Hər vaxtın xeyir, Aqil müəllim
“Bayatı-Şiraz”dan Aqil Abbasa qədər...
... Mən uşaqlıqda rəssam idim. Əslində şəkil çəkə bilmirdim.
Yəni, barmaqlarım fantaziyam bərabərində
addımlaya bilmirdi. Bax, elə o zaman mən
rəssam idim, çünki nə illah eləyirdimsə,
düşündüyümü çəkə bilmirdim, bir
qız keçirdi xəyalımdan, şəlalələr
saçlarından axırdı. Bunu
çəkə bilmədiyim üçün rəssam idim.
İnsan nəyi bacarmırsa, əslində odur,
nəyi çox yaxşı bacarırsa, əlinin altında
iki dəqiqəyə muma döndərə bilirsə, demək
bir çox şeylər yalandır. O vaxtlarda evimizə
bir kitab gəldi, Aqil Abbasın ilk kitabı. Bundan
əvvəl məşhur “Ulduz” jurnalında Aqilin “Evləri
köndələn yar” povestini oxumuşdum. Qədiri
çox sevdiyimdən bu əsəri də çox sevdim, indi
Aqil həmin povesti yazan adamdan qat-qat professionaldır, ancaq o əsərdəki
sevgi, insan taleyinin adi əhvalatlar fonunda qeyri-adi tərzdə təsviri,
– bir az sadəlövh görünsə də
məni özünə çəkirdi. İndi yadımdan
çıxıb, bəlkə o əsərdən sonra Qədiri
sevmişəm, bilmirəm, hər halda Aqil yazdığı əsərlər,
dediyi ipisti sözlərlə kimisə, nəyisə sevdirən
yazıçıdır, Aqil tamaşalıq (“napokaz”) adam
deyil, ürəyində nədirsə, dilində,
yazısında da odur. Sonra, daha sonralar “Uzun
qapqara saçlar” və digər əsərləri gəldi.
Əvvəldən axıra qədər
bütün qələmə aldıqlarının
siyahısı tərtib edilsə (əslində, mövcud
siyahı var) Aqili yaxşı tanıyan adamlar burada
yazılması nəzərdə tutulsa da, indiyə qədər
ortada olmayan əsərlərin yerini görər. Mendeleyevin cədvəlində yeri boş
saxlanılan elementlər kimi. Ola bilər
ki, o əsərlərin yeri həmişəlik boş
qalsın, amma yeri görünən əsər bəzən
mövcud olandan daha dəyərli olur və ədəbiyyatda
sözün təsiri, dünyanı dəyişdirməsi,
uzun sözün qısası valentliyi də bununla
ölçülür. Uşaqlıqdan televizordan izlədiyimiz
gözəl bir kadr var: Qarabağ bülbülləri
“Bayatı-Şiraz” oxuyur. O zaman bütün və
bütöv Azərbaycana yayılan o səs altı
cızılan valentliyin özüdür ki var! Qarabağ
bülbülləri sonra nə oldu, o səs harda itdi, nəyin
güdazına getdi, bax, bütün bunları anlamaq
üçün bir az düşünmək
lazımdır. Və bu “bir az” lap çox
çəkə bilər. Yeri görünən
səsin, mətnin... sırası sıxlaşdıqda bir
çox şeylər aydınlaşa bilər.
Qarabağ müharibəsi zamanı onların kəndlərində
olmuşam, bir həkimin evində. Bu kənddə, o insanların sir-sifətlərində
“Batmanqılıncın” izlərini axtarmışam, Aqil
yuxarıda ilk cümlələrdə
vurğuladığım kimi arxeoloqdur, insan ürəyinin
sevgiyə, məhrəm münasibətə
susadığını bilir və bildiyi üçün də
hər birimizin yanından isti külək kimi keçir,
yaxamızı açırıq, dərindən nəfəs
alırıq, nə qədər isti, yaxud bürkü olsa da
bu istilik canımıza sinir.
“Humanitar elmlərin arxeologiyası” adlı bir məvhum
var. Sözlərlə əşyaların münasibətləri
haqqında.
Əsərin əvvəlində rəssam təsvir
edilir. “Rəssam tablodan bir az kənarda dayanıb.
Modelə baxır; olsun ki, axırıncı “mazok”u
vurmalıdır, ancaq bu da ola bilər ki, hələ
heç bir xətt çəkilməyib. Fırçadan
yapışan əli sola, palitraya tərəf çevrilib.
Bir anlığa o, rəsmlə boya arasında
donub qalıb. Öz növbəsində
üzülmüş, qırılmış (donmuş...) hərəkətin
gizləndiyi hansısa baxış rəssamın əlini
havada saxlayıb. Bütün hadisələr
fırçanın incə ucu ilə kənardan gələn
iti baxış arasında baş verir. Ancaq
bu, gizlində qalmış bir sıra kənaraçıxmalar
araya girmədən həyata keçmir”. Burada mənim üçün
çox maraqlı olan detal “havada donan əl” ifadəsi, yaxud
obrazıdır, rəsmlə rəssam, yazıçı ilə
mətn arasında həmişə ortadan qırılan
(susan...) hərəkətin dibindən çağlayan
pıçıltıların ayrıca yeri var. Hər gün
sağdan sola və əksinə... yazan adamların
qaraltdığı səhifələr bu qabartmaq istədiyim
münasibətlərdən xalidir, yəni, havada donan əli həm
də kənardan baxan baxışın perspektivi müəyyənləşdirir.
Bu mənada götürdükdə, Aqilin
etirafları, yarımçıq yazıları, nə
yazdıqları, nə də yaza bilmədikləri haqqında
küylə danışmaması həyatda çox
yaxşı tanıdığımız adamın əsl
obrazının son dərəcə xəsis ştrixləridir
və həyatda çox yaxşı, bəlkə son
ştrixinə qədər bildiyimiz adamın bilinməyən
cəhətləridir. Bu, bəlkə də
oğluna sərt baxışlarla baxan atanın qəlbini əzən
məhəbbət, sevgi əzabıdır. Məhəbbət də, sevgi də, oğul da, elə
atanın özü də o havada nəsə cızan
fırçanın altından keçir. Onun indiyə qədər
yazdığı bütün mətnləri oxumuşam, eləsi
var ki, (məsələn “Dolu” romanı) bir neçə dəfə
oxumuşam, Aqil təhkiyə axarında hara qədər
qaça bilirsə, o havada donmuş əl, yazılan
yazıya kənardan tuşlanan baxış mətni adi əhvalatların
şirin dillə nəql edilməsinə, ustalıqla
danışılan lətifəyə çevirir. Yuxarıda dediyimiz “gizlində qalan kənaraçıxmalar”
Aqilin əsərlərinə, təhkiyə strukturuna xəsisliklə
daxil olur, mətnin havasını pozmur, yalançı poza
yaratmır. Aqil sadəcə yazmaq istədiyi mətləbin
uyğun formasını tapmaq üçün o “donmuş hərəkətin”
canlanmasını gözləyir, ani tərpəniş olan
kimi (bu, mütləq sakitlikdə gerçəkləşən
bir nəsnədir, Aqil isə bildiyimiz kimi, sakitlik
tapmadığından həmişə hay-küy içində
yazan adamdır) onlarla əhvalat, neçə-neçə lətifə,
yüzlərlə səhifə qaralanır, yəni, Aqil həmişə
nəyisə gözləyərək yazan nasirdir, bu gözlənti
yoxdursa, yazıçı da yoxdur, Aqil zəif yaza bilər,
yaxud kimsə onun yazdıqlarını aşağı keyfiyyətli
mətn adlandıra və elan edə bilər, ancaq nə olsun
– Aqil gözləntisində olmadığı şeylərin
konturlarını cızan və bu cür
şişirdilmiş obraz və detallarla işləyən adam
deyil. Bir yazıçı kimi Aqil təsvirdə, təhkiyə
axarında oxucunu ifrat şəkildə “nəzərə alan” yazıçı da deyil – insanların
ürəyini ovlasın, şirin dillə danışılan əhvalatlarla
kitab bağlasın. Ona qalsaydı, nəşr
etdiyi kitabların sayı-hesabı olmazdı və heç
zaman müsahibələrində nəyisə yaza bilmədiyini
boynuna almazdı – heç buna vaxtı da qalmazdı. Aqil
bizim yazıçılar arasında “yazı bicliyinə” ən
az yiyələnən
yazıçılarımızdandır. Onun bədii təfəkküründə
daha çox mədəniyyətimizin şifahi qatı hiss
edilir. Bu xüsusiyyət ümumən bizim bədii
düşüncəmizin minillik tarixi boyu nəzərə
çarpır. Füzulinin qəzəllərindən
tutmuş Sarı Aşığa qədər şifahi
qatın dominantlığı aydın sezilir. Elə olur ki,
şifahi qat bütövlüklə yazı texnikasını
müəyyənləşdirir. Mətnlərdəki
lətifə stixiyası burdan irəli gəlir.
Böyük məharətlə danışılan lətifələrdə
həmişə hiss edilmədən “buraxılan yerlər”
olur, onu dinləyən insanlar bir qayda olaraq bu buraxılan yerləri
hafizələrində ani canlandıraraq gülürlər və
bu prosesdə hər kəs bir detalı “bərpa edir”. Ona görə də lətifə mətninin
süjetini formalaşdıran birinci və əsas element həmin
o “dinləmə həssaslığıdır”. Eyni qayda ilə deyə bilərik ki, Aqilin təsvirlərində
və ümumən süjetlərində bu həssaslıq
aparıcı mövqedədir, elə buna görədir ki,
onun qurduğu əhvalatlarda keçidlər ani olur,
görünən nəsnə ilə nəzərdə tutulan
niyyətin ani qovuşmasını, bir xətt üstündə
birləşməsini ehtiva edir.
Aqil dövrün sosial problemlərinə də son dərəcə
həssas yazıçıdır. Nədən yazırsa
yazsın, ilkin mövzu şaxələnir, insan taleyinin
bütün künc-bucağını – görünən və
görünməyən tərəflərini əhatə etməyə
çalışır. Bu mənada, onun əsərlərinin
forma lakonikliyi diqqəti cəlb edir. O, bəzən
başqa müəlliflərin baxdığı səmtdən
yeni görüntülər vermək arzusu ilə o mətləbin
ixtiyari nöqtəsindən öz baxışını
formalaşdırmağa çalışır. Əslində,
məsələn, Mirzə Cəlilin “Ölülər”ində
toxunulmayan məqam, məsələ qalmayıb – insanın
gerçək həyatı, sosial vəziyyəti,
düşüncəsi ilə alt şüurunda cücərən
işartılar qarşılaşdırılaraq möhtəşəm
bir cəhənnəm – insan cəhənnəmi təsvir edilir
və bu, daha çox metod, üslub məsələsidir, nəinki
sosial ziddiyyəti qabartmaq cəhdi. Şeyx Nəsrullah
insanların qəlbindəki həqiqəti oğurlayıb və
onun gücünə yiyələnib. Müasir
yazıçı bu müstəvidə mətləbin sosial
baxımdan aktuallığına vurğu salırsa, başqa
sözlə desək, bu təsadüfdə mövzu sadəcə
eninə genişlənirsə, demək, bu fakt sosial tipli
yazıçının (doğrudan da cəmiyyətin problemləri
ilə nəfəs alan yazıçının) “mən niyə
yazıram” sualına verdiyi cavabdır. Ədəbiyyat,
yazı, hansı mövzudan hansı dərəcədə bəhs
edilməsi əslində dünyanın dəyişdirilməsi
ilə bağlı utopik, bəlkə də mifik arzusunun
(missiyasının) bu günümüzə qədər
uzanması klassikada qoyulan məsələlərin bədii
baxımdan tam həllini tapmaması ilə həmahəngdir.
Bu perspektivdən baxanda nəsrimizin inkişafındakı
disharmoniya (qələm əhli tələb edilən hər
şeyi edir, ancaq “özü-özünü qurub-yaratmaq”
missiyasını yaddan çıxarır, indi, xüsusən
80-ci illər nəsli nasirlərinin mətnləri içində
ayrılıqda götürdükdə nə qədər
maraqlı detal var, ancaq bunlar uzandıqca uzanan detallar, motivlər
və həm də təəssüf ki, süjetə
çevrilməyən motivlərdir) ümumi qüsur kimi dəyərləndirilməlidir.
Yazıçı ömrü boyu
çalışır, yazır, cəmiyyətin problemləri
ilə nəfəs almağa çalışır, ancaq əksər
hallarda öz təyinatını, metodunu tapa bilmir. Bu baxımdan Aqil Abbas “tərəddüdsüz”
yazıçıdır, həm nə demək istədiyini
yaxşı bilir, həm də mətləbin bədii şəklini
ifadə baxımından öz gücünü bilən
yazıçı tipi kimi maraqlıdır. “Dolu” romanında bunun
əyani sübutları var.
Aqil
müsahibələrinin birində deyir: “... Cibimdə
10 manat olmayıb, hamı elə bilib ki, milyonçuyam. Kasıbçılıq, maddi şeylər
ağır gün deyil. Ağır gün
sevdiklərini itirmək, qəbristanlığının
darmadağın olmasıdır. Mən həmişə
demişəm ki, xoş günüm geridədir”.
Başqa bir müsahibəsində isə vaxtilə orta məktəbdə
onunla bir sinifdə oxuyan (...”mən beş alırdım o 5+”), sonra
Qarabağ müharibəsində tank altında qalan dostundan bəhs
edir. Jurnalistin “orta məktəb
dostlarınızla görüşürsünüzmü”
sualına “onların demək olar hamısı müharibədə
şəhid oldu...” deməsi və onlarla, yüzlərlə
bu kimi faktları araşdırdıqda (... həm də “Tacir
Şahmalıoğlunu şaqqalamaq lazımdır” – !) mən onun bədii
yazılarının alt qatını daha yaxşı
anlamağa başladım. Bu əsərləri
oxuyursan, onların pafosunu, dünyada müharibə haqqında
yazılan digər bədii nümunələrlə müqayisə
edirsən və ani təəssüratdan dəhşətə
gəlirsən. Tərcümə elədiyim əsərlərin
birində belə bir məqam var “.... deyirlər yaddaş
ölmür, yalan şeydir, elə ola bilər ki, dil
açıb danışdığın dili belə unuda bilərsən...”. İndi
dünya nəsrini pəltəkcəsinə təqlid edən
şəxslərə bu məqamı izah etmək çox
çətindir, özünü yazmaq, özünü kəşf
etmək, özünü qurub-yaratmaq bir ömür boyu davam
edən yazı prosesində ən önəmli cəhətdir.
Düşünürəm ki, Aqil Abbas da bu
yoldadır. Mənim düşüncəmə
görə, Qarabağ müharibəsi haqqında bədii əsərlərlə
bərabər sırf avtobioqrafik əsərlər də
yazılmalıdır. Yazıçı
Anarın son zamanlar bu janra müraciət etməsi təcrübəsi
var ortada. Aqil də yazılarında gələcək nəsli
nəzərə alan
yazıçıdır. Yəni, bu sözü sizə mən deyirəm, o
sözü ki, atamdan, babalarımdan eşitmişəm.
Mövlud Süleymanlının əsərindən bir məqam
yadımda qalıb: ... deyərlər, öz
cığırı ilə axan su döndükdə
boylanıb geri baxar... Obraz o qədər mükəmməldir
ki, göz önündə dərhal ən müxtəlif rənglər
açılır. Yaxud Azər Abdullanın Qarabağ
müharibəsindən danışan təmkinli nəsri...
“Dolu” romanı bu günün Azərbaycan nəsrinin
spesifik problemlərini çözmək baxımından da
maraqlıdır. Mövzu – Qarabağ müharibəsi
romanı diqqətlə oxumağı tələb edir və
bu həm oxucu, həm də müəllifin üzərinə
böyük məsuliyyət qoyur.
Aqilin
romanında süjet xəttinin haçalanmasına, bir
neçə fərqli əhvalatın qoşulmasına
baxmayaraq, ümumi ovqat – müəllifin, yaxud belə deyək,
müəllif obrazında bizim – o müharibənin tarixini,
tüstüsünü, ağrı-acısını yadda
saxlayan hər bir kəsin içində yanıb
cızdağının çıxması içəridən
duyulur və bu duyğu getdikcə dərinləşir. Bu
proses anbaan daha dərinlərə baş vurur, hiss edilir,
çünki burada əvvəlcədən nəzərdə
tutulan bir mövqe yox, müxtəlif dillər, işarələr...
bir-birinə calanaraq fərqli təəssüratlar doğuran
münasibət və mövqelər mövcuddur. Və bunun nəticəsidir ki, əsərdə bir
şəhərin timsalında bütöv Qarabağ faciəsi
dolğun şəkildə göstərilə bilmişdir.
Bir az əvvəl içindən
daşlayıb min yerə haçalanan, dünyanı gəzib-dolanan
və qayıdanbaş bütün dünyanı öz
başına dolandıran çox varlı, çox hökmlü,
çox ziddiyyətli... özünə sığmayan bu
şəhər od tutub yanır, tüstüsü təpəsindən
çıxır. Aqil Abbas ən müxtəlif hadisələri
dar bir məkanda ən müxtəlif variantlarda
qarışdırıb həm şəhərin, həm
Qarabağın, həm də müəyyən mənada Azərbaycanın
obrazını yaradır – dərdli, kədərli, faciəli
– gülüş, sevinc, şadyanalıq içində də
faciəli bir obrazı. Bu amili dərk etdiyinə
görədir ki, nasir ayrı-ayrı personajların taleyini
deyil, adını çəkdiyimiz bütöv bir obrazın
taleyini bütün ziddiyyətləri, faciəyə gətirən
səbəblərin çözülməsi və
dinamikasında göstərmək istəyir.
Cavanşir Yusifli
525-ci qəzet.-
2013.- 30 mart.- S.22.