Azərbaycan
arxivşünaslığının atlantı
“Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkinci də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir.”
HEYDƏR ƏLİYEV
Ötən əsrin 80-ci illərində televiziya ekranlarında Belarus istehsalı olan, İvan Şamyakinin eyniadlı romanı əsasında Aleksandr Qutkoviçin çəkdiyi səkkiz seriyalı “Atlantlar və kariatidalar” filmi nümayiş etdirilmişdi. Həmin filmdə İosif Kobzonun bənzərsiz səsi ilə ifa etdiyi Robert Rojdestvenskinin sözlərinə Roman Lebedevin bəstələdiyi mahnının ecazkar musiqisi və fəlsəfi mətni hafizəmə nəqş olunub: Atlantlar titanik gücə sahib bahadırlardır. Amma hər halda, insanlar onlardan güclüdürlər. Çünki çiyinlərində ağır yük saxlayan atlant (yunan mifologiyasına görə, çiyinlərində göy qübbəsini saxlamaqla cəzalandırılmış titan; memarlıqda vertikal sütun - azman kişi fiquru) bir yerdə dayanır, hərəkət etmir, statikdir. İnsan isə çiyinlərindəki bu qədər ağır yüklə dinamik olmağa, yeriməyə, işləməyə və yaşamağa məhkumdur... Təxminən eyni illərdə Azərbaycan Respublikası dövlət arxiv xidmətinin (o zamankı Baş Arxiv İdarəsinin) rəhbərliyinə ömrünün 22 ilini arxiv sisteminə həsr etmiş Ataxan Əvəz oğlu Paşayev gətirilmişdi. Bu, son dərəcə ağır bir yük idi və bu zəngin xəzinənin ağırlığı və məsuliyyəti altında duruş gətirə bilmək atlant misalı titanik qüvvə, dərin bilik və bacarıq, ən əsası, milli ruh və təəssübkeşlik, vətəndaş qeyrəti tələb edirdi. 90 illik yubileyi silsilə tədbirlərlə qeyd edilən Ulu öndərimiz Heydər Əliyevin bu məqaləyə epiqraf olaraq seçdiyimiz müdrik kəlamı arxiv işinin siqlətini, ciddiliyini və tarixi əhəmiyyətini sərrast ifadə edir. Həqiqətən də, arxivlər hər bir xalqın varlıq və inkişaf tarixinin salnaməsi, milli yaddaşının saxlancı, misilsiz mənəvi sərvətidir. Artıq 30 ilə yaxındır ki, Ataxan müəllim özünütəbliğ və psevdovətənpərvərlikdən uzaq təvazökar həyat tərzi və prinsipial iş üslubu ilə xalqımızın arxiv mirasına sadiq gözətçilik və səriştəli rəhbərlik edir. Milli arxiv fondunun formalaşdırılması və fəaliyyətinin tənzimlənməsi, dövlət uçotu və arxiv sənədlərinin etibarlı mühafizəsi, elmi-məlumat aparatının yaradılması və onlardan hərtərəfli istifadənin təşkili sahəsindəki işlər bilavasitə onun rəhbərliyi altında həyata keçirilir. XX əsrin əvvəllərinə (6 dekabr 1920-ci ilə) qədər dövlət idarəçiliyinin əsas atributlarından sayılan arxivi olmayan Azərbaycanda bu gün bilavasitə Milli Arxiv İdarəsinə tabe olan respublika əhəmiyyətli 6 dövlət arxivi (Azərbaycan Respublikası Dövlət Arxivi, Dövlət Tarix Arxivi, Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Dövlət Elm və Texnika Sənədləri Arxivi, Dövlət Kino-foto Sənədləri Arxivi, Dövlət Səs Yazıları Arxivi), Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi, habelə 57 rayon və şəhər dövlət arxivləri fəaliyyət göstərir.
Ataxan müəllimi fərd və şəxsiyyət olaraq 1 May 1938-ci ildə doğulduğu və uşaqlığını keçirdiyi Culfa rayonunun Başkənd torpağı, 1¹li orta məktəb şagirdliyinin və Kənd Təsərrüfatı Texnikumunda təhsil aldığı anasız yeniyetməlik illərinin Naxçıvan şəhər mühiti, 1958-ci ildən başlayan paytaxt həyatı və 1963-cü ildə fərqlənmə diplomu ilə bitirdiyi Azərbaycan Dövlət Universitetinin tarix fakültəsindəki maddi çətinliklərlə dolu tələbəlik dünyası formalaşdırıb. Əmək fəaliyyətinə 1962-ci ildə hələ tələbə ikən Oktyabr İnqilabı və Sosializm quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963-1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti olub. 1966-1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru işləyib. Arxiv işi sahəsindəki mühüm xidmətlərinə görə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb (1981). Dissertasiyalar müdafiə edərək tarix elmləri namizədi (1981) və tarix elmləri doktoru (2008) elmi dərəcələri alıb. Beynəlxalq Arxivlər Şurasının 7-ci (1972, Moskva), 13-cü (1996, Pekin) və 14-cü (2000, Sevilya), 2004 Vyana konqreslərinin nümayəndəsi olub və bu konqreslərdə Beynəlxalq Arxivlər Şurası Baş assambleyasının üzvü seçilib. Keçmiş SSRİ, Müstəqil Dövlətlər Birliyi, habelə Türkiyə Cümhuriyyəti arxiv orqanları və tarix qurumlarının keçirdiyi beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış edib.
Ataxan müəllimi uzun boyu, şax yerişi, ötkəm danışığı ilə xatırlayan tələbəlik dostlarının şahidliynə görə, bu illər ərzində o, çox dəyişməyib. Bəlkə, addımları bir az yavaşlayıb, yerişi daha asta, nitqi daha aramlı olub, lakin elmi-tədqiqat əsərlərində, publisistik məqalələrində, müxtəlif televiziya verilişləri və konfranslardakı çıxışlarında öz prinsipiallığından və obyektivliyindən zərrəcə uzaqlaşmayıb. Güzəştsiz iş prinsipini, dürüst vəzifə əxlaqını və rəhbərlik bacarığını yaxından müşahidə edən həmkarı olaraq, eləcə də əksəriyyəti avtoqraflı bütün kitablarının oxucusu kimi, onun bu məziyyətlərini mən də təsdiq edirəm. Uzun illər tarixçı-arxivşünas kimi tanıdığım Ataxan müəllimlə yaxın ünsiyyətdən sonra ilk qənaətim bu olub ki, onun əqidəsi, həyat fəlsəfəsi, elmi fəaliyyəti və iş prinsipi türk şairi Orxan Vəlinin üç misralıq, ancaq dərin poetik yüklü şeiri ilə həmahəngdir:
Bu vətən üçün nələr etmədik...
Kimimiz öldük,
Kimimiz nitq söylədik.
Azərbaycan sevgisi ilə dolu, doğma torpağa təmənnasız vətəndaşlıq duyğuları ilə bağlı, dövlətimizə və dövlətçiliyimizə sədaqətli Ataxan müəllim bu Vətən üçün ölmədi, amma nitq də söyləmədi. Ömrünü bu anayurd üçün ölənlərin milyonlarla işi ehtiva edən yazılı tarixi mirasının etibarlı mühafizəsinə və nadir sənədlərinin etibarlı qorunub saxlanmasına həsr etdi. Həyat həqiqətlərinin təhrifinin qarşısını alan, dünya ictimaiyyətinə zalımın məzlum, işğalçının sülhsevər kimi sırınmasını əngəlləyən tarixçi-alimlərimizdən oldu. Erməni məkrinin, xəstə erməni xislətinin, “dənizdən-dənizə böyük Ermənistan” xülyasının puçluğunu və heçliyini sübut etmək üçün onlarla kitab və məqalə yazdı. Bütün bunları əlinin zəhməti, gözünün nuru, beyninin analitik düşüncəsi ilə edərkən, quru sözçülükdən, deklarativ şablonçuluqdan, elmdənkənar metodlardan uzaq durdu. Hər zaman və hər yerdə elmi ədəbiyyatın dili, rəqəmlərin sağlam və dəmir məntiqi ilə danışdı. Kitab və məqalələrini rəsmi sənədlərə və yazışmalara istinad edərək, çox ciddi araşdırmalar apararaq, arxiv materialları və faktlarına söykənərək obyektiv və peşəkar təhlillə qələmə aldı. O, ilk məqalələrinin dərc olunduğu 60-cı illərdən bugünə qədər keçən 50 ildə Azərbaycan, rus və türk dillərində 10 kitab, 200-dən artıq elmi və publisistik məqalə çap etdirib, mötəbər beynəlxalq elmi-praktik konfranslarda iştirak və məruzələrlə çıxış edib. Elmi-pedaqoji fəaliyyətlə də məşğul olan Ataxan müəllim uzun illər Bakı Dövlət Universiteti və Azərbaycan Politexnik İnstitutu tələbələrinə arxivşünaslığa dair yüksək nəzəri səviyyəli mühazirələr oxuyub. Hal-hazırda Bakı Slavyan Universitetinin professoru olaraq gənc nəslə “Azərbaycanda arxiv işinin tarixi və təşkili” fənnindən dərs deyir. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu Elmi şurasının və bu İnstitutun nəzdindəki Dissertasiya şurasının üzvüdür.
Ataxan müəllim özünün aforizm kimi səslənən “Hansı xalqın ki, mükəmməl arxivi var, o xalqın həqiqətən də mükəmməl yazılmış tarixi var” düşüncəsinə heç zaman dönük çıxmayıb. Onun mükəmməl olması üçün böyük əmək sərf etdiyi arxiv sisteminin materialları əsasında yazdığı kitab və məqalələr də öz məzmun və mündəricəsi, tarixi fakt və sənədlərə sədaqəti ilə seçilir. Onun “XIX–XX əsrlərdə ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar”, “Köçürülmə”, “Tarixi həqiqətlər və erməni soyqırımları”, “Deportasiya”, “Bakıda 1918-ci il mart faciəsi”, “Şamaxı faciələri”, “Zəngəzur faciələri”, “Quba qırğınları”, “Qarabağ bölgəsində erməni vəhşilikləri”, “Erməni xisləti”, “Erməni məkri” kimi monoqrafiya, kitab və məqalələrinin hər biri saxtakarlıqlarla nəinki öz tarixlərini, eləcə də Cənubi Qafqazın keçmişini, onun ərazilərinin bölgü prinsiplərini hiyləgərcəsinə alt-üst edən nankor qonşu və mənfur düşmənin üzünə, ikili standartlar və yalan dolu hədyanlarla yaşamağa alışmış dövlətlərin riyakar sifətlərinə çırpılmış şapalaqdır. Bu əsərlərin hamısı üçün ortaq bir məxrəc var: onların ərsəyə gəlməsində istifadə olunan rəqəmlər, rəsmi sənəd və yazışmalar, arxiv fakt və materialları ermənilərin tarix boyu, eləcə də günümüzdə ortaya atdıqları uydurma problemlərə, Türk dünyasına qarşı məkrli planlarına qarşı qoymaq baxımından əvəzsiz, inkarı mümkünsüz və təkzibolunmaz mənbələrdir. Ataxan müəllimin tarixşünaslıq anlayışı ümummilli liderimiz Heydər Əliyevin tarixə və tarixçiliyə dair düşüncəsindən qidalanır: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz”.
Qısa müddət əvvəl, 31 Mart soyqırımı hadisəsi ölkəmizdə geniş tədbirlərlə anıldı. Ataxan müəllimin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar (XIX–XX əsrlər)” adlı tədqiqat əsəri fevral ayının ortalarından mart ayının axırlarına qədər hissə-hissə “Respublika” qəzetində dərc edildi. Tanınmış türkoloq və publisist Allahşükür Qurbanov məqalənin təqdimat yazısında bu tədqiqat işini çox yüksək qiymətləndirir: “Kitab 20 ildən artıqdır ki, beynəlxalq münasibətlər sisteminin gündəliyində olan, lakin ikili standartlar və qərəzli yanaşmalarla “tənzimləndirilməyə” çalışılan Qarabağ probleminin, 20 Yanvar faciəsinin, Xocalı soyqırımının, Azərbaycan ərazisinin 20 faizinin işğalının, bir milyondan artıq qaçqın-köçkün probleminin əsl səbəblərini, bu hadisələr zamanı törədilən vəhşilikləri, cinayətləri ortaya qoymaqla yanaşı, son Qarabağ hadisələrinə qədər də Azərbaycana və azərbaycanlılara qarşı törədilmiş soyqırımı və deportasiyaların real mənzərəsini göstərmişdir.”
Biz kitab haqqında “Erməni məsələsinə dair tarixi həqiqətlər” adlı geniş və dəyərli məqalə ilə çıxış edən professor Fazil Qaraoğlunun da bu fikrini paylaşırıq ki, əsər “erməni məsələsi” ilə bağlı Azərbaycan həqiqətlərini, öz dövlət müstəqilliyini əldə edən xalqımızın sovet hakimiyyəti illərində gizlədilmiş, bilərəkdən təhrif olunmuş və ört-basdır edilmiş problemlərini dünya ictimaiyyətinə çatdırmaq işində layiqli mənbə olmaqla yanaşı, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edənlərə elmi ədəbiyyatdan, tarixi faktlardan və rəsmi arxiv sənədlərindən istifadə etməklə verilən ən tutarlı cavabdır.
2011-ci ildə Ataxan müəllimin “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyaları. XIX-XX əsrlər” əsəri Türkiyənin payatxtı Ankarada də nəşr edilmiş, ictimaiyyət arasında böyük rezonans doğurmuşdu. Qardaş ölkədə Ataxan müəllimi tarixçi-alim və arxivşünas kimi yaxşı tanıyırlar. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə Türkiyə Respublikası Dövlət Arxivləri Baş İdarəsi arasındakı sıx əməkdaşlığın və işgüzar görüşmələrin bəhrəsi olan “Azərbaycan sənədlərində erməni məsələsi (1918-1920)” irihəcmli (700 səhifəlik) sənədlər toplusunun ərsəyə gəlməsində çox mühüm xidmətləri olan Ataxan müəllim kitabın son dərəcə əhatəli və türk tarixçilərinin minnətdarlıq və qədirşünaslıqla qiymətləndirdikləri giriş hissəsinin də müəllifidir.
Ataxan müəllimin iştirakı, müqəddimə müəllifliyi və məsul redaktorluğu ilə işıq üzü görən “Azərbaycan Respublikası dövlət arxivləri: məlumat kitabı” respublikamızda arxiv işinin təşkili və onların qarşısında qoyulmuş vəzifələrin peşəkar şərhi, dövlət arxivlərinin yaranmasının yığcam, lakin dolğun tarixidir. Kitaba dövlət arxivlərində mühafizə olunan sənədlərin tərkibi və məzmunu, hər bir arxivin yaranma tarixi, strukturu haqqında məlumatlar daxil edilmiş, hər bir arxivdə saxlanılan fondların tərkibi və məzmunu haqqında əvvəllər nəşr olunmuş məlumat kitabları, xülasələr, siyahılar və arxivlərin sənəd nəşrləri haqqında məlumatlar da əlavə edilmişdir.
Ataxan müəllimin rəhbərlik etdiyi Milli Arxiv İdarəsi və tabeçiliyindəki Dövlət arxivləri əməkdaşlarının gerçək tariximizi, ermənilərin törətdiyi vəhşilikləri özündə əks etdirən və uzun illər onun həqiqi sahibi olan xalqdan gizli saxlanılan arxiv sənədləri və materialları əsasında hazırlayaraq nəşr etdirdikləri çoxcildli sənəd topluları respublika ictimaiyyəti tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövrünə aid əvəzsiz mənbə olan və böyük əksəriyyəti ilk dəfə işıq üzü görən 7 cildlik arxiv sənədləri və materialları toplusu “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 30 yanvar tarixli Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının qərarı ilə çap olunmuşdur. Topluda müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti öz geniş əksini tapmışdır. Məcmuədə dərc olunan sənədlərin arxeoqrafik qaydalarla işlənilməsi, ona elmi-məlumat aparatının hazırlanması kimi çətin və məsuliyyətli işi Ataxan müəllimin özü yerinə yetirmiş, kitaba sanballı müqəddimə yazmışdır.
Ataxan müəllimin “Cümhuriyyət parlamentinə gedən yol” kitabı Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamentinin meydana gəlməsinə qədər xalqın iradəsini ifadə etmiş Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası və Azərbaycan Milli Şurasının tariximizdəki fəaliyyətini əks etdirən sənədlər əsasında qələmə alınmış dəyərli publisistik oçerklərdir.
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və ümummilli lider Heydər Əliyevin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli “Azərbaycan Respublikasında arxiv işinin təkmillədirilməsi haqqında” Fərmanının icrası ilə əlaqədar “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında Əsasnamə”, “Azərbaycan Respublikası dövlət arxivlərinin əsas iş qaydaları” və digər normativ-hüquqi sənədlər bilavasitə Ataxan müəllimin rəhbərliyi ilə işlənib hazırlanmış, arxiv xidmətinin statusu və strukturu müstəqil Azərbaycan Respublikasında gedən dövlət quruculuğu işinin tələblərinə uyğun şəkildə yenidən qurulmuşdur.
2008-ci il oktyabrın 9-da Milli Arxiv İdarəsinin Bakıdakı yeni binasının istifadəyə verilməsi münasibətlə keçirilən mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrini əldə rəhbər tutan Ataxan müəllim başçılıq etdiyi kollektivi arxiv işi sahəsində vahid informasiya bazası yaradılması, elektron-informasiya daşıyıcılarının imkanlarından lazımınca istifadə olunması, arxiv xidməti təşkilatlarının müasir standartlara cavab verən maddi-texniki təchizatla təmin edilməsi istiqamətində işləri sürətləndirməyə səfərbər etmişdir. Hal-hazırda Milli Arxiv İdarəsində və onun tabeçiliyindəki Dövlət arxivlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan və cari ilin yanvar ayından etibarən paytaxtımızda fəaliyyət göstərməyə başlayan 1 ¹li “Asan xidmət” mərkəzi vasitəsilə elektron xidmətlərdən daha geniş istifadə olunur, vətəndaşların müvafiq sosial-hüquq xarakterli sorğu və müraciətləri əsasında onlara arxiv arayışları, arxiv sənədlərindən çıxarışlar və arxiv sənədlərinin surətlərinin verilməsi işi uğurla həyata keçirilir.
Ataxan müəllimin kitablarından biri “Açılmamış səhifələrin izi ilə” adlanır. Düz 10 il əvvəl işıq üzü görən bu kitab haqqında mətbuatda məqalələr dərc olunub, dəyərli fikirlər söylənilib. Tarixi fakt və sənədlərə, arxiv materiallarına Ataxan müəllim qədər diqqətli və həssas yanaşan professor Şirməmməd Hüseynovun kitabla eyniadlı məqaləsindəki bir fikrindən mən də yan keçə bilmədim: “Neçə vaxtdır ki, bu sərlövhəyə tez-tez rast gəlirik. Əsası və haqqı olan da onu seçir, oxucuya təqdim edir, olmayan da. Nə edəsən, keçid dövrüdür. Amma başqa sahələrdə olduğu kimi keçmişimizi öyrənmək, dərk etmək, ondan faydalanmaq və ibrət dərsi götürmək baxımından da açılmış səhifələri yeni kimi təqdim etmək meylləri də görünməkdədir... Həqiqətən qiymətli tarixi-mənəvi xəzinəmizin açılmamış səhifələrini səriştəli, dəlilli-sübutlu, yerli-yataqlı açan bir müəllifə, onun uzun və gərgin zəhməti bahasına ərsəyə yetirdiyi əsərə rast gələndə sevinməyə bilmirsən...”. Hörmətli pedaqoq və alim-publisistin məqaləsində deyilənlər Ataxan müəllimin tarixçi-arxivşünas məziyyətini, tədqiqatçı prinsipiallığını xarakterizə etmək üçün bu gün də eyni dərəcədə mötəbərdir.
Həmin kitabda bədii-publistik üslubda qələmə alınmış iki sənədli xatirə də var: öz şəxsi arxivini təmənnasız olaraq Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə bağışlayan Moskva Dövlət Universitetinin professoru, dəyərli alim Əziz Şərif və müəllifin “Əzizimiz, müəllimimiz” dediyi görkəmli ədəbiyyatşünas Abbas Zamanov haqqında... Oxumağa, hər iki şəxsiyyətin dostluğa sədaqətinin, doğma torpağa bağlılığının, milli təəssübkeşlik və vətəndaş qeyrətinin miqyasını, “həmişə şən, zarafatcıl və şux görünən Abbas müəllimin” böyük kədərinin gizlinlərini öyrənməyə dəyər!
Ataxan müəllimin elmi və publisistik fəaliyyətinin önəmli bir hissəsini Azərbaycan mətbuat tarixində əvəzsiz rol oynamış, XX əsr ictimai fikir və ədəbiyyat tariximizdə yeni bir dövr açmış, klassik irsimizin dəyərli abidələrindən biri, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərq ölkələrində siyasi satiranın ilk qaranquşu “Molla Nəsrəddin” jurnalı və onun nəşri tarixi təşkil edir. Onun çoxu elmi ictimaiyyətə ilk dəfə təqdim edilən arxiv sənədləri, o dövrün rəsmi və dövri mətbuat materialları əsasında qələmə aldığı namizədlik dissertasiyasında və məqalələrində, eləcə də müəllifi olduğu “Molla Nəsrəddin”: dostları, düşmənləri” və nəşrə hazırlayıb redaktorluq etdiyi “Molla Nəsrəddin jurnalının nəşri tarixindən” adlı iki dəyərli kitabda məhz bu jurnalın nəşrində qarşılaşılan çətinliklərdən, məcmuənin təqibi ilə bağlı məsələlərdən, jurnalın yaradıcısı dahi sənətkar Cəlil Məmmədquluzadə ilə onun yeni tipli cəmiyyət quran mütərəqqi ruhlu ziyalı dostları və köhnə burjua-mülkədar dünyasından əl çəkməyən düşmənləri arasında gedən amansız mübarizədən tarixçi səriştəliliyi, publisist məharəti və arxivşünas dəqiqliyi ilə söhbət açılır.
Ataxan müəllim ötən ilin son günlərində APA-ya verdiyi müsahibəsində qeyd edir ki, “Azərbaycan arxivlərində ermənilərin yalan iddialarına cavab verəcək sənədlər var. Təəssüf ki, Azərbaycan tədqiqatçıları bu sənədlərlə işləməyə elə də maraq göstərmirlər... Erməniləri ifşa etməyi özünə həyat yolu seçən çox az tədqiqatçı var”. Sonuncu cümlənin yönünü Ataxan müəllimin özünə sarı dəyişdirərək belə demək mümkündür ki, o, “erməniləri ifşa etməyi özünə həyat yolu seçən” yorulmaz tarixşünaslarımızdan biridir. Cəmi bir neçə həftə əvvəl onun görkəmli tarixçi-alimlərimiz – Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, millət vəkili Y.Mahmudov və tarix üzrə fəlsəfə doktoru E.Məhərrəmovun redaktorluğu ilə “Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar. XIX-XX əsrlər” kitabının rus dilində böyük tirajla nəşri bu yorulmazlığın, prinsipiallığın, vətənə və millətə xidmətin, tarixçi-arxivşünas məsləyinə sədaqətin bariz nümunəsi və parlaq sübutudur.
İki gün öncə Azərbaycan prezidenti cənab İlham Əliyevin Ataxan Paşayevi Şöhrət ordeni ilə təltif etməsi yubilyarın əməyinə verilmiş böyük qiymətin təzahürüdür.
75 illik ömrünün 50 ilini Azərbaycanda arxiv quruculuğuna, “yeddi qıfıl arxasında gizlədilmiş” səhifələrinin açılmasına, mədəniyyətimizi və tariximizi təhrif edənlərə qarşı mübarizəyə həsr edən Ataxan müəllimin bu şərəfli işi bundan sonra da eyni əzmkarlıqla sürdürməsi naminə ayaqlarına taqət, qollarına qüvvət, zehninə açıqlıq, gözünə itilik, qələminə kəsərlik və sağlam uzun ömür arzulayıram.
Əsgər Rəsulov,
filologiya üzrə elmlər
doktoru, professor
525-ci qəzet.-
2013.- 1may.- S.5.