Məhəmməd Əmin Rəsulzadə-
Əsərləri
(Araşdırıb toplayanı, ərəb əlifbasından
latın qrafikasına çevirəni, ön sözün
müəllifi, lüğətin tərtibçisi)
Transliterasiya
redaktorları: professor Şamil VƏLİYEV, elmi işçi Samir MİRZƏYEV
IV cild
(1917-aprel 1918)
Cəmaət idarəsi
Böyük Rusiya inqilabı məmləkətin idarəsini,
hökumət işlərinin dolandırılmasını
müstəbid padşah əlindən alıb cəmaətin
özünə tapşırdı. Özünə
tapşırılan bu həqdən necə ki lazımdır,
faidə görə bilmək üçün cəmaət bu
idarənin, yəni cəmaət idarəsinin nə kibi bir
şey olduğunu və hanki əsaslar üstündə
dayandığını bilməli, bu xüsusda aydın fikrə
və məlumata sahib olmalıdır. Cəmaətimizin
geniş qisminə bu xüsusda az da olsa, məlumat vermək
üçün daha istibdad zamanında
yazdığımız “seçkilər” məqaləsini yuxarıdakı
ünvan ilə bir az zamanəyə münasib dəgişərək
darc ediyoruz. Bu aşağıda dərc olunan ilk
məqalə senzor tərəfindən mən edilmişdi.
I
Cəmaət idarəsinin binası seçki üzərinə
qurulmuşdur.
Bir adamın keyfi, xahiş və buyuruğu ilə
olunan idarəyə istibdad deyilər. İstibdadda
fikir, təsəvvür, düşünmək, anlamaq və
anladığını demək həqqi olmaz. “Ağa
dedi sür dərəyə, sür dərəyə” – bu zərbül-məsəl
istibdad üsul-idarəsinin qanuni, məntiqi və hikmətidir.
İstibdad olan yerdə azadlıq, fikir sahibi,
iradə yiyəsi olmaq olmaz. Burada ancaq
sürünməli, hanki dərəyə göndərsələr,
sürüləcəgiz, durmayıb getməlidir.
İstibdadın müqabili azadlıqdır. Hər kəs fikir və rəy
sahibi ola bilər. Görməmək,
eşitməmək mümkündür. Fəqət hiss
etməmək, anlamamaq adamın öz ixtiyarında, öz əlində
degildir. Bu adamın öz ixtiyarında olmayan
xasiyyət insanı azadlığa, özünə ixtiyar
almağa vadar eləmişdir. Qanmaq fikri,
eləmək əzm və idarəsini doğurmuşdur. Bunlar artdıqda insan kor-koranə tabe olmaq istəməmiş,
müstəbidlərin hökm və buyruqlarına bir sərhəd,
bir ölçü qoymaq istəmişdir.
Bu ölçü zamanımızdakı dövlətlərdə
məşrutiyyət və ya cümhuriyyət şəklinə
girmişdir. Rusiya böyük inqilabı ilə Rusiya dəxi
böylə məmləkətlər cərgəsinə
girmişdir. Yalnız buradakı azadlıq
hökumətinin şəkli məşrutəmi, yoxsa
cümhuriyyətmi olacaq? Burasını iləridə
bütün millətin şərikligi ilə
yığışacaq Məclisi-Müəssisan həll edəcəkdir.
Məşrutə ya cümhuriyyət idarəsində
“hüquqi-bəşər” azadlığının qəbulu ən
birinci şərtdir. Hüquqi-bəşər
– insanın həqləri, ixtiyarları deməkdir. Bu birinci dəfə
Fransada elan olunmuşdur. Bu elana görə
insanın fikri azaddır. Fikir elədigini
deyə bilər, deyə bildigini yaza bilər. Deyib və yaza bildiklərini xəyaldan işə gətirə
bilmək üçün cəmiyyətlər qurar, məclislər
yığar, ictimailər, yığınlar
çağırar.
İnsan azaddır. Zatən Allah tərəfindən də
faili-muxtar yaradılmışdır. Buna
görə də onun şəxsinə zor olunmaz, həqqində
zülm edilməz, edilməməlidir. O
başqasının buyruğundan xilas olmalı, hər cür
boyunduruqdan qurtarmalıdır.
Burada
özü-özligində bir məsələ
çıxıyor: çox yaxşı, qəbul edirik. Hər kəs öz başına azad oldu. Faili-muxtar oldu, nə istərsə edə bildi.
O zaman nə olur? Xəlq biri-birinə
düşməzmi? Hərcü-mərc
olmazmı? Zülm olmasın – deyə elan
olunan azadlıq zülmdən daha bədtər bir anarxiyaya,
başlı-başınalığa səbəb olmazmı?
Bilməlidir
ki, istibdadə, yəni bir adamın hökmünə,
padşahların, hakimlərin keyfinə hədd qoyan,
cümhur rəisinin haraya qədər ixtiyarı olduğunu təyin
eləyən azadlıq istəyənlər, haman
zamanda azadlığa, yəni azad vətəndaş və
insanların keyf və arzularına da bir ölçü
qoyurlar. Onlarca hər kəs azaddır. Fəqət başqasının
azadlığını pozmamaq şərtilə birisinin keyfi
başqasının keyfini pozarsa, birisinin rəyi və fikri
başqasının rəy və fikrinə meydan verməzsə,
o zaman bu azadlıq degil, yenə istibdad olur. Əslində baxsan istibdad bundan başqa bir şey
degildir.
Ancaq bu ölçü bəsdirmi? Bununla hər
kəs öz vəzifəsini, öz həqqini, öz hədd
və hüdudunu ögrənib öz işinə məşğul
olarmı? Çox yaxşı, dedik hər
kəs azad olsun. Hər kəsin
azadlığı da başqasının azadlığına
mane olmasın. Fəqət məsələni kim ayırsın. Arada hakim kim
olsun. Görək bənim filan işdəki
azadlığım filankəsin filan işdəki
azadlığını pozuyormu, yoxsa yox? Bunu kim təyin eləsin?
İstibdad hökuməti ilə xəlq hökumətinin
fərqi də buradadır. Padşah hökumətindən
ibarət olan mütləqiyyət ilə xəlq hökumətindən
ibarət olan cümhuriyyət də burada ayrılır.
Məlumdur ki, istibdadda da, məşrutiyyətdə də,
cümhuriyyətdə də xəlqin biri-birilə olan rəftarını
təyin edən qanunlar, nizamlar, qaidələr vardır. Hakimlər,
sudlar bu qanun və nizamlardan çıxanları, sərkeşlik
edənləri üsuli və yolu ilə cəzalandırıyorlar.
İstibdad idarəsində bu nizam və
qanunları qoyan padşahlar, bu nizam və qanuni aparanlar da
onların dedigi adamlardır. Xəlq ancaq məhkumdur.
Borcu tabe olmaqdır. Ona görə
də qanunlardan, nizamlardan xəbəri yoxdur. Halbuki xəlq hökumətində, azadlıq
zamanında böylə degildir. Burada
nizamı, qaidəni qoyan cəmaət özüdür. Məşrutiyyət və ya cümhuriyyətlə
idarə olunan məmləkətlərdə vətəndaşlar
biri-birilə olan rəftarlarını, yəni
azadlıqlarının dərəcəsini özləri təyin
ediyorlar. Böylə məmləkətlərdə
qanunlar cəmaətin şərikligi ilə, hər kəsin rəyilə
yazılır və onun rizalığı ilə verilir.
Yenə anlaşılmaz bir məsələ qaldı ki,
cəmaət necə öz razılığını verir,
necə bu, ya o qanuni yaza bilər?
Məlumdur ki, hər kəsin könlü bir cür
xoş olmaz. Birisinin arzusu o birisi üçün arzu olamaz.
Hətta birinin diləgi o birinin sevmədigi bir şey də ola bilər. Madam ki, keyflər,
arzular, diləklər ayrı-ayrıdır, o halda bunlardan
hankisi qanun olsun. Hankisi hamısı
üçün nizam və məcburiyyət hökmünə
binsin?
Bunun cavabında diyorlar ki, çoxluqda olan diləklər
yeriməli, azlıqda qalanlar ona tabe olmalıdırlar.
Çoxluq-azlıq. Bunu kim təyin
eləsin? Misal üçün, məmləkətin
bir qismi diyor ki, hökumətimiz məşrutəli padşah əlində
olsun. O biri qismi diyor ki, yox, xəlq cümhuriyyəti,
cümhuriyyəti-ənam təşkil olunsun. Yainki
bir dəstə diyor ki, yerlər kəndlilərin arasında
bölünsün. Bir cəmaət də
istiyor ki, yerlər adil qiymətlə yeri işlədənlərə
verilsin. Bir azı istiyor ki, millətlərə
ayrı-ayrı idarələr verilsin, hər kəs
özü öz yerində idarə olunsun. Başqaları diyorlar ki, vilayətlərə
xüsusi muxtariyyət verilməsin, bu qədər bəsdir
ki, hər millət öz dini, milli işlərində müstəqil
olsun. Bu hallarda nə etməlidir? Əlbəttə, hər şeydən əvvəl
bilməlidir ki, çoxluq bu rəylərin hansının tərəfindədir.
Fəqət bunu nə cür bilmək olar?
Əsl mətləbə, cəmaət və xəlq
hökumətinin əsl əsasına burada bu suala cavab verəndə
yaxınlaşıyoruz. Xəlqin hanki rəyi üstündə
çoxluq və azlığı olduğunu bilmək
üçün məşrutəli və ya cümhuriyyətli
məmləkətlərdə xəlq nümayəndəlikləri,
məclislər, parlamanlar, Rusiyada da Duma təsis olunmuşdur və
əsaslı məsələləri, hökumətin
binası üçün lazım olan qanunları düzəltmək
üçün ən yaxında Məclisi-Müəssisan
qurulacaqdır.
Fəqət bu məclislər, nümayəndəliklər
necə əmələ gəliyor. İştə, burada
seçki məsələsi meydana gəliyor. Seçki xəlq və cəmaət idarəsinin dirəgidir.
Bu dirək zəif olursa, bina uçular. Bütün məclislər, parlamanlar, məclisi-müəssisanlar
xəlqin nümayəndəsi, seçilmişləridir.
Hər kəs öz arasından özü kibi rəydə
olanlardan birisini seçib millət məclisinə göndəriyor,
böyük bir məmləkətin milyonlar təşkil edən
xəlqi bir yerə yığılıb rəy güləşdirə
bilməsə də onun seçdigi bir neçə yüz adam yığışıb söyləşə
və deyişə bilər. Bunlardan hər kəs öz rəyini,
mətləbini söylər, biri o birini qane etməgə
çalışar: axırda bir nəticəyə gələrlər.
Rəyləri yığarlar, hanki rəy
çox olsa, o aparar və o rəyi yalnız məclisdəkilər
degil, onları vəkil edib göndərən xəlq
üçün bir nizam və qanun hökmünü alar.
Demək ki, xəlqin nizam və qanun işlərinə
qarışması, hökumət işlərində
xüsusi rəy sahibi olması, cəmaət müəssisələrində
rəy və fikir yiyəligində bulunması
üçün seçki lazımdır. İnsanlıq
və vətəndaşlıq həqqindən faidələnmək
üçün demək ki, insan seçki həqqinə də
malik olmalıdır.
İstibdad şəklində idarə olunan məmləkətlərin
hüsni-idarəsi hökmdarın şəxsi
yararlığına, rəhminə, mürüvvətinə,
fəzl və kamalına, ədalət və rəfətinə,
xülasə, şəxsi istedadına, meylinə
bağlıdır. Cəmaət hökumətindəki hüsni-idarə
isə seçki üsulinin müvafiq olmasına və xəlqin
seçkidən faidələnə bilməsinə
bağlıdır. Buna görə də xəlq
hökuməti idarə olunan məmləkətlərdə
seçki üsulinin böyük əhəmiyəti,
özünəməxsus elmi, fənni, nəzəriyyəsi və
sənəti vardır.
II
Dedik ki, cəmaət idarəsinin binası seçkidir. Mətləbi
açdıq ki, seçkinin öxünəməxsus elmi, nəzəriyyəsi
və sənəti vardır.
Cəmaət idarələri seçkilərinə
görə ayrılırlar. Bir cür idarə var
ki, ona məşrutiyyəti-xəvas diyorlar. Bu idarədə xas siniflərin, yəni varlı və
nəcabətli – deyə tanınan əyan və əşrəfin
seçki həqqi çox olur. Xəlqə,
ənam sinfinə, yəni qara cəmaətə, füqərayə
seçki həqqi verilmiyor. İdarə cəmaətin
əlində olursa da, hamısının degil, ancaq bir qisminin əlində
olur.
Bəzən öylə olur ki, seçki həqqi zahirən
cəmaətin hamısına verilir. Fəqət o biri tərəfdən
seçki nizamnaməsində öylə şeytan fikirli maddələr,
cin düşüncəli fəsillər yazılır ki, yenə
də seçilmiş siniflər aparıyor, qara xəlq
itirmiş oluyor. Buna görədir ki, əsl
cəmaət tərəfindən olan firqələr,
hürriyyəti şərtsiz və qeydsiz istəyən
partiyalarsa seçkini hər bir cəhətlə ümumiləşdirməgə
çalışıyorlar. Bunun çarəsini
isə məşhur dörd əsasın qəbulunda
görüyorlar. Həqiqi cəmaət idarəsində seçkilər əvvəlcə
ümumi, sonra müsavi, sonra xəfi, axırda da müstəqim
olmalıdır. Bu dörd üsul imdiki inqilab
hökuməti tərəfindən elan olunmuş və söz
verilmişdir ki, Məclisi-Müəssisan seçkiləri bu
üsullarla icra olunacaq.
Bu dörd əsasın nədən ibarət olduğunu əksər
oxuculardan ötrü, bilxassə, müsəlman oxucusunun
geniş dairəsi üçün çox aydın və
aşkar bir mətləb degildir.
Seçkilər ümumi olsun demək nə deməkdir? Ümum – ərəb
sözüdür. Ümumi olsun demək,
hamısı üçün olsun deməkdir. Bizim köhnə idarə zamanında da seçkimiz
vardı. Dumaya vəkillər seçirdik.
Şəhər dumasına da qlasnılar
seçilərdi. Fəqət bu
seçkilər ümumi degildi. Cəmaətin
hamısı bu seçkilərə şərik degildi. Əvvəl, bilaəvvəl iyunun üçündə
etdigi əhdi-şikənligi ilə Nikolay hökuməti
bütün Türkistanı dumaya vəkil göndərməkdən
məhrum eləmişdi. Sonra arvadlar
seçki həqqindən məhrum edilmiş, sair siniflər və
millətlər dəxi kökündən seçkidən
uzaqlaşdırılmışlardı. Demək
Rusiya xəlqinin hamısı üçün dumaya vəkil
göndərmək mümkün degildi. Halbuki
bu dumada qoyulan qanunlar hamısının halına şamil idi.
Haman bircə danə olsa da, vəkili olmayan
Türkistan müsəlmanlarının,
qırğızların yerləri əllərindən
alınır, suları ədalətsizliklə paylanır, həqləri
tapdalanıyordu. Dərdlərini deyəcək
bir adamları, sözlərini bildirəcək bir vasitələri
yoxdu.
İmdi isə böylə degildir. Seçkilər ümumi
olacaq, yəni 21 yaşına çatmış bütün
rusiyalı vətəndaşlar, sinif, silk, firqə, millət
və məzhəb fərqi olmadan arvad, kişi
– hamısı seçki həqqinə malik olacaq.
Cəmaət seçkisinin ikinci əsası müsavi
olmaqdır. Müsavi demək bərabər deməkdir. Seçkidə hər kəs bərabər
olacaqdır. Bu nə deməkdir? Necə bərabər olacaq. Böylə bərabər
olacaq ki, hər bir adam ancaq bir səs verə
biləcəkdir. Bu mətləb zahirdə bir az
qəribə görünə bilər, nə demək? Bir adam necə ola bilər ki, artıq səs sahibi
olsun. Bu təcrübədə
görülmüş şeylərdəndir. Seçki istehqaqi deyən bir qaidəyə görə
məsələn, evi olanın bir rəyi, zavodu olanın bir səsi,
çiftligi olanın da ayrı səsi vardır.
Seçki üçün seçkiçinin vətəndaş
olmasından əlavə başqa bir səbəb və istehqaq
mülahizə ediləndə öylə olur ki, bir adam şəhərin birində mülkədar,
quberniyanın o birində zavod sahibi, digər tərəfdə
də çiftlikçidir. Hər üç tərəfdə
də seçki həqqi qazanıyor, birdən üç yerdə
səs vermiş oluyor. Halbuki bu varlara malik
olmayan vətəndaş ancaq bir səsə sahib olacaq.
Demək ki, biri üç dəfə səs vermiş
olacaqdır ki, bu ədalətdən xaricdir, burada bərabərlik
yoxdur. Böylə seçki vətəndaşın degil,
zavodun, çiftligin, evin seçkisidir. İngiltərə
cəmaət idarəsinin ən köhnə vətənidir.
Oradakı cəmaət məclisinin,
parlamanın 600 ildən artıq ömrü var. Qədimdə
orada seçkilər mülkiyyət istehqaqına görə
olmuşdur. O istehqaq qısmən imdi də vardır. Gülməli işlərdəndir ki, hər kəsin
bir atı və ya bir eşşəgi varmışsa,
seçkiyə iştirak edə bilərmiş. Bu il eşşəgi olub da seçkiyə
iştirak edən kəndçinin gələn il eşşəgi
tələf olub malsız qalsa seçkidən də məhrum
olarmış. Demək ki, seçki həqqi vətəndaşın
degil, eşşəgin imiş.
Seçkilər müsavi olsun demək, vətəndaşın
eşşəgi oldu-olmadımı seçkiyə həqqi
olub hər bir adamın ancaq bir səsi olsun deməkdir. İstər o adam müxtəlif var sahibi olsun, diplomu olsun,
elmli olsun hamısı birdir. Bir adam – bir səsə
malikdir.
Seçkinin üçüncü şərti gizli
olmasıdır. Neçün gizli olsun, seçki vətəndaşın
müqəddəs həqqidir. Bu həqdən
faidələnmək gözəl şeydir. Gözəl şey də gizlədilərmi? Fəqət yaşayış məəttəəssüf
şairanə degildir. Dünya məişəti
insanları tamamilə hər bir qeydi-qisvədən azad edə
bilməz, nə qədər siyasi azadlıq verilsə, nə
qədər seçkiçinin həqqi əmin altına
alınsa, əsrlərdən bəri davam edib də ikinci təbiət
hökmünü alan adətlər
insanı tamamilə azad olmaya buraxmaz, nə qədər
iqtisadi, ticarəti ehtiyac var və insanlar cürbəcür əlaqə
və riştələrlə biri-birilə
bağlıdırlar. Bütün mənasilə
siyasi bir azadlıq təsəvvür etmək olmaz. Nə qədər cəsur olsa da, bir əmələ
aşkara gəlib də öz sahibkarı əleyhinə səs
verə bilməz. Vəkilinin borcundan
ehtiyat edən bir tacir bank rəisi ilə aşkara mübarizəyə
çıxa bilməz. Aralarında “mən
ölüm” rəsmi olan “comərd”lər dostlarının
üzündən keçə bilməzlər. Seçki aşkara olursa, bu ehtimalların
hamısı var, qorxuzmaq, utandırmaq, tovlamaq, nüfuz işlətmək
– bunların hamısı mümkündür. Halbuki məmləkətin faidəsi, həqiqətin
mənfəəti ondadır ki, vətəndaş öz rəyini
azadlıqla versin, kimsənin təzyiqində olmasın. Kimsə onu cəbrləməsin. Bunun üçün lazımdır ki, seçki
gizli olsun.
Dördüncü şərt seçkinin müstəqim
olmasını istiyor. Müstəqim demək, düz deməkdir.
Seçki necə düz ola bilər. Bu böylə olur ki, xəlq tərəfindən
seçiləcək vəkil bir baş seçildigi məclisə
gedər. Müstəqim seçkiyə
başqa sözlə vasitəsiz seçki diyorlar. Vasitəsiz sözü müstəqim müqabilində
bir də qeyri-müstəqim seçki olduğunu göstərir.
Vasitəsiz seçki o deməkdir ki, xəlq tərəfindən
seçilən vəkil bir başa seçildigi məclisə
gedir. Halbuki vasitəli seçkidə
böylə degildir. Misal üçün, götürək
ki, hər 200.000 adam Məclisi-Müəssisana
bir vəkil göndərəcək, Bakıda da 200.000 can var.
Demək ki, buradan bir vəkil göndəriləcək. Vasitəsiz
seçkidə şəhər əhli hamısı bir adam üçün səs verir, kim çox səs
alarsa, o, Məclisi-Müəssisana gedir. Halbuki
vasitəli seçkidə böylə degildir. İdarədə əvvəlcə
seçkiçilər seçilir. Demək ki, əvvəlcə
iki yüz mindən hər on min adama bir vəkil seçilər
ki, cəmən 20 adam eylər. Bu igirmi adam olursa, seçkiçi sonra bu igirmi adam bir
araya gəlib öz aralarından birini seçirlər ki, Məclisi-Müəssisana
gedir. Hər iki surətdə də seçilənmiş
zat millət və cəmaət bərgüzidəsi hesab
olunur. Fəqət burada nazik bir nöqtə
var ki, birinci üsulə üstünlük verir.
İkinci üsul bir az asan olsa da, naqisdir.
Çünki ola bilər ki,
seçilmiş 20 seçkiçilərdən öylə
birisi vəkil keçsin ki, əvvəlinci seçkidə az
səs almışdır. Demək ki, cəmaət
çoxluğunun meyli ilə müvafiq degildir. Ondan əlavə 200.000 xəlqi tovlamaq, nüfuz
altına salmaq, utandırmaq, nəhayət satın almaq
müşküldür. Halbuki igirmi adamla hər
zaman anlaşmaq ehtimalı var.
İştə, vətəndaş rəyinin
saflığını bakir saxlamaq və işə
mümkün olduğu qədər qərəz daxil etdirməmək
üçün tələb olunur ki, millət məclisi ilə
millət arasında vasitə olmasın, seçkilər
müstəqim və vasitəsiz olsun.
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 5, 13 aprel 1917,
¹ 442, 449
Mən –
qadağan
Faili-muxtar
– öz işində ixtiyar sahibi olan
Sərkeş
– itaətsiz
Xəvas
– xassələr
Xəfi –
gizli, məxfi
İstehqaq
– haqlı olma
Bərgüzidə
– seçilmiş, bəyənilmiş
Qafqasiya müsəlman ictimaı
münasibətilə
Bütün Qafqasiya müsəlmanları tərəfindən
çağırılan ictima neçə nəfərdən
birini seçəcək. Qafqasiyanın hər tərəfindən
nümayəndələr cəlb ediləcək. Bu
birinci Qafqasiya ictimai hanki məsələlərlə məşğul
olub ovzai-hazirə həqqindəki münasibatini nə surətlə
təyin edəcək?...
İctimain dəvəti hər nə qədər Tiflisdəki
icraiyə komitələrinin müsəlman nümayəndələri
iclasında seçilən komisyon əzası tərəfindən
vaqe olmuşsa da, təşkilat və tərtibatı Bakı
müsəlman komitəsi tərəfindən dəröhdə
edilmişdir.
İctimain elan olunan proqramında ovzai-hazirəyə
münasibətimiz, siyasi-milli idealımız, idareyi-ruhaniyyə
islahatı, mövqufat, məktəb və mədrəsə məsələləri,
Qafqasiya müsəlmanlarının təşkilati, milli fond məsələsi
kibi mühüm məsələlər vardır.
Məlum işdir ki, idareyi-ruhaniyyə islahatı, məktəb
məsələsi kibi böyük məsələləri
üç günə çağırılan
yığın bütün təfsilati ilə həll edəmiyəcəkdir. Bütün təfsilati
ilə həll etməgə lüzum da yoxdur. Yetişər ki, yığın bu xüsusda əsası
və ümumi tələblərini bəyan eləsin.
Bilməlidir ki, tarixi və olduqca əhəmiyyətli
bir zaman inqilabda çağrılan bu birinci Qafqasiya müsəlman
yığınını hər şeydən əvvəl
siyasi olub bütün Qafqasiya müsəlmanlarının
hissiyyat və tələblərini, zəmanəyə nə nəzərlə
baxdıqlarını nümayiş etdirməlidir. Bu nöqteyi-nəzərdən
ictimainin ovzai-hazirəyə münasibəti olduqca aydın və
aşkar bir surətdə meydanə çıxmalıdır.
Yığışmaq, danışmaq, azadlıqla öz
qəsdlərini təyin edib o məqsədi tərvic eləmək
Qafqasiya müsəlmanlarının sənələrdən bəri
həsrətlə gözlədikləri amallarıdır. O amallarına ancaq imdi nail ola bilərlər. Bu
azadlığın müsəlmanlardan ötrü nə dərəcədə
əziz və qiymətdar bir tərəqqi amalı olduğunu
göstərməyə kafi degilmidir?
İştə, birinci müsəlman ictimai bütün
Qafqasiya müsəlmanlarından ötrü
azadlığın nə dərəcədə mühüm və
hava ilə su kibi lazım olduğunu siyasi qərarlar ilə
göstərilməlidir.
Yeni hökumətə tərəfdar olmağı elan elədigi
proqramına sadiq qaldıqca onun tərəfini saxlamağa
söz verməsi ilə bərabər yığın
ovzai-hazirəyə münasibətini təyin ilə müsəlmanların
hanki siyasi və inqilab qüvvətlərinə daha ziyadə əmin
olduqlarını da bildirməlidir. Bu xüsusda müsəlmanlarının
həqiqi mənfəətlərinə müvafiq olacaq qərarı
həqiqi demokratiya firqələrinin tərəfini saxlamaq həqqində
alınacaq qərardır. Müsəlman
fraksiyası yanındakı mərkəzi Büronun Məqsudov
əzasına müqabil nəşr elədigi bəyannaməsində
denildigi kibi müsəlmanlar Kadet firqəsi kibi cahangirlik ruhu
ilə pərvəriş tapan liberallarla gedəməzlər.
Onlar öylə firqələri iltizam edərlər,
öylə siyasi firqələrə qoşuluyorlar ki,
bütün millətlərlə bərabər azadlıq
istiyor və bu azadlığı Avropa ilə Asiya
üçün bir dərəcədə tələb
ediyorlar.
Müsəlmanların faidəsi Rusiyanın həqiqi surətdə
demokratik əsaslar üzərinə qurulmasındadır. Bu isə ancaq
o firqələrin qələbəsi ilə mümkün olar
ki, təbiətlə cümhuriyyət və cəmaətçilik
tərəfdarıdırlar. Bunlar o firqələrdir
ki, xaricdə cahangirlik siyasətini, daxildə də təmsil
siyasətini yaxına buraxmazlar. Böylə
bir qüvvət isə bu gün Fəhlə Vəkilləri
Şurası ətrafında toplaşmaqdadır. Bunu bütün müsəlmanlar dərk etməli və
müvəqqəti-hürriyyət hökumətinə bəyani-etimad
etdikləri əsnada inqilabın həqiqi amalı və
hürriyyətin səmimi tərəfdarı olan inqilab təşkilatına
nisbət dəxi dostluq istədiklərini bildirməlidirlər.
M.Ə.
“Açıq
söz”, 7 aprel 1917, ¹444
Mövqufat
– vəqf üçün ayrılmış mülk
Hürriyyət borcu
Tazə cəmaət qüvvəti çürük
istibdad əlindən hökumət binasını
darmadağın bir halda aldı. Yollar pozulmuş, məkulat
məsələsi bərbad bir halə
düşmüşdür. Böylə
dağıq, təbii cığırından
çıxarılmış məmləkət idarəsini
islah eləmək üçün yeni müvəqqəti
hökumət hər şeydən əvvəl pula
möhtacdır. Çünki bütün daxili
islahatı əmələ gətirmək, üstümüzdə
olan ağır müharibəni qurtarmaq, müharibə
üzündən olan pərişanlıqları düzəltmək
ancaq pul ilə ola bilər. Bu
məqsədlə köhnə hökumət də cəmaətə
müraciət edib istiqrazlar buraxıyor və bu istiqrazlara yazılmayı
təklif ediyordu.
Ancaq o zaman istiqrazlara verilən pullar ehtiyatla titrəyə-titrəyə
verilir, inanılmıyordu ki, bu pullar yerinə sərf olunacaq,
millətin, vətənin dərdinə, cövrinə sərf
olunacaq, rüşvətxorların cibinə getmiyəcək. Odur ki, o zaman elan olunan
borcları cəmaət arasında tərvic və təşviq
eləmək bir əmri-müşkül olub, hər kəs
insafın əmrilə, vicdanının buyruğu ilə
degil, qorxu ilə hərəkət ediyor, məcburiyyətlə
iş görüyordu.
İmdi elan olunan istiqraz isə öylə degildir. Dövri-hürriyyətdə
elan olunan borc hürriyyət borcudur. Bu
borcu elan edən hökuməti-müvəqqətə cəmaətin
etimadına məzhər bir hökumətdir. Hökumətin bütün işləri cəmaət
və inqilab müəssisələri tərəfindən təftiş
olunuyor. Buna görə xəlq ümidvar ola
bilər ki, hürriyyət borcuna verdigi pullara haman hürriyyətin,
xəlq hökumətinin qüvvətlənməsinə, əbədiləşməsinə,
cəmaətin faidəsinə sərf olunacaq. İsraf
edilməyəcək. Buna görə də
bütün Rusiya vətəndaşlarına, əzcümlə
biz müsəlmanlara lazım və vacibdir ki, bu zamanda vətənə
yardım edək. Dövlət Duması rəisi
Rodzyankonun dünki sayımızda nəşr elədigi
xitabnaməsini can qulağımızla dinləyəlim.
Bu vəqtə qədər verdigimiz pullar ruhən bizə
özgə, düşmən bir idarə əlinə
düşüyordu, mənafeimiz əleyhinə sərf
olunuyordu. İmdi isə öylə degildir. Rusiya hökuməti Rusiya millətlərinin şərikli
bir idarəsidir. Bir şirkətdən müsavi surətdə
pay aparmaq həqqinə malik olmaq üçün şirkətdəki
mayaya da şərik olmalıyız. Qoy bu hürriyyət
borcuna iştirakımızla biz özümüzün az mayalı degil, çox mayalı şəriklər
olduğumuzu göstərəlim. Haydı, vətəndaşlar,
hürriyyət borcuna iştirak etməklə borcumuzu ödəyəlim!
M.Ə.
“Açıq
söz”, 10 aprel 1917, ¹446
Mühitimizdəki hərəkətlər
münasibətilə
Hürriyyət günəş kibi bir şeydir. Bahar günəşi
hər növ cücülərin, hər cür bitkilərin
göyərib baş qalxızmasına nə cür meydan
verirsə, hürriyyət günəşi də hər
növ fikirlər, hər cür cəmiyyətlər, hər
qism qərəzlərin meydana çıxıb rəngarəng
bir mənzərə təşkilinə o dərəcədə
səbəb oluyor.
Bahar
günəşi ləzzətli şəhd ilə, dadlı
balı ilə damağlarımızı şirinlədən
bal arısını cana gətirdigi kibi
qulaqlarımızı boş vızıltısı ilə
dolduran kəlləbaş eşşək arısını da
cana gətiriyor, ona da vızıltı salmaq imkanı veriyor,
həmçinin baxçalarda göyərən müxtəlif
rəng – bolu güllər, bu güllər üstündə
uçuşan sevimli kəpənəklərlə bərabər
peyinliklərdə sürünən fısıltılı
dozanlar, qara qurdlar, zərərli əqrəblər vücuduna
da səbəb oluyor.
Hürriyyət günəşi də öylədir. Hürriyyət
elan olununca hər kəsə danışmaq, yazmaq, cəmiyyətlər
təşkil etmək imkanı veriliyor, saleh ünsürlər
meydana çıxıb millətin istiqbalına xidmət edən
fikirlər, məqsədlər təqib elədikləri zaman,
fasid ünsürlər də boş qalmıyor. Onlar da hürriyyətdən istifadə edib köhnə
qərəzlərini tazə qəliblərə geyindiriyor.
Bir “rəngi-novin” ilə meydani-siyasətə
atılıyorlar.
Feyzi-hürriyyət feyzi-bahar kibi hər yer
üçün birdir. Bütün cəmadat, nəbatat və heyvanat bahar
havasından cana gəldigi kibi təşkilati-ictimaiyyənin
hamısı dəxi hürriyyəti dərk ediyor və
qabiliyyəti əndazəsində ondan faidələniyor.
Feyzində şübhə olmayan bahar günəşi
bağda lalə, şurəzarda tikan gögərtdigi kibi,
hürriyyət də bəzi yerdə həqiqi cəmaət təşkilatına,
bəzi yerlərdə də tikanlı qərəz müəssisələrinə
can vermiş oluyor.
Bahar feyzi ilə gögərən müxtəlif rəngli
güllər və cürbəcür yuca güllər
arasında faidəliləri olduğu kibi zərərliləri
də var.
Hürriyyət
günəşi ilə isinən cəmiyyətlər
azadlıq ruhilə canlanan fikirlər və bunların təqib
elədigi qərəzlər dəxi haman
faidəli, zərərli olaraq başlıca iki qismə
ayrıla bilir ki, bunlardan birisi səmimi bir etiqad və siyasi bir
iman nəticəsində vücuda gələn güllər,
digəri də şəxsi qərəzlərə bina olunub
da tazə qəliblərə salınan köhnə fikirli cəmiyyətlərdir
ki, tikanlardır.
Bən millətimə, mühitimə iman edənlərdənəm. İnanıyorum
ki, üstümüzə axan hürriyyət
işığı tikan degil, mühitimizdə lalələr
gögərdəcək. Ümidvaram ki, zəminimiz
lalə gögərtmək imkanındadır. Fəqət bununla bərabər geniş türk
elində şurəzarlıqlar olmadığını danacaq
qədər bəsirətsiz də olmaq istəməm. Gül tikanlı lalələr gögərdəcək
baxçalarımız olduğu kibi qılçıxlı
tikanlar becərən şurəzarlıqlarımız da yox
degildir.
Cəmaət hər zaman iki cənbədən ibarət
olmuş, xəlq arasında hər məkanda şeytan ilə
rəhman cəhətləri üz-üzə gəlib
vuruşmuşlardır. Hürriyyət
yağışının bərəkəti ilə göbələk
kibi artmaqda olan komitələr, cəmiyyətlər
arasında şübhə yoxdur ki, rəhmaniləri olduğu
kibi şeytaniləri də tapılacaqdır.
Fəqət
şurəzar degil də laləzar olmaq istəyən mühit
bu göbələklərə diqqət etməli,
yaxşı ilə yamanı araya bilməlidir.
Bunun üçün araya bilmək istedadına
malik olmalı, əldə öylə bir ölçü
bulundurmalıdır ki, onunla yaxşı ilə yaman, faidə
ilə ziyan seçilə bilsin. Bu mizan hər
şeydən əvvəl təşkil olunan cəmiyyətlərin
elan elədikləri məqsədlərinə baxmaq və təşkilata
başlarkən şəxsi dövrəsinə degil, məqsəd
və niyət başına yığışmaqdır.
Bununla bərabər diqqət etməlidir ki, həqq
sözlərlə batil niyətlər güdülməsin.
Bunun üçün diqqət etməlidir, yeni
cəmiyyətin banilərinə, banilərin keçmişinə,
elan elədikləri məqsədlərlə öz işləri
arasındakı rabitə və məntiqə bunlardan sonra nəzərə
almalıdır o cəmiyyətlərin tərzi-hərəkətlərini,
çünki bir cəmiyyətin nə olduğunu məramnaməsi
ilə əşxasından ziyadə tanıtdıran onun hərəkəti,
gördügi işləridir.
Millət, əksəriyyət etibarilə fasid
ünsürlərdən ibarət olamaz, salehlik hər millətdə
əsldir. Bu əksəriyyət təşkil edən saleh
ünsür idraklı olur və səmimi hərəkət edən
ürəfa bacarıqlı və tədbirli olursa qələbə
onların, salehlərindir.
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 11 aprel 1917, ¹447
Şəhd
– şan balı
Fasid –
pozuq, fəsad törədən
Cəmadat
– cansız təbiət
Şurəzar
– şoranlıq
Cənbə
– tərəf, yan
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2013.-
30 mart.- S.26-27.