Qulu Məhərrəmli yeni dərsliyini təqdim
etdi
BDU-nun jurnalistika fakultəsində
tanınmış telejurnalist, filologiya elmlər doktoru professor
Qulu Məhərrəmlinin “Jurnalistikanın əsasları” dərsliyinin
yeni nəşrinin təqdimat mərasimi olub.
Təqdimat mərasimini giriş sözü ilə açmış fakultənin dekanı, professor Şamil Vəliyev medianın ictimai həyata və insanların şüuruna təsirinin artdığı bir vaxtda jurnalistikanın mahiyyətinin dürüst dərk olunmasının xüsusi əhəmiyyətini qeyd etmişdir. Bu baxımdan təqdim edilən dərslik jurnalistika ilə bağlı zəngin təməl biliklər verir, onun missiyası, mahiyyəti, vəzifələri və prinsipləri haqqında dolğun təsəvvür yaradır. Müasir jurnalistikamızın parlaq simalarından olan Q.Məhərrəmlinin qələmindən çıxmış bu dərsliyin tələbələrimiz üçün faydalı vəsait olacağına inanırıq.
Televiziya və radio jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimli dərsliyin müasir jurnalistika təcrübəsi əsasında yazıldığını və yüksək Qərb standartlarına uyğun olduğunu vurğulamışdır. O, dərsliyin ikinci nəşrinin də populyarlıq qazanmasını materiallarn strukturu, mövzuların aktuallığı və anlaşıqlı dillə çatdırması, həmçinin müəllifin zəngin jurnalistika təcrübəsi ilə izah etmişdir.
Daha sonra çıxış edən professor Yalçın Əlizadə, professor Nəsir Əhmədli və dosent Sevinc Əliyeva qeyd etmişlər ki, təməl bilgilər olmadan, yəni jurnalistikanın əlifbasını – qayda və prinsiplərini mənimsəmədən bu sahədə ciddi uğur qazanmaq çətindir. Ona görə də professor Q.Məhərrəmli dərslik üzərində işləyərkən, könlünü jurnalist adlanan peşəyə verənləri bu qaydalarla dərindən tanış etmiş, bir yaradıcılıq sahəsi kimi medianın dolğun mənzərəsini yaratmışdır.
Qeyd edək ki, Bakı Slavyan Universitetinin layihəsi olan “Jurnalistikanın əsasları” dərsliyi ilk dəfə dörd il əvvəl “Elm və təhsil” nəşriyyatında çap olunmuş, ötən ilin sonunda isə “Qanun” nəşriyyatında kütləvi tirajla işıq üzü görmüşdür. Müəllif yeni nəşrdə bəzi bölmələri yenidən işləmiş, zəruri əlavələr etmiş, faktik materialların əksəriyyətini təzələmiş, dünya jurnalistikasında gedən müasir meyilləri əhatə etməyə çalışmışdır.
Sadıqlı Nərmin
525-ci qəzet.- 2013.- 1 may.- S.2.