Aqil Abbas: el
adamının portret cizgiləri
Bizim hər
birimizin böyük Azərbaycanımızda
doğulduğumuz, böyüdüyümüz, bəzən
xatirələri ilə yaşadığımız bir mikrovətənimiz
də var. Kim nə deyir desin, o mikrovətəndən
uzaqlaşmaq, nəyinsə xatirinə paytaxt deyilən səsli-küylü
bir məkana sığınmaq yaşlanandan sonra qəribə
bir peşimançılıq hissi, nostalji ovqat gətirir
insana. Amma o mikrovətən – ələlxüsus
doğulduğun, böyüdüyün, ilk dəfə məktəbə
qədəm basdığın o məkan ekzotik bir kənd
yeridirsə, xatirələr daha kövrək olur, hətta
insanı yandıran, içində ağrıya çevrilən
bir dərd səviyyəsinə çatır. Belə anlarda nədənsə, hansısa bir olandan
təsəlli almaq, özünü ovutmaq keçər
adamın qəlbindən. Bu anlardan biri- sənin
haçansa qoyub getdiyin o mikrovətəni Azərbaycan
içində, Böyük Vətəndə tanıdan- həm
də bu tanıtmağı ilə sənin qürur yerinə
çevrilən insanlar olur. Mən bu gün erməni
tapdağı altında qalan o kəndimizi, onun əziz xatirələrini
yada salanda haçansa ilk dəfə əlimə qələm
aldığım o birmərtəbəli kənd məktəbindən
çıxıb Novruzlunu Azərbaycanlaşdıran Xudu Məmmədovu
və ona bənzər neçə-neçə kəndçimdən
təsəlli tapıram. Sonra bütöv Ağdama, onun ətraf
rayonlarına- Qarabağa baxıram, təsəlli tapmağa nə
qədər adam görürəm. Aqil Abbas da o məkanda doğuldu. Mən onun
Ağcabədidə doğulduğu kəndi də tanıyıram, atası Məhəmməd
kişinin yarı Ağdamlı, yarı Ağcabədili-
ümumənsə həqiqi bir Azərbaycan kişisi
olduğunu yaxşı bilirəm. Amma Aqil
Abbasın doğulduğu o kəndin adını çəkmirəm.
Çünki Aqil, mənim zənnimcə, tipik bir Azərbaycan
kəndində doğulub. O kənd Qazaxda da, Qusarda da, Lənkəranda
da... ola bilərdi, o kəndin təbiəti,
dağı, dərəsi, yolları, aşırımları
çox müxtəlif ola bilərdi, amma Aqil bir az
böyüyən kimi o kəndi hər nöqtəsindən Azərbaycana
yaraşan tipik bir kəndə çevirəcəkdi.
Çünki lap uşaq çağından harda
doğulduğundan asılı olmayaraq Tanrı ona bir Azərbaycan
sevgisi, bütöv Vətənə bağlı vətəndaşlıq
duyğuları verib.
Aqili çoxdan tanıyıram. Hətta o qədər çoxdan ki,
elə bil Aqil doğulandan yüz il qabaq. Olur belə şeylər. İnsan
o qədər aydın, o qədər şəffaf, o qədər
səmimi bir ömür yaşayır ki, bu aydınlıq, bu
şəffaflıq, bu səmimiyyət sənə o qədər
doğma olur ki, sən onu öz yaşından və onun
yaşından yüz illər əvvəl
tanıdığın gümanına gəlirsən. Mən Aqili rəsmən universitetin filologiya
fakültəsində oxuyan illərdən tanımışam.
Mərhum şairimiz, publisistimiz Famil Mehdi bir
gün mənə filfakın bir ağdamlı (ağcabədilimi,
ağdamlımı...) haqqında ürəkdolusu
danışdı. Famil müəllim bir tərəfdən
onun təzəcə özünü göstərən bədii
yaradıcılığına vurulmuşdu, o biri tərəfdən
xarakterindəki kəskinliyi, ipə-sapa
yatmazlığını, öz sözü olan və bu
sözdən dönməzliyini qiymətləndirirdi. Mən o zaman Aqili- filfakın ipə-sapa yatmaz o
çılğın, amma elə lap gənc yaşlarından
hamıya mehriban tələbəsini yaxından tanıdım.
Amma indiyə qədər anlaya bilmirəm-Aqilin
saçları nə vaxtsa qara rəngdə olubmu? Axı, bu filfak tələbəsinin saçları
o zaman qara olmalıydı. Xatırlaya
bilmirəm. Mənə elə gəlir ki,
Aqilin saçları elə uşaqlıq çağından
ağarıb. Hamıya həm də optimist, şən,
şux ovqatlı bir insan kimi görünən Aqilin, əslində
“ağlar güləyən” bir iç dünyası var.
Telekanallardan birinin efirində tamam başqa bir mövzuda-
xoşəhvallı bir tematika anında jurnalistin
“özünüzü xoşbəxt hesab edirsinizmi?” basmaqəlib
sualına Aqilin cavabı: “Əgər mən Qarağacı qəbirstanlığında
dəfn olunmayacağamsa, mənim haram xoşbəxtdir?”.
Qarağacı Ağdam şəhərinin qədim, çox qədim
qəbirstanlığıdır və o qəbristanlıq neçə vaxtdır
düşmən əlindədir. İşğalın faciəsini
bu qədər orijinal ifadə ancaq Aqilə məxsusdur: “Əgər
mən Qarağacı qəbristanlığında dəfn
olunmayacağamsa...”. Bu dərdin
sahibinin saçı indi ağarmayıb. Aqilin
saçını sovet dönəminin müstəmləkəsi
olan Azərbaycan dərdi, azad sözə senzura
qadağaları ağardıb...
Bir
neçə il bundan əvvəl Azərbaycanın
cənubu ilə şimalını sərhədləndirən
bir nöqtədə-Araz çayının Azərbaycanı
ikiyə böldüyü yerdəydik. Bu məkanda
müəyyən bir sərhəd nöqtəsi və o
nöqtəni keçmək qadağası vardı. Aqil
Abbas irəli yeridi: “Qoy, məni güllələsinlər”
deyib iri addımlarla irəli getdi. Elə bil sərhəddin
hər iki tərəfi bu ağsaçlı, dəliqanlı
adamın dərdini anladı və Aqil heç nəyə məhəl
qoymadan istədiyi yerə qədər irəlilədi.
Belə bir səhnəni sonralar telekanallardan birinin Aqil Abbas
haqqında çəkdiyi portretdə gördüm: Filmin
sonunda Aqil Ağdamın cəbhə xəttindəki qadağa
nöqtəsində dayanır və yazıq, çarəsiz
bir görkəmlə Ağdama aparan əsir yollara baxır.
Bir az keçəcək və Aqil
Abbasın “Dolu” filmindəki müqəddəs ruhlar bu sərhəddi
keçib gedəcək və Azərbaycan insanında
haçansa bu sərhəddi mütləq keçəcəyi
inamını yaradacaq...
“Ağlar güləyən” Aqil Abbas dərd
adamıdır. Haçansa, uzaqda qalan illərdə bir
ögey şairin şeirini oxumuşdum. Məzmunu beləydi:
şair lap kiçik yaşlı nəvəsinin kirimək
bilməyən ağlamağına baxır və “sən niyə
ağlayırsan-deyir- qoy mən ağlayım ki, bu
dünyanın müharibəsindən keçmişəm,
aclıq, səfalət görmüşəm... Mən
ağlamalıyam, sən niyə ağlayırsan?”. Nəvə cavab verir ki, sən
o faciələri keçib getmisən, amma mənim faciələrim
hələ qabaqdadır, ona ağlayıram. Aqil lap
uşaq çağından Qarabağın faciələr
yaşayacağını bilirmiş kimi elə
saçları ağ doğulub...
Bəzən
fikirləşirəm ki, birdən Aqil fizikaya, biologiyaya meyl edəydi,
görəsən biz onun Vətən məhəbbətilə
dolu “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”,
“Saçın ucun hörməzlər”, “Qiyamət gecəsi”,
“Qarda açan qan çiçəyi”, “Allahı qatil edənlər”
və nəhayət, “Dolu” kimi əsərlərindən məhrum
olmazdıq ki? Və
sonra Aqil Abbasın bədii sözə Tanrı vergisi olan
istedadını, Azərbaycana bağlı ürəyini
düşünürəm və onda əmin oluram ki, Aqil təhsil
bazasından asılı olmayaraq, bu əsərləri mütləq
yazacaqdı. Amma nə yaxşı ki, Aqil
elə filoloq oldu- yazıçılığa, bədii
sözə elmi yöndən də bələd oldu və
öz əsərlərində giley-güzara yer qoymadı.
Yaradıcılığına
və dostumuz kimi şəxsiyyətinə çox hörmət
etdiyim tənqidçi Vaqif
Yusifli bu yaxınlarda qələmə aldığı
“Sözün Aqil Abbas rəngi” adlı yazısında onun bədii
əsərlərinin mükəmməl təhlilini
vermişdi. Bu təhlillərdə Aqil Abbas
öz üslubu, orijinal dəsti-xətti olan bir
yazıçı kimi, publisist kimi təqdim olunur. Tənqidçi doğru qeyd edir ki, “doxsanıncı
illər Azərbaycanın ictimai-siyasi, mənəvi həyatında
yeni bir dövrün başlanması ilə xarakterizə
olunur. Dəyişilən zəmanə, ictimai quruluş
və sistem yeni insan və qəhrəman tipini
yaratmalıydı və proses nə qədər çətin
və mürəkkəb başa gəlsə də, hər
halda öz axarını tapdı.
Aqil Abbas bu mənada, müstəqillik
dövrünün bütün atributlarını özündə
əks etdirən ilk yazıçılardan oldu. Əgər belə demək mümkünsə, Aqil
Abbas doxsanıncı illərə qədərki romantik həyat
axarını dəyişdi, sırf realist, özü də sərt
realizm yolunu tutdu”. V.Yusiflinin xüsusi qeyd etdiyi bu “sərt
realizm” istiqamətini Aqil Abbas yaradıcılığına
zaman özü gətirdi: ictimai dərdi yumşaq səslə,
lirik tonda demək olmur. Qarabağ dərdini
hayqıraraq, əsəbi deməkdən başqa çarə
yoxdur. Xüsusilə yazıçının
son illərdə qələmə aldığı “Dolu”
romanı bu ruhdadır. Bu yerdə V.Yusiflinin “Dolu”
romanı barədə Nizami Cəfərovdan gətirdiyi bir
fikrindən mən də yan keçə bilmədim:
“Qarabağ müharibəsi ilə bağlı bu günə qədər
oxuduğum və say etibarilə çox olmayan əsərlərin
içərisində mən “Dolu” romanı qədər həqiqətən
dolu və əhatəli əsər oxumamışam. Mənim
zənnimcə, bu ilk növbədə, onunla
bağlıdır ki, Aqil Abbas ümumiyyətlə, Qarabağ
bölgəsinin ictimai-siyasi, sosial-coğrafi mühitini
çox gözəl bilir, insanları yaxşı tanıyır,
onların nəyə qadir olduğundan xəbəri var. Aqil
Abbas Qarabağın ən böyük intellektlərindən
tutmuş, belə deyək ki, ən xuliqan gənclərinə
qədər hamısını yaxşı
tanıdığından romanında yaşatdığı
sosial-etnoqrafik mənzərə həddindən artıq dəqiqdir
və həddindən artıq da analitikdir”.
Dəqiq qeydlərdir və
“Dolu”nu xarakterizə edən maraqlı fikirlərdir.
“Dolu”nu hələlik qoyaq bir yana və Nizami Cəfərovun
Aqil Abbasın Qarabağı, “onun intellektlərindən
tutmuş... xuliqan gənclərinə qədər hər kəsi
yaxşı tanıması” həqiqəti göstərən
dəqiq müşahidədir. Əlbəttə, Aqil
Abbas bu gün Ağcabədi dairəsindən Milli Məclisə
seçilən bir xalq elçisidir. Ancaq
onun çevik fəaliyyəti və Qarabağ dərdinə
doğmalığı Aqili bir dairənin yox,
külli-Qarabağın deputatı kimi tanıtdırır.
Habelə Qarabağın Bəxtiyar Əliyev, Bəxtiyar
Sadıqov, Tahir Rzayev kimi elçiləri ilə birgə fəaliyyəti
və səmimi dostluğu, cəbhə xəttindəki kəndlərə
onlarla birgə səfərləri, əsgərlərlə
müntəzəm görüşləri Aqili hamıya, hər
kəsə dost edir. Hərdən belə bir sual da keçir
ağlımdan: Aqil deputat olmasaydı necə, bu yerlərə
bu qədər tez-tez səfər edərdimi? Doğrusu,
Aqili yaxından tanıyanlar, onun Qarabağnamələrinə
bələd olanlar yaxşı bilirlər ki, adi bir vətəndaş
kimi də Qarabağ Aqil üçün Azərbaycan deməkdir.
Amma millət vəkili Aqil Abbas vəkillikdən
çox-çox əvvəl də Qarabağın problemləri
ilə yaşamış bir vətəndaşdır. O Cəlil
Məmmədquluzadə, Həmidə xanımın yadigarı
olan Kəhrizlidə xeyirxah işlər görüb, Ağcabədinin
Bayat kəndində möhtəşəm bir kitabxana tikdirib. Millət vəkili dövründə isə bu kənddə
müasir məktəbin ərsəyə gəlməsi də
onun fəaliyyəti ilə bağlıdır.
Aqil Abbas üçün deputat kürsüsü
xalqın problemlərini dilə gətirmək, ölkədə
dövlətin iradəsi ilə həyata keçirilən
demokratik dəyərlərin formalaşmasına dəstək
vasitəsidir.
Bütün bunlar belədir, amma Aqil Abbas hər
yerdə, hər anda daha çox söz adamı, söz
ustasıdır. Bu anda onun sözdən yaranıb romana,
romandan isə çox böyük sənət əsərinə
çevrilən “Dolu”su haqqında bir az da ədəbiyyatşünas
kimi danışmaq istərdim.
Sənət əsəri insana təsir gücünü
real həyat hadisəsinə bədii münasibətin nisbətindən
alır. Yaradıcı sənətkarın bu nisbətə
ölçülü yanaşmasını isə çox
zaman hadisənin miqyası və cəmiyyətdə
doğurduğu rezonans müəyyən edir. Real həyat hadisələrindən uzaq, yalnız təxəyyülə
söykənən “sənət əsəri” nə qədər
təsirsizdirsə, yalnız real həyat həqiqətini əks
etdirən və bədii təxəyyüldən məhrum əsər
də o qədər gücsüz və cılız
görünəcək. Daha çox
gerçək hadisələri, gerçək faktları əks
etdirən publisistika şüura ünvanlandığı
kimi, bədii təxəyyülə güvənən əsər
də daha çox duyğulara ünvanlanır. Lakin sənət əsərinin
böyüklüyü onda baş verir ki, o həm
şüurlara, həm də duyğulara – ikisinə də eyni
zamanda ünvanlanır. Sənətin bu
anında reallıqla bədiiliyin harmoniyası kimi vacib bir
hadisə baş verir və bu hadisəni yaşayan format sənət
əsəri kimi dəyərləndirilir. Mən
bütün bu hissləri Aqil Abbasın “Dolu” romanı əsasında
çəkilən eyni adlı filmə ictimai baxış
zamanı elə o kinoteatrın salonundaca keçirdim. Bu
hissləri keçirməyimi isə üç əsas amil
şərtləndirirdi: birincisi, Qarabağ uğrunda gərgin
xalq mübarizəsinin ağır günlərini az-çox
yaşamış bir insan kimi, ikincisi, bu döyüşlərin
bir çox cəhətlərini özündə əks etdirən
“Dolu” romanını oxumuş adam kimi,
üçüncüsü, həmin hadisələrin vizual səhnələrinin
ekrana köçürülmüş variantından riqqətə
gələn bir tamaşaçı kimi. Mən “Dolu”
romanının nə adi oxucusuyam, nə də “Dolu” filminin adi
tamaşaçısı. Mən bu romanda
və bu filmdəki hadisələrin nə qədər
gerçək olduğunu bir qarabağlı şahid kimi, kəndi,
kəsəyi, doğmalarının qəbri düşmən
tapdağında olan bir insan kimi içindən keçirən
minlərin biriyəm. O biri tərəfdən mən əsərin
nə zaman sənət səviyyəsinə yüksəldiyini
az-çox bilən, hiss edənlərdən biriyəm. Mən o günlərin
ağırlığını özündə əks etdirən
onlarca publisistik, bədii əsər oxumuşam, şahidlərin
nağıllarına qulaq asmışam, onlarca teleproqrama
baxmışam. Lakin etiraf edim ki, “Dolu”
romanının və roman əsasında çəkilmiş
“Dolu” filminin şüura və duyğulara təsir
gücü qədər bir güc görməmişəm.
Aqil Abbas o bölgələrdə gördüklərini
bir gün “Dolu” adlı o romanda qələmə aldı. Qələmə
aldı və möhtəşəm bir əsər yaratdı.
Sonra Elxan Cəfərov bu romandan bir “Dolu” filmi
yaratdı. Bu “dolu”lar rusun ölüm saçan “qrad”
silahından doğub, bir romanın və bir filmin zaman
ağrısı, Qarabağ ağrısı, xalq zilləti ilə
dolu bir sənətkarlıq keyfiyyətini ortaya qoydu. Bu filmə baxışdan sonra ürəyində
azacıq da olsa, Vətən, torpaq, millət qeyrəti olan hər
kəs elə kinoteatrın o salonundanca Qarabağ uğrunda
ölüm-dirim savaşına yollanmaq istəyir. Tamaşaçını bu istəyə, bu cəsarətə
sövq edən bir film ancaq Aqil Abbasın “Dolu” romanından
yarana bilərdi.
Aqil Abbas özü bir xarakterdir. Bu adam cəsarətli
və mərddir, sözü birbaşa deyəndir. Aqil adi vaxtda bir cür, məsələn, tribunada,
kamera qarşısında başqa cür danışanlardan
deyil. Onun rəhbərlik etdiyi “Ədalət” qəzetinin
və özünün publisistikasının tənqidinə,
kinayə ilə üzə dediyi sərt həqiqətlərinə
heç kim ağız büzə bilməz.
Çünki Aqil ictimai rəydə, hakimiyyət dairələrində,
ən radikal müxalifət qüvvələrində belə
boğazdan yuxarı danışa bilməyən adam kimi qəbul olunub. Aqilin televiziyada on dəqiqəlik bir
çıxışına bizim kafedramızın əməkdaşlarından
biri, fəlsəfə doktoru Könül Niftəliyeva
bütöv bir məqalə yazıb dərc etdirmişdi.
O yazıda belə bir həqiqət vardı: “İşğal
olunmuş rayonlarımızın bəxtigətirməzliyi bir
də ondadır ki, bu işğalların çoxunun
ildönümü yay aylarına düşür. Yay
aylarında isə televiziya kanalları bir qayda olaraq, məzuniyyətə
gedirlər. İyulun 23-ü Azərbaycanın
gözü olan Ağdam rayonunun Ermənistan tərəfindən
işğalının 19-cu ildönümüdür. Həmişə milli təəssüf və milli kədər
hissi ilə qarşıladığımız bu ağır
tarixin TV kanallarda necə ifadə olunacağı hər kəsin
maraq dairəsindədir. Telekanalların əsas
yaradıcı proqramlarının yay məzuniyyətində
olduğunu bilə-bilə yenə də qəribə bir
ümidlə əlimdəki pultu müxtəlif
telekanalların səhər proqramları üzərində gəzdirdim.
Adamı içindən silkələyən, cəbhə
xəttinə səsləyən verilişlərə rast gələ
bilmədim. Nəhayət, düyməni
İctimai teleradionun “Yeni gün” proqramına köklədim.
İctimai teleradio Ağdam ziyalılarından
bir qrupunu “Yeni gün” proqramının geniş studiyasına
toplamışdı, proqramı bütövlükdə
Ağdamın süqutu gününə həsr etmişdi.
Xalq artisti, Qarabağın dərdini müsiqisində
yaşadan Arif Babayev, millət vəkili, Ağdamın bu
günkü problemlərinin həllində önəmli rol
oynayan, doğma Bakı Dövlət Universitetinin kafedra
müdiri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev
və studiya auditoriyası bu işğalın
günahkarları, ağdamlıların mübarizə əzmi,
Ağdamın bu dar macalda belə sürətli inkişafı
haqqında maraqlı söhbətlər etdilər. Və birdən aparıcılar “Yeni gün”ün
növbəti qonağını studiyada salamladılar.
Etiraf edim ki, mən Aqil Abbası-böyük
yazıçı, millət vəkili Aqil Abbası hər dəfə
efirdə görəndə, yaxud saytda, qəzet səhifəsində
imzasına rast gələndə bütün diqqətimi ona
yönəldirəm. Təzə söz, cəsarətli
fikir sahibidir. Ağdamın işğalını
çoxları kimi göz yaşı tökməklə
xatırlamır, iş görür, publisistikası, bədii
yaradıcılığı ilə iş görür. Təkcə
“Dolu” romanına bələd olmaq kifayətdir ki, Aqil
Abbasın iç dünyasını, Vətən, torpaq
yanğısını anlaya biləsən. “Dolu”nun
personajları Aqil müəllimin təxəyyülündən
çox, Qarabağ uğrunda döyüş anlarında həndəvərində
olan Azərbaycan oğullarıdır. Bir
sözlə, iyulun 23-də – Ağdamın işğal
günündə İctimai teleradionun efirində sözü və
əməli ilə, cəsarəti və bütün
gücü ilə ağdamlı olan bir insan – Aqil Abbas
göründü. Onun təxminən 10 dəqiqəlik
söhbəti hadisəyə çevrildi. Elə
bir hadisəyə ki, Vətən, torpaq qədri bilən hər
kəsin qəlbində özünə yer tapdı. Aqil Abbas rəsmi dəftərxana üslubundan, millət
vəkili imicindən, hətta ədəbi dilə sahib bir
yazıçıdan daha çox ürəyi dərdlə
dolu bir vətəndaş kimi danışdı. Bu vətəndaşın “Ağdamda
döyüş zamanı şəhid olmuş
bakılının da, şəkilinin də, gəncəlinin
də – hamısının ağdamlı olması” fikri
tamaşaçını riqqətə gətirdi. Onun “Ağdamsız türk dünyası yoxdur” kimi
yeni fikri və haqq səsi türk dünyasını silkələyə
bilər. Onun Ağdamın məşhur
Qarağacı qəbristanlığında ölə bilmək
arzusu vətəndaşın torpaq uğrunda ölməyinin
şərəfini yaşatdı bizə. Onun Ağdamın tarixi ilə
bağlı bəsit fikirlərə qarşı söylədiyi
“Ağdamın tarixi
Qarağacı qəbristanlığında yaşı
iki min ili ötən qəbirlərdən başlayır” həqiqəti
bizi tariximizlə bir daha ehtiyatlı olmağa səslədi.
Onun Şuşada vandalların güllələdiyi heykəllərin
– Bülbülün, Natəvanın, Pənah xanın
büstlərinin Bakıya gətirilməsi, ancaq İncəsənət
Muzeyinin dərin bir guşəsində etinasızlıqla
saxlanmasına hiddəti bizi də düşünməyə
çağırdı. Aqil Abbasın güllələnmiş
o heykəllərin şəhərin ən gur yerlərinə
köçürülməsi kimi ekspromt bir təklifi bu
insanın necə güclü düşüncəyə malik
olduğun göstərdi. Onun Ağdamda Əfətli
deyilən bir kəndin hündür təpəsində, cəbhə
xəttinin lap yanında Azərbaycan bayrağının
ucaldılması təklifi də bir ziyalı mesajı kimi səsləndi”.
Aqil Abbas emosional adamdır. Həqiqi sənətkarlar
elə emosional olurlar. Pasternakdan tutmuş
Şukşinədək, Sartrdan tutmuş Kortasaradək, Markesdən
tutmuş Ramiz Rövşənədək... hamısında sənət
emosionallığı var. Aqil Abbas həm xaraktercə, həm
də əsərlərində emosionaldır. Ən
çox kövrəldiyi an tələbə
adı gələndə olur. Xüsusilə jurnalistika təhsili
alan tələbələrə münasibəti
çox kövrək olur. Vaxt olub ki, şəxsən
mən jurnalist tələbələr arasında publisist
yazı müsabiqəsi keçirmək barədə şərtləri
elan edəndən sonra heç soruşmadan mükafatların
Aqildən gələcəyini bildirmişəm. Aqil o müsabiqədə təkcə qaliblərə
deyil, bütün iştirakçılara mükafat təqdim
etdi. BDU-nun jurnalistika fakültəsi tələbələrinin
nəşr etdikləri “Jurnalist” tədris qəzetindəki
imzalara onun dəfələrlə qonorar verdiyinin şahidi
olmuşuq.
Qarabağ
dərdini içində yaşadan bu adamın bəxti onda gətirib
ki, yazılarını ilk dəfə oxuduğu və bəzən
tənqidi ilə üzləşdiyi bir adam
var. Bu da onun ömür-gün yoldaşı,
yazıçı-publisist İradə xanım
İbrahimova-Tuncaydır. Aqilin evində bir tərəfdən
Qarabağ ruhu, o biri tərəfdən İradə
xanımın atası, Azərbaycan dərdi ilə bu
dünyadan köç edən şairimiz Məmməd Araz
ruhu yaşayır. İradə
xanımın-İradə Tuncayın-Aqil Abbasın
uşaqlarının anasının “Sarı odalar” kitabı da
masamın üstündədir. Bu publisistik yazılar Aqil
Abbas dünyasına necə yaxındır! İradə
Tuncay hələ İbrahimovaykən universitetin jurnalistika
fakültəsində mənim tələbəm olub. Goranboyda tələbələrin pambıq
yığımında o pambıq tarlasındakı söhbətlərimizdə
mən bu cavan tələbə qızın Məmməd Araz
boyda ruhunu, sözə, yaradıcılığa təmiz
arzularla dolu münasibətinin şahidi olmuşam.
İndi mən onun “Sarı odalar”ına
baxıram. Nə qədər doğma
mövzuların publisistik ifadəsi var. Təkcə Rəşad
Məcidə- bu ailənin ən yaxın dostu Rəşadın
45 yaşına həsr etdiyi “Beş” adlı esse məni
çox duyğulandırdı. İradənin
bu yazısını oxuduğum günün səhərisi
Aqil deyəndə ki, mən yazılarımı söhbətlərdə,
oturduğum, durduğum bütün məqamlarda yazıram, məsələn
“Dolu” romanımı az qala Rəşad Məcidlə bir yerdə
yazmışam”-deyəndə mən bu ailənin dosta,
sirdaşa sədaqətinin də şahidi oldum.
Aqilin yaşı altmışa çatdı. Bu müdrik adam
ömrünün daha müdrik çağına qədəm
qoydu. Aprelin 1-i xalq arasında aldatma günü
kimi də yad edilir. Uzaqda qalan altmış ilin bir aprelində Məhəmməd
kişinin evində bir oğlan uşağının
dünyaya gəlməsini qohum-əqrəbalardan bəzilərinin
zarafat sandığı da olub yəqin. Amma aldatma
günündə dünyaya göz açan Aqil elə bu
dünyanın ən böyük həqiqətidir! Həqiqətin
uğur olsun, Aqil Abbas!
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.-
2013.- 30 mart.- S.20-21.