Yazıçının yaşı olmur
(Elçin-70)
Əzizim
Elçin! Sənin də yetmiş yaşın
tamam olur. Mənim 60 illiyim və 75
yaşımla bağlı yazdığın hər iki məqalənin
adı eyni idi – “Qocalığa hələ çox qalıb”.
Məntiqə görə deməliyəm ki, sənin
qocalığına məndən də beş
il çox qalıb. Amma mən bunu yox, başqa
şey demək istəyirəm. Yazıçının
– əlbəttə söhbət əsl yazıçıdan
gedirsə – ümumiyyətlə qocalığı olmur.
Əlinə çox gənc yaşlarında qələm alan yazıçı – neçə il
yaşayırsa həmişə cavan qalır.
Uzağa niyə gedək? Əgər sən, bu yaşında
demək olar ki, hər il yeni bir pyes yazırsansa və bu pyeslər
yalnız Azərbaycan səhnələrində deyil, Türkiyənin
müxtəlif şəhərlərində, Moskvada, Londonda
uğurla tamaşaya qoyulursa, əgər ən son zamanlarda
yazdığın nəsr əsərlərin xarici dillərə
çevrilib bir çox ölkədə maraqla
qarşılanırsa, əgər cari ədəbiyyatı
daima diqqətlə izləyir, müxtəlif bədii örnəklər
haqqında, ümumən ədəbi həyatımız
haqqında bəzən tamamilə
razılaşdığım, bəzən qismən
razılaşmadığım mülahizələr irəli
sürürsənsə – bu qaynar, səmərəli, enerjili sənətkar
ömrünün qocalığa nə aidiyyatı ola bilər?
Mən hələ baş nazirin müavini kimi
gördüyün işləri, rəsmi dövlət səfərlərini,
çeşidli tədbirlərdə iştirakını və
çıxışlarını bura əlavə etmirəm.
Çünki yazıçını cavan saxlayan ilk növbədə
məhz onun bir an durmayan
yaradıcılıq fəaliyyətidir. Bax bu mənada
yazıçının yaşı olmur.
Bəzi novcavanlar bu sözlərimi rişxəndlə
qarşılaya, “bir qocanın başqa qocaya təsəlli verməsi”
kimi yoza bilərlər. Nə olsun? Bizim
sinnimizə çatanda (Allah eləsin çatsınlar!)
özləri də bu fikrin həqiqət olduğunu başa
düşəcəklər.
İllər keçdikcə yazıçı
ömründəki dəyişikliklər əsasən keyfiyyət
yox, kəmiyyət dəyişiklikləridir. Yəni hər bir insan kimi
yazıçının həyat təcrübəsi artır,
müşahidələri çoxalır,o
insanları – müsbət və naqis cəhətləriylə
– daha yaxşı anlayır. Sevir, sevilir, sevinir, kədərlənir,
ümidlər bəsləyir, xəyal
qırıqlığına düçar olur, etibarlı
dostluğun sınağından üzüağ
çıxır, kiminsə nankorluğundan əzab çəkir
– və bütün bu əlvan duyğular, düşüncələr
içində həyatı dərindən dərk edir.
Amma Allahın bəxş etdiyi fitri İstedad bu yükü sənətkar fərdiliyinin
süzgəcindən keçirərək əbədi
yaşını – yazıçı yaşını
bütün illər ərzində eyni sinndə saxlayır.
Vaxtilə sənə bir şeir həsr etmişdim. Bilirəm ki,
mənim şairliyimə (elə mənim özüm kimi) bir qədər
skeptik münasibət bəsləyirsən. Amma hər halda bu şeir sənin veb-saytında yerləşdirilib.
Şeirin son bəndini yadına salıram:
Nədir ömrün mənası?
Belə qısadır neçin?
Mən
ki, bunu bilmədim,
Sən bilirmisən, Elçin?
Yüz il də yaşasaq bunu bilməyəcəyik. Amma ömrü necə yaşamağı bilirik.
Heç bir keçəri təmənnalara görə
inandığın əqidələrə xilaf
çıxmamaq... Ölüm xofundan, xəstəlik
qorxusundan, sonun vahiməsindən yeganə xilas yolu kimi daima
başını işlə, yaradıcı əməklə
qatmaq...Heç kəsə pislik etmədən,bacardıqca
insanlara yaxşılıq etmək...Hər nə olur olsun,
sevdiyin insanlara sədaqətini, dostlara etibarını qoruyub
saxlamaq...
Keçən
əsrin 81-ci ili ömrümün ən
ağır ili idi. Yüz gün içində
atamı və anamı itirdim. Bu barədə “Sizsiz”
adı yazım çıxdı və bu yazıdan bir
neçə cümləni xatırlatmaq istəyirəm: “Mənim
bir neçə yaxın dostum var. Hamısı mənə əzizdir,
onları heç vəchlə bir-birinə qarşı qoymaq
istəməzdim. Amma atamın vəfatı
günündə də, anamın keçindiyi gecə də
yadıma ilk düşən Elçin oldu”.
Otuz il
qabaq yazılmış bu sözləri bura köçürərkən
o tarixdən də qabaq 70-ci illərin əvvəllərində
Moskvada keçirdiyimiz gözəl günlərin birində sənə
dediklərim yadıma
düşdü: Deyirlər flankəs yaman günün
dostudur. Yaman
günün dostu olmaq sədaqətdən, etibardan xəbər
verir. Amma əgər dost yalnız sənin yaman
günündə yanındadırsa, xoş günlərində
gözə dəymirsə, bu da birtərəfli dostluqdur. Əsl
dostluq odur ki, yaman gündə də, yaxşı gündə
də, adi günlərdə də bir yerdə olasan, hətta
fiziki cəhətdən eyni məkanda olmasan da dostunun
varlığını, nəfəsini,
hayanlığını hər an duyasan. Biləsən ki, bu barədə bir-birinizlə
danışmasanız da eyni hadisələrə, adamlara, əsərlərə
baxışlarınız eynidir ya çox yaxındır.
Bizim yarım əsrin sınaqlarından
çıxmış dostluğumuz məhz belə dostluqdur. Mənim
valideynlərim rəhmətə gedən günlərdə
Elçini daim yanımda gördüm. İlyas
müəllim vəfat edəndə mən də Elçinin
yanındaydımsa, xoş günlərimizdə – valideynlərimizin
ya özümüzün yubiley tədbirlərində ya adicə
ad günlərimizdə, övladlarımızın
toy-nişan məclislərində də həmişə bir
yerdəyik.
Çox-çox
illər bundan əvvəl ilk povestim “Ağ liman” “Kommunist” qəzetində sosialist
realizmi metoduna zidd olan, sovet həyatını
təhrif edən əsər kimi kəskin tənqid
edilmişdi.O vaxt səninlə yaxınlığımız
yoxdu,sadəcə tanış
idik.Amma sən əsərin (və məqalənin)
Yazıçılar İttifaqında müzakirəsinə gəldin,
çıxış edib povesti müdafiə etdin. Bundan çox-çox illər sonra Azərbaycan
Kommunist partiyasının son qurultaylarından birində
xırda məmurların intriqaları nəticəsində sən
tutduğun vəzifəyə (“Vətən” cəmiyyətinin
sədri vəzifəsi) rəğmən partiyanın rəhbər
orqanlarına seçiləcəklərin sırasına daxil
edilməmişdin. Mən
çıxış edib sənin və Akademiyamızın o
vaxtki Prezidenti Eldar Salayevin səsə qoyulacaq siyahılara əlavə
olunmasını təklif etdim. Azərbaycan Kommunist
partiyasının Qurultaylarında ilk dəfə olaraq
hazır bülletenlər yenidən çap olundu və sizin
adlarınız siyahılara daxil edildi,seçildiniz.
Niyə gizlədək sənət adamları arasında
belə uzun müddətli və dəyişməz dostluq əlaqələri
nadir olmasa da, hər halda tez-tez rast gəlinən hadisə də
deyil.
Mən həmişə
deyirəm: cavanlıqda dostlarımız çox idi, bir hissəsini
ölüm aldı əlimizdən, bir hissəsini həyat.
Araz
Dadaşzadəni, Yusif Səmədoğlunu, Emin Sabitoğlunu,
Yaşar Qarayevi, Həsən Turabovu, hər iki adaşı –
Arif Babayevləri (kinorejissoru və riyaziyyatçını)
vaxtsız ölüm (vaxtlı ölüm olurmu?) apardı,
dost bildiyimiz bir neçə adamı isə həyat
araladı bizdən, dostluğa, gənclik xatirələrimizə
dönük çıxanlar da oldu. Adlarını
çəkməyəcəyəm, çünki onları yaddaşımdan
da, ömrümdən də birdəfəlik silmişəm.
Elə bilirəm, sənin də onlara münasibətin
belədir.
Adı bədnam
akademik Aqanbekyanın Qarabağ münaqişəsinə start
verən Paris bəyanatı haqqında məlumat alan kimi buna ilk reaksiyanı Azərbaycan
Yazıçılar Birliyi verdi. Moskvaya
Qorbaçova göndərdiyimiz etiraz məktubuna ilk qol çəkənlərdən
biri Elçin idi. Elə həmin günlərdə
Elçinlə birlikdə ilk olaraq Azərbaycan
televiziyasıyla həyəcan təbili çaldıq, bu təhlükənin
nə qədər ciddi olduğu haqqında ictimaiyyətə
xəbərdarlıq etdik.
1990-cı ilin Qara Yanvar günlərində də
Elçinlə bir yerdəydik. Mərkəzi Komitənin
binasında Moskvadan gəlmiş yüksək rütbəli
emissarlar bizi arxayın edirdilər ki, Fövqaladə vəziyyət
elan olunmayacaq, Bakıya qoşun yeridilməyəcək.Aldadırlarmış.19-20
Yanvar gecəsində Bakını qana boyadılar. Səhərisi
gün Akademiyada ziyalıların toplantısını
keçirdik,çıxışlar etdik,
kəskin bəyanatlar hazırladıq. Elçin
“Vətən” cəmiyyətinin rabitə vasitələrindən
istifadə edərək bəyanatları müxtəlif
ünvanlara göndərirdi.Rəhmətlik dostumuz Araz
Dadaşzadə də bu işdə fəal iştirak edirdi.
Ali Sovetin bütün gecə davam edən
iclasında da dəfələrlə çıxışlar
etdik, sənədlər hazırladıq.
Açığını deyim, Elçin haqqında bu
yazını yazmaq mənimçün asan deyildi, bir neçə
səbəbdən. Elçinin yaradıcılığı
haqqında dəfələrlə yazmışam, birgə
keçən günlərimizin xatirələrini də qələmə
almışam. Eyni mətləblərə
təkrar-təkrar dönmək çətindir. Bir də
o var ki, Elçin birgə keçirdiyimiz günlər
haqqında – Vaqif küçəsindəki qonşuluğumuz,
mənim yarızirzəmi mənzilimdə Fikrət Qocanın,
Yusifin, Eminin, Arazın, Vaqif Səmədoğlunun, Toğrul Nərimanbəyovun,
rəssam Elçin Aslanovun, memar Fuad Seyidzadənin, filosof Rəhman
Bədəlovun, İntiqam Qasımzadənin və neçə-neçə
başqa dostumuzun iştirakıyla keçən məclislər
haqqında, bulvardakı “Marakko” dediyimiz çayxanada
görüşlərimiz, həmin bulvarın Venetsiyasında
tayqollu İbad dayının bizə
gecənin gec saatlarında açdığı süfrə
haqqında o qədər ətraflı, yerli-yataqlı,təfərrüatlarıyla
yazıb ki, bu barədə bir şey əlavə etməyə
mənə heç nə saxlamayıb. Hətta
gənclik illərimdə qəribə bir şakərimdən
– içəndən sonra bəzən nədənsə
küçədə çəkməmi çıxarıb
vızıldatmağımdan da yazıb. Amma
çəkməmin gedib kiminsə eyvanına düşməsi
haqqında yazdığı realist yazıçının
yox, postmodernist yazarın qələmindən
çıxıb (Yəni həqiqətə uyğun deyil) Bu
– real faktın Elçinin yaradıcı təxəyyülü
nəticəsində təhrif olunmuş versiyasıdır.
Elçin, bilmirəm, o uzaq illərdə Zaqatalada
yaradıcı gənclərin seminarından da
yazmısanmı? O vaxt Zaqatalada prokuror işləyən əziz dostum və
qohumum Akif Rəfiyevin evində qonaq qalırdıq. Bir gün rayonun milis rəisi rəhmətlik Kamandar
bizi – Elçini, məni, bəstəkar Xəyyam Mirzəzadəni
məşhur Zaqatala şəlaləsinin yanına apardı.
Qayıdanda UAZ maşınımız
çayın ortasında dayandı. Qəfil
sel motoru söndürdü, su axını ildırım
sürətiylə üstümüzə gəlirdi. Təcrübəli sürücü tez
maşının dörd qapısının
dördünü də açdı, su maşının
içindən və bizi tamam isladaraq axıb gedirdi. Qapılar bağlı qalsaydı, su
maşını da – biz qarışıq –
aşıracaqdı və aparacaqdı. Birtəhər
maşından düşüb güc-bəlayla sahilə
çıxdıq. Sahil sıx meşəlik
idi, şər qarışırdı. Elçin mənə
göz vurub Xəyyamı qorxuzurdu ki, bu meşə
ayıların bol yeridir və yalanbaşdan hərəmizin əlinə
bir agac budağı vermişdi ki, özümüzü
ayılardan qoruyaq!
Elçin, o gün yadındadır? Mən tez-tez
xatırlayıram və möcüzəylə o günlərə
– (lap sel gəlsə, ayılara rastlaşsaq da!) qayıtmaq istərdim.
Axır vaxtlar nə yazıramsa bunun necə
yozulacağını da düşünürəm. Heç sovet
dövründə bu qədər senzura qorxumuz yox idi. İndi hər yazımızı pusanların hər
sözümüzü tərs yozub təhrif edəcəyindən
çəkinirik. “Bu cümləyə redaktor nə deyəcək,
bunu Qlavlitdən necə keçirək”- sovet illərinin belə
qayğıları içində çapalayanda
düşünə bilərmiydik ki, gün gələcək,
bu qədər xiffətini çəkdiyimiz, bu qədər
can atdığımız söz azadlığı təsdiq
olacaq və “azad mətbuatın” əsas hədəfləri məhz
biz olacayıq. O dövrlərdə bizi antisovetlikdə
suçlayanların mənəvi varisləri indi
“sovetçilikdə” suçlayacaqlar. Halbuki “kim
bizimlə deyilsə, bizim kimi düşünmürsə,
hadisələri bizim kimi dəyərləndirmirsə –
düşmənimizdir” prinsipi əski kommunistlərdən
indiki “demokratlara” miras qalmış şüardır. Sənin
yazından bir abzas mənə xüsusi ləzzət verdi və dəqiqliyi ilə məni heyran
qoydu. Yazırsan:
“Söz azadlığı istedadla bahəm əsl ədəbiyyatı
yaratdığı kimi, ədəbi mühiti xəstələndirə
də bilirmiş. İstedad Söz azadlığını
tələb etdiyi kimi, qramafon da, iddialı heçlik də
(“iddialı heçlik” – nə dürüst ifadədir!
–A) söz azadlığından geninə-boluna istifadə etməyi
bacarır və böhtandan, qarayaxmadan, şayiəçilikdən
tutmuş roman, poema, şeir adı ilə nəşr olunan
makulaturaya qədər belə bir eybəcər bacarıq nəticəsində
bu gün bizim ədəbi mühitin (ədəbiyyatın yox,
hətta ədəbi prosesin də yox, məhz mühitin!)
ambulator yox, stasionar müalicəyə ehtiyacı var”.
Bu
yazı üzərində işdəyim günlərdə mətbuatda
iki mətn diqqətimi çəkdi.Biri hansısa qart erməni
millətçisinin haqqımızda dediyi sözlərindən
gətirilən sitat idi.Bu daşnak
tör-töküntüsü iddia edirdi ki, nə
keçmişdə,nə indi Azərbaycanın
heç vaxt nə ədəbiyyatı olub,nə mədəniyyəti...
Eyni vaxtda “Azadlıq” qəzetində də bir
köşə yazısı gözümə sataşdı.
Bu yazıda da eynən iddia olunurdu ki, Azərbaycanın
heç bir ədəbiyyatı yoxdur. Özü
də yalnız sovet dövründə deyil, ümumiyyətlə
XX əsrdə (əsasən X1X əsrdə yaşamış
Aşıq Ələsgəri də bura, yəni qeyri ədəbiyyat
siyahısına daxil etməklə). Bir neçə rus
yazıçısının adını çəkdikdən
sonra müəllif belə nəticə çıxarır:
“Bizə qaldıqda isə 20-ci əsrdən bəlkə(!-
A) Cavidi və Hadini götürə bilərik”. Deməli bu müəllifin fikrincə Sabirin və
Mirzə Cəlilin, Ə.Haqverdiyevin və Abbas Səhhətin ədəbiyyata
dəxli yoxdur. Müəllif mərhəmətlə
təklif edir ki, sovet dövrünün
yazıçılarını söymək lazım deyil, sadəcə
onların ümumiyyətlə ədəbiyyata heç bir dəxli
olmadığını sübut etmək lazımdır.
Doğrudan da çətin vəzifədir.
Ən qatı erməni millətçilərindən
başqa bu “nəcib” işin öhdəsindən gələn
çətin tapıla. Axı hansı ağıldan kəm
sübut edə bilər ki, tutalım Cəfər
Cabbarlının, Səməd Vurğunun, Mikayıl
Müşfiqin, İsmayıl Şıxlının, Bəxtiyar
Vahabzadənin, Əli Kərimin,Məmməd Arazın, Xəlil
Rzanın, Sabir Əhmədlinin, Yusif Səmədoğlunun,
İsi Məlikzadənin, İsa Muğannanın
yaratdıqları – ədəbiyyat deyil? Bəs
onda ədəbiyyat nədir? Əyalət
psevdopostmodernistlərin pornoqrafik sayaqlamaları? Mən əsasən dünyalarını dəyişmiş
yazıçıların, həm də müxtəlif nəsillərə
mənsub olan sənətkarlardan bəzilərinin adını
çəkdim. Amma bu adlara onlarla başqa həqiqi
şair, nasir, dramaturqu da əlavə edə bilərdim ki, Azərbaycanın
həqiqətən də fəxr edilməli
çağdaş ədəbiyyatının (o cümlədən
XX əsrin əvvəllərində və sovet dövründə
yaranmış ədəbiyyatın) mövcudluğunu sübut edim. Amma
nə fayda? Məgər belələriylə
məntiq və gerçək faktlar əsasında mübahisə
etmək mümkündür? Bunların mövqeləri də,məqsədləri də əvvəlcədən
birdəfəlik proqramlaşdırılıb. Bu
sayaq yazı müəllifləri savadsız ya tamamilə ədəbi
zövqdən məhrum adamlar deyil. Bu məqsədli
və ardıcıl surətdə həyata keçirilən
antiazərbaycan siyasətinin bir həlqəsidir. Bu siyasəti kimin (ya kimlərin) əliylə və
qələmiylə həyata keçirirlər? Əsasən yazıçılıq iddiasına
duşub bu niyyətin uğursuzluğunu dərk edərək
köşə yazarlığında təsəlli
tapanların. Namuslu köşə
yazarlarını yüksək qiymətləndirirəm. Elə bu günlərdə “Yeni Müsavat” qəzetində
(25 aprel 2013) Xalid Kazımlının “Keçmişə
güllə atmaq mərəzi” adlı insaflı
yazısını oxudum. Amma
“keçmişə güllə atmaq mərəzinə”
mübtəla olanların bir çoxu baş tutmamış
“yazıçılardır”. Xalq tərəfindən
sevilən və seçilən yazarlardan bu sayaq qisas alıb
qurdlarını öldürürlər. Amma
belə yazıların bir başqa məqsədi də var. Əgər
gerçəkdən də Azərbaycan ədəbiyyatının
xalqın sevdiyi və sərhədlərimizdən uzaqlarda da
tanınan görkəmli və istedadlı nümayəndələrini
sıradan çıxara bilsələr, Yazıçılar
Birliyinin dağılmasına nail olsalar, boşalmış
meydan cızma-qaraçılara və üçcüt bir tək
adamdan ibarət olan qrafomanlar dəstəsinə qalar. Kiminsə qanını şərbət kimi içməyə
həvəslənən vampirin Yazıçılar Birliyinin
divarlarını qanlı adlandırmağa haqqı yoxdur.
Divarlarımız qanlı olsaydı bu cür
qana susamış ədəbi vampirlər buranın “qanlı”
divarlarını ləzzətlə yalayardılar. 37–ci ilin qanlı danoslarını verənlər də
məhz bütün dövrlərin “ədəbi
uğursuzları” və “ədəbi paxılları” olub.
Əzizim
Elçin! Bağışla ki, bu yubiley
yazısında belə xoşagəlməz mətləblərə
toxunmalı oldum. Axı sən də,başqa
dostlarım və yaxınlarım də həmişə mənə
öyüd verirsiniz ki, hər yetənə baş
qoşmayım. Nə etməli, mətbuatımızda
bütün mənəvi dəyərlərimizə
qarşı erməni iddialarına züy tutan yazıları
oxuduqca “ədəbiyyata dəxli olmayan” dahi Mirzə Ələkbər
Sabirin sözləri yadıma düşür: “Güc gətirir
dərd,usana bilmirəm”. Nə isə,..
Elə bu
yazıma iradları da nəzərə alıram: “Elçin
haqqında məqalədə İbad kişinin gecə
süfrəsindən tutmuş Zaqataladakı selə qədər,
ayılardan – AYO-ya qədər hər şeydən
danışılır, amma Elçinin yaradıcılığı təhlil edilmir” – deyən
olacaq.
Elçinin yaradıcılığı haqqında dəfələrlə
yazmışam, o cümlədən “Nəsrin fazası”
essesində geniş söhbət açmışam.
O essedə
qeyd edirdim ki, Elçinin yaradıcılığı
üçün – (hər halda o illərdə
yazdıqları üçün) – səciyyəvi atribut nəqliyyat
vasitələridir – Qatar, motosikl, furqon –Elçin hekayələrinin
real insanlarla yanaşı canlı detalları, hətta
obrazları, metaforalarıdır. Hekayə və
povestlərində Elçin Abşeron kəndlərinin
özünəməxsus poeziyasını, çılpaq
peyzajların cazibəsini, burada ömür sürən insanların
təkrarsız xarakterlərini məharətlə
açıb göstərə, surətlərini canlı
cizgilərlə yarada bilir.
Elçin istedadının səciyyəvi xüsusiyyəti
dəqiq müşahidə qabiliyyəti, psixoloji təhlilin dəqiqliyi,
insan hisslərinin təsvirində romantik çalarlardır. Son illərdə
yazdığı nəsr və səhnə əsərlərində
təbii ki, hamımızın ümumi dərdi olan Qarabağ
ağrısı mühüm yer tutur. Bununla
belə yaşadığımız zamanın paradoksal cizgiləri
də əks olunur. Bu günkü həyatımızın
bəzən izahsız görünən qəribəlikləri
o qədər çoxdur ki, Elçinin bir sıra səhnə
əsərlərinin personajları dəlilər olur. Amma çox vaxt bu “ağıllı dəlilərdir”,
“ağıldan bəlaya” düşmüş dəlilərdir”,
Kefli İskəndər kimi içkibazlar ya Molla Abbas kimi
özünü dəliliyə qoymuş müdriklərdir.
Üzrlü
bilin, yenə bir şeirimdən misal gətirmək istəyirəm:
Yazıçı
ömrünün iki vaxtı var
Yaşamaq
zamanı, yazmaq zamanı...
Əslində yaşanılanlardan
yazmaq zamanı da elə yazıçı ömrünün
yaşamaq zamanıdır. Həyatını uzadan məqamdır.
Çünki bir də təkrar edim:
Yazıçı yazdıqca onun yaşı olmur.
Əzizim
Elçin, çox şərti rəqəm olan 70
yaşın münasibətiylə səni ürəkdən təbrik
edir, bağrıma basıram. Gələcək onilliklərdə
baş tutacaq ad günlərimizi də birlikdə qeyd edəcəyimizi
Uca Tanrıdan diləyirəm.
Aprel 2013
ANAR
525-ci qəzet.-
2013.- 4 may.- S.14-15.