Dünyanın ən xoşbəxt
adamının pritçası
(Aqil Abbas-60)
Çağdaş ədəbiyyatımızın
ünlü simalarından Aqil Abbasın 60 yaşı tamam
olur. Qutlu
olsun! – deyək. Doğrusu,
bu əyri dünyamızın düz vaxtlarında hər belə
bayramlara sevinmək şansımız olmur. Amma il öncə, “Dolu” romanına dair qeydlərimdə
vurğuladığım təki: ömür insana bir dəfə
verilir, – deyirlər, – neyləməli ki, bizim bəxtimizə
Zamanın “minalanmış əraziləri”
düşmüş...
Aqil Abbas
adı-imzası 1980-ci ildən, hələ Universitet illərindən,
– “Ulduz” jurnalında bir povesti çıxmışdı, –
beynimə girmiş, bugünəcən də orda, möhkəm
yerini eləmiş... “Evləri köndələn yar” – povest
bir yanıqlı səsin əhvalatını
danışırdı; dünyaya- mühitinə- cəmiyyətə
üsyan eləyirdi bu Səs, həm də o vaxtlar dəbə
düşdüyü tək elə-belə, elgözünə
yox, köklü, qəti, barışıqsız – mənəvi
harayla! Elə ki, izi-sədası hələ də içimdə,
hardasa dərinlərdə, köksüz-filansız
düşüb-qalıbdı... Hərçənd povestin məzmunu,
hadisə-süjet filan heç yadımda deyil; gərək ki,
sonda o Səs cəmiyyətdən qopub-ayrılıb- birdəfəlik
gedir, küskünlüyünə
sığınırdı...
Sonra biləcəkdim, demə, prototipi Qədir Rüstəmov,
o yanıqlı Səsin arxasında da ölməz Qədir
Rüstəmovun özü dururmuş. Yenə də “Dolu” romanında(n) yadımızdasa: “Bu səs onu
qoymurdu ki, insanları məhşərə çəkib
qiyami-qiyamət gününü qursun, şeytan bayram eləsin.
Və indi Qədir Rüstəmovun səsi ruhuna
necə işləmişdisə Yiyəsiz Övladların
yalvarışlarını eşitmirdi. Və bu Yiyəsiz
Övladlar özlərinə şah damarlarına yaxın
bildikləri Tanrıya yalvara-yalvara şəhərə
yağan Dolunun hara vurduğunu dəqiqləşdirməyə
çalışırdılar...” Çoxlarının
iradına rəğmən: bəs yerinə düşür,
ya yox, – Aqil Abbas bu Səsi bütün
yaradıcılığından, yaradıcı ömründən
keçirib də üzü bəri gətirmiş. Mənə
görə: Aqil Abbasın dünyasında o yanıqlı Səs
həmişə yerindədir...
Aqil
Abbasın bir gənclik povestini də xatırlayıram, eyni
adlı kitabında (1987) getmişdi: “Ən xoşbəxt adam”. Ap-adi, günlərə səpili
İnsan xoşbəxtliyinin sorağında, aydan aya səliqəylə
maaşı maaşa calayan, yeri gəlmişkən, 1 aprel –
doğum gününün gerçəyini də əməlli-başlı
yaşamayıb, yalana çıxaran birisindən söz
açırdı. “Xoşbəxtlik” burda bir
pritçaydı, hamı kimi olmaq və ola
bilməməyin darıxdırıcılığını
fiksə edirdi... Bu ki: başqaları başının
üstündən məşhur həmkəndlilərinin
portretini asıb lovğalananda bu gənc fərli-başlı
birisinə güvənib də arxalana bilmir: “Əslinə
qalsa, kənddə iki tanınmış adam
vardı – amma həmin adamların məşhurluğu
yalnız rayon ərazisindəydi. O məşhur şəxslərdən
biri öz atasıydı ki, kolxoz sədriydi və rayonda sədrləri
hamı tanıdığından, təbii ki, onun atası da
tanınmışdır. O birisi suçu Şöhlət
idi...”
Bugün
Aqil Abbas bir zaman gənc qəhrəmanının
tapıb-sığına bilmədiyi o məşhur adamın
özüdür ki var. Millət vəkili, adlı-sanlı,
karlı-imkanlı, cəmiyyət içrə seçilən
bir Sima; millətin, xalqın, toplumun sözünü deyən
bir Səs. Xoşbəxt olmaq üçün başqa nə
lazım; əldə qələm, ya kürsü arxasında
yüzlərin-minlərin-milyonların Səsini eynən
yüzlərə-minlərə-milyonlara çatdırır,
elini-obanı, Vətəni-torpağını ən ali məqamlarda-mərtəbələrdə
təmsil edir, tərcümanı olursan... E-heyyy, 60
yaşın eləyib də, eləyə bilmədikləri!
“Dolu” əsasında çəkilmiş filmin mahal-mahal
dolaşıb, hər gün, hər saat toplumu özünə
xatırlatması və budur, sərhədləri
aşıb-daşıb da, Vətənin yaraları,
Qarabağ həqiqətlərini məhz necə var elə
dünyaya car çəkməsi... – əsl sənətkar əzmi,
yazıçı missiyası, 60 yaşın şöhrətinə
açılmırmı?!
Həcmcə
Aqil Abbasın bədii yaradıcılığı çox
da geniş deyil; ilkin yaradıcılığına xas
sıra hekayələr – “Şirinlik” (1976), “Şəbədə
Nazim” (1977), “Süsən Sünbül” (1978), “Əbili gəldi”
(1983), “Şeytana papış tikənlər” (1983) və s.;
povestləri – “Ən xoşbəxt adam” (1978), “Günah”
(1979),“Evləri köndələn yar” (1980), “Çadırda
Üzeyir Hacıbəyov doğula bilməz” (1999), “Qarda
açan qan çiçəyi” (2001), üç roman –
“Batmanqılınc” (1988), “Dolu” (2007), “Allahı qatil edənlər”
(2011)... Amma sanballıdır!, milli nəsrin
az qala son yarım əsrini (1970- 2010-cu illər) başlıca
tendensiyalarında, problem-mövzu aktuallığı, estetik gəlişmə
etibarilə təmsil edə, səciyyələndirə
bilir...
Ədəbiyyat yazılarımda mən Aqil Abbası nəsrimizdə
Azərbaycan modernizmini gəlişdirən, gətirən
yazarlar sırasında anıram. Dünya ədəbiyyatı və
milli nəsrin təcrübəsindən bəhrələnməklə,
o öz, məxsusi üslubunu yaratmış az
sayda modern yazarlarımızdandır. Əlbəttə,
ilk yaradıcılığında bu yalnız
axtarışlar səviyyəsindədir. Hekayələrində
yazıçı hələ dünyanın tərs
nizamına qarşı dura biləcək qəhrəmanını
və adekvat olaraq onun bu dünyada yerini, Səsini verə biləcək
təhkiyə tərzi-məxrəcini aramaqdadır. 1960-1980-ci illərin oxşar süjet-motiv-qəhrəman
zənginliyində bu Səsi görmək də olar, hardasa
sezməmək də. “Ən xoşbəxt adam” povestində (1978) yazıçı təhkiyəni
sonrakı yazı tərzi üçün çox da səciyyəvi
olmayan psixoloji düşüncə sırası,
altşüur axını üzərində qurur. Mətnin aurasında
aşkar üslub darıxqanlığı, eyni zamanda arabir
özü-özünə ironiya notları da duyulur...
Aqil Abbas nəsrinin ilk böyük uğuru “Günah”
povestindən (1979) başlanır. Yazıçı bu əsərdə
İnsan taleyində rezonans verən Cəmiyyət
günahlarını məhz magik realizm ünsürlərinin
imkan açdığı ifadə üstünlüyü ilə
çözür. Monoloji etiraf
tonallığında qurulan təhkiyə son halda mistik-rəmzi
qatlara açılmaqla daha dərin mənalar kəsb edir.
Qəhrəmanın bütün həyatını
– sevincləri, nisgilləri, ağrı və iztirabları ilə
əhatələyən mistik qoz ağacı eyni zamanda onun
tragikomik taleyinin simvoludur. Fəlsəfi qayə və
estetik cazibədarlığını mətn bugün də
saxlamaqdadır: İnsan ömrünün bahası
yetişdiyi mənəvi mühitə bağlıdır.
Aqil Abbasın əsl yazıçı bioqrafisi də eləcə,
kökü dərinlərə işləyən, doğma
torpağa bağlılıqdan nəşət alır. Əslən
Qarabağdan olan Aqil Abbas, tale belə gətirmiş ki, bir
yazıçı kimi də qələmini büsbütün
yaralı Vətənin dərdi-dərmanı-əlacına
yönəltmiş. Azərbaycan
varlığı, Azərbaycan mənasını Aqil Abbas
bugün qan ağlayan Qarabağ həqiqətləri üzərinə
yazmış da, kəşf eləmiş. Heç də
qan ağlamaq üçün yox, əlbəttə; əksinə,
milli varlığın daim var, var olmuş və var olası tərcümeyi-halına
varmaq, hali olmaq, istiqbalına sevinmək üçün...
Ədəbi tənqid Aqil Abbası İlyas Əfəndiyevin
ardınca növbəti “Qarabağnamələr müəllifi”
kimi tanıtmaqda haqlıdır. Yazıçının istər
müasir mövzuda əsərləri, istərsə də
tarixi mövzuda qələmə aldığı
“Batmanqılınc” romanı ünlü Qarabağın həyatı,
mədəniyyəti, qəhrəmanlıq tarixi, mərd və
hünərli insanlarından söz açır, Azərbaycan
varlığını Qarabağ salnaməsi üzərində
təsbit edir. O cümlədən müharibə
“trilogiyası”nda (“Çadırda Üzeyir Hacıbəyov
doğula bilməz”, “Qarda açan qan çiçəyi”,
“Dolu”) Qarabağ insanının 1990-cı illərdə
üzləşdiyi hər növ bəlalar ümummilli problem
səviyyəsinə qaldırılır, geniş zaman
kontekstində bədii təcəssümünü tapır.
“Çadırda
Üzeyir Hacıbəyov doğula bilməz” povestini (1992-1999)
yazıçı uzun sürəyə ərsəyə gətirməsinin
müşkülü barəsində deyir: “Elə dərdlər
var ki, onu yazmaq üçün qüdrətli bir qələm
sahibi olmalısan...” “Ən uzun dərdli hekayə”
deyə janr verdiyi əsərin adı nə qədər
publisist səslənsə də; və hekayədə
qaçqınların həyatı, çadır düşərgəsində
cərəyan edən real mənzərələr nə qədər
publisist kəskinliyi ilə qabarsa da, povest bütövlükdə
romantik nəfəs zəminində qələmə
alınmışdır. Qanad
taxdığı romantik halə içərisində Aqil
Abbas qəhrəmanını da, onu əhatə edən
müharibə durumunu da olduqca canlı, inandırıcı
ehtiva və təqdim edə bilir. Çılğın
ruhlu Müəllimin həyatı, həyat tərzi, mərd-vətənpərvər
xarakteri fərqli davranışı-hərəkətləri,
etiraz və mənəvi üsyanının şərti və
rəhni olur. Sülh və əmin-amanlıq
dövrünün azad milli insanı müharibənin
yaratdığı anormal, ədalətsiz, qeyri-insani şəraitə
heç cür dözmür, dözməməlidir də! – əsərdən alınan başlıca qayə
budur.
Azərbaycan kişisinin əxlaqını təcəssümləndirən
Müəllim böyük təzyiqlər və top-tüfəng
sədaları altda doğma kəndini tərk edərkən
artıq özünü məğlub sayır. Ailəsinin,
uşaqlarının xilası naminə,
çıxılmazlıq məqamında atılmış bu
köçlə, Vətəndən Vətənə
qaçqınlıqla o heç cür barışa bilmir.
Tarix müəllimi olan, vaxtilə şagirdlərinə
odlu-alovlu Vətən dərsləri keçən qəhrəman
sinfə girib, ritorik dərslər deməkdən bilmərrə
imtina edir. Vətənin haçansa, kimlər tərəfindənsə
azad olacağı günə səbri çatmayıb, fərdi
mübarizə yolunu seçir: təkbaşına Stepanakertə-
Xankəndinə gedib, düşmənini məhv edir,
özü də şəhid olur. Bu baxımdan
“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” əsəri
1990-cı illər nəsrinin Qarabağ mövzusunda ümumiləşmiş
qənaətini əks etdirir. Bununla milli ədəbiyyat
ədalətsiz müharibə nəticəsində Azərbaycan
cəmiyyətinin, Azərbaycan varlığının
düşdüyü duruma qarşı etiraz manifesti ilə
çıxış edirdi.
2001-ci ildə qələmə alıb, 2005-ci ildə
kitabça şəklində dərc etdirdiyi “Qarda açan
qan çiçəyi” povestində Aqil Abbas bilavasitə sərt
müharibə mənzərələrini nəsrə gətirir. Bu əsərdə
də yazıçının qrotesk üslubu
aparıcıdır, amma qroteskə bilmərrə müharibə
həqiqətlərinin özü çəkir. Komandirin başçılıq etdiyi balaca bir dəstə
Hinal dağında donur, amma mövqeləri ermənilərə
tərk etmir. Povest müharibənin acısını bu
və digər qrotesk-mənzərələr, tükürpərdici
döyüş lövhələri və inanılmaz insan əməlləri
ilə, müharibə və arxa cəbhənin tərs durumu,
millətçilik və insanilik səhnələrinin
toqquşdurulması, gerçəklərin absurdluğu və
qələbənin əfsanələşməsilə oxucunun
qəlbinə sızdıra bilir: “Dünyada bundan da
böyük ağrı olmazdı. Düşmən
Vətəndə ocaq qalayıb bu ocağın istisinə
qızına bildiyi halda, Allah bu oğulları öz Vətənlərində
Allahın bir ocağına da qıymamışdı”.
Yazıçının niyyəti – mənaların tərs
mütənasib düşdüyü dünyada əsl insani dəyərlərin
qürurunu oxucuya təlqin etmək, yaşatmaqdır; harda ki, erməni
vəhşiliyi var, həmincə alternativ türk insaniyyəti
qarşısında məğlub və məhv olmağa məhkumdur.
Aqil Abbas 2007-ci ildə Qarabağ müharibəsi
mövzusunda daha əhatəli “Dolu” romanını dərc
etdirdi. Yeni ədəbi-mədəni kontekstdə mövzuya
qayıdış real həyatda həllini tapmayan Qarabağ
münaqişəsinə ictimaiyyətin diqqətini
artırmaqla yanaşı, hadisələrə daha sərt
mövqedən, analitik yanaşmanın vaxtının
çatdığını da vurğulayırdı. Cəmiyyət yaddaşının 1990-cı illər
durumunu roman janrının imkan verdiyi geniş əhatədə
təzələmək həqiqətən də böyük
effekt doğurdu, roman ictimaiyyət arasında gərəyincə
rezonans yaratdı. Doğrudur, müəyyən tənqid
notları da oldu, amma bu heç də romanın irəli
çəkdiyi yüksək qayənin yeriməsinə mane ola bilmədi. “Dolu” haqqında
qeydlərimdə mən həmin tənqidləri
yazıçı üslubuna, Aqil Abbasın nəsr
poetikasına gərəyincə bələd olmamağa yozdum.
“Dolu” romanında Aqil Abbas Qarabağ
müharibəsini ilk dəfə olaraq xalq müharibəsi kimi
qələmə alır – bütün üstünlüyü
və kəsirləriylə... Buna gətirən
səbəblər-realiyalar-düyünlər genişliyi, təfərrüatlarıyla
romanda görünür, izahını tapır. Əsərin
ideya mündəricəsi daha əhatəlidir; “Dolu” milli
varlıq barəsində, milli varlığımıza ayna
tutan bir roman kimi düşünülmüş,
yazıçı ilk dəfə olaraq “Qarabağ müharibəsi”ni
sadəcə müharibə kimi təsvir etməklə
qalmayıb, roman panoramı, roman düşüncəsi səviyyəsində
bu Müharibənin xarakterinə, nəmənəliyinə varmağa,
hətta “müharibə”liyini şübhə altına almaq qədərincə
cəhd etmişdir. Müharibə və milli
varlığımız, bir xalq-millət-cəmiyyət olaraq
son əsrlərdə artıq neçənci dəfə
özümüzü təsdiq etmək zərurətində
qalmağımız roman müstəvisinə gəlir.
Müharibədirsə də bu, heç də məhəlli
yox, daha çox bizim Dünya ilə
savaşımızdır: “Bu dəhşətli Kinonun
ssenarisini dünyanın Böyük Dövlətlərinin
Böyük Saraylarında yazmışdılar...”
Belə
ki: Millət məzmununun yuxarıdan-üstdən
başlayıb, cəmiyyətin bütün səviyyələrində
sarsıldığı, az qala yoxa çıxdığı
bir zamanda Müharibə, istər-istəməz, onun, Millət
şüurunun altqatında, altşüurda olan, daha dərin,
genetik kodları oyadır, hər cür yalançı ictimai
təsisatlardan xali torpaq-yurd duyğularını, milli mənəviyyat-qeyrət
hisslərini hərəkətə gətirir: “Qeyrətinizə
qurban olum! Möhkəm dayanın! Arxamızda
ana-bacılarımızdı!” Bu artıq əsl xalq
müharibəsinin başlandığı məqam olur: “Və
heç kəs – nəinki At belində olan
özümüzünkülər, hətta bu Kinonun
Böyük Dövlətlərin Böyük Saraylarında
oturan ssenariçiləri də, rejissorları da bunu gözləmirdilər...”
Romanda
başda Komandir olmaqla xalq mübarizəsi və müharibəsini
təmsil və təcəssüm etdirən xeyli parlaq obrazlar
var; real və tipik – Katib, Rəis, Səhiyyə Nazirinin
Müavini, Müdafiə Naziri kimi çox yerdə At belindən
düşüb, camaatının, xalqının yanında
durmağa hazır insanlar və İdealı təmsil edən,
xalq müharibəsinə yaraşan romantik jestləri, milli
xarakter və fantastik şücaətləri ilə seçilən
Komandir, Drakon, Pələng kimi əsl qəhrəmanlar...
Artıq vurğuladıq: nəhəng, romantik fiqurları
müharibənin, ekstremal şəraitin özü irəli
çəkir. Müharibə mahiyyətcə
absurd bir şeydir, insanların bir-birini qırması
başdan-başa ölüm səhnələri deməkdir;
burda mübaliğəyə hacət yoxdur – qələm istəyir
bu mənzərənin qabağında tablaya. Bu mənada
Aqil Abbasın qələmi qənirsiz, az
qala kino-kamera gücündədir. Döyüşən
Komandir və onun komandasının obrazı romanda bitkin və
bütövdür: “Məni güllələmək
lazımdı! Bu torpağı qoruya bilmədiyimə görə...
Ölmək doğulduğun torpağı düşmən
tapdağı altında görməkdən min dəfə
şərəflidi...” Roman qəhrəmanının dilindən
səslənən bu sözlər böyük etiraz enerjisi
daşıyır; mətndə məğlub Şəhərin
məğlub Komandiri İdealı öz ölümü ilə
təsdiqləmiş olur...
Deyirlər, Aqil Abbas həyatda da qəhrəmanları
kimidir; yaxından müdaxiləm olmadığından təsdiq
ya təkzib etməyim düz olmaz. Amma bəsbəlli, məgər
bu qəhrəmanları yaradan onun özü deyilmidir?! Və
bir qayda: yazıçı qeyri-ordinar, tam fərqli, hətta
tarixən ziddiyyətli, “mənfi” imic qazanmış, əfkari-ümumiyyə
ilə barışmayıb, mənəvi şərlə
öz bildiyi tək savaşan, mücadilə edən şəxsiyyətlərə,
qəhrəmanlara üstünlük verir... Məhəmməd
bəy Batmanqılıncı yada salın; az
qala bütün sovet dönəmi tarix kitablarında bu ad
olsa-olsa M.P.Vaqifin qətlinə fərman vermiş mənfi bir
tip kimi xatırlanırdı. Romanda Aqil Abbas nəinki
bu fəci qəhrəmanın tarixi haqqını bərpa
etdi, habelə onun iti, dönməz qılıncının
işığında Qarabağ xanədanının tarixini
sanki təzədən yazmış oldu.
Yaxud
“Dolu” romanında: XX yüzilin sonu, basa-basa gəlib birbaşa
Qarabağın göbəyində Şəddadın
divanını eləyən, “kimini vəzifəyə gətirib,
kimini vəzifədən götürən, kiminə də
torba tikən” imperiya nökəri Polyaniçkonu cəsarətli-sərt
mövqeyi ilə yerində otuzduran Rəisi yada salın...
Ya
“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”
povestində çıxış üçün cibinə
dürtülü yıpraq-saxta, barışıq dolu mətni
unudub da, qorxmadan Ölkə başçısı
qarşısında Qarabağ ittihamnaməsini Respublika
sarayı dolu məmur ordusunun üzünə çırpan
Müəllimi xatırlayın...
Dördkünc tele-ekran qarşısında, dəfələrlə,
eynən nitq irad edən Aqil Abbası müşahidə eləmişəm;
hərçənd yüz, min, onminlərlə
seyrçisi-azarkeşi kimi. Sərrast-dürüst, problemi
kökündən cızan açıq-publisist
çıxışları, cavabları azlıq edir sanki...
Gizləməyə çalışdığı, qəfil
bir acıqla durub hər şeyin səbəbi, cümlə xəyanətlərə
bais mənəvi Şəri elə bil indi-burdaca, yerindəcə
əzəcək, yox edəcəkmiş; mücərrəd
anlayışlarda-aldanışlarda yox, əməli-konkret
olaraq...
Qarabağ
müharibəsi başlayanda bir müddət
yazarlarımız, məxsusən də nəsr
yazarlarımız şaşırdı, çaşıb-qaldı;
bəs “qılınclar toqquşub iş görən zaman” o
günəcən quru vicdana sığınmışlar nə
etməli, nə yazmalıydılar ki, ümumxalq
savaşına bir qatqısı ola. Uzun
zaman yazıçılar oriyentir götürə bilmədilər;
kimsə də nəsə yazdısa da, şeiri, hekayəni, hətta
tez-tələsik “romanları”nı topa-tüfəngə
çevirməyə çalışdısa da, çoxusu
oradaca boşuna getdi...Bütün 1990-cı illər ərzində
Aqil Abbas publisistikaya üstünlük verdi; həm də təkcə
top-tüfəng əvəzinə Sözlə yaylım atəşi
açıb durub-gözləyən yox, bilavasitə iş
görən, problem həll edən, əməli publisistikaya! Aqil Abbas ol zamanlar haqqında əfsanələr
dolaşan “Ədalət” (1990) kimi, hələ də ayaqda olan
bir mətbu orqan yaratdı. Deyirdilər ki, qəzet hətta
ilk illərdə haqq-ədalət işi uğrunda savaşda,
əsl müharibə dövrünün qanunlarına
uyğun, hər vasitədən istifadə edir, yüzlərlə-minlərlə,
yüz minlərlə
qaçqını-köçkünü olan cəmiyyətin,
hər yerdən əli üzülü çarəsiz
insanların köməyinə nəyin bahasına olursa-olsun
yetməyə çalışırdı...
Bütün
bunlar barəsində mən yalnız qulaq şahidliyi ilə
danışa bilirəm; ona görə ki, söylədiyim tək:
“müharibə zolağı”nın
bilavasitə haqlayammadığı “ədəbiyyat cəbhəsi”ndəydim.
Amma söz misalı, əyani bir kuryez
xatırlayıram. 1996-cı ildən “Ədəbiyyat
qəzeti”ndə baş redaktor müavini kimi guya vacib bir postda
çalışırdım. Günlərin bir
günü üz-gözündən
yorğunluq-küskünlük tökülən bir kimsənə
qapımı açıb: “Məni Aqil Abbas göndərib,
deyir, orda boş-boşuna oturub-neyləyirlər. Heç olmasa, bir nəfər ehtiyacı olana
yardım göstərsinlər...” – təxminən bu cür
özünü tanıtdı. Bir anlıq
duruxdum; əslində, Aqil Abbasla birbaşa
tanışlığım yox idi, olsa-olsa, Ədəbiyyatdan
tanıyırdı məni (heç indinin özündə də
bu tanınmış insan, məşhur yazıçı ilə
oturub kəlmə kəsməyimlə lovğalana bilmərəm).
Üstəlik, maddi durumca da mən elə Aqil Abbasın
təsvir elədiyi həmən o maaşı maaşa calayan
“dünyanın ən xoşbəxtləri”ndən birisiydim.
Bununla belə, özümü itirməyib, cibimdə nə
vardısa, qaçqın həmvətənimin deyilməz
halına şərik olmağa tələsdim; vəziyyətimi
anlatıb, istərsə bir də ayın axırında, maaş zamanı yaxınlaşmasını
buyurdum... Amma onu da özlüyümdə fərq elədim ki:
bu nədirsə, mənlik deyil; görünür, Aqil
Abbasın Ədəbiyyatdan, “Ədəbiyyat qəzeti”ndən,
bəlkə də bütünlükdə ilin-günün bu
çağında boşunalığı özünə rəva
bilən “ədəbiyyat cəbhəsi”ndən nəsə bir
umacağı var...
Aqil Abbasın Ədəbiyyatdan umacağı vardı. Bir qədər sonra, nəfəs
dərib, düşünmək və düşündürmək
məqamı gələndə bunu biz onun bir-birinin ardınca
yazılan “müharibə əsərləri”ndən də
görəsiydik... Aqil Abbasın “ədəbiyyat
cəbhəsi”ndən də umacaqları varmış.
Belə ki, 2002-2003-cü illərdə “Ədalət” qəzeti,
sanki “Ədəbiyyat qəzeti”nə alternativ, bir sıra “Ədəbiyyat”
əlavələri təsis edib, ədəbi gəncliyə
geniş meydan verəndə buna da şahid olduq. Mən ədəbi
proses yazılarımda bu dönəmdə milli ədəbiyyatın
1990-cı illərin çox ağır keçid-böhran
havasından durulub-qurtulub, təzə əsrin tam sərbəst,
modern ovqatına köklənməsində “Yeni Azərbaycan” qəzetiylə
yanaşı “Ədalət”in Ədəbiyyat əlavələrinin
də danılmaz rolu-iştirakına dəfələrlə
diqqət çəkmişəm. Həmin
missiya, əlbəttə ki, ilk növbədə qəzet
redaktorunun özünün azad-sərbəst xarakterindən gəlir,
geniş-plüralist-modern düşünmək
bacarığı ilə şərtlənirdi. Məxsusən,
müstəqil demokratik bir cəmiyyətdə mətbu
sözdən kənar, hələ də andeqraund-ədəbiyyatın
mövcudluğu bir nonsensdi ki, “Ədalət” böyük
ürək genişliyi ilə səhifələrini həmin ədəbi
qrupların üzünə açdı...
Aqil Abbas
yazıçılıq missiyasının nəmənəliyini
çox gözəl bilən, az yazıb gərəkərsə
susmağı da bacaran, o cümlədən gərəkli
sözü zamanında söyləyən, qələmə
alan yazıçıdır. Bəzən deyirlər: Aqil
Abbasın əsərlərində müəllif “mən”i, həyat
hadisələrinə birbaşa müdaxilə, publisist kəskinlik
aşkardır. Bədii “zəifliy”ə yozulan
bu notu, əslində, mən nasirin üslubundan, yəni
özünəxas, “qüvvətli tərəfi” bilirəm.
Publisistika, birbaşalıq burda təsvir vasitəsi,
sözün meydanı deyil ki, etiraz mövqeyi,
yazıçı yanaşmasıdır; başdan-başa mətndə
müəllif müdaxiləsi-yozumu-mənalandırmasını
üzərinə götürmüş təhkiyə nöqtəsi-başlanğıcıdır.
Aqil Abbas nə deyirsə, oxucuya nəyi təlqin
etmək qəsdindədirsə, – ilk cümləsindən, mətn
boyu, son nöqtəsinəcən, – aşkar, vahid üslubi
akkordlar daxilində deyir. Odur ki, hər yeni əsəri hər
növ (lehinə, ya qəsdinə) küy və rezonansa meydan
verə də bilər; eləcə də son illərdə qələmə
aldığı “Ölülər”i, “Allahı qatil edənlər”
romanı...
Aqil Abbas
tip etibarilə, bir vaxtlar deyildiyi kimi: ağrı-etiraz ədəbiyyatının
nümayəndəsidir. Bütünlükdə
minor köklü (ağrıya köklənmiş) həmin nəsrin
majoru eləcə etiraz akkordlarındadır.
Bütöv bir ömür boyu səslənən, gur-yanğılı-bas
səsli, 60 yaşın akkordları; bu akkordlara həssas
olmağa, onu eşitməyə dəyər...
Doğrudur
ki: Ömür insana bir dəfə
verilir. Amma dünyanın bir yalan günündə
doğulub, onu doğruya çevirmək hər kəsə
müyəssər olmur. Qutlu olsun yubiley yaşın, Aqil
Abbas!
21-26 mart 2013
Tehran Əlişanoğlu
525-ci qəzet.- 2013.-
30 mart.- S.21.