Xoca Nəsrəddinin yurdu, sultanın ordugahı, qəfil saz sədası...
TANIDIĞIMIZ VƏ TANIMADIĞIMIZ
ESKİŞEHİR
Türkiyəyə
indiyədək əlliyə yaxın səfərim olub.
Doğrusu, bunların heç də hər birində getdiyim
yerləri doyunca gəzib-dolaşmaq imkanı əldə etməmişəm.
Açığını deyim ki, bu mənim hobbimdir. Axı,
bunsuz həmin ölkə, xalq, diyar, şəhər, yer barədə
bilgilərə malik olmaq qeyri-mümkündür. Eskişehirdə
isə belə imkanı bizə qatılacağımız tədbirdən
əvvəl yaratmışdılar. İki gün ərzində
vilayəti gəzib-dolaşmaq üçün zəngin
marşrut seçilmişdi. Bunun hikmətini
üçüncü gün hiss etdim. Görmədən, bilmədən,
nəticə çıxarmadan Eskişehirin türk
dünyasının mədəniyyət paytaxtı seçilməsinin
hansı zərurətdən irəli gəldiyini necə qəbul
etmək mümkün idi?! İndi hafizəmdə həqiqətən
zəngin keçmişə, müasir tərəqqiyə, qədim
ənənələrə, özəlliklərə malik məkan
barədə unudulmaz xatirələr mövcuddur. Təəssüratlarımdan
da yazının sərlövhəsi boylanır:
“Tanıdığımız və
tanımadığımız Eskişehir”.
Etiraf
edim ki, səfərədək məsələnin birinci tərəfi
ilə bağlı məlumat
bazam zəngin deyildi. İnternetdəki materialları da qənaətbəxş
saymaq olmazdı. Səfər çantamın biri
başdan-ayağa Eskişehirə aid nümunələrdən
ibarətdir. Ədəbi-bədii əsərlər, müxtəlif
kitablar, broşürlar, albomlar və bir də şəhərdə
işıq üzü görən qəzetlərin Novruz
bayramına təsadüf edən sayları. Hərəsi oxucu
ilə müxtəlif mövzularda söhbətləşmək
üçün kifayət qədər mövzu mənbəyidir.
Hərçənd barələrində ayrıca söhbət
açmaq imkan xaricindədir. Yəqin ki, nə vaxtsa onlara da
qayıdacağıq. Hələlik mövzuya baş vurmazdan əvvəl
səfərin məqsədi barədə söz açmaq istərdik.
TÜRKSOY
21 ildir ki, türkdilli ölkələri və xalqları bir
araya gətirən bəşəri işlə məşğuldur.
Bu kontekstdə həyata keçirilən tədbirlər
sırasında hər il tarixi köklərə malik
hansısa şəhərin həmin məkanda türk
dünyasının mədəniyyət paytaxtı elan
olunması da dayanır. 2013-cü il Eskişehirin qismətinə
düşüb. Orada ölkəmizdəki şəhərlərə
də göstəriləcək etimaddan da söhbət gedirdi.
Eskişehir Anadolunun mərkəzində yerləşir.
Coğrafi cəhətdən elə strateji məkanda bərqərar
olub ki, istər-istəməz diqqəti cəlb edib. Ona görə
də çiçəklənən dövrləri də
olub, dağıntılara məruz qaldığı
çagları da. Səfərin ilk günü vali doktor Kadir
Koçdemirin Eti arxeologiya muzeyində xarici ölkələrdən
dəvət edilən 50-yə yaxın jurnalistə verdiyi ziyafət
də təsadüfi deyildi. Buradakı eksponatlar diqqəti
minilliklərin dərinliklərinə çəkib
aparırdı. İbtidai insanlar qayalıqları çaparaq
özlərinə məskən yaratmışdılar, firiqlər,
romalılar, bizanslılar, türklər fateh kimi gəldikləri
yerlərdə özlərinəməxsus mədəniyyət
nümunələri yaradılması qayğısına da
qalmışlar.
Odunpazarı
türklərin Eskişehirdə qərarlaşdığı
ilk yaşayış məntəqəsidir. 1097-ci ildə
bizanslılara qalib gələn I Kılıç Arslan burada
ordu qərargahını qurmuşdu. Elə ona görə Eskişehir
uzun əsrlər boyu Sultanyügi kimi tanınırdı.
Sonrakı əsrlərdə səlcuqlar və osmanlılar tərəfindən
indi də əzəmətini saxlayan abidələr inşa
etdirilib. Bu da vilayətə çoxsaylı turist
axınını şərtləndirən cəhətlərdəndir.
Yalnız Odunpazarındakı memarlıq və sənət
nümunələri ilə Eskişehiri türk
dünyasının mədəniyyət mərkəzi elan etmək
olardı. Bir vaxtlar mövcud olmuş imarətlər,
karvansaralar, məscidlər, mədrəsələr hazırda
Cümhuriyyət tarix muzeyi, Lülə daş muzeyi, Cam sənətləri
muzeyi, sənətçilər bazarı kimi fəaliyyət
göstərir.
Türk
hökmdarları fateh olduqları kimi sənəti və sənətkarı
da yüksək dəyərləndiriblər. Eskişehir
möhtəşəm sənətkarlar və istedadlar
diyarıdır. Elə isimlər var ki, onların adları bu
diyarın və ölkənin hüdudlarını əsrlərdən
bəri aşaraq dünyada tanınmaqdadır. Haqq və xalq
şairi Yunis Emre isə həmin şəxsiyyətlərin
zirvəsi sayılır. Böyük mütəfəkkir
dünyaya gəlişi ilə sanki dahi Nizaminin vəfatından
sonra ədəbiyyatda yaranmış boşluğu doldurdu.
Burada haşiyə çıxaq ki,
Ankara-Eskişehir-İstanbul dəmiryolunun
yaxınlığında yerləşən məzarın
önündən keçən qatarlar bir anlığa nəfəs
dərir, fit verməklə onun xatirəsinə
sayğılarını nümayiş etdirirlər.
Maraqlıdır ki, bu ənənə həmin yolu çəkən
almaniyalı mühəndislərə məxsusdur. Bax, bəşərilik də budur.
Molla Nəsrəddinin
ulaq belindəki ikinci abidəsi Eskişehirdədir. Bütün türk dünyası
kimi onlar da həmin şəxsiyyətin
özlərinəməxsusluğunun iddiasındadırlar. Nəsrəddin Xoca indinin özündə
də ən populyar şəxslərdəndir.
Vilayətdə hər hansı
çıxışa məzə
tonu qatmaq istədikdə Nəsrəddin
Xocanın lətifələrindən
misallar gətirirlər.
Bizdən fərqli olaraq
eskişehirlilər onun
konkret bioqrafiyasını
qələmə alıblar.
1208-ci ildə Eskişehirin Sivrihisar ilçəsinə bağlı,
sonradan “Nəsrəddin
Hoca Beldesi” kimi adı dəyişdirilən
Hortu kəndində anadan olduğu göstərilir. Atası Abdullah Əfəndi, anası Siddiqə xanımdır.
İlk bilgilərini din xadimi atasından alıb. Sonralar dərin biliyi, hazırcavablığı ilə
tanınan şəxsiyyətə
çevrilib. Düzü, başqaları
kimi mən də onun mifik
qəhrəman olduğunu
düşünürdüm, eskisehirlilərin belə yanaşmasından sonra içimdəki tərəddüdlər
qeybə çəkilməkdədir.
Türkiyənin əksər satirik yazarları Xocanı özlərinin ustadı sayırlar. Bu sırada
Əziz Nesini də görmək olar, “sayğısızlıqdan,
başadüşülməzlikdən” gileyli müasir Rasim Koroğlunu da. Eskişehirdə rastlaşdığım
professor Tamilla Abbasxanlı
həm də bu qəbildən olan şair və yazıçıların
tədqiqatçısıdır. Tamella xanım uzun müddət Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı
kafedrasında çalışıb,
1998-ci ildən Eskişehirdədir,
Osman Qazi Universitetində işləyir.
Məqalələri Türkiyə ilə
yanaşı Qərb ölkələrinin və
ABŞ-ın nüfuzlu
mətbu orqanlarında
dərc edilir. Səfərimizdən bir gün əvvəl
professor adına layiq görülmüşdü.
Keçmiş müəllimimlə sevincimizi bölüşdük.
Diyarın inkişafı və çiçəklənməsi Balkanlardan və Qafqazdan buraya axını sürətləndirdi. Yazılıkaya kəndindəki lokanta sahibi İrfan bəy bizi çox
səmimi qarşıladı.
Bildirdi ki, babaları qaraçay-çərkəzdir,
yeddi yüz il əvvəl
buralarda məskunlaşıblar.
Hazırda 6 kənddə yalnız
onların törəmələri
yaşayır. Qəribə də olsa kişilər
adətən əlli yaşa çatmamış
evlənməyiblər. Ənənə qismən qalıb.
Türkiyənin hər yerində
olduğu kimi, bu kəndlər də boşalmaqdadır.
Fərq orasındadır
ki, qaraçay-çərkəzlər
ölkədaxili şəhərlərə
yox, birbaşa Amerikaya üz tuturlar...
Bələdçimiz Mustafa bəy bizi oradan
kəndin yaxınlığında
yerləşən Yazılıkaya
abidələr kompleksinə
apardı. Bu abidələr
təbiətlə insan
zəkasının harmoniyasının
vəhdətindən yaranan
ecazkar əsərlərdir.
Burada
Midas şəhəri mövcud
olub. Gordion Friqlərin siyasi,
Midas isə dini paytaxtı sayılıb.
Krallığın süqutundan sonra
Roma və Bizans dönəmində də şəhər nüfuzunu
uzun müddət saxlayıb. Məharətli əllər qayalarda
naxışlar salıb,
evlər düzəldib,
totemləri təsvir edib, nüfuzluların məzarları üçün
də yer tapılıb.
Eskişehir dəniz səviyyəsindən
1500 metrə qədər
yüksəklikdə yerləşsə
də heyvandarlıq, xüsusilə atçılıq
üçün münbit
məkan sayılır. Deyilənə görə, ilk atı da məhz türklər
bura gətirib. İndi vilayətin atları bütün dünyada məşhurdur. Mahmudiyyə atcılıq
müəssisəsində yetişdirilən
cinslər sərt şəraitə dözümlülüyü,
yüksək sürəti
ilə fərqlənirlər.
Müəssisənin əməkdaşı Süsən xanımın
dediyinə görə,
bu atlar döyüş meydanında
nəyə qadir olduqlarını Atatürkün
savaşlarında göstərib.
İndi dinc əyyamdır, amma alıcıların artımı ilə ayaqlaşmaq üçün
daha çox səy göstərmək
lazım gəlir.
Eskişehirin müasir tarixindən gətiriləsi misallar kifayət qədərdir. Onlar fəxr edirlər ki, ölkədə çoxpartiyalılığın əsasını qoymaq üçün vüsət
alan mitinqlərin
ilki məhz burada – Çifteler bələdiyyəsində baş
tutub. Bu şərəfə
həmin meydanda abidə ucaldılıb, bağ-bağat salınıb.
Bağdakı restoranda bizi
Azərbaycan aşıq
havası ilə qarşıladılar. Düşündüm
ki, qonaqların arasında bizim olduğumuzu
zənn edərək sürpriz hazırlayıblar.
Belə deyilmiş. Aşıq Şakirin səsi
“Space” radiosundan gəlirdi.
Restoranın sahibi Ərtoğrul Uğur dedi ki, burada
yalnız Azərbaycan
təranələri səslənir.
“Biz nəslən məshəti türküyük,
üç yüz ildir ki, Eskişehirdə
yaşayırıq. Babam da,
atam da həmişə
Azərbaycan musiqisini dinləyiblər”. Xoş sürprizdən
sonra necə iştaha gəlməyəsən.
Eskişehir mətbəxi də özgə aləmdir. Çiybörəkdən, tabak börəkdən, köftədən, tolga şorbasından gərək
yeyəsən ki, dadını biləsən.
Yəni mətbəx də yerli mədəniyyətin
tərkib hissəsidir...
Şəhərə sürət qatarı ilə
gəlmişdik. Təsəvvür edin ki, 250 kilometrə
qədər yolu cəmi saat yarıma qət etdik. Qatar iki
yerdə dayandı.
Fasilə bir neçə
dəqiqə oldu.
Ankara-Eskişehir ölkənin ilk sürət
qatarının marşrutudur.
Gündəlik reyslərin sayı
10-a qədərdir. 2009-cu
ilin martından fəaliyyətdədir. İndiyədək 26 mindən çox səfər gerçəkləşdirib.
Yeddi milyondan artıq sərnişini mənzil başına çatdırıb.
İkinci marşrut Ankara-Konyanı
əhatə edir.
Üçüncünün açılışı (Eskişehir-Konya) isə bizim şəhərdə
olduğumuz müddətə
təsadüf etdi.
Yol İstanbula qədər uzanacaq. Sevinirəm ki, Azərbaycanda
da bu niyyət
mövcuddur. Təsəvvür edin ki, Bakıdan
Qazaxa 500 kilometrədək
yolu cəmi 3 saata qət edirsən. Görün ölkədaxili əlaqələr
nə qədər sıxlaşır. Onda insanlar
ekoloji cəhətdən
daha münasib yerləri qoyub Bakıya üz tutmağa tələsməyəcəklər.
...Novruz vilayətin simasına ayrı bir büsat gətirmişdi. Bu, mədəniyyətlərimizi də
tarixən birləşdirən
dəyərlərdəndir. Yüksək
əhval-ruhiyyə ilə
üçüncü gün
açılış törəninə
qatıldıq. Tədbir barədə
geniş yazmaq istəmirəm. Ölkənin aparıcı teleradio şirkətləri mərasimdən
birbaşa reportajlar verirdi, onların sırasında yerli
KİV-lər də var idi. Eskişehirin Kanal 26, ESTV və Anadolu Universiteti TV-ləri, 8 qəzeti, o cümlədən
“İstiqbal”, “Anadolu”,
“Sakariya”, “Sonbahar” və digər nəşrlərinin əməkdaşları
da öz işlərində idi. Məlumat üçün bildirim ki, vilayətin ilk qəzeti 1908-ci ildə işıq üzü görən “Nimet”-dir. Radiolar isə sayca öncüllük təşkil edir, 40-a qədərdir.
Yol yoldaşlarımın
hər biri tədbirlərdə fəal
iştirak etdi. Sözlərini dedilər, diskussiyalara qatıldılar. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə isə tanınmış yazıçı
Elif Şəfəqi oxumağa həvəsləndirdiyinə
görə minnətdaram.
İki kitabını alıb bağışladı. Bundan sonra
Türkiyədə alacağım
kitablar arasında mütləq Şəfəqin
da əsərləri olacaq.
Sonda belə
mənalı və yaddaqalan səfərin təşkilinə görə
Türkiyənin ölkəmizdəki
səfirliyinin mədəniyyət
və turizm müşaviri Seyid Əhməd Arslan bəyə təşəkkürlərimi
yetirməyi özümə
borc bilirəm.
Bakı-Eskişehir-Bakı
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının
sədri
525-ci qəzet.-
2013.- 29 mart.- S.4.