Evləri köndələn yar

 

Aqil Abbas Azərbaycan ədəbiyyatında, jurnalistikasında, ictimai-siyasi mühitində özünəməxsus sözü, fikrimövqeyi olan tanınmış ziyalılarımızdandır. Mən Aqil Abbasın sözünü özündən bir az qabaq tanımışam, bəyənmişəm, dostlaşmışam. “Ulduz” jurnalının 1981-ci il nömrələrinin birində “Saçın ucun hörməzlər” adlı gözəl bir povest dərc olunmuşdu. Mənim təhsil aldığım Tibb İnstitutunun tələbələri bu povesti əl-əl axtarıb oxuyur və qızğın müzakirə edirdilər. Böyük sənətkarımız Qədir Rüstəmova həsr edilmiş bu əsərin müəllifi gənc yazar Aqil Abbas idi.

Bu povestdən bir az sonra mən Aqillə Məmməd Arazın evində tanış oldum. Tanışlığımız uzun illərin əməkdaşlığına və dostluğuna çevrildi. Mənim mətbuat aləminə ayaq açmağım və ilk şeirlərimin işıq üzü görməsi də Aqil Abbasla bağlıdır. O vaxtın gənc, istedadlı və böyük iddialarla yaşayan söz adamları Vaqif Cəbrayılzadə, Zakir Fəxri, Ramiz Rövşən, Vaqif Bəhmənli, Rüstəm Behrudi, Aydın Məmmədov, Natiq Səfərov, Rəşad Məcid və başqa ziyalılarımızla məhz Aqil məni tanış etmişdi.

Mən 1984-cü ildə Tibb İnstitutunu bitirib Gəncəyə işləməyə getsəm də, ədəbi mühit üçün darıxır, tez-tez Bakıya gəlir və mütləq Aqil Abbasla görüşürdüm. Belə görüşlər zamanı yığışdığımız “Gülnarə” kafesindəki məclisdə Zakir Fəxri, Rəşad Məcid və yuxarıda adı çəkilən dostlardan həmin gün Aqilin əlinə kim keçsə, iştirak edərdi. Bu məclislərdə şeir oxuyar, fikir söyləyər, qadağan olunmuş yazarlar və ədəbiyyat nümunələrindən söz açardıq. Aqil məndən həmişə təzə şeirlər istəyir, onları mütləq çap etdirəcəyini, hətta kitabımı plana saldıracağını söz verirdi. Düzdü, bunların heç biri olmadı, çünki onda Aqil özünə təzə-təzə “umac ovmağa” başlayırdı və mənim üçün “əriştə kəsməyi” onun xoş arzuları, mənim isə sadəlövh ümidlərimdən başqa bir şey deyildi.

Sonra ölkə qarışdı, Qarabağda erməni separatizmi baş qaldırdı, xalqa doğru söz söyləmək, düz yol göstərmək üçün yeni vasitələrə ehtiyac yarandı. Məhz bu zərurətdən Aqil Abbas ölkəmizin ilk müstəqil və azad fikirli mətbu orqanlarından biri olan “Ədalət” qəzetini təsis etdi, müasir jurnalistikamızın bayraqdarlarından biri olan bu qəzeti uzun illər ölkənin ən populyar informasiya vasitəsinə çevirə bildi. “Ədalət” qəzeti, fikrimcə, Aqilin jurnalistliyindən daha çox yazıçı istedadının məhsulu, vətəndaş mövqeyinin ifadəsi idi. Sonra Qarabağda müharibə başladı və Aqil Abbasın da səngər həyatı başladı. Bakı ilə Ağdam arasını su yoluna döndərmişdi. Bakıdan çox Qarabağda, döyüş bölgələrində olurdu. Maşınına minlərlə patronu, yüzlərlə avtomatı doldurub Qarabağa apardığının da şahidiyəm.

Aqil Abbas Vətənini, Millətini, Dövlətini canından artıq sevən etalon vətəndaş, eyni zamanda isə, Azərbaycanlıdan qabaq Qarabağlı, Qarabağlıdan qabaq isə Ağdamlıdır! Təpədən-dırnağa türkçü-turançı olan Aqil Abbas türkdən-turandan qabaq Azərbaycanlıdır! İnsan öz təbiəti etibarı ilə öz kiçik Vətəninə daha çox bağlıdır və Kiçik Vətəni sevmədən, qorumadan Böyük Vətəni sevib qoruya bilməz.

Aqil Abbas öz üslubu, öz yolu, öz baxışı olan çox istedadlı ustad yazıçılarımızdandır. Aqil müəllim ədəbiyyatda da, jurnalistikada da, ictimai-siyasi həyatda da öz dəsti-xətti görünən adamdır. “Filan vəzifənin maaşını filankəs alır”, “Bakının yolu Bayıldan başlanır” kimi tutumlu ictimai-siyasi yükü olan ifadələri də mən Aqil Abbasın əsərləri hesab edirəm. Aqilin öz yolu isə haqdan, ədalətdən başlayıb Tanrı dərgahına doğru gedir. Bu yol istedadın açdığı cığır, biliyin və təcrübənin cilaladığı el yolu, ağılın və zəhmətin saldığı magistralömür yoludur.  Mən Aqilin çox saylı əsərlərinin demək olar ki, hamısını oxumuşam. Bu əsərlərin hər biri Azərbaycan nəsrini dünya çapında təmsil etməyə layiqdir. “Batmanqılınc” və “Dolu” romanlarını Aqil Abbas yaradıcılığının zirvəsi sayıram. “Dolufilmi isə rejissorun düşüncələri, aktyorların məharətli oyunları ilə yanaşı ssenarist kimi Aqil Abbasın  istedadının məhsulu, Qarabağ müharibəsində əliyalın Azərbaycan Kişisinin mübarizəsini xarakterini göstərən parlaq ekran əsəri, kino sənətimizin böyük uğurudur.

 Aqil Abbasın ictimai-siyasi fəaliyyəti də heç kəsə bənzəmir. Aqil Abbası Azərbaycanda, demək olar ki, hamı tanıyır, Aqil Abbas da Azərbaycanın əhalisinin yarıdan çoxunu şəxsən tanıyır. Millət vəkili kimi O, seçiciləri ilə çayxanada, küçədə, arx qırağında, əkin-biçin üstündə görüşməyi daha çox xoşlayır, belə görüşləri daha səmimi və effektli sayır. Aqil Abbas olduqca ünsiyyətcil, mehriban və kövrək adamdır, o uşaqla da, böyüklə də, itlə də, pişiklə də, daşla da, ağacla da, ermənidən başqa, dünyadakı bütün canlı və cansız varlıqlarla dil tapıb dostluq edə biləcək qədər böyük qəlbə malik bir insandır. Xaraktercə çox xeyirxah olan Aqil Abbas bəlkə də ölkədə “yoxsözünü ən az işlədən adamlardan biridir.

Hərdən mənə elə gəlir ki, Aqil Abbasla Qədir Rüstəmov və Rəmiş arasında bir mənəvi qohumluq, ruh qardaşlığı vardır. Aqilin qəhrəmanları da belədir: bir az Qədirə oxşayır, bir az Rəmişə, bir az da Aqilin özünə! Bu qəhrəmanlarda azad təbiətli və milli ruhlu insanların xarakteri vardır.

60 yaşını haqlayan dostumuz Aqil Abbas təntənəli yubiley keçirməyəcəyini söyləyib. Heç bu yazı da bir yubiley yazısı deyildir, Aqil haqqında hər zaman söyləyə biləcəyim ürək sözlərimdir. Məncə, Söz adamlarının əsl yubileyləri yaratdıqları sözlərin ad günləridir və Söz adamının ömrü də yazdığı Sözün ömrü qədərdir. Əsl yubiley təbrikləri isə Qarağacı qəbristanlığında, Urud qəbristanlığında gələcək nəsillərin söyləyəcəyi sözlər olacaqdır!

 

 

Musa Urud

 

525-ci qəzet.- 2013.-  29 mart.- S.7.