Ağsaqqal (Fəttah Heydərov-75)

 

Bir neçə ay bundan əvvəl Azərbaycanın ağsaqqalları növbəti qurultaylarını keçirərək özlərinə sədr- ağsaqqalların ağsaqqalını seçdilər. Çox gənc yaşlarından özünü ağsaqqallığa hazırlamış bu təvazökar (və qabiliyyətli!) insanın  ilk “bəyanat” larından biri o oldu ki, ölkədə məndən çox- çox böyük ağsaqqallar var: məsələn, akademik Teymur Bünyadov... Niyə? Ona görə ki, mənim (və ümumən ölkə ictimaiyyətinin) az və ya çox dərəcədə tanıdığı bu mötəbər şəxs (Fəttah Heydərov) hamıdan yaxşı bilir ki, ağsaqqalı bizim adət etdiyimiz  prosedurlarla seçmirlər. O, tədricən, zaman- zaman, dünyanın bərkindən- boşundan keçərək təbiətin (və allahın!) xeyir- duası ilə seçilir.

Ağsaqqal olmaq üçün yaş (və ən azından yetmiş- səksən il bu “fani dünya”da ağılla- başla yaşamaq!) lazımdır ki, sənin tərcümeyi- halını yalnız xələflərin deyil, elə  sağlığında müasirlərin canlı bir kitab kimi oxumağa ehtiyac duysunlar, böyük əməllərindən, geniş həyat təcrübəndən öyrənib gördüyün xeyirxah işlərin, apardığın müzəffər mübarizənin səndən daha enerjili davamçıları olsunlar.

I Şah İsmayıldan (Xətayidən) sonra  lidersiz qalmış ölkəmizin (və xalqımızın) mənəvi qüdrətini dünyaya (və özünə!) tanıdan dahi Heydər Əliyev milli ağsaqqallıq məktəb- institutunu da yenidən dirçəltdi. O, yalnız  gəncliyin qarşısında geniş üfüqlər açmaqla kifayətlənmədi, ağsaqqallığın da nə qədər müqəddəs, nə qədər perspektivli bir imtiyaz, səlahiyyət olduğunu bütün məzmun- mündərəcəsi ilə göstərdi.

Və hörmətli Fəttah Heydərov xalqımızın o ağsaqqallarındandır ki, dahi  Heydər Əliyevin – ümummilli liderin məktəb- universitetindən keçmiş, onun həm ideyalarını, həm də tarixi təcrübəsini dərindən mənimsəmişdir. On ildən artıq yaxından tanıdığım, həmsöhbət olduğum, dəyərli məsləhətlərinə qulaq asdığım bu müdrik insan,  səmimi olaraq deyim ki, bir dəfə də olsun özündən danışmadı, sözünün əvvəlində də, axırında da “Heydər Əliyev” dedi... Keçən əsrin doxsanıncı illərinin əvvəllərində  Naxçıvanda mürəkkəb tarixi şəraitdə ümummilli liderin fövqəladə qəhrəmanlığı haqqında  danışarkən Fəttah Heydərova qulaq asan hər kəs onun işlətdiyi ifadələrdən, üzünün cizgilərindən, nitqinin intonasiyasından qəti yəqin edər ki, söhbət  nə qədər möhtəşəm olsa belə, bizim müasirimizdən daha çox,  min illər bundan əvvəl mövcud olmuş mifoloji (və ilahi!) bir qəhrəmandan gedir.  Elə bir qəhrəmandan ki, o, mənsub olduğumuz xalqın əbədi himayədarıdır, ona miqyas (həyat!)  vermiş qeyri- adi qüvvədir.

İstedadlı, etiqadlı (Tanrıdan güc almış!) bir türk ozanı qədim türk hökmdarlarından – Alp Ər Tonqadan, Atilladan, Bilgə xaqandan... necə məhəbbətlə, həyəcanla bəhs edərsə, Fəttah Heydərov da Heydər Əliyevdən o cür məhəbbətlə, həyəcanla danışır. Və etiraf edim ki, ümummilli  liderimizin milli qurtuluş, azadlıq və  inkişaf uğrundakı mübarizələrinin bir sıra  məqamlarını, xüsusiyyətlərini mən məhz Fəttah Heydərovun konkret (və mükəmməl) təsvirlərindən, mühakimələrindən öyrənmişəm.

Məsələ isə burasındadır ki, o, bu söhbətləri yalnız mənim kimi az- çox bu dünyadan baş çıxardan insanlara etməklə kifayətlənmir, özünün ağsaqqallıq (və tarixi!) missiyasını  ondan ibarət hesab edir ki, yaxından tanıdığı dahi şəxsiyyətin  qüdrətini,  titanik mübarizəsinin mahiyyətini, təfərrüat və detallarını bütün bunları təfsilatı ilə anlamayanlara, dərk etməyənlərə də çatdırsın. Və Heydər Əliyevin millətimizin “tərcümeyi- hal”ında hansı tarixi mövqedə dayandığını, öz təkrarsız fəaliyyəti (və qəhrəmanlığı!) ilə hansı uğurlara, qələbələrə və perspektivlərə imza atdığını başa salsın.

... Fəttah Heydərov bu yaşa gəlib çıxana (və Azərbaycan Ağsaqqallar Şurasının sədri olana) qədər zəngin bir həyat yolu keçmişdir...Əslində, heç kim, yaşından asılı olmayaraq, keçdiyi həyat yolunun “kasıblığ”ından şikayətlənmir. Ancaq zahirən nə qədər sadəlövh görünsə də, həyat yolu, yaxud tərcümeyi- hal o vaxt sözün həqiqi mənasında, zəngin ola bilər ki,  mənsub olduğun xalqın, millətin keçdiyi həyat yolunun, yaxud yaşadığı tərcümeyi- halın üzvi tərkib hissəsi olsun. Heç bir xalq ziyalılarını, mütəfəkkirlərini, dövlət  xadimlərini, ümumən lider- qəhrəmanlarını ona görə  yetirmir ki, özlərini xalqdan təcrid edərək, ona yuxarıdan aşağı baxıb özlərinə,  nə qədər “möhtəşəm” olsa da, xarici güclərin təsiri altında fövqəl (anti) milli bir “tərcümeyi- hal” uydursunlar.

Azərbaycanda çox az ziyalı- yazıçı, alim sənətkar tapmaq mümkündür ki, Fəttah müəllimi tanımamış, onunla, bir neçə saatlığa da olsa, həmsöhbət olmamış olsun. Və  bu tanışlığın, söhbətlərin nəticəsidir ki, Fəttah Heydərov dil, ədəbiyyat və mədəniyyət  sahələrində hər hansı səviyyədə, həqiqətən, peşəkar bir tərəf- müqabilidir... Ancaq mən onu hər hansı halda kiminsə sözünü kəsən, öz subyektiv ədəbi- estetik, elmi- intellektual mövqeyini, nə qədər doğru olsa da, kiməsə təlqin etməyə çalışan görmədim.  Yalnız  onu gördüm ki, höcətlik edən (və doğru danışmayan) müqabil tərəfə münasibətini ətrafdakılara müraciətən təbəssümlə belə bildirir: “deyir da!..” Və bunu  da elə deyir ki, ətrafdakılardan daha çox mübahisə  edənin özü eşitsin...

Elə ağsaqqallar var ki, bir problemin, yaxud məsləhət almaq üçün ehtiyacın olanda  gərək onu axtarasan, günlərlə görüşəcəyin məqamı gözləyəsən, ancaq Fəttah Heydərov o nadir ağsaqqallardandır ki, özü tanıdığı, qiymətləndirdiyi və xalq (dövlət) üçün əhəmiyyətli saydığı  insanlarla, xüsusilə gənclərlə özü maraqlanır. “Salam- əleyküm”dən sonra yavaşca soruşur: “Nə var, nə yox?..” Və  bunu o qədər səmimi, o qədər qayğıkeşliklə soruşur ki, adamın dərdi yadından çıxır; ağlına gələn birinci o olur ki, bu mötəbər  insanı heç nə ilə narahat etməyəsən... Elə düşüncələrə dalanda səmimi təbəssümə (və qayğıkeşliyə) bürünmüş növbəti sualı eşidirsən: “Hər şey yaxşıdı?..”

Əlbəttə, belə həssas münasibətdən sonra hər şey yaxşıdan da yaxşı olmalıdır...

Ağsaqqallar Şurasının sədri olarkən Fəttah Heydərov, birinci növbədə (və bir daha!) özündən ağsaqqallara hörmət eləməyin nümunəsini göstərdi.  Müavininə “Teymur müəllim, mən seçilsəm də, sədr sizsiz” dedi... Və  şahidiyəm ki, bu söz akademik Teymur Bünyadova nə qədər ləzzət elədi.

Bəlkə də, insanın ən mühüm, aparıcı fərdi- şəxsi göstəricisi (sözün geniş mənasında, üslubu!)  onun başqalarına, ətrafdakılara münasibətidir. Böyük Aşıq Ələsgər təsadüfən deməmişdi ki,

 

“Can!” deməklə candan can əskik olmaz,

Məhəbbət artırar, mehriban eylər.

“Çor!” deməyin nəfi nədir dünyada,

Abad könlü yıxar, pərişan eylər.

 

Və bu hadisədən sonra (bəlkə də, mənə elə gəldi...) həvəslənən qocaman akademik Azərbaycan MEA- nın hesabat yığıncağında gəncliyə məxsus bir şövqlə çıxış edərək məşhur təbirlə:

Hələ bundan soradır ləzzəti meyxanəmizin,- deyib məclisə qeyri- adi bir canlanma gətirdi.

Ümummilli lider, ulu öndər Heydər Əliyevin məktəbini keçən – dostla düşmənə münasibətin  fərqini, diplomatiyasını yaxşı bilən Fəttah müəllimin ünsiyyət mədəniyyəti, münasibət saxlamaq qabiliyyətinin kökləri onun həm ağsaqqallıq, həm də ziyalılıq istedad- məharətindən, təbiətindən irəli gəlir.

Universiteti bitirdikdən sonra, kifayət qədər gənc yaşlarından Naxçıvanda məsul vəzifələrdə çalışmış bu dəyərli insanın- dövlət xadiminin, dahi Heydər Əliyevin  təvazökar silahdaşının söhbətləri mənim üçün həmişə bir də ona görə maraqlıdır ki, Fəttah müəllim bizim ana dilimizin, ədəbiyyatımızın və mədəniyyətimizin bilicisi, sözün böyük mənasında, pərəstişkarıdır. Xaricdə təhsil alan nəvələrini tətilə gələndə vaxt tapıb müxtəlif teatr tamaşalarına, heç kimə ümid olmadan, özü ona görə aparırdı ki, milli mənəvi dəyərləri unutmasınlar. Və üzərinə düşən  vəzifəni (məsuliyyəti!) heç kimlə paylaşmayan baba, əlbəttə ki, yalnız bugün üçün deyil, gələcək üçün də ağsaqqallıq nümunəsini göstərə biləcək; bugünkü nəsil istər- istəməz həmin nümunəni gələcəyə aparacaqdır.

... Fəttah Heydərov, bir tərəfdən, ən yeni tarixi yaşamış, onun hər bir hadisəsini,  detalını (və fəlsəfəsini) yadda saxlamış, təhlil eləmiş (və  dərk etmiş!) insanlardandır. Digər tərəfdən isə, mənsub olduğu xalqın tarixini az qala bir peşəkar tarixçi qədər dərindən, təfsilatı ilə bilir... Və bu ona imkan verir ki, bugünü  qiymətləndirməkdə, sabahı  proqnozlaşdırmaqda, demək olar ki, səhv etməsin. Həyatda rastlaşdığı, ünsiyyətdə olduğu yüzlərlə, hətta minlərlə müxtəlif  xarakterli insanlarla təmasdan qazandığı  böyük təcrübə Fəttah müəllim üçün bir tale məktəbidir ki, bu məktəbin yaxşı mənimsədiyi dərslərini başqalarına, xüsusilə gənclərə öyrətməyə, mən çox görmüşəm ki, heç zaman xəsislik eləmir, tərəddüd göstərmir. Əksinə, bütün dəqiqliyi (və mürəkkəbliyi!) ilə izah etməkdən bir müəllim- mürşid müdrikliyi ilə kam alır.

...O məmləkət xoşbəxtdir ki, orada ağsaqqal sözü eşidilir. Və o məmləkət qüdrətlidir ki, orada ağsaqqal sözünə əməl edilir.

 

 

Nizami Cəfərov

 

525-ci qəzet.- 2013.- 3 may.- S.5.