“Mən teatr haqqında danışmaq istəyirəm” ikinci mərhələdə...

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mən teatr haqqında danışmaq istəyirəm” bədii qiraətçilərin baxış müsabiqəsinin ikinci mərhələsinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan teatrın direktoru, Əməkdar Artist, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov tədbir iştirakçılarını, münsiflər heyətini salamlayıb. Layihə haqqında ətraflı məlumat verən M.Həmidovun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan teatrının inkişaf etdirilməsi ilə bağlı 2009-cu 18 may tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Teatrı 2009-2019 illərdə” Dövlət Proqramı, Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrının 140 və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyləri çərçivəsində həyata keçirilən layihə ilkin olaraq  Səbail rayon orta ümumtəhsil məktəbləri ilə birgə gerçəkləşmişdir: “Layihənin birinci mərhələsi mart ayında keçirilmişdir. Səbail rayonunda fəaliyyət göstərən 17 orta ümumtəhsil məktəbindən hər yaş kateqoriyasını əhatə edən 58 şagird çıxışları, teatr haqqındakı dolğun təsəvvürləri hesabına ikinci mərhələyə keçmək hüququ qazanmışlar. Həyata keçirilməsində əsas məqsədi uşaq və gənclərdə qədim və zəngin tarixə malik Azərbaycan teatrı, onun inkişafı, Beynəlxalq əlaqələri, Dövlətimizin Azərbaycan teatrına və onun sənət adamlarına göstərdiyi diqqət və qayğısı, eləcə də, görkəmli sənət adamları haqqında məlumatları genişləndirmək və s. olan layihə məktəblilərimizin teatr haqqında yetərincə geniş məlumata sahib olduqlarını sübuta yetirdi”.

Baxış müsabiqənin münsiflər heyəti təqdim olunduqdan sonra ikinci mərhələyə keçmək hüququ qazanmış 58 şagirdin çıxışları izlənilib. Daha sonra M.Həmidov layihədə əməyi keçən, ona dəstək verən hər kəsə, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyinə, məktəb rəhbərlərinə və münsiflər heyətinə öz dərin təşəkkürü bildirib. Teatrın və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin rəhbəri Mübariz Həmidov və ikinci turun yekun mərhələsində münsiflər heyətinin tərkibində olan tanınmış şəxslər ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin üzvləri, Əməkdar İncəsənət Xadimi, münsiflər heyətinin rəhbəri Bəhram Osmanov, Xalq artistləri, Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Mərkəzin İdarə heyətinin üzvləri, Azərbaycan İctimai - Siyasi Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor, Rasim Nəbiyev, Beynəlxalq koordinator Şaiq Səfərov, Səbail rayonu İcra Hakimiyyətinin əməkdaşı Əziz Hüseynov, teatrın redaktoru, Mərkəzin baş katibi Səriyyə İsmayılova ikinci mərhələyə keçmiş şagirdlərə diplomlar təqdim ediblər. Qeyd edək ki, bu günkü turda münsiflər heyətinin qərarına əsasən 58 şagirddən 3 nəfəri qalib olaraq seçiləcəklər. Məlumat üçün bildirək ki, layihənin yekun mərhələsinə həsr olunmuş təntənəli tədbir may ayının 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində keçiriləcək 

 

 

GÜNEL

 

525-ci qəzet.- 2013.- 1 may.- S.7.