Yuxusuzluq
(hekayə)
Salman
kişi iki həftəydi yata bilmirdi.
Hər
gecə ədəb-ərkanla soyunub yerinə girirdi, əvvəl
arvadını yuxuya verirdi, sonra tövlədəki qoyun-quzunun
səsinə, damdakı qara köpəyin
fısıltısına qulaq asırdı, bir azdan o səs-hənirti
də kəsilirdi. Onda Salman kişi darıxırdı, elə
darıxırdı ki, burnunun ucunda vızıldayan
ağcaqanadı vurmağa da əli qalxmırdı,
çünki o ağcaqanad hər gecə beləcə
vızıldaya-vızıldaya Salman kişini səhərə
çıxarırdı, doğrudan da o ağcaqanad kiriyən
kimi Salman kişi üzünü pəncərəyə
sarı çevirib görürdü ki, hava
işıqlanır.
Bu gecə
qara köpəyin fısıltısı nəsə heç
kəsənə oxşamırdı. Salman kişi astaca yerindən
qalxıb həyətə düşdü.
Bu azara
tutulandan Salman kişinin gecə vaxtı həyətə
düşdüyü birinci kərə deyildi. Hərdən
Salman kişi elə yerinin içindəcə öz yuxusuz
canından o qədər bezirdi ki, az qalırdı ürəyi
partlasın. Onda həyətə düşürdü, səhərdən
gizlətdiyi sümüyü çıxarıb qara köpəyin
qabağına atırdı, qara köpək o
sümüyü ləzzətlə gəmirə-gəmirə
yiyəsinə baxanda Salman kişi qara köpəyin dipdiri
açılan gözlərindən rahatlanırdı, dincəlirdi,
bir xeyli beləcə dayanıb itin sümüyü gəmirməyinə
tamaşa eləyəndən sonra təzədən gedib yerinə
girirdi.
Amma bu gecə
qara köpək sümüyə gözünün
qırağıyla da baxmadı. Salman kişi ürəyində:
– Küsüb
deyəsən, – dedi, sonra haçansa qəzetdə oxuduğu
bir yazı yadına düşdü.
Yazmışdılar
ki, guya birisi düz 20 ildi, yuxusuz gəzir. İki həftə
nədi ki, Allah iyirmi ildən saxlasın.
Salman
kişinin bir qulağı taybatay açıq pəncərədəydi.
İçəridə arvadı elə bərk yatmışdı
ki, əstəfürullah, elə bil ölmüşdü,
çarpayısının cırıltısı da
eşidilmirdi. Amma qara köpək oyaq idi. Özü də
qabağındakı sümüyə yox, Salman kişiyə
baxırdı, elə bil onun yata bilməməyindən də
xəbəri vardı. Bəlkə elə ona görə də
dama girib yatmırdı, yiyəsini bu qaranlıqda tək
qoymağa ürəyi gəlmirdi.
Salman
kişi o quru sümüyü yerdən götürüb həyətin
o başına tolazladı, tez eyvana qalxdı, dünən
soyub şaqqaladığı qoyunun cəmdəyindən bir
yağlı tikə kəsdi, gətirib qara köpəyin
qabağına atdı. Amma qara köpək o ətə də
ağzını vurmadı.
Yazıq
it axır vaxtlar yaman düşmüşdü, canında su
qalmamışdı, hərdən-hərdən hürəndə
də səsi elə quru çıxırdı ki, elə bil
öskürürdü. Bəlkə elə doğrudan da
öskürürdü? Allah eləməsin, it elə indicə
canını tapşırsaydı, Salman kişinin halı necə
olacaqdı? Dünyanın işini nə bilmək olar? Bir də
gördün, iki həftə uzandı oldu iyirmi il.
Görəsən,
o iyirmi il yatmayanın arvadı varmı? Salman kişi qəfil
arvadının elə bərk yatmağına paxıllıq
elədi. Ürəyindən keçdi ki,
çağırıb oyatsın. Amma oyadıb neyləyəcəksən?
Deyəcəksən:
– Yata
bilmirəm.
Deyəcək:
– Neynim?
Deyəcəksən:
– Bəs
arvad nəyə deyiblər?
Deyəcək:
–
Uşaq-zad deyilsən ha, döş verib yatırdım.
Bir az da
uzatsan, küsəcək, sübh tezdən səni bu dörd
divar arasında tək qoyub gedəcək. Getməyə yer nə
çox, qızlar ərdə, oğlanlar ev-eşik yiyəsi,
qohum-əqrəba da, maşallah, bir deyil, beş deyil. Sonra da kəndə
səs düşəcək ki, Salman kişi bayquşdu!..
Səhərin
açılmağına hələ çox qalırdı.
Salman kişi həyətin ortasında dayanıb-durmuşdu.
Bilmirdi getsin, ya qalsın. Getsin, hara getsin? Qalsın, necə
qalsın?
Əşi,
yuxudu da, yoxdu, yatmarıq. Durub bunu da özümə dərd
eləyəcəm? Lap yaxşı, dünyanı çox
görməyin nə zərəri var?
Salman
kişi eyvana qalxdı. İşıqlar
sönmüşdü. Yanılı qalan təkcə Əmrah
kişinin işığıydı. Deyəsən, o
işıq dünən də yanırdı. Görəsən,
o kişinin dərdi nədi?
Salman
kişi darvazanı açıb çıxdı.
Qonşu
həyətlərdən itlər hürüşdü. Yəqin
onun hənirini almışdılar. Salman kişi istədi geri
qayıda. Amma qəfil öz həyətindən o qonşu itlərə
qoşulub hürən qara köpəyin səsini eşitdi. Kərəminə
şükür, Allah, qara köpək də
hürürdü. Və Salman kişi dala qayıtmadı, Əmrah
kişinin işığını tutub getdi.
lll
– Əmrah,
Əmrah.
Salman
kişi pəncərəni taqqıldadıb kənara çəkildi.
İçəridən
səs gəldi:
– Kimdi
orda?
Salman
kişi:
– Mənəm,
– dedi, – amma qəfil öz səsindən karıxdı.
İndi Əmrah kişi pəncərədən
başını çıxaranda, ona nə cavab verəcəkdi?
Gecənin bu vaxtı heç nədən xalxın yuxusuna
haram qatdığını Salman kişi elə bil ancaq indi
başa düşdü. Əgər Əmrah kişi darvazadan
yox, pəncərədən görünsəydi, səssizcə
çıxıb gedəcəkdi. Amma darvaza
cırıldayıb açılanda Əmrah kişi
pallı-paltarlı çölə çıxıb tox-tox:
– A
kişi, orda niyə durmusan, içəri keç, – deyəndə,
ona elə gəldi ki, gecənin yarısı olduğundan, deyəsən
Əmrahın da xəbəri yoxdu. Bəlkə bu yuxusuzluq kəndin
havasındaydı?
Salman
kişi kirimişcə içəri keçdi.
Salman
kişi bu evə çox gəlib-getmişdi. Amma Əmrahın
arvadı dəfn olunan gündən
savayı Salman kişinin bu vaxt bu evə gəlişi
birinci kərəydi.
Oturmuşdular.
İkisi də dinib-danışmırdı. Deyəsən, həmin
gecə qəflətən hər ikisinin yadına
düşmüşdü.
... O gecə
qəbir üstündən qayıdan camaat yavaş-yavaş
dağılışıb gedəndən sonra otaqda ikisi
qalmışdı. Əmrah kişi tez-tez eşiyə
çıxırdı, səssiz-səmirsiz qayıdıb
otururdu, qəflətən yenə qalxırdı, pəncərəyə
sarı gedirdi, divara söykənib başını
bulayırdı, gözünü ovurdu, amma
ağlamırdı. Əgər Əmrah kişi ağlayıb
ürəyini boşaltsaydı, bəlkə də Salman
kişi rahatca çıxıb evinə gedərdi.
Çünki gecə yarıdan ötmüşdü,
Salmanın gözündən yuxu tökülürdü, amma Əmrahı
bu halda tək qoyub gedə bilmirdi. Bu kişinin əlindən nə
desən gələrdi, lap özünə qəsd də eləyərdi.
O gecə Salman kişi Əmrahın ağlamağını
gözləyə-gözləyə haçan yuxuya
getmişdisə xəbəri olmamışdı, səhərin
alatoranında yuxudan oyanıb Əmrah kişini eləcə
divara söykənib qupquru gözlərini düz ona zilləyib
baxan görmüşdü.
Sonra
Salman kişi hər dəfə Əmrahla rastlaşanda
sıxılmışdı, utanmışdı. Bəlkə
də Salman kişi indi həmin o gecənin xəcalətindən
çıxmağa gəlmişdi. Gəlmişdi desin, bax, Əmrah,
düz iki həftədi gözümü də qırpmamışam.
Amma Salman
kişi o sözü demədi. Yenə hardasa bir azca utana-utana:
– Əmrah,
işığı yanılı görüb gəldim, – dedi.
Əmrah
kişinin fikri yenə özündə deyildi. Elə bil bu
beş-altı ayda hələ də canını o gecədən
qurtara bilməmişdi. Bir müddət susub sonra lap astadan:
–Bildim elə
ona görə gəlmisən, dedi,- keçən dəfə
elə bu vaxt Fərzalı kişi də gəlmişdi.
Bu iki
kişinin belə kimsəsiz, yuxusuz gecəsində qəfil təzə
bir adın peyda olmağından Salman kişi nəsə
dirçələn kimi oldu, səsini qaldırıb az qala
qışqıra-qışqıra:
– Nə Fərzalı?
– dedi, – hansı Fərzalı? Fərzalı burda neynirdi?
Amma
Salmanın səsindəki bu toxluqdan Əmrah kişinin
tükü də tərpənmədi. Çünki beş-on
gün qabaq gecənin bir aləmi bu evə ayaq basan Fərzalı
qonşusuna təsəlli verməyə gəlmişdi, sonra da
çıxıb getmişdi. İndi də gələn Salman
kişiydi. Bəlkə də sabah bir başqası gələcəkdi.
Amma bu işıqlı otaqda heç nə dəyişməyəcəkdi.
Bunu Əmrah kişi yəqin bilirdi.
Əmrah
kişi Salmana baxdı:
– Vallah, o
rəhmətlikdən sonra lap başımı itirmişəm,
– dedi və Salman kişi başa düşdü ki, Fərzalını
söhbətə qoşub bu gecəyə qatmaq olmaz.
– Hə,
ay Salman, rəhmətlik həmişə məndən sonra
yatardı, işığı da həmişə özü
söndürərdi. İnansan da öz işindi, inanmasan da,
dediyim odu ki, arvad öləndən sonra düz bir ay
işığı söndürmək yadımdan
çıxdı. Gecənin yarısı oyanıb
görürdüm ki, bəs işığı yanılı
qoymuşam. Sonra rəhmətliyin qəbrinə and içdim
ki, ölənəcən, bax elə beləcə
işıqda yatacam.
Əmrah
kişi bunu deyib susdu. Sonra handan-hana yerindən qalxdı,
parçı su ilə doldurub stolun üstünə qoydu,
xırıldaya-xırıldaya bir-iki ağız
öskürüb çarpayının dağınıq
yorğan-döşəyini sahmanladı və təzədən
qayıdıb oturanda Salman kişiyə elə gəldi ki, o
yazıq bunların hamısını yalandan, özünü
onun qabağında tox tutmaqdan ötrü elədi.
Çünki indicə arvadından danışanda Əmrahın
doluxsunduğunu Salman kişi hiss eləmişdi.
Bu iki həftədə
axır ki, Salman kişinin özündən savayı
halına acıdığı bir adam da tapıldı. Salman
kişi başa düşdü ki, gecələr yata bilməmək
o qədər də böyük dərd deyilmiş. Hər dəfə
gecənin bir aləmində oyanmaqdan qorxa-qorxa səhərəcən
səksəkə içində olmaq bundan da pis imiş.
Salman
kişi öz dərdini təkcə bu adama deyə bilərdi.
– Əmrah,
yuxum qaçıb, iki həftədi yata bilmirəm...
Ancaq Əmrah
kişinin sifəti dəyişmədi, astaca:
– Bir
yerin-zadın ağrımır ki? – dedi.
Elə
bil iki həftə yuxusuz qalmaqdan ötrü mütləq
adamın bir yeri ağrımalıydı?
Salman
kişi o sözdən çaşdı,
ağrınıb-ağrınmadığı özünə
də şübhəli göründü, nəsə qorxan
kimi oldu, amma özünü Əmrahın yanında
sındırmaq istəmədi, ürəyində:
–
Heç hara gedib özümü yoxlatdıran deyiləm, –
dedi, – əgər dünyada yuxusuzluq adlı bir əcəl
varsa, qoy elə məni o aparsın .
Və
ağır-ağır yerindən qalxdı.
–
Yaxşı, Əmrah, mən gedim, gecən xeyirə
qalsın.
Salman
kişi qapıdan çıxmaq istəyirdi ki, qəfil hardasa
xoruz banladı. İkisi də o səsdən diksinib
maddım-maddım bir-birlərinə baxdılar.
Salman
kişi gəlib evinə çatanda darvazanı taybatay
açıq gördü. Deyəsən, bayaq həyətdən
çıxanda darvazanı bağlamaq yadından
çıxmışdı. Başını uzadıb
içəri baxdı. Həyətdən səs-səmir gəlmirdi.
Qəfil Salman kişinin ürəyinə nə damdısa, tez
özünü içəri saldı, qara köpəyin
damına sarı cumdu. Amma orda bayaq özünün
atdığı bir tikə ətdən savayı gözünə
heç nə dəymədi.
Sonra
Salman kişi alaqaranlıqda həyətin
künc-bucağını axtardı. Qara köpək yox idi.
Salman kişi bir istədi iti haylasın, amma arvadını
oyatmaqdan qorxub səsini çıxarmadı, taybatay
açıq darvazadan özü çıxdı.
Qara
köpək o qoca, xəstə canıyla uzağa gedə bilməzdi.
Salman kişi o yan-bu yana boylandı və bir az
aşağıda, yolun qırağındakı çəpərə
söykənib dayanan qaraltını gördü.
lll
Düz on
il əvvəl, bir isti yay gecəsi Salman kişi qara köpəyi
elə ordan, o çəpərin dibindən
tapmışdı. O vaxtacan Salman kişi həyətində
it saxlamamışdı. Elə həmin gecə də, zingilti
səsinə çölə çıxanda o
küçüyü görüb geri qayıtmaq istədi.
Çünki hər dəfə it adı gələndə
arvadından eşitdiyi sözü bir də eşitmək istəmirdi.
Arvadı:
– A
kişi, əgər o dördayaqlı heyvan sənə məndən
əzizdisə, gətir saxla, – deyəcəkdi.
Yəni mən
çıxıb gedəcəyəm. Guya itin ayağı
darvazadan içəri girən kimi, həyət
murdarlanacaqdı, darvaza qonaq-qara üzünə
bağlanacaqdı. Beləcə, Salmanın sözü həmişə
ağzında qalardı.
Amma həmin
gecə Salmanın o küçüyə o qədər
yazığı gəldi ki, insafını üstələyə
bilmədi, küçüyü qucağına alıb həyətinə
gətirdi.
Doğrudan da, arvadı elə səhərisi gün
atası evinə getdi.Həmin gün də Salman kişinin
yadında idi.
Həyətin
düz ortasında küçükdən ötrü it
damı düzəldirdi. Arvadı asta-asta pilləkanı
düşə-düşə gözünün bir
qırağıyla ona baxırdı. Yəqin gözləyirdi
ki, Salman yenə gəlib həmişəki kimi dil-ağız
eləyəcək:
–
Yaxşı, qoy sən deyən olsun, – deyəcək, sonra da
küçüyü aparıb çöldə-bayırda
azdıracaq.
Bəlkə
də azdıracaqdı. Çünki yan-yörəsində fırlanan
küçüyə yazığı gəlsə də,
arvadından keçə bilmirdi. Bircə himə bənd idi.
Yəqin ki, arvadının ağzı açılan kimi
işini yarımçıq saxlayacaqdı. Eləcə ikisi də
gözləyə-gözləyə Salman kişi bir də
ayıldı ki, arvadı çıxıb gedib.
Onda Salman
bərk hirslənmişdi. Yəqin o cür hirslənməsəydi,
it damını belə tez düzəldib hazır eləməyəcəkdi.
Sonra da, o it damına bir doyunca baxıb and içdi ki, nə
gedib arvadını qaytaracaq, nə də bu it damını
boş saxlayacaq.
Amma iki
gün keçmədi ki, arvadı özü qayıdıb gəldi.
Elə o gündən də arvadı nə bir kərə
küsdü, nə də Salmanın sözünün
qabağına söz çıxardı. Yəni, arvad
olduğunu başa düşdü.
Sonra o
küçük o ağacın, bu kolun dibini
“murdarlaya-murdarlaya”, evə gələn qonaq-qaranın
üstünə “hürə-hürə” böyüyüb it
oldu.
Salman kişi qara köpəyə ayrı cür baxırdı. Səhərlər inək sağılan kimi südü ən əvvəl dəmir qaba boşaldıb it damının qabağına qoyurdu, günortalar sümük gəmirtsə də axşamlar qara köpəyə ətin ən yağlı tikəsini yedizdirirdi.
Amma axır vaxtlar qara köpək yaman
qocalmışdı. Deyəsən,
arvadı da bunu hiss eləmişdi. Çünki daha Salman
kişiylə əvvəlki kimi danışmırdı, yenə
qalxıb minmişdi at belinə...
Salman
kişi o qaraltıya tərəf bir-iki addım atıb
dayandı. Niyə dayandı? Deyəsən ayaqları da
keyidi, tərpənə bilmədi. Görəsən, on yaşlı bu qoca itin
tanıdığı yol elə buracan idi? Həyətin
darvazasından çəpərin dibinəcən? Əgər
belə deyildisə, onda qara köpək niyə
çıxıb getməmişdi. Axı, Salman kişi bu gecə
darvazanı bəlkə də özü bilə-bilə
açıq qoymuşdu.
Salman
kişi başa düşdü ki, bütün
ömrünü öz həyətinin istisinə
aldatdığı bu itin yolu yoxdu. O yol düz on il bundan qabaq
elə bu çəpərin dibindəcə qurtarıb.
Salman
kişi bir də o qaraltıya baxdı. Qara köpək tərpənmirdi.
Salman
kişi ürəyində:
–
Ölüb deyəsən, – dedi, sonra dönüb getmək istəyəndə
qulağına xırıltılı səs gəldi.
Qara
köpək yatmışdı. Salman kişi yaxına gəlib
qara köpəyin codlaşmış tükünü tumarladı.
Qara köpək ağır-ağır dikəldi və
başını qaldırıb heysiz gözləriylə ona
baxdı. O gözlər tamam sönmüşdü. İndi o
gözlərdə, Salman kişiyə öz məhəbbətini,
ya nifrətini göstərməyə azca da olsun işıq yox idi.
Salman
kişi üzünü yana çevirdi:
–
Çıx get, – dedi, – amma dönüb özü getdi.
Salman kişi darvazaya çatanda arxaya qanrıldı.
Qara köpək dalınca gəlirdi.
Yaşar
525-ci qəzet.-
2013.- 4 may.- S.20.