Cavid yeni əsrdə:
nidalar və suallar
Cavidşünaslıqda
üçüncü dalğa
Ötən əsrin 20-30-cu illərində ən
çox müzakirə olunan mövzular məhz Cavidin əsərləri
idi. Onun hər bir tamaşası cəmiyyətin mədəni
həyatında böyük bir hadisə idi, ədəbi tənqiddə
və teatrşünaslıqda geniş
işıqlandırılırdı. Hətta
kəskin tənqidi məqalələr də Cavid
ideyalarının daha çox yayılmasına xidmət
edirdi. Digər tərəfdən, əgər
tənqiddə rasional məqamlar varsa, bu, sənətkarın
öz sənətinə kənardan, bir qədər fərqli
baxa bilməsi üçün əlavə imkan açır.
Həmin dövrdə qərəzli tənqid,
qarayaxma ilə yanaşı, ciddi müzakirələr, bəzən
sadəcə anlamamaqdan və ya daha yaxşı anlamaq cəhdindən
irəli gələn təhlil və yozumlar, bizcə, ədəbi
mühitin canlı qalmasına və müəllifin oxucularla əks-əlaqəyə
girməsinə imkan yaradırdı. Bu baxımdan, Abdulla
Şaiqin, Hənəfi Zeynallının, İbrahim Xəlilin,
Cəfər Cabbarlının tənqidi təhlili təkcə
Cavid yaradıcılığının şərhi
baxımından deyil, həm də ümumiyyətlə o
dövrdə Azərbaycan ədəbiyyatşünaslığının
və hətta, mən deyərdim ki, cəmiyyətşünaslığının
parlaq nümunələridir. Bunları ona
görə xüsusi qeyd edirik ki, əksinə, ideoloji əmin-amanlıq,
söz və fikir azadlığı dövründə tədqiqat
əvəzinə icmalçılığın,
şablonçuluğun, səthiliyin, mədhiyyəçiliyin
baş alıb getməsi narahatlıq yaradır. Çap imkanlarının artması müqabilində
nəzəri səviyyənin aşağı düşməsi
müşahidə olunur ki, bu da sanki çağdaş cəmiyyətimizdə
ümumiyyətlə intellektual səviyyənin göstəricisi
kimi çıxış edir. Düşünürsən
ki, görəsən, müəllif üçün onun əsərlərinin
tənqidi təhlili, hətta çox vaxt ifrat hücumlara məruz
qalmasımı daha qorxuludur, yoxsa onun
yaradıcılığının, ideyalarının
ümumiyyətlə “səhnə arxasında qalması”, əvəzində
isə onun adının “yüksəklərə
qaldırılması”, şəninə şayanlar deyilməsi,
yaşadığı və yaşamadığı şəxsi
həyatın ədəbiyyata və efirə gətirilməsi,
bir sözlə, şöhrət çələngimi?
Biz belə hesab edirik ki, yaradıcı şəxsin əsl
həyatı onun ideyalarında davam etdiyindən, ona ən
böyük hörmət də adının və şəxsi
həyatının deyil, əsərlərinin gündəmə
gətirilməsi və ideyalarının
yaşadılmasıdır.
Əslində, cavidşünaslıqda müşahidə
olunan çağdaş canlanma ilk hadisə deyil və bir
növ üçüncü dalğa hesab oluna bilər. Radikal
repressiya dövrü başa çatdıqdan və Cavidə
rəsmi bəraət verildikdən sonra, 60-cı illərdən
başlayaraq Cavid yaradıcılığı haqqında ciddi
tədqiqat əsərləri yazıldı. Məmməd
Cəfər, Məsud Əlioğlu, Yaşar Qarayev və s.
simasında cavidşünaslıq yeni, daha mükəmməl
bir mərhələyə qədəm qoydu. Məyusluq
doğuran isə indiki mərhələ –
“üçüncü dalğa”dır. Hazırda
Cavidə münasibətdə baş verən yeni canlanmada, maləsəf,
ideya baxımından hər hansı bir irəliləyişdən
bəhs etmək mümkün deyil. Çünki bu
canlanma onun əsərlərinin səhnəyə
qayıtması və ya yaradıcılığının əsas
ideya sütunlarının müzakirəsi və mənimsənilməsi
şəklində olmayıb, sadəcə şəxsiyyətinə
hörmət və pərəstişin müxtəlif
formalarda bəyan edilməsindən, köhnə
yazıların köçürülərək yenidən, yüksək
poliqrafik səviyyədə çap olunmasından ibarətdir.
Kim isə düşünə bilər ki, hər
dövrün öz ədəbi prosesi var və Cavid
yaradıcılığı da məhz ötən əsrə
aid olduğundan, onun yenidən canlanması mümkün deyil. İndi o ancaq
ədəbiyyatımızın tarixi qismində, xatirələr
şəklində yaşaya bilər. Bax,
biz də bu cür yanaşmanın ayaq tutub yeriməsindən
ehtiyatlanırıq. “Cari ədəbiyyatdan fərqli
olaraq klassik ədəbiyyat elə əsərləri əhatə
edir ki,
bütün dövrlər üçün aktual
olsun” fikrini yada salmaqla yanaşı, daha uca səslə
vurğulamaq istəyirik ki, Cavid sadəcə klassik ədəbiyyatımızın
deyil, həm də milli fəlsəfi fikrimizin əsas
sütunlarından biridir. Fəlsəfə isə
heç vaxt köhnəlmir və hər şərait və
mühit üçün ayrıca fəlsəfə
yazılmır. Fəlsəfi fikir milli
ruhun ifadəsi olmaqla xalqın keçmişini,
bugününü və gələcəyini birlikdə ehtiva
edir.
Dövlət qayğısı və
“ziyalı” etinasızlığı
Bəli, son illərdə cavidşünaslıqda bir
canlanma hiss olunur. Hər halda kənardan baxanda belə
görünür. Cavidin əsərlərinin
yeni nəşrləri çıxır və yubileylərlə
əlaqədar bu sahədə yazıların və müxtəlif
tədbirlərin sayı artır. Önəmli
olan isə görülən işlərin səmərəliliyi,
onların cavidşünaslıq və ümumiyyətlə ədəbiyyatımız
üçün faydalı olmasıdır. Əgər
indi cavidşünaslıqda yaranmış vəziyyətə
ümumi bir nəzər
salsaq, açıq-aydın iki xətt görmək
mümkündür. Birincisi, bu məsələyə dövlət
qayğısı və açılan yeni iqtisadi imkanların
bu sahəyə yönəldilməsi; ikincisi, bu sahədə
çalışan adamların məsələyə
başdansovdu yanaşması, dövlət
qayğısından sui- istifadələr,
tələm-tələsik qərarlar və məsələnin
elmi müzakirələrdən yayınmaqla, inzibati qərarlarla
həllinə meyl... Halbuki belə mühüm
sahədə atılan hər bir addım ciddi müzakirə
olunmalı və tək ədəbiyyatçılar deyil,
filosofların da müzakirəyə cəlb olunması, məsələyə
münasibətinin öyrənilməsi və kollegial qərarlar
verilməsi vacibdir. Amma bir sıra hallarda
bu sahədə addımlar tam bir etinasızlıq şəraitində
atılır. Biz bir
yazımızda diqqəti “Cavid hikməti: seçmə
aforizmlər” adı ilə çap olunmuş bir kitaba yönəltmiş
və göstərmişdik ki, burada seçimlər
düzgün edilməmiş, Cavidin mənfi obrazların dili
ilə dediyi və əslində tənqid etdiyi fikirlər
oxuculara onun “aforizmləri” kimi təqdim olunmaqla
çaş-başlıq yaratmışdır. Amma
indi eşidirik ki, AMEA bu “Aforizmləri” nümunəvi bir
şey kimi xarici dillərə tərcümə edib beynəlxalq
miqyasa çıxarmaq istəyir. Çox
acınacaqlı haldır. Cavidə bu qədər
yüksək dövlət qayğısı ilə onun bədii
və fəlsəfi irsinə bu qədər böyük
etinasızlıq bir araya sığmır.
Ədəbiyyat və milli-fəlsəfi
fikir
XX əsrin
milli-fəlsəfi fikir tarixi haqqında düşünərkən,
istər-istəməz belə bir sual ortaya çıxır:
tədqiqatçılar onun əsl mənbəyini “rəsmi fəlsəfə”
çərçivəsində, yoxsa daha çox dərəcədə
ədəbi-bədii fikirdə axtarmalıdırlar?
Bizim fəlsəfi fikir tariximiz həmişə ədəbiyyatla
bağlı olmuşdur. Nizaminin, Nəsiminin, Füzulinin
yaradıcılığı təkcə ədəbiyyatçılar
deyil, həm də fəlsəfə tarixçiləri tərəfindən
öyrənilmişdir. Fəlsəfə
tarixçilərinin diqqət mərkəzində olan sonuncu
mütəfəkkir-yazıçı kimi M.F.Axundovu göstərmək
olar. Təəssüf ki, XX əsrdə “rəsmi
fəlsəfənin” ədəbiyyatdan ayrılması nəticəsində
milli-fəlsəfi fikir tarixi bu ənənədən sanki geri
çəkilmişdir. Daha doğrusu, bu ənənə
XX əsrin 20-ci illərini, uzaqbaşı 37-ci ilə qədər,
yəni
bolşevik dünyagörüşünün tam “təntənəsinə”
qədərki dövrü əhatə edir. İnqilabdan
sonra “fəlsəfə” adı altında xeyli fərqli bir məzmunun
təlqin olunması nəticəsində ədəbiyyatla fəlsəfənin
yolları ayrılmış və bundan sonrakı dövrdə
bədii irsin öyrənilməsi ilə əsasən ədəbiyyatçılar
məşğul olmuşdurlar. Nəticədə
XX əsrin 30-cu illərindən başlayaraq milli fəlsəfi
fikir tariximizdə sanki bir fasilə, boşluq
yaranmışdır. Lakin çiçəklənməsinə
imkan verilməyən milli fəlsəfi fikrin kökləri hələ
də sağ idi və ara-sıra nəfəs alırdı.
Təəssüf ki, bu gizli nəfəslər fəlsəfə
tarixçilərinin diqqətindən kənarda
qalmışdır. Bunun üçün,
görünür, öncə həmin dövrün ruhani
oyanışı, ideya müstəvisində
canlandırılması, yenidən nəfəs almağa
başlaması tələb olunur.
Maləsəf, o vaxt Hüseyn Cavid kimi mütəfəkkir-şairlərin
yaradıcılığı əsasən filoloji çərçivədə
dəyərləndirilmiş, fəlsəfi məqamlara görə
isə onlar çox vaxt tənqid və təqib olunmuşlar. Çünki o vaxtki kurs elə
idi ki, marksizmdən kənarda hansı isə bir fəlsəfi
mövqeyin varlığı bir çatışmazlıq,
qəbahət hesab olunurdu. İdeoloji çərçivələr
aradan qalxdıqdan sonra “bu siz, bu da sizin bu günə qədər
yaratmış olduğunuz ədəbi-bədii irsiniz: əgər
içərisində bir fəlsəfeyi-qayə də varsa,
buyurun sahib çıxın”, – deyə bir xitab eşidildi. Yəni
milli fəlsəfi fikir hələ tam kəsilməyibsə və
hətta repressiya abu-havasına rəğmən ötən nəsillərdən
ərməğan olaraq bu günümüzə gəlib
çatmış bir fikir ənənəsi varsa, bundan daha
xoş nə ola bilər?!
Amma əgər
bu irs bizə artıq yaddırsa, əgər sələflərin
ideya irsi ancaq kağızlarda, lentlərdə, arxivlərdə
qorunub saxlandığı halda, bizim şüur arxetipimizdən
artıq silinibsə, yəni nə vaxtsa sələflərimizi
dəyişə bilməyənlər bizim
özümüzü dəyişə biliblərsə və
mənəvi yaddaşımızda öz klassiklərimizin
ruhu, idealı, əzmi əvəzinə, ancaq
şanlı-şöhrətli adları qalıbsa, – onda necə?
Cavid irsi də həmçinin. İndi bizə bu irsə
sahib çıxmaq və onu mənimsəmək, təhriflərsiz
və təhdidlərsiz yeni nəslə çatdırmaq
üçün hər cür imkanlar
açıldığı bir halda, biz bu böyük ədəbi
və fəlsəfi sərvətin özünü bir tərəfdə
qoyub, onun həndəvərində fırlanır və sanki
ona xoş avazla fatihə oxuyuruq. Cavidə
heykəllər qoymaq, haqqında filmlər çəkməklə
kifayətlənirik. Çünki artıq yadlardan kreditlə
istifadəyə götürdüyümüz yeni bir məfkurəyə
sahibik və onu “boşayıb” yenidən əvvəlki məfkurəmizə
sahib çıxa bilmirik. Çünki bu iki zat
bir yerdə yola getməzlər.
Dövlətin açıq-aşkar diqqəti və
himayəsi, Cavidin yubileyini keçirmək üçün vəsait
ayrılması, əlbəttə, təqdirəlayiq haldır
və siyasi-iqtisadi müstəvidə bir inkişafdan xəbər
verir. Bəs elmi ictimaiyyət öz ziyalı
missiyasını və mənəvi borcunu necə yerinə
yetirir? Bəs onların töhfəsi nədən
ibarətdir? Əgər siyasi iradə
Cavidin nəşini uzaq Sibir çöllərindən Vətənə
qaytarmağa qabildirsə, millətin mənəvi-intellektual əzmi
onun ruhunu işıqlandırmağa, ideya dünyasını
yenidən canlandırmağa niyə qadir deyil?
Bu məqamda
adamın yadına Mirzə Cəlilin “Ölülər”indəki
son səhnə düşür: külli-ixtiyar sahibi Şeyx Nəsrullah
hər kəsin ölüsünü diriltmək əzmi ilə
ortadadır, amma onlara yiyə durmaq, sahib çıxmaq istəyənlər
yoxdur. Əsl ölülərin kimliyi məhz bu
məqamda bəlli olur.
Heç kim bunu bizim artıq qərbləşdiyimiz və
öz şərqli keçmişimizi özümüzə rəva
bilmədiyimiz kimi qəbul etməsin. Biz əslində təkcə
Qərblə deyil, Asiya İnkişaf Bankı və İslam
Konfransı Təşkilatı ilə də əməkdaşlıq
etdiyimiz kimi, ideoloji sahədə də İslam
dünyasından hazır şəkildə
götürdüyümüz təlimlərlə o dərəcədə
təmin olunmuşuq ki, cavidlərə ideya müstəvisində
elə bir ehtiyacımız yoxdur. Xüsusilə,
yəqin bəziləri düşünür ki, elə Cavid
özü də hansı isə ideyaları Qərbdən,
hansıları isə İslam Şərqindən
götürübdür və biz indi özümüz
onları hazır şəkildə transfer edə biliriksə,
Cavidə nə hacət? Yəni bizim elə
ilk məxəzlərdən götürdüklərimiz bizə
bəs eləmirmi; Qərbi onun ən modern tərəfi olan
postmodernizmin, İslam Şərqini də onun ən klassik təlimi
olan təsəvvüfün timsalında hazırca şablonlar
şəklində götürə biliriksə, onda təkrar
Cavid irsinə dönməyimiz nəyə lazımdır?
Düzdür, bu zaman unudulur ki, Cavid onları hazır
şəkildə götürməmiş, mövcud ideya məkanındakı
müxtəlifliyə rəğmən, məhz milli ruhun tələblərinə
uyğun yeni bir məfkurə qurulmasına
çalışmışdı. Görünür, biz
özümüz həmin işi indi ona görə edə bilmərik
ki, sintez hasil etmək üçün yenidən bir Cavidin
doğulması gərək imiş, zira belə
taleyüklü məsələlərin həlli əsrdə
bir dəfə, böyük fikir sahiblərinin, dahilərin sayəsində
mümkün olur.
Şərq və Qərb
düşüncə tərzi
Bu gün bizdə Şərq və Qərb məfkurələri
və həyat tərzləri sintez halında olmayıb,
ayrı-ayrılıqda, qarşı-qarşıya dayanır. Yəni cəmiyyətimizdə
bunların ikisi də var. Lakin Şərq yolu tutanlarla Qərb
yolu tutanlar başqa-başqadırlar. Bölgü
cəmiyyətin öz içində getmişdir.
İnsanların
geyiminə, həyat və düşüncə tərzinə
də, mətbuata, efirə və internetə də nəzər
salsaq, bu iki qütbün aydın silueti görünür: bir
tərəfdə abır-həya, o biri tərəfdə ona
kompleks kimi baxanların ekstravaqant “əxlaqı”, bir tərəfdə
postmodernizmin mahiyyət qatını mənimsəyə bilməsələr
də “söyüş mədəniyyəti”nə yüksək
dərəcədə yiyələnmiş “gənc
yazarlar”ın Qərbi də vurub keçmək divanəliyi,
digər tərəfdə orta əsr ədəbiyyat ənənələrinə
tənqidi təhlil süzgəcindən deyil, aludəçilik
və feyziyablıqla yanaşanların qəzəl nostaljisi. Harada isə ortada müasir ədəbiyyatımızı
təmsil edənlərə təzadlı münasibətin də
şahidi oluruq. Bu mənzərə eynən televiziya kanallarında baş
alıb gedən pop musiqi təqlidçiliyi müqabilində
harada isə əks bir qütbdə tara və saza da yer
ayrılması və tariximizi bir ekzotika kimi seyr etmək
imkanını xatırladır. Düzdür, hərdən sintez cəhdlərinin də
şahidi oluruq. Amma bu
proses təbii şəkildə baş verməlidir.
Bəli, üstündən bir əsr keçdikdən
sonra Cavidə münasibət yenidən
aktuallaşmışdır. Təəssüf ki,
bu dəfə bu aktuallığı şərtləndirən
onun əsərlərinin səhnə həyatı deyil. Sadəcə Cavidin qaldırdığı problemlərə,
mövzulara ideoloji qəliblərdən azad, sərbəst
münasibət bəsləmək üçün şərait
məhz indi yaranmışdır. Lakin bu
heç də o demək deyil ki, açılmış yeni
şərait sayəsində biz Cavid ideyalarını daha dərindən
mənimsəyirik. Təəssüf ki, bu
sahədə çıxan yeni əsərlərin çoxu o
dövrdəki “kim daha kəskin tənqid edər” mövqeyinin
tam əksinə, – “kim daha çox mədh edər”
mövqeyindən yazılır. Xüsusilə, Cavidin sufi kimi təqdim olunması və bu zaman təsəvvüf
fəlsəfəsinin hazır şablon və trafaretlərinin
ona şamil edilməsi tədqiqatçılıqdan daha
çox, kampaniyaçılıq xarakteri daşıyır.
Doğrudanmı, H.Cavid yeni dövrün sufisi idi? Doğrudanmı,
biz öz təhsilinə görə İslam ehkamlarını
da, təsəvvüf simvolikasını da, Qərb fəlsəfəsinin
o dövrdə yayılmış əsas təlimlərini də
mükəmməl mənimsəmiş bir şair-filosofun
yaradıcılıq axtarışlarını gah bu, gah da o
biri qütbə şamil etməliyik? Sənətkarın
öz şəxsi mövqeyini,
dünyagörüşünün orijinal bədii təcəssümünü
araşdırmaq əvəzinə, onu rahatca hansı isə cərəyanlardan,
təriqətlərdən birinə aid edib, öz işimizi
bitmişmi saymalıyıq?
Bir
sıra əsərlərində “şübhəçilik” fəlsəfəsini
tərənnüm edən Cavidi necə sufi
saymaq olar? Əlbəttə, çoxları məsələni
belə rahatca qapatmaq istəyərdilər, lakin burada bir
sıra çətinliklər ortaya çıxır. İş burasındadır ki, Cavidin ayrı-ayrı
fikirlərindən çıxış edənlər bəzən
onu tam əks qütblərə aparıb çıxarır və
onu, bir tərəfdən – sufilik, digər tərəfdən
– nitsşeçiliklə uzlaşdırmağa çalışırlar.
Cavid isə bu qütblərin heç birinə
aid deyil. Onların toplusu da deyil.
Caviddə mürəkkəb bir sinkretizm var. O öz
dövrü qədər mürəkkəbdir və yeni dövrün
filosofudur.
Dərvişlik zəmanəsi çoxdan
keçmişdir. Və təsəvvüf də müasir
insanın həyat fəlsəfəsi olmaq şansına malik
deyil. İndi sufizmi Şərq ölkələri
üçün fəlsəfi təməl kimi qəbul etmək
istəyənlər, əslində özləri başqa bir həyat
yaşayanlardır. Sufizmi öyən
çox olsa da, onu qəbul edən və həyat amalına
çevirən adamlar yox dərəcəsindədir. İstər Şərqdə, istərsə də Qərbdə
bu mövzuda çoxlu kitablar buraxan, ona böyük maraq
göstərən tərəflər əslində ona daha
çox keçmişin bir səhifəsi, bir abidə, hətta
ekzotika kimi baxırlar. Amma onun
bugünkü gerçək həyatla mümkün inteqrasiya
variantları nəzərdən keçirilmir. Halbuki, məqsəd məhz bundan ibarət
olmalıdır. Cavid öz
yaradıcılığında məhz belə inteqrativ
mövqedən çıxış edir.
Yaşadığı dövrün mürəkkəbliyi və
ziddiyyətləri yaranan ədəbiyyatın da bu ictimai
gerçəkliyin zəngin məzmununa uyğunluğunu, mürəkkəb
fikir spektrinin heç olmasa ən parlaq rənglərinin ehtiva
olunmasını bir zərurətə çevirirdi. Cavidin əsərləri təkcə xarakterlərin
deyil, həm də və daha çox dərəcədə
ideyaların mücadilə səhnəsi idi. Və bu mücadilədən hasil olan qənaətləri
bütöv bir konsepsiya halında birləşdirmək və
vahid bir fəlsəfi-konseptual sistem ortaya qoymaq, təbii ki,
asan məsələ deyil. Amma
qarşıda duran vəzifə məhz bundan ibarətdir.
İdeologiya
Cavidin öz sağlığında onun əsərləri
haqqında qərəzli yanaşmalarla yanaşı, gerçək
təhlil, obyektiv tənqid və yüksək fəlsəfi
kontekst də olmuşdur.
Təəssüf ki, bu gün yazılanların əksəriyyəti
həmin böyük materialın eninə-uzununa istifadə
edilməsi olmaqla, nəinki yeni bir ideya və ya yanaşmadan məhrumdur,
həm də bu yazılar daha çox dərəcədə təhriflərlə
müşayiət olunur.
Bir tərəfdən,
bu materialın özü də toplanaraq nəşr edilir, – bu
yaxşıdır, digər tərəfdən isə həmin
material müxtəlif zövqlü və müxtəlif səviyyəli
“tədqiqatçıların” öz imzaları ilə
çap etdirdikləri yeni-yeni əsərlərin
yarımfabrikatına çevrilir. Və biz ötən əsrin
20-ci illərinin fikir məkanına köçürük:
“yenilik” isə sadəcə yeni imzalar və yeni kompilyasiya
variantlarında üzə çıxır.
İstənilən halda bir məsələyə təəccüblənməmək
olmur. O
dövrdə düşüncə səviyyəsi, təhlil
qabiliyyəti bir yana dursun, hətta fikrin coğrafiyası, tənqidçilərin
təkcə rus mənbələrini deyil, həm də
geniş diapazonda Şərq və Qərb mənbələrini
müqayisə və təhlil müstəvisinə cəlb etməsi
baxımından bir-baş yüksəkdə dayanması necə
də təəccüb doğurmasın? İstər-istəməz
“onlarmı çox irəli getmişdi, bizmi çox geri
qalmışıq” sualı ortaya çıxır.
Lakin zaman necə tərsinə dövran edə bilər? Zaman qalsın bir yana, məkanın
indiki qədər genişlənməsi, sərhədlərin,
siyasi baryerlərin keçilməsi, iqtisadi imkanların bu dərəcədə
artması, neçə-neçə xarici dillərin
mühitimizə daxil olması və zənginləşmək
imkanını artırdığı bir şəraitdə
fikir fəzasının bu dərəcədə kasadlaşmasını nə ilə
izah etmək olar?
Cavid
öz dövrü haqqında belə deyirdi:
Ah, əvət,
həp dəyişdi ruhi-bəşər,
Hökm edər indi başqa fəlsəfələr.
Cavidin dövründə “başqa fəlsəfələr”in
nədən ibarət olduğunu təsəvvür etmək
çətin olsa da, hər halda mümkündür. Dini
dünyagörüşündən sekulyarizmə, layiqliyə
və hətta ateizmə, adət-ənənələrdən,
ənənəçilikdən ifrat yenilikçiliyə,
ultramodernizmə, bir fanatizmdən başqa fanatizmə
keçid, əlbəttə, hələ fəlsəfə
deyildi. Lakin fəlsəfə olmasa da, hər
halda müəyyən bir psixoloji mühit və ideoloji təzyiq
formalaşmaqda idi.
İnsan
düşüncəsinin maarif və ədəbiyyat sayəsində,
tədricən, təkamül yolu ilə dəyişməsi
deyil, hazır ideoloji qəliblərə salınaraq kəsilib-doğranması
və məzmun ilə forma arasında yaranan ziddiyyətin
ümumiyyətlə azad düşüncəni axtalaması
ruhi-bəşərin dəyişilməsinə:
cırlaşmasına və cılızlaşmasına gətirirdi.
Bu gün 30-cu illərin ab-havasına, o cümlədən
Cavidin həyatına həsr olunmuş bədii və
publisistik əsərlərdə ayrı-ayrı şəxsiyyətlər,
fərdi xarakterlər, əhvalatlar önə çəkilir.
Halbuki, o dövrdə mücadilənin tərəf-müqabilləri
ayrı-ayrı antipodlar yox, bütöv bir ideoloji sistem idi.
Həm də siyasi hakimiyyət və rəyasət
gücü kommunistlərin əlində olsa da, ideya və mənəviyyat
müstəvisində qüvvələr nisbəti tərsinəydi.
Və bu ab-havanı dəyişmək elə-belə sərəncamla,
yaxud ideoloji mühazirələrlə mümkün olmurdusa,
mövcud mənəvi-intellektual mühit buna müqavimət
göstərirdisə, deməli, həmin dövrdə
böyük bir daxili gərginlik və dramatizm, canlı bir həyat
var idi. XIX əsrin axırları – XX əsrin əvvəllərində
artıq xeyli dərəcədə oturuşmuş,
formalaşmış azad fikir cərəyanlarını
asanlıqla cilovlamaq mümkün olmayanda, fiziki təzyiqlərə,
repressiyaya əl atılması gücün yox, çarəsizliyin
əlaməti idi. Cəmiyyətin mənəvi
həyatında yeni prioritetlərin qələbəsini təmin
edə bilməyəndə, yeganə çarə ideoloji qəliblərə
sığmayan mənəviyyatın əsas
daşıyıcılarını, sütunlarını fiziki
yolla məhv etməkdən ibarət olur.
Şöhrət payı, yoxsa
yaşadaraq yaşamaq?!
XX əsr Azərbaycanın dövlətçilik tarixində
ən mürəkkəb, çətin və eyni zamanda ən
şərəfli dövrlərdən biridir. Bu dövrdə
siyasi həyatın təbəddülatları ictimai-siyasi
fikrin də oyanışı, böhranı və
sıçrayışlı inkişaf məqamları ilə
zəngin olmasını şərtləndirmişdir. Milli fikrin oyanışı ilə siyasi repressiyalar və
ideoloji məhdudlaşdırmalar eyni dövrə təsadüf
etdiyindən siyasi, ictimai və fərdi şüurdakı
ziddiyyətlər bir çox fərdi faciələrin də səbəbinə
çevrilmişdir.
Böyük şəxsiyyətlərin faciəsi də
böyük olur. Ötən əsrin əvvəllərində
Azərbaycanda gedən milli oyanış və milli-siyasi
özünüdərk prosesləri ictimai şüurda
böyük iz qoymuş və iki illik demokratik cümhuriyyət
müddətində inkişaf tapmış milli dövlətçilik
şüuru ilə birləşərək milli-siyasi
şüurun formalaşması üçün əlverişli
zəmin hazırlamışdı. İyirminci
illərdə ədəbi-bədii
yaradıcılığın və milli məfkurənin
oyanış və inkişaf dalğaları öz siyasi
hakimiyyətini və ideologiyasını ictimai həyatın
bütün sahələrinə transformasiya etməyə
çalışan bolşevizm ilə üzləşməli
oldu. Otuzuncu illərdəki siyasi repressiyaların Azərbaycanda
həm də bütövlükdə ziyalılara qarşı
bir irtica səciyyəsi daşıması da ilk növbədə bu
amil ilə bağlı idi. Belə ki, məhz Bakı hələ
çar Rusiyası dövründən yeni iqtisadi münasibətlərə
keçid və milli burjuaziyanın yaranması, milli fikrin
oyanışı sahəsində digər bölgələrdən
kəskin şəkildə seçilirdi və buradakı
repressiyalar da SSRİ-nin başqa ərazilərindəkindən
fərqli olaraq, siyasi-ideoloji mülahizələrdən
başqa, həm də milli-siyasi və mədəni-mənəvi
məzmun daşıyırdı.
Sosialist
quruluşunun yaratdığı bütün imkanlardan istifadə
edərək xalqına xidmət göstərmək, milli-fəlsəfi
fikir tarixini, ədəbi-bədii və milli-mənəvi dəyərləri
öyrənməklə xalqın genetik yaddaşını bərpa
etmək, siyasi-ideoloji müstəvidə qadağan olunmuş
milli dövlətçilik məfkurəsini, heç olmazsa, bədii
ədəbiyyat, mənəvi mədəniyyət
prizmasından keçirərək yaşatmaq – bütün bu
istəklər ötən əsrin iyirminci-otuzuncu illərindəki
elitar gəncliyin zehninə və qəlbinə hopmuşdu. Babaların gen
yaddaşını qırmızı bolşevik dəbilqəsində
yaşatmaq və yeni nəsillərə təqdim etmək kimi
çətin bir vəzifəni icra etməli olan gənc sənətkarların
faciəsi – əslində bütövlükdə
dövrün faciəsi idi.
Hələ
əsrin əvvəllərində özünü təsdiq
etmiş, yaradıcılıq istiqaməti və üslubu
artıq formalaşmış Mirzə Cəlil kimi, Hüseyn
Cavid kimi şəxsiyyətlər isə yeni dövrə
uyğunlaşa bilməyərək, onunla üz-üzə
dayanmaq məcburiyyətində idilər. Daha
doğrusu, dövr, ictimai-siyasi mühit özü onlarla
üz-üzə dayanmışdı. Bəkləntilər
özünü doğrultmamışdı və insan ruhu bir
qütbdən başqa qütbə sürüklənirdi.
Bəli, Cavid öz dövrünün şairi idi. Lakin o,
dövrünə sığmadığına görə,
onun sərhədlərini genişləndirir, öz
dövrünü tarixin örnəkləri ilə zənginləşdirirdi.
Təsadüfi deyil ki, F.Nitsşe də ədəbiyyatın
missiyasını məhz bunda görürdü: “Mən öz
zamanımın oğlu olmaqla yanaşı, zamanıma uymayan nəticələrə
ancaq onun sayəsində gəldim ki, əvvəlki dövrlərin,
xüsusən yunan dövrünün yetirməsiyəm... Mən bilmirəm, klassik filologiya zamandan kənara
çıxmağa və öz zamanımıza qarşı
durmağa imkan yaratmasaydı, bizim üçün nə məna
kəsb edərdi? Onun mənası gələcək
nəsillərin mənafeyi naminə bizim zamana təsir edə
bilməsindədir.”
Cavid üçün də tarix ən böyük
örnəkdir. Və o, keçmişdən yazanda da
üzünü həmişə öz müasirlərinə
və gələcək nəsillərə tutur. Lakin onun məqsədi sadəcə nəsihət
vermək deyil. O daha güclü təsir vasitəsi olan
sənətin dili ilə danışır və insanlara
onların ruhunu ehtizaza gətirən hadisələrin dramatizmi
kontekstində müraciət edir.
Peyğəmbər
obrazı da, Şeyx Sənan da, Topal Teymur da, hətta bəzən
mənfi obrazlar da
Cavidin sözünü öz millətinə
çatdırmaq üçün vasitə olur. Tarixin
keçmişindən bu günə və gələcəyə
ünvanlanmış mesajlar... Bu məqsədini
həyata keçirmək üçün Cavid tez-tez
ideyaların mücadiləsinə, monoloqlara, lirik ricətlərə
yer verməklə yanaşı, ironiyadan, mənfi obrazın məntiqinin
açılmasından, “a qızım, sənə deyirəm,
a gəlinim, sən eşit” manevrindən, “güzgü əksi”
metodundan, mifdən, folklordan gələn simvolik obraz və
metaforalardan istifadə edir.
Caviddə məkan və zaman nisbi xarakter
daşıyır. Hətta tarix də. O, kiminsə, nəyinsə
fotosunu və ya portretini deyil, simvolik obrazını yaradır.
Və bu obrazlar hamısı Cavid
ideyalarının çatdırılmasında vasitəçiyə
çevrilir.
Cavid
yaradıcılığını sadəcə təhkiyə
kimi, hadisələrin təsviri kimi deyil, ideya müstəvisində –
milli ruhun fəlsəfi dramatizmi, ruhun canlanması kimi anlaya
bilmək üçün bizim özümüzün mənəvi-intellektual
katarsis sınağından keçməyimizə ehtiyac
vardır.
Bu gün Cavidin bizim şöhrət payımıza
ehtiyacı yoxdur. Hədəfdə Cavid səviyyəsinə
qalxmaq, onu yaşatmaqla yaşamaq, cavidləşmək əzmi
dayanmalıdır.
Səlahəddin Xəlilov
525-ci qəzet.-
2013.- 30 mart.- S.24-25.