Böyük şəxsiyyətlər
bütün dünyaya məxsusdur
(davamı)
Venesuela və Yeni Qranada öz birliklərinin faydaları
üstündə hirslənməyə
başlamışdılar. Hər iki ölkədəki
təbliğatçılar – Venesueladakı Paes və Yeni
Qranadadakı Santander bir-birinə zidd idilər və uzun
sürən vətəndaş müharibəsi ərzində
bu qarşılıqlı etimadsızlıq daha da gücləndi.
Bolivar Limanı tələsik tərk etdi və
müəlliflərin çoxu razılaşır ki, Peruda
onun üç illik hökmranlığının sona
çatmasına və Kolumbiya təsirindən azad olmasına
sevinirdilər. Boqotada Bolivar Santanderin Kukuta
Konstitusiyasını müdafiə etdiyindən və Paesi
qiyamçı kimi cəzalandırmağı təkid etdiyindən
hali oldu. Lakin Bolivar Kolumbiyanın birliyini
qoruyub saxlamağı qət etmişdi və ona görə də
hələ 1827-ci ildə barışdığı Paesi sakitləşdirməyə
hazır idi. Paes Xilaskarın ali
hakimiyyətinə baş əydi və əvəzində
Bolivar yeni konstitusiyanı vəd etdi. Ona görə
Venesuelanın regional müstəqilliyi ədalətli
sayılacaqdı.
O,
prezidentliyi götürdü və milli qurultayı 1828-ci ilin
aprelində çağırdı. Bolivar
seçkilərə təsir göstərməkdən imtina
etdi, ona görə də Santanderin
başçılığı altında liberallar
çoxluğu əldə etdilər. Bolivar
ümid edirdi ki, Kukuta Konstitusiyası təftiş ediləcək
və prezident hakimiyyəti möhkəmlənəcəkdir.
Lakin liberallar istənilən belə cəhdlərin
qarşısını alırdı. Pat vəziyyəti
inkişaf etdi. Köhnə Konstitusiyanın
artıq yararlı olmadığını və heç bir
yenisinin onun yerini tutmayacağını sübut etməklə,
Bolivar diktator hakimiyyətinə yiyələndi. O,
özünü tərifləyərək deyirdi ki,
“bütöv millət mənim hakimiyyətimi tanıyır”. Lakin tezliklə acı həqiqət ona məlum oldu.
Federalistlərdən ibarət gizli qrup 25
sentyabrda prezident sarayına hücum edib, mühafizəçiləri
öldürdülər. Bolivar qatilin xəncər zərbəsindən
yalnız Manuela Saensin iti reaksiyası nəticəsində
möcüzəli şəkildə xilas ola
bilmişdi.
Onun həyatına bu qəsd cəhdi uğursuz olsa da,
tufan siqnalı güclənirdi, lakin əhali onun tərəfində
idi. Bolivarın etibarlı olmayan səhhəti pisləşməyə
başladı. Quayakili özünə
anneksiya etmək niyyəti ilə Kolumbiyaya müdaxilə etdi.
Sukre bir daha Kolumbiyanı xilas etdi və
peruluları məğlub etdi. Bir neçə
ay sonra Bolivarın ən vicdanlı generallarından biri, Xose
Maria Kordoba qiyam qaldırdı. Qiyam
darmadağın edildi, lakin Bolivar artıq öz
keçmiş ardıcıllarının intriqalarından
boğaza yığılmışdı. Emerson
yazır ki, “Paxıllıq cəhalətdən yaranır”.
Cəhaləti isə qısa müddətdə
məhv etmək mümkün deyildir. Tərəfdarları
ona açıqca paxıllıq edirdilər.
Fransa, İngiltərə və Birləşmiş
Ştatlar ölkənin daxili işlərinə
qarışmağa cəhd edirdilər. Birləşmiş
Ştatlar ispan müstəmləkələrinin metropoliyadan
azad olmasının “nəcib məqsədləri”
üçün lazım olan resurslarla onlara ciddi surətdə
köməklik göstərirdi. Tezliklə
öz maraqları olan İngiltərə də bu prosesə
qoşuldu. Cənubi Amerikadakı vətəndaş
müharibəsi regionların kəskin surətdə
yoxsullaşmasına, insan həyatı itkilərinə,
epidemiyalara, aclığa, daxili qiyamlara və dövlət
çevrilişlərinə gətirib çıxardı.
Anarxiya güclənirdi. 1829-cu
ilin payızında Venesuela Kolumbiyadan ayrıldı.
Bolivar könülsüz olaraq belə bir fikrə gəlirdi
ki, müstəqilliklərinə görə ona borclu olan millətlərin
daxili və xarici dincliyi üçün onun
mövcudluğunun özü bir təhlükə kimi
çıxış edir. O, istefa verib, 8 may 1830-cu ildə
Avropada sığınacaq tapmaq məqsədilə Boqotanı
tərk etdi. Atlantik okeanın sahilinə
çatdıqda öyrəndi ki, özünün varisi kimi
qalan Sukre qətlə yetirilmişdir. Bolivarın
hüznü nəhayətsiz idi. Boqotadakı hərbi
bunt onu əbəs olaraq geri çağırdı. Avropaya səfər layihəsi ləğv edildi və
bir ispan pərəstişkarının dəvəti ilə
Bolivar Santa Marta yaxınlığındakı malikanəyə
səfər etdi. Elə bil ki, bir istehza
qaydasında onun həyatı 17 dekabr 1830-cu ildə ispanın
evində başa çatdı. O, vərəm xəstəliyindən
öldü. Ölümündən əvvəl Bolivar öz
torpaqlarından, evlərindən və hətta dövlət pensiyasından imtina
etmişdi.
Simon Bolivar uzun müddət Latın Amerikasının
Corc Vaşinqtonu kimi qiymətləndirilirdi. Varlı Venesuela ailəsində
anadan olan Bolivar gənc adam kimi
maarifçilik ideyaları ilə tanış olmuşdu. Romada
1805-ci ildə İtaliyanın kralı kimi Napoleona tac qoyulmasının şahidi olanda, o, öz
ölkəsini İspaniya nəzarətindən azad etmək vəzifəsini
öz qarşısına qoymuşdu. Cənubi
Amerikaya dönəndə Bolivar Venesuelada və Şimali
Amerikanın digər hissələrində ağır
mübarizəyə başçılıq etdi.
Bolivar Cənubi
Amerikanın şimal hissəsini ispanlardan azad etməklə məşğul
olanda, Xose de San Martin qitənin cənub hissəsində bu vəzifəni
həyata keçirməyə can atırdı.
Bolivarın arzuları qismən də olsa həyata
keçdi. 1824-cü ilin sonunda artıq Peru, Uruqvay, Paraqvay,
Kolumbiya, Venesuela, Argentina, Boliviya və Çili azad dövlətlərə
çevrilmişdilər. 1823-cü ildə Mərkəzi
Amerika dövlətləri müstəqil oldular və
1838-1839-cu illərdə beş respublika
bölündü. Bundan əvvəl, 1822-ci ildə
Braziliya Portuqaliyadan azad olunmuşdu.
Latın Amerikasında Bolivarın adı çox populyar
idi. Bütöv bir dövlətin, əyalətin, şəhərlərin,
küçələrin, pul vahidlərinin adında onun xatirəsi
əbədiləşmişdir.
O, öz
kredosuna axıradək sadiq qaldı. 22 yaşlı bir gənc
kimi o, Romadakı Monte-Sakro təpəsində and
içmişdi: “Mənim əcdadlarıma, onların
allahlarına, öz Vətənimə and olsun ki, nə qədər
ki, ispan dövlətinin zülmü altında saxlayan zəncirlər
qırılmamışdır, mən öz əllərimə
istirahət, öz könlümə sakitlik verməyəcəm”.
Onun bədxahları belə, Bolivarın öz andından bir an da olsun uzaqlaşdığını desələr,
böyük haqsızlığa yol vermiş olarlar.
Bolivarın
var-dövlətindən və titullarından asılı
olmayaraq, azad ölkənin bütün vətəndaşlarının
bərabərliyi və ədalət barədə dediyi: “Yeni
meydana gələn hökmdarlar – azadlığın qəlpələri
üzərində öz taxt-taclarını qurmağa möhkəm
can atdıqda, onları qəbirüstü təpələrə
çevirdiklərini görəcəklər. Bu
təpələr isə gələcək nəsillərə
deyəcəklər ki, “bu adamlar boş şöhrət
düşkünlüyünü azadlıqdan və şərəfdən
üstün tutdular” sözləri iki əsrə yaxın vaxt
keçsə də öz qiymətini itirmir və hakimiyyəti
qəsb edib, öz mülkiyyətinə çevirənlərin
hamısı üçün ucadan səslənən xəbərdarlıqdır.
Simon Bolivar rahatlığın nə olduğunu bilməyən,
əzablı həyat yaşamışdı. O, çox sayda təhlükələri
dəf edir, qızmar səhralardan, bataqlıqlardan
keçirdi. Sonra o, soyuğun qanı
dondurduğu yüksək dağlardan, şiş ucları olan
qayalardan xəstəlik yayan gölməçələrə
düşürdü. Həşərat
sürülərinin arasından nə çörəyi, nə
paltarı, nə ayaqqabısı olmayan əsgərlərə
yürüşdə başçılıq edirdi. Bu igidliklərdən hər biri digər möcüzələr
kimi qəribə bir təntənə idi, himnə layiq olan
insan hünərinin nümayişi idi. Məhz
bu qəhrəmanlıqların hesabına Bolivar
çoxsaylı nizami ispan ordusunu darmadağın edir və
onları təslim olmağa məcbur edirdi. Bolivarın
şəxsiyyətini taxt-taca yiyələnmək yox, məhz
bu ağla sığmayan igidlik nümunələri nişan verirdi.
Uinston Çörçill
Anaksandriddən
soruşduqda ki, niyə spartalılar müharibədə təhlükədən
qorxmurlar, o, dedi: “Səbəb orasındadır ki, biz həyata
hörmət edirik, lakin başqaları kimi ona görə
qorxmuruq”. (Plutarx)
Yüksəkliklər ildırımı özünə
çəkir.
(Metsenat)
Uinston Çörçill müəllif, natiq və
dövlət xadimi olmaqla 1940-cı ildən 1945-ci ilədək
müharibə dövründə baş nazir kimi Britaniyanı
məğlubiyyət həddindən qələbəyə gətirib
çıxarmışdı. Çoxları məğlubiyyətin
qaçılmaz olduğunu düşündüyü bir
vaxtda bu müdrik və cəsarətli insan nəticədə
qələbə çalacaqlarına ümidini bir an da itirməmiş, İkinci Dünya
müharibəsində faşistlər üzərindəki zəfərin
müəlliflərindən biri olmuşdu. 2002-ci
ildə BBC kompaniyasının apardığı rəy
sorğusuna görə Uinston Çörçill tarixdə ən
böyük britaniyalı adlandırılmışdır.
Birinci Dünya müharibəsindən əvvəl
sensasiyalı qaydada həyatda görkəmli rol oynamağa cəhd
etməklə, müharibənin özündə və ondan
sonrakı on illikdə qeyri-sabit mühakimə yürüdən
bir şəxs şöhrəti qazanmışdı. Nəticədə
siyasi cəhətdən şübhəli olduğu güman
edildiyindən o, 1930-cu illərdə tənha şəxsiyyətə
çevrilmişdi. Bu, Adolf Hitlerin
bütün dünyaya ünvanlanmış
çağırışına qədər davam etdi və
onu 1940-cı ildə milli koalisiyanın liderliyinə aparıb
çıxardı. Franklin Delano Ruzvelt və
İosif Vissarionoviç Stalinlə birlikdə o, II Dünya
müharibəsində müttəfiqlərin
strategiyasını işləyib hazırladı. Müttəfiqlik pozulduqdan sonra o, Sovet İttifaqının
ekspansionist xarakterli təhlükələrinə görə
Qərbi dəyişdirməyə girişdi. O,
Mühafizəkarlar partiyasını 1951-ci ildə yenidən
hakimiyyətə qaytardı və 1955-ci ilə qədər
baş nazir oldu. Bu vaxt isə xəstəlik
ucbatından istefa verməyə məcbur oldu.
Çörçill 30 noyabr 1874-cü ildə
Oksfordşirdə Blenheym sarayında müvafiq doğum
vaxtından bir qədər əvvəl anadan olmuşdu. Onun
damarlarında ingilis dilində danışan iki xalqın
qanı axırdı, sülh və müharibə
dövründə onların birliyinin inkişafı bu siyasətçinin
daimi niyyəti kimi özünü göstərəcəkdi.
Atası lord Randolf Çörçill, meteor timsallı tori
siyasətçisi olmaqla, birbaşa I Malboro hersoqu Con
Çörçillin törəməsi idi.
Axırıncı isə XVIII əsrin əvvəllərində
Fransa kralı XIV Luiyə qarşı müharibədə
parlaq qələbələr çalmış, onları
yalnız yüz il sonra Napoleonun hərbi uğurları ilə
müqayisə etmək olardı, ona görə də həmin
müharibənin qəhrəmanına çevrilmişdi. Onun anası Cenni Cerom Nyu-York maliyyəçisi və
at qaçışı həvəskarı Leonard Y.Hersinun
qızı idi.
Gənc
Çörçill bədbəxtliklərdən də
keçmişdi və kədərli, həmçinin laqeydliklə
üzləşmiş uşaqlığa malik olmuşdu,
yalnız sevimli dayəsi xanım Everestin təsiri ilə xilas
ola bilmişdi. O, daha az
nüfuzlu olan Herrou məktəbinə daxil oldu, burada onun təhsildə
nəzərə çarpan nöqsanları atasının
uşağı ordu karyerasına yönəltmək barədəki
qərarına haqq qazandırırdı. Yalnız
üçüncü cəhddən sonra o, Sand-Horst royal hərbi
kollecinə qəbul imtahanlarından keçə bildi və təhsil
illərində 130 tələbə arasında 20-ci dərəcəyə
yüksəldi.1895-ci ildə atasının faciəli
ölümü ilində o, orduda xidmətə daxil oldu.
İlk öncə onun fəaliyyəti Kubada
başladı, buradan o, iki ay ərzində Kubanın
İspaniya ağalığından azad olub, müstəqilliyə
nail olmaq uğrundakı mübarizəsi barədə qəzetə
məqalələr verirdi. 1896-cı ildə
onun polku Hindistana yollandı, burada o, şimali-qərb sərhədində
əsgər və jurnalist kimi xidmət etdi.
Hindistanın şimali-qərbindəki dağlıq Malakand
vilayətində puştun tayfalarının üsyanı
yatırdılarkən (1897-ci il) o, hər
iki tərəfin qəddarlığının şahidi oldu. “Malakand cəbhə qüvvəsinin əhvalatı”
kimi yazısını genişləndirməklə, oranı tərk
etməsi onun müəllif karyerasının
başlanğıcı kimi diqqəti geniş cəlb etdi.
O, bu işini bütün ömrü boyu davam etdirdi. 1898-ci ildə o, “Savarola” əsərini yazdı, bu,
puritan romanı idi, baş qəhrəman Savarola obrazında
özünü təsvir edir. Sonra lord
Kitçenerin Nil ekspedisiya qüvvələrinə qoşuldu,
yenə də həm əsgər, həm də müxbir
rolunda çıxış etdi. “Çay
müharibəsi” isə Sudanda aparılan kampaniyanı parlaq
şəkildə təsvir edirdi.
Sandhörstdən
sonrakı beş il Çörçillin
maraqlarının genişləndiyini və kamala
çatdığını göstərdi. Hindistandakı
darıxdırıcı həyat onu cana
doydururdu, lakin əyləncə üçün olan
vaxtını kitab oxumaq proqramını həyata keçirmək
üçün yaxşıca istifadə edirdi. 1899-cu ildə o, öz qələmi ilə dolanmaq məqsədilə
və siyasətə girmək üçün ordudan tərxis
oldu. İngiltərəyə
qayıtdıqdan sonra mühafizəkar kimi İcmalar
Palatasına seçilmək üçün Oldhamda
mübarizə apardı. O, seçkini uduzdu və Cənubi
Afrika müharibəsində “The Morning Post” (London) qəzetinə
xəbərlər yazmaqda təsəlli tapmalı oldu.
Cənubi
Afrikaya gəlişindən sonrakı ayın içində
burların tələyə saldığı zirehli qatarı xilas etməkdə iştirak etdiyinə
görə şöhrət qazandı. Ancaq bu
vaxt o, özü əsir götürüldü. Lakin bir ay sonra hərbi dustaqxanadan qaçanda
şöhrəti iki qat artdı. Hərbi
qəhrəman kimi Britaniyaya qayıtdıqda, 1900-cü ildəki
“Xaki” seçkisində Oldham əleyhinə mühasirə
qurdu, mühafizəkarlar Cənubi Afrika müharibəsində
bu yaxınlardakı qələbələrinə görə
bunu belə adlandırırdılar.
Çörçill bu dəfə məqsədinə nail
oldu. İndi o, parlamentdə idi, öz
yazılarına və mühazirə turuna görə 10 min
funt sterlinq qazanması da ona yaxşı köməklik
göstərmişdi və artıq siyasətə yol
açmaq mövqeyində idi.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2013.-
30 mart.- S.18.