Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi (davamı)

 

Təzəpir kompleksinin məkan kompozisiyasına xələl gətirən detal minarələrin ikinci yarusunun olmamasıdır. İkiyaruslı minarələr tikilini estetik baxımdan gözəgəlimli etməklə bərabər, həm kompozisiya tamlığı yarada bilərdi. Əlbəttə, yuxarı istiqamətlənmiş iki təbəqəli minarələr, taxtavan üzərində relyefli xətlərlə bəzədilmiş oxvari pəncərələr onları tamamlayan günbəzlər əvvəldən nəzərdə tutulduğu kimi daha hündür olsaydı, dini tikili ideyasını daha effektli göstərərdi. Çar hökuməti tərəfindən məscidin tikintisinə edilən müdaxilə minarələrin ikinci yarusunun ixtisar edilməsinə gətirib çıxardı. Belə ki, çar hökuməti məscidin şəhərin mərkəzində yerləşən Aleksandr Nevski (Qızıllı kilsə) kilsəsindən hündür tikilməsinə icazə vermədi.

Zivər bəy Təzəpirin tikintisini başa çatdırmamış Hacı İbrahim Əjdər bəy Qanlı Təpənin üstündə yeni bir məscidin tikintisinə rəhbərlik etməyi ondan xahiş etdi. Əslində Əjdər bəy Nabat xanımın ən yaxın qohumlarından biri idi. Qanlı Təpə üstündə məscid tikdirməklə Əjdər bəy Nabat xanımla rəqabətə girmək fikrindən uzaq idi. Əjdər bəyin bu məscidi tikdirməkdə başqa bir məqsədi var idi. Əjdər bəyə məlum idi ki, Nadir şahın ən böyük arzularından biri islamda mövcud olan məzhəb fərqini aradan qaldırmaqla müsəlmanların birliyini təmin etməkdən ibarət idi. Nadir şah hakimiyyəti dövründə çalışırdı ki, şiə sünnü məzhəbli müsəlmanlar eyni məsciddə namaz qılıb, ibadət etsinlər. Aşurbəyovların Nadir şaha böyük hörmət ehtiramı olduğu üçün Əjdər bəy belə bir məscidin tikintisinə qərar verdi. İlk əvvəllər bu məscidİttifaqadını daşıyırdı.

Əjdər bəy məscidin tikintisi ilə bağlı Zivər bəyə 1910-cu ildə müraciət etmişdi. Lakin Zivər bəy Təzəpirin tikintisini başa çatdırmadan Əjdər bəyin təklifini qəbul etmək istəmirdi. Nabat xanımın razılığını alan Zivər bəy 1911-ci ildə Qanlı Təpə üstündə tikiləcək məscidin layihəsini hazırlayaraq Əjdər bəyə təqdim etdi. Şəhər rəsmilərindən icazə alınandan sonra 1912-ci il martın 2-də məscidin tikintisinə başlandı. 1913-cü il dekabrın 2-də tarixə Göy Məscid adı ilə daxil olan Əjdər bəy məscidinin təntənəli açılışı oldu. Zivər bəyin məlumatına görə məscidin açılışında sünnü şiə dindarlarla yanaşı, ləzgilər Volqaboyu tatarları da iştirak edirdilər.

Göy məscidin tikintisini başa çatdırdıqdan sonra Zivər bəyin  bütün qayğıları Təzəpirlə bağlı idi. Çar hökumət orqanları məscidin ikinci yarusu ilə bağlı layihəni həyata keçirməyə imkan vermirdilər. Əslində Aleksandr Nevski kilsəsindən hündür binanın tikilməsinə qadağanın qoyulması ilə bağlı Bakı Şəhər Dumasının şəhər qubernatorunun yazılı bir qərarı yox idi. Sadəcə olaraq Aleksandr Nevski kilsəsinin birinciliyini qoruyub saxlamaq üçün çar orqanları şifahi şəkildə Bakı şəhərində bu binadan hündür tikintinin aparılmasına qadağa qoymuşdular. Zivər bəyin xahişi ilə H.Z.Tağıyev işə qarışandan sonra Bakı şəhər duması əvvəlki kimi öz fikri üstündə israr etmirdi, eyni zamanda bu məsələnin tamamilə ondan asılı olmadığını da etiraf edirdi. Zivər bəy bu məsələ ilə bağlı Bakı şəhər idarəsinin rəisi Məmməd Həsən Hacınskiyə müraciət etdi. Milli düşüncəli vətənpərvər bir ziyalı olan M.Hacınski bu məsələ ilə bağlı qubernatoru razı sala bilmədi Zivər bəyə bu işə yardımçı ola bilmədiyinə görə təəssüfedici bir məktub yazdı.

Bakının din xadimləri Tiflisdə oturan Şeyxülislam Fərəculla Pişnamazzadəyə müraciət edərək bu məsələnin Peterburq səviyyəsində həll olunmasına kömək etməsini xahiş etdilər. Rus dilini mükəmməl bilmədiyinə görə altı il bu vəzifəyə təsdiq olunmayan Axund Fərəculla Pişnamazzadə bu məsələyə köməklik göstərə bilmədi. Çar hökumət orqanları bütün xahişlərə baxmayaraq, Təzəpirin ikinci yarusunun tikintisinə icazə vermədilər. Lakin Təzəpirin iri ölçülü siluetli kompozisiyası, üç tağlı portikli eyvanı, minarələri günbəz inşa olunduğu yerin seçilməsi ilə bəxti gətirmişdi. Ən başlıcası bütün parametrlərinə görə şəhərdə ən iri ölçülü məscid olan Təzəpir şəhərin hər bir nöqtəsindən aydın görünürdü.

Təzəpir məscidi mart soyqırımı günlərində

1917-ci il fevralın sonlarında Rusiyada 300 ildən artıq hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi. Rusiyada iri burjuaziyanın mülkədarların başçılığı ilə Müvəqqəti hökumət təşkil edildi. Uzun müddət Rusiya imperiyasının milli dini zülmünə məruz qalan Azərbaycanın milli demokratik qüvvələri Bakını siyasi mərkəzə çevirmək üçün təşkilatlandıqda Təzəpir məscidi bu işdə böyük siyasi mərkəz rolunu oynamağa başladı.

Çarizm müsəlmanların dini birliyinin qorunması əvəzinə məzhəb fərqini şişirtməklə sünnü şiə başçılarını bir-birinə qarşı qoyurdu. Azərbaycanın demokratik ziyalılarının bir qrupu vaxtilə çarizm tərəfindən iki məzhəb arasında qızışdırılan ixtilafları aradan qaldırmaq üçün Qafqaz Müsəlmanlarının qurultayının çağırılmasını qərara aldılar. Bu qərar hər iki məzhəbin din xadimləri tərəfindən razılıqla qarşılandı. Qurultay 1917-ci ilin aprelində İsmailiyyə binasında toplandı. Qurultaya Azərbaycanın bütün qəzalarından, Dağıstan, Basarkeçər, Borçalıdan nümayəndələr gəlmişdi. Qurultay üç gün davam etdi. Əhali iki məzhəb arasında ixtilafların günahını çarizmin dini ayrı-seçkilik siyasətində görürdü. Ona görə əhali qurultayın başa çatmasını səbirsizliklə gözləyirdi. Son iclas başa çatandan sonra qurultay nümayəndələri nümayişkaranə şəkildə İsmailiyyədən Təzəpir məscidinə yollandılar. Rəngarəng libaslara bürünmüş yüzlərlə ruhani, molla, seyid, axund, qazi, müfti, şeyxülislam məscidə cümə namazına tələsirdi. Din xadimləri məsciddə dəstəmaz alıb namaz qıldılar. Sonra isə sünni-şiə ixtilafına son qoymaq üçün şeyxülislamla müfti qucaqlaşıb bir-birini öpdülər Qurana əl basıb and içdilər ki, çarizm tərəfindən qızışdırılan bu ədavəti aradan qaldırmağa çalışacaqlar.

1918-ci ilin əvvəllərindəİsmailiyyəbinasında yerləşənMüsəlman Xeyriyyə Cəmiyyətiazərbaycanlı əhalidən milli ordu təşkil etmək üçün Təzəpir məscidinin din xadimlərindən kömək istədi. 1918-ci ilin mart soyqırımına qədər Lənkəran, Bakı Gəncədə hazırlanan milli ordunun əsgərlərinə ilk xeyir-dua Təzəpir məscidindən verilir, onlar Quran altından keçiriləndən sonra hərbi hissələrə yola salınırdı. Bu mərasim çox zaman cümə gününə salınırdı. Cümə namazına gələn dindar əhali bu mərasimi böyük ruh yüksəkliyi ilə qarşılayırdı. Təzəpir məscidində həyata keçirilən bu mərasimə etiraz olaraq Bakı Soveti qüvvələrinin rəhbərliyi din xadimlərini milli hissləri qızışdırmaqda ittiham edirdi.

1918-ci il martın 29-da Lənkərana qayıtmağa hazırlaşanEvelinagəmisinin müsəlman əsgərləri Bakı Soveti qüvvələri tərəfindən həbs edilərək tərkisilah edildi. Martın 30-da səhər tezdən on minlərlə dinc Bakı sakini Təzəpir məscidinin həyətinə yığışaraq müsəlmanlara məxsus silahların qaytarılmasını tələb etdi. Məscidin dindarları əhalinin bu tələbini müdafiə etdi. Məscidin içində, həyətində ətraf küçələrdə Bakı Sovetinin tərkisilah qərarına etiraz edən adamların əlindən tərpənmək olmurdu.

 

(Ardı var)

 

 

Anar İSGƏNDƏROV

Tarix elmləri doktoru,

Professor

 

525-ci qəzet.- 2013.- 3 may.- S.6.