Sabir Rüstəmxanlının “Əbədi
sevda”sı Yazıçılar Birliyində təqdim olunub
Bugün Azərbaycan Yazıçılar Birliyində
(AYB) millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının
“Əbədi sevda” kitabının təqdimat mərasimi
keçirilib.
Tədbirdə xalq şairinin qələm dostları,
həmkarları, qonaqlar Sabir Rüstəmxanlının Azərbaycan
ədəbiyyatında, ictimai-siyasi fikir tarixindəki
mövqeyindən, təqdim olunan yeni kitabının məziyyətlərindən
söz açıblar.
Xalq
yazıçısı, AYB sədri Anar: “Sabir Rüstəmxanlını
40 ildi tanıyıram, onun həm poeziyasını, həm
publisistikasını, həm də ictimai fəaliyyətini ən
yüksək dəyərlərlə qiymətləndirdiyim
üçün bəzi məqamları vurğulamağa
ehtiyac duyuram. Sabir Rüstəmxanlı ədəbiyyatımızda
ümumxalq hadisədir, həm şair kimi, həm tarixi
romanları, həm publisistikası, həm ictimai fəaliyyəti
ilə ümumxalq hadisəsidir. Onun tarixi
romanları bizim ədəbiyyatımızda böyük bir
boşluğu doldurur. Bizim köklərimiz,
əcdadlarımız haqqında illər boyu deyilməyən
həqiqətlər bu romanlarda deyilir. Çox
sevinirəm ki, Sabir siyasi, parlament fəaliyyəti ilə bərabər
belə bir kitabı da ərsəyə gətirib. Şair kimi də o bir gün də qələmi yerə
qoymayıb. Arzu edirəm ki, Sabir bundan sonra
da Azərbaycan ədəbiyyatında, siyasi həyatında tam
coşğunluqla fəaliyyətini davam etdirsin”.
“525-ci qəzet”in
baş redaktoru, AYB katibi Rəşad Məcid: “İndi
toplaşdığımız “Natəvan” klubunda çox
şövqlə apardığım, həvəslə idarə
elədiyim tədbirlər olub. Belə
azsaylı tədbirlərdən biri də məhz
bugünkü təqdimat mərasimidir. Sabir
Rüstəmxanlını uzun illərdir tanıyırıq,
şeirlərini sevmişik. Onun
ictimai-siyasi, eləcə də çoxşaxəli ədəb
ifəaliyyəti ilə tanışıq. Bu gün təqdim olunan “Əbədi sevda”
kitabında isə son illərin mənzərəsi öz əksini
tapıb. Bu kitabı oxumuşam, bəzi
misralar da yadımdadır. Biz Sabir bəyin
yazdığı vətənpərvərlik şeirləri ilə
böyümüşük. O şeirlərin bir neçəsini
bu kitabda görmədim. Sabir bəydən
soruşdum ki, niyə bu kitabda “Ana dilim” şeiri yoxdur. Bu kimi şeirlər bizim nəslin ruhuna bir sərinlik
gətirib. “Əbədi sevda”da Sabir bəyin keçdiyi
həyat yolu, xüsusən ictimai-siyasi fəaliyyəti barədə
də qeydlər var. Sabir bəy həm də “Ömür”
kitabı ilə bizim ictimai-siyasi şüurumuzda özünə
yer eləyib, həmçinin millət vəkili kimi göstərdiyi
fəaliyyəti ilə hamımızın yaxından
tanıdığımız bir insandır. Azərbaycanın
müstəqilliyi haqqında konstitusiya aktını ilk
imzalayanlardan biridir. Bizim əksəriyyətimiz
məhz Sabir Rüstəmxanlının publisistikası,
şeirləri, romanları ilə böyümüşük,
dünyagörüşümüz formalaşıb. Onun
vətənpərvərlik şeirləri ilə
yanaşı, sevgi şeirləri də bizə
doğmadır:
İlahi,
sevgimə toxunma mənim,
Tək səni göstərir bu sirli güzgü.
Səni
görüşünə Axirət günü
Nə payım olacaq sevgidən özgə?”
Millət
vəkili, publisist Elmira Axundova: “Sabir bəylə ötən əsrin
səksəninci illərindən tanışıq. Sabir müəllim
o insanlardan idi ki, mənə mənəvi ruh verdi,
köməklik göstərdi, kitablarımı çap etdi. Mən Sabir müəllimə minnətdaram. Mənim jurnalistikaya yolumu açan Sabir Rüstəmxanlı
və Anar olub. Çünki o vaxt onlar mənə
inanıb qələmimə yol verdilər. “Azərbaycan” qəzeti vasitəsilə Sabir müəllim
həyatımda böyük rol oynadı. Ondan
sonra mənə daha böyük üfüqlərə, beynəlxalq
jurnalistikaya yolum açıldı. Sabir
müəllimin yaradıcılığına bələdəm.
Əslində şeiri anlamıram, o qədər də
şeirlə aram yoxdur, amma Sabir müəllimin
kitabını vərəqləyəndə oxuduqca oxumaq istəyirsən.
Sabir müəllimin cavanlığını
xatırladıqca onun Nüsrət Kəsəmənli və
Çingiz Əlioğlu ilə birgə dostluqlarını
yadıma salıram. Həmişə bir
yerdə idilər. Biz onlara üç
muşketyor deyirdik. Yadımdadır ki,
onlar həmişə necə izdihamlı auditoriya
yığırdılar. Doğrudur, Sabir
Rüstəmxanlı ictimai-siyasi fəaliyyəti ilə də
həmişə diqqət mərkəzindədir, amma Sabir
Rüstəmxanlı məhz öz kitabları ilə tarixdə
qalacaq. Sabir Rüstəmxanlı yazmadan
yaşaya bilməz. Bu onun həyat tərzidir.
Arzu edirəm ki, həyatının bütün
anlarında bu həyat tərzi belə davam etsin”.
AYB sədrinin
müavini Nazim İbrahimov: “Sabir Rüstəmxanlı həm
şair, həm yazıçı, həm publisist, həm
ictimai xadim, həm də naşir kimi öz yolunu, öz
cığırını açmış adamdır. O nə
qədər başqa fəaliyyətlərə vaxt ayırsa
da, heç vaxt qələmini yerə qoymayıb. Nə yaxşı ki, qoymayıb, çünki əvvəl-axır
ona qalan qələm olacaq”.
Şair
Çingiz Əlioğlu: “Sabir Rüstəmxanlının istər
vətəndaş kimi, istərsə də
yaradıcılıq baxımından amplitudasını müəyyən
eləmək üçün ilk növbədə onun
doğulub-böyüdüyü Hamarkəndi görmək
lazımdır. O kənddən baxanda bütün Azərbaycan
görünür. Mənə elə gəlir
ki, hətta oradan Gəncəni də, Dərbəndi də,
Borçalını da görmək mümkündür.
Çünki orada elə bir qəribə
genişlik var. Burada təkcə gözün işlədiyi məsafədən
söhbət getmir. O torpağın, o məkanın, o
arealın verdiyi mənəvi gücdən söhbət gedir.
O mənəvi gücün imkanı ilə bütün Azərbaycanı
görmək olur. Məhz buna görə də Sabir bəyin
bütün həyatının qayəsi, bütün
yaradıcılığı Azərbaycan adına,
bu adın ucalığına, mənəviyyatının, mədəniyyətinin
inkişafına həsr edilmiş bir ömürdür. Sabir Rüstəmxanlı həmişə öz
obyektivliyi, fərdi yanaşması və təmkini ilə
seçilib. Bu da onun
böyüdüyü torpağın mənəvi gücü
ilə bağlayıram. Sabir bəyin mərhum
atasının dəfnində iştirak edirdim. Sabir bəygil doqquz qardaşdırlar. Bu qardaşların atalarının məzarı
başında halay vurub yallı getmələri
yadımdadır. Mən həyatımda ilk
dəfə belə bir mənzərə görürdüm.
İnanın, bu mənzərə mənə o
qədər güclü, qəribə təsir
bağışladı ki, mən mənəvi və fiziki
olaraq məzarı başında oğlanları yallı gedən
o atanın gücünü, böyüklüyünü hiss
elədim. Sabir Rüstəmxanlı məhz belə bir
atanın gen daşıyıcısıdır. Mən fəxr
edirəm ki, ədəbi yaradıcılığa
başladığım ilk dövrlərdən urcahıma
çıxan və bu günə qədər də dostluq elədiyim insanlardan biri
və birincisi Sabir Rüstəmxanlıdır”.
Şair
Musa Yaqub: “Sabir Rüstəmxanlının milli azadlıq
mücadiləsində ən böyük xidməti intellektual
azadlıq hərəkatı aparması olub. Bəlkə də
Sabir olmasaydı, o hərəkat başqa məcraya yönələrdi”
Millət
vəkili Fazil Mustafa: “Sabir Rüstəmxanlı imzası son
qırx ilin Azərbaycan ədəbiyyatı tarixində,
şübhəsiz, ən çox istinad edilən adlardan biri
olacaq. Bu ad həm də Azərbaycanın ikinci
müstəqillik dönəminin bütün parlaq səhifələrində
əvəzsiz bir dəyərə sahibdir”.
Şair
Rüstəm Behrudi: “ Sabir Rüstəmxanlı
söz, fikir, düşüncə adamı olduğu qədər
də elə savaş adamıdır. Elə bir
savaş adamıdır ki, ömür bitəcək, o
savaş bitməyəcək. Bu savaşdan
nə vaxtsa hamı çəkilə bilər. Sabir Rüstəmxanlı bu savaşın son
mogikanıdır”.
Professor Cəmil
Həsənli: “Əbədi sevda” kitabı Sabir Rüstəmxanlı
yaradıcılığının müəyyən bir
dövrünün ədəbi yekunudur. Çünki
burada Sabirin keçdiyi ömür yolunun bütövlükdə
mənzərəsi əks olunub. Burada onun tənhalığı
da, bayrağın kölgəsinə sığındığı
məqamlar da, onun dostları ilə ucaldığı anlar da,
Avstraliyadan tutmuş Amerikaya qədər böyük bir
coğrafi məkanda hərəkət trayektoriyası da var. Mənim
üçün Sabir Rüstəmxanlının
yaradıcılığının bir özəlliyi də
tarixlə bağlılığıdır. Sabir
təkcə şeir, yazmayıb, eyni zamanda bizim tarixmizi də
yazıb. Məsələn, “Gəncə
qapısı” bunun çox gözəl bir nümunəsidir”.
Millət
vəkili Asim Mollazadə: “Onun bütün
yaradıcılıq yolu sevgi ilə, sevda ilə
bağlıdır. Bu sevgi Azərbaycana, millətə,
bəlkə də onun ilham pərisinədir. Bütün hallarda Sabir sevgisiz yaşaya bilməz.
“Əbədi sevda” da məhz bu sevginin nəticəsi
kimi ərsəyə gəlib”.
Millət
vəkili Qənirə Paşayeva: “Sabir Rüstəmxanlı həyatda
da poeziyasında göründüyü kimidir. Onun
ən böyük xidmətlərindən biri də milli
azadlıq mücadiləsində öndə getməsidir”.
Tənqidçi
Vaqif Yusifli: “Sabir Rüstəmxanlının bütün
yaradıcılığnda vətən şeirləri
üstünlük təşkil edir. Bunu onun
yaradıcılığını sevənlər də təsdiqləyə
bilərlər və onun “Vətən”, “Təbriz xiyabanı”,
“Qan yaddaşı”, “Şairlik nəyimə gərəkdir mənim”,
“Azərbaycan ürəyi” şeirlərinin adını
çəkərlər”
Tənqidçi
Əsəd Cahangir: “Sabir Rüstəmxanlının
yaradıcılığı haqqında tənqidiçi kimi
danışmaq mümkün deyil. Çünki
onun yaradıcılığı tənqidin fövqündə
dayanır. Mən həmişə fəxr
eləmişəm ki, mənim millətimin Sabir Rüstəmxanlı
kimi şairi var”.
Professor
Vaqif Arzumanlı: “Mən bu gecə İraqdan
qayıtmışam. Bir həftə idi ki,
İraqın paytaxtı Bağdad şəhərində tədbirdə
iştirak edirdim. Mən elə həmin tədbirdə
də türkman şairlərinin Sabir bəyə məhəbbətinin
əyani şahidi oldum. Sabir bəyin təkcə
elə Cavad xan haqqında yazdığı əsər indiyə
qədər Cavad xan haqqında yazılanlardan, hətta
tarixçilərin yazdıqlarından da çox-çox
üstündür. Onun “Difai fədailəri”
romanı isə müstəsna əsərdir”.
Gənc
yazar Pərvin Nurəliyeva: “Gənc Ədiblər Məktəbində
Sabir müəllimlə görüş keçirilən zaman
onun istedadlı gənclərə qayğıkeş
münasibətinin şahidi oldum. O görüşü hələ
də xatırlayıram. Çünki bizi hələ
indiyə kimi heç kəs onun qədər bədii
yaradıcılığa həvəsləndirməmişdi.
O yazıçılıq haqqında o qədər sadə
izahat vermişdi ki, o görüşdən çıxanda hər
birimiz özümüzü yazıçılığa
iddialı hiss eləmişdik”.
Sonda Sabir Rüstəmxanlı təqdimat mərasimində
iştirak edən hər kəsə minnətdlarlığını
bildirib və yeni şeirlərini oxuyub.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 30 mart.- S.16.