Əlimərdan bəy Topçubaşov – ədəbiyyatşünas

 

Millətin həqiqi liderinə çevrilmək üçün ilk növbədə onun dilini, tarixini, ədəbiyyatını bilmək, mədəniyyətinə yiyələnmək, mənəviyyatına dərindən aşina olmaq, ruhunu duymaq lazımdır. Bütün bunlar isə sadəcə qan və südlə verilmir, həm də sistemli, mükəmməl, ən başlıcası isə milli dilə və ruha əsaslanan təhsillə əldə edilir.

Azərbaycan Cümhuriyyətinin qurucularının işi bu baxımdan asan deyildi. Onların təhsil aldıqları mollaxanalarda, real məktəb və gimnaziyalarda, institut və universitetlərdə ana dili öyrədilməmişdi, mənsub olduqları xalqın tarixi və ədəbiyyatı tədris olunmamışdı. Hələ bu azmış kimi həm iranpərəst mollalar, həm də  ruspərəst müəllimlər bir çox hallarda milli ruhun ən kiçik işartılarını söndürməyə çalışmışdılar.

Ona görə Parlamentin ilk iclasında baş nazir Fətəli xan Xoyski millət vəkillərindən üzrxahlıq edərək fikrini daha rəvan və ardıcıl şəkildə çatdırmaq üçün rus dilində danışmağa izn istəyirdi. Rusiya ağalığına son qoyan Azərbaycanın ilk baş nazirinin millət məclisində müstəmləkəçinin dilində danışması nə qədər ağrılı və xoşagəlməz olsa da, hökumət başçısının ikinci bir yolu yox idi...

Hərbi nazir Əliağa Şıxlinski də Parlament üzvlərindən eyni üzrxahlığı edirdi. Doğrudur, hələlik ali qanunverici orqan qarşısında rusca danışırdı, amma vətənpərvər ruhlu həmkarları ilə birlikdə təkcə milli ordunun deyil, həm də onun təlim dilinin, komandalarının, türk hərb sənətinin tarixi atributlara əsaslanan geyim formasının yaradılması üzərində baş sındırırdı. Əsgər və zabitlərin Vətənə məhəbbət və dövlətçilik ruhunda tərbiyəsi üçün çoxəsrlik Azərbaycan tarixinin qəhrəmanlıq səhifələri və məşhur simaları barəsində aydın, anlaşıqlı bir dillə populyar əsərlərin yazılmasını, onların orduda yayılmasını və öyrənilməsini istəyirdi.

Yaşı, siyasi təcrübəsi və intellektual potensialı baxımından Azərbaycan Cümhuriyyətinin qurucuları arasında ağsaqqallıq missiyasını üzərinə götürən Əlimərdan bəy Topçubaşov da Rusiya universitetlərindən məzun olmuş digər həmkarları kimi ana dilinə bu dildə əsərlər yazmaq, çıxış və məruzələr etmək, siyasi diskussiya və danışıqlar aparmaq səviyyəsində hakim deyildi.

Bizə nə qədər xoş gəlməsə də, acınacaqlı olsa da, bu – faktdır.

Əlimərdan bəyin 1929-cu il iyulun 26-da Parisdən İstanbula, sevimli qız nəvəsi Gülnara göndərdiyi kiçik bir məktub var. Onun zəngin elmi-siyasi və publisist irsində ana dilində qələmə alınmış azsaylı nümunələrdən biridir. Nəvə ilə səmimi və bir qədər də şıltaq, cığal dialoq şəklində qurulmuş qısa məktubun forma, məzmun baxımından səmimiliyinə söz ola bilməz. Dil, üslub və qrammatikaya gəldikdə isə məktubun mətni mollaxana və rus təhsilinin, habelə on ildən bəri içərisində yaşadığı Fransa mühitinin qəribə simbiozunun Azərbaycan dilinin başına nə oyun açması barəsində aydın təsəvvür yaradır. Beləliklə, həmin kiçik məktub yazıldığı kimi:

 

Aziz kzım Goulnar,

Baba, men seni tchoh islürem. Be sen meni?

–Bende seni səgak(?) kibi, gek kibi ve ondanda  artik istürem.

–Amma Zarifani (Zərifə Kürdəmir – Əlimərdan bəyin digər nəvəsi) isteme...

–Olmaz, kzım. Zarifa da menim istekli kzımdı. Onida tchox istürem.

–Onda gierek mene bir chey alasan.

 

–Sovle ne alayim? Sen bir ei kissan. De ne istürsan. Doctour qoisa denisda  tchim, mechade ges, ichtahnan e itch. (Doktor qoysa, dənizdə çim, meşədə gəz, iştahla ye, iç – V.Q.). Bouraia qaidanda Jardin des Planta gederik ve ne istesen alarik. Tchoh eupurem seni (Çox öpürəm səni). Baba”.

Təbii ki, səmimiyyət və munislik çalarından asılı olmayaraq siyasi mətləblər, tarixi problemlər haqqında belə dillə söhbət açmaq, opponentlərə bu dildə cavab vermək qeyri-mümkün idi. Ona görə də, Əlimərdan bəy də digər silahdaşları kimi məcburiyyət qarşısında qalaraq Azərbaycan idealı uğrunda mübarizəsini yad dildə aparmalı olmuşdu. Burada isə mühüm, önəmli olan forma deyil, məzmun və mündəricə idi, şəkil deyil, ruh idi. Digər tərəfdən, təbii ki, o, rus dilinə mükəmməl yiyələnməsəydi, rus universitetində yüksək hüquq təhsili görməsəydi, həmvətənlərinin tələblərini, millətinin səsini dünyaya duyura bilməzdi, müstəmləkəçilik siyasətindən əl çəkmək istəməyən rus siyasətçiləri ilə açıq, birbaşa polemikaya girə bilməzdi.

Önəmli olan Əlimərdan bəyin güclü milli özünüdərk duyğusuna, milli ruha malik olması idi. Bu ruh böyük ictimai-siyasi xadimin maarifə, mədəniyyətə, milli şüur və dirçəlişə, Azərbaycan türklərinin oyanışına həsr olunmuş yazılarında daha aydın nəzərə çarpır. Təsadüfi deyil ki, məhz Ə.Topçubaşovun redaktorluğu dövründə 300 mindən çox əhalisi olan Bakının əsas mətbuat orqanı – “Kaspi” qəzeti istər xalq arasında, istərsə də rəsmi dairələrdə “müsəlman Kaspisi” kimi məşhurlaşmışdı.

İlk növbədə redaktorun təkidi və istəyi ilə qəzet yerli xalqın – azərbaycanlıların həyatının bir sıra digər sahələri ilə birlikdə onların mədəni dəyərlərini, eləcə də, əsrlər boyu yaratdığı zəngin ədəbiyyatı işıqlandırmağa daha çox diqqət yetirirdi.

 

(Əlimərdan bəy Topçubaşov. Paris,1920-ci illər)

 

Peşəkar hüquqşünas kimi tanınan baş redaktorun milli mədəniyyətin və ictimai şüurun başlıca təzahür formalarından biri olan  ədəbiyyat məsələlərinə bu dərəcədə önəm verməsi ilk baxışda qəribə görünə bilərdi. Lakin Ə.Topçubaşovun bioqrafiyası ilə tanışlıq bu qəribəlik, gözlənilməzlik amilini dərhal aradan qaldırmağa imkan verir. 1884-cü ildə Birinci Tiflis gimnaziyasını yüksək nəticələrlə başa vuran azərbaycanlı gənc gimnaziya şurasının təqdimatı ilə Peterburq universitetinin tarix-filologiya  fakültəsinə daxil olmuşdu. Hətta onun gələcəyin rus ədəbiyyatı mütəxəssisi kimi yetişməsi məqsədi ilə  Qafqaz canişinliyinin xüsusi təqaüdü təsis edilmişdi.

Lakin slavyan dilləri və ədəbiyyatı ixtisası ilə xalqına o qədər də böyük fayda gətirə bilməyəcəyini anlayan gənc Ə.Topçubaşov tarix-filologiya fakültəsindəki bir semestrlik təhsildən sonra qəti qərarını vermişdi. Onu şirnikləndirərək  slavistə çevirmək istəyən təqaüddən imtina etmişdi. Hüquq fakültəsinin tələbələri sırasına keçmiş və buranı parlaq nəticə – namizədlik diplomu ilə bitirərək Vətənə dönmüşdü. 1885-ci ildə Peterburqda verilən bu qərar aradan iyirmi il keçəndən sonra onu Rusiya müsəlmanlarının və türklərinin şəksiz liderinə çevirmişdi.

Ədəbiyyata maraq və sevgisini isə həyatının sonuna qədər qoruyub saxlamışdı. Məhdud millətçilik duyğularından uzaq olan və buna görə də İlminski, Pobedonetsev kimi türk düşmənçiliyi ruhunda köklənmiş imperiya ideoloqlarını qorxmadan qırmanclayan Ə.Topçubaşov rus ədəbiyyatını gözəl bilir və ürəkdən sevirdi. Və bu sevgisini heç vaxt gizlətmirdi. 1899-cu ildə imperiyanın hər yerində böyük rus şairi Puşkinin anadan olmasının 100 illiyi qeyd ediləndə “Kaspi” qəzeti də bu mühüm ədəbi hadisəyə 26 may 1899-cu il tarixli xüsusi sayını hazırlamaqla cavab vermişdi. Həmin saydakı ən diqqətəlayiq material isə, heç şübhəsiz, baş redaktorun qələmindən çıxan “Şair A.S.Puşkinin xatirəsinə  məqaləsi idi. “Kaspi”nin ardınca “Kavkaz” və “Kafkazskiy vestnik” qəzetləri də bu yazıya öz səhifələrində yer ayırmışdılar.

Bundan bir həftə əvvəl, 18 may 1899-cu il tarixli sayında “Kaspi” puskinistlər üçün maraqlı görünəcək başqa bir material – böyük şairə məxsus bəzi əşyaların foto-şəklini dərc etmişdi. Məsələnin maraqlı tərəfi həmin əşyaların bir müddət Bakıda saxlanması idi. Şairin kiçik qardaşı Lev Puşkinin (1805-1852) oğlu Anatoli Puşkin (1846-1903) Bakı-Tiflis dəmir yol xəttinin açılışından sonra (1883) üç il Bakı stansiyasının komendantı vəzifəsində çalışmışdı. Onda əmisi ilə bağlı ailələrinə irsən keçən bəzi xatirə əşyaları qalmışdı. 1887-ci ildə  A.Puşkin Bakıdan yeni xidmət yerinə – Vyazma şəhərinə dəyişilərkən “Kaspi”nin fotoqrafı Jorj həmin əşyaların şəklini çəkmişdi. Baş redaktor kimi fəaliyyətə başladıqdan sonra qəzetin arxivində şəkilləri görən Ə. Topçubaşov onları vinyetka kimi çap etmək təşəbbüsünü irəli sürmüşdü. Puşkinə ümumxalq marağının ən yüksək həddə çatdığı yubiley günlərində vinyetkalar satışa çıxarılmışdı. Əldə olunan gəlirin böyük hissəsi milli mənsubiyyətindən asılı olmayaraq Bakı məktəblərinin imkansız şagirdləri arasında paylanmışdı.

Ə.Topçubaşovun rəhbərliyi altında Puşkinin yubileyi münasibəti ilə “Kaspi”nin xüsusi sayının hazırlanması beynəlmiləlçi ruhlu azərbaycanlı ziyalının rus ədəbiyyatı klassikinə yüksək ehtiramının nişanəsi idi. Qəzetin birinci səhifəsində verilən və baş redaktorun qələmindən çıxan iri həcmli məqaləyə gəldikdə isə, o sadəcə yubiley yazısı, tərifli söz yığını deyildi. Əksinə, Əlimərdan bəy Puşkin poeziyasının dərinliklərinə nüfuz etmiş, onun şəxsiyyət və yaradıcılığının ictimai xarakterini, rus dahisini öz “əsrinin ayinəsinə” çevirən cəhətləri ön plana çəkmişdi.

Puşkinin dünyaya gəlişini rus xalqının bayramı kimi dəyərləndirən müəllif həmin rus xalqının hakim təbəqəsindən özünə və soydaşlarına münasibətdə daim ayrı-seçkilik və haqsızlıq görməsinə baxmayaraq ürək genişliyi ilə yazırdı: “Çoxlu belə bayramlara, bu cür həqiqətən də işıqlı günlərə malik xalq xoşbəxtdir. Çünki belə günlərdə milli özünüdərk və “canlı ruhun” ölü ətalət, nurun və maarifin cəhalət qaranlığı üzərindəki qələbəsini bayram etmək imkanı açılır”.

Rus şairinin yaxın gələcəkdə əsərlərinin “slavyanların məğrur nəvələri və finlər, indi vəhşi tunquslar və çöllərin dostu kalmıklar” arasında yayılacağı ilə bağlı nikbin misralarını xatırladan Ə.Topçubaşov Puşkin yaradıcılığında imperiyanın qeyri-rus xalqlarına münasibət  mövzusuna  xüsusi toxunmuşdu. O, yazırdı: “Şairin Rusiyanın cənub ucqarlarına – Qafqaza, Krıma, Novorossiyaya, Bessarabiyaya səyahətləri ona cənubun qeyri-adi təbiəti, bu bölgələrin müxtəlif tayfalara və dillərə mənsub xalqları ilə daha yaxından tanış olmaq imkanı yaratmışdı. Bizim Qafqazda Puşkini ilk növbədə diyarın möhtəşəm təbiəti, onun insanlarının özünəməxsus həyatı və xarakterləri, dağ aulları, daxmalar, çərkəzlərin hüdud tanımayan sərbəstliyi heyran buraxmışdı”. Həm bu səfərlərin nəticələri kimi, həm də Bayron romantizminin təsiri altında şairin “Qafqaz əsiri”, “Bağçasaray fontanı”, “Qaraçılar” və s. kimi diqqətəlayiq əsərlər yazdığını vurğulayan Ə.Topçubaşov eyni zamanda dahilərin zaman və məkan hüdudlarına sığmadığına, Puşkinin də ilahi istedadın, şairlik vergisinin gücü ilə hər yerdə və hər zaman poetik kamilliyə müvəffəq olduğuna diqqəti çəkirdi:

“Dahiliyin təbiəti belədir – zaman və məkanın ruhu heç zaman ona hakim ola bilmir. Dahi şair hər yerdə, dünyanın hər bucağında özü olaraq qalır – qədim rus torpağı, Allahın lütfünü qazanmış Şərq, qızmar Kolxida, Orta Avropa, antik  Roma qapılarını eyni dərəcədə onun üzünə açır”. Bu müstəvidə “Quran”ı təqlid” şeirini fərqləndirən Əlimərdan bəy Puşkinin “müsəlmanların müqəddəs kitabının poetik üslubunu və obyektiv dünya duyumunu ustalıqla əks etdirdiyini” onun öz dövründə dünya vətəndaşına çevrilməsinin rəmzlərindən biri  kimi dəyərləndirirdi.

Şairin yaradıcılığı ilə bağlı tezislərini, fikir və mülahizələrini əsaslandırmaq üçün gətirdiyi nümunələr Ə.Topçubaşovun Puşkinin şeirlərində hansı mətləbləri, hansı həqiqətləri axtarması haqqında da təsəvvür yaradır. Bir neçə nümunə:

 

Na lire skromnoy, blaqorodnoy,

Zemnıx boqov ə ne xvalil.

 

Yaxud:

 

Löbvi stıdətsə, mısli qonət,

Torquöt voleö svoey,

Qlavı pered idolami klonət,

İ prosət deneq da üepey...

 

Yaxud:

 

İ dolqo budu tem löbezen narodu,

Çto çuvstva dobrıe ə liroy probujdal,

İ milostğ k padşim prizıval...

 

Başqa bir nümunə

 

Uviju li ə, druzğə, narod ne uqnetennıy,

İ rabstvo padşiy po maniö üarə?

İ nad oteçestvom svobodı prosvehennoy

Vzoydet li, nakoneü prekrasnaə zarə?

 

Əlimərdan bəyin yazdığına görə imperator I Aleksandr sonuncu şebrlə tanış olduqdan sonra öz saray nazirinə “poeziyasının doğurduğu xeyirxah hisslərə görə Puşkinə təşəkkürünü çatdırmağı” tapşırmışdı...

Gətirilən nümunələrdən də göründüyü kimi, azərbaycanlı müəllif güclülərə meydan oxuyan, hakimiyyət və sərvət əsirlərinin iç üzünü açan, ölkəsinə, xalqına azadlıq istəyən, əzilənlərin haqqını qoruyan, eyni zamanda mənliyinə və şəxsiyyətinə dəyər verən qürurlu  Puşkinin yubileyini Rusiya üçün bayram sayırdı. Aşağıdakı sətirlər də həmin hisslərin təsiri altında yazılmışdı: “Özündə xeyirxahlıq, həqiqət, gözəllik, azadlıq ideyalarını birləşdirən və inkişaf etdirən Puşkin poeziyası şairə ünvanlanan haqsız hücumların nə qədər əsassız olduğunu göstərir. Kiminsə çərkəz, yəhudi, yunan, yaxud moldovan olmasının fərqinə varmadan həmişə, hər yerdə xalq mənafeyinin müdafiəçisi kimi çıxış edən şair biabırçı təhkimçilik hüququnun daşını daş üstə qoymaması ilə də tanınmışdı. “Napoleon” adlı şeirində Puşkin hüdudsuz mütləqiyyət və insanlara cinayətkar nifrətin parlaq mənzərəsini yaratmışdı”.

Puşkinin geniş, zəngin yaradıcılığında məhz bu cəhətlərin qabarıqlaşdırılması ilk növbədə Əlimərdan bəyin özünün oxşar fikirləri paylaşması ilə bağlı idi. Onun əqidə və düşüncəsinə yaxın saydığı Puşkin – humanist, azadlıq aşiqi, dekabristlər üsyanı günü Senat meydanında olmadığına  görə təəssüfünü hətta çardan gizlətməyən Puşkin idi. 1905-ci ildən sonra imperiyanın açıq əleyhdarına çevrilən Ə.Topçubaşov “Kaspi” kimi mühüm ictimai tribuna əldə etdiyi günlərdə  fikirlərini hələlik bir qədər üstüörtülü, Puşkin irsinə əsaslanaraq ortaya qoymağı daha üstün tutmuşdu. Bir qədər patetik tərzdə, “Yaşasın ilham pərisi, Yaşasın idrak, Yaşasın günəş, Qəhr olsun zülmət!”sözləri ilə bitən məqalə yalnız yazıldığı günlərdə deyil, indi də Azərbaycanda Puşkin haqqında deyilən ən səmimi və təsirli söz sayıla bilər.

 

 lll

 

1903-cü ildə Azərbaycanın mədəni həyatında baş verən iki diqqətəlayiq hadisə milli ruhlu ziyalı və doğma ədəbiyyatın təəssübkeşi kimi Ə.Topçubaşovun nəzərindən yayınmamışdı. Həmin il M.F.Axundzadənin “Komediyaları”nın rus dilində nəşrinin 50 illiyi tamam olmuşdu. Bu münasibətlə baş redaktor “Kaspi”  İlk tatar dramaturqu” adlı məqalə (26.10.1903, ¹ 230) dərc etdirmişdi. Əslində bəlkə də digər təsadüflərdə sıradan sayılacaq bu hadisə milli dirçəliş mərhələsinə qədəm qoyan Azərbaycan cəmiyyətində bir canlanma yaratmışdı. Komediyaların ilk nəşrinin ildönümü Mirzə Fətəlinin şəxsiyyətinə və yaradıcılığına marağı artırmışdı. Şuşada və digər şəhərlərdə anma mərasimi keçirilmişdi. Bakıda, Tağıyev teatrında “Hacı Qara”nın yeni quruluşda tamaşası göstərilmişdi. “Kaspi”nin baş redaktoru da mənsub olduğu xalqın mədəni həyatında hadisə saydığı  nəşrə öz münasibətini bildirmişdi.

Məqalə müəllifinin fikrincə, yarım əsr sonra ifadə olunan minnətdarlıq hissləri, milli özünüdərk prosesinin başlanması Mirzə Fətəlinin doğma xalqının həyatında oynadığı bir universitetə bərabər son dərəcə mühüm rolla bağlı idi. Bu mənada o, yalnız səbəbkar deyildi, həm də həmvətənlərinin yeniliyə və tərəqqiyə qovuşmalarının  ilk təşəbbüsçüsü idi. Mədəni millətlər tarixlərindəki belə şəxsiyyətləri minnətdarlıq hissi ilə yad edirlər. Əlli ildən sonra sıra Mirzə Fətəliyə də gəlmişdi. Bu qədirşünaslıq nümayişinin təşkilatçılarından biri kimi Ə.Topçubaşov yazırdı:

“Həqiqətən də əgər Azərbaycan tatarlarının qiymətli əsərlər baxımından  kasıb  ədəbiyyatı yerli həyatın mənfi tərəflərinin dəqiq təsviri ilə seçilən komediyalarla qürur duya bilirsə, bunun üçün ilk növbədə tatar dramaturgiyasının çox istedadlı banisi və ilk dramaturqumuz Mirzə Fətəli Axundova minnətdar olmalıyıq. Onu haqlı olaraq “tatar Molyeri” sayırlar. Mirzə Fətəlinin altı komediyası geridə qalmış tatar həyatından iti gözlə seçilmiş tip və hadisələrinə, səmimi yumoruna, aydın və asan dilinə görə bu gün də tatar teatrının tamaşaçıları arasında böyük maraq doğurur”. Və elə buradaca müəllif kədər doğuran bir əlavəni yaddan çıxarmır: “Həmin vaxtdan yarım əsr keçib, amma yerli həyat nə qədər az dəyişikliyə uğrayıb!”.

Lakin bu cüzi dəyişikliyin özü də Topçubaşovun gələcəyə nikbin baxmasına kifayət edirdi. Onun fikrincə, ardıcılları Mirzə Fətəlinin göstərdiyi doğru yolla gedirdilər, ilbəil sıraları genişlənirdi, cəmiyyətdəki qüsur və eybəcərliklər aradan qalxmadıqca,  ədəbiyyatın da etirazı, təpkisi artırdı. Dramaturqlar dərdlərə “göz yaşları içərisində gülüşlə” çarə tapmağa çalışırdılar. Milli ədəbiyyatdakı belə varislik əlaqəsini müsbət hal sayan Əlimərdan bəy yazırdı: “Tatar dramaturqlarının həqiqi qiymətini vermək üçün demək lazımdır ki, onların bəzən hətta səhnə tələblərinə o uymayan əsərlərində ilk dramlarımızın müəllifi Mirzə Fətəlinin davamçılarına vəsiyyət etdiyi həmin “göz yaşları içərisindəki” gülüş aydın görünür”.

Milli ədəbiyyata belə ümidli münasibət Ə.Topçubaşovun millətin intellektual potensialına olan inamından irəli gəlirdi. Müasiri və dostu, bəzən radikallıqdan açıq-aşkar həzz alan Əhməd Ağayevin “Qərb müəlliflərinin əsərlərindən tərcümə olunan bir cümləni tatar yazıçılarının bütöv yaradıcılığına dəyişməyəcəyi” barəsindəki əsəb və çılğınlıqdan irəli gələn iddiası (“Şekspirin “Otello”su və Şillerin “Qaçaqlar”ı tatar dilində”, “Kaspi”, 23.12.1903) ilə müqayisədə Əlimərdan bəyin ümidləndirici sözləri gənc yaradıcı qüvvələrə və ədəbi prosesə daha böyük təkan verirdi.

M.F.Axundovun əsərlərinin ilk nəşrinə  həsr olunan məqalədə bütün Azərbaycan ədəbiyyatı retrospektiv planda gözdən keçirilirdi. Xalqın öz ədəbiyyatına laqeyd münasibətindən, nabələdliyindən acı-acı danışan müəllif yazırdı: “Savadlı Azərbaycan tatarından doğma şair və yazıçıları haqqında soruşun. O, Vaqifin, Zakirin, Molla Vəli Vidadinin adını çəkəcək, əzbərdən onların bir neçə şeirini oxuyacaq. Bununla da məsələ bitəcək: çünki tərcümeyi-halları bir yana qalsın, o, bütöv bir dəstə istedadlı azərbaycanlı şair və yazıçıların adlarını belə bilmir”. Daha sonra çap məhsullarından danışan müəllif  həmin vaxta qədər milli ədəbiyyatla bağlı Adolf Berjenin “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” və  Mirzə Yusif Qarabağinin “Məcmueyi-əşari Vaqif və müasirini-digər” kitablarından başqa mənbənin olmadığını da ürək ağrısı ilə qeyd edirdi.

Eyni ürək ağrısı məqalənin aşağıdakı sətirlərində də hopmuşdu: “Aydın məsələdir ki, bizim ziyalı tatarlar doğma ədəbiyyatla hələ az maraqlanırlar. Tatar müəlliflərin əsərləri indiyə qədər çap olunmamış halda qalır. Ona görə də təəccüblü deyil ki, Azərbaycan tatarlarının ən güclü ədəbi simaları da hələ tanınmırlar, onların əsərləri nəşr edilməyib, məzarları xarabazarlığa çevrilib. Məsələn, xalq poeziyası banisinin (Vaqif nəzərdə tutulur – V.Q.) Şuşanın tatar qəbiristanlığında, fars dilində yazılmış ecazkar poemaların müəllifi, Yelizavetpol tatarı Nizaminin həmin şəhərin Göy İmam qəbiristanlığında, tatar Molyeri Mirzə Fətəli Axundovun Tiflisin tatar qəbiristanlığında yerləşən və dağılmağa, yerlə bir olmağa üz qoyan qəbirləri bağışlanmaz laqeydliklərinə görə bütün Azərbaycan tatarlarına, ilk növbədə  onların ziyalı kəsiminə ən böyük tənə, töhmət olmalıdır”.

Məqalədə vəfatından keçən 25 il ərzində ilk dəfə olaraq M.F.Axundzadənin tam bioqrafiyasının hazırlanmasına təşəbbüs göstərilmişdi. Məqalədə də göstərildiyi kimi, lazımi sənədləri Ə.Topçubaşova dramaturqun oğlu, həmin dövrdə Rusiya Yollar Nazirliyinin Tiflis dəmir yolu idarəsində çalışan mühəndis Rəşid bəy Axundov vermişdi. Bu məlumatları sistemə salıb ictimailəşdirməklə Əlimərdan bəy həm də Mirzə Fətəlinin ilk bioqrafı vəzifəsini yerinə yetirmişdi.

Bioqrafik çalarlarla bir sırada məqalədə “ilk tatar dramaturqunun” yaradıcılığının ensiklopedizmi xüsusi qeyd edilir, ana dilində səhnə əsərlərinin müəllifi olması  ilə yanaşı  həm də tənqidçi, publisist, belletrist kimi tanındığı, zəngin epistolyar irsində mühüm ictimai problemlərinə toxunduğu vurğulanırdı. M.F.Axundzadə nəsrinin – “Aldanmış kəvakib”in heyrətamiz aktuallığı da Əlimərdan bəyin diqqətindən yayınmamışdı. O, yazırdı: “Mövzusu Səfəvilər dövründəki fars dövlət həyatından alınmış bu povest cahil fars mühitinin canlı təsviri baxımından müasir İrandakı qaydalara, daha dəqiq desək, qaydasızlıqlara da işıq salır. Ən azı Səfəvi zamanındakı fars dövlət adamlarının vicdansızlığı, tamahkarlığı, satqınlığı bizim günlərdə bu ölkəni fəlakətə aparan məmurlara tam  şamil edilə bilər”.

M.F.Axundzadə irsinin Avropada yayılması, böyük ədibin ərəb əlifbasının islahı uğrunda apardığı qeyri-bərabər mübarizə də Əlimərdan bəyin diqqətindən yayınmamışdı. “Mərhum Mirzə Fətəli Axundov bu məsələni birinci qaldırmış və həlli baxımından dövrünə görə ən düzgün yol göstərmişdi” – deyə əlifba məsələsində böyük həmvətəni ilə həmfikir olan Ə.Topçubaşov onun ən böyük arzusunun həyata keçməməsinə təəssüfünü də gizlətmirdi: “Bu maarifpərvər və öz xalqını ürəkdən sevən şəxs qəlbinə ən yaxın saydığı fikrin gerçəkləşməsini görmədən öldü, həmin fikir isə bu gün də müasir müsəlmanlar üçün əlçatmaz ideal olaraq qalmaqdadır”.

Böyük Mirzə Fətəli haqqında Azərbaycan ədəbiyyatı və ictimai fikri tarixində ilk və mütəxəssis səviyyəsində söz deyənlərdən birinin Ə.Topçubaşov olması yəqin, təsadüf sayılmamalıdır. Əksinə, burada tam bir qanunauyğunluq vardı – çünki M.F.Axundzadənin xalqı üçün arzuladığı, ölkəsində görmək istədiyi yeni ictimai xadimlər nəslinin öncülü məhz Əlimərdan bəy idi.

Yuxarıda qeyd etdiyim kimi, 1903-cü ildə Azərbaycan xalqının ədəbi-mədəni həyatında əhəmiyyətli sayılacaq başqa bir hadisə də baş vermişdi. Bu da görkəmli tənqidçi və ədəbiyyatşünas Firudin bəy Köçərlinin “Literatura azerbidjanskix tatar” (“Azərbaycan tatarlarının ədəbiyyatı”) əsərinin Tiflisdə, rus dilində nəşri idi. Əslində vur-tut 54 səhifədən ibarət broşura bir neçə ildən sonra müəllifin ana dilində, dörd kitab halında qələmə alacağı ədəbiyyat tariximizin ilk rüşeymi, bəlkə də ilk məşqi idi. Lakin bu addımın simvolik yükü böyük idi – Azərbaycan ədəbiyyatı tarixinin yaradılmasının anonsu verilirdi! Ədəbi həyat faktlarını diqqətlə izləyən Ə.Topçubaşov təşəbbüsün əhəmiyyətini yüksək qiymətləndirmiş və “Kaspi” qəzetində əsərin adını daşıyan ayrıca  məqalə ilə çıxış etmişdi (“Kaspi”, 31.10.1903, ¹ 234).

Firudin bəyi rusdilli oxuculara tanıdan müəllif onun Qori müəllimlər seminariyasının “tatar bölməsində” çalışmaqla bir sırada həm də Tolstoy, Puşkin, Şopenhauer kimi məşhur müəlliflərin əsərlərini ana dilinə, M.F.Axundzadənin “Aldanmış kəvakib” povestini rus dilinə çevirdiyini, Tiflis mətbuatında mütəmadi şəkildə Azərbaycan ədəbiyyatına dair məqalələrlə çıxış etdiyini xatırladırdı. “Bütün bunlar cənab Firudin bəy Köçərlinin doğma ədəbiyyatı ilə tanış olan, onun tarixi, əsərləri və nümayəndələri ilə maraqlanan azsaylı ziyalı müsəlmanlardan biri olduğunu göstərir. Qələmindən çıxan “Azərbaycan tatarlarının ədəbiyyatı” kitabı da burada dediklərimizə əlavə sübutdur”- deyə Ə.Topçubaşov  daha sonra yazırdı.

Təbii ki, kitabın mozaik səciyyəsi, əsaslı elmi-tədqiqatdan uzaq olması Əlimərdan bəyin nəzərindən yayınmamışdı. O, kitabın konspektiv xarakter daşıdığını, hər hansı ciddi sistemləşdirmə və təsnifatın tələblərinə cavab vermədiyini vurğulayırdı. Lakin   bu məsələdə  müəllifə qarşı iddia, yaxud ittihamla çıxış etmək fikrindən də çox uzaq idi. Çünki indiyə qədər öyrənilməyən, nümunələri ortaya qoyulmayan bir ədəbiyyatın tarixinin yazılmasının nə dərəcədə ağır iş olduğunun və bütün entuziazmına baxmayaraq bir nəfərin bu işin öhdəsindən gələ bilməyəcəyini yaxşı başa düşürdü. Ona görə də Firudun bəyin nümunəsini təqdir etməklə bir sırada üzünü ziyalı həmvətənlərinə tutur, onları fəaliyyətə səsləyirdi: Eyni zamanda öz inciklik və narahatlığını ifadə edən notları da dilə gətirirdi:

“Bu mənada bizim müsəlmanlar doğma ədəbiyyat nümunələrini çapına imkan yaradan nəşriyyat şirkətlərinin qurulmasına xüsusən maraqlı olmalıdırlar. Lakin insanı hər şeydən çox incidən budur ki, onlar məsələnin belə vacib tərəfinə ümumiyyətlə, əhəmiyyət vermirlər. Hətta Allahın nə isə xüsusi bir imkan açdığı insanlar da doğma yazıçıları xarabalıqlar altından çıxarmağa yardımçı olmurlar. Məsələn, mənim də şəxsən tanıdığım çox savadlı bir tatar artıq neçə ildir ki, əlindəki məlumatlar əsasında məşhur həmşəhərlisi Nizaminin tərcümeyi-halını yazmağı vəd edir. İllər keçir, amma vəd olunan tərcümeyi-hal hələ də ortada yoxdur. Yaxud başqa bir misal: bir neçə nəfər ziyalı müsəlman Vaqifin – bütün Azərbaycan şairlərinin şahının Şuşadakı dağılmış məzarını bərpa etmək fikrinə düşmüşdülər. Yenə də illər keçir, məşhur tatar şairinin məzarı isə yenə də dağılımış vəziyyətdə qalmaqda davam edir. Yalnız Şuşa qadınları hər il Novruzun son çərşənbəsində gözəlliklərini ehtiraslı şeirlərdə tərənnüm etmiş Vaqifin qəbrinin ziyarətinə gəlirlər...”

Məqaləsində Həsən bəy Zərdabi, Əhməd Ağayev, Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev kimi ədəbi şəxsiyyətlərin adını ümidlə çəkən Əlimərdan bəy təkcə Bakıda ədəbi həyatı hərəkətə gətirməyə qadir olan yetərincə intellektual qüvvənin olduğunu da yada salırdı. Birincilik məsuliyyətini öz üzərinə götürdüyü üçün “həddindən artıq tələbkar yanaşmaq istəmədiyi” və “ürəkdən sağ ol dediyi” F.Köçərlini onlara nümunə və örnək kimi göstərirdi.

“Kimə çox verilibsə, ondan çox tələb olunur: Azərbaycan tatarları öz ziyalı həmvətənlərindən doğma ədəbiyyatı yeni, faydalı əsərlərlə zənginləşdirməyi gözləyirlər” – məqaləyə yekun vuran bu sözləri həm də Ə.Topçubaşovun özünün həyat devizi saymaq olardı. Çünki tale və şəxsi keyfiyyətləri ona da çox şey vermişdi: gözəl təhsil almışdı, cəmiyyətdə mövqe qazanmışdı, xalq arasında nüfuzu vardı. Və Əlimərdan bəy həyatının sonuna qədər həmin üstünlüklərdən Azərbaycanın xeyrinə istifadə etməyə çalışmışdı. Ədəbiyyatın təbliği və tanıdılması istiqamətindəki yazılar da özünə və başqalarına münasibətdə irəli sürdüyü bu tələbdən yaranmışdı.

 

Budapeşt, may, 2013-cü il.

 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2013.- 4 may.- S.10-11.