Yazıçı təxəyyülü
və oxucu qavramı
Kamal Abdullanın
“Yarımçıq əlyazma” romanının bəzi
oxucularda doğurduğu ilk effekt barədə gecikmiş qeydlər
Görkəmli
yazıçı və alim Kamal Abdullanın 2004-cü ildə
ilk dəfə işıq üzü görmüş
“Yarımçıq əlyazma” romanı yalnız nəsrimizə
gözlənilməz bir yenilik gətirməsi ilə yadda
qalmadı. Əsərin filoloqlar, tənqidçilər tərəfindən
hələ hərtərəfli təhlili ortaya
çıxmadığı bir zamanda şayiə
yayıldı ki, Kamal Abdulla AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutundan “Kitabi-Dədə Qorqud”,
Şah İsmayıl Xətai barədə indiyə qədər
heç kimin bilmədiyi faktlarla zəngin olan əlyazma
tapmışdır! Hətta Türkiyədəki
tədqiqatçılardan biri mətbuatda oxuculara bunu elan
etmişdi. Əlyazmalar İnstitutunda 30 ildən artıq bir müddətdə
işləyən əməkdaş kimi həmin vaxt əsərin
doğurduğu təəssüratı, romanın
çoxsaylı oxucularının instituta müraciət edərək
yeni tapılmış əlyazma barədə bir şey
öyrənməyə çalışmalarını təsdiq
edə bilərəm. Məlum məsələdir
ki, klassik irsimizi nəşr edərkən ilkin mənbəyimiz
əlyazmalar olmalıdır. Bəzən ədəbiyyat,
tarix həvəskarları,
ata-babalarının əsərlərini axtarmaq istəyənlər
adını belə bilmədikləri, “bizim üçün
çox vacib olan” “sirli mətləbləri aşacaq” əlyazmaları
axtarıram deyə institutumuza müraciət edir. Biz də onlara adətən belə cavab veririk ki,
axtarılan əsərin adı, müəllifinin adı,
şifri olmalıdır. Bu məlumatlar
olmasa, belə axtarış Qaf dağındakı Simurq
quşunun axtarışından heç nə ilə fərqlənməz.
(Belə əfsanəvilik dumanına
bürünmüş əsərlərdən biri də F.Nəiminin
“Cavidannameyi-kəbir” əsəridir. Nə
yaxşı ki, uzun axtarışlardan sonra onun surəti
Türkiyə kitabxanalarından tapıldı. Hazırda əsər tərcümə
olunmaqdadır. Şübhə yoxdur ki, tərcümə
üzə çıxan kimi əsər ətrafındakı əfsanə
dumanı çəkilib gedəcəkdir). Lakin məsələ
orasında idi ki, “Yarımçıq əlyazma”nın müəllifi əlyazmanın dəqiq
şifrəsini də göstərirdi ki, bu da “sensasiyalı məlumat”ın
inandırıcılığını qat-qat
artırırdı. Roman belə başlanır:
“Əlyazmalar İnstitutunun (Fondunun) orta əsrlər
şöbəsinin 3-cü xətdə yerləşən
kataloqundakı A 21/733 nömrəli yeni əlyazma məndə
hər şeydən əvvəl ona görə maraq oyatdı
ki, kitabxana işçisinin dediyinə görə bu tipli əlyazmalar
son dərəcə aydın və şəffaf olurlar və
bu baxımdan onlara o qədər də diqqət yetirmirlər”. Sonra qeyd edilir ki, əlyazma
yarımçıqdır, nə əvvəli, nə sonu
vardır: “Bəlkə də zəlzələnin nəticəsidir:
əldən-ələ keçib, oddan-alovdan
çıxıb, daş-divar altına düşüb... bir
söz, çox oxunaqsız bir vəziyyət alıb. Bəzi
səhifələr tamam cırılıb, bəzi səhifələr
ortadan düşüb, bəzi səhifələr heç
yoxdur, bəzilərində isə yanıq izləri var...”. Daha sonra müəllifin Əlyazmalar İnstitutunun oxu
zalında əsərlə tanış olması belə təsvir
olunur: “Şərqşünas qız sifariş
kağızını doldurdu. Əlyazma A 21/733
nömrəli bir karton qutunun içində gəldi. Səhifələr əsl qədim yazılardakı
kimiydi – saralmış-solmuş, şaxlığını
çoxdan itirmişdi. Bəzi yerlərdə
çırılmışdılar, bəzi yerlərdə isə
yanıq izləri açıq-aydın qalmışdı”.
Əsərin şifrindən tutmuş təsvirinə,
oxucuya verilmə proseduruna qədər təsvir elə real
gerçəkliyə yaxındır ki, istər-istəməz
nəinki adi oxucular, həvəskarlar, hətta Əlyazmalar
İnstitutunun bəzi əməkdaşları da buna
inanmışdılar. Etiraf edim ki, bir
çoxlarının suallarına cavab verməkdən
bezmişdim: “Xeyr, belə bir sensasion məzmunlu əlyazma bizdə
saxlanılmır, bu, yazıçı fantaziyasının məhsuludur”.
Demək istəyirəm ki, hamını inandıra bilmirdim, hətta
məni bu vacib məsələdən xəbərsiz kimi də
qəbul edənlər olmuşdu: “Sən, bilmirsən,
yaxşı bax, görəcəksən”. Əlacsız
qalıb yazıçı Kamal Abdullanın belə xəbəri
olmadığı A 21/733 şifrəli əlyazmanı
sifariş verdim. Təbii ki,
romandakıları orada tapmadım. Mətləbə
dəxli olduğu üçün qısaca da olsa Əlyazmalar
İnstitutunun tarixindən danışım. Əlyazmaların toplanması ölkəmizdə XX əsrin
20-ci illərindən başlanmış, Əlyazmalar Fondu
1950-ci ildən müstəqil müəssisə kimi fəaliyyət
göstərmişdir. Ümummilli liderimiz
Heydər Əliyevin qayğısı sayəsində müəssisə
1982-ci ildən İstiqlaliyyət küçəsi 8-də
yerləşən tarixi binada yerləşdirilmiş,
1986-cı ildən institut statusu almışdır. Müəssisənin ilk direktoru Məmmədağa
Sultanovun vaxtından əlyazmalar şifrələnmişdir.
Bədii cəhətdən ən keyfiyyətli əlyazmaların
şifrində M, nisbətən iri həcmli əlyazmaların
şifrəsində A, S, D, daha geniş
yayılmışlarınkında isə B hərfi
yazılır. Başqa sözlə, romandakı
şifrə Əlyazmalar İnstitutunda saxlanan əlyazmaların
real şifrələrinə uyğun gəlir (Sonralar
K.Abdulladan öyrəndim ki, onun bu məsələdən
heç bir xəbəri yoxmuş, əsərindəki
şifrə onun təxəyyülünün məhsuludur).
Etiraf edim
ki, “Yarımçıq əlyazma” romanını oxuyub
qurtarandan sonra burada təsvir olunanların real gerçəklik
olmadığını bilsəm də, A 21/733 şifrəli əlyazmanı
nəzərdən keçirərkən hiss etdim ki, burada
yazılmış “Kitabi-Dədə Qorqud”a, Şah
İsmayıl Xətaiyə dair nəsə indiyə qədər
bizə məlum olmayan, sirli bir məsələnin şahidi
olmağı mən də istərdim. Müəllifin,
romanın qəhrəmanının “sirr hərisi” olması,
özünü “sirr qapısı önündə hiss etməsi”
mənə də təsir etmişdi. Qəribə
bir prosesi müşahidə edirdim. K.Abdulla
“Yarımçıq əlyazma” romanında oxucunu naməlum bir
əlyazmanın köməyi ilə “Kitabi-Dədə Qorqud”un, Şah İsmayıl Xətai
bioqrafiyasının sirli dünyasına dəvət
etmişdi. “Gizli Dədə Qorqud”, “Mifdən yazıya”
kitablarında qədim dastanımızın sirli, mifik məntiqini
dərk etməyə çağırırdı. Lakin onun
romanı özündən xəbərsiz olaraq bizim real həyatımızda
yeni bir mif yaratmışdı və bir neçə ay idi ki,
bu mif özünün müstəqil həyatını
yaşayırdı. Sonralar mən həmsöhbət
olduğum bir çox xarici ölkə vətəndaşlarından,
əsasən tədqiqatçılardan inadla soruşurdum ki,
sizdə buna bənzər bir hadisə olubmu? Suallarıma müsbət cavab verən
olmamışdı.
Ancaq mən buna bənzər bəzi hadisələrin
şahidi olmuşam. Hamımız bilirik ki, “Kitabi-Dədə
Qorqud” abidəsinin populyarlaşmasında, xalq arasında
yayılmasında görkəmli yazıçımız
Anarın yazılarının, essesinin, ssenari müəllifi
olduğu “Dədə Qorqud” filminin böyük rolu olub. Bu filmdən sonra dastanın bəzi süjetləri,
surətləri xalqın təfəkküründə,
yaddaşında əks-sədasını tapdı. Bəziləri filmdə müxtəlif rollarda oynayan
aktyorları dastan qəhrəmanları ilə eyniləşdirdi.
Heç yadımdan çıxmaz, “Dədə
Qorqud” filminin ekranlara təzə çıxdığı
vaxtlar idi. Köhnə
tanışlarımdan birini küçədə qanıqara
görüb səbəbini soruşdum. Cavabında dedi:
“O yaramazı bulvarda gördüm, Yalıncığı. Ona görə qanım qaradı”.
Tamaşaçının gözündə mərhum aktyor Ə.Haqverdiyev
orta əsrlərin surətinə çevrilmişdi...
Böyük türk şairi Nazim Hikmətin
Bolqarıstanın “Narodna prosveta” nəşriyyatında nəşr
edilmiş səkkizcildliyini xatırladım. Kitabın tərtibçisi
Əkbər Babayev, rəssamı Abdin Dino idi. Hələ uşaqlıq illərindən şeirləri
oxuyar və uzun-uzadı rəsmlərə baxar, gözlərini
çəkə bilməzdim. Bu gün də
Nazim Hikmətin bəzi şeirlərini oxuyanda Dinonun
illüstrasiyalarını yada salıram. Həmin səkkizcildliyin
ikinci cildində “Abdin Dinonun “Yürüş” adlı bir tablosu
üstünə söylənmişdir” şeiri var:
Bu adamlar,
Dino,
əllərində işıq parçaları,
bu
qaranlıqda, Dino,
bu
adamlar haraya gedir?
Sən də,
mən də, Dino
onların arasındayıq,
biz də,
biz də , Dino,
gördük açıq mavini.
Şeir Dinonun rəsminə yazılmışdı. Maraqlı o
idi ki, 1967-ci ildə N.Hikmətin ölümündən sonra
çapdan çıxan kitabda rəssam A.Dino öz tablosuna
yazılmış şeirə rəsm çəkmişdi.
Bu da “Yürüş” idi, lakin artıq Nazimin
gördüyü “Yürüş” tablosu deyildi. Rəssam şairin onun rəsminə verdiyi yozumu da
beynindən keçirib həm əvvəlkinə bənzəyən,
həm də bənzəməyən bir rəsm çəkmişdi.
Mənim aləmimdə iki böyük sənətkar birləşib
heyrətamiz bir iş görmüşdülər: Dino elə
bil ki, dünyadan getmiş şairi xəyallar aləmində,
virtual gerçəklikdə olsa belə bu prosesi davam etdirməyə
dəvət etmişdi. Mənə elə gəlir
ki, sənətin gücüylə və biz oxucuların təxəyyülündə
rəsmin şeirə, şeirin rəsmə çevrilməsi
sonsuza qədər davam edəcək. Bu sənət
möcüzəsinin baş verməsində rəssamın da,
şairin də, oxucunun da öz yeri var...
Bəzən ədəbiyyatın müasir həyatımızdakı
rolunu xeyli azaldırıq. Xalq yazıçısı Əbülhəsənin
təkrar-təkrar dediyi yaxşı yadımdadır:
“Vaxtı ilə, Jül Vernin zamanında həyat ədəbiyyatın
arxası ilə gedirdi. İndiki dövrdə isə ədəbiyyat həyatın
arxasınca gedərkən çox gecikmirsə, bu da
böyük işdir”. Lakin fakt göz
qarşısındadır: Bədbin proqnozlara baxmayaraq dəyərli
əsərlər hələ də oxunur və bəzən
onların müasir həyata gözlənilməz təsiri
olur.
Yazıçı
K.Abdullanı neomifoloq, “Yarımçıq əlyazma”
romanını isə neoepos adlandıran tədqiqatçı
Rüstəm Kamal əsərdə müəllifin
inandırıcılıq gücündən danışarkən
romanın oxucuda doğurduğu effekti də nəzərdə
tutaraq yazır: “Romanda doğru-yalan, mif-yazı
qarşıdurmaları inandırıcılıq
kateqoriyası ilə əvəzlənir ki, bu da
yazıçıya uzaq keçmişin yeni mifologiyasını
yaratmağa imkan verir”.
Rüstəm
Kamal haqlı olaraq qeyd edir ki, “Əlyazma” K.Abdulla nəsrinin
arxetipik metaforalarından birini təşkil edir: “Əlyazma
Kamal Abdullanın təxəyyül məkanının
obrazıdır, məhz Yazıda (əlyazmada, gündəlikdə,
istintaq protokolunda) bədii ifadə resurslarını gerçəkləşdirir.
O,
yaxşı bilir ki, Əlyazmada istənilən ömür
epizodunun, istənilən hadisənin və irreal təsvirin
kombinasiyası mümkündür. Əlyazma məkanın
zamana çevrilmə formasıdır.
Əlyazma sözlərin, düşüncələrin
yaddaşda qeydə alınmasıdır. Düşüncənin
və nitqin salnaməsidir. Əlyazmada
fikir, təxəyyül maddiləşir. Çevrilmə
(metamorfoza) və inversiya Yazının əsas prinsipləri
olur”.
Yazıçı, belə deyək, əlyazma
obrazından bədii priyom kimi istifadə edib. Bunun vasitəsilə
onun “müasir həyatdakı mif
yaradıcılığı, oxucunu inandırmaq (aldatmaq?)
gücünə malik olub. Yazıçı
qələmində hər şey mifə çevrilə bilər.
Deyilənə görə, məşhur rus alimi
A.F.Losev tələbələrdən birinin “Mif nədir?”
sualına “Hər şey mifdir. Peterburq da
mifdir. Lev Tolstoy da mifdir” cavabını
vermişdi.
Belə bir sual ortaya çıxa bilər ki, hər
hansı bir əsərin oxucularda, tamaşaçılarda necə
təəssürat oyatmasının, həyatda hansı effekt
doğurmasının ədəbiyyat tarixinə dəxli
varmı? Məncə, belə faktların qeydə
alınması ədəbiyyat tariximizi zənginləşdirər
ki, yoxsullaşdırmaz. Məsələn,
belə bir faktı bilməyimiz pis olmaz ki, Mirzə Fətəli
Axundzadənin “Hekayəti-molla İbrahim xəlil kimyagər”
komediyasının ilk sadəlövh
tamaşaçıları elə bilirlərmiş ki, iksir
vasitəsi ilə misdən gümüş düzəldilməsi
hadisəsinin şahididirlər.
Fikrimizcə,
K.Abdulla kimi, sirlər dünyasının təsvirinə
meylli olan yazıçılar həmişə diqqətli
olmalıdırlar: onlar özlərindən asılı
olmayaraq yeni bir mif yarada bilərlər.
Paşa ƏLİOĞLU,
AMEA M.Füzuli adına
Əlyazmalar
İnstitutunun direktor əvəzi
AMEA M.Füzuli adına
Əlyazmalar
İnstitutunun direktor əvəzi,
filologiya elmləri doktoru
525-ci qəzet.- 2013.-
30 mart.- S.19.