı odalar”dı,
“Yol romanı”dı.
İradə Tuncaydı.
Oğlanlarıdı
– Toğruldu, qürur duyulası, fəxr ediləsi, Azərbaycan
gəncliyinin mükəmməl örnəyi Tuncaydı.
Nəvələridi – Tansudu, Aylindi.
Və yüzlərlə kömək elədiyi,
yetişdirdiyi jurnalistlərdi, tələbələrdi, gənclərdi.
Rəşaddı,
Yusifdi, Vahiddi...
Redaksiyadan:
Əzizimiz, qiymətlimiz Aqil Abbası 60 illiyi münasibətilə
bütün “525”çilər ürəkdən təbrik edir,
ona cansağlığı, uzun ömür, yeni nailiyyətlər
arzulayırlar.
Rəşad MƏCİD
525-ci qəzet.-
2013.- 28 mart.- S.7.