“Türkiyə parlamenti Xocalı soyqırımını qeyd-şərtsiz tanımalıdır”

 

ŞAMİL SABİROĞLU: “TƏŞKİLATIMIZIN ƏN ƏSAS PROBLEMİ OFİSİN OLMAMASIDIR”

 

Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində son zamanlar bir sıra mühüm addımlar atılır. Bu  fəaliyyətin nəticəsidir ki, artıq bir sıra dövlətlər Xocalıda ermənilərin törətdiyi vəhşilikləri qınaq hədəfinə çevirib. Azərbaycanda fəaliyyət göstərən digər QHT-lərlə yanaşı, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi də bu soyqırım ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görür. “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu ilə söhbətimizi də bu istiqamətdə qurduq. Müsahibim ilk öncə gördükləri işlər barədə məlumat verdi:

– “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi ötən ilin noyabr ayında Dünya Gənc Türk Yazarlar Birliyinin layihəsi əsasında və Prezident yanında QTH-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bir kış günü vahşeti: Hocalı...” adlı kitabı Türkiyənin Ankara şəhərində nəfis tərtibatla 2 min tirajla çap olundu. Həmin kitabın müəllifi mən və “Xalq qəzeti”nin müxbiri Əfsanə Bayramqızıdır. Kitabda təkcə Xocalı deyil, bütünlüklə XX əsrin əvvəllərindən Azərbaycanın, eləcə də türk dünyasının başına gətirilən bəlalar haqqında məlumatlar var. Burada Xocalının qədim insan yaşayış məskəni olması ilə bağlı aparılmış geniş araşdırmalar öz əksini tapıb. Kitabda həmçinin işğal olunmuş ərazilər haqqında ətraflı məlumatlar yer alıb. Kitabda fotolar var ki, onları Xocalı faciəsi zamanı lentə almışam. Bildiyimə görə, kitab Türkiyənin təhsil ocaqlarına, kitabxanalarına, ziyalılara və Türkiyə Böyük Millət Məclisinin bir neçə deputatına paylanıb. Tiraj az olsa da kitabın Türkiyədə müsbət qarşılandığının şahidi oldum. Bu il Uluslararası Asılsız Erməni İddialarıyla Mücadilə Dərnəyinin başkanı Göksel Gülbeyin dəvəti ilə Türkiyənin İstanbul və Uşak şəhərlərində təşkil edilən tədbirlərdə iştirak etdim. Uşak şəhərində birinci dəfə olurdum. Burada insanların Azərbaycana sevgisinin şahidi oldum. Qeyd edim ki, artıq 5 ildir ki, Qarabağ və Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilir. Uşak şəhərində səfərdə olarkən orada fəaliyyət göstərən universitetlə  anlaşma imzaladıq. Bu razılaşmaya əsasən bir neçə azərbaycanlı istedadlı uşaq seçmə yolu ilə bu universitetdə təhsil alacaq. Eyni zamanda uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı şair Rövşən Aygünəşi bizim təşkilatın Türkiyə üzrə təmsilçisi təyin elədik. Hətta bu tədbirlər çərçivəsində söhbət etdiyim türkiyəli deputatlara sual verdim ki, necə olur Kolumbiya, Meksika, Pakistan, Çexiya, Rumıniya parlamentlərində Xocalı soyqırımı qəbul olunur, amma Türkiyə Böyük Millət Məclisində müzakirə olunsa da, qəbul olunmur? Amma hesab edirəm ki, Türkiyə parlamenti Xocalı soyqırımını qeyd-şərtsiz tanımalıdır.

– Şamil müəllim, təşkilatınızın digər istiqamətlərdəki fəaliyyəti, qarşılaşdığı problemlər barədə nə deyə bilərsiniz?

– Təşkilatımız bu il bir yerdən də  hansısa layihəyə görə maliyyə yardımı almayıb. İctimai Birliyin hələlik bir dildə – Azərbaycan dilində saytı fəaliyyət göstərir. Eləcə də 15 gündən bir nəşr edilən “Ana harayı” adlı qəzetlə oxucuların görüşünə gəlirik. Bundan başqa “Haray” adlı teatr yaratmışıq. Aprel ayının 22-də Uşak şəhərində “erməni genosidi”nin əksinə  keçirilən böyük bir konfrans olacaq. Bu konfransda Azərbaycan, Qarabağ və Xocalı faciəsi ilə məqamlara yer veriləcək.

Təşkilatın qarşılaşdığı problemlər içərisində maddi-texniki bazanın aşağı olması da var. Ancaq ən böyuk problemlərimizdən biri ofisimizin olmamasıdır. Dəfələrlə deyilməsinə və yazılmasına, eləcə də fəaliyyətimizin ictimaiyyət və dövlət orqanları tərəfindən yüksək qiymətləndirilməsinə baxmayaraq bizə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bir otaq olsun belə yer verilməyib. Bu isə istər-istəməz işimizin keyfiyyətini aşağı salır. Bir məqamı qeyd edim ki, Türkiyədə olarkən orada olan dostlarımız Bakıya gələcəklərini və bizimlə görüşəcəklərini qeyd etdilər. Artıq indidən onlarla harada görüşəcəyim barədə düşünürəm ki, onlar bizim ofisimizin olmamasını bilməsinlər. Bu baxımdan təşkilatımızın ən əsas problemi ofisin olmamasıdır. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, millət vəkilləri Elman Məmmədov, Azay Quliyev, eləcə də Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tərəfindən məktublar yazılıb, müraciət olunsa belə, ofis problemimiz hələ də həll olunmayıb. Nəyi gözləyirlər, bunu özümdə başa düşə bilmirəm.

– Bildiyim qədəriylə siz müharibədən zərər çəkənlərin, şəhid ailələrinin videomüsahibələrindən ibarət arxiv yaratmaq istəyirsiniz...

– Aprel ayının sonlarından Xocalı əhalisinin daha çox məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində, Saatlıda, İmişlidə, eləcə də Abşeronun Mərdəkan, Pirşağı və Novxanı qəsəbələrində yaşayan məcburi köçkünlərlə videomüsahibələrimiz nəzərdə tutulub. Bu layihədə ən azından 150 şəhid ailəsinin iştirakını nəzərdə tutmuşuq. Onların arxivini yaratmaq niyyətindəyik. Eyni zamanda 2009-cu ildə Hollandiyada fəaliyyət göstərən Türklərin Soyqırımını Araşdırma Vəqfi ilə təşkilatımız arasında 18 maddədən ibarət niyyət protokolu imzalanıb. Bu protokola görə Hollandiyanın Haqqa şəhərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar “Ermənistan- Qarabağ: türk soyqırımı” adlı layihə hazırlamışıq.  Layihəyə əsasən Ermənistanın Azərbaycan və bütövlükdə türklərə qarşı təcavüzü ilə bağlı ictimai məhkəmə keçirmək istəyirik. Bunun üçün 150 min avro lazımdır və bizim təşkilatın heç cür imkanı yoxdur. İstərdim ki, həm Türkiyə, həm də Azərbaycanın iş adamları bu layihəyə dəstək versinlər. Hesab edirəm ki, bu layihənin gerçəkləşdirilməməsi doğru deyil. Çünki ən azından keçiriləcək ictimai məhkəməyə Ermənistandan gələn insanlar artıq indidən müəyyənləşdirilib və onlar söz veriblər ki, Köçəryanın, Sarkisyanın azərbaycanlılara qarşı törətdikləri əməlləri ifşa edəcəklər.

 

 

BƏXTİYAR

 

525-ci qəzet.- 2013.- 29 mart.- S.5.