Qaranlıqdan
aydınlığa
Paytaxtdan,
ayrı-ayrı bölgələrdən, lap elə rayon mərkəzi
Masallıdan da bura yolu düşənlər özlərini
sanki başqa bir aləmdə, başqa bir məmləkətdə
hiss edərdilər. Onun saldığı kənd, qurduğu
sovxoz yamyaşıl bir adaya bənzəyirdi, adı da –
“Qızılavar adası...”
Torpağa,
əkin-biçinə, tarlalara, bağ-bağata
bağlılıq, adamların biri-birinə olan sevgisi, isti,
doğma münasibəti, səmimiyyəti kənar adama
mehriban bir ailəni xatırladardı... Toy şənliklərində,
hüzr mərasimlərində bir nəfər də olsun
özünü kimsəsiz, arxasız hiss etməzdi. Bütün qızılavarlıların
hamılıqca bir dayağı, bir arxası vardı- evdə
də, çöldə-rizdə də, Ağa deyə
çağırdıqları İsmayıl oğlu Xalıq
Qurbanov.
Özündə
mənəvi, əxlaqı dəyərləri,
ağalığı yaşadan, bu gün şirin
nağıla, dastana dönmüş, şərəfli bir
ömür yaşamış Qurban kişinin nəvəsi,
İsmayılın oğlu Xalıq Qurbanova həsr etdiyim bu
roman poemanın bir parçasını oxuculara təqdim edirəm.
Qloballaşan dünyanın sinəsində
günü-gündən əriyən, itib-batan dəyərlərin,
adət-ənənələrin qorunub saxlanılmasında hər
kəsin bir mənəvi borcu var. Yoxsa ki, bir millət kimi,
toplum kimi yer üzündən silinib yox olmamıza nə
müharibə, nə də atom bombası gərək...
Çox gəzdim, çox dolaşdım, – heç bir
ölkədə, heç bir millət içində bizim
xalqda olan keyfiyyətləri ( narazı
olduğumuz hallar olsa da) – biri-birinə olan sevgini, səmimiyyəti,
doğmalığı, yıxılana əl tutmaq istəyini,
arxasıza arxa durmaq xislətini görmədim, hiss etmədim...
Hər bir xalqın mədəniyyəti, incəsənəti,
ədəbiyyatı onun güzgüsüdür. Bütün milli dəyərlərin, adət-ənənələrin
yaşamasında, qorunub saxlanılmasında ədəbiyyat qədər
gücü olan ikinci bir güc görmürəm. Hər
bir xalqı yaşadan onun ana dilidirsə – dil və ədəbiyyat
əkizdi, özü də bir beşikdə...
lll
Telefon açıb şəxsi
sürücüsünü çağırdı, – sür
sahələrə... 1992-ci ildən ərizə verib işdən
çıxmışdısa da, ürəyi, fikri-zikri bu yerlərdəydi...
Plantasiyanın yanında maşını
saxlatdırıb yerə düşdü. Kol-kosu
xatırladan çay kollarına baxdı, içi
göyüm-göyüm göynədi... Bu çay
kollarını yetişdirmək on beş-iyirmi ilə başa
gəlir... Yaxın keçmişdə buralarda
göz oxşayan yamyaşıl çay plantasiyaları
vardı, dörd tərəf tərəvəz sahələri,
taxıl, çəltik zəmiləriydi. Çox
heyif, baxımsızlıqdan, təcrübəsizlikdən, bəzən
də naşılıqdan hər şey qısa zaman kəsiyində
məhv olub getdi. Otuz ildən çox bu təsərrüfata,
bu kəndə rəhbərlik etmişdi Xalıq kişi, indi necə yanmasın... Evə döndü. Köhnə
kişilərdə bir adət idi, – hər sübh yuxudan
oyanıb, çay-çörəkdən sonra
çöl-biyabana işə yollanmazdan öncə, ailəylə,
arvad-uşaqla halallaşıb sonra qapıdan
çıxardılar. Bilmək olmazdı, bəlkə qədərləri
bu günəcəndi, bəlkə geri dönmədilər?.. Bunu bir Allah bilər, – deyə
düşünərdilər. Ailəylə
halallaşıb maşına oturdu:
– Sür
Astaraya, yolçu yolda gərək. A bala, o radionu da aç
görək, – Xalıq kişi sürücüsünə
dedi.
Elə
bil ki, duyuq düşüb verilişi Xalıq kişi
üçün hazırlamışdılar. Bir neçə
Kərkük bayatısından sonra aşıq
yanıqlı-yanıqlı Yunus İmrədən oxumağa
başladı...
Sən
bura qəribmi gəldin,
Neçin ağlarsan, bülbül, hey?
Yorulub
izmi yanıldın
Neçin ağlarsan, bülbül, hey?
Qalan, şəhrinmi yıxıldı?
Namu arınmı yox oldu?
Qürbətdə yarınmı qaldı?
Neçin
ağlarsan, bülbül, hey!
Uyğudan
gözüm oynadı,
Oyandı,
qana boyandı,
Yandı,
bu ürəyim yandı,
Neçin
ağlarsan, bülbül, hey!
Ruhu
sızıldadı, ürəyi göynədi Xalıq
kişinin... İşə bir bax, elə bil,
Yunus İmrə, son illər çəkdiklərini
görüb bu dərdli şeirini Xalıq kişiyə həsr
etmişdi. Doğrudan da, tikdiyi qalası,
qurduğu şəhəri yıxılmışdı
Xalıq kişinin. Və uyğudan oyanan gözləri
qana boyanardı Xalıq kişinin – kol-kos basmış, viran
qalmış tarlaları, zəmiləri görəndə...
Astaradan tərpənən, içi zəvvar dolu
“Mersedes” markalı avtobus İran ərazisiylə İraqa, Kərbəlaya
yol aldı. Ziyarətə gedənlərin əksəriyyəti
ilk dəfə idi ki, xarici səfərə
çıxırdı. Bunu avtobusun pəncərələrindən
asılmış qəhvəyi rəngli pərdələri
aralayıb maraqla sağa-sola boylanan zəvvarların gözlərindən,
üzlərindəki ifadədən də duymaq çətin
deyildi. Onların arasında
ayrı-ayrı rayonlardan və eyni kənddən olanlar da
vardı. Xalıq kişi ilə ziyarətə
gedənlərin bir neçəsi doğulduğu, uzun illər
rəhbərlik etdiyi doğma Qızılavar kəndindən
idi. Xeyli müddət lal-dinməz yol gedəndən sonra arxa cərgədə
oturanlardan kimsə, axır ki, darıxdırıcı
sükutu pozdu:
– “Kərbəla” sözü “kərbəl” adlı bitkidən
götürülüb.
– “Kərbəla”
sözü eyni zamanda “kərb və bəla” sözündəndi,
mənası da “bəlalı və dərdli yer” deməkdi,- deyə yanındakı zəvvar dilləndi.
Bir
başqası isə “Kərbəla” sözünün Arami
dilində “Kuver Babil” sözündən
götürülüb, “Babil ətrafı” mənasını
daşıdığını, dedi. Söhbətə
qoşulan avtobus sürücüsü (o, bu ziyarətə bir
neçə dəfə gedib-gəlmişdi) “Kərbəla”
sözünün “Kərb” və “Ala” sözündən
yarandığını, “Allaha yaxın olmaq” mənasını
daşıdığını dedi.
Bu qısamüddətli polemikadan sonra, yenə araya
sükut çökdü. Yol boyu kiçik
daxmalardan, ara-sıra daş evlərdən ibarət
yaşayış məntəqələri və cərgə
ilə, səliqəylə əkilmiş bostan, tərəvəz
sahələri gözə dəyirdi.
– İrandan Azərbaycana gələn tərəvəzin,
soğanın, nə də kartofun düz-əməlli
dadı-tamı yoxdu. Soğanları elə bil ki, snikersdi... –
deyə, kimsə ucadan dilləndi.
–
Bunların almasında da alma dadı yoxdu,
heyif deyil bizim Quba alması, – deyə onun sözünə
qüvvət verən tapıldı, – Lənkəranda,
Masallıda, Astarada yetişən tərəvəzin
dadından olmaz...
Ağsaqqallardan
biri söhbətin mövzusunu dəyişdi:
– İllər boyu məscidləri anbar etmişdilər,
amma günün günorta çağı Bakıda da,
başqa yerlərdə də erməni kilsəsi öz
işindəydi. Şükürlər olsun bu müstəqilliyə
ki, camaatın dinini-imanını özünə qaytardı,
hər yerdə məscidlər tikildi, camaat azad ibadət edir,
ziyarətgahlara gedib-gəlir. Qabaqlar yas
düşəndə “Yasin” oxumağa, fatihə deməyə
də çoxlarının cürəti çatmırdı.
Allah Xalıq müəllimə can sağlığı
versin, ölənlərinə min rəhmət! Onun
rəhbər olduğu dövrlərdə Qızılavarda
“Qurana”, müqəddəs kitabımıza hörmət- izzət
varıydı. Xalıq müəllimin
qardaşı, molla Cəbrayılın mükəmməl dini
savadı vardı, ruhani idi, gənclər “Quran”ı ondan
öyrənərdilər, söz-söhbətindən doymaq
olmurdu. Bizim Qızılavarda həmişə
bol ruzi də vardı, bərəkət də. Allah, Xalıq müəllimin atasına – elimizin,
obamızın ağsaqqalı olmuş İsmayıl kişiyə
rəhmət eləsin.
Zəvvarlar üzlərini Xalıq kişiyə tərəf
çevirib razılıqlarını bildirdilər. Bu söhbətdən sonra
ortaya sükut çökdü deyə, avtobusun
sürücüsü radionu açdı, hamı eşitsin
deyə bir az səsini də
artırdı.
Rübabə
Muradova oxuyurdu...
Heydərbaba,
Qaraçəmən caddası,
Çovuşların
gələr səsi, sədası,
Kərbəlaya
gedənlərin qadası
Düşsün
bu ac yolsuzların gözünə,
Təməddünün uyduq yalan sözünə.
lll
Heydərbaba,
dünya yalan dünyadı,
Süleymandan,
Nuhdan qalan dünyadı,
Oğul
doğan, dərdə salan dünyadı,
Hər
kimsəyə hər nə verib alıbdı,
Əflatundan bir quru ad qalıbdı.
Sürücü
əyləci basıb maşını yavaşıtdı və
yolun kənarındakı yeməkxananın yanında
saxladı:
– Camaat,
düşüb bir çay içək, bir az
yorğunluğumuz çıxsın, yol uzun yoldu...
Çay-çörəkdən sonra avtobus tərpəndi. Bir az
getmiş yenə söz Kərbəladan düşdü. Zəvvarlardan biri Kərbəlanın tarixindən
söz açdı. Hiss olunurdu ki, mükəmməl
tarixi bilgiyə sahibdi.
– Kərbəlada
ilk tikinti işini məşhur Abbasi xəlifəsi Harun-ər-Rəşid
aparıb. İmam Hüseynin (ə.) qəbri
üstündə ilk dəfə zəvvarlar üçün
bir kölgəlik tikdirib. Onun oğlu Əminə
tikinti işlərini davam etdirib. Amma ki,
Abbasi xəlifəsi Mütəvəkkil tərəfindən
dağıldılaraq yerlə-yeksan edilib, ərazisi
şumlanaraq əkin sahəsinə çevrilib. Əhli-beytə qarşı öz qəddarlığı
ilə seçilən xəlifə Mütəvəkkil
üst-üstə on yeddi dəfə Kərbəlanı
dağıdıb. Kərbəla Səlcuqlar
dövründə təmir və bərpa edilib. Səlcuq imperatoru Məlikşah Kərbəla və
Nəcəfi ziyarət edib. Nizamülmülk
və Əl Qəzali onun vəzirləri olublar. Rəvayətə görə, Elxani hökmdarı
Qazan xan Kərbəlanın su problemini həll etmək
üçün Fərat çayından ora su kanalı
çəkdirib. Bu günümüzədək
Hüseyniyyə adıyla tanınan bu kanal məhz Qazan Xan tərəfindən
çəkilib. İnşallah,
özünüz görəcəksiniz. Bağdada yürüş
edib onu dağıdan Əmir Teymur Kərbəlaya
toxunmayıb... 1508-ci ildə Bağdadı zəbt edən
Şah İsmayıl Kərbəlaya gedərək oranı
yenidən təmir, bərpa etdirib və Şah İsmayıl
Xətai Kərbəlaya 12 ədəd qızıl qəndil
qoydurub. Böyük hökmdarımızın ruhu şad olsun
deyə, onun məşhur bir qəzəlini yada salmaq istəyirəm,
özü də İran çöllərində...
Zakir Fəxri
525-ci qəzet.-
2013.- 30 mart.- S.14-15.