Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi (davamı)

 

Təzəpir məscidinin 1905-ci ildən başlanan tikintisi 1914-cü ilə kimi davam etdi. Təzəpir məscidinin tikintisi o zaman Bakı şəhərində ən böyük tikinti sayılırdı. Doğrudur, Bakı milyonçusu Murtuza Muxtarov 1908-ci ildə doğulduğu Əmircan kəndində böyük məscid tikdirdi. 1907-ci ilin axırlarında Əmircana gələn Murtuza Muxtarovu dövrəyə alan qocalar ona yaxınlaşaraq: “Ağa Murtuz, çox sağ ol ki, uşaqlarımıza məktəb tikdirdin, biz yaşlıların da səndən xahişi odur ki, doğulduğun kənddə adına layiq bir məscid tikdir. Bu iş Allaha xoş gedər, savabını da ki, sən qazanarsan. Biz də atan-anan üçün dualar edərik, həm də bu məscid səndən doğma kəndinə yadigar qalar” – deyə xahiş etmişdilər.Baş üstə” deyən Murtuza Muxtarov Vladiqafqazda üç il qabaq tikdirdiyi məscidin oxşarını Əmircanda tikdirdi. Bu məscid qoşa eyvanlı və qoşa minarəli əzəmətli bir məscid idi. Qeyd etmək lazımdır ki, Əmircan məscidinin hündürlüyü 40 metrdir. Azərbaycanın başqa şəhərlərində bu hündürlükdə məscid yoxdur. Məscidin inşasına yerli baş usta Kərbalayi Əhməd başlamış, sonra isə o memar Zivər bəy Əhmədbəyovun rəhbərliyi altında tamamlanmışdır. Əmircan məscidi kompozisiya baxımından Təzəpir məscidinə oxşar olsa da, minarə baxımından Əmircan məscidinin bəxti gətirmişdir. Əmircan məscidinin ikitəbəqəli minarələrinin kompozisiya həlli Azərbaycanın islam memarlığında analoqu olmayan nadir hadisədir. Zivər bəy Əhmədbəyov Təzəpir məscidi üçün nəzərdə tutulan həcm-kompozisiya strukturundan Əmircan məscidində istifadə etməklə Abşeronda monumental və düzgün obrazı ilə seçilən iki dini kompozisiya yaratmağa nail oldu. Amma bütün məziyyətlərinə baxmayaraq, Əmircan məscidi Abşeronun kənd məscidi kimi şöhrətlənə bildi. Bakı Azərbaycanın siyasi mərkəzi olduğuna görə Təzəpir məscidi mərkəzi məscid olmaq missiyasını öz üzərinə götürməyə hazırlaşırdı.

Təzəpir məscidinin tikintisinin doqquz ildən çox çəkməsinin bir neçə səbəbi var idi. Bakıda eyni vaxtda bir neçə xeyriyyə işini maliyyələşdirən Nabat xanım məscidin bu qədər xərc götürəcəyini nəzərdə tutmamışdı. İkincisi, 1905-ci ilin fevralında Nabat xanım tərəfindən Bakı şəhər bələdiyyəsinin sədrinə ünvanlanan məktubda bildirilir ki, o, məscidi Rzayevlər ailəsinə gəlin köçərkən ona bağışlanan mehriyyənin müqabilində tikdirmək istəyir. Lakin məscidin tikintisi zamanı məlum oldu ki, Nabat xanıma bağışlanan kəbin pulu ilə məscidin tikintisini başa çatdırmaq qeyri-mümkündür. Nabat xanım məscidin tikintisi ilə bağlı əlavə vəsaitin xərclənməsi haqqında qərar verməyə tələsmirdi. Nabat xanım fikrində israrlı idi. Zivər bəyin məlumatına görə Bakı milyonçuları bir neçə dəfə məscidin maliyyələşdirilməsi ilə bağlı məsələni müzakirə etməyə yığışsalar da, Nabat xanım bu yığıncaqlara gəlmədi. Səlahiyyətli nümayəndə kimi oğlu Abbasqulunu bu yığıncaqlara göndərən Nabat xanım ona edilən hər cür maliyyə yardımlarından imtina edir və məscidin tikintisi ilə bağlı planlarını hamıdan gizli saxlayırdı. Nabat xanımın maliyyə işlərinə baxan Hacı Əhməd mehriyyə pulunun məscidin tikintisinin yalnız dördə birinə çatdığını və bu pulun da iki il bundan qabaq xərclənib qurtardığını bildirəndən sonra Nabat xanım neftdən gələn gəlirin bu sahəyə xərclənməsinə razılıq verdi. Nabat xanım bunun üçün şəriət məhkəməsinə sorğu ilə müraciət etdi. Sorğunun mahiyyəti ondan ibarət idi ki, şəriət neftdən gələn gəlirlə məscidin tikintisinə necə baxır. Abbasqulunun məlumatına görə bir həftə ərzində şəriət mərkəməsi bu sorğuya müsbət cavab verərək bildirdi ki, yeraltı sərvət olan neft ən halal və təmiz nemət olduğu üçün onun gəlirindən istifadə etməkdə heç bir qəbahət yoxdur. Bununla da, Nabat xanım məscidin tikintisinin davam etdirilməsinə qərar verdi.

Digər tərəfdən, 1911-ci ildə Balkan müharibəsinin başlanması ilə bağlı çar Rusiyası müsəlman milyonçuların Osmanlı dövlətinə yardım edəcəyindən ehtiyat edərək Bakıdakı bankların fəaliyyətinə ciddi nəzarət qoymuşdu. Bakı milyonçuları xərclənəcək məbləğlə bağlı əvvəlcədən çar üsul-idarəsinin rəsmi şəxslərindən razılıq almalı idilər.

Məscidin tikintisini öz üzərinə götürən Nabat xanım 1912-ci il dekabrın 7-də 117 yaşında vəfat etdi. Nabat xanıma böyük ehtiram əlaməti olaraq onu məscidin eyvanında, baş qapının sağ tərəfində dəfn etdilər. O, məscidin tamamlanmasını oğlu Hacı Abbasquluya vəsiyyət etmişdi. Nabat xanımın oğlu anasının bu vəsiyyətini layiqincə yerinə yetirdi. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Hacı Abbasqulu da Təzəpir məscidinin həyətində dəfn olunmuşdur. Nabat xanım məscidin günbəzinin üstünün qızılı təbəqələrlə örtulməsini arzulayırdı. Memar Zivər bəy Əhmədbəyovun layihəsində də belə nəzərdə tutulmuşdu. Lakin müəyyən səbəblər üzündən məscidin günbəzi ilə bağlı layihədə nəzərdə tutulan işləri görmək mümkün olmadı.

Məscidin inşası tamam olanda usta iri gümbəzin ortasındakı axırıncı daşı qoyanda əl saxlayır ki, gərək bunu H.Z.Tağıyev etsin. Bünövrənin ilk daşını Hacı qoyduğu kimi, axırıncı daşı da o qoymalıdır. Doğrudan da, böyük bir izdihamın gözü qarşısında Hacı axırıncı daşı hördü, bənnaya beş yüz manatlıq, usta köməkçilərinə və fəhlələrin hər birinə iyirmi beş manatdan əlli manata qədər şirinlik payladı. Beləliklə, Təzəpirin tikintisi başa çatdı.

1914-cü ildə tikintisi başa çatan Təzəpir məscidi Bakıda daşla tikilmiş ilk dini bina idi. Memar Zivər bəy Əhmədbəyov məscidi layihələşdirərkən onun əsas memarlıq–fəza səciyyəsini müəyyənləşdirmək üçün müsəlman şərqinə məxsus geniş memarlıq nümunələrinə diqqət yetirmişdir. Təzəpir məscidi özünün məkan vəhdətinə və memarlıq xüsusiyyətlərinə görə, təkcə Bakı şəhərinin şəhərsalma strukturunda deyil, bütün Abşeronun dini tikililəri içərisində tamamilə yeni bir mərhələ idi. Təzəpirin şəhər mərkəzindən bir qədər aralı olmasına baxmayaraq, coğrafi mövqeyi və təpə üzərində yerləşməsi onun şəhərin başqa nöqtələrindən aydın görünməsinə imkan verirdi.

Təzəpir məscidinin baş fasadı üç taclı portikli–geniş eyvanlı, cinahlardan qaldırılmış minarələr və günbəzlərlə təntənəli simmetrik kompozisiya formasında həll edilmişdir. Məscid divarının təntənəli girişi üç taclı portikli və cinahlardan qaldırılmış minarələr Bakı–Abşeron bölgəsində ilk dəfə istifadə olunmuşdu. Belə ki, XIX əsrin ikinci yarısında Şirvan və Qarabağda inşa olunan məscidlərin bəzilərində belə memarlıq kompozisiyaları tətbiq olunmuş və ümumi dini memarlıq abidəsi kimi qəbul edilmişdi. Məscid üçün xarakterik xüsusiyyətlərdən biri də Təzəpirin xalq memarlığından daha çox Avropa təhsili görmüş və şərq müsəlman memarlığını dərindən mənimsəmiş, yüksək bacarığa malik professional bir memarın yaradıcılıq məhsulu olmasıdır. Ona görə də bu abidə dini tikililər arasında özünəməxsusluğu ilə seçilir. Layihəyə əsasən kvadrat formada həll edilmiş ibadət zalı (19,6x19,6m) yuxarıdan gödək sıldırım barabana söykənən sivri uclu gümbəzlərlə tamamlanır. İnteryerin bəzədilməsində yerli memarlıq elementlərindən istifadə olunmuşdur. Yəni burada iri ölçülü oxvari tacbəndlər, günbəzi saxlayan baraban əsas götürülmüşdür. Təzəpir məscidinin iri tutumlu ibadət zalı və onu yuxarıdan tamamlayan baraban üzərində oturdulmuş gümbəz və onlarla həmahəng səsləşən minarələr tikintinin tektonik strukturunu və onun memarlıq həcmini tam ardıcıllığı ilə tamamlayır. Məscidin üzərində və bayır divarlarında, həmçinin minarələrində Qurani-Kərimdən yazılmış xəttatlıq nümunələri var.

 

(Ardı var)

 

 

Anar İSGƏNDƏROV,

Tarix elmləri doktoru, professor

 

525-ci qəzet.- 2013.- 2 may.- S.6.