“Ödüllərin dadını çıxarmağa zamanım yoxdur...”

 

(Müsahibə)

 

Pərvinin həmsöhbəti türk yazıçısı, tərcüməçi İmdat Avşardır.

Pərvin: İmdat bəy, ilk öncə sizi Azərbaycan Yazıçılar Birliyinin Nəcəf  Nəcəfov adına ödülünü almağınız münasibəti ilə təbrik edirəm. Bilirik ki, bu mükafata Azərbaycan ədəbiyyatını ölkədən kənarda təbliğ etdiyiniz üçün layiq görülmüsünüz. Ümumiyyətlə, sizcə, bu cür müsabiqələrin əsas əhəmiyyəti nədən ibarətdir?

İmdat Avşar: Təşəkkür edirəm! İlk öncə başda  Anar müəllim olmaqla Azərbaycan Yazıçılar Birliyinə və müsabiqənin münsiflər heyətinə minnətdarlığımı bildirirəm. Belə mükafatlar sadəcə insan əməyinə verilən dəyərdir. Və yaradıcı adam üçün böyük stimuldur.  Mənimlə birgə bu mükafata Rusiyadan Mixayil Sinelnikov layiq görülmüşdü. O da Azərbaycan ədəbiyyatının təbliğatı istiqamətində təqdirəlayiq işlərə imza atmışdır. Zamanında Xaqani Şirvanidən, Məmməd İsmayıldan tərcümələr etmiş, Azərbaycan ədəbiyyatı ilə bağlı yazıları toplu halında yayımlamışdır. Ona görə də ödülçülərdən birinin məhz M.Sinelnikov olmasına xeyli sevindim. Mənə gəlincə isə, son 6-7 ildə bu sahədə çox ciddi çalışmalarım olmuşdur...

Pərvin: Sizinlə ötən söhbətimizdə “Övliya Çələbinin izi ilə Azərbaycan” Səyahətnamənizdən danışmışdıq. Amma indi bir az da keçmişə qayıdıb Azərbaycan ədəbiyyatının tanınması istiqamətində gördüyünüz işləri xatırlamağınızı istəyirəm...

İmdat Avşar: Bəlkə indi hamısını xatırlaya bilməyəcəyəm. Çünki çox işlər görülüb... 15-ə yaxın kitabı azəricədən tərcümə edib yayımlamışam. Özü də bu kitabların hər biri tanınmış, necə deyərlər imzasını, şəxsiyyətini təsdiq etmiş müəlliflərin əsərləridir. Bu mənada çox böyük məsuliyyət hiss edirəm. Lakin biz Azərbaycan ədəbiyyatının sadəcə tərcüməsi, yayımlanması ilə deyil, eyni zamanda təbliği, tanınması, Azərbaycan həqiqətlərinin türk oxucusuna, tamaşaçısına çatdırılması üçün  də ciddi işlər görmüşük. Məsələn, Rəsul Rzanın anadan olmasının 110 illiyi münasibətiylə Kayseridə mənim başçılığım, təşkilatçılığımla geniş bir yubiley tədbiri düzənlənmişdi. Yaxud 20 Yanvarda Ağalar Bayramovun iştirakıyla Kayseridə silsilə tədbirlər keçirmişdik. Və bu yığıncaqların hər birində istər ədəbiyyatınız, istərsə də tarixiniz ətrafında geniş müzakirələr keçirmiş, təbliğat aparmışıq.

Pərvin: Yeri gəlmişkən, Mirzə Fətəli Axundzadədən etdiyiniz tərcümələrlə bağlı soruşmaq istəyirəm. Bilirik ki, TÜRKSOY 2012-ci ili Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətiylə “Axundov ili” elan etmişdi. Onun yaradıcılığı ilə bağlı türk dünyası ölkələrində tədbirlər keçirilmiş, Adana və Astana  teatr səhnələrində “Müsyö Jordan və Dərviş Məstəli şah” pyesi türkcə və qazaxca oynanmışdı. Siz, Axundzadə pyeslərinin tərcüməçisi kimi nə deyə bilərsiz, türk oxucusunun, tamaşaçısının bu əsərlərə reaksiyası necə oldu?

İmdat Avşar: Mənə görə, Mirzə Fətəli Axundzadə türk nəsrinin banisidir. Onun Azərbaycanda yaşayıb yaratması Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və ümumən bütün türk dünyası ədəbiyyatından kənar hesab etməyə əsas vermir. Nizamini, Füzulini ortaq mirasımız hesab ediriksə, çağdaş ədəbiyyat anlamında da M.F.Axundzadə ortaq qəbul edilməlidir. Ona görə də məncə, azəri tamaşaçısı onun pyeslərini nə qədər dərk edirsə, dadını-duzunu duyursa, türk tamaşaçısı da onu eyni səviyyədə hiss etməlidir.

Pərvin: Amma onun yazdığı dil müasir azəricədən fərqlidir. Tərcümələr zamanı çətinlikləriniz olmadı ki?

İmdat Avşar: Haqlısınız! Həqiqətən xeyli fərqlər ortaya çıxırdı. Çünki o dövrdə türk nəsri, dramaturgiyası çox da inkişaf etməmişdi, demək olar ki, iməkləmə çağlarında idi. Hətta o dövrə nəzər salsaq türk şeirində də farsca birləşmələr istifadə olunurdu. Axundzadənin dilində də farscanın təbii təsirləri vardır. Hətta bəzi pyeslərdə tamamən fars dilində dialoqlar rastıma çıxırdı. Məsələn, “Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesində bəzi bölümlərdə farsca dialoqlar var. Mən fars dilini bilmədiyimdən qardaşımdan kömək istədim. O, farscanın uzmanıdır, professordur. Abimin məsləhətləriylə və dostum Əjdər Olun mənə hədiyyə etdiyi “Azərbaycan dilində işlənən fars sözləri” lüğətinin yardımı ilə bu çətinliyi adlaya bildim.

Pərvin: Kitab Türkiyədə necə qarşılandı?

İmdat Avşar: Qeyd edim ki, bu kitab Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə tərcümə olunmuşdu və burda, Bakıda çapdan çıxmışdı. Ankaradakı tədbirlərdə, toplantılarda iştirakçılara  paylanmışdı. Ədəbi mühitin, dostların, zövqünə inandığım adamların fikirlərinə görə tərcümə uğurlu alınıb. Bu işin bir müsbət tərəfi də odur ki, artıq həmin pyesləri türk teatrları sərbəst səhnələşdirə biləcəklər.

Pərvin: Bədii yaradıcılıq sahəsində də son zamanlarda xeyli uğurlarınız var. Bildiyimizə görə, “Soyuq röya” hekayə kitabınız Türkiyənin İLESAM (İlim Ve Edebiyat Eseri Sahipleri Meslek Birliği) Birliyinin ədəbiyyat müsabiqəsində qalib olmuşdu...

İmdat Avşar: Onu deyim ki, İLESAM Türkiyədə sayılıb-seçilən, ciddi bir təşkilatdır. Ötən il onlardan böyük bir nümayəndə heyəti AYB-də də qonaq olmuşdular. Türk dünyası ədəbiyyatı və elminin təbliğatında çox faydalı işlər görürlər. Təşkil etdikləri müsabiqə də xeyli nüfuzlu bir müsabiqədir. Dediyiniz kimi “Soyuq röya” adlı hekayələr kitabım ən yaxşı nəsr kitabı kimi mükafatlandırıldı. May ayında Ankarada ödül törəni baş tutmalıdır.

...Hələ 2011-ci ildə “Soyuq röya” Yunis İmrə adına müsabiqədə qalib olmuşdu. Bu hekayə düşərli olduğundan kitabı da belə adlandırdım. Bu kitab Türkiyə Yazarlar Birliyinin Kayseri şöbəsi tərəfindən də ilin hekayə kitabı elan olunmuşdur.

Pərvin: “Bərcəstə” dərgisi də bir nömrəsini sizin yaradıcılığınıza həsr etmişdi. Bu da mükafatlarla bağlıydı?

İmdat Avşar: Bu dərgi Kayseridə 12 ildir ki, yayımlanır. Zaman-zaman mənim də Azərbaycan ədəbiyyatından etdiyim tərcümələr həmin  dərgidə işıq üzü görmüşdür. Bir nömrələrini də mənim yaradıcılığıma həsr etmişdilər. Burada təkcə ödüllər, filan deyil, bütövlükdə fəaliyyətim əks olunmuşdu.

Pərvin: Bütün bu uğurlar əlbəttə sevindiricidir, gözəldir. Amma nədənsə, mənə elə gəlir ki, bunlar adamın əlini işdən soyudar...

İmdat Avşar: (gülür) Vallah, heç bu barədə fikirləşməyə, ödüllərin dadını çıxarmağa zamanım yoxdur. Ədəbiyyat dünyasına  gec gəldiyim üçün qısa vaxta çox iş görmək istəyirəm. Yeni-yeni bu sahəyə baş vuranda alanın boş olduğunu gördüm. Ona görə xeyli ağır bir yükün altına girdim. Təkcə azəricədən deyil, bütün türk dillərindən tərcümələr, “Kardeş Kalemler” dərgisindəki fəaliyyətim, bədii yaradıcılıq, Çeviri simpoziumu və Dərgilər Konqresiylə bağlı təşkilati işlər... Eyni zamanda  dövlət qulluqçusuyam, yəni hökumət işində də çalışıram. Bir sözlə dincəlməyə, fasilə etməyə vaxt da yoxdur. Bu artıq bir rejimə çevrilib, vərdiş halını alıb. Eyni anda iki-üç işi görməli oluram. Ona görə mükafatların mənfi təsiri qeyri-mümkündür.

Pərvin: Bu bir xarakterdi, ya məcburiyyət?

İmdat Avşar: (düşünür) Məncə, məcburiyyətdən yaranan vərdişdir. Və artıq getdikcə xarakterə çevrilib. Məsələn, hər gün işdən çıxanda evə qaçıram, çarşıda, filanda vaxt itirmirəm... Buna adət demək olar. Amma həmin adəti də işlərin çoxluğu yaradıb. Bilirəm ki, bilgisayar məni gözləyir, onun görüşünə tələsirəm. (gülür)

Pərvin: Təşəkkür edirəm, İmdat bəy! Sizi bir daha bütün bu uğurlarınız münasibətiylə təbrik edirəm və son olaraq, gələcək planlarınız barədə məlumat verməyinizi istəyirəm...

İmdat Avşar: Mən də sizə və “525-ci qəzet”ə öz minnətdarlığımı bildirirəm. Gələcək planlarımı isə saymaqla bitməz. İstər bədii yaradıcılıq, istərsə də tərcümələrlə bağlı xeyli görüləsi işlər var. Bilirsiz ki, bu il Azərbaycanın böyük xanım şairəsi Nigar Rəfibəylinin 100 illik yubileyidir. Onunla bağlı türkcə bir kitab hazırlamışıq artıq, yaxın vaxtlarda çapdan çıxmalıdır. Ənvər Məmmədxanlının da 100 illiyi ilə əlaqədar bir neçə hekayəsini tərcümə edib Türkiyə dərgilərində çap etdirmişik, bir dostumla müştərək onun da türkcə kitabını hazırlamaq istəyirik. Qazax yazıçısı Berik Şaxanovun “Böyük çölün hekayələri” kitabını türkcəyə çevirməyi planlaşdırıram. Bundan əlavə Avrasiya Yazarlar Birliyi, “Kardeş Kalemler” dərgisi ilə, Simpoziumlar, Konqreslərlə ilgili çalışmalarım olacaq. Amma hal-hazırda əsas istəyim 2014-cü ilə yeni bir hekayə kitabı ilə başlamaqdır. Bir neçə hekayə yazılıb artıq. İnşallah ilin sonuna kimi bu arzum da gerçəkləşər.  

 

 

 525-ci qəzet.- 2013.- 4 may.- S.19.