Qarabağın başqa
adı
(Aqil Abbas-60)
Aqil Abbası
Google-də axtarışa
versən, min yerdə
rastına çıxar. Gerçək
həyatda onu hər yerdə görməyimiz azmış
kimi, heç demə,virtual aləm də bu qarabağlı balasıyla doluymuş. Aqil Abbasın janrını tapmaq müşkül məsələdi, sözün
açığı. Tragikomediya... hə, bir az bu uyğun gəlir.
İşğal günləri, bir də 1 aprel – Gülüş bayramı
gözüm onu axtarır. Bu adam
bir gözüylə ağlamağı, o biri ilə gülməyi bacarandı. Milli Məclis rəhbərliyi
əgər onu oturan yerdə görübsə, xoşbəxt
adamlardı. Aqil Abbas
dizini qatlaya bilmir. 60 yaşa
qaçaqovla gəlib
çatıb. İstəsə, geri dönüb təzədən uşaq olar. Özü də yüyürə-yüyürə.
Kolanı Məhəmməd kişinin oğlu. Ağdam cayıllarının dostu.
Universitet tələbəsi. Məmməd
Arazın kürəkəni.
Bir neçə kitab müəllifi. “Ədalət”in sahibi.
Yox, Ədalətin sahibi o deyil. Aqil Abbasınkı qəzetdi,
dəftərdi, qələmdi,
davadı, torpaqdı,
yazıdı, man...dat
deyil. Ondan məmur olmaz.
Heç hakim də! Məhkəmədə hamını götürüb
yeyib-içməyə aparar,
zərərçəkəni də müttəhimin sağlığına içməyə
vadar edərdi. “Zakuska”sız-zadsız. Amma futbol məşqçisi olar. Rəqib komandaya elə
söz deyər ki, topu buraxıb
qaçarlar.
Aqil Abbas lap cavan olanda qardaşını itirib. Evlərində onu ən çox Aqil Abbas ağlayıb, məncə. Bu günəcən də ağlayır. Bir yol nəşriyyat işçiləriylə
dava eləyirdi. Onu sakitləşdirə bilmirdilər.
Camaatın anasını
ağladırdı:
– Aqil müəl...
– Mən müəlliməm,
ə?
– Aqil bəy...
– Bəyin də ... , sənin də!
– Aqil qardaş...
– Adın nədi, başına dönüm?
Aldığı cavabdan sonra öz anası ağladı...
İçində dəyərləri olan və onu hamıdan
xəlvət qoruyan oğuldu Aqil Abbas.
Əsərləri də özü kimi bədahətdi, bakılılar demiş. O yazmır,
deyir. Yazan operatordu.
Aqil Abbas çox adamın xətrinə dəyib bu 60 ildə. Elə mənim
də. Milli Qəhrəman Eldar
Bağırovdan xüsusi
buraxılış hazırlayanda
çağırdı yanına.
Mənə 6-7 işçi
verdi. Dedi,
başda özüm olmaqla hamı sənə tabedi. Tövbə,
heç yazımı
yığan olmadı.
Bir gün, iki gün... axırda Aqil Abbasa dedim. Qoluma
girib apardı operator otağına, dedi, niyə məni dostumun yanında biabır eləyirsiz, ay bu sizin... Dedi
və getdi... Baxdım, “aboy” cırılıb, istədim xəcalətdən
dalında gizlənəm.
Otaqdakıların tükü də
tərpənmədi. Mən o gündən
bu adamla qurtardım. Rastlaşanda
özünə dedim ki, bəs belə.
Gülməkdən ürəyi getdi.
Zəng vurub hamıya danışdı. Beləcə... barışdıq. Onu
deyirdim axı, Aqil Abbas çoxunun
xətrinə dəyib
bu illərdə, ola bilsin.
Küsən küsüb,
amma heç kim nifrət
eləməyib. Eləyən
varsa, e-mail ünvanıma
yazsın...
... Hərdən
dünyanın üzündən
öpmək istəyirəm.
Görürəm, basırıqdı – dünyanın üzünə
tüpürürlər. Mənsə növbəyə girmək
istəmirəm.
Hərdən də dünyanın üzünə tüpürmək
istəyirəm. Görürəm qırğındı – dünyanın üzündən
öpürlər. Dedim
axı, növbədən
zəhləm gedir.
Gərək dünyanın üzündən
öpməyi də, üzünə tüpürməyi
də bacarasan!
Aqil Abbas kimi...
Qulu Ağsəs
525-ci qəzet.- 2013.- 30 mart.- S.17.