Tanıdığımız və
tanımadığımız Məsiağa Məhəmmədi
Məsiağa Məhəmmədi
– 50
Xəbər
tutdum ki, Məsiağa Məhəmmədinin 50 yaşı
tamam olur! Doğrusu inanmadım, dedim əşşi, bu qədər
zarafat olar, Məsiağa dünənki cavan oğlandır,
hardan oldu onun 50 yaşı?! “Mərdimazarı” axtarmağnan
döyül ha, bir də gördüm ki, dostumuz Cavanşir
Yusifli “525-ci qəzet”də “Bu adamı sevməyəsən,
neyləyəsən...” adında bir qutlama yazıb!...
Daha
inanmamağa yer qalmadı, fakt göz
qabağındadır,
kişinin 50 yaşı tamam olur, mən də dəstədən
geri qalmamaq üçün cumdum qələmə, yox
“Note-book”a ki, köhnə dostumun, qonşumun yubiley
qutlamasına qatılım...
Mən Məsiağanı çoxdan, lap çoxdan
tanıyıram, aspiranturada oxuduğu illərdən, dəqiqləşdirsəm
1989-cu ildən. Tanınmış, dünya şöhrətli
şərqşünas professor Rüstəm Əliyevin ən
sevimli tələbələrindən idi. Rüstəm Əliyevlə
mən yaxın dost idim və o həmişə Məsiağadan
fərəhlə danışardı. İş elə gətirdi
ki, bir müddət biz qapı-qonşu olduq, bir binanın eyni
mərtəbəsində tanınmış
yazıçı Əlibala Hacızadə, şair Eldar
Baxış, mən və Məsiağa qonşu məqamındaydıq
və doğma münasibətlər də öz axarında...
Bu mənim tanıdığım Məsiağa Məhəmmədidir!
İndi
isə hamının həm tanıdığı, həm də
tanımadığı Məsiağa Məhəmmədidən
söhbət açmaq istərdim...
Məsiağa
Əhməd oğlu Məhəmmədi 1963-cü il mayın 1-də Əli-Bayramlı şəhərində
anadan olub. Azərbaycan Dövlət Universitetinin
şərqşünaslıq fakültəsini fərqlənmə
diplomu ilə bitirib. 1985-1987-ci illərdə
Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə
olub. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər
Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq
İnstitutunda laborant, kiçik elmi işçi, böyük
elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində
çalışıb. 2004-cü ildən həmin
institutun İran filologiyası şöbəsinin müdiridir.
1993-ci ildə Qarabağ müharibəsində iştirak edib,
1993-1994-cü illərdə Bakı Ali Birləşmiş
Komandanlıq Məktəbinin (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi)
xarici dillər kafedrasının dosenti olub. 2003-2004-cü illərdə
Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyində elmi işlər üzrə
direktor müavini işləyib. 2011-ci ildən
Azərbaycan Respublikası Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin ekspertidir. Məsiağa Məhəmmədi tanınmış
şərqşünas-alim və tərcüməçidir,
filologiya üzrə fəlsəfə doktoru (1991), Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür. Evlidir,
iki gül balası var...
Məsiağa Məhəmmədinin elmi marağı, tədqiqat
sahəsi geniş və əhatəlidir. O, 1991-ci ildə dünya
şöhrətli şərqşünas, professor Rüstəm
Əliyevin rəhbərliyi altında “Saib Təbrizinin
lirikası və farsdilli poeziyada “hind üslubu” problemi”
mövzusunda dissertasiya müdafiə edib. Bu onun elmdə ilk
ciddi addımı olsa da, həmin tədqiqat təkcə
Azərbaycanda deyil, Rusiya, Özbəkistan, Gürcüstan,
İran və Almaniyada yaşayan mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilib. Dissertasiyada
ilk dəfə olaraq, “hind üslubu”nun təkamül mərhələləri,
ideoloji və estetik əsası müəyyən edilib.
Bununla
şərqşünaslığın şahrah yoluna
çıxmıç gənc Məsiağa dünya bədii
fikrinin korifeyləri olan Nizami, Sədi, Xacu, Hafiz,
Füzuli, Tərzi Əfşar, Kəlim Kaşani, Şəhriyar
və s. kimi şairlərin yaradıcılığı
haqqında elmi yeniliyi ilə seçilən olduqca maraqlı və
orijinal araşdırmalar aparıb, bir çox gizlində qalan
mətləb və problemləri aşkarlamaqla ədəbi-elmi
ictimaiyyətin daima diqqət mərkəzində olub. Şərqşünaslığa
aid dərin məzmunlu, problematik məqalələri
Bakıdan əlavə, Moskvada, Sankt-Peterburqda, İstanbulda,
Ankarada, Daşkənddə, Təbrizdə, Tehranda çap
edilib...
Onun elmi fəaliyyətinin mühüm bir istiqaməti də
mənbəşünaslıqdır. “Qızılbaşlar tarixi” adlı
anonim mənbəni, Yusif Qarabağinin “Yeddi bağ” risaləsini
geniş şərhlərlə fars dilindən
Azərbaycan dilinə tərcümə və çap edib. Həmçinin
İmam Qəzzalinin “Kimiyayi-səadət” əsərindən
müəyyən parçaları, Əbu Səid Əbül-Xeyr,
Baba Kuhi Bakuvi, Şəms Təbrizi, Cəlaləddin Rumi,
Şeyx Məhəmməd Xiyabani
yaradıcılığından müəyyən nümunələri
dilimizə çevirib. Müasir İran və Əfqanıstan
ədəbiyyatından bədii tərcümələr edib,
bu sahədə təcrübəli mütəxəssis kimi
yetişib, xüsusən fars şairi
Söhrab Sipehirdən etdiyi tərcümələr elmi-ədəbi
ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Bir sıra beynəlxalq və respublika konfranslarında
iştirak və çıxış edib, çoxsaylı
elmi monoqrafiya və topluların redaktoru olub. Rəsmi
opponent və üzv qismində Dissertasiya Şuralarının
işində iştirak edib. Məsiağa
Məhəmmədi pedaqoji fəaliyyətlə də məşğul
olub, Azərbaycan Universitetində və Bakı Dövlət
Universitetində Şərq ədəbiyyatı tarixindən
maraqlı mühazirələr oxuyub. O, mətbuat sahəsində
də fəaliyyət göstərib, bir sıra qəzet və
jurnalların redaktoru və redaksiya heyətinin üzvü
olub.
Məsiağa
Məhəmmədinin elm aləminə bəxş etdiyi xeyli sayda
araşdırmaları, tərcümələri və
kitabları var. Onun “Saib Təbrizi və farsdilli poeziyada “hind
üslubu”, “Sədi və Hafiz”, “Tədqiqlər və Tərcümələr”,
“Şəms və Mövlana”, “Güney Azərbaycan məsələləri”
monoqrafik tədqiqatları, “Qızılbaşlar tarixi” – fars
dilindən tərcümə və şərhlər, “Yusif
Qarabaği. Yeddi bağ” – fars dilindən tərcümə,
ön söz və şərhlər, “Müdərris Rəzəvi.
Nəsirəddin Tusinin həyatı və əsərləri”,
– fars dilindən tərcümə (Vidadi
Mustafayevlə birlikdə), “Söhrab Sipehri. “Suyun ayaq səsi”
(şeirlər və poema) – fars dilindən
tərcümə və ön söz, “Tərcümə
çələngi” kimi kitabları oxucular tərəfindən
sevilə-sevilə oxunur.
XX əsr
Azərbaycanında çox görkəmli şərqşünaslar
və farscadan tərcüməçilər
fəaliyyət göstərib – Həmid Araslı, Rüstəm
Əliyev, Məmmədağa Sultanov, Mübariz Əlizadə,
Mir Mehdi Seyidzadə, Əbülfəz Hüseyni, Həmid Məmmədzadə,
İsmayıl Cəfərpur, Rəhim Sultanov və
başqaları... Məsiağa Məhəmmədi bu məktəbin
müasir mərhələdə ən ləyaqətli, ən
istedadlı və ən məhsuldar, zəhmətkeş
davamçılarındandır...
Onun
yuxarıda adlarını çəkdiyim “Saib Təbrizi və farsdilli
poeziyada “hind üslubu”, “Sədi
və Hafiz”, “Tədqiqlər və Tərcümələr”,
“Şəms və Mövlana”, “Güney Azərbaycan məsələləri”
kitabları indiki çağda şərqşünaslığımızın
say-seçmə nümunələrindəndir.
Xüsusən, “Güney Azərbaycan məsələləri”
kitabı günümüzün ədəbi hadisəsinə
çevrildi, müxtəlif rəylər doğurdu. Məsələn,
Cavanşir Yusiflinin, Pərvanə Məmmədlinin, V.Məmmədovun,
A.Həsənovanın məqalələri bu baxımdan diqqətimi
çəkdi. Pərvanə Məmmədlinin bu fikirləri
tamamilə məqbuldur: “Son illər Güney Azərbaycanda
milli özünüdərk prosesi sürətlənib. Milli və mədəni haqlar uğrunda hərəkata
çevrilib. Bunu görməmək
mümkün deyil. Tarix boyu Quzey Güneydəki
hərəkata dəstək olub. Məsiağa
Məhəmmədi bu ənənəni bu gün də davam
etdirməyi vacib sayan ziyalılarımızdandır. Tanınmış şərqşünas-alim və
tərcüməçi bu işə həm qəlbinin
hökmü, həm də qələminin gücü ilə
xidmət göstərir. Amma daha çox
üzdə olmağı deyil, böyük türkçü Əli
bəy Hüseynzadə sayağı, “pərdə
arxasında” durmağı üstün tutur. Uzun illər elmi araşdırmaları, KİV-dəki
yazıları, çıxışları onun İran və
Güney Azərbaycan üzrə peşəkar mütəxəssis
kimi tanıdıb”.
Məsiağa
Məhəmmədini intellektual bir ziyalı kimi həm də, Azərbaycan
oxucusunun maariflənməsi işinə xidmət işi
düşündürür və bu istiqamətdə səmərəli
fəaliyyət göstərir.
Məsələn, onun bir şərqşünas kimi heç
tədqiq və maraq sferasına aid olmayan, amma Azərbaycan
oxucusuna əbədi lazım və vacib olan məsələlər,
ədəbi hadisələr, problemlər də nəzərindən qaçmır,
əlbəhəl bu seçmələri tərcümə edərək
bizlərə çatdırır. Sanki, “Oxuyun, bilin, məlumatınız
olsun!” mesajını göndərir! Məsələn, Məsiağanın
“Postmodernizm nədir?”, “Milorad Paviç ilə müsahibə”
kimi çevirmələri
bu qəbildəndir və maarifləndirmə funksiyası
daşıyır!
Onun tərcümə
sahəsində xidmətləri sırasında bir tərcüməsi
xüsusən fərqlənir və Azərbaycan tərcümə
ədəbiyyatı tarixində, deyərdim ki, əlahiddə
yer tutur. Bu da onun “Tərcümə çələngi”
kitabıdır. Bu kitabda Məsiağa Məmmədlinin
yüksək professionallıqla, qeyri-adi səriştə ilə
etdiyi bu tərcümələr də dediyimiz məqsədə
xidmət eləyir. O, arayıb tapdıqlarını,
düşüncələrini, bizlərlə yüksək
zövq və səxavətlə bölüşür,
oxucuların informasiya dairəsinin daha geniş, bədii
zövqünü daha təkmil etməyə, zənginləşdirməyə
çalışır, müasir təfəkkürü
cilalayır, əsərlərindəki dəyərli şəhrlərlə
elm aləmində və ictimaiyyətdə maraq doğuracaq
yeni, təzə-tər faktları, bizə məlum olmayan
bilgiləri çatdırmağa xidmət edir.
Onun tərcümələri sırasında Söhrab
Sipehrinin “Suyun ayaq səsi” kitabını da fərqləndirmək
istərdim.
Bu kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi,
“Dünya ədəbiyyatı” dərgisinin texniki
iştirakıyla “525-ci qəzet”in “525 kitab” seriyasından nəşr
olunan kitablar sırasındandır. Seriyanın rəhbəri,
AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru,
yazıçı-publisist Rəşad Məciddir və
onun bu kitabın tərcümə və nəşrini ədəbiyyatımızda
önəmli hadisə adlandırması da əbəs
deyil. Çünki Söhrab
Sipehri XX əsr yenidilli fars
poeziyasının ilk beşliyinə daxil olan maraqlı
şairlərdən biridir. Onu təkcə fars
ədəbiyyatının deyil, dünya ədəbiyyatının
əhəmiyyətli imzası kimi tanıyırlar. Söhrab
Sipehri istər “yeni şeir”in gəlişməsinə verdiyi
töhfə, istərsə də yaradıcılıq
üslubu baxımından diqqəti çəkir. Təsadüfi deyil ki, özündən sonrakı
poetik nəslə ciddi təsir edən Sipehri poeziyasına
bütün dünyada maraq ilbəil artmaqda, əsərləri
müxtəlif dillərə tərcümə edilməkdədir.
Sipehrinin şəxsiyyətinə özəl
marağı şərtləndirən amillərdən biri də
budur ki, o, İran mədəniyyəti tarixinə təkcə
böyük şair kimi deyil, həm də dünyaca məşhur
modernist rəssam kimi daxil olub. Məsiağa Məhəmmədi,
göründüyü kimi, həmişə belə dünya miqyaslı şəxsiyyətlərlə Azərbaycan oxucusunu tanış
edir və bu sahədə olduqca
əhəmiyyətli, vacib işlər görür...
Məsiağa Məhəmmədinin maraqlı
kitablarından biri də “Şəms və Mövlana”dır. Müəllif
kitabı unudulmaz dostu və həmkarı, görkəmli Azərbaycan
yazıçısı Əlibala Hacızadənin
işıqlı xatirəsinə həsr edib. Bu kitaba sufizmin və bütövlükdə Şərq
bədii-fəlsəfi düşüncəsinin ən parlaq
simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin
Rumi haqqında onun məqalələri, eləcə də
onların yaradıcılığından tərcümələri
daxil edilib. Məqalələrdə Azərbaycan şərqşünaslığı
və ədəbiyyatşünaslığında ilk dəfə
olaraq, Şəms Təbrizinin gerçək şəxsiyyəti
və düşüncələri üzərinə
işıq salınıb, onun bioqrafiyasının bəzi
qaranlıq və mübahisəli məqamlarına
aydınlıq gətirilməsinə, eləcə də
Mövlananın irəli sürdüyü fəlsəfi-ictimai
təlimin yığcam və anlaşıqlı şərhinin
verilməsinə çalışılıb. Həmişəki
kimi, bu kitabda yer almış və orijinaldan edilmiş tərcümələr
də Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur.
Onun əsərləri
sırasında “Sədi
və Hafiz” əsəridə xüsusi yer tutur. Bu kitaba Sədi və
Hafiz haqqında oçerklər daxil edilib. Müəllif Şərqin yetirdiyi bu iki
dühanın şəxsiyyəti və
yaradıcılığı haqqında oxucularda bitkin təsəvvür
yaratmağa çalışıb, onların ədəbi fəaliyyətinin
ən mühüm məqamlarını
işıqlandırmaqla bərabər, bir sıra məsələlərə
yeni baxış təqdim edib.
“Tədqiqlər və tərcümələr”də isə
müəllifin müxtəlif illərdə yazdığı
elmi məqalələrin və etdiyi tərcümələrin
bir qismi daxil edilib. Məqalələrdə Şərq, o cümlədən,
Azərbaycan ədəbiyyatının, fəlsəfi-ictimai
fikrinin nisbətən az öyrənilmiş
məsələlərinə toxunulub, bir sıra yeni faktlar və
materiallar aşkara çıxarılıb, orijinal mülahizələr
irəli sürülüb. Tərcümələr
bölümündə klassik irsimizin və müasir Şərq
ədəbiyyatının Azərbaycan dilinə ilk dəfə
çevrilən maraqlı nümunələri yer alıb.
Məsiağa Məhəmmədinin onlarla maraqlı məqalələri
sırasında mənim ən çox bəyəndiklərimdən
biri də “Məmmədhüseyn Şəhriyar və İran ədəbi
mühitı” məqaləsidir. Məncə, necə Belinskini oxumadan
Puşkini olduğu kimi başa düşmək
olmadığı kimi, Məsiağanın bu məqaləsini
oxumadan Şəhriyarın da kim
olmasını dəyərincə başa düşmək
mümkün deyil. Bu məqalənin son cümlələrini
oxucularımla bölüşürəm: “Hazırkı
qloballaşma şəraitində modernləşmənin yeni mərhələsi
ilə üzləşən Şərq aləmi, o cümlədən,
İran və Azərbaycan mühiti üçün Şəhriyar
yenə də aktualdır, bir çox müasirlərindən
və poetik rəqiblərindən fərqli olaraq, öz
sözü ilə XXI əsrə adlayıb, onun poeziyası
zamanın sınağından və ədəbi
döyüşlərdən qabiliyyətlə
çıxıb.
“İnşallah ki, qalibəm mən!” – deyirdi
böyük Füzuli. Bu söz Şəhriyara
da aiddir. Əgər bu gün ona İranın milli
şairi statusu verilibsə, onun vəfat günü milli
şeir günü kimi qeyd olunursa, doğma yurdunun Güneyində
və Quzeyində misraları dillər əzbəridirsə,
Şəhriyar, həqiqətən də, qalibdir”.
Bu sözləri Məsiağa Məhəmmədinin
yaradıcılıq fəaliyyətinə də aid etmək
olar. Bu 25
illik elmi yaradıcılıq müddətində “bir nər dəvənin
yükü”nü çəkəcək işlər ortaya
qoyub...
Qurban BAYRAMOV
525-ci qəzet.-
2013.- 1 may.- S.7