Fenomen şəxsiyyət
İyirminci
əsrin ortalarından hazırkı dövrə kimi Azərbaycanın
davam edən tarixini, xalqımızın həyatındakı
baş vermiş mühüm hadisələri Heydər Əliyevdən,
onun ictimai-siyasi fəaliyyətindən ayrı təsəvvür
etmək mümkün deyil. Sadə, siyasi proseslərdə
heç bir iştirakı olmayan ailədə dünyaya gələn
bu şəxsin həyatı gənc yaşlarından Azərbaycan
xalqının həyatı ilə qırılmaz şəkildə
bağlanaraq özündə xalqın gələcək
müqəddəratını həll etmək
intensiyasını ifadə etmişdir. Yəni bu şəxs,
Azərbaycan üçün, tarix üçün dünyaya
gəlmiş və yaşamışdır.
Sovet
rejiminin Azərbaycan xalqı üçün doğurduğu
ağrıları, çətinlikləri görə-görə
siyasi xadim kimi yetişən Heydər Əliyev ruhunun sosial həyatda
açılış dinamikası onun sosial
refleksiyasının nədə ifadə olunduğunu
açıq-aşkar göstərməkdədir. Ruhdakı zənginliyin,
mətin, dönməz iradənin, dərin zəkanın, digərləri
üçün sirli qalacaq intuisiyanın üzərində
qurulan bu refleksiya Heydər Əliyevin daxili, ruhi-mənəvi
keyfiyyətlərindən, tələbatından irəli gəlməklə
Azərbaycanın taleyüklü məsələlərini həll
etmək, öz həyatı ilə xalqın tarixini yaratmaq,
tarixi prosesləri istiqamətləndirmək kimi hallarda
obyektivləşmiş və xalqın həyatı
üçün təkrarolunmaz sosial-siyasi mahiyyət kəsb
etmişdir. Bu səbəbdəndir ki, uzun müddət Heydər
Əliyevin siyasi fəaliyyətinin izləmiş şəxs
kimi Oljas Suleymanov sonralar yazırdı ki, Əliyevdə zəngin
siyasi təcrübə, kəskin məntiq və tarixi prosesləri
istiqamətləndirə bilmək istedadı var.
...İyirminci
əsrin 60-cı illərinin sonunda respublika iqtisadiyyatı dərin
böhrana düçar olmuşdur. Respublikamız milli gəlirin
həcminə və inkişaf templərinə, sənaye və
kənd təsərrüfatı istehsalının həcminə,
elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsala tətbiqinə,
ictimai əməyin məhsuldarlığına görə
ümumittifaq göstəricilərindən xeyli geri
qalırdı. O dövrün rəhbərliyi bu böhranı
həll edə bilmirdi və respublikada hakimiyyətin
bacarıqlı təşkilatçılığı olan, qətiyyətli
addımlar ata bilən şəxsə vermək zərurəti
yaranmışdır. Azərbaycan və ittifaq Kommunist
Partiyası, bu dövrün siyasi elitası digər siyasi
fiqurlardan konformist olmamağı, təşəbbüskarlığı
ilə seçilən Heydər Əliyevi Azərbaycanı
böhrandan çıxara biləcək şəxs kimi qəbul
etdiyindən o, yüksək intellekti, mənəvi keyfiyyətləri,
iradə gücü ilə fərqlənən siyasi xadim kimi
xarakterizə olunmaqla 1969-cu ilin iyul ayının 14-də Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçildi. Sözün qısası, cəmiyyəti
böhrandan çıxarmaq üçün hakimiyyət ona
verildi. Bu, Heydər Əliyevin xilaskarlıq missiyasının
birinci, Azərbaycanın gələcək
inkişafının təməlqoyma mərhələsi idi.
Heydər
Əliyevin gördüyü quruculuq işləri nəticəsində
1970-1980-ci illərin əvvəllərində Azərbaycanda
ictimai həyatın bütün sahələrində
ardıcıl, güclü inkişaf baş verdi. Onun elm, təhsil,
səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələr
üzrə gördüyü məqsədyönlü tədbirlər
nəticəsində respublikada yaranmış güclü
sosial, iqtisadi və intellektual potensial sonradan Azərbaycanın
müstəqilliyi üçün mühüm rol
oynamışdır. Ümummilli lider sonralar özü də
qeyd edirdi ki, Azərbaycanın dövlət müstəqilliyi
və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan
xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına
get-gedə daha da dərindən inteqrasiya olunması hələ
1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı
potensialına əsaslanır.
Heydər
Əliyevin Azərbaycana nə dərəcədə
bağlı olduğunu bilən Qorbaçov və SSRİ
Kommunist Partiyasına güclü təsir göstərən
erməni lobbisi Qarabağ hadisələrinə məhz o,
SSRİ rəhbərliyindən gedəndən sonra
başladılar. Həmin qüvvələr hər cürə
çalışırdılar ki, onu Azərbaycandan təcrid
vəziyyətdə saxlasınlar. Lakin Qorbaçov bilə bilməzdi ki, özü
hakimiyyəti tezliklə itirəcək, Heydər Əliyev isə
bir daha Azərbaycan Respublikasının, bu dəfə müstəqil
Azərbaycanın lideri, həm də ki, xilaskarı və
müstəqil Azərbaycan dövlətçiliyin təminatçısı
olacaq. Heydər Əliyev ruhunun hansı gücə malik
olduğunu ancaq Heydər Əliyev və ona inanan xalqı
bilirdi.
Müstəqil
Azərbaycan dövlətçiliyini qorumaq
çağırışı ilə hakimiyyətə gələn
Heydər Əliyev qısa bir zamanda seperatizmi dəf edərək,
volyuntarist qüvvələri siyasi və hərbi cəhətdən
zərərsizləşdirib ölkə daxilində
dayanıqlı və möhkəm sabitliyi təmin etməklə
bir çoxları tərəfindən gözlənilməyən
qətiyyətlə, uzaqgörənliklə dövlət
quruculuğu fəaliyyətini həyata keçirməyə
başladı. Azərbaycanda baş verən hadisələri
müşahidə edən və bu bölgədə
maraqları olan dövlətlərin başçıları,
nüfuzlu siyasi xadimlər də Heydər Əliyevi Azərbaycanı
üzləşdiyi ümidsiz, ağır vəziyyətdən
qurtara biləcək yeganə siyasi xadim kimi qəbul edirdilər.
Bu səbəbdəndir ki, Süleyman Dəmirəlin Heydər
Əliyevi siyasi lider kimi xarakterizə edərkən söylədiyi
kimi, bütün iri dövlətlərdə, nüfuzlu beynəlxalq
və regional təşkilatlarda istədiyi qapı üzünə
açıq olan ümummilli lider aktiv xarici siyasət aparmaqla
qısa zamanda Azərbaycanın dünya ictimaiyyətinə
inteqrasiyasına, beynəlxalq təşkilatlarda fəal
iştirakına, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı informasiya blokadasını qıraraq Dağlıq
Qarabağın Azərbaycan respublikasının tərkib hissəsi
kimi tanınmasına və
problemin həlli ilə bağlı beynəlxalq aləmdə
qəbul ediləcək əsas prospektinin müəyyən
edilməsinə nail olmuşdur. Ümummilli liderin
apardığı qətiyyətli, çevik, Azərbaycanın
inkişafı üçün bütün optimal halları
ehtiva edən siyasətin doğurduğu nəticələrini
görən ABŞ prezidenti Klinton bölgədə cərəyan
edən hadisələri qiymətləndirərkən söyləmişdir
ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan
firavan gələcəyin bünövrəsini qoymaqdadır.
Həm
xalq tərəfindən, həm də beynəlxalq aləmdə
xarizmatik lider kimi qəbul edilən Heydər Əliyevin
apardığı siyasət nəticəsində Azərbaycanın
hərtərəfli inkişafına təminat verən siyasi,
sosial-mədəni, hüquqi qaydalar və münasibətlər
həm xalqın, həm da dünya ictimaiyyətinin
tanıdığı unikal siyasi legitimlik modelini
formalaşdırmışdır. Heydər Əliyevin öz
xalqı qarşısındakı missiyasına söykənən
bu legitimlik onun hakimiyyətinin substansional əsasını təşkil
etməklə, həm də siyasilikdən kənara
çıxmış və Heydər Əliyev ruhunun milli ruha
transendensiyasının qavranılan və hiss edilən təzahürünə
çevrilmişdir.
Möhkəm
hüquqi əsası olmadan Azərbaycanın hərtərəfli
inkişafını qeyri-mümkün hesab edən ümummilli
lider, Azərbaycanın hüquq sistemini və dövlət
idarəçiliyini möhkəm təməl üzərində
qurmaq üçün bəşəriyyətin nail olduğu
mütərəqqi, humanist normalara söykənən milli
Konstitusiyamızın müəllifliyini də öz üzərinə
götürdü. 1995-ci ildə insan hüquqlarının təmin
olunmasını dövlətin əsas məqsədi kimi bəyan
edən və Azərbaycanda hüquqi-demokratik dövlətçiliyin
təminatı olan Konstitusiyamızın qəbul edilməsi ilə
yanaşı ulu öndərin rəhbərliyi ilə
yaradılan Hüquqi İslahat Komissiyasının fəaliyyəti
nəticəsində tez bir zamanda müasir tələblərə
cavab verən və sonradan daha da təkmilləşdirilən
mühüm normativ-hüquqi aktlar-məcəllələr,
qanunlar hazırlanmış, ədalətli məhkəmə
müdafiəsini həyata keçirməyə imkan verən
yeni məhkəmə sistemi
formalaşdırılmışdır.
Heydər
Əliyevin hüquq siyasətinin kvintessensiyasını,
başqa sözlə desək cövhərini insan hüquq və
azadlıqlarını təmin edə bilən dayanıqlı
dövlət mexanizmi, qanunçuluğa söykənən hüquq-mühafizə
orqanları sistemi, müstəqil məhkəmə sistemi
yaratmaq istəyi təşkil etdiyindən bütün bu sahələr
üzrə indiyədək aparılan islahatlar həmin istək
üzərində qurulmaqla Azərbaycanda hüquqi, demokratik
dövlətçiliyin inkişafı ilə nəticələnmişdir.
Hakimiyyətlərin bölünməsi prinsipi əsasında
fəaliyyət göstərən dövlət orqanları
sistemi təşkil edilmiş, təkmil dövlət
qulluğu institutu formalaşdırılmış, Əvf
institutu bərqərar olmuş, ölüm cəzası ləğv
edilmiş, konstitusiya nəzarətini təmin edən
Kostitusiya Məhkəməsi, Ombudsman institutu, üç pilləli
məhkəmə sistemi yaradılmışdır.
Ümummilli
liderin 1998-ci ilin fevral ayının 22-də “İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında”, 1998-ci
il 18 iyun tarixdə isə “İnsan hüquqlarının
müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq
edən fərmanları imzalaması ilə Azərbaycanda insan
hüquqlarının müdafiəsi ilə bağlı həyata
keçirilməli olan tədbirlərin istiqaməti, bu sahə
üzrə dövlət orqanlarının fəaliyyətinin,
insan hüquqlarının dövlət tərəfindən təmin
edilməsi konsepsiyasının real ictimai münasibətlərə
tətbiqinin dəqiq konturları
müəyyən edilmişdir. İnsan hüquqları
sahəsində inkişafın məhkəmə sisteminin
inkişafı ilə korrelyativ əlaqəyə malik
olduğunu bilən Heydər Əliyev 1998-ci il dekabrın 1-də “Məhkəmələr və
hakimlər haqqında” Azərbaycan Respublikası qanununun tətbiq
edilməsi və məhkəmə islahatlarının həyata
keçirilməsi barədə fərman imzalamış və
hazırkı dövrə kimi bu əsasda həyata
keçirilən tədbirlər nəticəsində məhkəmə
sistemi sahəsində beynəlxalq qurumlar və ekspertlər tərəfindən
yüksək qiymətləndirilən mühüm nailiyyətlər
qazanılmışdır. Azərbaycanın müstəqilliyi
dövründə qəbul edilmiş qanunların təxminən
20 faizinin məhkəmə-hüquq islahatları ilə
bağlı olması da ümummilli liderin müəyyən
etdiyi hüquq siyasətində bu sahəyə nə dərəcədə
mühüm əhəmiyyət verildiyini göstərməkdədir.
Ümummilli
liderin həyata keçirdiyi hüquqi dövlət
quruculuğu möhkəm ədliyyə sisteminin
inkişafı ilə müşayiət olunmuşdur. Məhkəmə-hüquq
islahatları çərçivəsində Ədliyyə
Nazirliyinin funksiya və səlahiyyətləri genişləndirilərək
icra xidməti, istintaq aparatı, bələdiyyələrlə
iş və məhkəmə ekspertizası mərkəzləri
yaradılmış, həmçinin, bir çox məsələlərin
həlli də bu nazirliyə həvalə edilmişdir.
Ardıcıl olaraq həyata keçirilən məhkəmə-hüquq
islahatları nəticəsində formalaşmış
çoxşaxəli, möhkəm müasir ədliyyə
sistemi ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında dinamik şəkildə təkmilləşməkdədir.
Heydər
Əliyevin hüquq siyasətinin, onun rəhbərliyi ilə həyata
keçirilmiş məhkəmə-hüquq
islahatlarının məntiqi davamı olaraq yeni təsisatlar-Ədliyyə
Akademiyası, bələdiyyələrə inzibati nəzarət
idarəsi, müxtəlif reyestrlər, o cümlədən ədliyyə
şöbələri yaradılmış, ədliyyənin
infrastrukturunu yaxşılaşdıran tədbirlər
görülmüş, yeni normativ-hüquqi aktlar qəbul
olunmuşdur. “Məhkəmə-Hüquq Şurası
haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə
haqqında” qanunların, Ədliyyə Nazirliyinin Əsasnaməsinin
qəbul edilməsi, “Ədliyyə orqanlarının
inkişafı haqqında” proqram xarakterli fərmanın
imzalanması, hakim korpusunun ardıcıl şəkildə
mütərəqqi Avropa satandartlarına cavab verən şəffaf,
obyektiv seçkilər yolu ilə yenilənməsi, o cümlədən
şəffaf prosedurla açıq müsabiqələr
keçirilməklə yeni gənc kadrların ədliyyə
orqanlarında qulluğa qəbul edilməsi Heydər Əliyevin
müəyyən etdiyi hüquqi islahatlar kursunun davamı
olmaqla çoxşaxəli ədliyyə fəaliyyətinin
yeni tələblərə uyğun şəkildə tənzimlənməsinə,
mütərəqqi məhkəmə islahatlarının daha
da dərinləşməsinə xidmət edir.
Dövlət
başçısı İlham Əliyevin 2009-cu ildə “Azərbaycan
Ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər
üçün Dövlət Proqramı”nı qəbul etməsi
ədliyyə sahəsinin normativ-hüquqi və maddi-texniki təminatın
yaxşılaşdırılması, yeni informasiya və
kommunikasiya texnologiyalarının tətbiq edilməsi, kadr
potensialının, ədliyyə orqanları işçilərinin
sosial müdafiəsinin gücləndirilməsi kimi kompleks tədbirlərin
həyata keçirilməsi ilə müşayiət olunan
sürətli inkişafına gətirib
çıxarmışdır. Bu
kontekstdə Dünya Bankı ilə birgə həyata
keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi”
layihəsi də ədliyyə və məhkəmə
orqanlarının ən müasir informasiya və kommunikasiya
texnologiyaları ilə təmin olunmasına, vahid informasiya
şəbəkəsinin və elektron sənəd dövriyyəsinin
yaradılmasına, idarəçiliyin müasir və mütərəqqi
standartlara uyğunlaşdırılmasına xidmət edir.
Heydər
Əliyevin müəyyən etdiyi kursa uyğun olaraq
aparılan hüquqi islahatlar ədliyyə
sisteminə daxil olan notariat sahəsində də ciddi nailiyyətlərə
səbəb olmuşdur. Azərbaycan notariatı Beynəlxalq
Notariat İttifaqının tələblərinə uyğun
təkmilləşmiş, Latın notariatının bərqərar
olunması üzrə mühüm addımlar
atılmış və Beynəlxalq Notariat İttifaqı ilə
səmərəli əlaqələr qurulmuşdur. Bu sahədə
əldə olunan nailiyyətlər qabaqcıl dövlətlərinin
mütərəqqi təcrübəsinə söykənən
xüsusi notariat institutunun Azərbaycanda inkişafı üzrə
həyata keçirilən tədbirlərlə sıx
bağlıdır. 2007-ci ildən etibarən şəffaf
prosedurlarla keçirilən imtahan və müsahibələr
nəticəsində Azərbaycanda notarius heyətinin 30 faizə
qədəri yenilənmiş, 50-dən çox şəxs
xüsusi notarius kimi fəaliyyətə
başlamışdır.
Müstəqil
Azərbaycan dövlətinin keçdiyi qısa, lakin mürəkkəb
və dəyişikliklərlə zəngin şərəfli
tarixi yola nəzər yetirərkən heyranlıqla və
qürur hissi ilə təsdiq etməli olursan ki, Heydər Əliyev
tərəfindən aparılmış və ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən davam
etdirilən uğurlu, uzaqgörən siyasətin nəticəsində
bu gün Azərbaycan bölgənin lider dövlətinə,
öz inkişaf tempinə görə bütün dünyada
ön sırada gedən dövlətlərdən birinə
çevrilmiş, Azərbaycan cəmiyyəti dünyada
sabitliyi, tolerantlığı illə seçilən cəmiyyət
kimi nüfuz qazanmışdır. Xalqın gələcək
inkişafını hədəf almış həmin siyasətin
bəhrəsidir ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz
dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizdən
çox hissəsini təşkil edir, regionda həyata
keçirilən bütün mühüm layihələrdə
respublikamızın iştirakı ilə reallaşır,
sürətlə artan büdcəmiz dünyanı iqtisadi
böhran bürüdüyü bir şəraitdə əhalinin
sosial rifahının durmadan yaxşılaşmasına təminat
verir, hüquqi-sosial dövlət quruculuğu istiqamətində
real, masştablı nailiyyətlər əldə olunur.
Belə
bir şəraitdə təbii ki, hər bir vətəndaşın
vəzifəsi bu nailiyyətlərin qorunmasına, daha da
artmasına, sosial həyatda aktiv və yaradıcı mövqe
tutmaqla möhkəm təməl üzərində qurulmuş
dövlətçiliyimizin hərtərəfli
inkişafına töhfə verməkdən ibarətdir.
İlqar MƏMMƏDOV,
Bakı şəhəri 11 saylı
notariat
kontorunun notariusu,
fəlsəfə elmləri namizədi
525-ci qəzet.-2013.- 1 may.- S.4.