İşıqlı, nurlu insan...

 

Fərman Əhmədzadənin əziz xatirəsinə

 

Çətindir, çox çətindir. Doğma, əziz olan bir adam haqqında yazmağa başlayanda həmişə çaşıb qalmışam. Bilməmişəm, haradan başlayım. Və bir də həmişə Əli Kərimin məşhur “Vəsiyyət” şeiri gəlib düz gözümün qabağında dayanıb. Bəli, həmişə... Yaxın dostum Mətləb Nağı haqqında ağı yazanda da, həyatdan vaxtsız köçmüş yoldaşlarımı xatırlayanda da... İndi yazı masasının arxasına keçib hamının ağsaqqal kimi tanıdığı, dar gündə üz tutduğu, adı böyük hərflərlə yazılan insan olan Fərman Əhmədzadə haqqında nəsə yazmaq istəyəndə də məhz bu misralar məni rahat buraxmadı..

   

Hardan gəlib çıxdı ölüm -

                                       bu qoca kaftar,

Yaman kəmfürsətdir,

Görmür ki, əlimdə nə qədər işim var?

   

Nə qədər işim var? Bunu yazıram, onun son günlərinin sevinci yadıma düşür. Əkiz nəvəsi dünyaya gəlmişdi. Uçmağa qanadı yox idi. Görüşdük. “Kaş Allah imkan verəydi, Əflatunla hərəmiz birinin qolundan tutub məktəbə aparaydıq. İnan ki, dərdim olmazdı”. Arxasını deyə bilmədi, gözləri yaşardı.

Düzü, mən də kövrəldim. “Elə niyə deyirsiniz, hələ onların məktəbi qurtardıqları günü də görəcəksiniz”, – dedim. Cavab vermədi. Gözlərini bir nöqtəyə dikdi...

Arzusu tək bununla bitmirdi. Nəvəsi Minayə bu il məktəbi qurtaracaqdı. Anasının adını vermişdi. O anasının ki ömrünün son günlərində bütün övladlarını başına yığıb demişdi: “Sizə dönə-dönə tapşırıram. Mən dünyadan köçəndə heç biriniz ağlamayın. Ağlasanız, ruhum şad olmaz. Elə bilin ki, məni atanızın yanına gəlin köçürürsünüz”.

Nə qədər böyük sözlərdir, İlahi! Onun ruhu, müqəddəs məhəbbəti qarşısında necə baş əyməyəsən...

Elə-belə baxmayın. Mənə elə gəlir ki, Minayə xanımın bu sözlərinin arxasında təkcə həyat yoldaşına yox, həm də övladlarına olan Böyük məhəbbət dayanırdı. Anadır axı... Balalarının ağlamağına necə dözə bilərdi. Bu hisslər, duyğular Nüsrət Kəsəmənlinin anasının ölümünə həsr etdiyi şeirin misraları ilə necə də üst-üstə düşür:

   

Bir oğul ağlayır hey yana-yana,

Yanğı söndürməyə bulağa dönmüş

İndicə tabutdan duracaq ana,

Deyəcək, üzüldün, anası ölmüş.

    

Oğlu Vüqar danışır. Danışır ki, bayram günü ata-anasının, doğmalarının qəbrini ziyarət edəndən sonra onu çağırıb. Əli ilə göstərib: “Bax, mənim yerim buradır. Başqa yer axtarmayın”, – deyib. Vüqarın tutulduğunu görüb dediyinə peşman olub, o dəqiqə də sözünə düzəliş verib: “On beş ildən sonra”...

Amma Vüqar bu gün də həmin sözü böyük ağrısı ilə xatırlayır.

 

Əzizim Fərman müəllim! Necə deyərlər, bəyənib seçdiyiniz yerdə dəfn olunan zaman adınızı daşıyan nəvəniz Fərmanın atasının boynunu qucaqlayıb necə ağladığını görsəydiniz, onsuz da sizə vəfasızlıq edən o ürəyiniz para-para olardı.

Əslində, həyatdan belə tez köçməyinizlə çox qəlbləri sındırdınız. Sizin dəfninizdən qayıdanda qardaşlarınız Əhməd müəllimin və Mübariz müəllimin üzlərinə baxmaq olmurdu. Vallah baxmaq olmurdu. Çiyinlərinə elə bil ağır yük düşmüşdü. Bunu görməyə nə vardı ki... Bu yükü çəkə bilmirdilər, həkim, vallah bilmirdilər. Axı, həmişə üç qardaş bir yerdə addımlayardınız... Bəs indi nə oldu... Niyə onları tək qoydunuz?

Dəfn mərasimindəki insanların sayı-hesabı yox idi. Hər yerdən gəlmişdilər. Gəlmişdilər ki, hamının, sözün həqiqi mənasında, ağsaqqal saydığı bir işıqlı, nurlu insana son borclarını versinlər. Bəli, işıqlı, nurlu insan... bu, həqiqətdir. Sizi yüz, iki yüz, min... adamın içindən aydın görmək mümkün idi. Əməliyyat masasına gedəndə də, qanımızın qara vaxtında da üzünüzdə həmişə işıq görmüşəm. Və hər dəfə düşünmüşəm ki, məhz bu, Əhmədzadələr ocağının işığıdır. Elə ona görə də hamı həmişə məhz bu işığın ətrafına toplaşıb, onu müqəddəs bilib.

Qaxda bir ağsaqqaldan eşitdiyim sözləri xatırlayıram: “Oğul, Əhmədzadələrin pis olmağa haqqları yoxdur. Çünki onlar Cuma Əhmədzadənin halal çörəyini yeyiblər”.

Ömrünün 51 ilini insanların sağlamlığına həsr etmək hər adama nəsib olan şey deyil. Məni qınamayın. Bu ürək ağrımalıydı, vallah, ağrımalıydı. Hippokratın gözəl bir sözü var. “Xəstə sağalana qədər həkimin ürəyi ilə yaşayır”. Elə bil onun haqqında deyilib. Ürəyi ilə yaşatdığı neçə-neçə xəstə, xeyirxahlıq göstərdiyi, əllərindən tutduğu insanlardır ki, bu gün onun haqqında elə ürək dolusu danışırlar ki...

Hələ iş yoldaşlarını demirəm. Sakitcə bir kənara çəkiliblər. Ağır itkidir. Onların sevincini öz sevinci, dərdlərini öz dərdi bilən baş həkimlərini son mənzilə yola salırdılar. Hələ də özlərinə gələ bilmirlər. Çünki hər şey məhz onların gözü qarşısında olub. Fərman həkim beş dəqiqəliyi keçirib, tapşırıqlarını verib. Öz otağına qayıtmaq istəyəndə onun narahatlığını hiss edən cərrahiyyə şöbəsinin müdiri Vahid Məsimov halını soruşub. “Özümü pis hiss edirəm”, – deyib. Onu şöbə müdirinin otağında stulda əyləşdirib, təcili kardioloq çağırıblar. Vəziyyətinin kəskinləşdiyini görüb reanimasiya otağına aparıblar. Burada, sözün həqiqi mənasında, olumla ölüm arasında mübarizə aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Bir anın içində quş kimi uçub gedib...

Bəli, məhz bir anın içində. Halbuki həmin axşam oğlu Vüqarla xeyli söhbət edib. Minayənin Bakıdan nə vaxt qayıdacağını soruşub. Nəvəsi Fərmanı yanına çağırıb. O üzündən, bu üzündən öpüb. “Mənim balam, elə et ki, hamı həmişə səninlə fəxr etsin”, – deyib. Oğlu Tərlanın qayınatası – həyatdan vaxtsız getmiş Bəhram həkimin 70 illiyi ilə bağlı ürək sözlərini diqtə edib, həyat yoldaşı kağıza köçürüb...

Səhər tezdən yuxudan oyanıb. Vüqara deyib ki, hazırlaş, nahardan sonra Bakıya gedəcəyik. Ürəyinin vəziyyətini yoxlatmalı idi. Bakıdan neçə dəfə zəng vurmuşdular. Gəlməsinin vacib olduğunu deyirdilər. Günü-günə satırdı. Nəhayət, uzun təkidlərdən sonra həmin gün yola düşməliydi. Amma sən saydığını say, gör fələk nə sayır. Sürücüsü Laçın danışır ki, iki gün qabaq onu işdən evə gətirəndə nədənsə maşından düşmədi. “Oğul, – dedi, – sür Qaxı bir də dolanım”. Mən nə deyə bilərdim axı... Maşının üzünü çevirdim. Xeyli gəzdik. Maşında bir kəlmə də danışmadı. Nə biləydim, hardan biləydim ki, bu dağlara sonuncu dəfə baxırmış. Laçın danışır. Mən isə fikirləşirəm. Fikirləşirəm ki, görəsən, bu anda o nə barədə düşünürmüş. Onun üçün hətta ürəklərini belə verməyə hazır olan əzizlərinimi, yoxsa...

Dəfələrlə demişəm, hətta yazmışam da... Fərman Əhmədzadə üçün Qaxdan müqəddəs yer yox idi. Hər dəfə bura gələndə görüşürdük. Saatlarla söhbət edirdik. Doğulduğu bu yer haqqında elə səmimiyyətlə danışardı ki... heyranlıqla qulaq asardım. Deyərdi ki, “Qaxdan yazılan yazı da onun bulaqları kimi saf, havası kimi təmiz olmalıdır. Hər dəfə əlinə qələm götürəndə mənim dediyim sözləri unutma”.

Gecədən xeyli keçib. İndi oturub Fərman həkim haqqında bu qeydləri yazanda onun dediyi bu sözləri xatırlayıram. Düşünürəm ki, o başqa yerdə yox, məhz öz əli ilə qurduğu xəstəxanada dünyasını dəyişməliydi. O başqa yerdə yox, məhz canı, varlığı qədər sevdiyi Qaxda əbədiyyətə qovuşmalıydı...

Aradan illər keçəcək. Minayə də tələbə olacaq, dünyaya yeni gəlmiş əkizlər də məktəbə gedəcəklər. Adınızı daşıyan nəvəniz Fərman da böyüyəcək, öz çəkisi, öz sanbalı olan Əhmədzadə soyadını məhz sizin kimi ləyaqətlə təmsil edəcəkdir. Həmin günləri siz görməsəniz də, nigaran ruhunuz rahatlıq tapacaq, mütləq şad olacaqdır, Fərman həkim!..

 

 

İlqar HƏSƏNOV

 

525-ci qəzet.- 2013.- 3 may.- S.4.