“Dövlət siyasətinin
informasiya təminatı”
Ümummilli
liderimiz Heydər Əliyevin anadan olmasının 90-cı
ildönümü ərəfəsində ulu öndərin həyat
və fəaliyyəti ilə bağlı çoxlu tədbirlər
sırasında yeni- yeni kitablar işıq üzü
görür. Bunlardan biri də AzərTAc-ın baş
direktoru, tanınmış publisist və jurnalist Aslan Aslanovun
bu yaxınlarda çapdan çıxmış kitabı –
“Dövlət siyasətinin informasiya təminatı” toplusudur.
Burada müəllifin 1991-2011-ci illərdə dövri mətbuatda
dərc olunmuş publisistik məqalələri, xarici ölkələrdə
və respublikamızda keçirilmiş müxtəlif tədbirlərdə
çıxışları, kütləvi informasiya vasitələrinə
verdiyi müsahibələri, çeşidli nəşrlər
barəsində rəy və ön sözləri, habelə
xatirələri toplanmışdır. Yazıların
böyük əksəriyyəti Azərbaycan tarixinin şanlı
səhifəsi, Şərqdə ilk demokratik respublikanın
yadigarı olan AzərTAc-ın fəaliyyətinə həsr
olunmuşdur. Belə ki, Aslan Aslanov artıq 10 ildən
çoxdur ki, bu media qurumuna rəhbərlik edir.
Publisistik
məqalələr sırasında “Heydər Əliyev siyasətinin
informasiya təminatı” sərlövhəli yazı diqqəti
dərhal cəlb edir. Hiss olunur ki, müəllif bu məqaləni
yazmaq üçün çox böyük axtarışlar
aparmış, belə bir materialın hazırlanmasında
yüksək məsuliyyət tələb olunduğunu
nümayiş etdirə bilmişdir. Məqalə
aşağıdakı cümlələrlə
başlayır: “ Bu yazıya dəfələrlə dediyim və
şübhəsiz, hamının razılaşacağı bir
fikri təkrar etməklə başlamaq istəyirəm.
Dünya tarixində mətbuatın cəmiyyətdə ictimai
fikrə təsir gücünü, hakimiyyət- cəmiyyət,
cəmiyyət-hakimiyyət münasibətlərinin
formalaşmasında rolunu Heydər Əliyev qədər
düzgün qiymətləndirən, KİV nümayəndələri
ilə sıx ünsiyyətə onun qədər əhəmiyyət
verən çox az lider olmuşdur. Heydər Əliyev Azərbaycan
jurnalistikasına milli dövlətçiliyə xidmət
amalı aşılamışdır. Tariximizin son qənirəsini
əhatə edən dövrün mətbuatını diqqətlə
izləyən hər bir kəs Heydər Əliyevin müasir
Azərbaycan dövlətçiliyi konsepsiyası barədə
kifayət qədər zəngin informasiyaya rast gələ bilər”. Yerində və çox dəqiq
söylənmiş fikirlərdir.
Aslan
Aslanov yenicə işıq üzü görmüş bu
kitaba qədər rəhbərlik etdiyi media qurumu ilə
bağlı “Heydər Əliyev və AzərTAc”, “AzərTAc-dan
AzərTAc-a mürəkkəb və şərəfli yol”, “AzərTAc-90”,
“Müasir dünyanın informasiya şəbəkəsində
AzərTAc-ın yeri : Təşəkkül tarixi və
inkişaf mərhələləri” kitablarının müəllifi
kimi tanınır. Maraqlıdır ki, A. Aslanovun “Müasir
dünyanın informasiya şəbəkəsində AzərTAc-ın
yeri : Təşəkkül tarixi və inkişaf mərhələləri
“ monoqrafiyası eyni adlı dərs vəsaiti kimi də nəşr
edilmişdir. Bu əsərdən BDU-nun və digər dövlət
ali məktəblərimizin jurnalistika fakültələrində,
humanitar fakültələrin jurnalistika şöbələrində
tədris prosesində istifadə oluna bilər.
Müəllif
müxtəlif kitabların təqdimat mərasimlərində
çıxış edərkən ulu öndərimiz Heydər
Əliyevin Azərbaycan və xalqımız qarşısında
xidmətləri barəsində danışmağa xüsusi əhəmiyyət
verir. Məsələn, 2011-ci il oktyabrın 7-də müasir
müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər
Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf
edilmiş “Müasir Azərbaycan dövrün
baxışında” kitabının təqdimat mərasimində
natiq həmin kitab barəsində fikrini belə ifadə edir: “
...müasir müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu, ulu öndər Heydər Əliyev siyasətinin
təntənəsi ümummilli liderin ideallarının layiqli
davamçısı, Azərbaycan Respublikasının
Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata
keçirdiyi milli maraqlara söykənən sürətli
inkişaf dinamikasının uğurları-tarixi – politoloji
prizmadan təhlil edilərək qiymətləndirilir. Kitabda
müstəqillik yollarında qarşıya çıxan və
uğurlu həllini tapan iqtisadi problemlərdən, həyata
keçirilən möhtəşəm layihələrdən,
Azərbaycanı modern dövlətə çevirən
islahatlardan demokratik vərtəndaş cəmiyyəti
quruculuğu sahəsində əldə olunan maraqlı
publisistik maneralarla söz açılır”.
Çıxışın müəllifi hörmətli həmkarımız,
müasir mətbuatımızın tanınmış
nümayəndəsi, “Azərbaycan” qəzetinin baş redaktoru
Bəxtiyar Sadıqovun
buraxılışına məsul olduğu kitabı
oxuduqca Azərbaycanın xoşbəxt gələcəyinə
inam hissinin daha da artdığını göstərir.
A.Aslanov
AzərTAc-ın nüfuzunun daim artdığını,
Avropanın informasiya agentlikləri ailəsində müəyyən
yer tutduğunu tez-tez nəzərə çatdırır.
Onun 2008-ci il sentyabrın 26-da Avropa Xəbər Agentlikləri
Alyansı Baş Məclisinin Nitsada keçirilən
iclasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri
Assosiasiyasının 2008-ci il sentyabrın 9-da Sofiyada keçirilən ikinci
konfransında, OANA İcraiyyə Komitəsinin 2008-ci il
sentyabrın 2-də Bakıda keçirilən 30-cu
iclasında, Ukrayna milli informasiya agentliyinin- Ukrinformun 2008-ci il
mayın 14-də Kiyevdə keçirilən 90 illik yubileyində,
Türkdilli xəbər Agentlikləri Birliyi Baş Məclisinin
2008-ci il aprelin 30-da Bakıda keçirilən 7-ci iclasında,
OANA-nın 2007-ci il dekabrın
11-də Cakartada keçirilən XIII Baş Assambleyasında
Dünya Xəbər Agentliklərinin 2007-ci il oktyabrın 26-da
Esteponada keçirilən ikinci konqresində
çıxışları bu cəhətdən təqdirəlayiqdir.
Bu çıxışlarda AzərTAc-ın Avropanın
informasiya agentlikləri ailəsində nüfuzunun daim
artmasından, dünya informasiya məkanına inteqrasiyanın
bu qurumun başlıca vəzifəsi olduğundan,
qloballaşan dünyada informasiyanın hamıya məxsusluğundan
söhbət açılır. Müəllif informasiya
agentlikləri ilə bağlı xarici ölkələrdə
keçirilən tədbirlərdə çıxış edərkən
ölkəmizdə söz və mətbuat
azadlığının bərqərar olmasından və
bunun Konstitusiyamızda təsbit edilməsindən söhbət
açmağa xüsusi diqqət yetirir: “Ölkədə
senzura tamamilə ləğv edilmişdir. İndi
respublikamızda çıxan qəzet və jurnalların-
onların sayı isə yüzlərlədir- fəaliyyət
göstərən televiziya və radio kanallarının,
informasiya agentliklərinin böyük əksəriyyəti
özəl və müstəqildir”.
Publisistik
məqalələri və müxtəlif tədbirlərdə
çıxışları Aslan Aslanovu jurnalistika sahəsinin
dərin biliyə və səriştəyə malik insan kimi
xarakterizə edir. Şübhə yoxdur ki, kitabda dərc
edilmiş müsahibələr də bu cəhətdən
müəllifini müdrik jurnalist kimi tanıdır. Bu
yazılarda Aslan Aslanov jurnalistika sahəsində baş verən
yenilikləri daim izləyib əxz etdiyini göstərir.
Müsahibələrin sərlövhələri də
maraqlı və aktual səslənir: “İnformasiya həyat
deməkdir”, “Ümummilli lider Heydər Əliyevin ən
güclü silahlarından biri söz idi”, “Heydər Əliyev
və Azərbaycan mətbuatı”, “Dünyanı valeh edən
əfsanəvi lider”, “Azərbaycanı informasiya
blokadasından Prezident Heydər Əliyev
çıxarmışdır” “Prezident Heydər Əliyevin
jurnalistika dərsi”, “Sosial şəbəkənin
informasiyası xalq düşüncəsinə daha
yaxındır, yaxud informasiyanı başlı-başına
buraxmaq olmaz”, “Hansı informasiyanı almağa
hazırıq?”, “ AzərTAc informasiyanı haradan alır?”, “Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
doğru-düzgün çatdırılması AzərTAc-ın
fəaliyyətinin əsas istiqamətidir.”
Yuxarıda
qeyd etdiyimiz kimi, kitabın bölmələrindən birində
“Rəylər, xatirələr” verilmişdir. Elə buradaca
göstərmək lazımdır ki, Aslan Aslanov bir çox
kitabların redaktoru olmuşdur və bu kitablar barəsində
operativ, obyektiv rəylər yazmışdır. Bu baxımdan
respublikanın əməkdar jurnalisti Elmira Əliyevanın
“İnsanlar... hadisələr... zaman” ( Bakı, “İndiqo” nəşriyyatı,
2009), Bakı Dövlət Universiteti jurnalistika fakültəsi
nəzəriyyə və təcrübə kafedrasının
dosenti Mahmud Mahmudovun “Ədəbi
redaktə : nəzəriyyə və təcrübə” (
Bakı, “Şərq- Qərb” nəşriyyatı, 2008)
kitablarına ön sözlər, Azərbaycan mətbuatının
tanınmış nümayəndələrindən olmuş
Oktay Məmmədov, orta məktəb müəllimlərindən
Sirac Rüstəmov və başqaları barəsində xatirələr
jurnalist axtarışlarının məhsulu hesab edilə bilər.
Haqqında
danışdığımız və danışa bilmədiyimiz
materiallar Aslan Aslanovu
dövrümüzün zəngin dünyagörüşünə,
dərin biliyə və təcrübəyə malik,
jurnalistikanın bugününü görən və
sabahı haqqında düşünən qələm
ustası kimi tanıya bilirik.
Müstəqil
Azərbaycanımızın 1 nömrəli informasiya
agentliyinin Avropada, Asiyada, Afrikada,
Amerikada tanınması, şöhrət qazanması, onun informasiyalarından
müxtəlif ölkələrdə istifadə edilməsi,
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması bu media qurumunun gözəl
perspektivlərə malik olduğunu göstərir. Kitabda verilən
materiallarda AzərTAc-ın indiyədək qazandığı
uğurlar, gələcəkdə əldə edəcəyi
müvəffəqiyyətlər ölkəmizin müstəqilliyinin
dönməz və əbədi olduğundan xəbər verir.
Məhz AzərTAc-ın dünya ölkələrində
yaydığı və ölkəmizin ictimai-siyasi həyatını
, iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərini
əks etdirən informasiyalar Azərbaycanın nüfuzunun beynəlxalq
miqyasda daim artmasına kömək edir.
Bəli,
kitabdakı materiallardan göründüyü kimi, AzərTAc
daim inkişaf yolundadır, dünyanın ən nüfuzlu
informasiya agentliklərinin təcrübəsini öyrənib
ondan bəhrələnməyə çalışır.
Şübhəsiz ki, Azərbaycanda ən yaxşı
reportajı aparan da, ən yaxşı informasiyanı dəqiq
və operativ hazırlayan da AzərTAc-ın müxbiridir. Məhz
buna görə də həmin agentliyin materiallarına inam daha
böyükdür və bu materiallar dövlət siyasətinin
informasiya təminatına yardımçı olur.
Haqqında
danışdığımız kitabı oxuyarkən
böyük Amerika yazıçısı, publisist və
jurnalisti Mark Tvenin XIX əsrin axırlarında yaranma tarixinə
görə dünyanın ikinci və fəaliyyətinin əhatə
dairəsinə görə birinci informasiya agentliyi olan Assoşieyted
Press barəsində dediyi hikmətamiz sözləri yada
düşür: “ Yer kürəsinin ən ucqar guşələrinə
daxil olan iki şey vardır : Günəş və
Assoşieyted Press”. Bu sözlər də Mark Tvenə məxsusdur
: “Mənim iyirmi sot torpaq sahəm vardır. Bu torpağı
istədiyim vaxt iyirmi min dollara sata bilərəm. Mən həm
də Assoşieyted Pressin bülleteninin abunəçisiyəm.
Bu abunəni isə 1 milyon dollara da satmaram”. Gözəl
sözlərdir. İnformasiya agentliyinin fəaliyyətinə,
onun məhsuluna verilən qiymətə bax!
Yeri gəlmişkən,
yenə də Assoşieyted Press agentliyi barəsində
Hindistanda milli azadlıq hərəkatının öndəri,
hind xalqının böyük oğlu Mahatma Qandinin 1932-ci ildə
bu agentliyin ölkəsindən verdiyi reportajları layiqincə
dəyərləndirərək demişdir: “Əgər
növbəti həyatda Qızıl darvazanın önündə
olsam, mənim görüşəcəyim ilk adam
Assoşieyted Pressin müxbiri olacaqdır”.
Kitabdan da göründüyü kimi, AzərTAc-ın indiki inkişaf dinamikası əyani surətdə sübut edir ki, onun üçün seçilmiş yol doğru yoldur və bu media qurumunun perspektivi parlaqdır. Əminəm ki, illər ötəcək, agentliyimiz Assoşieyted Pressin indiki nüfuzu qədər şöhrət qazanacaq və bizim yazıçılarımız, jurnalistlərimiz də bu barədə Mark Tvenin və Mahatma Qandinin fikirlərini AzərTAc barəsində deyəcəklər, çünki biz Azərbaycanımızın çox böyük sürətlə inkişaf etdiyi qloballaşan dünyada yaşayırıq.
Aslan Aslanovun bu yeni kitabı jurnalistlər, kütləvi informasiya vasitələrində çalışan mütəxəssislər, həyat yolunu jurnalistika sahəsində tapmaq istəyən tələbələr və ümumən geniş oxucu kütləsi üçün ən dəqiq, ən etibarlı və eyni zamanda ən maraqlı mənbədir. Müəllifə yeni –yeni uğurlar arzulayırıq!
Həmid VƏLİYEV,
Bakı Dövlət Universiteti beynəlxalq
jurnalistika kafedrasının müdiri
professor
525-ci qəzet.-
2013.- 2 may.- S.4.