Oralarda kimlər var- İnqilab Həsənli-2

 

GƏRƏK JURNALİST OXUCUSUNU İNANDIRSIN..

 

ONLAR NƏ DEDİLƏR: YAZAR AZƏR ABDULLA

 

Keçmə Tofiq Abdinin bu adətindən, bu xasiyyətindən. Hamının öz işi, öz qayğısı, problemlərinə başı qarışdığı vaxt, ölmüş, itmiş, yaxud yaşasa da görünməyən, unudulan sənətçiləri, qələm dostlarını (təkcə tanışlarını, dostlarınımı!?.) arayıb tapır, yada salır. Tofiq “Qobustan” dərgisində çalışdığı vaxtlarda da beləydi. Bəlkə Tofiq həm də özünün unudulmasından qorxduğu üçün bunları edir...

 

Bu da İNQİLAB TƏRTƏRLİ!

 

Görəsən, adamların bəzisi niyə soyuq, biganə, qaraqabaq, acıdil, bəzisi də istiqanlı, mehriban, elə bil dilinin altında arılar şan  bağlaylbmış kimi sözü-söhbəti bal kimi şipşirin, dadlı olur. İnqilab Tərtərli sonunculardandı. Mən elə bilirdim onun şirindil, yaxşı mənada qılıqlı, ünsiyyətcil olması onun peşə vərdişi ilə bağlıdır. O, bir vaxtlar radionun uşaq verilişləri redaksiyasında əməkdaşlıq edib. Axı, insanla böyüklərlə bir sayaq, uşaqlarla bambaşqa ünsiyyətdə olur. Uşaqla danışanda özündən asılı olmayaraq sifətdə gülümsərlik, mehribanlıq, doğmalıq yaranır. Bunlardan başqa səs incəlir, yumşalır, sözlərdə şirinlik, əzizləmə çaları yaranır. Yad adamın belə üzündə, gözündəki doğmalığı görən uşaq dərhal həmin adama inanır, isinişir, güvənərək onunla dostlaşır. İnqilab bəyin üzündəki doğmalığı, dilindəki, söz-söhbətindəki şirinliyi də onun peşəsiylə bağlayırdım. Ancaq Tofiq Abdinin “Oralarda kimlər var”  rubrikasının qonağı olan İnqilabda olan bu gözəl xüsusiyyətin həm də lap uşaq yaşlarından anasının aşıladığı tərbiyədən gəldiyi aydın oldu.

Vəzifəm, səlahiyyətim olmasa da, İnqilabın məndən heç bir umacağı olmasa da doğum, yaxud bayram günlərində, yaxud sıralanan yorucu, solğun günlərin birində mobil telefonum səslənir, İnqilabın doğma, aydın, şən səsi evimizə dolur. Qısa danışıq zamanı onun bir neçə yol – Qadan alım, başına dönüm- söylədiyi könül açan şipşirin sözləri sənin halına xoş bir ovqat qatır...

Qada görməyəsən ay doğma İNSAN! Tanışlarına, dostlarına, doğmalarına və insanlara bağışladığın SEVGİNLƏ yaşa!..

– Azərbaycan publisistikasının altmışıncı-yetmişinci illər havasında adın dostların tərəfindən həmişə hörmətlə çəkilir və yazdığın bir çox publisistik yazılar uzun illərdi unudulmur və məncə, hələ uzun illər də unudulmayacaq. Bu fakt olaraq qalır və şayət sənin o illərini bir etap kimi götürsək jurnalistika üçün ən önəmli nəyi hesab edirsən?

– Tofiq, sən məndən də yaxşı bilirsən ki, bədii ədəbiyyatdan fərqli olaraq jurnalistikanın bir dəyişməz predmeti var: gerçəkliyi əks etdirən konkret, real fakt. Ancaq bu fakt təkcə gördüklərin və eşitdiklərin, hətta iştirakçısı olduğun hər hansı hadisə deyil... Gərək hər bir jurnalist hansı janrda yazmasından asılı olmayaraq qələmə aldığı mövzunu ətraflı öyrənə, kiminlə görüşüb söhbət eləyəcəksə onun sənəti, peşəsi barədə müəyyən bilgiyə sahib ola. Yoxsa onun yazdıqları nəinki oxucular üçün maraqsız olacaq, kimsəni yazdıqlarına inandıra bilməyəcək. İlk növbədə həmsöhbəti qarşısında o özü pis duruma düşəcək...Təvazökarlıqdan uzaq olsa da, özümdən bir misal çəkim. “Sovet kəndi” qəzetində işləyirdim, ŞİRİN BİYAN haqqında bir məqalə yazmaq qərarına gəldim. Bunun üçün Botanika İnstitutuna getdim, təbiətimizin böyük bilicisi, institutun direktoru, mərhum akademik Vahid Hacıyevlə görüşdüm, xeyli söhbət eləyib qeydlərimi götürəndən sonra institutun başqa bir elmi işçisi – namizədlik dissertasiyasını bütünlükdə ŞİRİN biyana həsr eləmiş bir qadınla görüşdüm və bu görüş bir neçə dəfə təkrarlandı. Hər dəfə də bu nadir bitki haqqında eşitdiklərim məni bir az da dərinə getməyə məcbur elədi: neçə-neçə kitab, qəzet-jurnal məqaləsi oxudum və öyrəndim ki, uşaq vaxtı kəndimizin arx kənarlarında, kövərlirdə gördüyüm, ölkələrimizin demək olar bütün bölgələrində gen-bol bitən şirin biyan sözün həqiqi mənasında möcüzə imiş. Məhz bu bitkidən alınmış şirənin tətbiqi nəticəsində əlvan metalların emalı zamanı zəhərlənmə hallarının qarşısı tam alınıb, iş vaxtı 2 saatdan 8 saata qaldırılıb; müharibə zamanı həmin şirədən yanacağa qarışdırmaqla qırıcı təyyarələr bir neçə km daha hündürlüyə qalxa bilib, yanğınsöndürmədə istifadə olunan KÖPÜK ilk dəfə həmin şirə vasitəsilə alınıb... SSRİ Elmlər Akademiyasının Uzaq Şərq şöbəsində çalışan iki gənc alimin araşdırmaları isə bu bitkinin insan üçün daha faydalı tərəfini üzə çıxarıb: Onlar müəyyən yollarnan Çindən gətirdikləri, elmi ədəbiyyatdan əldə elədikləri çoxsaylı qədim Dibet reseptlərinin tərkibini ətraflı öyrənərək bu qənaətə gəliblər ki, müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan şirin biyanın şirəsi tibb aləmində cavanlıq mənbəyi hesab olunan JENŞENİ belə qabaqlayaraq birinci yerdə olub. Beləliklə, “Jenşen kölgədə qalır” məqaləsi meydana gəldi...

–Dostlar itirmişik, İnqilab, onların içində bizimlə çox yaxın olanları da vardı, kimləri xatırlayırsan, kimlərin itkisi səni incidir?

– Nə gizlədim, Tofiq, nəslimin tökülməkdə olan yarpağının hansı olacağımı gözlədiyim bir vaxtda – ömrümün 66-cı baharında “DOST nədir, ümumiyyətlə DOST varmı?” sualı mənə dinclik vermir. Əlbəttə, mən belə bir çətin suala hər kəsi qane edəcək cavab vermək iddiasından çox uzağam. Sadəcə olaraq, ağlımın, dünyagörüşümün gücü çatacağı şəkildə fikrimi bildirib də rahatlanmaq istərdim...

Cavanlığımda bir çox qələm adamı kimi mən də şeir yazırdım və o şeirlərdən biri dəniz haqqında idi. Yəqin ki, sevimli şairimiz Ələkbər Salahzadə bir dəfə küçədə rastlaşanda o şeiri bəyəndiyini söyləyib bu misraları əzbərdən deməsəydi, əksər şeirlərim kimi bu şeir, bu misralar da yaddaşımdan büsbütün silinib gedəcəkdi:

 

... Sahildə

bir işıq olmaq istəyirəm,

dənizdə azanların

gözündən tutub

sahilə çıxarmaq...

 

Dost haqqında nəsə yazmaq, fikir söyləmək istədiyim bir vaxtda məhz bu misraların yadıma düşməsi, sanıram ki, təsadüfi deyil. Çünki mənim düşüncəmə görə DOST DOSTunun sevinci bir yana, ilk növbədə dərd-sərini, ağrı-acısını, konkret bir məqamda nə çəkdiyini onun gözlərindən oxumağı, onu hansısa maddi və mənəvi sıxıntılar burulğanından məhz öz gözlərindəki işığın gücünə çəkib çıxarmağı bacarmalı – DOSTUNUN qəm dəryasında azmasına imkan verməməlidir.

Bu anda başqa bir fikir, başqa bir bənzətmə də gəldi ağlıma: insan yaşlaşanda, gözü nurdan, dizi taqətdən düşəndə əlinə əsa alır, yeriyəndə büdrəməmək, müvazinətini itirib də yıxılmamaq üçün o əsaya söykənir, ona pənah gətirir. Və hərdən elə məqamlar olur ki, əlindəki o bir parça ağac, ya dəmir, fərq eləməz, bu dünyada ona bağlı maddi və mənəvi nə varsa – hər şeydən və hər kəsdən daha yaxın olur – DOSTUNA çevrilir. Xoşbəxt o kəsdir ki, həyatda bircə nəfər də olsa canındakı ağrı-acını vaxtında çəkib çıxarmağı bacaran, əlindəki ƏSAnı əvəz edə bilən DOSTU olsun. Bu dost evinin içində ailən, övladın da ola bilər...O ki qaldı itirdiyimiz qələm, söz dostlarımıza... rəhmətlik Vidadi Məmmədov, Malik Fərrux və Eldar Baxış təkcə biz dostlar üçün deyil, bütövlükdə ədəbiyyatımız üçün böyük itki oldular...

Vidadinin cəmi bir neçə maraqlı hekayəsi çap olunmuşdu, ancaq qalın-qalın romanlar yazan, cild-cild kitabları çap olunan “nəhənglərə” ədəbiyyat dərsi keçirdi, heç kəsə də güzəştə getmirdi, yaxşıya yaxşı, pisə də pis deyirdi. Ona görə də o illərdə ədəbiyyata gələn istedadlı cavanların əksəriyyəti istəyirdi ki, onların yazılarını birinci Vidadi oxusun, çap olunmasa belə, ilk sözü Vidadi söyləsin...Malikin şeirləri kimi özü də son dərəcə mülayim və səmimi idi. İçində nə qədər ağrı-acı, sıxıntı olsa belə, üz-gözündə həmişə ay işığı kimi dupduru bir təbəssüm vardı, ürəyi qarış-qarış gəzdiyi Azərbaycan torpağına, təbiətinə sevgiynən dolu idi. Və gün gəldi, Qarabağ dərdi, Laçın dərdi bu sevincə qənim kəsildi, onu için-için yandırmağa, qovurmağa başladı və Malikin ürəyi bu ağrıya, bu dərdə, bu savaşa dözmədi...

Eldarsa bambaşqa bir aləm idi. Uzun illər bir redaksiyada işləyib, bir kabinetdə oturmuşduq. Şeirləri nə qədər düşündürücü, sərt və müdrik idisə özü bir o qədər sadəlövh idi. Bəzən adama elə gəlirdi ki, onu bir uşaq da aldada bilər. Çünki hamıya inanırdı. Özünün də ürəyindən nə keçirdi, dilində idi. Bu isə ona xeyirdən çox ziyan gətirirdi...

– İnqilab, jurnalistikamızın bu günü barədə çox əskik şeylər danışırlar və sanki bu danışıqlar heç olmur, hər kəs öz işindədir...

– Mətbuatı haqlı olaraq cəmiyyətin güzgüsü adlandırırlar. Ancaq əgər cəmiyyəti bütövlükdə canlı bir orqanizm hesab eləsək, mətbuat, ümumiyyətlə, kütləvi informasiya vasitələri həmin cəmiyyətin təkcə xarici görkəmindəki qüsurları göstərən güzgü deyil, həm də onun daxilinə nüfuz edib bütün xəstə nöqtələrini aşkarlayan rentgen, ultrasəs rolunu oynamalıdır. Ancaq təəssüflər olsun ki, bu gün bir qisim jurnalisti və çox az sayda mətbuat orqanını çıxmaq şərtilə əksəriyyət nəinki cəmiyyətin sağalmasına xidmət eləmir, əksinə, bəziləri hamıya bəlli olan qüsur və nöqsanları gizlədib, yalnız yaxşı cəhətləri qabardır, bəziləri isə məqsədli şəkildə yaxşı nə varsa hamısına göz yumub, barmağını yalnız xəstə nöqtələrə tuşlayıb bu “xəstə candan” mümkün qədər daha çox “qazanc” götürmək üçün dəridən-qabıqdan çıxır... Bununla da hər iki cəbhənin təmsilçiləri – istər kifayət qədər oxucusu, tamaşaçı və dinləyicisi olmayan məddahlar, istərsə də hər addımda jurnalist adına utanc gətirən, beş-on manatdan ötrü saatlarla məmur qapısında növbə gözləyənlər cəmiyyətimiz üçün eyni dərəcədə ziyanlıdırlar.

–Yəqin ki, burda mövcud nöqsanları əks etdirən tənqidi yazılara məmur biganəliyi,laqeydliyi də az rol oynamır.

– Tamamilə doğrudur. Ən ziyanlısı odur ki, hakim dairələrdə ümumiyyətlə tənqidə çox pis münasibət var. Hətta hamının bildiyi, necə deyərlər, göz önündə olan gerçəkləri belə hansısa qəzet yazırsa onu qərəz kimi qəbul eləyirlər, ən asan problemin həllində inadkarlıq göstərirlər... Axı, atalarımızın min illərin sınağından keçib gələn belə bir müdrik sözü var, deyir: “Güldürən yanında oturma, ağladan yanında otur”. Yəni, nöqsanını, çatışmayan cəhətini üzünə deyəni özünə düşmən hesab eləmə...

Tofiq, oxuculardan dönə-dönə üzr istəyib özümdən daha bir misal çəkmək istəyirəm... 1979-cu ildə “Azərbaycan” jurnalında yazım çap olunmuşdu. Tərtər rayonunun doğulub boya-başa çatdığım Hüləbətli kəndinin çatışmazlıqlarını, problemlərini qələmə almışdım... Yeri gəlmişkən xatırladım ki, o vaxt respublikanın rəhbəri olan rəhmətlik Heydər Əliyev yazıçıların filarmoniyada keçirilən qurultayında həmin məqaləni tərifləyib demişdi ki, bu yazıda təkcə kəndin sosial problemləri deyil, onun həlli yolları göstərilib...

Ancaq hələ nə qurultay keçirilmişdi, nə də ölkə başçısı bu sözləri dilinə gətirmişdi... Jurnalın 79-cu il dekabr nömrəsi işıq üzü görən kimi rayon rəhbərliyi bütün aidiyyatı qurumları məqalədə qaldırılan problemlərin həllinə yönəltdi: kəndimizdən dəfələrlə böyük olan kəndlərə işləmədiyi halda bizim kəndə avtobus marşrutu açıldı; cəmi 10-15 gün ərzində kəndimizə qaz xətti çəkildi; respublika avtomobil yolları naziri rəhmətlik Rafiq Xələfovun tapşırığı ilə yolumuza ilk dəfə, üstündən otuz, otuz üç il keçməsinə baxmayaraq bu gün də yaxşı vəziyyətdə olan keyfiyyətli asfalt salındı; bir-iki il əvvəl qonşu kənddə şagird kontingentini artırıb orta məktəb yaratmaq xatirinə bizim məktəbin dördüncü sinfini bağlayanlar çox az vaxt ərzində əvvəlcə 8 illik, daha sonra isə orta məktəbə çevriləcək böyük bir məktəb binasının tikintisinə başladılar.

 

  (Davam edəcək)

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2013.- 4 may.- S.23.